SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№1 (19) ---- 2006
SİYASİ TRANZİSİYA

LİBERALLAŞMA VƏ LENİNÇİ İRSLƏR
I Seminar
28 fevral 2006

Məruzəçilər:
Rəhman Bədəlov
Rasim Musabəyov

«Kommunizmdən demokratiyaya keçid problemləri:
adekvat şüur və institusional dəyişiklik»

«Avropalılıq»la «asiyalı»lıq arasında: kəfkir hara əyiləcək?

Rəhman Bədəlov
F.e.d., professor

Hər şeydən əvvəl iki şərt kəsək.

«Asiya»” məcazı artıq çoxdan coğrafi məna kəsb etməklə məhdudlaşmayıb həm də gerilik, müasirliyə qarşı gizli müqavimət anlamı verir. Hətta Asiya ölkələrini ümumdünya tarixi proseslərindən kənarda tutan «Asiya» istehsal üsulu” barədə nəzəri mübahisələr də mövcud olub. Buna görə də «Asiya»” məcazının məna çalarları barədə mübahisəyə girmədən onu yalnız müəyyən bir fikri əsaslandıra bilmək üçün sistem qurmağa köməkçi ifadə, şərti simvol kimi qəbul edəcəyik.

İkinci şərt. Mən «avropalı»lığın” yalnız mədəni və mədəni-mental aspektlərini nəzərdən keçirirəm. Ayrıca müzakirə tələb edən bir çox vacib politoloji məsələlər bizim tədqiq dairəmizdən kənarda qalır.

Mətləbə keçək. İlin əvvəlində Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin mandatı, bir çox qeyd-şərtlərlə olsa da, təsdiqləndi. Bizi növbəti dəfə «avropalı»” kimi qəbul etdilər, indi biz sakitcə... «asiyalı»” olaraq qala bilərik. Kənar çağırışlar qarşısında daxilən dəyişdiyimizi elə yaxşı yamsılayırıq ki, artıq avropalı olmağa başladığımıza inanırlar (ya da özlərini belə göstərirlər). Hərçənd, AŞPA-nın son sessiyasında iştirak edən hüquq müdafiəçisi Arzu Abdullayeva deyir ki, «ayrı-ayrı azərbaycanlı məmurların şəxsi ambisiyalarına görə avropalılar Azərbaycan xalqını asiyalı sayırlar” («Zerkalo»”, 31 yanvar 2006-cı il). Qəribə bir paradoks alınır: bizi ona görə avropalı kimi qəbul ediblər ki, asiyalı sayıblar. Bu barədə düşünməyə dəyər.

Amma bizim primitiv siyasi texnologiyalarımız nə qədər uğurlu görünsə də, özünü olduğundan fərqli qələmə vermək heç də həmişə və hər yerdə mümkün deyil. Bəyan edilən «avropalılıq”la» real «asiyalılıq”» arasındakı fərq gec-tez partlaya, toplumun parçalanması və «avropalı»lar”ın cəmiyyətdən zorla qovulub çıxarılması ilə nəticələnə bilər (yeri gəlmişkən, bəzi ölkələrdə bu proseslər, sadəcə, «avropalı»lar”ın məhv edilməsi ilə başa çatıb). Bu mənzərə həddən artıq bədbin görünsə də, hər halda ən pis ssenariləri diqqətə almaq daha doğru olardı.

Hər şeydən əvvəl «avropalı»lığı” geniş yayılmış «Avropa standartı”» ifadəsi ilə qarışdırmaq lazım deyil. Hərçənd, əksər azərbaycanlılar, o cümlədən ən yüksək hakimiyyət eşalonu nümayəndələrinin çoxu üçün məhz Avropa standartının zahiri parametrləri «avropalı»lıq” anlamına gəlir. Elə avropalı «obıvatel»” də kiminsə «avropalı”» olub-olmaması barədə düşüncə və hərəkətlərin məcmusuna görə deyil, hər şeydən əvvəl Avropa standartlarına uyub-uymaması baxımından mühakimə yürüdür. Bir tədqiqatçının (Pyer Şonyu) qeyd etdiyi kimi, əsl avropalılıq «standart» yox, yalnız və yalnız variasiyaların kifayət qədər geniş kontinuumundan ibarətdir”. Təəssüflə qeyd etməliyik ki, 1990-cı illərin əvvəllərində bizə demokratiyanın müxtəlif problemləri barədə treninqlər keçən avropalı trenerlərin çoxu Avropanın demokratik «standartları»” barədə eyni cür səthi təsəvvürlərdən çıxış edirdilər. Azərbaycan demokratiyası isə çox gənc və təcrübəsiz olduğundan bu cür xarici çağırışları yamsılma metoduyla cavablandırmağa üstünlük verdi.

