|
Boykotdan
boykota fərq var
Bəzən o, iz də buraxmır, bəzənsə bir ölkənin taleyini
dəyişir
|
Boykot. Bu termin son parlament seçkisindən sonra
yenidən siyasi açıqlamalar, qəzet-jurnal yazıları və kuluar söhbətlərdə
tet-tez işlənməyə başlayıb. Kimi parlamenti və təkrar seçkini boykot
etməyə çağırır, kimi saxtakarlığa göz yuman xariciləri, kimi yalan
danışan telekanalları. Bizim yaxın tariximiz boyu (xüsusilə seçkilər
zamanı) boykot kampaniyaları az olmayıb. Xalq hərəkatı dövründən
başlayaraq müxalif qüvvələr zaman-zaman bu etiraz üsulundan istifadə
edirlər.
İndiyəcən boykotun Azərbaycanda nə kimi effekt
verdiyi və ya son parlament seçkisindən sonra bu məsələni gündəmə
gətirənlərin uğur qazanıb-qazanmayacaqları bir başqa söhbətin mövzusudur
(aşağıda yalnız qısa xronikanı nəzərinizə çatdıracağıq). Bu gün
biz «Wasihngton ProFile»-nin köməyi ilə boykotun tarixi haqda danışmaq
istəyirik.
Boykot termini haradan yaranıb?
Bu termin XIX əsrdə yaşamış ingilis Çarlz Boykottun
(1832-1897) adıyla bağlıdır. İngiltərə ordusunun istefada olan kapitanı
Boykott dolanışıq dalınca baş vurduğu Britaniya müstəmləkəsi İrlandiyada
idarəçi mülkədar kimi çalışırmış. Çox tələbkarmış və elə başına
da bu sarıdan iş gəlir.
1880-ci ildə İrlandiyada torpaq islahatları aparmağa
çağıran hərəkatın lideri Çarlz Parnell Boykottun əlinin altında
işləyən kəndliləri donluqlarını artırmağı tələb etməyə çağırır.
Ancaq Boykott nəinki maaşları artırmır, hətta dilini dinc qoymayan
kəndliləri işdən qovur. Həngamə də elə bundan başlayır: barışmaz
irland siyasətçisi Parnellin çağırışları nəticəsində ingilis mülkədar
bir də onda ayılır ki, heç kəs əlini ağdan-qaraya vurmaq istəmir.
Məcbur olub əkin-biçin sahələrinə ailəsi ilə çıxan Boykottun canı
bununla qurtarmır: dükan-bazarda ona mal satmırlar, poçtalyon onun
ailəsinə məktub gətirmir, qonşular salamını almır…
Bir neçə il müqavimət göstərən, müflisləşib İrlandiyanı
tərk edən Boykottun başına gələnə «boykot» adı verməksə yerli ruhaninin
ağlına gəlir. Bu söz Avropada müxtəlif dillərə keçə-keçə o çağlaracan
işlək olan yunan termini «ostrakizm»i əvəzləyir.
Ancaq boykotun tarixi daha qədimdir. Məsələn, hələ
bu termin yaranmazdan xeyli əvvəl – 1767-ci ildə Şimali Amerikada
çay və bir neçə başqa mala xüsusi rüsum tətbiq edildiyindən Britaniya
mallarını almaqdan kütləvi şəkildə imtina olunmuşdu. Boykot nəticə
vermişdi – Britaniya ticarəti axsamağa başlamış və ədalətsiz rüsumlar
ləğv edilmişdi.
Etirazın dinc forması
Boykot etirazın qeyri-zorakı formasıdır və istər sosial,
istər də siyasi problemlərin dinc həlli vasitəsi kimi qəbul olunur,
bəzən hətta böyük siyasətə təsir göstərir. Misal üçün, Fransa ABŞ-ın
İraqa müdaxiləsinə qarşı çıxan kimi amerikalılar nümayişkaranə şəkildə
fransız mallarını almaqdan imtina etdilər. Hətta bəzi siyasətçilər
şəhər, qraflıq və ştatların qanunlarına bu haqda xüsusi dəyişiklik
təklifləri verdilər.
XX əsrdə boykotlar çox olub. 1990-cı illərdən onlar
daha miqyaslı xarakter alıb ki, bu da yüz milyonlarla insanı dərhal
məlumatlandırmağa imkan verən informasiya kommunikasiyalarının inkişafı
ilə bağlıdır. Hazırda ekologiya təşkilatlarının neft kompaniyalarını,
antiqlobalistlərin transmilli korporasiyaları, ərəb ölkələrinin
ABŞ, çinlilərinsə yapon mallarını boykot etməsi təəccüb doğurmur.
