|
Filantropiya
məşhurları
Gəncliyində təhsil almağa pulu olmadığından ali məktəbi
yarımçıq tullayan oğlan sonra doğma şəhərində universitet
yaratdı.
|
 |
| Rafiq Həriri |
Ötən qış Beyrutda qətlə yetirilmiş Livanın keçmiş
baş naziri Rafiq Həriri ölkəsində və onun hüdudlarından kənarda
yalnız siyasətçi və biznesmen kimi yox, həm də filantrop milyardçı
kimi məşhur idi.
Rafiq Həriri 1944-cü ildə Livanın cənubundakı Sidon
şəhərində doğulmuşdu. Gəncliyində təhsil almağa pulu olmadığından
universiteti yarımçıq tullayıb iş dalınca Səudiyyə Ərəbistanına
yollanan Həriri cəmi 15 ilə milyardçı olur. O, ilk milyardını tikinti
biznesində toplayır.
Həririnin biznes olimpinə yüksəlişinin qəribə tarixçəsi
var. Səudiyyə kralı səhralıqla əhatələnmiş Ət-Taif şəhərində beynəlxalq
toplantı keçirmək istəyir, ancaq şəhərdə bu cür tədbirə layiq bina
tapılmır. Toplantıya cəmi 6 ay qaldığından heç bir şirkət bu işə
yaxın durmur. Məhz bu vaxt Livan təbəəsi Həriri hamıya ağılsızlıq
kimi görünən işi boynuna çəkir və yarım il ərzində möhtəşəm bina
ucaldır. Bununla da kral ailəsinin hörmətini qazanır, gərəkli əlaqələr
qurur və Səudiyyə Ərəbistanının vətəndaşlığını alır.
Həriri qazancının əhəmiyyətli hissəsini öz vətənində
təhsilin və tibbin inkişafına, tikintiyə xərcləyirdi. O, vətəndaş
müharibəsi girdabında boğulan Livan üçün bu xərcləri təmənnasız,
məhz xeyriyyəçi kimi edirdi.
Onun ilk xeyriyyə işlərindən biri doğulduğu Sidon
şəhərində universitet yaratması olur. Həririnin yaratdığı fond artıq
30 ildir Livanda və Qərbdə təhsil alan yüzlərlə imkansız tələbəyə
təqaüd ödəyir.
Tarixdə qalacaq ən böyük xeyriyyə kampaniyalarından
biri vətəndaş müharibəsi illərində darmadağın olmuş Beyrut şəhərini
öz vəsaiti hesabına təmizlətməsi idi. Binalarının 90 faizi dağılmış
şəhər xarabalıqlar və çirkab içində idi. 1980-cı illərin əvvəllərindən
Beyrut küçələrində üzərində Həririnin şirkətinin emblemi olan yük
maşınları şütüyürdü. Şəhərin zibilləri yığışdırılır və dağılmış
küçələr təmir edilirdi.
Hətta 1990-cı illərin əvvəllərində - baş nazir Həriri
istefaya göndəriləndən sonra Livanı misli görünməmiş maliyyə böhranı
bürüdüyü zamanlarda belə onun fondları tələbələrə təqaüdlər verməkdə
və yoxsullar üçün mənzillər tikməkdə davam edirdi.
Rafiq Həriri jurnalistlərin dostuydu. Onun maliyyə
köməyi ilə Livanda çoxlu qəzet nəşr olunur, televiziya kanalları
və radiostansiyalar fəaliyyət göstərirdi. Həriri istər hakimiyyətdə,
istər də müxalifətdə keçirdiyi illərdə Livanın sabitlik rəmzi və
ən böyük xeyriyyəçisi olaraq qalırdı.
Onun Livanın bütün dini konfessiyalarının nümayəndələri arasında
o qədər böyük nüfuzu vardı ki, qətlindən dərhal sonra ölkədə yeni
vətəndaş müharibəsinin alovlanacağını proqnozlaşdıranların sayı
azalmır.
Məmməd Süleymanov |