LİBERALLAŞMA
VƏ LENİNÇİ İRSLƏR
III Seminar
14 mart 2006
|
 |
| Məruzəçi: Sabit Bağırov
|
«Azərbaycanda iqtisadi-sosial transformasiya: köhnə
irslər və yeni institutlar»
İslahatlara leninçi irsin təsiri:
tarixi baxış və tendensiyalar
Sabit
Bağırov
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi
Məruzəyə
başlamazdan öncə bir haşiyəyə çıxmaq istərdim. Əvvəla, mövzu çox
genişdir və bu gün burada sizə təqdim edəcəyim bəzi mülahizələr
yalnız diskussiyaya dəvət məqsədi daşıyır.
Başqa bir qeyd. Məruzəmim adında leninçi irs göstərilib,
lakin bu məfhum altında yalnız Leninlə deyil, ümumiyyətlə sovet
məfkürəsiylə bağlı məsələlər nəzərdə tutulur. Bizi maraqlandıran
odur ki, sovet dövrünün bizim kafalarımızda buraxdığı izlər nə dərəcədə
dərindir və dərindirsə, nə etməliyik ki, həmin izlərdən xilas olaq.
Belə bir diskussiyaya ehtiyac varmı, soruşula bilər.
Yəni sovet məfkürəsinin iqtisadi islahatlara birbaşa və dolayısı
təsiri barədə müzakirə aktualdırmı? Zənnimcə, belə müzəkirə iki
səbəbdən maraqlıdır. Həm aparılmış islahatların ardıcıllığı, sistemliliyi
və səmərəliliyinə mane olan amillərin tədqiqi baxımından, həm də
bü gün keçirilən və yaxın gələcəkdə keçiriləcək iqtisadi islahatların
uğurunu təmin etmək baxımından.
Cəmiyyətimiz leninçi irsdən tam azad ola bilibmi?
Azad olubsa, hansı başqa ideologiyaya «yoluxub»? Bəlkə tam liberallaşmışıq
və Fukoyamanın təbirincə, «tarixin sonu»ndayıq? Hər halda Azərbaycanda
hələ ki, «tarixin sonu» elə də yaxın görünmür. Bəs biz haradayıq?
Bu sualın müzakirəsindən öncə mən istərdim biz ölkəmizdəki
iqtisadi islahatların tarixinə qısa ekskurs edək. Aydındır ki, bu
tarixin böyük qismi SSRİ-ylə bağlıdır.
Keçmişə nəzər saldıqda açıq-aydın görə bilərik ki,
leninçi irs hələ sovet dövründə aparılan iqtisadi islahatların gecikməsinə,
natamamlığına, uğursuzluğuna gətirən ən ciddi amil olub.
Bolşevik təsərrüfatçılığının kapitalist sistemi ilə
müqayisədə qeyri-səmərəli olduğunu yeni Rusiyanın rəhbərləri hələ
1917-ci il oktyabr inqilabından cəmi 4 il sonra anlamışdılar. Ona
görə də 1921-ci ildə inqilabçı hökumət Yeni İqtisadi Siyasətə (tarixə
NEP adıyla düşüb) keçdi. Bu siyasət qısa müddətdə iqtisadiyyatın
bərpasında ciddi nailliyyətlərə imkan yaratmışdı. Lakin «aqrarçı
marksistlər»in 1929-cu ildə keçirilən ümumittifaq konfransında səslənən
çağırışlardan sonra NEP-ə son qoymaq qərar alındı. Nə səbəb oldu
buna? İdeologiya. İdeologiya, paxıllıq və qorxu. Yenidən bərpa olunan
burjua sinfi getdikcə güclənir, varlanır və kommunist ideologiyasını
şübhə altına salırdı. Dəhşətli, qəddar bolşevik hökuməti nəyinki
NEP-ə son qoydu, hətta bir çox tanınmış iqtisadçı alimlər və siyasi
xadimlər məhv edildilər.
Kommunist ideologiyası mülkiyyət münasibətləri və
onun iqtisadi realizə formaları, bazar münasibətləri, şəxsi maraq
amili, ticarət və pul siyasəti məsələlərində NEP-in əsasında duran
dəyərlərə uyğun gəlmirdi. Leninə görə, əmtəə-pul mübadiləsi olduğu
halda «sosializmdən danışmaq gülməlidir». Onun digər təxmini isə
belədir: «Kapitalizm ona görə məğlub olacaq ki, sosializm yeni və
daha yüksək əmək məhsuldarlığını yaradır».