Bütün ictimai sistemlərin açıq xarakterdə olduğunu nəzərdə tutan ictimai refleksiyanı (seçkilər məhz elə bu ictimailiyi və açıqlığı möhkəmləndirməlidir) inkişafın «Avropa» vektoru”nda ən mühüm komponent kimi qəbul etmək lazımdır. Demokratiya yalan və ikiüzlülük üzərində qurula bilməz, o öz inkişafını real şəkildə korrektə etmək üçün (seçkilər də bu korrektə işinin başlıca alətinə çevrilməlidir) özü haqqında həqiqəti hökmən bilməlidir. Məhz buna görə də seçkilərin saxtalaşdırılması, yəni ümumi düşüncənin səhnəarxası danışıqlar və yalançı vədlərlə əvəzlənməsi «qeyri-avropalı»lığın” ilk əlaməti kimi çıxış edir. Düşünmək, təhlil etmək, açıq danışmaq, sonra isə öz hərəkətlərini korrektə etmək – bunsuz demokratiya hökmən totalitar idarəçilik modifikasiyalarından birinə yuvarlanacaq. Bu zamansa cəmiyyətin rolu tamamilə öz məzmununu itirir, «açıqlıq”» şirmaya çevrilir və xəlvəti, «Asiya»” xarakterli siyasət və iqtisadiyyat da onun arxasında gizlənir.

Bizim cəmiyyətdə parçalanma və dağınıqlıq potensialı olduğunu görmək üçün xüsusi sosioloji sorğulara ehtiyac yoxdur. Sözdə biz vahid azərbaycanlı identikliyindən dəm vururuq. Reallıqda isə çoxsaylı lokal identikliklər onu daxildən zəiflədir. Ancaq məsələ təkcə ondadırmı ki, biz monolit deyilik, lokal identikliklər bizi içəridən yeyib dağıdır? Bəyəm sivil ölkələrdə belə şey yoxdur? Nə üçün ardı-arası kəsilməyən rəqabətə baxmayaraq, bu ölkələrdə münaqişələri yoluna qoymaq mümkün olur? O ölkələri Azərbaycandan nə fərqləndirir?

Fərq heç də sosial təbəqələşmədə, varlılar və kasıblarda, milli identikliyin itirilməsində deyil, ictimai refleksiyanın yoxluğunda, Kantın sözləri ilə desək, «bilmək kişiliyi»ni” əvəzləyən ideoloji miflərdədir. Mif isə, məlum olduğu kimi, istənilən tənqidi yanaşmanı istisna edir...

Milli Məclisin qadın deputatı milli televiziya ilə çıxışında fəxrlə etiraf edir ki, evdə o, «şərqli»”, cəmiyyət içərisində isə «qərbli”»dır. Bu mühakiməsini sınağa çəkmək üçün ona xeyli sual vermək istərdim. «Şərqli» ailəsi”ylə «patriarxal» ailə” arasında fərq görürmü? Əgər «patriarxal» ailə”yə üstünlük verirsə, bu o deməkdirmi ki, ailədə bütün məsələləri ər, kişi (patriarx) həll edir? Əri ona siyasətlə məşğul olmağı yasaqlasa, necə davranar? Belə hesab edirmi ki, açıqlıq və ictimailik təkcə ailədə deyil, həm də cəmiyyətdə mövcud olmalıdır? Belə sualları daha da artırmaq olar, amma məsələ ondadır ki, bizim bir çox açıq bəyanatlarımız kimi, deputat qadının bu mühakiməsi də tənqidi yanaşmanı nəzərdə tutmur. Yalnız razılışmağa və yaxud ittiham etməyə yönəlikdir.

«Avropa» vektoru” ictimai refleksiya ilə yanaşı, həm də kollektiv dəyərlərlə müqayisədə insanın maraqlarını prioritet kimi qəbul etmək deməkdir, ictimai inkişaf vektoru milli və yaxud başqa mənsubiyyətindən asılı olmayaraq insana tərəf yönəldilib.

