Girov
siyasət
Siyasilər çekistlərin, çekistlər də siyasilərin əsirliyindədir
|
Xüsusi xidmət orqanlarının yanlış məlumatları əsasında
başlayan müharibələr yaxın tarixdə az olmayıb. Belə savaşlar sırasına
adətən Vyetnam müharibəsini, ABŞ-ın Qrenadaya soxulmasını, Folklend-Malvin
adaları uğrunda Britaniya-Argentina savaşını aid edirlər. Ancaq
İraq məsələsi onları kölgədə qoyur: bir tərəfdən ABŞ, Böyük Britaniya
və onların müttəfiqləri İraqın kütləvi qırğın silahları yaratmaq
potensialını hədsiz şişirtmiş, digər tərəfdən kəşfiyyat orqanlarının
davranışı son dərəcə siyasiləşdirilmişdi. Xüsusi xidmət orqanları
siyasi liderlərin sifarişini yerinə yetirirmişdilər.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin demokratiyanın
bir çox təməl prinsipləri ilə ziddiyyət təşkil etdiyi məlum həqiqətdir.
Məsələn, xüsusi kəşfiyyat orqanları izləmə kameralarından istifadə
etməklə şəxsi həyatın toxunulmazlığı hüququnu pozmuş olurlar. Ona
görə də bir çox ölkələrdə, xüsusilə də Avropa dövlətlərində xüsusi
xidmət orqanlarının fəaliyyətini tənzimləyən qanunların keyfiyyətinə
özəl diqqət verilir. Başqa yandan, xüsusi xidmət orqanlarının işinə
nəzarət etməli olan məmur və ya qanunvericilərin bu hüquqdan öz
şəxsi siyasi və iqtisadi məqsədləri naminə bəhrələnəcəyi ehtimalı
hələ də qalır.
 |
2001-ci ilin 11 sentyabrında baş verən terror aktlarından
və «yeni terrorizm» fenomeninin meydana çıxmasından sonra bu sahədə
durum son dərəcə qəlizləşdi. Hamıya birdəfəlik aydın oldu ki, müasir
dövrdə müharibə və sülh arasında sərhədlər silinib, savaşı təkcə
dövlətlər yox, azsaylı məxfi strukturlar da apara bilər. Bu səbəbdən
dünyada şübhəli əcnəbilərin həbsi və nəzarət altında saxlanılması
təcrübəsi geniş yayıldı (özü də bu işlər məhkəmənin qərarı olmadan,
xüsusi xidmət orqanlarının əldə etdiyi xəfiyyə məlumatları əsasında
həyata keçirilir). Müxtəlif dövlətlərdə yeganə məqsədi terror təhlükəsinin
qarşısını almaq olan yeni strukturlar meydana gəlməyə başladı.
Digər bir problem kəşfiyyat və əks-kəşfiyyatla əlaqəli
olmayan dövlət strukturlarının fərsizliyindədir. Amerika xüsusi
xidmət orqanlarının fəaliyyətini araşdıran Lokk Conson Mərkəzi Kəşfiyyat
İdarəsinin (MKİ) yuxarıları hələ 1995-ci ildə ABŞ-ın hava hücumuna
məruz qalacağı haqda məlumatlandırdığını aydınlaşdırıb. Mərkəz terrorçuların
bir neçə təyyarəni qaçırıb onları çoxmərtəbəli binalara istiqamətləndirəcəkləri
barədə konkret xəbərdarlıq da edib. 1995-2001-ci illər ərzində MKİ
12 dəfə bu məzmunlu məlumatı ABŞ-ın ali rəhbərliyinə çatdırıb, amma
buna heç bir önəm verilməyib. Beləliklə, 11 sentyabr olayları təkcə
kəşfiyyatın acizliyi nümunəsi yox, həm də hakimiyyətin qədərincə
peşəkar olmamasının göstəricisidir.
Dövlət hakimiyyətinin yüksək eşalonunun siyasiləşməsi
də kəşfiyyatın işinə mənfi təsir göstərir. 2002-ci ildə ABŞ-ın Müdafiə
Nazirliyi İraq haqda məlumatlar toplamaq üçün şəxsi kəşfiyyat şöbəsini
yaratdı. Çünki MKİ-nin təqdim etdiyi məlumatlar Pentaqonu razı salmırdı
(o vaxt bu informasiyaların həddən artıq siyasiləşdirildiyi, yəni
ölkə rəhbərliyinin mövqeyinə uyğun hazırlandığı fikri geniş yayılmışdı).
