LİBERALLAŞMA
VƏ LENİNÇİ İRSLƏR
II Seminar
6 mart 2006
|
 |
| Məruzəçilər:
Ərəstun Oruclu
Qulamhüseyn Əlibəyli
|
«Azərbaycanda hüquqi-siyasi transformasiya: köhnə
irslər və yeni institutlar»
Bizdə liberal dəyərlərə
maraq heç də Avropa ölkələrindən az deyil
Ərəstun
Oruclu,
Fridrix Naumann Fondunun Azərbaycan üzrə layihəsinin koordinatoru
Müasir Avropa liberalizminin əsas dəyərləri və prinsiplərini
önə çəkən Ronald Meynardus «Liberalizmin əsasları»” məqaləsində
bunları qeyd edir:
- azadlıq və məsuliyyət,
- insan haqları və qanunun aliliyi,
- mərkəzsizləşmə və yerli özünüidarəetmə,
- azad sahibkarlıq və vətəndaş təşəbbüsü.
Göründüyü kimi, bu prinsiplər nəinki bir-birini inkar
etmir, əksinə, tamamlayır. Yəni insan haqlarının tam və əhatəli
təmin olunması yalnız hüquqi dövlətdə mümkündürsə, məsuliyyət olmayan
yerdə şəxsiyyət azadlığı özünü ən ağlasığmaz formalarda büruzə verərək
digərlərinin azadlığına, hətta həyatına təhlükə doğura bilər. Vətəndaş
təşəbbüsünün boğulduğu şəraitdə isə azad sahibkarlıqdan danışmağa
dəyməz.
Sadalanan
şərtlərin təmin edilməsi isə yalnız dövlətin insanların gündəlik
həyatına müdaxilə səlahiyyətlərinin minimuma endirildiyi və özünüidarəetmənin
geniş yayıldığı mühitdə - vətəndaş cəmiyyətində mümkündür.
Bü gün Avropada liberalizm əsasən sahibkarların ideologiyası
və maraqlarının ifadəçisi olan siyasi cərəyan kimi qəbul edilir.
Liberalların uğurları da məhz bu amillə sıx bağlıdır. Belə ki, sahibkarlıq
ənənələrinin davamlı olduğu regionlarda liberal partiyaların uğuru
yüksək qiymətləndirilir. Məsələn, Almaniyanın Baden-Vürttemberq
və Bavariya diyarlarında liberal qurum olan Azad Demokratlar Partiyası
seçkilərdə sabit uğurla çıxış edir ki, bu da həmin diyarlarda sahibkarlığın,
xüsusilə də kiçik və orta sahibkarlığın ənənəvi inkişafıyla bağlıdır.
Eyni misallar kimi liberalların Hollandiyada və Belçikada olan ictimai-siyasi
nüfuzunu gətirmək olar.
Umumiyyətlə, seçkilərin nəticələrini bir növ sosioloji
tədqiqat sonucu kimi qəbul etsək, Avropada liberalların nüfuzu 8,5-12
faiz civarındadır və son illər artan tendensiya üzrə gedir. Kanada,
Yaponiya və Avstraliyada isə liberal partiyalar davamlı şəkildə
hakimiyyətdədir.
Beləliklə, liberal ideyaların populyarlığı iqtisadiyyatın
strukturu ilə birbaşa əlaqəlidir: kiçik və orta sahibkarlığın inkişaf
səviyyəsi yüksək olan regionlarda liberal partiyaların dayaqları
daha etibarlı və sabitdir.
Azərbaycanda liberal dəyərlərin təşəkkül tapması bir
sıra reallıqlarla əlaqəlidir. Sovet İttifaqı dağıldıqdan sonra keçmiş
SSRİ məkanında ideloji boşluq yarandı. Kommunist ideologiyasına
alternativlərin olmaması postsovet məkanında idelogiyasız cəmiyyətlərin
formalaşmasına gətirdi.
Bu gün də MDB ölkələrinin ictimai-siyasi həyatında
siyasi ideologiyadan çox siyasi şəxsiyyət və siyasi fiqur amilləri
daha önəmli rol oynayır. Seçici hansı ideoloji cərəyana deyil, hansı
şəxsə səs vermək haqqında düşünür. Yəni sovetlər zamanına məxsus
avtoritar və totalitar düşüncənin nəticəsi olaraq bu gün də insanlar
ideologiya ətrafında deyil, daha çox şəxsiyyətlər ətrafında birləşməyə
üstünlük verirlər.
Postsovet dövründə Azərbaycan partiyalarının əksəri
sağ-mərkəzçi ideloji platformadan çıxış edən təşkilatlar kimi təqdim
olunur. Ancaq həm bu partiyalar, həm də liberal dəyərləri öz siyasi
platformasının əsas prinsipləri kimi bəyan edən başqa təşkilatlar
bir çox hallarda öz fəaliyyətlərində bu prinsiplərə riayət etmirlər.
Liberal yönümlü partiyanın sosial tələblər və ya sosialistlərin
bazar iqtisadiyyatına keçidi sürətləndirmək niyyətləri normal hala
çevrilir. Bu da siyasi reallıqdan doğur. Belə ki, liberal dəyərlərin
bərqərar olması üçün zəruri sayılan şərtlərin, demək olar ki, mütləq
əksəriyyəti ya yoxdur, ya da yox dərəcəsindədir. Azad və ədalətli
seçkilərin əvəzində onların kobud imitasiyası, insan haqlarının
qorunmasında ciddi problemlər, amansız korrupsiyaya məruz qalan
və heç bir iqtisadi qanunlarla idarə edilməyən iqtisadiyyat, müstəqil
məhkəmə sisteminin yoxluğu liberal dəyərlərin və prinsiplərin bərqərar
olmasını əngəlləyir.
