Uçüncü
hakimiyyət düyünü
Məhkəməni məhkəmə eləməyin yolları |
 |
|
«N»AMİQ təqdim edir |
«N» Analiz, Məsləhət, İnformasiya Qrupu
hüquqi yox, siyasi araşdırmalarla məşğuldur. Lakin siyasət, bilindiyi
kimi, öz-özlüyündə, «saf, təmiz halda» heç vaxt mövcud olmur. Siyasət
ictimai həyatın bütün sahələri ilə sıx bağlı olduğu üçün onun keyfiyyəti
də digər sferalarda baş verən hadisə və təzahürlərlə şərtlənir.
Bu gün, zənnimizcə, Azərbaycanda məhkəmə sisteminin demokratikləşdirilməsi
məsələsi heç zaman olmadığı qədər aktuallaşaraq yenidən ön plana
çıxıb.
Belə ki, 2005-ci il parlament seçkiləri aşağıdan yuxarı
bütün məhkəmə instansiyalarının ölümcül xəstəliklərini bir daha
üzə çıxardı, ədliyyə sisteminin prezident hakimiyyətindən son dərəcədə
asılılığını ən eybəcər faktlarla bütün dünyanın gözü qarşısında
nümayiş etdirdi. İcra hakimiyyəti əvvəlcə aşağı məhkəmə instansiyalarının,
daha sonra Apellyasiya Məhkəməsinin, lap sonda isə Konstitusiya
Məhkəməsinin səlahiyyətlərindən açıq-aşkar sui-istifadə edərək parlamentin
(qanunverici hakimiyyətin) seçki yolu ilə deyil, faktiki təyinat
yolu ilə formalaşdırılmasına nail oldu.
Boşa çıxmış addımlar
Tarixdən məlumdur ki, hələ orta əsrlərdən başlayaraq
dövlət hakimiyyətinin icraedici, qanunverici və məhkəmə qollarının
ayrılması prosesi cərəyan edirdi. İngiltərədə 1265-ci ildə ilk parlamentin
yaranması qanunverici hakimiyyətlə icra hakimiyyətinin bölünməsinə
start verdi. Daha sonra Con Lokkun, Volterin və Russonun əsərləri
hakimiyyət bölgüsü məsələsini aktuallaşdırdı. Bu isə Qərbdə məhkəmə
hakimiyyətinin üçüncü və müstəqil hakimiyyətə çevrilməsinə gətirib
çıxardı. Bir sözlə, əvvəlcə icraedici hakimiyyətdən qanunverici
hakimiyyət aralandı, sonra isə məhkəmə hakimiyyəti.
 |
Bəs Azərbaycanda necədir? Hətta ötəri bir nəzər yetirmək
kifayətdir ki, 1991-ci ildən üzü bəri Azərbaycanda yaradılmış siyasi
konstruksiyanın fundamental ziddiyyətlərlə zəngin olduğuna inanasan.
Bir tərəfdən guya ölkəmizdə hakimiyyət bölgüsü gedib - parlament
və məhkəmə sistemi hökumətin (Nazirlər Kabinetinin) simasında icra
hakimiyyətindən aralanıb. Digər tərəfdən, bütün hakimiyyətlərin
fövqünə yüksəlmiş prezident idarə üsulu yaradılıb. Prezidentə konstitusiya
ilə müstəsna və hüdudsuz səlahiyyətlər verilib. Vəziyyətin təzadlılığı
ondadır ki, prezident və onun aparatının (bürokratiyanın) fəaliyyəti
istər parlament, istərsə də məhkəmə hakimiyyətlərinin nəzarətindən
mütləq şəkildə çıxarılıb. Dəqiq desək, nəinki prezident hakimiyyəti
digər iki hakimiyyətin nəzarəti altından məqsədəmüvafiq olaraq çıxarılıb,
hətta əks proses də gedib - yəni, Prezident Aparatı (ali bürokratik
təbəqə) öz səlahiyyətlərini genişləndirərək digər hakimiyyət budaqlarının
hüquqlarını da qəsb edib və həm qanunverici, həm məhkəmə hakimiyyətinə
yalnız sırf dekorativ funksiyalar saxlayıb. Mütərəqqi dövlətlərin
təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı şəraitində yaşayan cəmiyyətlərdə
müxtəlif maraqların nəzərə alınmasını, hakim elitanın fəaliyyətinə
nəzarət olunmasını və ümumun rifahını yalnız demokratik mexanizmlər
təmin etməyə qadirdir. Demək, Azərbaycanda yaranmış siyasi sistemdə
demokratiya ilə bürokratiya prinsipial olaraq qarşı-qarşıyadır.
