SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№10 (19) ---- 2005
MƏRUZƏ

Cənubi Qafqaz Avropa yolunda
Maneələrdən kələkbazlığa qədər

İvlian Haindrava

Gürcüstan parlamentinin deputatı, İnkişaf və Əməkdaşlıq Mərkəzi/Plüralizm Mərkəzinin Cənubi Qafqaz üzrə tədqiqatlar direktoru İvlian Haindrava bu məruzəni 2005-ci il noyabrın 3-5-də Yerevanda keçirilən «Avropa inteqrasiyası sahəsində beynəlxalq təcrübə və Ermənistanla qonşuluq siyasətinin bəzi aspektləri» adlı beynəlxalq konfransda edib.

Sentyabr ayında Ermənistan və Azərbaycandan olan dostlarımla birlikdə əvvəl Berlində, sonra Strasburqda Avropa siyasətçiləri ilə maraqlı söhbətlər apardıq. Türkiyənin Avropa Birliyi ilə danışıqlarının başlanma tarixi müəyyənləşən ərəfə olduğundan söhbət əsnasında bu məsələyə də toxunduq. Avroparlament üzvlərindən biri qeyri-rəsmi görüşümüzdə dedi ki, həmişə Türkiyənin AB-yə daxil edilməsi ideyasının tərəfdarı olub, amma insan hüquqlarının müdafiəsi, kürd və Kipr məsələləri, erməni soyqırımının tanınmaması ilə bağlı problemlər onu öz mövqeyini dəyişməyə məcbur edib. O, danışdıqca söhbətdə iştirak edən digər beş-altı həmkarı razılıqla başlarını tərpədirdilər. Yeri gəlmişkən, mən buna etiraz edib sadalanan problemlərin yeni olmadığını, Türkiyə ilə danışıqlara başlanılması vaxtının müəyyən edilməsi barədə qərar verilərkən də hamıya bəlli olduğunu bildirəndə də o adamlar başlarını razılıqla tərpətdilər. Əgər sonacan səmimi olmaq lazımdırsa, – konkret olaraq heç bir məsuliyyət tələb etməyən qeyri-rəsmi söhbətlərdə isə hətta siyasətçilər də yüksək səviyyədə səmimi ola bilərlər, – Türkiyənin AB-yə üzvlüyü problemi bir neçə ay bundan əvvəl, fransızlar və hollandlar Avropa Konstitusiyasına birmənalı şəkildə «yox»” dedikdən sonra kəskinləşib. Təsadüf elə gətirmişdi ki, Fransada keçirilən referendumun sabahı günü mən Berlindəydim və fransızların (daha sonra isə hollandların) Avropa Konstitusiyasına «yox»” demələrindən sonra yaranan çaşqınlığın dərhal AB-nin genişləndrilməsi prosesi ilə əlaqələndirildiyini yaxşı xatırlayıram.

Əlbəttə, Avropa Konstitusiyasının ratifikasiya edilməməsi problemini təkcə Türkiyənin AB-yə üzvlüyü məsələsi ilə bağlamaq bu problemi bağışlanılmaz dərəcədə sadələşdirmək demək olardı, amma fakt faktlığında qalır: bu gün Avropa Bırliyi elə bir həddə çatıb ki, sanki avropalılar öz siyasətçilərini «qısma-boğmaya”» salıb onlardan yeni reallıqlar barədə yaxşı-yaxşı düşünməyi, bütün lehinə və əleyhinə olan amilləri doğru-düzgün qiymətləndirməyi, yaxşı düşünülmüş və uzunmüddətli fəaliyyət proqramlarına malik olmağı və yalnız bundan sonra Avropa üçün taleyüklü qərarlar qəbul verməyi tələb edirlər. Türkiyə ilə danışıqlara başlamaq məsələsinin həllində Avstriyanın kəskin mövqeyi, mənə elə gəlir ki, avropalıların çoxunun (bəlkə də əksəriyyətinin) ürəyindən idi.

