SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№1 ---- Payız|2002
Avtoritar rejimlərdə demokratik seçkilər
VAHİD QAZİ

"Tiranlara qarşı üsyan Allaha itaətdir"
Tomas Cefferson

 

Salam, YENİ ƏSR!

Ötən yüz illik tarixə elm, texnika, iqtisadiyyat, siyasət, maliyyə və başqa sahələrdə bir millətin və ya bir dövlətin deyil, bütün bəşəriyyətin bəhrələnə biləcəyi böyük kəşflər əsri kimi daxil oldu. Bir tərəfdən uzunömürlü imperiyaların süqutu, digər tərəfdən isə tarixdə misli görünməmiş müharibələr insanlığın çox təzadlı bir əsr yaşamasından xəbər verir. Bəlkə də bu təzadların nəticəsidir ki, 20-ci əsr həm də insan hüquqlarının qorunması, irqi, cinsi ayrı-seçkiliyin ləğvi, müstəmləkə ölkələrində milli dövlətlərin yaranması, demokratiyanın ən dəyərli yaşam tərzi kimi özünü təsdiq etməsi, qocaman demokratiyalarda vətəndaş cəmiyyətinin inkişaf edərək daha dərin kök atması, ayrı-ayrı regionlarda onun prioritet hesab edilməsi yüzilliyi kimi qəbul edilir.
Artıq 21- ci əsr üçün yeni çağırışlar edilir, yeni eranın prioritetləri müəyyənləşdirilir. Elm və texnologiyanın siyasi və mənəvi dəyərləri üstələdiyi 20-ci əsrin davamı olan yeni erada demokratiya özünün klassik anlamından fərqli məna kəsb etməkdədir. Bu tendensiya artıq son onilliklərdə özünü bariz şəkildə göstərməkdədir. Lakin hətta "hər kəsin xöşbəxtliyə can atmaq" hüququnu belə tanıyan demokratiya, heç də həmişə, hər yerdə hamının "azad yaşamaq" hüququnu qoruya bilmir.

Dünyanın ideoloji xəritəsinə nəzər salaraq ötən əsrin əvvəlini sonu ilə müqayisə etsək, bu əsrdə demokratiya rənginin nə qədər geniş əraziyə yayıldığını aydın görərik. indi demokratiya tək Qərb ölkələrini deyil, Şərqi Asiyanı da özünə vətən edib. Artıq Mərkəzi və Şərqi Avropa da bu ailəyə iddialıdır. Asiyanın, Latin Amerikasının və Afrikanın bir çox ölkələri demokratiya "virus"una yoluxub. Yeni müstəqil dövlətlərin birçoxunu demokratikləşmə "virusunun" daşıyıcısı kimi bu siyahıya aid edirlər. Müxtəlif inkişaf səviyyəsinə malik bu regionları yalnız demokratiyanın əsas şərtlərindən olan seçki keçirilməsinə görə eyni müstəvidə yerləşdirmək olar. Əgər seçki amili aradan götürülərsə, demokratiya baxımından dünya xəritəsinin rəngi yüz il əvvəlki vəziyyətinə qayıdar.

Seçkilər. Hansı seçkilər?

Bu gün seçkilərin keçirilmədiyi çox cüzi sayda ölkə qalıb. Tarixi ənənəsindən və siyasi sistemindən asılı olmayaraq, demək olar ki, bütün ölkələrdə seçkilər keçirilir, hakimiyyət seçki yolu ilə formalaşdırılır. Amma çox sayda ölkə göstərmək olar ki, onlarda siyasi hakimiyyət uğrunda seçki və yaxud təkrar seçki keçirilməsinin heç bir əhəmiyyəti yoxdur, çünki burada avtoritetlər ölənədək hakimdirlər. Lakin yenə seçkilər keçirilir. (Oktyabr ayında Səddam Hüseyn də iraqda prezidentliyinin ömrünü daha 7 il uzatmaq üçün referendum keçirdi və s.) Nə ücün? Bu suala cavab vermək siyasi-fəlsəfi-mənəvi baxımdan cox sayda başqa sualların cavablandırılmasını tələb etsə də, əsas cavabı müasir dünya və onun yeni qaydalarında axtarmaq lazımdır. Məhz bu qaydalar hakimiyyətin seçki (demokratik, yaxud əksinə) yolu ilə formalaşdırıldığının nümayiş etdirilməsinin vacibliyini diqtə edir. Bu sübut ABŞ prezidentləri kimi Afrika, yaxud MDB liderlərinə də eyni dərəcədə lazımdır. Lakin ciddi fərqlərlə. Əgər seçkilər birincilərə həm də tarixi ənənələrə sadiqlik nümayiş etdirmək üçün lazımdırsa, digərlərinə ən pis halda müasir dəbdən geri qalmamaq, "yaxşı" halda isə öz hakimiyyətinə legitimlik donu geyindirməkdən ötrü gərəkdir.