Deməli, ölkədə demokratik dövlət quruculuğu istiqamətində atılmış
addımlar boşa çıxıb.
6 noyabr seçkilərinin saxtalaşdırılmış nəticələri
Konstitusiya Məhkəməsində təsdiqləndikdən sonra belə bir sual yenidən
beynəlxalq ictimaiyyəti ciddi şəkildə məşğul etməyə başlamalıdır:
nəyə görə Azərbaycanda Qərbin tələbi və birbaşa iştirakı ilə aparılmış
məhkəmə islahatları öz məntiqi sonluğuna çatmayıb? Başqa sözlə,
Azərbaycanda məhkəmələrin müstəqilliyi niyə təmin olunmayıb? Müşahidələr
göstərir ki, bunun yeganə və ən ümumi bir cavabı var: Qərb dünyası
Azərbaycanda daha demokratik təsisatların yaradılmasında qanunvericilik
bazasının hazırlanmasına həddən artıq fikir verib, lakin qəbul olunan
qanunları kimlərin hansı siyasi şəraitdə yerinə yetirəcəyini nəzərə
almayıb. Hüquqi dövlət sistemi çərçivəsində fəaliyyət göstərən Qərb
insanı qanunlara sözsüz əməl etməsi ilə fərqlənirsə, Azərbaycan
kimi ölkələrdə qanun hamı üçün olmadığından qanundankənar fəaliyyət
də şəxsiyyətin güc və prestij atributu kimi anlaşılır. Burada hüquqi
dövlət və demokratik dövlət anlayışlarına fəlsəfi baxış məsələsinə
toxunmaq zərurəti meydana çıxır.
Birinci hansıdır: hüquqi dövlət, yoxsa demokratik
dövlət?
Hakimiyyətin budaqlara bölünməsi haqda klassik nəzəriyyəyə
qayıdaq. Qeyd etdik ki, tarixən demokratik dövlətin meydana gəlməsində
ilk mərhələ qanunverici hakimiyyətin icraedicidən aralanması və
əlahiddə və funksional bir quruma çevrilməsi olub. Yalnız bundan
sonra qanunverici hakimiyyətlə icraedici hakimiyyət arasında gedən
siyasi mübarizə zəminində arbitr qismində çıxış etməli olan müstəqil
məhkəmə hakimiyyətinə ehtiyac yaranıb. Azərbaycanın yeni tarixinə
baxışlardan birində deyilir ki, bizdə də dövlət hakimiyyətinin budaqlara
bölgüsü prosesi məhz bu ardıcıllıqla getməlidir. Əgər belə olarsa,
hakimiyyət bölgüsü prinsipinin 15-20 il ərzində dəyişməz qalması
məhkəmə hakimiyyətini bütün hakimiyyətlər arasında ön mövqelərə
çıxara bilər. Xülasə etsək, həmin baxışlara görə, müstəqil məhkəmə
hakimiyyətinin formalaşması üçün ilk növbədə parlament hakimiyyəti
müstəqil olmalıdır.