Avropanın Türkiyə timsalında nə qazanacağı (və yaxud nə itirəcəyi) barədə çox danışmaq olar, amma qoy bu barədə avropalı həmkarlarımızın özləri mühakimə yürütsünlər, məsələyə öz daxili baxışlarını açıqlasınlar. Mənə isə elə gəlir ki, təhqir olunmuş və qəzəblənmiş Türkiyə, – AB qapıları üzünə möhkəm bağlanarsa, o məhz bu vəziyyətdə olacaq, – Avropa üçün heç də ən yaxşı qonşu olmayacaq, hələ Qafqazı demirəm. Avropa siyasətçiləri qeyd edirlər ki, Türkiyənin AB-yə tamhüquqlu üzvlüyü məsələsinin həlli üçün 10-15, bəlkə də 20 il vaxt lazım olacaq. Bəlkə doğrudan da belə olacaq; bəlkə də hər şey daha sürətlə baş verəcək, çünki siyasi reallıqların sürətlə dəyişdiyi və standartların yumşalmasına meylli olan indiki əsrdə bu yaxınlaradək bizə ağlasığmaz görünən bir çox hadisələr baş verib. Bir neçə ildən sonra AB-yə qəbul ediləcəkləri heç bir şübhə doğurmayan Bolqarıstan və Rumıniya AB-ni Türkiyəyə (yeri gəlmişkən, elə Cənubi Qafqaza da) o qədər yaxınlaşdırıb ki, – özü də təkcə coğrafi mənada yox, – həm bizim regionda, həm də bütünlüklə Avropada yeni reallıqlardan danışmaq olar və danışmaq da lazımdır. Amma hər halda, AB-yə tamhüquqlu üzv olmaq üçün heç olmasa minimal tələblər həddini qoruyub saxlamaq, özü də həm birləşmiş Avropanın, həm də ona can atan olkələr və xalqların maraqları naminə qoruyub saxlamaq lazımdır.

NATO və AB-nin Qərb sərhədlərinə çox yaxınlaşması səbəbindən acı həb udmuş kimi görünən Rusiya cənub istiqamətlərində öz mövqelərini heç də əldən verməyə tələsmir. Digər tərəfdən, onun bu regionda, ilk növbədə mövcud münaqişələr baxımından, sabitliyi poza bilmək imkanları daha genişdir.

Rusiya öz imkanları daxilində bir tərəfdən ABŞ və AB arasındakı ziddiyyətlərdən, eləcə də AB daxilindəki ziddiyyətlərdən yararlanmağa çalışır, digər tərəfdən isə öz xarici siyasətinin Çin və Hindistan istiqamətini aktivləşdirir. Artıq bu sahədə yeni tipli hərbi tərkib yaranmaqdadır (Rusiya onlara əvvəl də silah satırdı, amma birgə hərbi manevrlər nəsə yeni bir şeydir). Son illər ərzində Avropanın Rusiya karbohidrogenlərindən asılılığı artıb və Şimal dənizinin Britaniya, sonra isə Norveç sektorlaındakı ehtiyatlar tükəndikcə bu asılılıq daha da arta bilər. Rusiyanın cənub istiqamətində (yəni bizim istiqamətdə) İranla nüvə texnologiyası sahəsində əməkdaşlığının yeni detalları üzə çıxdıqca bu tərəfdaşlıq daha ciddi əndişələr doğurur. Bu səbəbdən də Rusiyanın Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiyasını sakitcə izləyəcəyini güman etmək sadəlövlük olardı. 2008-ci ilədək Rusiyanın öz hərbi bazalarını Gürcüstan ərazisindən tam şəkildə çıxarmasına dair razılaşma da bizi çaş-baş salmamalıdır: 1999-cu ildə ATƏT-in İstanbul sammitində qəbul edilən ilkin qərarın üstündən altı il keçib, qalan üç ilin də nə qədər uzanacağını dəqiq demək çox çətindir. Bundan əlavə, Rusiyanın Ermənistanda və Azərbaycanda (Qəbələ RLS-i) hərbi mövcudluğu uzun müddətə leqallaşdırılıb, Gürcüstanda isə Rusiya sülhməramlılıarı hələ də qalmaqdadır. Bakı-Tbilisi-Ceyhan marşurutu ilə fasiləsiz neft axıdılması da (xüsusilə də Qazaxıstan nefti də ona «töküləcəyi”» təqdirdə) Rusiyanın maraqlarına daxil deyil.

