SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№10 (18) ---- 2005
PROBLEM

Bir ömürlük ölüm
Güllə altından çıxan məhbuslar bir problemin axırına çıxa bilmirlər

Səbinə Əvəzqızı

Həyatdan, yoxsa azadlıqdan məhrum olmaq daha ağır cəzadır? Bir qədər fəlsəfi səciyyə daşıyan bu suala indi Azərbaycan hüquqşünasları da cavab axtarırlar. Ömürlük həbsdə yatan 80-dən çox məhbusun vəziyyəti bu məsələdə müəyyən mənada istiqamətverici nümunə ola bilər.

Səkkiz illik problem

Bu problem 1998-ci ilin fevralından, prezident fərmanı ilə ölüm hökmü ləğv olunandan başlayıb. Həmin fərmanın bir bəndi də o zaman qüvvədə olan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ölümə məhkum edilmiş şəxslərin cəzasının ömürlük həbslə əvəzlənməsini nəzərdə tuturdu. Güllələnmə cəzası altında yatan şəxslərə avtomatik ömürlük həbs kəsilməsi dərhal fərqli mülahizələr doğurmuş, rəylər haçalanmışdı. Tənqidçilərin fikrincə, bu cəzanı almış şəxslərin cəzası Cinayət Məcəlləsinin ölüm hökmündən sonra gələn ən ağır sanksiyası ilə - 15 il azadlıqdan məhrumetmə ilə əvəzlənməliydi. Əks fikirdə olanlar belə hesab edirdilər ki, ölümə məhkumların həyatlarını bağışlamaqla dövlət onsuz da humanist addım atıb və xüsusilə ağır cinayət törətmiş şəxslərə ömürlük həbs cəzasının tətbiqi ədalətlidir.

2000-ci il sentyabrın 1-də yeni Cinayət Məcəlləsi qüvvəyə mindi və bu sənəddə ən ağır sanksiya kimi ömürlük həbs cəzası nəzərdə tutuldu. Beləliklə, prezident fərmanından başlayan 2 il yarımlıq mövqe dartışmaları keçmiş «ölümlüklər»”in («smertniki»”) ziyanına bitdi. Amma onlar cəzalarının 15 illə əvəzlənəcəyinə ümidlərini itirmədilər. Çünki möhkəm yerdən yapışmışdılar - yeni cəza qanunu ölkə Konstitusiyası və hüquq fəlsəfəsinin ziddinə olaraq ağırlaşdırıcı halda geriyə şamil olunmuşdu. Üstəlik, yeni Cinayət Məcəlləsinin tətbiqiylə prezident fərmanı qüvvədən düşmüş, bu isə «ölümlüklər”»in işinə yarayan hüquqi boşluq yaratmışdı. Məsələ bundadır ki, 1998-ci il fərmanına görə, məhkəmələr vaxtilə ölüm cəzası almış şəxslərin işinə yenidən baxmalıydı. Bu hüquqi prosedur gözlənilməmiş (yəni «ölümlüklər”»in hökmü ömürlük cəzayla qanuni şəkildə əvəzlənməmiş), prezident fərmanı isə, əvvəlcədən nəzərdə tutulduğu kimi, yeni Cinayət Məcəlləsi tətbiq olunan andan qüvvədən düşmüşdü. Bu sonuncu məqama az sonra qayıdarıq, hələliksə görək Konstitusiya və cinayət qanunvericiliyi nə deyir.

Ağırlaşdırıcı hal geriyə şamil olunmur

Konstitusiyanın göstərişi birmənalıdır: «Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir»” (3-cü fəsil, maddə 71).

Qüvvədə olan Cinayət Məcəlləsinin 10.3-cü maddəsində (cinayət qanununun zamana görə qüvvəsi) deyilir: «Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasına və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir»”.

Konstitusiya və cinayət qanunvericiliyinin bu cür birmənalı göstərişlərinə rəğmən, eyni əmələ görə təkrarən, özü də aığrlaşdırıcı halda yenidən məhkum edildiklərini deyən keçmiş «ölümlüklər”» haçandan bəri apellyasiya hüququ tələb edirlər (Bu şəxslər indiki üçpilləli məhkəmə sistemindən qabaq məhkum olunublar. O zaman xüsusilə ağır cinayətlərə Ali Məhkəmədə baxılır və çıxarılan qəti hökmlərdən şikayət vermək mümkün olmurdu).

Konstitusiya Məhkəməsi problemi aşağı göndərib

2005-ci ilin iyul və avqust aylarında Qobustan qapalı həbsxanasında cəzalarının 15 illik həbslə əvəzlənməsini istəyən məhbusların aclıq aksiyası başladı. Ömürlük məhkumların KİV-ə müraciətində bildirilirdi ki, qanun ölüm cəzası almış 128 məhkuma səhvən şamil edilib: «Qanuna əsasən, həmin 128 nəfərin cəzası 15 illik həbs cəzası ilə əvəzlənməliydi. Amma nə qanuna, nə də bu illər ərzində etdiyimiz müraciətlərə məhəl qoyulub”.