Məlumdur ki, yüksək məhsuldarlıq ya şəxsi maraq, ya
qorxu, ya da inqilabi ovqatla təmin edilə bilər. Bolşevik hökumətinin
ümidləri məhz bu son iki amilə idi. Lakin əhalinin inqilabi ovqatı,
vahimə və məhkumlardan qul kimi istifadə sistemi zəiflədikcə bazar
iqtisadiyyatı ilə müqayisədə Stalin təsərrüfatçılıq üsulu öz rəqabət
qabiliyyətini və effektliyini tədricən itirdi. İqtisadiyyatın bütün
sahələrində əmək məhsuldarlığı və məhsulların keyfiyyəti aşağı düşməyə,
oğurluq isə artmağa başdı.
Stalinin ölümündən sonra iqtisadi islahatlara doğru
ilk addımlar atıldı. İstehlak məhsulları istehsalının artırılmasına,
kənd təsərrüfatının inkişafının sürətləndirilməsi və sərt mərkəzləşdirilmiş
planlaşdırma sisteminin yumşaldılmasına dair fikirlər söylənməyə
başladı. 1957-ci ildə Nikita Xruşşov sahəvi nazirliklərin ləğv edilməsi
və 100-dən artıq ərazi idarəetmə orqanlarının – sovnarxozların yaradılmasına
razılıq verdi. Bunu ilk mərkəzsizləşdirmə cəhdi kimi də qiymətləndirmək
olar. Lakin mülkiyyət və digər məsələləri həll etmədən mövcud sistemin
yaxşılaşdırılması cəhdləri müvəffəqiyyət qazana bilməzdi.
Mövcud sovet təsərrüfatçılıq sisteminin səmərəliliyinin
artırılması məqsədi ilə sonralar yeni yarımçıq islahat cəhdləri
edildi:
1965-ci ilin Kosıgin islahatı (plan göstəricilərinin
azaldılması, qiymətqoyma sistemində dəyişikliklər, müəssisələrə
kiçik maliyyə müstəqilliyinin verilməsi). Bu islahatlar 1965-1970-ci
illərdə müəyyən səmərə vermişdi. Sonrakı illərdə iqtisadi artım
templəri yenidən aşağı düşməyə başladı;
1979-cu ilin islahatı (dövlət müəssisələrinə daha
böyük maliyyə sərbəstliyinin verilməsi, əməyin nəticələri ilə onun
ödənilməsi arasında sıx əlaqənin yaradılması, bir çox mütləq plan
göstəricilərinin ləğvi). Bu islahatlar da müəyyən səmərə vermişdi;
1986-cı ilin fevralında iqtisadiyyatın idarə edilməsi
sistemindən başlanan Qorbaçov yenidənqurması (Dövlət Plan Komitəsinin
rolunun azaldılması, dövlət müəssisələrinin tam təsərrüfat hesabı
əsasında özünümaliyyələşdirmə sisteminə keçməsi, təchizat, qiymətqoyma,
kredit və sairə sistemlərin yenidən qurulması və s).
1986-cı ilin noyabrında sovet təfəkkürü üçün inqilabi
sayılan «Fərdi əmək fəaliyyəti haqqında» qanun qəbul edildi. Bu
qanunla fərdi fəaliyyətin 29 növünə, eləcə də özəl müəssisə növünə
icazə verildi.
1987-ci ilin iyununda dövlət müəssisəsi haqqında,
onun hüquqlarını və fəaliyyətini tənzimləyən qanun qəbul edildi.
Mütəxəssilərin o zaman qeyd etdiyinə görə, bu qanunla qadağan olunmayan
hər şeyə icazə verilmişdi. Müəssisələr bir çox baxımdan müstəqil
olmuşdular: məhsulun istehsalı, maliyyə fəaliyyəti, məhsulun satışı,
gəlirlərin istifadəsi. Beləliklə də, rəqabətin bazar mexanizmi öz
rolunu oynamağa başladı.
1988-ci ilin iyununda «SSRİ-də kooperasiya haqqında»
qanun qəbul edilmişdi. Bu qanuna görə, vətəndaşlara öz şəxsi mülkiyyəti,
yaxud dövlət müəssisələrinin mülkiyyətinin icarəyə götürülməsi əsasında
kooperativlərin yaradılmasına icazə verilirdi.
