Rusiya
dilemması
Narıncı inqilab və sistem transformasiyası
baş verməsə, «1917-ci il» olacaq
|
 |
| Oleq Maslov
Aleksandr Prudnik |
Rusiya saytlarının birindən götürdüyümüz
bu yazının müəllifləri sosiologiya və siyasi analitika sahəsinin
mütəxəssisləridir. Ukrayna, Gürcüstan və Qırğızıstan olayları haqda
yazılanları təhlil edən müəlliflər bu qənaətə gəlirlər ki, məxməri
inqilab adı altında ümumiləşdirilən hədisələrin bütöv bir sistemini
qurmaq hələ ki, qeyri-mümkündür. Bu səbəbdən, onların fikrincə,
hər şeydən əvvəl gələcək Rusiya məxməri inqilabının qələbəsini şərtləndirən
amillər müəyyənləşdirilməlidir.
«Narıncı bədbinlər» və «narıncı nikbinlər»
Rusiyalı siyasət mütəxəssislərini şərti olaraq iki
qrupa - «narıncı bədbinlər» və «narıncı nikbinlər»ə bölmək olar.
«Narıncı bədbinlər»in fikrincə, Rusiyada Ukraynadakı, Gürcüstandakı
və Qırğızıstandakı hadisələr təkrarlana bilməz. Onlar bir neçə tutarlı
dəlilə əsaslanırlar. Başlıcası Rusiyada belə problemlərin adətən
güc işlətməklə həll edilməsidir. Yəni inqilab təhlükəsi yaranarsa,
hakimiyyət 1993-cü ilin oktyabrında olduğu kimi onu elə beşikdəcə
boğmağa hazırdır.
«Narıncı nikbinlər» isə Rusiyada məxməri inqilabın
baş verəcəyinə əmindirlər. Üstəlik, onların fikrincə, Rusiyanın
konstruktiv müxalifəti qələbə çalmaqçün heç bir iş görməsə də olar
- nə lazımdırsa, hamısını hakimiyyət özü edəcək. «Narıncı nikbinlər»in
dediklərindən belə aydın olur ki, Rusiyada baş verəcək məxməri inqilabın
qələbə çalmasının yeddi əsas şərti var.
«Narıncı» qələbənin şərtləri
Rusiyada məxməri inqilabın qalib gəlməsi üçün ilk
iki şərti təxminən bu formatda ümumiləşdirmək olar:
- «hüquq məkanının» özəlliyi üzündən müxalifətin
demokratik seçkilər yoluyla ölkədə hakimiyyətə gəlməsinin qeyri-mümkünlüyü;
- hakimiyyətin seçkilərin nəticələrinin saxtalaşdırılması
işində real və virtual özbaşınalığı.
«Narıncı nikbinlər» həm Ukrayna, həm də Qırğızıstan
hadisələri zamanı rusiyalı rəsmilərin bəyanatlarında vəziyyətin
hüquq çərçivəsindən çıxmasına yol verilməməsi vacibliyinin əsas
leytmotiv olduğunu xüsusi qeyd edirlər. Belə təsəvvür yaranır ki,
«hüquq çərçivəsi» Rusiya hakimiyyəti üçün müqəddəsdir və bu çərçivədən
kənara ayaq qoymaq küfrdür. Rusiya federal hakimiyyətinin bu məsələyə
xüsusi diqqət ayrıması təsədüfi deyil. Hüquq məkanındakı düzəlişlər
(federasiya subyektləri rəhbərlərinin seçki yoluyla seçilməsi sisteminin,
seçici bülletenlərində «hamının əleyhinə» qrafasının ləğvi və s.)
müxalifətə ölkədə hakimiyyətə gəlməyə hətta nəzəri cəhətdən də şans
qoymur.
