| Azərbaycan
yolu – Aqoniya |
 |
| Elxan Şahinoğlu,
siyasi icmalçı |
2005-ci ilə ümidlə daxil olmuşduq. Fəlakətli
prezident seçkisindən sonra yaranan siyasi durğunluğu 6 noyabr parlament
seçkisinin laxladacağını düşünürdük. O biri tərəfdən Gürcüstan,
Ukrayna və Qırğızıstanda inqilabi dəyişikliklər baş vermiş, ABŞ
prezidenti Corc Buş postsovet məkanında demokratiyaya, azad və ədalətli
seçkilərə can atan xalqlara dəstək vəd etmişdi. Bir sözlə, radikal
dəyşikliklərə hazırlaşırdıq.
Seckidən öncə hansı xarici diplomat və ya beynəlxalq
təşkilatın nümayəndəsi ilə görüşürdümsə, seçkiləri saxtalaşdıracağı
halda Azərbaycan hakimiyyətinin ciddi sanksiyalarla üzləşəcəyini
qətiyyətlə vurğulayırdı. ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş,
keçmiş prezident Bill Klintonun rəhbəri olduğu «Global Fairness
Initiative» təşkilatının proqram direktoru Endrü Evans, «Azadlıq»
radiosunun prezidenti Tomas Dayn, Almaniya Bundestaqının deputatı
Mixail Linkin söylədiklərini cəmləsək, bunlar alınar: «Saxtalaşdırma
sabitlik deyil, yalandır», «Qərb saxtalaşdırmaya göz yummayacaq»,
«Azərbaycan hökuməti demokratiya sınağı qarşısındadır» və s.
 |
ABŞ Milli Demokratiya İnstitutunun rəhbəri, keçmiş
dövlət katibi Madlen Olbraytın Azərbaycana səfəri Vaşinqtonun bizim
seçkilərə diqqətinin təcəssümü idi. Olbrayt dövlət başçısı İlham
Əliyev də daxil bütün tərəflərlə görüşərək geniş fikir mübadiləsi
apardı. Onun rəsmi Vaşinqtona Azərbaycandakı siyasi qüvvələr haqqında
geniş hesabat hazırladığı gələn xəbərlər arasında idi. Elə ilk mənfi
siqnal bu səfərlə bağlı oldu. Madlen Olbrayt dar çərçivədəki söhbətlərin
birində yerli müxalifətin kifayət qədər resursu olmadığını, Gürcüstan
və Ukraynadakı proseslərin təkrarlanmasının çətinliyinə eyham vurmuşdu.
Buna baxmayaraq, Azərbaycanın müxalif siyasi dairələri daha çox
ABŞ rəsmilərinin və səfir Rino Harnişin açıqlamalarına ümidli idilər.
Səfirin bölgələri ziyarəti də maraqla qarşılanmışdı. Harniş şimaldan
cənuba, qərbdən şərqə gəzərək yerlərdə müxalifət nümayəndələriylə
qapalı fikir mübadiləsi aparmışdı. İş o yerə çatmışdı ki, iqtidar
mənsubları Rino Harnişi sərt tənqid hədəfinə tutmuşdular.
«Biz tiraniyaya qarşı mübarizə aparanlarla bir
yerdəyik(mi?)»
Bu ifadəni Azərbaycana ziyarətindən öncə ABŞ dövlət
katibinin qlobal məsələlər üzrə köməkçisi Pola Dobrianski demişdi.
O Dobrianski ki, Ağ ev sahibi Corc Buşun elan etdiyi demokratiya
siyasətinin əsas aparıcı fiqurlarından sayılır(dı). Hələ 2004-cü
ildə «Sizləri unutmuruq, biz Sizə əziyyət verənləri bağışlamayacağıq»
deyən Dobrianski Dövlət Departamentinin hesabatlarına işarə edərək
söyləyirdi: «Hesabatlarımız diktatorlara və korrupsiyaya uğramış
məmurlara xəbərdarlıq olmalıdır, biz belələrini izləyirik. Onların
hərəkətləri nəticəsiz qalmayacaq. Məqsədimiz dünyada öz xalqları
qarşısında məsuliyyət daşıyan hökumətlərin varlığına nail olmaqdır.
Demokratik ölkələr xalqlarına hörmət etdiklərindən azadlığın genişləndirilməsi
sülhə gətirəcək».
Bakıda da eynən bu cür demokratik ovqatla danışan
Dobrianski qeydlərini edib Vaşinqtona qayıtdı. Ardınca ABŞ dövlət
katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Deniel Frid
gəldi. ABŞ rəsmisi mətbuat konfransında Azərbaycanda demokratik
inkişafa dəstək sürdürdüklərini bildirərək «ABŞ neftə görə demokratiyanı
qurban verməyəcək, hər vəclə azad və demokratik seçkiləri müdafiə
edəcəyik» söyləmişdi.