Yalnız seçki amilini əsas götürsək, qədim Yunanıstanı "quldarlıq demokratiyası", ingiltərəni isə "feodal demokratiyası" anlandıra bilərik. Sovet ittifaqında da seçki keçirildiyini nəzərə alıb, onda demokratiyanın mövcud olduğundan danışa bilərikmi? Bəs onda bu demokratiyanı nə cür adlandıraq? "Kommunist demokratiyası"? Bəs iran necə? iranda seçkilər kifayət qədər demokratik keçirilir. Bizim öyrəşdiyimiz saxtakarlıqların çoxu orada yoxdur. Yəni mollalar, başqalarını buraxmasalar da, yalnız özlərinin iştiarak etdikləri seçkiləri demokratik keçirirlər. Bu nədir? "islam demokratiyası"mı? Şübhəsiz, "seçki", "demokratiya" anlayışları bütün zamanlarda eyni mənada qavranılmayıb. Müxtəlif yerlərdə, müxtəlif əsrlərdə fərqli anlam daşıyıb. Bəzi yerlərdə siyasi idarəetmənin həlledici üsulu olduğu halda, digərlərində siyasi demoqogiyadan başqa bir şey olmayıb.

Keçən əsrdə "secki", "demokratiya", "demokratik seçki" terminləri istər praktikada, istərsə də nəzəri baxımdan müxtəlif rənglərə salındı. Bu sözlər siyasətin ən dəbdə olan terminlərinə çevrildi. Ondan ("demokratik seçkidən") praktikada istifadə edən faşistlər Almaniyada hakimiyyətə gəldilər. Bolşeviklər nəzəri cəhətdən bəhrələndilər, onu öz konstitusiyalarına saldılar. Bu gün də "demokratiya" və "seçki" məfhumları təcrübədə öz əsl mahiyyətlərindən uzaq olsalar da bir çox dövlətlərin konstitusiyasının "bəzəyidir".

Müxtəlif siyasi rejimlərin təmsilçiləri olmalarına baxmayaraq nədənsə bir çox liderlər öz əsl adlarını daşımaq istəmirlər. Avtokrat da, diktator da özünü "demokrat" adlandırmaqdan həzz alır. Niyə, hansı səbəbdən? Maraqlı sualdır. Bunu hər kəs özünəməxsus tərzdə cavablandıra bilər. Politoloqlar burada geopolitikadan tutmuş məhəllə səviyyəsinədək maraqlar axtara bilərlər, iqtisadçılar bunun beynəlxalq maliyyə mənbələrindən kənarda qalmamaq zərurətindən doğduğunu deyərlər və s. Bəlkə də daha düzgün cavablardan biri "müasirlikdir". "Demokratiya" çox az terminlərdən və anlayışlardan biridir ki, yarandığı gündən indiyədək təzə qalıb, müasirdir və həmişə "dəbdədir".