Cənubi Qafqazın Avropaya inteqrasiyası prosesində böyük əhəmiyyət kəsb edən faktorlardan biri də məlum inqilabdan sonra Ukraynadır. «Qızılgül” inqilab»ı Qərbin marağını Gürcüstana və bütövlükdə Cənubi Qafqaz regionuna stimullaşdırdığı kimi «narıncı” inqilab» da diqqəti Ukraynaya cəlb edib. Gürcüstanda inqilabı kiminsə xaricdən «satın alması»” və yaxud Ukraynada kənardan inqilab təşkil olunması barədə bütün spekulyasiyaları kökündən rədd etsəm də, deməliyəm ki, inqilab dövründə Gürcüstanda AB-nin deyil, ABŞ-ın varlığı hiss olunurdusa, Ukrayna inqilabında məhz AB önə çıxmışdı. Əslində bu, çox yaxşıdır. Yaxşıdır ona görə ki, Avropa ölkələrinin işləri ilə, – onlar hələ AB-nin üzvləri olmasalar da, – ilk növbədə AB məşğul olmalıdır.

Tükiyənin Avropaya aid olub-olmaması ilə bağlı dedi-qoduları tam əssasız saymaq mümkün olmasa da, Ukrayna barədə belə şeylər söyləməyə heç bir əsas yoxdur. Ukraynanın AB-yə üzvlüyü məsələsi zaman məsələsidir və eyni zamanda bu ölkənin siyasi elitasının və vətəndaşlarının Ukraynanın modernləşməsini lazımi tempdə həyata keçirmək qabiliyyətindən asılıdır. «Avropalaşma»sını” deyil, məhz modernləşməsini. Ukraynanın xüsusi çəkisi xeyli yüksəkdir, ancaq məsuliyyəti də xeyli ağırdır: GUAM (yaxud Qara Dəniz Hövzəsi Ölkələri Təşkilatı) yalnız o halda işlək olacaq ki, Ukrayna güclü və demokratik ölkəyə çevrilə biləcək; əgər AB öz qapılarını Ukraynaya açsa, bizim də ona üzv ola bilmək şansımız xeyli artacaq.

Bundan sonra bizim region – üç Cənubi Qafqaz ölkəsi gəlir və burda aydınlaşdırılması vacib olan məsələlər var. İlk növbədə bu suala cavab verilməlidir ki, belə bir region varmı? Bu sual heç də mənasız sual deyil, çünki AB bizi bir region kimi görməyi çox istəyir və kompleks yanaşmadan çıxış edir: axı Avropanın Ermənistan, Azərbaycan və Gürcüstan üçün qonşuluq siyasəti eyni anda qüvvəyə minib, bu siyasət çərçivəsində bizim fəaliyyət proqramlarımızın müzakirəsi isə Azərbaycan aviaşirkətinin Şimali Kiprə reysindən sonra sinxron şəkildə təxirə salınıb. Əlbəttə, coğrafi baxımdan belə bir region danılmazdır, amma digər şərtlər baxımından... Burda hər hansı bir təfərrüata varmadan qeyd edim ki, ermənilərin, azərbaycanlıların və gürcülərin öz kimliklərini müəyyənləşdirmələri heç də birmənalı deyil və avropalılarınkı ilə eyni məna daşımır. Ermənistanda xarici siyasət, yəni milli təhlükəsizliyin təmin edilməsi sahəsindəki siyasət komplementarlıq əsasda qurulur ki, bu da öz təzahürünü bir tərəfdən NATO və AB proqramlarında öz iştirakını intensivləşdirməkdə, digər tərəfdən isə Kollektiv Təhlühəsizlik Müqaviləsi və MDB çərçivəsində ikitərəfli və çoxtərəfli müqavilə bazasını möhkəmləndirməkdə biruzə verir. Azərbaycan və Gürcüstan Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxıblar, MDB-də qalırlar, GUAM-da iştirak edirlər, NATO-ya daxil olmaq istəyirlər və AB üzvlüyünə münasibətdə, kifayət qədər olmasa da, birmənalı siqnallar verirlər.

Azərbaycanın Qərblə qarşılıqlı münasibətlərində, xüsusilə də demokratik standartların bərqərar olması baxımından öz çətinlikləri var. Bazar günü Azərbaycanda keçiriləcək seçkilərin Vaşinqton və Brüssel tərəfindən necə qiymətləndiriləcəyindən asılı olmayaraq, bu seçkilər çətin ki, bizim qonşumuzu Avropaya yaxınlaşdırsın.