Azərbaycan praktik olaraq insan hüquqlarına dair bütün beynəlxalq konvensiyaları ratifikasiya edib, hüquq-müdafiə təşkilatları bizdə kifayət qədər fəaldır, ombudsman institutu mövcuddur, amma buna rəğmən, ictimai ritorika (təkcə hakmiyyət və müxalifət deyil, həm də KİV) hər şeydən əvvəl insan hüquqlarına deyil, milli maraqlara müraciət edir. Məhz buna görə də Azərbaycanda hüquq müdafiəçilərini vətənpərvər olmamaqda, sadəcə, Qərb fondlarının ruporu rolunu oynamaqda günahlandırırlar. Bu cür ittihamlar təsadüfi deyil, çünki bizdə bütün ideologiya dövlət primatı üzərində qurulub. Dövlətin özü isə hakmiyyət və çəmiyyətin birliyi kimi deyil, şəxsiyyət və cəmiyyətin tabe olduğu total hakmiyyət kimi qavranır. Əlbəttə, postmüstəmləkə dövründə bir çox xalqlar pozulmuş identikliklərini kompensasiya etmək üçün müxtəlif üsullar axtarırlar, buna görə də milli maraqlar həddən artıq şişirdilir, insan hüquqları ikinci plana keçir. Azərbaycan da istisna təşkil etmir. Amma avropalılıq seçimi yalnız imitasiya deyilsə, onda hakimiyyət – prezidentdən tutmuş adi məmurlara qədər hamısı – qəbul etməlidir ki, ümummilli maraqları qorumağın ayrıca bir insanın hüquqlarının ardıcıl müdafiəsindən başqa üsulu yoxdur.

Azərbaycanı ənənəvi olaraq Şərqlə Qərb arasında körpü hesab edirlər. Ancaq körpüdə yaşamırlar, o yalnız bir sahildən digərinə keçmək üçündür. Son 150 ildə geopolitik reallıq Azərbaycanın üzünü bir neçə dəfə Avropaya tərəf çevirib və «Şərq»” milli mədəniyyəti özü üçün yeni olan Avropa mədəni təcrübəsi ilə təmasda olub, lakin hər dəfə gözəgörünməz maneələr Avropa təcrübəsinin ciddi şəkildə mənimsənilməsinə əngəl törədib (indi də törədir). 150 il bundan əvvəl Azərbaycan, xüsusilə də Bakı dünya tarixi magistiralından kənarda qalmışdı. Sənaye inqilabından sonra Azərbaycanda həyat sürətlə dəyişməyə başladı. Çox az vaxtda Azərbaycanda düşüncə məkanı (refleksiya) sərbəstləşərək iti, fəal, polemikaya açıq müstəviyə çevrilir. Avropa yönlü azərbaycanlılar öz seçimlərinin düzgün olduğunu açıq şəkildə deyə bilirlər. Bir çox cəhətdən açıqlq və düşüncə fəallığı (özünü tanıma) sayəsində ictima dəyişikliklər inistitutlaşmağa başlayır və Azərbaycanda demokratik parlament respublikasının qurulması bu inistitutlaşmanın ən yüksək zirvəsini təşkil edir. Təəsüflər olsun ki, bu dövr Rusiyanın yeni işğalı ilə yarımçıq kəsilir.

Sövet dövrü tariximizin zahiri parametrlərinə (yüksək səviyyəli təhsil, elmi-texniki tərəqqi) baxmayaraq, biz Avropa inkişaf yolundan daha da uzaqlaşmışıq. Əgər Sovet Rusiyası bütün deklarativ bəyanlarına baxmayaraq, həmin dövrdə nə dərəcədə öz «bizanslı»” təhtəlşüurunu tapıbsa, biz də o dərəcədə öz «asiyalı»” təhtəlşüurumuzu tapmışıq (müəyyən kontekstlərdə «bizanslı»” və «asiyalı»”, demək olar ki, sinonimlərdir).

