| SOS'03
SEÇKİ LİQASI YARADILIB |
 |
Dekabrın 9-u 2002-ci ildə Azərbaycanda fəaliyyət
göstərən bir sıra Qeyri Hökumət Təşkilatları "SOS'03 Seçki Liqası"
adlı yeni qurum təsis ediblər. Qurumun məqsədi Azərbaycanda azad
və ədalətli seçkilərin keçirilməsinə yardım göstərmək və bu istiqamətdə
fəaliyyət göstərən bütün təsisatların əməkdaşlığını dərinləşdirməkdir.
Təsis yığıncağında Azərbaycan Milli Demokratiya Fondu (AMDF), D.
Əliyeva ad. Qadın Hüquqlarının Müdafiə Cəmiyyəti (QHMC), "Demokrat"
Siyasi Araşdırmalar Mərkəzi (DESAM), Demokratik Seçkilərə Yardım
Mərkəzi (DSYM), "İnam" Plüralizm Mərkəzi, "İntibah" Demokratiya
Dirçəliş Fondunun (İDDF) təmsilçiləri iştirak ediblər. Yığıncaqda
yeni QHT koalisiyasının daxili əsasnaməsi qəbul edilib və təşkilati
məsələlərə baxılıb. D.Əliyeva adına QHMC-nin təmsililçisi Novella
Cəfəroğlu SOS'03 Seçki Liqasının sədri, "İnam" Plüralizm Mərkəzinin
direktoru VaHid Qazi sədr müavini, DESAM-ın direktoru Mustafa Hacıbəyli
isə katib vəzifəsinə seçiliblər.
| ANAMA
MİNALARI TƏMİZLƏYİR |
 |
Bu ilin sentyabr ayından etibarən Azərbaycanda Minalardan
Təmizləmə Milli Agentliyi (ANAMA) Amerikanın Tədqiqat Fəaliyyəti
Mərkəzilə birgə proqramın reallaşmasına başlayıb. Proqram BMT İnkişaf
Proqramı, Azərbaycan hökuməti və Beynəlxalq Avrasiya Fondu çərçivəsində
həyata keçirilir. Proqramın mahiyyəti partlamamış döyüş sursatlarının
olduğu yaşayış məntəqələrini müəyyən etmək üçün araşdırmalar aparmaqdır.
Qeyd edək ki, konkret yaşayış məntəqələri müəyyən edildikdən sonra
xüsusi qrup ora gedərək sakinlərlə görüşəcək və lazımi informasiya
toplayacaq. Yekun sənəd 2003-cü ilin aprelində hazır olacaq.
| "BAKI-TBİLİSİ-CEYHAN"A
(BTC) DƏSTƏK |
 |
Bu ilin noyabrında Bakı şəhərində Bakı-Tbilisi-Ceyhan
(BTC) neft kəmərinin tərəfdarı olan QHT-lərin Beynəlxalq Koalisiyası
yaradılıb. "BTC-yə Beynəlxalq İctimai Dəstək" adlı Koalisiya
ilə bağlı təşkilati məsələlərə baxmaq və növbəti görüşlərin təşkili
üçün İşçi Qrupu yaradılıb. İşçi Qurupunun son iclasında Bakı-Tbilisi-Ceyhan
neft boru kəmərinin QHT-lər tərəfindən dəstəklənməsi və ictimai
nəzarətin təmin edilməsi istiqamətində əməkdaşlıq haqqında memorandum
qəbul olunub. 80-dan çox ölkə QHT-nin qoşulduğu bu koalisiya hamı
üçün açıqdır və arzu edənlər bu əməkdaşlığa qoşula bilər.
İştirakçı ölkələrinin hər birindən 5 nəfərin təmsil
olunacağı Koalissiyanın Koordinasiya Şurasına Azərbaycan tərəfindən
rəhbərlik Sabit Bağırova həvalə edilmişdir. BTC-nin inşası və istismarı
dövrlərində Koalisiyanın əsas məqsədləri müvafiq fəaliyyətlərə ictimai
dəstəyin və nəzarətin təmin edilməsi, region ölkələrində iqtisadi
və sosial gözləntilərin gerçəkləşməsi, yerli əhalinin maraqlarının
qorunması və əhali ilə konsorsium arasında qarşılıqlı anlaşma mühitinin
yaradılması, müvafiq şirkətlərin yerli icmalarla siyasət üzrə strategiyalarının
formalaşmasında onlara lazımi yardımın göstərilməsi, kəmər boyunca
regionda nümunəvi ekoloji mühitin, biomüxtəlifliyin və tarixi abidələrin
qorunması, regionda kəmərin təhlükəsizliyini təmin edəcək tədbirlərin
həyata keçirilməsidir.
| ATƏT-in
TRENİNQ PROQRAMI |
 |
Atət-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu
(DTİHB) Helsinki İnsan Haqları Fondu (Varşava) və ATƏT-in Bakı ofisi
ilə birgə noyabrda "İnsan Haqlarının monitorinqi və hesabat
prosedurları" adlı treninq proqramı həyata keçirib. Treninq
Azərbaycanın paytaxt və regional hüquq-müdafiə təşkilatlarının nümayəndələri
üçün keçirilib. Proqramda məqsəd insan haqları sahəsindəki vəziyyətə
dair dəqiq və mükəmməl hesabatın hazırlanması texnikasının öyrədilməsi,
insan haqlarının monitorinqi üçün potensialın təkmilləşdirilməsi,
həmçinin yerli və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın inkişafıdır.