Gördüyümüz kimi, qısa müddət ərzində 1986-1989-cu
illərdə iqtisadiyatı sovet ideoloji sistemindən xeyli uzaqlaşdıran
ciddi addımlar atılmışdı. Lakin bir çox ekspertlərin fikrincə, məhz
köhnə təfəkkürün təsiri səbəbindən bütün bu addımlar yarımçıq və
natamamıydı.
1989-cu ildə Rıjkov-Abalkin islahat proqramı qəbul
olundu. Bu 5 illik proqramın məqsədi idarəetmənin inzibati-amirlik
sisteminin saxlanması ilə «sosialist bazarı”nın» yaradılması idi.
Rıjkov-Abalkin proqramının reallaşması əsasən siyasi
səbəblərdən mümkün olmadı. 1991-ci ilin sonunda SSRİ dağıldıqdan
sonra Rıjkov-Abalkin proqramından imtina edildi və Qaydar monetar
islahatlar proqramı qəbul edildi.
Qaydarın islahat proqramı başlamaqla iqtisadi siyasətdə
kommunist ideologiyasına, demək olar ki, son qoyuldu. Lakin bu islahat
proqramı ani səmərə verə bilməzdi. Həm zaman tələb olunurdu, həm
də leninçi irslə dolu kafalar bu irsdən qurtulmalı idi.
Leninçi irsin kafalardan çıxarılması ona görə vacib
idi ki, bu kafalar idarəetmə sisteminin dayağı olan və islahatları
həyata keçirməli məmurların kafaları idi.
Azərbaycandakı iqtisadi islahatlara nəzər yetirək.
Müstəqillik illərində islahat siyasəti aşağıdakı elementləri özündə
ehtiva edir:
qiymətlərin liberallaşdırılması;
xarici ticarətin liberallaşdırılması;
sərt maliyyə-kredit və büdcə siyasətinin aparılması;
səmərəli bank sisteminin formalaşdırılması;
dövlət əmlakının özəlləşdirilməsi;
milli pul vahidinin dövriyyəyə buraxılması;
institusional islahatların həyata keçirilməsi;
torpaq islahatının həyata keçirilməsi;
özəl sektorun inkişaf etdirilməsi;
beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın
gücləndirilməsi;
xarici investisiyaların cəlb olunması.
Bütün bu islahatlara ilk ciddi addımlar 1992-ci ilin
ortalarından atılıb. Leninçi irsin təsiri olubmu bu islahatlarda?
Əlbəttə. 1992-ci ilin ortalarından sonlarına qədər iqtisadi islahatların
həyata keçirilməsində iştirak edən bir adam kimi köhnə təfəkkürün
iqtisadi islahatlara müqavimət göstərməsinə çox misal çəkə bilərəm.
Və bu müqavimət təbii idi, çünki dövlət qulluqçularının böyük əksəriyyəti
mərkəzləşdirilmiş idarəetmə sistemində yetişmiş və bu sistemə öyrəşmiş
insanlar idi. Bunların birdən-birə yeni bazar münasibətlərinə uyğunlaşması
çox çətin və zaman tələb edən məsələ idi.
İslahatlar monetarizm ideyalarına əsaslansa da, onların
icrası açıq-aşkar keysiançılıq nişanəsi daşıyır. Ölkəmizin keçdiyi
yolun təhlilinə cəhd edərkən belə bir qəribə simbiozla rastlaşırıq.
Səbəbi nədir? Leninçi irsin qalıqları. Bu irs özünü bu gün də biruzə
verirmi? Bu irsin daşıyıcıları qalıbmı? Əlbəttə. Əksəriyyəti ilk
növbədə sadə insanlardır. Yalnız onların arasında sovetlərə nostalgiya
hissləri ara-sıra özünü biruzə verir. Bunun da səbəbi bu insanların
yeni sosial durumun, həyat tərzinin keçmişə nisbətən daha gərgin
olmasıdır.
Bəs leninçi irsindən məmur elitasının kafalarında
bir şey qalıbmı? Bəli: siyasi hakimiyyəti inhisarda saxlamaq prinsipi,
siyasi qüvvələrə dözümsüzlük, demokratik dəyərlərin və ədalətli
iqtisadi rəqabətin inkarı. Ümumiyyətlə, bu kafalarda qəribə bir
simbioz mövcuddur. Bir tərəfdən bayaq qeyd etdiyim siyasi hakimiyyətdə
inhisarçılıq, digər siyasi qüvvələrə dözümsüzlük, demokratik dəyərlərin
və ədalətli iqtisadi rəqabətin inkarı kimi hökm sürən prinisplər,
digər tərəfdən isə yaşamaq tərzində, geyimdə, səyahət və istirahat
yerini seçməkdə və sair Qərbə meyl.