Rusiyada baş verəcək məxməri inqilabın qələbəsini
təmin edən digər vacib şərtlər bunlardır:
- ölkə rəhbərliyinin ABŞ liderləri ilə lazım olandan
da artıq dostluq münasibətləri;
- paytaxtda hakimiyyətin zəif olması;
- seçkilərdə hakim partiyanın və ya hakimiyyət
nümayəndəsinin qalib gəlməsi.
Hətta siyasətdən uzaq vətəndaşlar üçün də Gürcüstanın
keçmiş prezidenti Eduard Şevardnadzenin Amerika meylli və faktiki
olaraq antirus siyasəti yürütdüyü sirr deyil. ABŞ rəhbərliyi Ukraynanı
və Qırğızıstanı da şər üçbucağına aid etmirdi. Əsgər Akayev və Leonid
Kuçmanın prezidentlik müddətləri ərzində ABŞ-ın ünvanına güldən
ağır bir söz dedikləri də müşahidə olunmamışdı. Bu kontekstdə Rusiya
prezidenti Vladimir Putinin və ABŞ prezidenti Corc Buşun münasibətləri
hansı səviyyədədir? Siyasi mütəxəssislərin böyük əksəriyyətinin
fikrincə, iki ölkə prezidentinin münasibətləri yüksək dərəcədə qarşılıqlı
etimad üzərində qurulub və elə buna görə də Rusiyadakı mövcud vəziyyəti
inqilabqabağı sakitlik kimi qiymətləndirmək olar.
Məxməri inqilablar paytaxtdan başlayır. Ukraynada
narıncı inqilab Kiyev merinin müxalifəti dəstəkləməsindən sonra
reallaşdı. Federal hakimiyyətin Moskva meri Yuri Lujkovla münasibətləri
hamıya məlumdur və bu səbəbdən hakimiyyət dilemma qarşısında qalıb:
ya Lujkovu səlahiyyət müddəti bitməmiş istefaya göndərmək, ya da
2007-ci ili, mer seçkisini gözləmək. Federal hakimiyyətin atacağı
hər iki addım özündə müəyyən təhlükə daşıyır - birinci halda ölkə
paytaxtında siyasi vəziyyətin nəzarətdən çıxması prosesi tezləşə,
ikinci halda isə federal hakimiyyətin addımı zəiflik nümayişi kimi
qiymətləndirilə bilər. Buradan belə bir nəticə çıxarmaq olar ki,
mərkəzi hakimiyyətin paytaxtda zəif olması gələcəkdə baş verəcək
məxməri inqilabın uğur formulunu təşkil edir.
Məxməri inqilabın qələbəsini təmin edən ən paradoksal
şərtlərdən biri hakim partiyanın və ya hakimiyyətin namizədinin
seçkilərdə qalib gəlməsidir. Ukraynada Viktor Yanukoviçin qələbəsi,
Qırğızıstanda isə müxalifətin parlament seçkilərindəki kütləvi uğursuzluğu
məxməri inqilabın baş verməsi üçün lazımi şərait formalaşdırdı.
Kreml partiyasının qələbəsinin də «narıncılar»ın uğuruna şərait
yaradacağını ehtimal etmək olar.
Rusiyada baş verəcək narıncı inqilabın qələbə çalması
üçün vacib olan daha iki şərt bunlardır:
- hakimiyyətin narıncı inqilabın qələbə çalacağına
inanmaması;
- elitanın xəyanəti.
Üç ildən sonra artıq keçmiş prezident Putinin Rusiyada
baş vermiş narıncı inqilabın qələbəsinin onun üçün gözlənilməz olmadığını
bəyan etməsi bu gün nə dərəcədə inandırıcı görünür? Amma Qırğızıstan
hadisələrindən sonra o məhz buna oxşar bir bəyanat verdi. Hazırda
hakimiyyətin «narıncılar»ın qələbə çalacağına inanmamasına izah
tapmaq o qədər də çətin deyil. İlk növbədə bu inamsızlığı konstruktiv
müxalifətin parlaq liderinin olmaması ilə izah etmək mümkündür.