Azərbaycan cəmiyyətinin özündə liberal ideyalara maraq
Avropa ölkələrindəkindən heç də aşağı səviyyədə deyil, bəziləri
ilə müqayisədə isə, hətta yüksəkdir. Ölkədə aparılan sosioloji tədqiqatların
nəticələri respondentlər arasında liberal dəyərləri dəstəkləyənlərin
sayının rəyi öyrənilənlərin təxminən 10-11 faizini təşkil etdiyini
göstərir, bu da ABŞ, Fransa və İngiltərə kimi ölkələrdəkindən yüksək
göstəricidir və təxminən Almaniya, Avstriya və İsveç kimi dövlətlərlə
bir səviyyədədir. Azərbaycanla bu ölkələr arasında sosial-iqtisadi
və digər parametrlər üzrə inkişaf səviyyəsi fərqlərini nəzərə alsaq,
bunun səbəblərini araşdırmaq maraqlı olardı. Fikrimcə, liberal dəyərlərə
bunca marağın bir neçə obyektiv və subyektiv səbəbi var:
siyasi-ideoloji məlumatsızlıq (Bir çoxları siyasi
cərəyanları bir-birindən ayırmağa çətinlik çəkir);
ideoloji boşluq;
fərdiçilik (individualizm) ənənələri;
sağ və sol təmayüllü radikal ideologiyalara ehtiyatlı yanaşma;
liberalizmin avtoritarizmə və totalitarizmə alternativ kimi qəbul
edilməsi;
liberal dəyərlərin Azərbaycan dəyərlərinə zidd olmaması və s.
Son dövrün müşahidələri Azərbaycanda liberal dəyərlərin
daha çox gənclər arasında yayılmasını göstərir. Azərbaycan Liberal
Gənclər Assosiasiyasını və Liberal Gənclər Şəbəkəsini buna misal
gətirmək olar. Bir sıra hallarda bu daha çox liberal fond olan Fridrix
Naumann Fondunun fəaliyyəti ilə əlaqədardırsa, digər tərəfdən də
xarıcdə təhsil almış gənc nəslin nümayəndələrinin müasir Avropa
dəyərlərinə olan maraqlarından irəli gəlir. Belə ki, Avropa mühafizəkarlarının
əsasən xristian təmayüllü olması və Azərbaycanda solçu ideyaların
daşıyıcısı olan fəhlə sinfinin yoxluğu liberalizmi bir növ digər
Avropa siyasi cərəyanlarından daha cəlbedici və perspektivli edir.
Bu gün Azərbaycanda liberal ideyaların intellektual bazasının formalaşması
prosesi gedir.
Liberalizmin bir siyasi cərəyan olaraq formalaşması
üçünsə, məncə, siyasi proseslərə maraq göstərən azad sahibkarlar
təbəqəsinin meydana gəlməsi zəruridir. Amma müasir liberalizmin
bu iki tərkib hissəsinin əhəmiyyəti avtoritarizm ideoloqlarına da
yaxşı bəllidir. Məhz ona görə də avtoritar rejimlər iqtisadi siyasəti
azad sahibkarlığın boğulması və korrupsiya üzərində qurur. Bu da
öz növbəsində liberal dəyərlərin bərqərar olmasına və yayılmasına
ciddi maneələr yaradır. Qəribə görünsə də, bu halda ilkin olaraq
siyasi azadlıqlar bir o qədər də həlledici rol oynamır. Məsələn,
Çilidə siyasi azadlıqları qəti şəkildə boğan Pinoçet rejimi iqtisadi
azadlıqlara tamamilə fərqli yanaşırdı ki, bu da ölkədə azad sahibkarlar
təbəqəsinin formalaşmasına gətirmişdi. Son nəticədə məhz həmin sahibkarların
maraqlarını təmsil edən liberal yönümlü siyasi elitanın meydana
gəlməsi General Pinoçeti bu qüvvəylə danışıqlara vadar etdi. Bu
danışıqların predmeti siyasi islahatlar idi. Nəticə isə hamımıza
yaxşı məlumdur. Bu danışıqlarda Çili liberallarının əsas arqumentlərindən
biri onların arxasında güclü sahibkar ordusunun durması idi. Siyasi
azadlıqlar isə sonrakı mərhələlərdə çox qısa müddətdə bərqərar oldu.
Bugünkü Azərbaycan şəraitinin əsas problemi isə ondan
ibarətdir ki, ölkədə həm siyasi, həm də iqtisadi azadlıqlar eyni
dərəcədə məhduddur. İslahat cəhdləri belə görünmür. Bu da cəmiyyətdəki
ictimai-siyasi durğunluğu möhkəmləndirir və ictimai-siyasi inkişafın
qarşısını alır.
Azərbaycanın
hüquqi sistemi marksisit-leninçi nəzəriyyəyə söykənir
Qulamhüseyn
Əlibəyli
Bakı Dövlət Universiteti konstitusiya hüququ kafedrasının baş müəllimi
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra
sosialist sistemindən azad demokratik cəmiyyətə keçid iki əsas başlanğıca
söykənir – demokratiya və bazar iqtisadiyyatı. Lakin bunlar çox
hallarda lazımi nəzəri və fəlsəfi əsaslar olmadan tətbiq edilir.
Sosialist sistemindən azad demokratik cəmiyyətə keçid
dövlət və hüququn ənənəvi funksiyalarıyla yanaşı, cəmiyyət həyatının
bütün sahələrini əhatələyən bir çox yeni vəzifələrin yerinə yetirilməsini
zəruri edir. Bura siyasi-hüquqi islahatların həyata keçirilməsi,
yəni həm dövlət mexanizminin özünün yenidən təşkili, həm də bütövlükdə
cəmiyyətin dəyişdirilməsi, iqtisadi islahatlar, daxili və xarici
siyasətdə yeni orientirlərin müəyyənləşdirilməsi, başqa sözlə, siyasi-hüquqi
və sosial-iqtisadi transformasiyanın təmin edilməsi aiddir. Azərbaycanda
bu keçid həmçinin xarici təcavüzün olması – Azərbaycan torpaqlarının
20 faizə qədərinin işğalı, bir milyondan çox azərbaycanlının qaçqın
və məcburi köçkün vəziyyətdə yaşaması ilə səciyyələnir.