Qəzetlər və telekompaniyalardan tutmuş (qərəzli və
tərəfkeş materiallarına görə), yataq ağları istehsal edən firmalara
(qadınları alçaldan reklamlara görə) qədər ən müxtəlif qurumlar
boykot obyekti olur – dərman, avtomobil, məişət texnikası istehsalçıları…
Vegetarianlar heyvan yağlarından istifadə olunmuş ərzağı, heyvanların
hüquqlarını qoruyan təşkilatlar qril bişirən qəlyanaltıları (toyuqlarla
ləyaqətsiz davranışa görə) boykot edirlər. Sonuncuların hətta kosmetika
firmasını boykot etməsinə də rast gəlinib. Nə var-nə var, öz reklamlarında
şimpanzedən yararlanıblar.
Vətəndaşların öz hökumətlərini boykot etməsi halları
da mövcuddur. Ən radikal metodlardan biri vergiləri ödəməkdən boyun
qaçırmadır. XX əsrin əvvəllərində Britaniya qadınları Vergi Müqaviməti
Liqası yaratmışdılar. Onlar seçmək və seçilmək hüququ əldə etməyin
yolunu vergilərdən kütləvi şəkildə imtinada görmüşdülər. Vergi boykotu
üsuluna ABŞ-da da tez-tez əl atılır. Müharibəyə Qarşı Liqa adlı
pasifist təşkilat İraq savaşının dayandırılması üçün vətəndaşları
vergiləri ödəməməyə çağırır. 1990-cı illərdə pasifistlər hətta alternativ
vergi komitəsi yaradaraq vətəndaşlara xüsusi deklarasiyalar göndərmiş,
yığılan pulu isə dinc məqsədlərə yönəltmişdilər.
Məşhur boykotlar
Heç kim bəşər tarixində nə qədər boykotun olduğunu
deyə bilməz. Amma xüsusi diqqət çəkən və uzunmüddətli nəticələrə
gətirib çıxaran, tarixdə iz buraxan boykotları seçib-aramaq mümkündür.
1905. Bir ölkənin başqasına qarşı ilk siyasi
boykotu bu ilə təsadüf edir. Çin sakinləri ABŞ-da yaşayan
həmvətənlərinin qısma-boğmaya məruz qalmasına etiraz olaraq bu ölkənin
mallarını almaqdan imtina edirlər. 1882-ci ildə ABŞ-da mühacirət
siyasəti haqda qanun qəbul olunmuş və 10 il müddətində çinlilərin
bu ölkəyə mühacirətinə yasaq qoyulmuşdu. Həmin qanun ABŞ-da yaşayan
çinlilərə vətəndaşlıq verilməsini də qadağan edirdi. Sonralar bu
qanunun müddəti daha 10 il uzadılmış, 1902-ci ildən isə daimi xarakter
almışdı. Ancaq amerikan mallarının boykotu nəticəsiz qalır, düz
1943-cü ilədək qüvvədə olan qanun tamamilə başqa səbəblərdən ləğv
edilir.
1920. Müstəqilliyin qazanılmasına gətirən
ilk siyasi boykot. Hindistan siyasi lideri Qandi Britaniya
müstəmləkəçilərinə qarşı passiv müqavimət aksiyası təşkil edir.
Buna səbəb istilaçı ingilis əsgərlərinin əliyalın hindliləri gülləbaran
eləməsi idi. Qandinin çağırışları nəticəsində istilaçı hakimiyyətə
işləyən hindlilər iş yerlərini tərk edir, məhkəmələr boykot olunur,
dövlət məktəblərinin şagirdləri dərslərə getmirlər.
Sonralar Qandi dəfələrlə bu tip dinc müqavimət aksiyaları
düzənləyir. Bir-birindən uğurlu bu aksiyalar Hindistanın müstəqillik
qazanması ilə nəticələnir.
1948. Ərəb Dövlətləri Liqası yenicə yaradılmış
İsrail dövlətinə qarşı iqtisadi boykot elan edir. Liqaya
daxil olan ölkələr təkcə İsraillə deyil, bu ölkəylə hər hansı tərəfdaşlığa
baş vuran üçüncü dövlətlərin şirkətləri ilə də əlaqələri qırmaq
öhdəliyi götürürlər. Hətta bəzi ərəb dövlətləri pasportunda İsrail
vizası olan xariciləri ölkəyə buraxmaqdan imtina edirlər.
Hesablamalara görə, boykot İsrailə investisiya qoyuluşunu
10-25 faiz azaldır. 1980-ci ildə boykot cərgəsi pozulur – İsraillə
sülh müqaviləsi imzalayan Misir boykotdan çıxır, bir neçə ərəb dövləti
də ondan nümunə götürür.