Hətta ölkədə ümumiyyətlə konstruktiv müxalifətin olmadığını deyənlər
də var. Ancaq hakimiyyətin bu mövqeyi «narıncılar»a sərf edir və
«hakimiyyətin əbədiliyi» düşüncəsi çərçivəsindən qırağa çıxmır.
Ukraynadakı, Gürcüstandakı, Qırğızıstandakı hadisələr göstərdi ki,
«hakimiyyətin əbədiliyi» düşüncəsi təkcə Rusiya hakimiyyət elitasının
səciyyəvi xüsusiyyət deyil.
Ukraynadakı narıncı inqilab elitanın xəyanət etməsi
ilə bağlı məsələni gündəmə gətirdi. Şübhəsiz, elitanın xəyanət etməsi
istənilən məxməri inqilabın qələbə çalması üçün ən vacib şərtlərdən
biridir. Rusiyada bu şərti artıq indidən çəkinmədən gələcək narıncı
inqilabın qələbə formuluna daxil etmək olar. Hazırkı federal hakimiyyət
elitası daimi sosial mimikriya şəraitində formalaşıb. «Yedinaya
Rossiya»nın federal və regional liderlərinin əksəriyyəti bu partiyaya
üzv olmamışdan əvvəl Çernomırdinin «Naş Dom Rossiya»” və liberal
yönlü «Soyuz Pravıx Sil»” təşkilatlarının sıralarında «gənc döyüşçü
kursu» keçmiş adaptantlardır. Federal hakimiyyət elitası təmsilçilərinin
əksəriyyəti üçün «narıncılar»ın bayrağı altına keçmək satqınlıq
yox, ağıl və təcrübəyə əsaslanan addım atmaq, batan gəmidən vaxtında
uzaqlaşmaq deməkdir. Buna görə də narıncı inqilab təşkilatçıları
elitanın hakimiyyətə xəyanət edəcəyindən arxayın ola bilərlər.
Neostalinçilər və «kor-alarmistlər»
Gələcəkdə Rusiyada baş verəcək narıncı inqilab rusiyalı
siyasi mütəxəssisləri cəmiyyəti «narıncı bədbinlər»ə və «narıncı
nikbinlər»ə bölməklə yanaşı həm də şərti olaraq neostalinçilər və
«kor-alarmistlər» adlandıracağımız iki fərqli düşərgə formalaşdırıb.
«Kor-alarmistlər» Rusiyada baş verəcək inqilabın narıncı
yox, qəhvəyi olacağından ehtiyatlanırlar. Hadisələrin məhz bu senari
üzrə inkişaf edəcəyi o qədər inandırıcı görünməsə də, artıq Mark
Urnov, Yuli Nisneviç kimi bir çox tanınmış rus ziyalısı «kor-alarmizm»in
bayrağı altına keçib. Qeyd etmək lazımdır ki, ictimai-siyasi vəziyyətin
təhlilinin «rəng qammasına» köçürülməsi bu təhlilin obyektiv yox,
siyasi prizmadan aparıldığından xəbər verir.
Əslində, neostalinçiləri Stalin irsinə pozitiv münasibət
bəsləyən rusiyalı mütəxəssislər qrupu adlandırmaq da olar. Bu qrupu
təmsil edənlərin böyük əksəriyyəti neostalinçi adlandırılmaqdan
inciməz. Amma maraq doğuran məsələ bu mütəxəssislərin özləri yox,
onların tutduqları movqedir. Neostalinçilərin əksəriyyəti indiki
hakimiyyəti gələcəkdə Rusiyada inqilab təhlükəsi yaranarsa, zor
tətbiq etməkdən çəkinməməyə çağırır.