Siyasi-hüquqi transformasiya baxımından Azərbaycanda
azad demokratik cəmiyyətə keçid dövrünün 3 şərti mərhələsini fərqləndirmək
olar.
Birinci mərhələ dövlət müstəqilliyini əldə etdikdən
sonra yeni konstitusiyanın qəbuluna qədərki dövrü əhatə edir və
hakimiyyət çevrilişləri, sosialist dövlət mexanizminin və hüquq
sisteminin kosmetik dəyişikliklərlə yeni şəraitə uyğunlaşdırılması
cəhdləri ilə səciyyələnir. Bu dövrdə həmçinin bir sıra yeni siyasi-hüquqi
dəyərlər, prinsiplər, institutlar və mexanizmlər dövlət-hüquq sisteminə
daxil olmağa başlayır. Lakin bu yeni institutların əksəriyyəti təcrübədə
tətbiq edilmədi; yalnız siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının
və azad mətbuatın hüquqi əsasları yaradıldı və onlar fəaliyyətə
başladılar.
İkinci mərhələ yeni konstitusiyanın qəbulundan sonra
Azərbaycanın Avropa Şurasına daxil olmasına qədərki dövrü əhatə
edir. Bu dövr dövlət mexanizminin liberal-demokratik dəyərlərə uyğun
yenidən təşkili əsaslarının formalaşması ilə səciyyələnir. Bir sıra
yeni dəyərlərin və institutların, o cümlədən hakimiyyət bölgüsü
prinsipinin və parlamentarizmin tətbiqinə başlanır, konstitusiya
nəzarəti orqanı formalaşdırılır, yerli özünüidarənin hüquqi əsasları
yaradılır, ilk bələdiyyə seçkiləri keçirilir.
Üçüncü mərhələ Azərbaycanın Avropa Şurasına daxil
olması ilə başlanıb və hazırda davam edir. Bu mərhələ Azərbaycanın
dövlət-hüquq sisteminin, qanunvericilik və inzibati təcrübənin tədricən
Avropa standartlarına uyğunlaşdırılması ilə səciyyələnir. Bu dövrdə
insan hüquqları və azadlıqlarının təmini, azad və ədalətli seçkilərin
keçirilməsi demokratik dəyərlər kimi ön plana çəkilir, ombudsman,
ictimai televiziya kimi yeni institutlar fəaliyyətə başdlayır, qanunvericilik
sistemində ciddi dəyişikliklər edilir.
Lakin hazırda siyasi-hüquqi transformasiyanın tam
başa çatdığını söyləmək tezdir. Bu transformasiya bir sıra ciddi
problemlərlə üzləşdiyindən, bütün gözləntilərə baxmayaraq, demokratik
dəyişikliklərin əsasının – sosialist sistemindən tam üzülüşmüş sabit,
dinamik inkişafı təmin edən liberal-demokratik institutların, azad,
rəqabətli bazar iqtisadiyyatının təşəkkül tapdığı demokratik cəmiyyətin
formalaşmasına nail olunmayıb.
Azərbaycanın hazırkı dövlət-hüquq mexanizmi hüquqi
etatizmə söykənir. Burada dövlətin hüquqla bağlı olması deyil, hüququn
dövlətdən asılı olması, hüquqda dövlət maraqlarının üstünlüyü diqqəti
cəlb edir, bütün hüquqi məsələlər dövlət kateqoriyasından (dövlət
iradəsi, dövlət maraqları, dövlət suverenliyi və s. ) şərh olunur.
Bunun başlıca səbəbi dövlət və hüququn hakimiyyət vasitəsi olmasını,
dövlətin hüquqdan üstünlüyünü, hüququn dövlətdən, siyasət və iqtisadiyyatdan
asılılığını nəzərdə tutan marksisit-leninçi nəzəriyyənin ideoloji
irsidir.
Azərbaycanın hazırkı dövlət sistemində hakimiyyətin
bölünməsi prinsipi rəsmən elan olunaraq, parlamentarizm tanınsa
da, faktiki olaraq icra hakimiyyətinin üstünlüyü təsbit olunur.
Bu, bir tərəfdən icra hakimiyyətinin təbiəti və xarakteri, yəni
onun çevikliyi, operativliyi, tez konsentrasiya olunma, maddi, maliyyə,
mənəvi və başqa vasitələrdən səmərəli istifadə qabiliyyəti ilə (obyektiv
amillər), digər tərəfdən isə icra hakimiyyətinə təsir göstərən ayrı-ayrı
qrupların və şəxslərin iqtisadi, siyasi və başqa maraqları ilə,
habelə icra hakimiyyəti daşıyıcılarının peşəkar və şəxsi keyfiyyətləri
(subyektiv amillər) ilə şərtlənir.
İcra hakimiyyətinin üstünlüyünün təsbit olunması həmçinin
hakimiyyətin bölünməsi prinsipini və parlamentarizmi inkar edən,
dövlət hakimiyyətinin sovetlər sistemi əsasında bir mərkəzdən idarə
olunmasını nəzərdə tutan marksist-leninçi nəzəriyyənin institusional
və ideoloji irsi ilə əlaqədardır. Məhz bununla əlaqədar olaraq konstitusiyada
prezident dövlət hakimiyyətinin digər qollarının da həyata keçirilməsinə
əhəmiyyətli təsir göstərən və nəzarət edən institut kimi nəzərdə
tutulur və ona geniş, faktiki olaraq qeyri-məhdud səlahiyyət verilir.
