«Şair,
hökmdarın hüzurundasan…»
Türkmənistan prezidenti Saparmurat Niyazov «şair-hökmdar»
qarşıdurmasının həllində ən optimal variantı tapıb: özü həm
şairdir, həm də hökmdar |
Payızda «bütün türkmənlərin Ulu Rəhbəri»
Saparmurat Türkmənbaşı yeni kitabını təqdim edib. Müəllifin «Mehribanlarım»
adlı kitabı dövlət müstəqilliyinin 14 illik yubileyinə ithaf olunub.
Türkmənlərin özünəməxsus kodeksinə çevrilən və rəsmi təbliğatın
Quranla eyniləşdirdiyi iki cildlik «Ruhnamə»dən və «Ata tapşırığı»
adlı üç poetik məcmuədən ibarət kitabdan sonra işıq üzü görən bu
yeni əsər müəllifliyi ölkə prezidentinə aid edilən altıncı kitabdır.
Əslində, təqdimetmə mərasiminə qatılaraq hədiyyə nüsxələr
əldə etmək şərəfinə nail görülən kəslərdən başqa hələ heç kim «Ulu
Rəhbər»in bu yeni kitabının «üzünü görməyib». Buna baxmayaraq, yerli
qəzetlər son iki ayda böyük həvəslə oxucularının türkmən yazılı
ədəbiyyatının bu yeni şedevri haqda coşğulu rəylərini dərc etməklə
məşğuldur. Radio və televiziya müxbirləri də öz həmkarlarından geri
qalmaq istəmirlər. Bir sözlə, türkmən jurnalistləri arasında əsl
yarış gedir. Hər gün «Ulu Rəhbər»in yeni əsəri haqda üç-dörd müsbət
oxucu rəyi «axtarıb tapan», hansısa əyalətdən oxumadığı kitab barəsində
böyük coşğuyla danışan 3-4 tamaşaçı və ya dinləyici «eşib çıxaran»
müxbir planı yerinə yetirmiş olur.
 |
Amma məktəb şagirdləri və universitet tələbələri ilə
müqayisədə türkmən jurnalistlərinin üzləşdikləri «toya getməlidir».
Yeni şadestanın (şahın yarı nəsr, yarı nəzmlə yazdığı əsərin) nəşri
əzbərlənməsi və tədqiq olunması vacib əhəmiyyət daşıyan daha bir
kitabın, tədqiqat obyektinin meydana çıxması deməkdir.
Heç müəllimlər də «Ulu Rəhbər»in yenidən əlinə qələm
almasına sevinməyiblər. İndən belə Eynşteyn, Hegel, Şekspir orta
və ali məktəb tədris proqramlarında bir qədər də geriyə çəkilib
fizik, filosof, şair kimi öz mövqelərini «bütün zamanların ən dahi
fiziki, filosofu və şairi» Saparmurat Türkmənbaşıya güzəştə getməli
olacaqlar. Türkmənbaşının yeni kitabının tədrisi fizika, fəlsəfə,
ədəbiyyat və digər vacib fənlərin «payından çıxılacaq». Üstəlik,
rəhbərin həyat və fəaliyyəti, uşaqlıq və gənclik illəri ilə bağlı
imtahan suallarının siyahısı zənginləşəcək.
Tarixi təqdimetmə mərasiminin iştirakçıları «Müstəqil
Türkmənistanın Birinci və Əvəzsiz Prezidenti, Millət Atası, Ulu
Saparmurat Türkmənbaşı»na təşəkkür məktubu ünvanlamağı da unutmayıblar.
Məktubda türkmənlərin yeni kitabı «Ulu Sərdar»ın yaratdığı «Ruhnamə»nin
kosmosa göndərilməsi qədər əhəmiyyətli bir hadisə saydıqları və
bu günün «xalq üçün unudulmaz» bir gün olduğu xüsusi vurğulanır.
Qeyd edək ki, Saparmurat Niyazovun «Ruhnamə»si «Roskosmos»un
xidmətləri sayəsində bu ilin avqust ayında «ruh kimi» göyə qalxıb
və indi ucsuz-bucaqsız ənginliklərdə dolaşır. |