Təəssüflər olsun ki, partiyaların da daxilində hələ
siyasi plüralizmdən danışmaq olmur və onların əksəriyyəti keçmiş
kommunist partiyasını xatırladır.
Bu gün həyata keçirilən iqtisadi islahatlara leninçi
irsin təsiri varmı? Əlbəttə. Bu irsin daşıyıcıları arasında Azərbaycan
elitası nümayəndələrinin olması, təbii ki, bir çox qərarların qəbulunda
özünü biruzə verir. Onu da unutmayaq ki, məmurlar elitasının böyük
qismi sovet sistemində tərbiyə almış və yetişmiş insanlardır. İstər-istəməz
düşüncə inersiyası qalıqların hələ bir müddət silinməməsini qaçılmaz
edir.
Misal üçün, böyük müəssisələrin özəlləşdirilməsinin
gecikməsini hansı obyektiv səbəblərə bağlamaq olar? Və ya deyək
Ümumdünya Ticarət Təşkilatına daxil olmaqda gecikmə. Digər misallar
da gətirilə bilər ki, bunlar hamısı ilk növbədə onunla izah edilir
ki, hakimiyyət hər şeyi, ən azı mühüm sahələri nəzarətdə saxlamaq
niyyətindədir. Kökü haradadır? O cümlədən leninçi irsdə.
Fikrimcə, leninçi irsdən xeyli uzaqlaşsaq da, liberal
ideologiyaya arzu edilən qədər yaxın deylik. İrəli çox kiçik addımlarla
gedirik.
Vahid Qazi, moderator
Təşəkkür edirəm, Sabit bəy. Müzakirələrə başlayaq.
Buyurun!
Cümşüd Nuriyev, iqtisadçı-ekspert:
Tranzisiyadan danışırıqsa, konkret məqamlar üzərində
dayanmaq yaxşı olardı. Mən aqrar islahatlar və dövlət-idarəetmə
orqanlarının hüquqi vəziyyətinə toxunmaq istəyirəm.
Bizdə hələlik sovet dönəminin köhnə strukturları qalır.
Aqrar sahədə bir-birini təkrarlayan strukturlara baxaq. Prezident
Aparatında iqtisadi şöbə var, o cümlədən aqrar sahəyə nəzarət edir.
Nazirlər Kabinetində aqrar sahəni xüsusi şöbə və baş nazirin birinci
müavini tənzimləyir. Bundan sonra da Kənd Təsərrüfatı Nazirliyi
gəlir. Bu paralellik istər-istəməz bir-birinə arxayınçılıq yaradır.
Bu qədər struktur ola-ola Azərbaycanın aqrar sistemində nəzarət
sıfıra bərabərdir.
Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsini götürək.
Cəmiyyətdə, elə Milli Məclisin özündə bu məsələ dəfələrlə qaldırılıb.
Amma hələ indiyə qədər bu haqda qanun qəbul edilməyib, dövlətin
ərzaq təhlükəsizliyi konsepsiyası yoxdu. İndiyə kimi dövlətin aqrar
himayədarlığı haqqında da heç bir qanun çıxarılmayıb. Hollandiya,
Polşa, Yaponiya, Meksika kimi ölkələrin təcrübəsi birmənalı şəkildə
bu qanunun olmasını tələb eləyir.
Bütövlükdə aqrar islahatlar sferasında bir boşluq
var. Təəssüf ki, bu mətləbləri dilə gətirəndə, bir qədər kəskin
danışanda ayrı cür başa düşür, adını müxalifətçi qoyurlar. Məsələni
elmi şəkildə qaldırırsan, onu da qəbul eləmirlər. Hardasa həmin
o leninçi ideyalar özünü göstərir. Bu prinsiplə biz nə dövlətimizi
inkişaf elətdirə biləcəyik, nə də bu təfəkkür tərzini dəyişdirə.
Bu dövlət hamımızındı, burada iqtidar-müxalifət məsələsi yoxdu.
Ağıllı təklif, haradan gəlməsindən asılı olmayaraq, qəbul edilməlidir.