Bəzi neostalinçilər hakimiyyəti təşkilatçılara qarşı
legitim zorakılıqdan istifadə etməklə inqilabın qarşısını almağa
səsləyirlər. Belə düşünənləri şərti olaraq «göyərçinlər» adlandırmaq
mümkündür. Neostalinçilərin cərgəsindəki «qırğılar» isə hakimiyyətdən
inqilabın «başını əzməyi» tələb edirlər. Onların fikrincə, qan tökmək
hakimiyyətin hüququ yox, müqəddəs vəzifəsidir. «Qırğılar» Qırğızıstandakı
inqilabın qarşısını almaq üçün o vaxt bir taqım avtomatçının xidmətindən
istifadə etməyin yetərli olduğu düşüncəsindədirlər.
Neostalinçilərin çağırışlarını öz problemlərinin həllini
dəmir əldə görən Rusiya vətəndaşlarının dəstəklədiyini də demək
lazımdır. Amma «kor-alarmistlər» kimi neostalinçilərin də mövqeyi
siyasiləşmiş olduğuna görə qeyri-obyektivdir.
Yalnız elitanın dəyişməsi
Ukraynada, Gürcüstanda və Qırğızıstanda baş verən
hadisələrin obyektiv təhlili bizə bu məxməri inqilabların postsovet
məkanında elitaların dəyişdirilməsi forması olduğunu deməyə əsas
verir. Mütəxəssislərin digər bütün dəyərləndirmələrini siyasiləşmiş
və qeyri-obyektiv saymaq olar. «Kor-alarmistlər» federal hakimiyyəti
gələcək narıncı inqilabın qarşısını almağa yönələn hərəkətlərin
ölkədəki ictimai-siyasi vəziyyəti idarəolunmaz həddə çatdıracağı
və faşist liderin meydana çıxması ilə nəticələnəcəyi haqda xəbərdar
edirlər. Onların Rusiyaya təhlükə yaradan qəhvəyi vəbanın fantom
obrazını yaratmaqla gələcək narıncı inqilabı müdafiə etmək cəhdləri
başa düşülən və izah olunandır. Bu məsələdə neostalinçilərin tutduğu
mövqeyə haqq qazandırmaq daha çətindir.
Rusiyada gələcəkdə baş verəcək narıncı inqilab yalnız
elitanın dəyişməsi olacaq. Bununla belə, hazırkı federal hakimiyyət
elitasının böyük bir hissəsi dəyişiklik baş verəcəyi təqdirdə öz
mövqelərini qoruyub saxlaya biləcək. Belə olan halda yaxın gələcəkdə
Rusiyanın irili-xırdalı yüzlərlə şəhərindən Moskvaya axışacaq gəncləri
qanına qəltan etmək nəyə lazımdır?
Postsovet məkanında baş verən məxməri inqilabların
təhlilindən sonra aydın olur ki, mütəxəssislərin əksəriyyəti bu
hadisələrin təsadüfiliyini, unikallığını sübut etməyə çalışır. Guya
məhz bu səbəbdən həm mütəxəssislər, həm də hakimiyyətdəkilər baş
verənləri düzgün dəyərləndirə və cavab addımlarının strategiyasını
hazırlaya bilməyiblər.
Amma məxməri inqilab mexanizmi işə düşən kimi həm
belə inqilabların baş verdiyi ölkələrdə, həm də Rusiyada hakimiyyətdə
olan elita öz mövqelərini qorumaq məqsədilə total müdafiə mexanizmi
yaratmaq yolunu seçdi. Bu cür mexanizm onlarla rəqabət aparan digər
elita qruplarına demokratik seçkilər vasitəsilə hakimiyyət dəyişikliyinə
nail olmaq şansı qoymur.
 |
Hakimiyyət piramidasının möhkəmləndirilməsi, qubernatorların
vəzifəyə təyin olunması, bütün seçkilərin bir gündə keçirilməsi,
qanunverici orqanların yalnız partiya siyahısı ilə formalaşdırılması
və indiki hakimiyyətin həyata keçirdiyi digər yeniliklər Rusiyada
məxməri inqilabı qaçılmaz edir. Çünki yalnız bu cür inqilab vasitəsilə
hakimiyyət elitasını dəyişdirmək mümkündür. Burada unikal heç nə
yoxdur. On illərdir ki, demokratik institutları inkişaf etməyən,
hakimiyyətin bir qrup adamın əlində cəmləşdiyi ölkələrdə məsələn,
Latın Amerikası ölkələrində bu mexanizm normal işləyir. Latın Amerikasında
hakim elitanı dəyişməyin başqa bir forması olan hərbi çevrilişlər
keçmişdə qalandan sonra bu mexanizm xüsusilə effektivdir. Latın
Amerikasında klassik məxməri inqilabın zaman etibarilə sonuncu nümunəsi
Ekvador hadisələridir.