Seçkilər demokratiyanın əsas şərtlərindən biri və bəlkə də birincisidir. Şübhəsiz, seçki olmayan yerdə demokratiyadan danışmaq yersizdir. Amma tarix demokratiyanın, daha dəqiq desək, onun zəruri atributlarının mövcud oimadığı yerlərdə seçkilərin keçirilməsinin şahididir. Qədim Yunanıstanda, ingiltərədə, Böyük Litva Knyazlığında, elə Orta Əsr Azərbaycanında da seçkilər keçirilib. Hələ Səfəvilər dövründə Naxçıvan-Çuxursədd bəylərbəyliyində mahal naiblərini, kəndxudaları məhz seçki yolu ilə müəyyən edərdilər. Seçicilər səs vermək üçün kiçik daşlardan istifadə edirdilər. Daşlar hər bir namizədə aid torbaya atılar, kimin torbasında daş çox olardısa, onu seçilmiş hesab edərdilər. Artıq seçki tək demokratlar üçün yox, avtokratlar, hətta diktatorlar üçün də özünütəsdiq formasıdır. Hər il ayrı-ayrı ölkələrdə yüzlərlə müxtəlif təyinatlı seçkilər keçirilir. Bunların hamısını demokratiyanın təzahürü adlandırmaq olarmı? Bu seçkilərin bir hissəsi demokratiyanın daha da möhkəmlənməsinə, insan azadlıqlarının artırılmasına, onun rifahının yüksəldilməsinə xidmət edir. Dünyanın başqa bir yerində, xüsusilə üçüncü dünya adlandırılan hissəsində isə bu faktor diktator rejimlərinin öz ömürlərini uzatmasına qanuni don geyindirir. Daim "mentaliteti, reallıqları nəzərə almaq", "mövcud həqiqətləri dərk etmək" kimi bəraətləri təkrar etməkdən yorulmayan avtokratik liderlərin hakim olduğu cəmiyyətlərdə isə "stabillik" yaratmağa təkan verir. Təəssüf ki, bu stabillik də yarı dolu, yarı boş butulkaya bənzəyir. Bu isə başqa bir yazının mövzusudur.

Azad seçki azad insanlarm yaşam tərzidir

Seçki hüququ uğrunda uzun əsrlər boyu qanlı mübarizələr aparılıb. Demokratik seçkilər uğrunda indiki mübarizələr də bəzən qansız ötüşmür. Son 20 ildə 40-a qədər dövlət avtokratiyadan demokratiyaya keçib. Bu keçidlərin hamısı demokratik seçki yolu ilə mümkün olub. Əgər bu ölkələrin təsnifatına varsaq, müxtəlif suallara cavab verməli olarıq. Məsələn, nə üçün Mərkəzi Avropada bu keçid keçmiş sovet məkanına məxsus ölkələrlə müqayisədə daha tez və uğurlu həyata keçir? Adətən bu cür ritorik sualı cavablandırarkən haqlı olaraq ilk növbədə tarixi amili önə çəkirlər.

Sovet ittifaqının dağılmasından sonra yaranan dövlətlərin demokratiya və seçki ənənələrindən təhkimçi, sonra isə bolşevik Rusiyası kontekstindən kənarda danışmaq mümkün deyil. Sovet Rusiyası təhkimçi Rusiyadan miras qalan qanun, idarəetmə (xüsusilə milli məsələlərə münasibətdə) və bir çox digər ənənələrdən faydalandığı kimi, indiki müstəqil dövlətlər də Sovet ənənələrindən yaxa qurtara bilmirlər (yaxa qurtarmaq istəyib-istəməmək isə başqa mövzudur). Mərkəzi Avropa dövlətlərinin əksəriyyəti isə klassik liberal avtokratiyanın daşıyıcısı olan Avstriya-Macarıstan imperiyasına mənsub idilər. Yəni burada demokratiya yox idi, lakin konstitusionai liberalizm, qanunun aliliyi və qanunla idarəetmə hökm sürürdü. 150 il ərzində Britaniya krallarının təyin etdiyi general-qubernatorlar tərəfindən idarə olunan Honq-Konqda 1991-ci ilədək seçki keçirilməyib. Lakin onun hökuməti vətəndaşların hüquqlarını qoruyub, ədalətli məhkəmə və demokratik idarəetmə sisteminə sadiq qalıb. (Fərid Zəkəriyyə. "Qeyri-liberal demokratiyanın yüksəlişi") Liberal avtokratiyanın hakim olduğu Britaniya və başqa Avropa imperiyaları öz müstəmləkələrində də qanun (demokratik olmasa belə) çərçivəsində idarəetmədən qaçmayıblar. Fərqinə nəzər saldığımız dövlətlərdə demokratiyaya keçid tempinin müxtəlifliyinin birsəbəbi də məncə, bundadır.