Lakin 6 noyabra qədərki və ondan sonrakı proseslər
sözügedən baxışda ziddiyyətlərin mövcudluğunu çılpaqlığı ilə üzə
çıxardı. Məlum oldu ki, Azərbaycanda demokratik inkişaf strategiyası
düzgün götürülmədiyi üçün azad, ədalətli və şəffaf seçkilər yolu
ilə seçilməli olan parlament müstəqil məhkəmə sisteminin yaranmasına
kafi və ya zəruri şərt olmaqdansa siyasi hakimiyyətin bu iki qanadı
arasında əks asılılıq hökm sürür. Məhkəmələrin müstəqilliyi prinsipi
törəmə səciyyə daşımaqdan çıxaraq de-fakto parlament seçkilərində
yaranmış mübahisələrin həlli üçün əsas, mütləq və ana şərt rolu
oynamağa iddia edir. Diqqət yetirdikdə görə bilərik ki, 6 noyabr
seçkiləri prosesində Apellyasiya Məhkəməsi saxtakarlıqlara hüquqi
don geydirən başlıca məhkəmə instansiyası kimi siyasi məsuliyyəti
MSK, habelə məntəqə və dairə seçki komissiyaları ilə yarı-yarıya
bölüşdürüb. Konstitusiya Məhkəməsi isə məntəqə, dairə və mərkəzi
seçki komissiyaları, polis və yerli icra hakimiyyəti orqanlarından
ibarət saxtakarlıq zəncirində son və həlledici həlqə rolunu oynayıb.
Beləliklə, parlament müstəqil məhkəmə sisteminin qərarlaşması üçün
fundamental zəmin yaratmalı olduğu halda Qərbin iştirakı ilə keçirilmiş
yarımçıq islahatlar nəticəsində formalaşmış məhkəmə sistemi Azərbaycan
Milli Məclisinin normal demokratik əsasda seçilməsinin qarşısını
alan təsisatlardan birinə və başlıcasına çevrilib. Bu isə hüquqi
və demokratik dövlət anlayışları ilə əlaqədar politoloji fikirdə
çoxdan gedən mübahisələri daha da qızışdıracaq arqumentlərdəndir.
Əlbəttə, demokratiya hüquqla müqayisədə daha populyar,
sadə, anlaşıqlı və xüsusi hazırlıq tələb etməyən anlayış olduğu
üçün kütləvi şüurda daha möhkəm və öncəlikli yer tutur. Odur ki,
həm obıvatel kütlə mitinq və yürüşlərə demokratiya şüarları ilə
çıxır, həm hakim elita Qərblə, beynəlxalq ictimaiyyətlə münasibətdə
demokratik atributlarla imitasiya edir, həm də beynəlxalq güclər
Azərbaycanda hakimiyyət uğrunda gedən mübarizənin sırf demokratik
qaydalar əsasında aparılmasını tələb edirlər.
Siyasi mübarizənin demokratik üsullarla aparılması
şərti özündə hansı elementləri ehtiva edir? Misal kimi 6 noyabr
seçkilərini götürək. Qələbə çaldığı dairələrdə nəticələrin saxtalaşdırılmasına
etiraz edən müxalifətin ixtiyarında hansı vasitələr var? Dinc etiraz
aksiyalarına çıxmaq? Əgər insanların sərbəst toplaşma azadlıqları
qanunun gücü ilə məhdudlaşdırılırsa, onda necə? Əgər oturaq aksiyalara
başlamaq haqda qərarın özü belə az qala dövlət çevrilişinə cəhd
səviyyəsində tövsif edilirsə, onda necə? Apellyasiya Məhkəməsinə
müraciət etmək, məsələnin hüquqi həllinə çalışmaqmı? Bəs əgər məhkəmə
instansiyası təqdim olunmuş sənədləri yalnız və yalnız siyasi mülahizələrlə
rədd edirsə, onda necə olsun? Ortada yalnız Avropa İnsan Hüquqları
Məhkəməsinə müraciət etmək yolu qalır ki, bu da yetərincə şübhə
doğuran bir perspektivdir.