İndiki Rusiya hakimiyyətinin seçdiyi siyasi sistem
islahatları strategiyası məxməri inqilabı daha da aktuallaşdırır.
Tam əminliklə demək olar ki, məxməri inqilab idxal olunan texnologiya,
xarici düşmən qüvvələrin təşkil etdiyi, mənbələri ölkə sərhədlərindən
uzaqda olan inqilab deyil. Məxməri inqilab hazırkı hakimiyyətin
qurduğu siyasi sistemin üzvi bir hissəsidir. Üfüqdə işartıları görünən
inqilab bu hakimiyyətin yürütdüyü siyasətin nəticəsidir. Elə bu
səbəbdən bu gün zor işlətməklə inqilabın qarşısını almağı tələb
edən şərhçilərin və siyasi texnoloqların çağırışları çox qəribə
görünür. Məhz bu siyasi texnoloqlar hakimiyyətin bir qrupun əlində
cəmlənməsinə gətirib çıxaran dəyişikliklərin ideoloqlarıdır və onlar
təklif etdikləri islahatların bugünki şəraiti formalaşdıracağı haqda
əvvəlcədən fikirləşməliydilər.
Postsovet məkanındakı ictimai həyatın get-gedə demokratiyadan
daha da uzaqlaşması bu regionda hakimiyyət elitasını dəyişməyin
yeganə yolu olan məxməri inqilabların baş verməsi ilə nəticələndi.
İndi bu, yeni reallıqdı.
Yeni «1917-ci il»
Federal hakimiyyət elitasının gözlənilən hadisələrdən
bərk qorxuya düşdüyü aydın görünür. Ancaq «Hakimiyyətə qarşı çıxmaq
ölkəni parçalamaq deməkdir» tezisinin tez-tez işlədilməsi Rusiya
vətəndaşlarının şüurunda heç bir reaksiya doğurmur. Xalq narıncı
inqilabdan qorxmur.
Yüksək vəzifəli məmurların bəzi açıqlamalarında hakimiyyətin
konstruktiv müxalifətə ötürülməsinin mümkünlüyü tez-tez vurğulanır.
Ancaq əslində hakimiyyəti ötürmək üçün bu cür müxalifət, demək olar
ki, yoxdur. Bütün Rusiya cəmiyyəti kimi konstruktiv müxalifət də
«zərərsizləşdirilib». Məhz bu hal mütəxəssislərin proqnozlarına
qeyri-müəyyənlik elementləri əlavə edir.
Rusiyada baş verəcək narıncı inqilab ölkə vətəndaşlarının
şüurunda mövcud olan klassik inqilab deyil. Üstəlik, narıncı inqilab
cəmiyyətin illərdir yığılan neqativ enerjisinin böyük bir hissəsini
zərərsizləşdirməyə və bununla da pozitiv ictimai gözləntilərin yeni
spektrini formalaşdırmağa qadirdir. Bu yolla narıncı inqilab yeni
klassik rus inqilabının qarşısını uzun bir müddətə kəsə bilər. Əgər
narıncı inqilabın arxasınca ölkə vətəndaşlarının həyatında müsbət
dəyişikliklərə gətirib çıxaracaq sistem transformasiyası prosesi
baş verməsə, yeni klassik inqilabı o qədər də çox gözləmək lazım
gəlməyəcək. Onda XXI əsrin də öz «1917-ci ili» olacaq. |