Bu növ açıqlamalar azad və ədalətli seçki arzusunda
olan vətəndaşları və siyasi qrupları xeyli rahatlatmışdı. Ancaq
bunların fonunda ABŞ-ın siyasəti ilə bağlı müəyyən həyəcanlı işarətlər
də gəlməkdəydi. Məsələn, seçkiqabağı ərəfədə Kaliforniya ştatından
seçilən iki konqresmen Azərbaycana təşrif buyurdu. Həmin iki konqresmen
mətbuat konfransında Azərbaycanda seçki öncəsi durumdan razı qaldıqlarını
söylədilər. Konqresmenlərin açıqlamasından: «Azərbaycanda müxalifət
nümayəndələri televiziyalarda pulsuz efir vaxtından istifadə edərək
çıxışlar edirlər. Belə bir durum heç ABŞ-da yoxdur. «Exit-poll»a
isə inamımız yoxdur (?!). ABŞ-da prezident seçkisində «exit-poll»
özünü doğrultmadı». Azərbaycan hakimiyyətinin ünvanına bu böyüklükdə
tərif bir yana, Rino Harnişin «exit-poll»un tətbiqi üçün çarpışması
fonunda onun həmyerliləri bu mexanizmə şübhə ilə yanaşırdılar. Nədən
seçkiyə az qalmış məhz belə düşüncəli konqresmenlər Bakıya gəlmişdilər?
Axı Konqresdə demokratiya və insan haqları uğrunda əsl savaş verən
konqresmenlərin də Azərbaycana ziyarətini təşkil etmək mümkün idi.
Şübhəli məqamlardan biri də Rino Harnişin daha öncə
adını çəkdiyimiz «Global Fairness Initiative» təşkilatının Bakıda
düzənlədiyi konfransa qatılmaması idi. Təşkilatın proqram direktoru
Endrü Evansdan bunun səbəbini öyrənməyə çalışdım. O da təəccübünü
gizlətməmişdi: «Səfirə dəvəti hələ yay aylarında vermişdim.
Tədbirə bir gün qalmış özü ilə söhbət etdim. Son məqamda dedi ki,
qonaqları olduğundan toplantıya qatıla bilməyəcək». Maraqlıdır,
Evans məhz həmin qonaqların konfransda iştirak etdiklərini vurğuladı.
Yeri gəlmişkən, həmin konfransa Azərbaycan rəsmilərinin
də bir çoxu qatılmamışdı. Konfrans təşkilatçıları hətta toplantını
giriş sözü ilə dövlət başçısının acmasını arzulayırmışlar. Nədən
rəsmilərimiz və ABŞ səfiri toplantıya təşrif buyurmadılar? Məsələ
bundadır ki, eyni təşkilat Ukraynada prezident seçkisindən öncə
Bakıdakına oxşar konfrans təşkil edibmiş. Həmin tədbirə qatılmış
müxalifət lideri Viktor Yuşşenko prezident seçildikdən sonra bəzi
dairələr inqilabi proseslərdə konfransın da rolunu vurğulamışdılar.
Demək, ehtiyatlanmaq üçün «əsas» varmış.
 |
Azərbaycan dövlət başçısı İlham Əliyev ABŞ-ı çətin
seçim qarşısında qoymamaq üçün demokratik görüntü yaratmalıydı.
Bu məqsədlə iqtidar texnoloqları 21 may və 25 oktyabr sərəncamlarını
icad etdilər. Birinci sərəncamda qeyri-adi heç nə olmasa da (sənəddəki
maddələrin böyük əksəriyyəti qanunlarda bu və ya digər şəkildə əksini
tapıb – E.Ş.), sənəd Qərbin, ilk növbədə Vaşinqtonun alqışını qazandı.
İlham Əliyev bu sırada «exit-poll»a yaşıl işıq yandırdı. O, ABŞ
hökumətinin maliyyələşdirməyi planlaşdırdığı «exit-poll»a razılıq
verdi. Sonrakı hadisələr ümid bəslənilən ABŞ «exit-poll»unun «necə»
işləyəcəyini ortaya qoyacaqdı. Bu haqda bir qədər sonra.
Vaşinqton 25 oktyabr sərəncamını da yüksək qiymətləndirdi.
Halbuki tənqidi mövqedən çıxış edən Avropa Şurası Parlament Assambleyasının
(AŞ PA) Azərbaycan üzrə həmməruzəciləri Andreas Qross və Andres
Herkel sərəncamı gecikmiş sayırdılar. Həqiqətən barmaqların boyanmasına
və xaricdən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının müşahidə
aparmasına yaşıl işıq yandıran sərəncamın seçkiyə 10 gün qalmış
imzalaması real duruma az təsir edirdi. Hökumət təcili ultrabənövşəyi
lampalar axtarmağa başladı, bir çox QHT isə müşahidə prosesinə yetişmirdi.