Belə çıxır ki, Azərbaycanda demokratik siyasi mübarizə
üçün imkanlar yox dərəcəsindədir. Lakin hər bir Qərb hüquqşünasının
gəncliyindən bildiyi bir həqiqət də var ki, əgər insanların hər
hansı cinayət əməli törətməsini məhkəmələr deyil, məmurlar müəyyənləşdirirsə,
məhkəmələr isə məmurların daha çox siyasi və korporativ mülahizələrlə
çıxardıqları verdiktləri yalnız hüquqi cəhətdən əsaslandırmaqla
məşğul olursa, bir hökumətin zamanında həbsxana və düşərgələrdə
boşalmış yerlər o biri hökumətin zamanında müxalif qüvvələr hesabına
doldurulacaq. Problem ondadır ki, güclü dövlət hakimiyyətini bərpa
edib bununla paralel güclü demokratik sistem formalaşdırmayanda
yalnız bir nəticəyə - bürokratik aparatın mütləq və inhisarlaşmış
hakimiyyət qazanmasına nail olmaq mümkündür, vəssalam!
Göründüyü kimi, hüquqi dövlətin yaradılması nə qədər
spesifik və qeyri-populyar səslənsə də, demokratik təsisatlara münasibətdə
birincili əhəmiyyət kəsb edir. Üçüncü hakimiyyətin gücləndirilməsi
islahatların ən böyük problemi kimi meydana çıxır. Məhkəmələr müstəqillik
xətti üzrə güclənməli, icraedici və qanunverici hakimiyyətlərdən
asılılıq vəziyyətindən çıxmalıdır. İkinci bir tərəfdən, hakimlər
kadr (təyinolunma, kənarlaşdırılma, karyera) və maddi təchizat baxımından
müstəqilləşməlidir. Aydın məsələdir ki, bu istiqamətlərdə asılılıq
aradan götürülməyincə demokratik dövlət mexanizmi işləməyəcək.
Təyinatdan seçkiyə
Məhkəmə hakimiyyətinin müstəqil olması üçün məhkəmələrin
seçkili orqan olması əsasdır. Hakimlərin hamısı olmasa da, Konstitusiya
Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsinin hakimlərini ya
parlament, ya da ictimaiyyət seçməlidir. Deməli, məhkəmə hakimiyyəti
ilkin mərhələdə birmənalı şəkildə seçkili orqan olmalıdır. Məhkəmə
hakimiyyəti tam formalaşdıqdan və müstəqil olduqdan sonra isə hakimlərin
seçkili və ya təyinatlı olması öz əhəmiyyətini itirəcək. İlkin olan
məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsidir və bu da
daha çox ölkədə siyasi proseslərin hansı istiqamətə yönəlməsindən
asılıdır. Belə ki, Azərbaycanda hakimlərin statusu, məhkəmə hakimiyyətinin
səlahiyyət çərçivəsi, məhkəmə qərarlarının icrası və s. kimi məsələlər
hələ də legitim, ictimai razılıq doğuran bir tərzdə həllini tapmayıb.
Söhbət ondan gedir ki, ötən müddətdə atılmış bütün addımlara baxmayaraq,
Azərbaycanda məhkəmənin müstəqilliyini təmin edəcək qanunverici
baza belə yaradılmayıb.
Məsələn, ABŞ-da hakimlərin müstəqilliyi məsələsi konstitusiyaya
salınıb. ABŞ-da müstəqil məhkəmə hakimiyyəti bir neçə anlaşıqlı
prinsip üzrə həyata keçirilir: məhkəmə hakimiyyətinin öz-özünə müstəqil
rəhbərlik etməsi; pozuntulara yol vermiş hakimlərin inzibati məsuliyyətə
cəlb edilməsi; məhkəmə qərarlarının icrasının qeyd-şərtsiz təmin
edilməsi və s. Bütün bu komponentlər məhkəmə hakimiyyətinin müstəqilliyini
şərtləndirir. Başqa sözlə, həmin prinsiplər istər cəmiyyət, istər
hakimiyyətin digər budaqları, istərsə də məhkəmə subyektlərinin
özləri üçün vacib olan bir çox məsələlərə aydınlıq gətirir. Hakimiyyətin
o biri budaqlarında qəbul olunmuş qərarları nəzərdən keçirmək, hüquqi
cəhətdən obyektiv qiymətləndirmək və yeri gəldikdə ləğv etmək məqsədilə
hakimlərə hansı səlahiyyətlər verilib? Əgər hakimlərin təyinatı
və onların əməyinin ödənilməsini icra hakimiyyəti aparırsa, onlar
müstəqil ola bilərlərmi? Hakimləri siyasi təsir və təzyiqlərdən
müdafiə etmək mümkündürmü?