Bu məsələ, çox təəssüf ki, bizdə hələ problemdir və dövlət idarəçiliyi
sistemində olan leninçilik ideyaları, eyni zamanda qanunlardakı
boşluqlar total korrupsiyalaşmaya gətirir.
Zənnimcə, Azərbaycan kimi transformasiya olunan cəmiyyətdə
kəndə diqqət artırılmalıdır. Məsələn, Yaponiyada islahatları həyata
keçirmək üçün birinci savadsızlığın aradan qaldırılmasını gündəmə
gətirdilər və bu işə kənddən başladılar. Hollandiyada da həmin sistemi
seçdilər. Biz gərək insanlarımızı islahatların aparılmasına hazırlayaq.
Onda yuxarıdan aparılan islahatlar nəticəsiz qalmayacaq. Bu cür
diskussiyaların da məhz maarifləndirmə baxımından əvəzsiz rolu var.
Qubad
İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri:
Keçid dövrü problemlərindən danışarkən müqayisələr
qaçılmazdır. Məsələn, adları tez-tez çəkilən Avropa ölkələri – Polşa,
Çexiya, Slovakiya, Macarıstan üçün artıq keçid dövrü problemi yoxdu.
Çünki onların finiş nöqtəsi məlumdu – Avropa Birliyinin bərabər
hüquqlu üzvləri olmaq istəyirdilər və indi həmin sistemə qoşulublar.
Yəni artıq keçid dövrünü bitiriblər.
Bizim üçün nədir bu finiş nöqtəsi? Deyək ki, Avropa
Birliyi. Əgər belə bir hədəf götürsək, onda biz keçid dövrünü ən
azı 20 il də yaşamalıyıq. Çünki yaxın 20 ildə hansısa bir qeyri-adi
hadisə baş verməsə, Avropa Birliyinin bizi sıralarına qəbul edəcəyinə
inanmıram. Bu baxımdan Avropa Birliyinin hədəf götürülməsini keçid
dövrü ilə eyniləşdirməyin tərəfdarı deyiləm.
Məsələni belə qoya bilərik: niyə, Şərqi və Mərkəzi
Avropa ölkələrindən fərqli olaraq, keçid dövrünü başa çatdıra bilmirik?
Bunun konkret bir cavabı var: həmin ölkələr son on beş ildə, tutalım,
Azərbaycan, Gürcüstan, Ermənistan kimi dövlət quruculuğu ilə məşğul
olmayıblar. Yəni onların keçid dövrünə kimi müstəqil dövlətçilik
ənənələri vardı. Onu da nəzərə alaq ki, Şərqi və Mərkəzi Avropada
keçid dövrü üçün əsas götürdüyümüz institutların bir çoxu əvvəldən
fəaliyyət göstərirdi, orda özəl mülkiyyət özünə müəyyən fəaliyyət
məkanı qazanmışdı. Həm də onlar sosializm ststemində çox qısa müddət
yaşamışdılar.
Sovet dövründən bizə heç də pis miras qalmamışdı.
Əvvəla, kifayət qədər təhsilli vətəndaş yetişdirilmişdi. Eyni zamanda
sovet dövrü texnoloji baxımdan kifayət qədər böyük infrastruktur
qoyub getmişdi. İstehsal münasibətləri, fabriklər, zavodlar vardı.
Keçid ərəfəsi start vəziyyətimiz yaxşı idi. Məsələn, yoxsulluq tüğyan
etmirdi. O başqa məsələdir ki, biz bu imkanlardan nə dərəcədə istifadə
edə bildik.
Bu gün Azərbaycanda kəmiyyət göstəriciləri önə çəkilib.
Elə hey deyirik ki, ölkədə iqtisadi artımla inkişaf edir. Əslinə
qalsa, iqtisadi artımla inkişaf məsələsi də çox ziddiyyətlidir.
Ötən il Azərbaycanda ümumi daxili məhsulun artım tempi 20 faiz təşkil
edib. Ancaq bunu əldə bayraq eləməyin əhəmiyyəti yoxdur. Hətta gedib
Yaponiyada deyirik ki, biz sizdən 10 dəfə üstün iqtisadi artıma
malikik. Bu, çox uğursuz müqayisədir. Dünyada iqtisadi artıma görə
ikinci yerdə bilirsiz kim gəlir? İraq. Orda da 19,2 faiz artım olub
keçən il. Belə çıxır ki, Azərbaycanla İraq dünyanın ən inkişaf eləmiş
ölkələridir?.. Rəqəmlərlə öyünüb adını inkişaf qoymaq olmaz. İnkişafın
göstəricisi ümümi daxili məhsulun özündə struktur dəyişikliyi ola
bilərdi. Bizdə isə hər şey neft gəlirlərinə bağlanıb.