Başqa sözlə, icra hakimiyyəti səlahiyyət baxımından
formal-hüquqi və faktiki olaraq qeyri məhduddur və demək olar ki,
nəzarətsizdir. Yəni mövcud hüquqi sistem və dövlət mexanizmi çərçivəsində
icra hakimiyyətini real tarazlaşdıran və çəkindirən, onun özbaşınalıqlarının
qarşısını ala bilən hüquqi vasitələr yox dərəcəsindədir.
İcra hakimiyyəti parlament qarşısında cavabdeh deyil
və məsuliyyət daşımır. Parlamentin icra hakimiyyətinin fəaliyyəti
üzərində nəzarət səlahiyyətləri çox cüzi olub yalnız dövlət büdcəsinin
qəbulu, icra olunması haqqında hesabatların təsdiqi və ildə bir
dəfə Nazirlər Kabinetinin Milli Məclis qarşısında formal hesabat
verməsi məsələlərini əhatə edir. Lakin Milli Məclis bu cüzi səlahiyyətlərini
də faktiki olaraq həyata keçirmir; dövlət başçısının təqdim etdiyi
büdcə layihəsini təsdiq etməklə və onun yerinə yetirilməsi haqqında
hesabatı dinləməklə kifayətlənir.
Məhkəmə sisteminin mükəmməl olmaması, məhkəmələrin
icra hakimiyyətindən asılı vəziyyətə salınması, siyasi sifarişlər
və yuxarıdan verilən göstərişlər əsasında qərarlar çıxarması da
başlıca olaraq bu amillərlə şərtlənir.
Hakimiyyətin təşkilinin sovetlər sisteminin institusional
qalıqları həmçinin yerli özünüidarə mexanizminə, bələdiyyələr kimi
yeni institutların tətbiqinə də öz təsirini göstərib, onların real
siyasi hakimiyyət institutu kimi formalaşmaşana imkan verməyib.
Azərbaycanda siyasi plüralizm və çoxpartiyalılıq rəsmən
tanınsa da, sosialist dövləti və hüququndan qalma irs kimi yalnız
hakim partiyaya və ona yaxın olanlara üçtünlük verilir, siyasi əqidə
və mənsubiyyətinə görə təqiblər və təzyiqlər davam edir, çox hallarda
müxalif fikrə dözümsüzlük nümayiş etdirilir, müxalifət partiyaları
düşmən kimi qələmə verilir, eləcə də bəzi müxalif qüvvələr hakim
partiyaya, bütövlükdə iqtidara düşmən gözü ilə baxırlar.
İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin
ali məqsədi kimi elan edilsə də, bütövlükdə dövlət-şəxsiyyət münasibətlərinin
nizamlanmasında dövlət hakimiyyətinin və dövlət mülkiyyətinin şəxsiyyət
üzərində hərtərəfli və sözsüz prioritetini və şəxsiyyətin sosial
statusunun kollektivçiliyə əsaslanan xüsusi tipinin formalaşmasını
nəzərdə tutan sosialist dövləti və hüququnun təsiri özünü aydın
şəkildə göstərir.
Azərbaycanın mövcud hüquq-tətbiq və hüquq-mühafizə
mexanizmi həm nəzəri və həm də təcrübi baxımdan konkret fərdlərin
(ayrı-ayrı insanların) subyektiv hüquq və azadlıqlarından daha çox
ümumi dövlət maraqlarının qorunması və təmin edilməsinə yönəldilib.
Ümumi dövlət maraqları isə ayrı-ayrı məmurların öz mülahizələrinə,
bəzən də şəxsi mənafelərinə uyğun sərbəst təfsir edə bildiyi mücərrəd
bir anlayışdır. Bu da öz növbəsində icra hakimiyyəti orqanlarının,
vəzifəli şəxslərin və dövlət məmurlarının fəaliyyətində istər-istəməz
«dövlət maraqlarının qorunması» adı altında konkret fərdin insan
və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına gətirib çıxarır.
Ümumiyyətlə götürüldükdə, Azərbaycanın hazırkı dövlət-hüquq
sistemində köhnə və yeni elementlərin, dövlət və hüququn marksist-leninçi
nəzəriyyəsinin qalıqları ilə humanist, liberal nəzəriyyələrin dəyərlərinin
üzvi şəkildə qovuşması baş verir.
Azərbaycanın müasir dövlət-hüquq sistemi demokratik
məzmuna malik olan bir sıra yeni əsas hüquqi dəyərlərlərin, prinsip
və institutların olması ilə səciyyələnsə də, göstərilən yeni dəyərlər,
prinsip və institutlar, həmçinin digər hüquqi ideyalar dövlət-hüquq
sistemində kifayət qədər müəyyənlik əldə etməyib və butun hüquqi
nizamasalmanın məzmununu formalaşdıran aparıcı amilə çevrilməyib.
Bir çox hallarda həmin yeni dəyərlər, prinsiplər və institutlar
lazımi nəzəri və fəlsəfi əsaslar olmadan, köhnə marksist-leninçi
nəzəri müddəalara söykənilərək tətbiq edildiyindən kifayət qədər
səmərəli fəaliyyət göstərmir, təsirli olmur və gözlənilən nəticəni
vermir.
Nəzərə almaq lazımdır ki, hər bir milli dövlət hüquq
sistemini dövlət müəyyənləşdirən hüquq normalarının sadəcə məcmusu
deyil; o, həm də hüquq mədəniyyətini, hüquq ideologiyasını, hüquq
düşüncəsini, hüquq mentalitetini, hüquq adət və ənənələrini özündə
ehtiva edir ki, bunlar da bilavasitə dövlətlə deyil, cəmiyyətlə,
sosial həyatla bağlıdır.