Çünki onların qısa müddətdə xeyli sənəd toplamağa, müşahidəçilərini
təlimatlandırmağa və ən nəhayət, maliyyə məsələlərini həll etməyə
vaxtları çatmırdı. Dünyanın ən tanınan təsisatlarından olan ABŞ-ın
Milli Demokratiya İnstitutu da prosesdən kənarda qaldı. Rəsmi Bakı
İnstituta dəvəti seçkiyə 10 gün qalmış göndərdi. MDİ isə seçki monitorinqinə
ən azı iki ay öncə başlayan qurumdur. Hakimiyyət texnoloqlarının
ikinci sərəncamı seçkiyə məhz cəmi bir neçə gün qalmış ortaya çıxarmaları
elə bu amillərlə bağlı idi.
Hakimiyyət texnoloqları Rəsul Quliyevin geri qayıdışı ətrafında
da maraqlı kombinasiya qurdular. Çoxdan güdülən və müxalifətə maliyyə
dəstəyində şübhəli bilinən nazirlər neytrallaşdırıldı. Rəsul Quliyev
müxalifətə ikiqat zərbə vurdu. İlham Əliyev iqtidar içində təmizləmə
əməliyyatına baş vurmaqla, korrupsiyalaşmış nazirlərdən bir neçəsini
qurban verməklə reytinqə işlədi. Bunun qarşılığında keçmiş eks-spiker
həbsdən çəkinməyərək geri qayıtsaydı, ölkədə siyasi hərarəti qaldırar,
müxalifətin müqavimət gücünü artırardı. Doğrudur, çox güman ki,
ADP sədri həbs olunacaqdı, ancaq elə bu amilin özü də müxalifətin
işinə yarayardı. İnsanlar əzabkeşləri sevərlər.
Beləcə getdik seçkilərə.
Seçkilərə haram qatıldı
6 noyabrda son ümidlər də puça çıxdı. Güman edilirdi
ki, barmaqların boyanması+beynəlxalq müşahidəçilərin bolluğu+«exit-poll»
parlament seçkilərindəki saxtakarlığın miqyasını minimuma endirəcək.
O da ehtimal edilirdi ki, hakimiyyət əvvəlki seçkilərdən fərqli
olaraq dünyanın gözü qarşısında saxtakarlığa getməyəcək. Nələrin
şahidi olduq: yenə seçicilər adlarını siyahılarda tapa bilmirdilər,
yerli müşahidəçilər məntəqələrdən qovulurdular, bəzi hallarda isə
zorakılığa məruz qalırdılar, polisin müdaxilələri qeydə alınırdı,
protokollar sifariş əsasında doldurulurdu, həbsxana və hərbi hissələr
kütləvi surətdə iqtidar namizədinin xeyrinə səs verirdilər.
«Exit-poll» da işləmədi. Bu üsulun yaradıcılarından olan amerikalı
Uorren Mitovskinin keçirdiyi «exit-poll»a əvvəlcədən inam yox idi.
Çünki bu şəxs «exit-poll» üçün maliyyəni kimdən aldığını gizlədirdi,
İsveçrənin «Renesans» adlı şirkətin adını çəkirdi. Anlaşılmırdı
ki, uzaq İsveçrə şirkətinin Azərbaycanda «exit-poll» keçirməsində
nə marağı var? Digər tərəfdən belə bir şirkətin varlığı şübhə doğrurdu.
İsveçrədəki jurnalist həmkarlarım «Renesans» şirkəti haqqında bilgi
əldə edə bilmədilər. Aydın idi ki, maliyyə İsveçrədən gəlsəydi belə
ilk mənbəni Azərbaycanda axtarmaq lazım idi. Sponsorlar izi azdırmaq
üçün Avropa ölkələrindən birini seçmişdilər. «Pulu kim ödəyirsə,
musiqini də o sifariş verir» - məşhur aforizmdir.
ABŞ hökumətinin maliyyələşdirdiyi «PA Consultinq Group»
təşkilatının keçirdiyi «exit-poll»a bağlı da xeyli suallar yarandı.