Demokrat lider, avtokrat lider

Avtoritar rejimlərin başlıca problemlərindən biri çox vaxt burada məsuliyyətli liderin olmaması, yaxud da hər şeyə yalnız özü cavabdehlik daşıyan liderin öz məsuliyyətini dərk etməməsidir. Avtokrat liderlə avtoritetli-nüfuzlu liderləri qarışdırmaq olmaz. Avtoritar rejimlər çox sayda avtoritetlərin üzə çıxmasına mane olurlar. Cəngavərlik dövründən fərqli olaraq, bu gün avtoritetli liderlərin üzə çıxmasının əsas şərti seçkilərdir. "Keçid dövrü" adlanan yaşadığımız tarixi dönəmdə məsuliyyətli liderlərin millətin həyatında köklü dəyişikliklər etmək şansı hələ tükənməyib. Avtoritetli Corc Vaşinqton əksəriyyətin istəyinin əksinə olaraq kral yox, demokratik prezident olmağı üstün tutdu. Bu, həqiqətən əsl qəhrəmanlıqdır.
Avtoritar rejimlərdə keçirilən seçkiləri təhlil etmək bir çox baxımdan çətindir. Çünki bu seçkilərə birmənalı qiymət vermək olmur. Bu həm də onunla bağlıdır ki, artıq "avtokratiya" da özünün əvvəlki klassik mənasını əks etdirmir. Bu gün "avtokratiya" da tam və ya yarımçıq olmaq etibarilə ölçülür. Və bu cür siyasi sistemlərdə bəzən köhnə adlar (terminlər) yeni mənalar kəsb etməyə başlayır.

Bəzən avtoritar idarəçilik vasitəsilə demokratiyaya keçidin üstünlüyü müzakirə obyektinə
çevrilir. Daha çox tənqidə məruz qalan bu fikrə opponentlik edənlərə qoşularaq, onun tərəfdarlarından, elə bizim yaşadığımız ölkələrə diqqət yetirmələrini xahiş edərdim. Bu tədqiqatçıları ona dəvət edərdim ki, ilk növbədə bizim hansı siyasi sistemdə yaşadığımızı aydınlaşdırmağa çalışsınlar. Artıq 10 ildir keçid dövrünü yaşayırıq.

Dünənədək bizimlə eyni siyasi məkanda olan dövlətlərin əksəriyyəti keçid dövrünü adlayıblar. Bəziləri "keçid vasitələrini" müəyyənləşdiriblər. Bəs bizdə (MDB dövlətlərində) vəziyyət necədir? Bizdə demokratiyadır? Avtokratiyadır? Diktaturadır? Bazar iqtisadiyyatıdır? Bu terminlərin heç birini bizə münasibətdə klassik mənada
işlətmək olmur.

Son illər bəzi Şərqi Asiya ölkələri misal gətirilərək demokratiyadan əvvəl iqtisadi yüksəlişin qayğısına qalmağın vacibliyindən danışılır. Demokratiyanın birinci, bazar iqtisadiyyatının isə ikinci və ya əksinə, yaxud da hər ikisinin birlikdə, eyni vaxtda inkişaf etdirilməsi müzakirə obyektlərindəndir. Hər üç yanaşmanın öz tərəfdarları və opponentləri var. Burada tox və savadlı vətəndaşların, ac və savadsız əhalidən daha bacarıqlı və daha çox demokratiya daşıyıcısı ola biləcəyi fikri önə çəkilir. Bu fikirlərin tərəfdarları və opponentlərilə diskusiyaya girmədən, onu demək olar ki, yeni müstəqil dövlətlərin uğurlu iqtisadi islahatlar aparılmadan demokratiyaya girişməsi hələ də istənılən nəticəni vermir. Demokratiyanın bazar iqtisadiyyatını qabaqlaması arabanın atdan qabağa keçməsinə bənzəyir. Lakin eyni zamanda demokratiyasız bazar iqtisadiyyatının sabit inkişafı da şübhə doğurur. Keçid dövrünü iqtisadi yüksəliş və demokratiya ilə birgə adlayan Mərkəzi və Şərqi Avropa dövlətlərində vəziyyət xeyli fərqlidir və fikrimcə, bizim ölkələrə, xüsusilə Azərbaycana adekvatdır. Artıq bu dövlətlərin əksəriyyəti Avropa ittifaqına daxil olmağa hazırlaşırlar. Bizlər isə Avropa Şurasına hələ təzəcə üzv olmuşuq, özü də bir qədər məcburi və yaxud zorən-təbib.