Sosial transformasiyayla bağlı bir məqama toxunmaq
itsəyirəm. İndi bizdə pensiyalar haqqında qanunlar qəbul olundu.
Belə qanunları Şərqi və Mərkəzi Avropa ölkələrində 10 il bundan
əvvəl qəbul ediblər. Nə vaxtsa qeyri-dövlət pensiya fondları yaradacağıq.
Halbuki belə fondlar həmin ölkələrdə 1997-98-ci illərdən var. Sosial
pensiyaların, əmək pensiyalarının yeni qaydalarını təbiq eləməyə
başlayırıq. Amma normal pensiya verə biləcəyikmi? Yox. Çünki bizdə
bir nəfər pensiyaçıya 1,3 nəfər sığortaçı düşür. Əmək pensiyaçıları
modeli o vaxt işləyir ki, bir nəfər pensiyaçıya 4 nəfər sığortaçı
düşsün. Yəni 4 nəfər işləyən olsun, sığorta fondlarına ödəniş eləsin,
4 nəfərin hesabına 1 nəfər pensiyaçını saxlasınlar. Bax bu cür normal
qurulmuş cəmiyyət formalaşmayıbsa, keçid dövrü başa çatmayıb.
Sahibkarlığın vəziyyətinə də toxunmaq istəyirəm. Bizim
sahibkarlıqda çox qəribə bir mühit var. Dünyanın heç bir ölkəsində
menecer sahibkar axtarmır. Hər bir ölkədə sahibkar menecer axtarır
ki, gəlib onun müəssisəsini işlətsin. Dünyanın bazar sistemli heç
bir ölkəsində sahibkar pulunu torpağa qoymur. Anormal bir şeydir
ki, sahibkar nə zavod açır, nə fabrik tikir. Gedib torpaq alır,
özü də gəzir, sonra gəlib torpağı satır. 4-5 dəfə artıq pul qazanır.
Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Yaxud deyirik ki, ticarətimiz
liberallaşıb. Azərbaycanda biznesə başlamaq üçün 115 gün vaxt lazımdır.
Hüquqi qeydiyyat məsələsinə 40 gün ayırıblar. Lisenziyaların verilməsi
28 proseduradan keçir. 212 gün vaxt sərf eləyirsən buna. İdxala
baxıram, 14 sənəd lazım olur. 14 sənədə 40 nəfər imza atmalıdır.
Belə lisenziyalaşdırma olar? Liberallaşdırma istəyən dövlət gedib
Ümumdünya Ticarət Təşkilatının şərtlərini qəbul eləyər.
Rasim
Musabəyov, politoloq:
Mənə elə gəlir ki, keçid dövrünü tamamlamışıq, ya
yox məsələsinə nöqtə qoymaq vaxtıdır. Hər halda sovet, kommunist
sistemi yoxdur və bu baxımdan Azərbaycanda keçid dövrü bitib. Mən
də razıyam ki, Avropa Birliyinə inteqrasiyanı bu məsələylə eyniləşdirmək
olmaz. Məsələn, İsveç nə Avropa Birliyinin, nə NATO-nun üzvüdür,
bəyəm o, keçid dövründə yaşayır? Qazaxıstan heç bu xəttə meylli
deyil, ancaq iqtisadi islahatlara görə Azərbaycanı, bir çox hallarda
hətta Rusiyanı xeyli qabaqlayır.
Leninçi irs məsələsinə gəlincə, onun Azərbaycanda
əsas təzahürlərindən biri iqtisadiyyata dövlətin və məmurların fəal
müdaxiləsidir. Belə şəraitdə kim gedib müəssisə açacaq? Müəssisə
açan kimi yığışıb ondan nəsə qopartmağa çalışacaqlar. Ona görə sahibkar
gedib torpaq alıb kağızını da qoyur cibinə. Çünki bu daha sərfəlidir.
Qiyməti qalxacaq, gedib onu satacaq, bununla dolanacaq.