Adətən sovet dövrünü təsvir edəndə imperiyadan, sovet respublikalarının oyuncaq dövlətçiliyindən danışırlar. Amma sovet sistemində daha dəhşətli dağıdıcı xüsusiyyət vardı. Məhz o – hətta quruluş dağıldıqdan sonra – sovet irsindən qurtulmağı bu qədər çətinləşdirib. Bunu daxili müstəmləkəçilik adlandırmaq olar: yəni xalq, demos ictimai həyatdan uzaqda tutulur, bütün hakimiyyət nomenklaturanın əlində cəmləşir, bütün məsələlər gizli şəkildə həll edilir, heç bir açıqlığa yol verilmir. Buna görə də Azərbaycan postkommunist dövrdə mitinq və tamaşa demokratiyası hüdudlarından heç cür kənara çıxa bilmədi. Mitinq və tamaşa demokratiyası cəmiyyəti hərəkətə gətirsə də, insanların beynindəki «sovet ağlı»” (daxili müstəmləkəçilik) vərdiş edilmiş köhnə nomenklaturanın «ümummilli liderin” rəhbərliyi altında qayıdışı» ilə çox asanca barışdı (paternalist şüur).

1992-ci ildən sonra Azərbaycanda prezidentlik institutunun həm dövlət, həm də ictimai institutların hamısını özündən asılı hala salmasında təəccüblü heç nə yoxdur. Bizim kütləvi şüurumuzdakı «paternalizm”» təkcə avtoritar idarəçilik üçün deyil, həm də tariximizin xilaskar liderlə bağlı mifoloji ritorikanı asanlıqla qəbul edən ictimai düşüncə ilə manipulyasiya üçün münbit zəmindir. İctimai refleksiyanın yoxluğu ona gətirib çıxarıb ki, biz demokratiyadan danışsaq da, bu və ya digər rəhbərin xoş münasibət göstərdiyi seçilmişlər arasına düşəcəyimizə ümid bəsləyirik. Sözdə biz ümummilli identikliyə çağırsaq da, fikirləşmirik ki, bu identikliyi xalqın birölçülü birliyi («bir yumruq» kimi birləşmə” barədə geniş yayılmış mif) deyil, bizim tarixən formalaşmış milli mədəni rəngarəngliyimiz stimullaşdırır. Bu rəngarəngliyi isə müntəzəm surətdə dağıdırıq, hətta bunun nəylə nətilənəcəyi barədə belə düşünmürük.

Sonda bir daha AŞPA-nın sessiyasında nümayəndə heyətimizin mandatının təsdiq olunması məsələsinə qayıdıram. Bəli, biz Avropa «standart”»ını imitasiya etməyi öyrənmişik, amma bizim «Avropamız”» ictimai refleki, demokratik prosedurları, açıq düşüncə məkanı, qanunçuluğu, müstəqil məhkəməsi, şəxsiyyət azadlığı olmayan bir «Avropa”»dır. Çox-çox şeylərsiz bir «Avropa»”.

Deklarativ bəyanlarla real həyat arasındakı bu qədər dərin uçurum uzun müddət qala bilərmi?

Bunu zaman göstərəcək...

Son 15 il: liberal və totalitar dünyagörüşlərin döyüş meydanı

Rasim Musabəyov
politoloq

Demokratiya durmadan bütün dünyaya yayılır. Amma bu proses ardıcıl yox, dalğavari gedir – qabarma nisbi zəifləmə, bəzənsə geri çəkilməylə əvəzlənir.

Samuel Hantinqtonun qeyd etdiyi kimi, demokratikləşmənin XIX əsrdə baş qaldıran birinci dalğası 1920-ci ildə 30 ölkədə demokratiyanın qələbə çalmasıyla sonuclandı. 20-30-cu illərdə avtoritarizmin dirçəlişi və faşizmin zühuru 40-ci illərin əvvəllərinə demokratik dövlətlərin barmaqla sayılacaq qədər azalmasına gətirib çıxardı. İkinci Dünya müharibəsindən sonrakı dalğa demokratik dövlətlərin sayını yenidən 30 civarına yüksəltdi. Amma bu ölkələrin bəzilərində demokratik idarəçilik forması bir daha süquta uğradı. 70-ci illərdə Portuqaliyadan, İspaniyadan və Yunanıstandan başlayan üçüncü demokratiya dalğası daha güclü və uzunömürlü oldu və sosialist sistemi süquta uğrayandan sonra Şərqi Avropa və Asiya dövlətlərinə də yayıldı. Ancaq bu ölkələrdə demokratiya möhkəmlənə biləcəkmi? Hantinqtonun fikrincə, bu, iki amildən – iqtisadi inkişaf və qeyri-Qərb mədəniyyətlərinin demokratiyanı nə dərəcədə mənimsəyəcəyindən asılıdır. Söhbət həm də postsovet məkanından gedir.