1955. ABŞ-ı kardinal şəkildə dəyişən boykot.
Montqomeri şəhərində yaşayan Afrika mənşəli Roza Parks
ictimai nəqliyyatda ağdərili amerikalıya yer verməkdən boyun qaçırır.
Polis onu həbs edir. Bu fakt arxasınca böyük sel gətirir. Montqomeridə
yaşayan ruhani Martin Lüter Kinq ictimai nəqliyyatı boykota çağırır.
Şəhərin qaradərili əhalisi 382 gün ərzində payi-piyada, velosipedlə,
ya da şəxsi avtomobildə hərəkət edir, ictimai nəqliyyata minmir.
De-marş bütün dünyanın diqqətini çəkir. ABŞ Ali Məhkəməsi
ictimai nəqliyyatda irqi seqreqasiya tətbiq edən Montqomeri şəhər
qanununu ləğv edir. Sonrakı mübarizələr isə irqi seqreqasiyanın
tamamilə aradan qaldırılmasına gətirir.
1980. Olimpiya boykotu. Sovet ordusunun
Əfqanıstana müdaxiləsinə etiraz olaraq ABŞ və daha 59 ölkə Moskvada
keçirilən yay olimpiya oyunlarını boykot edir. Bu, boykota məruz
qalan ilk olimpiada deyildi, sonuncu da olmur. 1936-cı ildə antifaşistlər
Berlin olimpiadasını boykota çağırmış, hətta İspaniyanın Barselona
şəhərində alternativ olimpiada düzənləmək istəmişdilər. 1984-cü
ildə SSRİ başda olmaqla 13 dövlət Los-Anceles (ABŞ) olimpiadasını,
1988-ci ildə isə Şimali Koreya, Nikaraqua, Kuba və Efiopiya Seul
(Cənubi Koreya) olimpiadasını boykot edirlər.
Bu cür boykotların siyasi effekti az, uduzan isə idman
və idmançılar olur.
1980-94. Cənubi Afrika Respublikasında aparteid
rejiminə qarşı boykot. Bir sıra dövlətlər CAR-a iqtisadi
sanksiyalar tətbiq edirlər. İdmançılar və müğənnilər bu ölkədə keçirilən
yarış və konsertlərə qatılmırlar.
Boykot 1994-cü ildə aparteid rejimi ləğv olunana qədər
davam edir.
Bizim xronika
Ölkəmizə qayıtsaq, bizdə siyasi xarakterli lokal boykotlarla
yanaşı, kütləvi boykotlar da olub. 1990-cı ilin yanvarında sovet
qoşunlarının Bakıda törətdiyi qanlı qırğın 40 gün davam edən tətilə,
Kommunist Partiyasından kütləvi istefalara gətirmişdi. Bu, yaxın
tariximizin ən möhtəşəm boykotudur.
1991. Xalq Cəbhəsi SSRİ-nin saxlanmasını
nəzərdə tutan yeni ittifaq müqaviləsi üzrə referendumu boykota çağırır.
Həmin il Ayaz Mütəllibovun qələbəsi ilə başa çatan prezident seçkisi
də müxalif qüvvələrin boykotuna məruz qalır. Bu boykot kampaniyasının
maraqlı cəhəti Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar
Respublikasında seçkilərin ümumiyyətlə keçirilməməsi olur.
1993. Yenicə hakimiyyətdən salınmış
Xalq Cəbhəsi və müttəfiqləri prezident Əbülfəz Elçibəyə etimad referendumunu,
ardınca isə Heydər Əliyevin qalib gəldiyi prezident seçkisini boykota
çağırır.
1998. AXC, Müsavat, Demokrat, Liberal,
Ədalət partiyalarının təşkil etdiyi müxalifət koalisiyası Heydər
Əliyevin ikinci müddətə seçildiyi prezident seçkisinə qatılmır.
2000. Parlament seçkisində saxtakarlığa
etiraz edən partiyalar Milli Məclisi tanımamaq, onun işində iştirak
etməmək və təkrar seçkilərə qatılmamaq haqda razılığa gəlirlər.
Sonradan bəzi müxalif qüvvələr bu razılaşmanı pozurlar.
2002. Müxalifət qüvvələri Azərbaycan
Konstitusiyasında bəzi mürtəce dəyişiklikləri nəzərdə tutan referendumu
boykota çağırır.
2004. AXC, Demokrat və Müsavat partiyalarının
başçılıq etdiyi müxalifət koalisiyası bələdiyyə seçkilərini boykot
edir.
2005. Parlament seçkisində saxtakarlığa
etiraz edən «Azadlıq»” seçki bloku və ona yaxın qurumlar Milli Məclisi
tanımamağa, mandatlardan və təkrar seçkilərdən imtinaya çağırırlar.
Hazırladı: İlahə
|