Öz növbəsində MKİ 2003-cü ildə Ağ evdə məşhur olan bir fərziyyəni
– Səddam Hüseynin «Əl-Qaidə» ilə əlaqələrinin olması fərziyyəsini
puça çıxardı. Amma MKİ-nin bununla bağlı müvafiq memorandumu bir
qırağa qoyuldu və hadisələrin sonrakı inkişafına heç bir təsir göstərmədi.
 |
Darhem Universitetinin professoru İan Li deyir ki,
1970-ci illərin ortalarına qədər dünyada xüsusi xidmət orqanlarının
demokratiyanı müdafiə etməkdən daha çox ona təhlükə yaratdığı fikri
hakim kəsilmişdi. Bu xüsusi xidmət orqanları öz imkanlarından siyasi
proseslərlə manipulyasiya etmək, siyasətçilərə, həmkarlar təşkilatlarına,
ictimai qurumlara təsir göstərmək, bir sıra hallarda isə həm öz
ölkələrində, həm də başqa dövlətlərdə qətllər, dövlət çevrilişləri
təşkil etmək üçün yararlanıblar.
«Casuslara kim nəzarət edir?» sorğu kitabçasının tərtibatçıları
1970-ci illərin ortalarınacan Qərbin xüsusi xidmət orqanlarının
«dövlət içində dövlət» rolu oynadıqlarını və ölkənin birinci şəxsindən
başqa kimsənin nəzarətində olmadıqlarını qeyd edirlər. Düzdür, burada
bəzi istisnalar da vardı (məsələn, 1952-ci ildə Niderlandda plaş
və xəncər cəngavərlərinin fəaliyyətinə nəzarət etmək məqsədilə xüsusi
parlament komitəsi yaradılmışdı). 1975-ci ildə ABŞ-da baş verən
hadisələrdən sonra bu sahədə vəziyyət xeyli dəyişdi.
1949-cu ildən 1974-cü ilə qədər ABŞ Konqresi MKİ ilə
bağlı beynəlxalq qalmaqalların təhqiqatına dair dörd xüsusi dinləmə
keçirib. Təhqiqat nəticəsində xüsusi xidmət orqanı əməkdaşlarının
vaxtaşırı qanun pozuntularına yol verdikləri məlum olub. Ən çox
səs-küyə səbəb olan qalmaqallar isə 1973 və 1987-ci illərdə baş
verib. 1973-cü ildə MKİ-nin ABŞ ərazisində ciddi şəkildə qadağan
olunmuş gizli əməliyyatlar apardığı ortaya çıxıb. Sonradan bu əməliyyatların
dövlət sirlərinin qorunması sisteminin vəziyyətini yoxlamaq məqsədilə
həyata keçirildiyi bildirilib.
1975-ci ildə ABŞ-da MKİ-nin fəaliyyətini araşdırmaq
məqsədiylə Çörçün Senat Komitəsi (senator Frenk Çörçün adıyla bağlıdır)
yaradıldı. Bu strukturun yaradılmasına «Uoterqeyt qalmaqalı» (prezident
Niksonun adamları xüsusi xidmət orqanlarının casuslarından onun
siyasi rəqiblərini izləmək üçün istifadə edirmişlər) və MKİ-nin
bir neçə xarici ölkə liderinin qətlini planlaşdırması xəbəri səbəb
oldu. Çörç komitəsinin fəaliyyəti nəticəsində ABŞ parlamentinin
hər iki palatası kəşfiyyat üzrə xüsusi komitələr yaratdı. 1980-cı
ildə MKİ-yə daimi olaraq bu komitələr qarşısında hesabat vermək
tapşırıldı. İcra orqanları da analoji nəzarət strukturları formalaşdırdılar.
ABŞ-ın ardınca Avstraliyanın (1979-cu ildə) və Kanadanın
(1984, bu ölkədə xüsusi xidmət orqanlarının fəaliyyətini araşdıran
parlament komissiyası da mövcud idi) kəşfiyyat idarələrində də islahatlar
aparıldı. Oxşar strukturlar 1988-ci ildə Danimarkada, 1991-ci ildə
Avstriyada, 1994-cü ildə Yunanıstanda, 1996-cı ildə Norveçdə, 1997-ci
ildə İtaliyada yaradıldı. 1990-cı illərdə Şərqi Avropa ölkələrinin
əksəriyyətində, Argentinada, Cənubi Koreyada və CAR-da xüsusi xidmət
orqanları nəzarətə götürüldü. Bu ölkələrin hamısında plaş və xəncər
cəngavərlərinin qanunları dəfələrlə pozduqları müəyyənləşdirildi.
|