SSRİ-nin qalıqları üzərində qurulmuş dövlətləri bir neçə qrupa ayırmaq olar. Birinci qrupa Baltik respublikaları – Litva, Latviya və Estoniya daxildir. Bu dövlətlər çox qısa zaman kəsiyində sovet totalitarizmi irsindən uğurla azad ola biliblər. Onlar restitusiya (mülkiyyətin qanuni sahiblərinə qaytarılması) da daxil olmaqla geniş iqtisadi islahatlar aparıblar, parlament idarəçiliyi forması tətbiq etməklə hakimiyyətin demokratiklişməsini təmin ediblər və nəinki Avropa Şurasına, hətta NATO və Avropa Birliyinə tam hüquqlu üzv seçiliblər. Bununla da demokratik tranziti yekunlaşdırıblar.

İkinci qrupa transformasiyanın baş vermədiyi, islahatların, demək olar ki, həyata keçirilmədiyi ölkələr daxildir – Türkmənistan, Özbəkistan, Tacikistan və Belarus. Sərt avtoritar, hətta sovet dövrüylə müqayisədə daha despotik hakimiyyətləri olan bu ölkələrdə iqtisadiyyat dövlət nəzarətindədir, siyasi azadlıqlar yoxdur, vətəndaş hüquqları isə hər addımda tapdanır.

Üçüncü, daha böyük qrupa Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstan və Qırğızıstan daxildir. Bu ölkələrdə çox ləng həyata keçirilən islahatlar hər halda sovet iqtisadi sisteminin dağılmasına gətirib çıxarıb. Amma bu ölkələrdə mülkiyyət və hakimiyyət bir-birinə kifayət qədər sıx bağlanıb. İqtisadiyyatda ən gəlirli sahələri hakimiyyətlə bağlı oliqarx qruplar əlinə keçirib. Siyasi sistemə gəlincə, bu ölkələrdə «idarə olunan», daha dəqiq desək, «imitasiya edilən» demokratik rejimlər mövcuddur.

Sonuncu qrupa daxil olan ölkələrdə tranzisiya prosesi ləngərləmələrlə gedib. Fəal islahatlar dövrü 90-cı illərin əvvəllərinə və ortalarına təsadüf edir. Nəticədə Rusiya, Ukrayna, Moldova, eləcə də Cənubi Qafqaz ölkələri Avropa Şurasına götürüldülər. Amma zaman keçdikcə bu ölkələrdə avtoritar meyllərin güclənməsi, insan hüquqları və demokratiya sahəsində tənəzzülün işartıları özünü büruzə verməyə başladı. Freedom House təşkilatının 2004-cü ildə 192 ölkədə vəziyyəti əks etdirən hesabatında 26 ölkədə demokratik inkişafın dayandığı, 11-də isə (o cümlədən də Azərbaycanda) bu sahədə tənəzzülün müşahidə olunduğu vurğulanır. Azərbaycan Türkmənistan, Belarus, Özbəkistan və Qazaxıstanla birgə «qeyri-azad» ölkələr qrupuna düşüb. Myanma, Kuba, Liviya, Şimali Koreya, İran və Səudiyyə Ərəbistanından azca irəlidəyik.

Azərbaycanda demokratik inkişafın düyünə düşməsinin özəllikləri var. Heydər Əliyevin formalaşdırdığı avtoritar hakimiyyət böyük enerji ehtiyatları hesabına Qərb maliyyə institutlarından az asılıdır. Burada Ukrayna və Gürcüstandakı kimi kredit və müftə maliyyə yardımı almaq üçün liberal-demokratik dəyərlərə meydan vermək ehtiyacı yoxdur. İri sərmayəçilərin və Qərb hökumətlərinin əsas tələbini – sabitliyin qorunması və xarici siyasət kursunun müəyyənliyi tələbini isə Heydər Əliyev, demək olar, qüsursuz yerinə yetirib. Onu prezident kürsüsündə əvəz edən oğlu da bu işi davam etdirir.

Bununla belə, vəziyyəti yalnız Qərbin təsiri və ya demokratik hərəkatlara xarici dəstəyin intensivliyi çərçivəsində nəzərdən keçirmək düzgün deyil. Təbii resurslar fəal fərdlərin və hakimiyyət aparatının fəaliyyətinə öz təsirini göstərir. Bu cür resursların olmadığı ölkələrdə hakimiyyət biznesə geniş azadlıqlar vermək məcburiyyətində qalır. Əks halda dövlət ən minimal funksiyaları da yerinə yetirmək üçün vəsait tapa bilməz. Üstəlik, insanlar özləri modernləşmə, islahatlar və demokratiya yoluyla irəliləmədən yaşamaq şanslarının olmadığını anlayırlar.

