İslahatçı
diktator
Pinoçetin terrora qarşı terroru |
 |
| Məmməd Süleymanov |
Bir ay öncə Çilinin keçmiş diktatoru Auqusto Pinoçet
90 yaşını qeyd etdi. O, yubileyini ev dustağı kimi qarşıladı. Bir
hakim onun azadlığa buraxılması qərarı verən günün səhərisi başqası
Pinoçetə qarşı yeni ittihamlar irəli sürdü. Demokratiya müdafiəçilərinin
qoca eks-diktatora qarşı iddia ərizələri artıq 7 ildir davam edir
və çox güman ki, bu proses yalnız Pinoçetin ölümüylə sona yetəcək.
Noyabrın 23-də Pinoçet Santyaqo ətrafındakı malikanəsində
ev dustaqlığına götürüldü. Onu 1985-2003-cü illər arasında 2,4 milyon
dolları vergidən yayındırmaqda, saxta sənədləşdirmələrdə və öz maliyyə
vəziyyəti barədə məlumatları gizlətməkdə ittiham etdilər. Göründüyü
kimi, ən yeni ittihamlar heç də siyasi deyil, iqtisadi və maliyyə
xarakterlidir. Noyabrın 25-nə düşən ad günü ərəfəsində tibbi ekspertiza
təsdiqlədi ki, eks-diktator Auqusto Pinoçetin səhhəti ona məhkəmə
qarşısında durmağa imkan verir.
Düzdür, noyabrın 24-də - Pinoçet ev dusatığı ediləndən
bir gün sonra Santyaqo məhkəməsi bu qərarı ləğv etdi. Hakim Karlos
Serda Pinoçetin cəmiyyət üçün təhlükəli olmadığını əsas tutaraq
onu 11 min dollar müqabilində zaminə buraxdı. Ancaq elə həmin gün
hakim Viktor Montilyo Pinoçetə qarşı yeni ittihamlar irəli sürdü.
Bu dəfə general 1974-cü ildə mənhus «Kolombo» əməliyyatı zamanı
rejim əleyhdarlarının izsiz yoxa çıxmasında ittiham olunur.
Pinoçetin qara günləri o, 1990-cı ildə hakimiyyəti
mülki şəxslərə təhvil verəndən dərhal sonra başlayıb. Ancaq onunla
ciddi məşğul olmağa ötən əsrin sonlarında qərar verdilər.
1998-ci ilin 17 oktyabrında müalicə üçün Londona gələn Pinoçet ispan
hakim Baltazar Qarsonun iddiası əsasında saxlanıldı. Uzun çəkişmələrdən
sonra, 2000-ci il martın 2-də Böyük Britaniyanın xarici işlər naziri
Cek Stro bəyan etdi ki, general öz ölkəsinə qayıda bilər.
Martın 7-də isə Çili hakimi Xuan Quzman Apellyasiya
Məhkəməsinə Pinoçetin toxunulmazlığının ləğvi iddiası ilə müraciət
etdi. Üç ay sonra iddia təmin olundu. Dekabrın 1-də hakim Quzman
rəsmi olaraq Pinoçetə qarşı Çilinin başında durduğu 1973-1990-cı
illərdə siyasi opponentlərini oğurladaraq məhv etməsi iddiaları
irəli sürdü. 2001-ci ilin iyulunda bu iş dayandırıldı, çünki Pinoçetin
vəkilləri onun ağıl zəifliyindən əziyyət çəkdiyini, məhkəmə qarşısında
dayana bilməyəcəyini «sübut etdilər».
2004-cü ilin iyununda isə ABŞ Senatı amerikanların
apardığı müstəqil təhqiqatın nəticələrini açıqladı. Bu sənədə görə,
general Pinoçet dəfələrlə saxta sənədlərlə ABŞ-da bir çox banklarda
100-dən çox maliyyə hesabı açıb. 1994-dən 2002-ci ilədək eks-diktator
4-8 milyon dollar arası gizli bank əməliyyatları aparıb. Həticədə
Çili Ali Məhkəməsi yenidən diktatorun toxunulmazlığını ləğv etdi.
Bu il martın 16-da ABŞ Senatı təsdiqlədi ki, Pinoçetin
bank hesablarında ən azı 13 milyon dollar toplanıb. Hakim Munyosun
fikrinə görəsə, Pinoçet ailəsinin ABŞ, Böyük Britaniya və digər
ölkələrin banklarındakı qeyri-leqal hesablarında aşağısı 28 milyon
dollar var. Onun fikrincə, bu məbləğ silah alveri və Çili büdcəsindən
götürüldüyündən «çirkli pullar»dır.
2005-ci il avqustun 10-da Pinoçetin oğlu Mark Antonio
və həyat yoldaşı Lusiya maliyyə fırıldaqlarında və vergidən yayınmalarda
ittiham olunaraq həbsə alındılar. Ancaq bir neçə gün sonra iri məbləğdə
pul əvəzinə onların hər ikisini azad etdilər.
Pinoçetə qarşı ad günündən bir gün əvvəl - noyabrın
24-də irəli sürülən ittihamlar sırf siyasi olmaqla qoca generalın
vəziyyətini daha da çıxılmaz edir. Söhbət 30 il əvvəl keçirilən
«Kolombo» əməliyyatı zamanı oğurlanmış 119 nəfər kommunistin taleyindən
gedir. Onların cəsədləri 1975-ci ildə tapılıb. Əməliyyatının ən
məşhur qurbanları arasında Çili generalı Karlos Pratsın, Alyende
dövrünün xarici işlər naziri Orlando Letelyerin, habelə Uruqvay
kommunisti Ektor Qutyerres Ruisin adları var.