Şəxsi mülkiyyətin toxunulmazlığına təminat olmasa,
heç bir özəl mülkiyyət inkişaf etməyəcək. Hamı deyəcək ki, gedib
hakimiyyətdə bir yer açım, ən yaxşı gəlirli «toçka”» elə hakimiyyət
kreslosudur. Məmurların iqtisadiyyata sərhədsiz müdaxiləsinin qarşısı
alınmalıdır. Bununçün yüzlərlə qərar verilir. Amma bürokratik müdaxilələr
azalmaq əvəzinə artır. Bunlar aradan götürülməsə, leninçi irsdən
uzaqlaşmaq barədə danışmaq yersizdir.
Mais Güləliyev, Vətəndaş Təşəbbüsləri
Mərkəzinin rəhbəri:
Mən iqtisadçı deyiləm, ancaq leninçiyəm və bu məsələlərin
çox ciddi müzakirə olunmasına tərəfdaram. Müzakirə olunmalıdır ki,
biz hansı irsə malikdik və nəyə görə o irsdən imtina eləyirik və
hansı irsi əxz eləmək istiqamətində gedirik.
Məncə, bu gün cəmiyyət leninçi irsdən gələn ziyanlarla
yanaşı həmin irsdən qeyri-elmi şəkildə kəskin üz döndərməyin mənfi
nəticələrini də müzakirə etməlidir. Baltikayanı ölkələr kimi çox
inkişaf etmiş dövlətlərdə, məsələn, sovetlər sistemindən imtina
olunmadı. İndiyə qədər sovetlər sistemi qalıb – həmin formada, eyni
strukturda, adları da təqribən eynidir. Rusiyada, Ukraynada da bu
sistem işləyir. Yəni leninçi irs deyəndə ən çox sovetlərə fikir
verməliyik. Çünki həmin sistem inkişaf etmiş ölkələrin, demək olar,
hamısında fəaliyyət göstərir.
Əgər sosialist sistemini nəzərdə tuturuqsa, onun da
müsbət cəhətləri saxlanmalıdır. Leninçilik iqtisadiyyata, istehsal
vasitələrinə əlçatanlığı həmişə dəstəkləyirdi. Bəs bu gün vəziyyət
necədir? Doğrudanmı kənd yerlərində və yaxud mülkiyyəti olmayan
insanların istehsal vasitələrinə əlçatanlılığı yüksək səviyyədədir?
Yox. Əlbəttə, leninçiliyin elə məqamları var ki, onu inkar eləmək
lazımdır. Ancaq inkarın özü də addım-addım olmalıdır, birdən olmalı
deyil.
Zöhrab İsmayıl iqtisadçı-ekspert:
Təbii ki, leninçilik deyəndə biz sovet dövründən qalan
mirasların fəsadlarından danışmalıyıq. Artıq müstəqilliyin elan
olunmasından xeyli müddət keçib. Ancaq bizdə bu miraslar qalır.
Rasim müəllim bunun birini qeyd elədi. Bu, xüsusi mülkiyyətə münasibətdir.
İkinci bir miras bizim təhsil sistemidir. Bizim sovet dövründən
qalma təhsil sistemi bu illər ərzində bir qədər də eybəcərləşib.
Müstəqillik dövründə üç hakimiyyət dəyişdik. Axırıncı hakimiyyətin
daxilində bir nəsil dəyişikliyinin də getməsinə baxmayaraq, sovet
vərdişindən qurtula bilmirik. Təkcə məmurlar yox, müxalifət də,
iş adamları da qurtula bilmir. Çünki onlar həmin o köhnə təhsil
sistemindən çıxıb gəlirlər.
Məncə, biz bu keçid dövrünün müddətini qısaltmaq üçün
təhsildə nəsə bir inqilab etməliyik. Təhsildə kütləvi bir antikorrupsiya
tədbiri keçirməyə, islahat paketi reallaşdırmağa ehtiyac var. Keçid
dövrü indi bizim üçün daha ağırlı olacaq. Çünki biz əvvəl bir yolla
gedirdik, indi isə neft gölündə üzəcəyik. Bu keçid dövründə biz
üzüb bir yana çıxa da bilərik, bata da. 200 milyard dollara yaxın
vəsait Azərbaycanı gülüstana da çevirə bilər, cəhənnəmə də. Ancaq
problemin kökündə yalnız təhsil durmur, həm də bu siyasi sistem
durur. Siyasi sistem dəyişməsə, leninçi irsdən qurtula bilməyəcəyik.