Şirkət seçki günü nəticələri gec açıqladı (dünya təcrübəsində görünməmiş
hal idi ki, «exit-poll»un nəticələri hətta rəsmi nəticələrdən də
sonra açıqlanır – E.Ş. ), rəqəmləri tez-tez dəyişdirdi, sorğuçularının
seçimi və davranışları xeyli şübhə doğurdu. Buna rəğmən, «PA Consultinq
Group» bəzi dairələrdə MSK-dan fərqli rəqəmlər ortaya qoydu. Hələ
seçkidən öncə, ABŞ dövlət katibinin müavini Deniel Frid və səfir
Rino Harniş «PA Consultinq Group» təşkilatının «exit-poll»unun nəticələri
ilə hesablaşacaqlarını vurğulamışdılar. Hesablaşmadılar. Spiker
Murtuz Ələsgərov «exit-poll»un nəticələrinə görə rəqibindən xeyli
geri qalarkən rahatca parlamentdə əyləşdi və Vaşinqton buna etiraz
etmədi. Əksinə, ABŞ səfirliyi açıqlamada bulunaraq Konstitusiya
Məhkəməsinin qərarını alqışladı. Həmin qərarda isə «exit-poll»a
üst-üstə düşməyən xeyli dairə təsdiqləndi. Azərbaycan hakimiyyətinin
güzəşti yalnız bundan ibarət oldu ki, Murtuz Ələsgərovu spiker postuna
təyin etməyərək statusunu azaltdı. Rino Harniş seçki sonrası müsahibəsində
Əli Kərimli kimi müxalifət liderinin millət vəkili olmasından məmnunluğuna
işarə edərkən, AXCP sədrinin qələbəsi əlindən alındı. Harniş bunun
da üstündən keçdi.
İlham Əliyev parlament seçkiləri ilə bağlı güclü beynəlxalq
təzyiqlə üzləşmədi. Başda ABŞ olmaqla Avropa qurumları təxminən
belə dedilər: «Seçkilərdə saxtakarlıq halları müşahidə olunsa da,
Azərbaycan hökuməti ilə əməkdaşlıq davam edəcək». İlham Əliyev seçkidən
sonra ABŞ və Avropadan qonaqlarını qəbul etməyə başladı. Bu, «Azərbaycan
hökumətinə qarşı sanksiya tətbiq edin» deyənlərin istəklərini puça
çıxardı. Vaşinqton seçkidən sonra ilk olaraq Ağ ev administrasiyasının
keçmiş rəhbəri Con Sununu Bakıya göndərdi. Yaxınlarda bunun ardı
da gələcək. Yerdə qalır, İlham Əliyevi Vaşinqiona dəvət etmək. Bu
isə bir qədər çətin qərardır. Çünki Buş demokratiyadan çox danışan
Konqres və ictimai təşkilatları da asanlıqla qulaqardına vura bilməz.
İlham Əliyevi Gürcüstan və Ukrayna prezidentlərinin qarşılığında
Ağ evə ayaq basa bilməməsindən qıcıqlansa da, Vaşinqtona səfərsiz
də keçinə bilər. Təki Vaşinqton onun Azərbaycandakı idarəçiliyinə
əngəl yaratmasın. Onsuz da İlham Əliyev Vaşinqtonun digər bütün
istəklərini gercəkləşdirir. ABŞ hərbi təyyarələri Bakının hava limanından
istifadə edirlər, əsgərlərimiz İraq və Əfqanıstana göndərilib, şimal
və cənub bölgələrimizdə Pentaqona aid radarlar quraşdırılıb.
İlham Əliyev narıncı inqilab dalğasını Azərbaycan
sərhəddində saxladığına, o cümlədən ABŞ-la Avropa Birliyinin gözlənilən
təzyiqi ilə üzləşmədiyinə, əksinə onların dillərindən «irəliyə doğru
atılmış addımdır» kəlməsini eşitdiyinə görə məmnundur. Ancaq bu
«qələbə»nin gələcəkdə Azərbaycana necəyə başa gələcəyi özü böyük
sualdır. Saxtakarlığın ört-basdır edilməsi, hüquqi don geyindirilməsi
hardasa çat verməlidir. Dünya təcrübəsi də bundan xəbər verir. Azərbaycanda
bugünkü müxalifəti əvəz edə biləcək qüvvə pusqudadır. Onlara seçmək
və seçilmək kimi anlayışlar yaddır. Hələ ki, belələri yalnız ideologiya
ilə silahlanıblar.
Bizim yolumuz nədir?
Hər bir ölkənin öz yolu oldu. Gürcüstan, Ukrayna
və Qırğızıstandakı saxtakarlıqlar işə yaramadı. Müxtəlif adları
olan xalq inqilabları seçkilərin gercək qaliblərini müəyyənləşdirdi.
Dəyşikliyin bir də Moldova variantı var idi – yuxarılar seçkilərin
demokratik keçirilməsinə mane olmadılar. Bizim seçki sonrakı modelimizə
isə ad tapılmayıb. Şərti ad: Azərbaycan yolu(?!). Deyəsən bu çox
məşəqqətli yol olacaq. |