Cəlbedici ideyalar və kədərli reallıq

Avropa Şurasının prinsip və ənənələrilə bizim konstitusiyalarımızda elan edilən demokratik ideyalar kifayət qədər üst-üstə düşsə də, bu, hələ yaxın zamanlarda regionda demokratiyanın formalaşacağına zəmanət vermir. Seçkilər zamanı baş verən total saxtakarlıqları hər dəfə "demokratiyaya doğru növbəti addım" adlandırmaqla isə bu ölkələrdə nə vaxtsa demokratiyanın qələbə çalacağına inanmaq sadəlövhlükdür. Bu, günəşli gündə şimşək çaxıb yağış yağacağına ümid etməyə bənzəyir.

Öz fəaliyyətlərılə postsovet məkanında demokratiyanın inkişafına və azad seçkilərin keçirilməsinə yardım mıssiyasını həyata keçirən beynəlxalq təşkilatların işi heç də həmişə birmənalı qiymətləndirilmir. Bəzi yerlərdə onların fəaliyyətinin düzgün qurulmaması (məsələn: ATƏT-in 2001-ci ildə Belarusda keçirilən prezident seçkiləri vaxtı müvəqqəti nümayəndəliyinin fəaliyyəti) qeyd olunsa da, başqa yerlərdə adətən onların seçkilərin yekunu ilə bağlı açıqladıqları son bəyanatlar təəccüb doğurur. Bu bəyanatların leytmotivinə çevrilən "demokratiyaya doğru bir addım irəli" ifadəsi artıq acı təbəssümlə qarşılanır, ikrah doğurur.
Son on ildə seçkidən-seçkiyə "demokratiyaya döğru irəliləyən" bu dövlətlərin müstəqillik dövründə keçirdikləri birinci və sonuncu seçkilər müqayisə olunarsa, tamam fərqli mənzərə yaranar. Təhlillər göstərir ki, bizim regiona daxil olan ölkələrdə ilk seçkilər sonrakılardan daha demokratik keçirilib. Sonrakı seçkilər addım-addım demokratiyadan uzaqlaşaraq avtokratiyaya yaxınlaşmaqla müşayət olunub. Azərbaycanda seçkilərdə 59 faizlə qalib gəlmək faktı ilk və son dəfə 1992-ci ildə qeydə alınıb. Bundan sonrakı "qələbə" göstəriciləri əsl sovet dövrünü xatırladır. Demokratiyadan uzaqlaşma bu və ya başqa formalarda digər ölkələrdə də təkrarlanır.

Bir çox nıifuzlu beynəlxalq təşkilatların seçkilər vaxtı tutduğu təəccüblü mövqe ciddi müzakirələr və açıq təndiq tələb edir. Çıinki bu cür mövqe (Qərb adamının qələmindən çıxan bəyanat) təkcə hansısa başqa bir ölkədəki tezliklə unudulacaq saxtakarlığa, qanunsuz legitimləşməyə göz yummaqla bitmir. Bunun ciddi fəsadları var və artıq bu fəsadlar görünməkdədir. Belə bir mövqe ilk növbədə xalqda pessimist əhval-ruhiyyə yaradır, müxalifət düşərgəsində təəssüf və yanılma hisslərini gücləndirir və nəhayət, avtokrat dövlət liderlərində özünə və öz hərəkətlərinə ınamını artırmaq və bəraət qazandırmaqla yanaşı onları antidemokratik hərəkətlərə daha da şirnikləndirir.

Bəzən bunu sabitliyin kövrək olduğu ölkələrdə "möhkəm ələ" ehtiyacla bağlayırlar. Amma ölkə daxilindəki bütün "problemləri" həll edərək, heç bir təsirli təzyiqlərlə qarşılaşmayan avtokrat liderlər artıq xarici dövlətlərin və beynəlxalq təşkilatların yüngül "tənə'lərinə də fikir vermirlər. Sanki bunlar hər bir işi qarşılıqlı razılaşma əsasında görürlər.

MDB - avtoritar dövlətlər birliyi

Bizim dövlətlərin liderləri MDB kimi "sərfəli" təşkilatlarda özlərini daha rahat hiss edirlər. Çünki MDB öz hakimiyyətlərini qoruyub saxlamaq məqsədilə vaxtaşırı görüşüb təcrübə mübadiləsi və məsləhətləşmələr aparan, seçkilərdə bir-birinə dəstək verən avtokrat liderlərin hakim olduğu avtoritar dövlətlər birliyidir.