Beləliklə, bu gün də sual aktual olaraq qalır - Pinoçet
xilaskar generaldır, yoxsa cəllad-diktator?
Pinoçetin bioqrafiyası çoxdan və yaxşı öyrənilib. Orta təbəqənin
övladıdır, yaxşı təhsil alıb, vzvod komandirliyindən Quru Qoşunları
komandanına qədər yol keçmiş peşəkar hərbçidir. Çili Hərbi Akademiyasını
və Santyaqo Universitetinin hüquq fakültəsini bitirib. Müəllimlik
edib, hərbi jurnalda redaktor işləyib, hərb elmləri bakalavrı dərəcəsi
alıb. Ancaq o, tarixdə qanuni prezidenti devirib Çilini 17 il «dəmir
əl»lə idarə edən diktator kimi qalacaq.
Pinoçetin öz ölkəsinin və bütövlükdə Cənubi Amerikanın
tarixindəki roluna dair mübahisələr bu gün də bitmir. Onun əleyhdarları
eks-diktatoru ölkəni qana bələməkdə, qanuni hakimiyyəti silah yolu
ilə devirib ümumxalq seçkisində seçilən prezident Salvador Alyendeni
qətlə yetirməkdə günahlandırırlar. Tərəfdarları isə Pinoçetin az
qanla ölkəni böhrandan çıxardığını iddia edirlər. Tərəflərin heç
biri digərinə güzəştə getmir.
Aydındır ki, 1973-cü ilin payızına yaxın Çili dərin
iqtisadi və siyasi böhran astanasında idi. Ölkədə hiperinflyasiya
tüğyan edir, tətillərin ardı-arası kəsilmir, kapital xaricə axırdı.
Ərzaq məhsullarını isə ya qara bazarda, ya da uzun növbələrdə almaq
olardı. Ancaq unudulur ki, bu iqtisadi böhranın baiskarı ABŞ idi
(Elə Pinoçetin çevriliş planının da Vaşinqtonda hazırlandığı arxiv
sənədləri ilə sübuta yetirilib). Çili Amerikanın ticarət embarqosuna
görə əsas gəlir mənbəyi olan mis alverindən məhrumuydu. Kubadan
başqa heç bir region dövləti Çilidən mis almırdı. Siyasi böhranı
da iqtisadi problemlər doğurmuşdu. Ölkədə sol və sağ terror baş
alıb gedirdi, Alyende hökuməti isə az vaxtda bunun kökünü kəsə bilməzdi.
Pinoçet hakimiyyətə gəlməklə fərdi terror kampaniyasına
qarşı dövlət terroruna başladı. Ölkəni işgəncələr, edamlar, gizli
qətllər, həbs düşərgələri bürüdü. Dövlətin repressiv maşını az vaxt
içində sol terror hərəkatının onurğa sütununu qırdı - siyasi liderlər
güllələndilər, izsiz yoxa çıxdılar, bəxti gətirənlər isə mühacirətə
yollandılar. Pinoçetin hakimiyyəti illərində heç bir insan haqlarına
hörmətdən söhbət gedə bilməzdi. 3 mindən çox solçu - sosialist,
kommunist və anarxist qətlə yetirildi.
Eyni vaxtda Pinoçet ölkəni iqtisadi kollapsdan çıxarmaq
tədbirlərini həyata keçirdi. ABŞ-da yaxşı təhsil görmüş çilili iqtisadçılar
generalın himayəsi altında ən zəruri islahatları sürətlə həyata
keçirib ölkəni dirçəldə bildilər.
1990-cı ildə «Çili xalqının cəlladı» adlandırılan
Pinoçet könüllü olaraq vəzifəsini tərk etdi. Ölkədə ilk sərbəst
seçkilər keçirildi və hakimiyyətə sosialistlər gəldi.
Son 7 ildə Pinoçetin başına gələnləri onun tərəfdarları
sadəcə qisas adlandırırlar. Bu qisası ondan sol liberal ideyaların
tərəfdarları alır. Bu şəxslər üçün fərdin hüquqları həmişə dövlətin
maraqlarından yuxarıda dayanmalıdır və siyasi mübarizədə ayrı-ayrı
fərdlərin, yaxud qrupların inqilabçılığı onların ayrılmaz, təbii
hüququdur, odur ki, dövlət terroru ilə boğulmamalıdır. 1960-cı illərdə
Avropada yaranmış sol liberal ideyalar indi bir çox sivil dövlətlərdə
siyasi isteblişment və intellektualların beyninə hakim kəsilib.
Məsələ təkcə onda deyil ki, Pinoçet insan haqlarını
qan içində boğub. Əsas odur ki, bu üsulla o, yüksək iqtisadiyyatlı
ölkə qura bilib. Qəddarlığa o, daha böyük qəddarlıqla cavab verib
və sübut edib ki, bəzən diktatura qaçılmaz zərurət olur. Pinoçetin
bəxti onda gətirməyib ki, hazırkı dünya radikal şəkildə dəyişib
və anlayışların yerdəyişməsi gedib. İndi konstitusion qaydaların
bərpası «totalitar aparatın qanlı repressiyası» adlanır, insanların
girov götürülməsi isə sadəcə «ədalətli azadlıq mübarizəsi»dir. Bu
dünyada Yasir Ərafat, Nelson Mandela kimi keçmiş terrorçular Nobel
sülh mükafatı alırlar, fərdi terroru dövlət terroru ilə saxlayan
Yan Smit və Auqusto Pinoçet isə cinayətkar elan edilirlər.
|