Buna görə də dövlətdə baş verən dəyişikliklər dərhal
tam şəkildə hüquqda əks olunmur. Sosialist dövləti ilə birlikdə
xalqın sosializm şəraitində formalaşmış hüquq düşüncəsinin, hüquq
mentalitetinin, marksisit-leninçi ideyalara söykənən hüquq nəzəriyyələrinin
və doktrinalarının, hüquq mədəniyyətinin, hüquq adət və ənənələrini
dərhal yox olmasını iddia etmək olmaz. İctimai şuürdan sosialist
sindromunun çıxması üçün postsosialist cəmiyyətinin bir neçə nəslinin
dəyişməsi gərəkdir.
Vahid Qazi, moderator
Başlayacağımız müzakirələrə bir çox ictimai-siyasi
institutların nümayəndələrini dəvət etmişik. Gələnlərə təşəkkür
edirəm. Köhnə institutların yeniləşməsi, yenilərinin effektliyi,
hazırkı hüquq sisteminin işləkliyi bizi maraqlandıran məsələlərdəndir.
Qanunlarımızın və institutlarımızın daha çox imitasiya xarakteri
daşıması barədə səslənən fikirlərə də münasibət bildirmək arzu olunandır.
Hüquq sisteminin «leninçi irslər»dən təmizlənib-təmizlənməməsi də
maraqlı mövzudur. Buyurun!
Cahangir
Məmmədli, İctimai Yayım Şurasının sədri:
Bizdə liberal sözünün, anlayışın özü ilə bağlı qəribə
bir mənzərə var. Çoxları bilmir liberal nə olan şeydir. Azərbaycanda
belə təsəvvür var ki, liberallıq heç kimə dinməmək, məsələn, hər
hansı bir fikir deyiləndə ona reaksiya verməmək, iki adam dalaşanda
onların işinə qarışmamaqdır. Gəlin bir balaca sorğu aparaq küçədə.
Yüz adamdan 99-u belə deyəcək. Ona görə də bizim ciddi maariflənməyə
ehtiyacımız var.
Keçid dövründən danışırıq. Milli Məclisin bir 10 il
bundan əvvəlki iclasları yadıma düşür. Məclis sədri tez-tez deyirdi
ki, biz keçid dövrü yaşayırıq. Keçid dövrü, keçid dövrü – mən də
deyirdim, ay Allah, görən, bizi hara keçirik? Bax, bizim hara keçdiyimizi
deməyə qorxurdular. Ona görə ki, biz bazar münasibətləri dövrünə
keçirdik. Bir az da artıq desəm, kapitalizmə keçirdik. Yenidən qayıdırdıq
kapitalizmə və onu deməyə qorxurduq. Çünki sovet dövründə biz kapitalizmi
o qədər söymüşük ki.
Ərəstun müəllim, deyirsiz ki, cavanlar liberal dəyərləri
çox asan qəbul edir. Mən buna tam inanıram. Ona görə ki, gənclər
keçmiş dövrü görməyiblər, nostalgiya hissləri ilə yaşamırlar. Bizim
indiki idarəçilərsə Kommunist Partiyasından gəliblər. Gördükləri
o ideologiyadır və ondan çıxmaları çox çətindir. Ona görə bizdə
keçid dövrü çox uzun çəkir.
Bayaq Qulamhüseyn müəllim partiyalarla bağlı çox maraqlı
bir fakt dedi, ötəri dedi. Amma doğrudan da, məsələn, mən ən ciddi
adamlardan Milli Məclisin deputatı səviyyəsində, ən ciddi ziyalı
səviyyəsində eşidirəm ki, a kişi, bu qədər partiya olar? Və ya ən
ciddi adamlardan eşidirəm ki, bu qədər mağaza olar? Amma bizim evin
yanında mağazalar artdıqca mən görürəm ki, qiymət köhnə pulnan əlli
manat da endi. Çünki rəqabət aparırlar. Rəqabət sistemində ancaq
alıcı udur. Partiyalar da o cürdü. Partiya nə qədər çox olarsa,
plüralizmin, demokratik dəyərlərin meydanı da genişlənəcək.
Arif
Hacılı, Müsavat başqanının müavini:
- Mən hesab edirəm ki, Azərbaycanda hüquq problemi
islahatların keçirilməməsi ilə bağlı deyil. Əslində ölkədə kifayət
qədər hüquqi islahat keçirilib və kifayət qədər qanun qəbul olunub.
Və bu qanunların bir çoxu Avropa Şurasının, digər beynəlxalq qurumların
ekspertizasından keçdiyi üçün kifayət qədər liberal dəyərlərə söykənir.
Problem əslində Azərbaycanda bütün sahələrdə hüquqi nihilizmin hökm
sürməsi ilə bağlıdır. Yəni faktiki olaraq hakimiyyətin apardığı
siyasət elə bir vəziyyət yaradıb ki, Azərbaycanda hüquqa, qanuna
hörmət edilmir. Və istər Azərbaycan Konstitusiyası, istər qanunlar
daim pozulur.
Məsələn, biz həbsxanada olduğumuz dövr Cinayət-Prosessual
Məcəlləsini, digər uyğun qanunları öyrənmək üçün kifayət qədər vaxtımız
oldu. Açığını sizə deyim ki, məsələn, prosessual məcəllə kifayət
qədər demokratik bir məcəllədir. Və əgər bu məcəllənin tələblərinə
əməl olunsa, məhkəməyə çıxan hər bir şəxs öz hüquqlarını kifayət
qədər hərtərəfli qoruya, haqlı olduğunu sübut edə bilər. Sadəcə,
nə bu məcəlləyə, nə Azərbaycanın başqa qanunlarına məhəl qoyan var.
Məsələn, götürək «Sərbəst toplaşmaq azadlığı haqqında
qanun»u. Bu qanun, o cümlədən Azərbaycan Konstitusiyasında sərbəst
toplaşmaq azadlığı ilə bağlı müddəalar hətta bəzi liberal Avropa
ölkələrində olan qaydalardan daha demokratikdir, daha liberaldır.
Bəzi Avropa ölkələrində kütləvi aksiyaya icazə verilməsi proseduru
nəzərdə tutulur. Azərbaycanda isə yalnız xəbərdarlıq edilməlidir.