ƏLİL
QADINLAR CƏMİYYƏTİNİN KONSERVLƏŞDİRMƏ
SEXİ FƏALİYYƏTƏ BAŞLAYIB |
 |
Noyabr ayında Əlil Qadınlar Cəmiyyətinin Yaponiya
səfirliyinin maliyyə dəstəyi ilə "Əlil qadınlar üçün konserv
sexinin təşkili" layihəsi çərçivəsində yaradılmış konservləşdirmə
sexi fəaliyyətə başlayıb. Sexdə 10 nəfər əlil qadın, o cümlədən
iki nəfər Qarabağ müharibəsi əlili işlə təmin olunub. Sexdə çalışan
işçilərin əmək haqqı isə 250-300 min manat həcmindədir. Sexdə istehsal
olunmuş məhsullar bütün standartlara cavab verir və bu məhsullar
yüksək texnologiya ilə hazırlanır. Gələcəkdə sexin istehsal gücünü
artırmaqla daha çox əlil işlə təmin olunacaq.
| AZƏRBAYCAN
DİLİNDƏ İNTERNET-KİTABXANA AÇILIB |
 |
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi (The FAR SENTRE)
Azərbaycan dilində "İnsan hüquqları, demokratiya və humanitar
fənlər üzrə" ilk internet kitabxana yaradıb. "Demokratiya
evi" adlı saytda Azərbaycanın siyasi və mülki təşkilatları
barədə məlumatlar, insan hüquqları və qeyri-hökumət təşkilatları
sahəsində qanunvericilik, Azərbaycanın insan hüquqları sahəsində
qoşulduğu beynəlxalq sazişlər, demokratik ölkələrin Konstitusiyaları
və demokratik məzmunlu bədii ədəbiyyat, xaricdə təhsil haqqında
məlumatlar və daha 150 adda kitabla tanış ola bilərsiniz. "Demokratiya
evi"ndə rus və ingilis dillərində də materiallar yerləşdirilib.
İnternet-kitabxana 3 dildə axtarış sisteminə malikdir. Layihə Açıq
Cəmiyyət İnstitutu- Azərbaycan tərəfindən maliyyələşdirilib. Layihənin
rəhbəri Hikmət Hacızadə "Demokratiya evi"ni gələcəkdə
M.F.Axundov adına Milli Kitabxananın bənzərinə çevirmək niyyətindədir.
| QHT-LƏRİN
QEYDİYYATI MÜZAKİRƏ OLUNUB |
 |
Dekabrın 4-də "Azərbaycan" mehmanxanasında
"Avrasiya" Fondunun maliyyə dəstəyilə Milli QHT Forumu
və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin birgə təşkil
etdiyi "Qeyri-Hökumət Təşkilatlarının Dövlət qeydiyyatına alınmasının
hazırkı vəziyyəti" mövzusunda "Dəyirmi Masa" keçirilib.Tədbirdə
qeydiyyatı olmayan 150-dən çox QHT iştirak edib. Tədbirdə çıxış
edən Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin ölkə üzrə
koordinatoru Anar Kazımov ATƏT və İNCL təşkilatları tərəfindən "QHT-lərin
qeydiyyatının monitorinqi" layihəsinin həyata keçirildiyini
bildirdi. Onun dediyinə görə, layihənin əsas məqsədi qeydiyyatı
olmayan QHT-lərin siyahısını əldə etmək və bundan sonra təşkilatların
bir hissəsinin təsis sənədlərinin hüquqi ekspertizasını aparmaqdan
ibarət olub. QHT-lərin qeydiyyat problemi ilə bağlı aparılan monitorinq
zamanı 600-dən çox QHT-nin qeydiyyat probleminin olduğu aşkarlanıb.
Ədliyyə Nazirliyinə müraciət edən QHT-lərin yalnız 31 faizinə cavab
verilmişdir. Rədd cavabı almış təşkilatların yarısı isə əsassız
olaraq imtina məktubu almışlar. Süni surətdə yaradılmış qeydiyyat
problemi QHT-lərin dövlətdə gedən prosseslərdən kənarda qalmasına
səbəb olur.
| BEYNƏLXALQ
PLÜRALİZM MƏRKƏZLƏRİ ŞƏBƏKƏSİNİN 18-Cİ GÖRÜŞÜ GƏLƏN İLİN MARTINDA
BAKIDA KEÇİRİLƏCƏK |
 |
2002-ci ilin noyabrın 29-dan dekabrın 2-nədək Gürcüstanın
paytaxtı Tbilisi şəhərində Beynəlxalq Plüralizm Mərkəzləri Şəbəkəsinin
regional görüşü keçirilib. Konfrans ABŞ-ın Şərqi Avropa Demokratiya
İnstitutu (IDEE) və Gürcüstanın İnkişaf və Əməkdaşlıq Mərkəzi (CDC)
tərəfindən təşkil olunmuşdu. "Cənubi Qafqaz ölkələrində 2003-cü
il seçkiləri" mövzusunda keçirilən konfransda Azərbaycan, Gürcüstan
və Ermənistanın QHT təmsilçilərinin seçkilərə həsr olunan məruzələri
dinlənilib.
Tədbirdə 2003-cü ilin martında Şəbəkənin tam heyətdə
18-ci Görüşü Bakıda keçirilməsi qərara alınıb. Özündə 18 ölkənin
22 QHT-ni birləşdirən Beynəlxalq Plüralizm Mərkəzləri Şəbəkəsinin
görüşləri ildə iki dəfə keçirilir. Payız görüşləri regional çərçivədə
(Balkan, Qafqaz və Şərqi Avropa), yaz görüşləri isə tam heyətdə
təşkil olunur. Xatırladırıq ki, "İnam" Plüralizm Mərkəzinin təşkilatçılığı
ilə Şəbəkənin 9-cu görüşü də 1997-ci ilin aprelində Bakıda keçirilmişdi.
|