Amerika təcrübəsi
Məhkəmə hakimiyyətinə mücərrəd və subyektsiz bir sistem
kimi baxmaq təcrübəsindən imtina edilməlidir. Ən aktual məsələ,
zənnimizcə, hakimlərin lazımi hüquq və azadlıqlarla təminatıdır.
Bu baxımdan ABŞ məhkəmə sistemi Azərbaycan üçün ideal örnək ola
bilər. Amerika Konstitusiyasının 3-cü maddəsində deyilir: «Federal
hakimlər öz vəzifələrində o vaxtadək qalırlar ki, onlar özlərini
qüsursuz aparırlar», «öz xidmətlərinə görə muzd alırlar və bu əməkhaqqı
hakim vəzifədə olduqları müddətdə azaldıla bilməz». Bu müddəa faktiki
olaraq ABŞ prezidentinin və Konqresinin hakimlərə təzyiq imkanlarını
aşağı salır. Belə ki, konstitusiya hakimlərə onların vəzifələrindən
kənarlaşdırılacağı və ya maaşlarının azaldılacağı təhdidi ilə təzyiq
göstərilməsinə imkan vermir.
Azərbaycanda da məhkəmə hakimiyyətinin müstəqilliyi
hər şeydən öncə maddi və maliyyə müstəqilliyi baxımından təmin edilməlidir.
Dövlət hakimlərə yüksək maaş təyin etməli və onu tam həcmdə ödəməlidir.
Ölkədə hər dəfə maaş artımı baş verdikdə bu, ilk növbədə hakimlərə
şamil edilməlidir. Bununla bağlı müvafiq müddəalar konstitusiyaya
salınmalı, qanunlara dəyişiklik edilməlidir. «Bizim Amerika demokratiyasına
çatmağımız üçün ən azı bir əsr vaxt lazımdır» düşüncəsi ilə yaşayanlar
bunu da yaddan çıxarmamalıdırlar ki, ABŞ-da hakimlərin öz vəzifələrinə
ömürlük seçilməsi prinsipi «qüsursuz fəaliyyət» məhdudiyyəti ilə
tarazlaşdırılır. Həmin məhdudiyyət məhkəmə hakimləri ilə birlikdə
federal hakimiyyət orqanlarının başqa vəzifəli şəxslərinə də aid
olunur və Konqresin tətbiq etdiyi impiçment prosedurunu nəzərdə
tutur.
İmpiçment kifayət qədər mürəkkəb bir prosedur olsa
da, belə düşünmək olmaz ki, hakimlərin fəaliyyəti cəmiyyətin, Konqresin
və digər ədliyyə orqanlaırnın nəzarətindən kənarda qalır. Əvvəla,
hakimlərə konstitusiya ilə verilmiş çox yüksək status və səlahiyyətlər
onları öz fəaliyyətlərinə daim məsuliyyətlə yanaşmağa vadar edir.