Amma reallıq necədir? Məsələn, paytaxt rəhbərliyi bir çox hallarda
mitinqlərin, yürüşlərin keçirilməsi ilə əlaqədar müraciətə cavab
verir ki, filan yerdə insanlar istirahət edir. Onların istirahətinə
mane olmamaq üçün və yaxud avtomobillərin hərəkətinə əngəl törətməmək
üçün sizə kütləvi aksiyanın keçirilməsinə icazə verilmir və yaxud
da başqa yerdə icazə verilir. Yəni vətəndaşlarla qanun dilində rəftar
yoxdur.
Ya götürək Seçki Məcəlləsini. Avropada elə ölkələr
var ki, polis və yaxud da icra hakimiyyəti strukturları birbaşa
seçki proseslərini həyata keçirirlər. Bizim qanunlar bunu qadağan
edir. Azərbaycanda hətta mövcud Seçki Məcəlləsinin hərfinə əməl
olunsa, bu məcəllə ilə demokratik seçki keçirilməsi mümkündür. Bunun
üçün siyasi iradə lazımdır. Bu siyasi iradə mövcud deyil.
Azərbaycan cəmiyyəti postkommunist məkanında liberal
keçidə ən yaxın, əsas namizəd ölkədir. Ölkədə liberal dəyərlərin
bərqərar olmasına maneçilik törədən başlıca amil Azərbaycan hakimiyyətidir.
Söhbət təkcə siyasi məsələlərdən getmir. Məsələn, biz həbsxanada
olduğumuz dövrdə heç bir siyasi mənsubiyyəti olmayan minlərlə günahsüz
adamın məhbəsdə yatdığını gördük. Kimi layiq olduğu cəzadan artıq
cəza almışdı, kimi də, daha ağır cəza törədənin əvəzindən əzab çəkirdi.
Bu, hüquqi nihilizmin hökm sürməsinin, ədalət mühakiməsinin yoxluğunun
nəticəsidir.
Rauf
Mirqədirov, “Zerkalo” qəzetinin siyasi icmalçısı:
Burada maarifçilik haqqında danışıldı. Mənə elə gəlir
ki, son 15 ildə biz ancaq maarifçiliklə məşğuluq. Yığışıb nəyisə
bir-birimizə öyrətməyə çalışırıq, sonra da dağılışırıq.
Problem, mənə elə gəlir ki, başqa müstəvidədir. Ərəstun
bəy Çili təcrübəsini yada saldı, onun Azərbaycandan çox ciddi bir
fərqini haqlı qeyd elədi. Auqusto Pinoçet azad iqtisadiyyatın əleyhinə
deyildi. O, mühafizəkarların, hətta solların normal fəaliyyəti üçün
ilkin şərtləri yaratmıqla, azad iqtisadiyyata imkan verməklə faktiki
liberalizmin özülünü qoymuşdu.
Azərbaycanda problem ondan ibarətdir ki, bu ölkədə
hər hansı bir ideologiyadan və o ideologiyanın təmsilçilərindən
yalnız çox şərti danışmaq mümkündür. Bütün dünyada solların sosial
bazası həmkarlar ittifaqlarıdır. Bu gün biz həmkarların fəaliyyətini,
əgər bu doğrudan da məhz fəhlələrin hüquqlarının müdafiəsidirsə,
hələlik Qərb şirkətlərində görürük. Qərb şirkətlərinin qurduğu zavodlarda
təxminən 300-350, bəzi hallarda 700 ABŞ dolları alan fəhlələr tətil
eləyirlər. Çox böyük sosial təbəqəni təşkil edən həkimlərin, müəllimlərin,
əmək haqları minimum istehlak zənbilindən azdır. Ancaq onlar tətil
eləmirlər. Bu onu göstərir ki, hələlik ideologiyanın sifarişçisi
olan sosial təbəqələr müəyyənləşməyib. Liberal dəyərlərin sifarişçiləri
ola biləcək fəhlə sinfi yoxdur, orta, xırda sahibkarlar yoxdur.
Nəhayət, iri sahibkarlar yoxdur, əksər hallarda daha sağ mühafizəkar
ideologiyaların sifarişçiləri onlar olur. Bu halda siyasi iradə
lazımdır, istiqamətlənmiş siyasi iradə.
Bu saat Azərbaycanda çox gözəl siyasi iradə nümayiş
etdirirlər: heç nəyə icazə yoxdur, hər şey yalnız deklorativ şəkildə
mövcud olmalıdır. Bu da siyasi iradədir. Amma əks siyasi iradədir.
Azərbaycanda azad iqtisadiyyat olsaydı, məhz bu cür iqtisadi zəmində
formalaşmış sosial təbəqələr – fəhlə sinfi, xırda, orta və iri sahibkarlar
olsaydı, onlar ən avtoritar, ən totalitar hakimiyyəti də gec-tez
məcbur eləyərdəlir ki, gerçək demokratik islahata getsinlər, müəyyən
azadlıqları təmin eləsinlər və siyasi-hüquqi sistem iqtisadi sistemə
uyğunlaşsın. İndi bizdə bu yoxdur.
Fazil
Qəzənfəroğlu, millət vəkili:
Mövzunun aktuallığı ondan ibarətdir ki, uzun illərdən
bəri Azərbaycanda keçid dövrü deyilən bir terminin bu günə qədər
də gündəmdə qalmasının səbəblərini araşdırmağa həsr olunub. Niyə
bu keçid dövrü keçilib tamamlanmadı? Niyə bunun nəticəsində Azərbaycanda
rifah dövləti, yaxud effektli dövlət deyilən bir anlayış ortaya
çıxmadı? Niyə Azərbaycan dövləti vergilərlə bəslənən bir dövlət
modelinə gəlib çıxmadı, neftlə bəslənən bir dövlət modeli olmaqda
davam elədi? Yəni bu sualların hamısının cavabının, təbii ki, həm
politoloji, həm hüquqi spektrdə araşdırılması vacibdir.