Bu dövlətlərdəki bəzi prinsipial əhəmiyyətli oxşar cəhətlərə baxaq.

  1. Ölkələrin hamısında keçmiş kommunist bossları, yaxud nomenklatura nümayəndələri hakimiyyətdədir.
  2. Bu ölkələrdə orta təbəqə formalaşmayıb. Əhalinin daha azad hissəsi hesab edilən orta təbəqənin mövcud olmadığı yerdə isə demokratik cəmiyyətdən, demokratik seçkidən danışmaq mümkün deyil.
  3. Azad mətbuatın sayı və tirajı ildən-ilə azalır və artıq onun ictimai rəyə təsir imkanı sıfıra yaxınlaşmaqdadır. Müstəqil televiziyatardan danışmaq isə yersizdir. Seçkilərin keçirilmədiyi dövrlərdə müstəqil və obyektiv mövqeyə iddia edən televiziyalar seçki dövründə dövlət televiziyasından daha "ağıllı" şəkildə hakim partiyaya xidmət edirlər. KİV müxtəlif yollarla (pulla, iqtisadi təzyiqlə, hədə və s.) ələ alınır.
  4. Keçmiş "qardaş" dövlətlərin heç birində azad həmkarlar ittifaqları yoxdur və ya dövlət, yaxud oliqarxların nəzarəti altındadır.
  5. Cəmiyyətin vicdanı hesab edilən ziyalı təbəqəsinin varlığı demək olar ki, hiss olunmur. Onların bir qismi hakimiyyətin məddahına çevrilib, başqa bir qismi isə "müdrikcəsinə" susur. Bir qrup isə çıxış yolunu ölkəni tərk etməkdə görür.
  6. Son illər QHT-lər cəmiyyətin həyatına sürətlə daxil olur. ilk vaxtlar onların cəmiyyətdə üçüncü sektoru formalaşdıra biləcəklərinə böyük ümid vardı. Bazar iqtisadiyyatı kimi bu hərəkat da keçmiş kommunistlər üçün yenilik idi və onlar ilk əvvəl bu yeniliyə reaksiya verə bilmirdilər. indi öyrəniblər. Artıq bu ölkələrin çoxunda hakimiyyətə yaxın QHT-lər yaradılıb və onların xüsusi çəkisi xeyli artıb. Belə QHT-lər hakimiyyətin xüsusi qayğısı ilə bəslənərək, ona saxta demokratik imic yaratmağa xidmət edirlər. Bu QHT-lərin avtokrat liderlər üçün ən böyük xidməti seçkilər dövründə üzə çıxır. Onlar lazım gələndə "müstəqil müşahidəçi" olur, seçkilərin demokratikliyi barədə bəyanatlar verirlər.

Beynəlxalq təşkilatların "keyfiyyət nişanı"

Belə ölkələrdə qəbul olunan bir çox seçki qanunları və seçki məcəlləsi beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətini alır. Xüsusilə Avropa Şurasının ekspertləri bunların beynəlxalq standartlara (sovet dövründəki keyfiyyət nişanı kimi) cavab verdiyini qeyd edirlər. Lakin sonradan bu qanun aktlarına edilən düzəlişlər və əlavələr (Belarusda prezident dekretləri, başqa ölkələrdə MSK protokolları kimi) isə bu beynəlxalq təşkilatların rəyi olmadan qəbul olunur. Müşahidələr bu cür əlavə və düzəlişlərin böyük əksəriyyətinin demokratik prinsiplərə zidd mahiyyətdə olduğunu göstərir. Seçkilərin taleyini isə əslində bu əlavələr, dəyişikliklər və protokollar həll edir. Nəticədə seçki qanunvericiliyi demokratikləşdikcə (hər yerdə belə deyil), seçki saxtakarlıqları daha geniş vüsət alır.