İkinci tərəfdən, 1973-cü ildə Amerika hakimlərinin davranış kodeksi
qəbul olunub ki, bu sənəddə də onların fəaliyyətinin ən başlıca
prinsipləri göstərilib. Üçüncü və ən başlıca amil isə bundan ibarətdir
ki, ABŞ-da istənilən vətəndaş istənilən federal hakimin öz vəzifəsinin
öhdəsindən gəlməməsi haqda şikayət verə bilər. 1990-cı ildə məhkəmə
sədrlərinə hakimlər haqda hətta şikayət edilmədən ifşaedici məlumatlar
əsasında xidməti araşdırmaya başlamaq hüququ verilib. Lakin sədr
həmin araşdırmanı özü apara bilməz, bunun üçün xüsusi komissiya
yaradılmalı, ABŞ Dairə Hakimləri Şurasına yazılı hesabat göndərilməli,
şura da əlavə təhqiqata başlamalıdır. Əgər araşdırmalar zamanı alınmış
şikayət və ya məlumatlar təsdiqlənərsə, Şura hakimdən təqaüdə çıxmasını
tələb etmək və ya onu məhkəmə proseslərinə buraxmamaq, məsələni
ictimaiyyətin müzakirəsinə vermək haqda qərar çıxarmaq səlahiyyətini
özündə saxlayır, lakin hər bir halda hakimin vəzifəsindən kənarlaşdırılması
üçün mütləq impiçment proseduru keçirilməlidir. Göründüyü kimi,
bütün mexanizm bir tərəfdən hakimlərin tam müstəqilliyinə, digər
tərəfdən isə məhkəmə hakimiyyətinin özünütənzimləmə yolu ilə kənar
təzyiqlərdən qorunmasına yönəlib. Həmin mexanizmi isə bir-biri ilə
qarşılıqlı əlaqədə fəaliyyət göstərən 3 müxtəlif məhkəmə təsisatı
hərəkətə gətirir.
Bunun birincisi ABŞ Məhkəmə Şurasıdır. Məhkəmə Şurası
məhkəmə hakimiyyətinin milli orqanıdır və ABŞ-dakı bütün məhkəmələrin
inzibati idarəetmə işinə rəhbərlik edir. Məhkəmə Şurasının ən başlıca
funksiyası məhkəmə prosedurlarının qaydalarını müəyyən etməkdən
ibarətdir. Həmin normaları mülki hüquq, cinayət hüququ, apellyasiya
və müflisləşmə (bankrot) qanunvericiliyi, habelə dəlillər gətirilməsi
məsələləri üzrə ixtisaslaşmış məsləhət komitələri hazırlayır. Sadalanan
komitələr ədliyyə prosesinin geniş dairəsinə daxil olan şəxslərdən,
o cümlədən hakimlərdən, Ədliyyə Nazirliyi əməkdaşlarından, hüquq
nəzəriyyəçilərindən, vəkil kollegiyalarının üzvlərindən təşkil olunur.
Onlar hazırlanan normaları ictimaiyyətin müzakirəsinə çıxarır, sonra
isə Təcrübi Prosedur Normalar üzrə Daimi Komitəyə təqdim edirlər.
Öz növbəsində komitə də yeni normaları Məhkəmə Şurasına göndərir.
Məhkəmə Şurasında bəyənilən normalar təsdiqlənmək üçün Ali Məhkəməyə
təqdim olunur. Lakin Ali Məhkəmənin təsdiq etməsi də hər hansı hüquqi
normanın qüvvəyə minməsi üçün əsas deyil, son söz hüququ burada
da Konqresə aiddir.
ABŞ-da məhkəmə hakimiyyətinin müstəqilliyini təmin
edən digər bir qurum 1939-cu ildə Konqresin yaratdığı İnzibati Məhkəmə
İdarəsi və onun yerlərdəki orqanları sayılan dairə məhkəmə şuralarıdır.
İnzibati idarə məhkəmə hakimiyyəti idarəçiliyinin mərkəzləşdirilməsi,
dairə şuraları isə yerlərdə hakimlər üzərində nəzarət məsələləri
ilə məşğul olur. İnzibati idarə məhkəmələrin kadr, büdcə, təsərrüfat
və digər məsələlərinə baxır. Burada fəaliyyət göstərən şəxslər Məhkəmə
Şurasının nəzarəti altında işləyirlər. Dairə məhkəmə şuraları proseslərin
planlarını tərtib edir, məhkəmə hakimiyyəti budağında intizam məsələləri
üçün məsuliyyət daşıyırlar.