Mən başlıca səbəb kimi bütövlükdə Azərbaycan cəmiyyətində
bu tarixi inkişaf tendensiyasına olan yanlış münasibəti göstərərdim.
Bu keçid dövrü anlayışı Qərbi Avropa ölkələrində, Şərqi Avropa ölkələrində
müzakirəyə çıxarılanda onlar da 10 il, 15 il, 20 il müddətlər müəyyən
eləmişdilər. Burda iki problem prioritet götürülürdü. Bir ümumiyyətlə
tranzisiya problemi, keçid problemi, bir də onun həlli problemi.
Göstərirdilər ki, ümumiyyətlə keçid dövrü o ölkələrdə tamamlanır
ki, orda artıq həm köhnə institutlar, köhnə sistemin qalıqları sındırılır,
ortadan qaldırılır, həm də nisbətən yeni stabil institutlar yaranır.
Və bununla da keçid dövrü yekunlaşır, tranzisiyanın tamamlanması
baş verir. Yəni artıq oyun qaydaları müəyyən olunur.
Çox təəssüf ki, Azərbaycan bunları yaşamadı. Bu da
birinci növbədə təbəqə məsəlisiylə bağlı idi. Azərbaycanda nomenklatura
ilə dəyişim istəyən qüvvənin, bəli, razılaşması baş verməlidir.
90-cı ildə əslində bir xalq hərəkatı modelinin hakimiyyətə gəlməsi
Azərbaycan üçün neqativ hal idi. Yəni nomenklatura ilə dəyişim istəyən,
müəyyən mənada liberal şüarlar irəli sürən qüvvənin razılaşmasının
olmaması sonrakı prosesləri ləngidir.
Məsələn, İspaniyada 75-ci ildə Franko rejimi dəyişdi,
dialoq mühiti yarandı. Və artıq yeni hakimiyyət bölgüsü, yeni islahatlar
həyata keçirildi. Portuqaliyada avtoritar rejim 86-cı ilə qədər
davam etdi. Ölkə tədricən yeniləşmə prosesləri keçəndən sonra Avropanın
ən geridə qalmış dövlətindən iqtisadiyyatda ən öncül məmləkətə çevrildi.
Azərbaycanda isə bu illərdə, deyildiyi kimi, yeni institutlar yarandı,
amma heç nə dəyişmədi. Azərbaycanda məhkəmə sistemi var. Əvvəllər,
sovet hökumətində məhkəməni, deyək ki, partiya nomenklaturası təyin
edirdi. Bu gün testlə seçilir. Amma hakim yoxdur ölkədə. Vəkillik
testlə müəyyən olunur. Amma ölkədə vəkil yoxdur. Azərbaycanda insan
haqqını qoruyan yüzlərlə institut var, amma insan haqqının vəziyyətində
heç bir dəyişiklik yoxdur. Qanunlar, çox doğru qeyd olundu, Avropanın
qəbul elədiyi dəyərlərə uyğun şəkildə yaranır. Amma icra mexanizmi
dəyişmədi. Bələdiyyə yarandı. Amma özünü idarəetmə deyilən bir şey
ortaya çıxmadı.
Bunların səbəbi bilavasitə təbəqə ilə bağlıdır. Polşada
islahatların anatomiyasını araşdıran mütəxəssislər prosesin sürətli
gedişini bir vacib amillə izah edirlər. Bu ölkənin xaricdə yaşayan
on milyondan artıq sahibkarı vardı. Onların Polşa islahatına inteqrasiya
olunması, sahibkarlıq mədəniyyətini Polşaya gətirməsi sürətli islahatların
həyata keçirilməsinə imkan yaratdı. Azərbaycanda bu sahibkarlıq
mədəniyyətinin, bu təbəqənin yaranmasına imkan verilmədi. Ona görə
də biz həqiqətən də effektli dövlət yarada bilmədik.
Azərbaycanda dəyişimə aşağıdan gələn impulsların gücü
yetmir, kifayət etmir. Çünki onun arxasında təbəqə durmur. Bu gün
müxalifətin də kifayət qədər böyük elektoratı var. Meydana otuz
min, qırx min, əlli min adam yığmaq elə-belə asan məsələ deyil.
Yığılır. Amma cəmiyyətdə məsələni yığılan adam həll eləmir. Təbəqə
həll eləyir.
Leyla
Yunus, Sülh və Demokratiya İnstitutunun rəhbəri:
Ərəstun Oruclunun çıxışındakı optimizm notları məni
çox təəccübləndirdi. Onun sözlərindən belə çıxır ki, Azərbaycanda
liberalizmin hansısa perspektivləri var. Razı deyiləm. Ərəstun bəyin
istinad elədiyi nazik təbəqə – QHT-lər ətrafında toplaşmış və ya
Amerikada təhsil almış bir qrup gənc bu məşəqqət dəryasında batacaq.
Artıq batır da.
Arif bəyin, Fazil bəyin çıxışlarında haqlı qeyd edildi:
Azərbaycanda nə siyasi, nə də iqtisadi azadlıq var. İqtisadi azadlıqdan
ümumiyyətlə danışmağa dəyməz. Azad bizneslə məşğul olmaq istəyib
həbsxanaya düşən adamların sayı müxalifətçi dustaqlardan qat-qat
çoxdur. Onları, sadəcə, halal pul qazanıb məmurlarla bölüşmək istəmədiklərinə
görə tutublar.
Bu gün Azərbaycanda liberalizmin yox, solçu və radikal
islam ideyaların perspektivindən danışmaq daha düz olardı, çünki
hakimiyyətin siyasəti nəticəsində lümpenlərin sayı artıb. Konservativ
liberal ideyaların nüvəsində milli burjuaziya, orta və iri sahibkarlar
dayanmalıdır. Bizdə mülkiyyət azadlığı və azad sahibkarlıq varmı?