Cənubi Qafqaz ölkələrindən AB-yə doğru verilən siqnalların kifayət qədər aydın olmamasından danışarkən etiraf etmək lazımdır ki, regiona tuşlanan «avrosiqnallar”» da öz aydınlığı, bəzən isə sadəcə öz inandırıcılığı ilə o qədər də fərqlənmir. Cənubi Qafqaz ölkələrinin Avropayla Qonşuluq Siyasətinə daxil edilməsi lap əvvəldən cavabdan çox xeyli sual doğururdu. Ondan başlayaq ki, 2003-cü ilin yazında Cənubi Qafqaz ümumiyyətlə yada düşməmişdi. Sonra, sanki birdən xatırlayıblarmış kimi, nəsə bir «kompensasiya”» şəklində AB bizim üçün xüsusi nümayəndə təyin etdi, amma bu nümayəndənin iki il ərzindəki fəaliyyətinin hər hansı bir konkret izini üzə çıxarmaq, ən azı mənə, müyəssər olmayıb. Növbəti, 2004-cü ildə, bəlkə də «qızılgül” inqilabı»na bir reaksiya kimi bu siyasət axır ki, Gürcüstana, Azərbaycana və Ermənistana da şamil edildi. Ancaq əsas sual – Avropa bu siyasətlə öz qapılarını Cənubi Qafqazın üzünə bağlayıb, yoxsa açıb sualı hələ də, xüsusilə də Avropa Konstitutsiyası iflasa uğrayandan sonra öz qüvvəsini qoruyub saxlayır.

Bizim Avropaya doğru göndərdiyimiz siqnalların kifayət qədər israrlı və inandırıcı olmaması fikrinə mənim heç bir etirazım yoxdur. Gürcüstan AB-yə can atır, ancaq eyni zamanda nədənsə ilk növbədə ABŞ-a ümid bağlayır. Bu cür, hətta özünə inamsızlıq deyil, üçüncü tərəfə əminlik ya siyasi naşılıqla (axı AB heç də NATO deyil), ya da yuxarıda adı çəkilən cəhdin kifayət qədər səmimi olmaması ilə izah edilə bilər. Ermənistan sanki AB-yə daxil olmaq istəyir, amma eyni zamanda Rusiyanın hətta adi bir çəp baxışından belə çəkinir. Rusiyanın çəp baxışından qorxa-qorxa AB-yə düşməyin nə qədər real olması barədə isə qoy erməni həmkarlarımızın özləri düşünsünlər. Azərbaycan isə qabaqcadan öz neftini Türkiyəyə axıtmaqla, görünür, birləşmiş Avropa yolunda bu ölkənin onu öz arxasınca sürüyəcəyinə ümid bağlayır. Bir sözlə, elə görünür ki, Cənubi Qafqaz ölkələrinin mövcud hakmiyyətləri əlbir şəkildə, amma ayrı-ayrılıqda qoca Avropaya kələk gəlmək, Avropa standartlarına minimal yaxınlaşma əvəzində ondan maksimum böyük həcmdə yardım qoparmaq niyyətindədirlər. Son nəticədə isə özlərini, yaxud bundan da pis, öz xalqlarını aldadırlar.

Avropaya inteqrasiya sahəsində uğur qazanmaq üçün isə, əlbəttə, əgər məqsəd sadəcə inteqrasiya oyunu oynamaq deyilsə, digər şərtlərlə yanaşı özünü yalnız istehlakçı kimi göstərməyə son qoymalı, payçı, kontribütor kimi oz obrazını və səciyyəvi xüsusiyyətlərini inandırıcı şəkildə meydana çıxarmalısan. Terrorçular üçün, müxtəlif növ silahların, narkotik maddələrin, traffikinqlərin yayılması üçün qəti şəkildə bağlı, azad və xoşniyyətli bazar rəqabəti üçün açıq olan şəffaf sərhədlər, təhlükəsiz nəqliyyat marşurutları –birləşmiş Avropanın maraqları dairəsinə, heç şübhəsiz ki, məhz bütün bunlar daxil olmalıdır. Və əlbəttə ki, vicdanlı, ardıcıl, nə etdiyi aydın bilinən, hər iki ayağı ilə Avropa dəyərləri üzərində dayanan partnyor olmaq lazımdır.