Seçkilərdə müstəqil beynəlxalq müşahidəçilərin rəyi xüsusi əhəmiyyət kəsb edir. Artıq çox illik təcrübə göstərir ki, Qərbi Avropa müşahidəçiləri bizim ölkələrdə keçirilən seçkilərdə yol verilən saxtakarlıqları onlara yad olduğu üçün görmür və dərk edə bilmirlər (Şübhəsiz bunu bu cür seçkilərdə dəfələrlə iştirak etmiş təcrübəli müşahidəçilərə şamil etmək olmaz). Hakimiyyət tərəfindən dəvət edilən, xüsusilə MDB dövlətlərindən gələn müşahidəçilər isə seçkilərə "1 may nümayişində məcburi iştirak kimi" iştirak barədə qeydiyyatdan keçməyə, sonra isə yeyib-içməyə gəlirlər. Onların standart rəyləri həmişə ciblərində hazırdır: "Seçkilər ədalətli və demokratik keçirilib".

Bir çox ölkələrin təcrübəsi göstərir ki, seçkilər vaxtı QHT-lərin müşahidəsi daha səmərəli və effektli olur. Çox vaxt siyasi məqsəd güdməyən bu kampaniyalar seçkiləri daha dərindən müşahidə və təhlil etmək imkanı verir. 2000-ci ildə Qırğızıstanda keçirilən parlament seçkiləri vaxtı "Vətəndaş cəmiyyəti və demokratiya uğrunda" QHT koalisiyasının apardığı müşahidələri, 2001-ci ildə Belarusda prezident seçkiiərini müşahidə edən "Müstəqii müşahidə" Vətəndaş Təşəbbüsü kampaniyasını və başqalarını uğurlu adlandırmaq olar. Elə "inam" Plüralizm Mərkəzi digər yerli QHT-lərlə birlikdə 2000-ci il parlament seçkiləri vaxtı 35 beynəlxalq müşahidəçinin iştirakı ilə keçirdiyi müşahidədə 500-dən artıq 32 növ saxtakarlıq aşkar etmişdi.

Mövcud siyasi hakimiyyətlər müstəqil müşahidənin mahiyyətini yaxşı anlayırlar. Müstəqil müşahidəçilərin rəyi çox vaxt seçkilərdə iştirak edən və məğlub olan (qanuni, qanunsuz) siyasi partiyaların bəyanatından daha effektli olur. Odur ki, bir çox ölkələrdə QHT-lər seçkilərin müşahidəsinə buraxılmır və yaxud ayrı-seçkilik əsasında hakimiyyətə yaxınlığı ilə seçilən QHT-in iştirakına icazə verilir.

Demokratiya, yalnız demokratiya

Sonda hamılıqla qəbul edilən fikri bir daha təkrarlamaq istəyirəm. Ölkəmizin inkişafı demokratiyanın formalaşmasından asılıdır, vətəndaşlarımızın rifahı bazar iqtisadiyyatının qurulması və güclənməsi sayəsində mümkündür. Bütün bunlara isə demokratik seçkilərsiz çatmaq mümkün deyil.

Avropa yenı əsrin başlanğıcında avtoritar rejimlərdən xilas olmaq əzmindədir. Sivil dünya daha avtokratlar deyil, demokratik texnokratlar tərəfindən idarə olunur. Demokratiyanın bərqərar olması həm də bizim təhlükəsizliyimizin qarantıdır. Çünki demokratik dövlətlər bir-birlərilə müharibə etmirlər. ikinci Dünya Müharibəsini demokratik Britaniya və ya demokratik Fransa yox, faşist Almaniyası və kommunist Rusiyası başlamışdı. Nəticələri hələ uzun illər Avropanı rahat buraxmayacaq Balkan müharibəsini də demokratlar başlamamışdı.

Avropanın nüfuzlu demokrat liderləri əməkdaşlıq edəcəkləri qüvvələri bir daha saf-çürük etməlidirlər. Yeni müstəqil dövlətlərin çoxunda belə demokratik güc mərkəzləri var və onlar yaxşı tanınırlar. Sadəcə, bu gücləri görmək və dəstəkləmək lazımdır. Avtokrat liderlər demokratik seçkilər keçirə bilməzlər. Bu, sadəcə olaraq, tək rejimin mahiyyətindən deyil, həm də həmin liderlərin öz təbiətlərindən irəli gəlir. Avtokratlardan öyrəniləsi bəlkə də bircə şey varsa, o da onların bir-birlərinə vaxtında və səmərəli yardım edə bilmələridir. Demokratların da belə həmrəylik nümayiş etdirmələrinin vaxtı artıq çoxdan çatmışdır.