Hardasa xırda bir dükan qaralayıb alverlə dolanan insanları sahibkar
saymaq olmaz. Əhalinin böyük qismi güzəran ağırlığı və demokratik
dəyərlərin gözdən düşməsi ucbatından mənəvi boşluq yaşayır. Belədə
sabaha ümidlər verən hansısa ideologiya meydana girib bu adamları
ağuşuna alacaq. Bu da ya kommunist ideologiyası ola bilər, ya da
islam. Kommunizm bir dəfə bu ölkəni dolaşıb keçib. Yerdə qalır islam.
İndi hətta rusdilli qızlar başlarına hicab bağlayırlar. Deyirlər,
neyləyək, Allaha qurbanıq. Bəli, ölkədə ən cəlbedici ideologiya
islamdır.
Biz elitadan danışırıq. Kimlər təşkil edir bizdə bu
elitanı? İqtisadiyyatı monopoliyaya almış məmurlar. Avropa Şurasının
tələbiylə yaradılmış bütün demokratik təsisatlar da formal mövcuddur.
Ombudsman institutu da, ictimai yayım da məmurların monopoliyasındadır.
Hakimiyyət qollarının – parlamentin, məhkəmələrin asılı durumu da,
yerli özünüidarə orqanlarının nə gündə olduğu da sizə yaxşı bəllidir.
Ona görə mən liberalizmin gələcəyi, yəni leninçi irslərdən tezliklə
yaxa qurtaracağımızla bağlı pessimistəm.
Taleh
Şahsuvarlı, jurnalist:
Bütün cəmiyyətlərdə ən əsas baza, burada deyildiyi
kimi, iqtisadiyyat hesab olunur. Əgər iqtisadiyyat və iqtisadi münasibətlər
dəyişirsə, heç şübhəsiz, cəmiyyətin digər strukturları da dəyişməyə
məhkumdur. Bu mənada liberalizm ideyası da, heç şübhəsiz, iqtisadiyyatla
çox sıx bağlıdır. Əgər Azərbaycanda iqtisadi münasibətlər sistemi
dəyişəcəksə, o zaman burada liberal ideyaların da inkişafından söhbət
gedə bilər. Dəyişməyəcəksə və indiki kimi monopoliyada qalacaqsa,
özü ilə bərabər sosial təmsilçilik institutlarını da yaratmayacaq
və liberalizmin gələcəyi üçün çox böyük təhlükələr qalacaq.
Mən bir önəmli məsələnin üzərində dayanmaq istəyirəm.
Gəlin Azərbaycandakı siyasi rejimin parametrlərini müəyyənləşdirək.
Heç şübhəsiz, bu rejim, yəni hər kəs bunu etiraf eləyər, avtoritar
rejimdir. Bilirik ki, avtoritar rejimin, belə deyək, ayrı-ayrı formaları
mövcuddur. Azərbaycanda avtoritarizmin demokratura deyilən bir forması
var. Bu demokratura formalı avtoritarizmin bir mühüm özəlliyi var.
O həm iqtisadiyyatı öz monopoliyasında saxlayır, həm də seçki sistemini.
Bundan kənarda müəyyən məsələlərə, tutalım, söz azadlığına yer verilir.
Siyasi partiyaların fəaliyyətinə də yer verilir. Hərdənbir sərbəst
toplaşma azadlığına da yer verilir.
Burada deyildiyi kimi, tək iqtisadi islahatların aparılması
da vəziyyətdən çıxış üçün yetərli deyil. Əgər biz gerçək liberal
cəmiyyət qurmaq istəyiriksə, onda həm iqtisadi islahatlar, həm siyasi
islahatlar, özəlliklə də seçki islahatları paralel şəkildə aparılmalıdır.
İslahatlar paralel aparılmadıqda liberal cəmiyyətə transformasiya
baş vermir.
Əliməmməd
Nuriyev, Konstitusiya Fondunun prezidenti:
Mən hesab edirəm ki, istənilən məsələ, o cümlədən
istər liberal dəyərlərin, istərsə hüquqi islahatların və yaxud hüquqi
institutların durumuna yönəlik fikirləri bildirməklə yanaşı, problemlərdən
çıxış yolları da göstərilməlidir. 15 ildir danışılır ki, keçid dövrüdür.
Transformasiya proseslərindən, bazar iqtisadiyyatından, islahatlardan
danışırıq. Bu 15 ilin yekunları ilə bağlı ciddi müzakirələr gedirmi?
Biz insan potensialı ilə bağlı məsələyə doğru yanaşmamışıq.
İstənilən liberal dəyərlərin daşıyıcısı hər şeydən əvvəl insandır.
O insanın formalaşdırılması məsələsi ilə bağlı nələri etməliyik
– bunun üzərində düşünmək lazımdır.
Biz hakimiyyət bölgüsü məsələsini qeyd etdik. Hakimiyyət
bölgüsü Azərbaycan Konstitusiyası ilə təsbit olunub. Amma hakimiyyət
bölgüsünün real məzmunuyla bağlı çox doğru fikirlər səsləndi: bəli,
icra hakimiyyəti digər hakimiyyətləri tamamilə üstələyib. Əslində
insan hüquqlarının, azadlıqlarının təmin olunmadığı, siyasi və iqtisadi
plüralizmi olmayan bir cəmiyyətdə hakimiyyət bölgüsündən də danışmaq
olmaz. Yəni hər şeydən əvvəl buna nail olunmalıdır.
Vahid Qazi:
Həqiqətən görüləsi işlər çoxdur. Totalitar psixologiya
və ənənənin törətdiyi fəsadlardan birdən-birə qurtulmaq olmur. Amma
istək, həvəs və iradə də kifayət qədər deyil. Hamınıza təşəkkür
edirəm.
|