Çingiz Məmmədov, politoloq:
Azərbaycanda keçid dövrünü ləngidən əsas problem
ətalətdir. Ətalət islahatların lokomotivi ola biləcək elitanı, o
elita daxilində gərəkli baxışları, oyun qaydalarını formalaşdırmağa
imkan verməyib. Sivil oyun qaydaları çox sadədir. Əgər hansısa yığıncaqda
yüz nəfərdən yalnız biri dəyərli fikir söyləyirsə, o 99 nəfər həmin
bir nəfərin fikrinə yalnız çoxluq hesabına üstün gəlməməlidir. Dəyərli
fikir mütləq nəzərə alınmalıdır.
Azərbaycanda hələ bu günə kimi əhaliyə izah olunmayıb
ki, bazar iqtisadiyyatı deyiləndə nə nəzərdə tutulur. Bazar iqtisadiyyatı
əhalinin gözündə sadəcə olaraq kolxoz bazarı kimi assosiasiya olunur
və insanlar haqlı olaraq bazar iqtisadiyyatını belə şəkildə qəbul
eləmək istəmirlər. Çünki bu, bazar iqtisadiyyatı deyil. Ona görə,
mənə elə gəlir, bizim keçid cəmiyyətində bu cür müzakirələrə ehtiyac
var. Bu cür dialoqlar adətən dar dairədə keçirilir. Azərbaycan cəmiyyətinin
daxilində hələ ki, belə bir dialoq getmir. Nə qədər ki, Azərbaycan
cəmiyyətinin daxilində bu dialoqlar getməyəcək, biz indiki kimi
yolun yarısında azıb qalacağıq.
Ramin Hacılı, tələbə:
Mənə elə gəlir ki, bizdə keçid dövrünün uzanmasının
əsas səbəblərindən biri leninçi təfəkkürün beyinlərdə qalmasıdır.
İqtisadi-siyasi və mədəni sahələr bir-biri ilə hər zaman bağlaşır
və bunlar arasında heç zaman tarazlıq pozula bilməz. Üç sahə eyni
vaxtda inkişaf etməlidir. Azərbaycan digər postsovet ölkələrindən,
məsələn, Rusiyadan fərqli olaraq, mədəni baxımdan çox geridə qalmış
vəziyyətdə idi və bunun fəsadları özünü göstərir. Leninçilik bir
ideologiya olaraq iqtisadi və siyasi təfəkkürümüzə nə qədər təsir
etmişdisə, milli mentalitet deyilən qəribə təfəkkür də bizi mədəni
inkişafdan saxlayırdı. Ona görə də bizim əsas prioritetimiz hər
üç sahədə inkişafa nail olmaqdır. Bunun üçün tək leninçi təfəkkürün
yox, həm də bayağı millətçiliyin aradan qalxmasına da səy yönəlməlidir.
İqtisadiyyatı hansı təfəkkürlə inkişaf etdirmək istəyirik?
Bu gün Azərbaycanda 50 min ABŞ dolları qazancı olan firmada ikinci
şəxsin – menecerin əməkhaqqı 200 dollardır. Yəni o 50 min dollar,
sadəcə, rəhbərin qazancıdır. Yəni burda iqtisadi pozuntular və qeyri-bərabərsizlik
hökm sürür. Biz bazar iqtisadiyyatına bu təfəkkürlə keçirik.
Burada təhsil barəsində də dedilər. Biz təhsillə bağlı
geniş kampaniyalar da keçiririk. «Rüşvətsiz təhsil kompaniyası»
və sair. Amma böyüklər, xüsusən valideynlər bizi boş-boş işlərlə
məşğul olmaqda, ömrümüzü-günümüzü mənasız şeylərə qurban verməkdə
ittiham eləyirlər. Yəni bu qədər problemin içində heç bir dəstək
almadan təhsildə islahata nail olmaq mümkündürmü? Yuxarıdan dəstək
olmasa, bizim cəmiyyəti aşağıdan dəyişmək qeyri-mümkündür. Çünki
bizim ünsiyyətdə olduğumuz auditoriyalara leninçi və bayağı millətçi
təfəkkürü sırımaq daha asandır.
Vahid Qazi:
Təbii ki, bu az vaxtda iqtisadi tranzisiya problemlərini
hərtərəfli çözmək mümkün deyil. Amma güman edirəm ki, köklü məsələlərə
toxunduq və tip müzakirələr davam etdirilməlidir. İctimai televiziyanın
imkanlarından istifada etmək, daha geniş auditoriyada müzakirələr
aparmaq zəruridir. Hamıya təşəkkür edirəm.
|