128 rəqəmi sizi çaşdırmasın. Ölüm hökmü ləğv olunanadək güllələnmə cəzası almış və cəzaları ömürlük həbsə dəyişdirilmiş 128 nəfərin 32-si bu illər ərzində müxtəlif səbəblərdən dünyasını dəyişib, bir neçə nəfər isə əfv olunub. Hazırda həmin məhbuslardan yalnız 89-u həbsxanadadır.

Aclıq aksiyası təsirsiz qalmadı. Ombudsman Elmira Süleymanova Konstitusiya Məhkəməsinə sorğu göndərdi. Konstitusiya Məhkəməsinin sorğu ilə bağlı qərardadında isə məhbusların işinə ayrı-ayrılıqda məhkəmələrdə baxılmalı olduğu tövsiyəsi yer aldı. Elmira Süleymanova etiraf edir ki, əslində, ölüm cəzasının ləğvi barədə qanun qəbul ediləndə məhkəmələr bu işlərə baxmalı və fərdi qaydada qərar çıxarmalıydılar: «Belə olmadığı üçün yaranmış hüquqi boşluğu Konstitusiya Məhkəməsinin Palatası aradan qaldırdı»”.

Ancaq problemin özünü aradan qaldırılmış saymaq çətindir. Çünki məhbuslar rədd cavablı araşdırmalardan narazıdırlar. İşlərinə yenidən baxılmış məhkumlar barəsində bütün məhkəmə instansiyaları kütləvi şəkildə eyni qərarlar çıxarır. Bu qərarlar ömürlük həbs cəzasının qüvvədə qalmasından ibarətdir. Əlləri bu imkandan da üzülən məhbuslar yenidən aclıq aksiyasına başlayacaqları ilə hədələyirlər. Hərçənd «15 il məsələsi”»ndə hamıdan çox israr edən İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov aclıq aksiyasının problemin həllində heç bir müsbət təsiri olmayacağı qənaətindədir: «Əksinə, bu, əlavə problem yaradar və məhkumların hüquqi vəziyyətinin pisləşməsinə gətirib çıxarar. Belə ki, aclıq edənlər əfvdən kənarda qala və ya daxili intizam qaydalarını pozduqlarına görə cəzalandırıla bilərlər”».

«Ümumi» bir məsələ”

Bəs hakimiyyət bu məsələyə necə yanaşır? Hüquq müdafiəçisi Murad Sadəddinov bu barədə dəfələrlə məsələ qaldırdıqlarını söyləyir. Amma hər dəfə də konkret cavab verilməyib: «Belə deyirlər ki, bu, ümumi bir məsələdir və bununla bağlı keçmiş siyasi məhbus Ələkrəm Hümbətovun şikayəti artıq Avropa İnsan Haqları Məhkəməsində baxılmaq üzrədir. Hakimiyyətdəkilər düşünür ki, Avropa İnsan Haqları Məhkəməsi Ələkrəm Hümbətova ömürlük cəza verilməsini düzgün saymasa, onda bu qərar digər məhbuslara da şamil ediləcək»”.

Məhkumların həmin qərar verilənədək gözləməsi nə qədər ədalətlidir? Məgər bizim hüquqşünaslarımız öz cinayət qanunvericiliyimizə əsasən bir yekun qərara gələ bilmirlər? Sadəddinovun sözlərinə görə, onsuz da həmin məhbusların cəzası günü bu gün 15 ilə endirilsə, onlar hələ azadlığa çıxa bilməyəcəklər: «Onların əksəriyyəti 1993-cü ildə həbs edilib. Bu səbəbdən bəlkə də Hümbətovun məhkəməsini gözləmək olar. Ancaq bütün hallarda məhbusları bu qədər gözlətmək ədalətsizlikdir. Ən yaxşısı bu mübahisəni özümüzün müsbət sonluqla həll etməmiz olardı”».

Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin qərargah rəisi Musa Hümbətov isə əmin edir ki, hökumət bu məsələnin həllində məhkumlardan daha çox maraqlıdır: «Amma bu məsələyə ya Milli Məclisdə qanunvericiliyə dəyişiklik edilməklə, ya da Konstitusiya Məhkəməsində aydınlıq gətirilməlidir”».

Bizim mövqeymizə gəlincə, bir vaxtlar həyatdan əlini üzmüş, indi isə ömürlük azadlıqdan məhrum olan hələlik 89 nəfər vətəndaşın hamısının günahsız olduğunu, haqsız yerə həbsdə saxlandığını iddia etmirik. Üstəlik, bilirik ki, onların arasında həqiqətən ağır cinayət törətmiş, ağır da cəzaya layiq olan şəxslər var. Sadəcə, bir məsələ aydınlaşdırılmalıdır ki, bu insanlara münasibətdə fərdi istəklər deyil, qanunun tələbləri, həm də qanun və ədalət meyarları əsas götürülməlidir.