Məhkəmə hakimiyyətinin daha bir müstəqil və mərkəzləşdirilmiş
təsisatı Federal Məhkəmə Mərkəzidir. Konqresin 1967-ci ildə yaratdğı
bu orqan Ali Məhkəmənin sədrinin rəhbərlik etdiyi 6 tanınmış hakimdən
ibarətdir. Həmin 6 hakimi Məhkəmə Şurası və İnzibati idarənin direktoru
seçir. Federal mərkəz məhkəmə sistemində idarəçilik sahəsində araşdırmalar
aparılmasına, federal hakimlər üçün yeni maarifçilik proqramlarının
həyata keçirilməsinə cavabdehdir.
Məhkəmələrin müstəqilliyinin və ən əsası isə effektivliyinin
təminatı üçün nə qədər mərkəzi və yerli idarəçilik orqanları olsa
da, ABŞ ədliyyə sisteminin ən mühüm amili hakimlərin özünənəzarət
mexanizmidir. Heç bir şura, heç bir komissiya, heç bir orqan hakimi
izafi problemlərdən sığortalaya bilməz, əgər onun özü prosesə çıxmazdan
qabaq vəziyyəti doğru-duzgün qiymətləndirməyi bacara bilməsə. Məhz
hakim özü nəzarət etməlidir ki, ona ziyan gətirəcək işlərə baxmaqdan
çəkinsin. ABŞ Konqresi hakimlər üzərinə belə bir öhdəlik qoyur ki,
onun obyektivliyi şübhə altına düşə biləcək işlərə baxmaqdan imtina
etsin. Bu o deməkdir ki, hakimlər prosesə başlamadan müəyyən etməlidirlər:
baxılacaq işdə onların özlərinin və ya ailə üzvlərinin hər hansı
maddi marağı mövcuddur, yoxsa yox. Baxılacaq işlə birbaşa və ya
dolayısı yolla hər hansı əlaqəsi olan hakim bəri başdan namizədliyini
geri götürməlidir.
Amerika məhkəmə hakimiyyətinin özülündə Corc Vaşinqtonun
aşağıdakı fikirləri dayanır: «Ədalətin qələbə çalması istənilən
yaxşı hakimiyyətin ən etibarlı təməlidir». Amma aydındır ki, ədalət
prinsipinin cəmiyyətin böyük əksəriyyətində etimadla qarşılanması
üçün hakimlərin öz hökmlərini qanun əsasında çıxarmaları və buna
vətəndaşların əmin olmaları lazımdır. Əgər hakimlər öz şəxsi mülahizələri
əsasında və ya nüfuzlu siyasi strukturların təzyiqləri altında qərarlar
çıxarırlarsa, nə qanunçuluq möhkəmlənəcək, nə də sabitlik sonadək
bərqərar olacaq. Deməli, məhkəmə sisteminin sosial funksiyası məhkəmə
hakimiyyətinin müstəqilliyi ilə birbaşa dialektik asılılıqdadır.
Nəticə
Azərbaycana gəlincə, burada problemin kökü oradan
başlamır ki, məhkəmə hakimiyyətinin ayrı-ayrı instansiyaları öz
aralarında əlaqəsiz fəaliyyət göstərirlər və s. Ondadır ki, məhkəmə
hakimiyyəti ilə bağlı təşkilati, büdcə, kadr və digər məsələlər
əsasən icra hakimiyyətinin göstərişi ilə edilir. Yəni vahid sistem
yoxdur.
Deyilənləri ümumiləşdirsək, qeyd etməliyik ki,
Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin birinci mərhələsi
qanunverici orqanın icra hakimiyyətinin nəzarətindən çıxmasından
başlayır.
İkinci mərhələ qanunverici orqanın dəstəyi ilə
məhkəmə hakimiyyətinin müstəqilləşməsidir.
Üçüncü mərhələdə isə məhkəmə hakimiyyəti təşkilatlanmalı
və özü-özünü idarə etməlidir.
Yalnız bu üç mərhələ keçildikdən sonra Azərbaycanda
normal məhkəmə sistemi olacaq.
|