Enerji resurslarının dünya bazarına daşınmasına qoyulan xarici sərmayələr Azərbaycan hakimiyyətini baş sındırmaqdan, büdcəni doldurmaq yolu aramaqdan azad eləyib. Burada hakim rejimə təhlükə yarada biləcək rəqiblərin meydana çıxacağından qorxduqları üçün biznesin inkişafına ehtiyatla yanaşırlar. Belədə çoxları iqtisadi effektivliyi yüksəltməyə, yeni iş sahələrinə girişməyə yox, hakimiyyətin verdiyi imtiyazlar uğrunda rəqabətə qoşulmağa və büdcə vəsaitinin, eləcə də korrupsiya axınının səmtini öz tərəfinə yönəltməyə çalışır. Böyük maliyyə vəsaitlərinin dövlətin əlində cəmlənməsi, dövlətin əsas idarəetmə funksiyalarını qoruyub saxlaması əhalinin geniş təbəqələrində hələ sovet dövründə formalaşan öhdəlik ab-havasını rişələndirir. Bununla da bədnam zəncir əmələ gəlir: - enerji ehtiyatları – asan qazanılan pullar – avtoritar dövlət – asılı, öhdəlik ab-havası ilə yaşayan əhali.

Azərbaycanın demokratiyaya keçidini əngəlləyən əsas amillərdən biri yoxsulluğun kritik hədləridir. Transformasiya nəticəsində Azərbaycanda orta təbəqə lümpenləşdi. Son 5-6 ildə postsovet məkanında orta təbəqənin tədricən bərpası prosesi müşahidə olunur. Bu təbəqəni təşkil edənlər əsasən kiçik və orta bizneslə məşğul olanlar, eləcə də müasir Qərb təhsili almış gənclərdir. Qonşu Gürcüstanda, Ukraynada, müəyyən qədər də Qırğızıstanda məhz belə gənclər demokratik dəyişikliklər uğrunda avanqard hərəkatın təmsilçiləri oldular. Təəssüf ki, onların azərbaycanlı yaşıdlarının əksəriyyəti çoxsaylı xarici firma ofislərində peşəkar karyera qurmağa üstünlük verir və siyasətlə maraqlanmırlar.

Azərbaycandakı güclü, avtoritar hakimiyyət bir növ siyasi məkanı dondurub. Çoxpartiyalı sistem var, amma o, inkişaf edib rəqabət aparmağın vacib olduğu plüralist demokratiya səviyyəsinə yüksəlməyə qadir deyil. Müxalifət qüvvələri üçün maliyyə vəsaitinə və mediaya çıxışın, siyasi və adminstrativ resursların məhdudluğu ümumi haldır. Sağçı partiyalar kapitalın, solçular isə zəhmətkeşlərin təşkilatlanmış qruplarının dəstəyini qazana bilməyiblər. Orta təbəqə, yuxarıda qeyd etdiyimiz kimi, təcrid olunmuş vəziyyətdədir. Meydanda öz kreslolarını yüksək gəlir mənbəyinə çevirən bir qrup məmur və etiraz ovqatından yararlanıb hakimiyyətə can atan şöhrətpərəst autsayderləri birləşdirən ziyalı partiyalarıdır.

Liberal dəyərlərin rəsmi şəkildə tanınmasına baxmayaraq, insanların şüurunda ideoloji qarışıqlıq müşahidə olunur. Dövlət müstəqilliyinin bərpası və kommunist totalitarizminin dağılması ilə bağlı ilkin şişirdilmiş, hətta eyforiya səviyyəsinə qaldırılmış gözləntilər dərin məyusluq və apatiya ilə əvəzlənib. Çoxları üçün sovet dövrünün cüzi bolluğu və nisbi ictimai nizam-intizamı ideallaşıb.

Eyni zamanda dövlət ateizmindən imtina edilməsiylə islamın yüksəlişi baş verdi. Üstəlik bu, təkcə dini təsəvvürlər yox, həm də siyasi-ideoloji paradiqma kimi özünü göstərdi. Siyasi-ideoloji islam daim xaricdən - həm vəhabi fondları və mərkəzləri, həm də qonşu İranın mollakrat rəhbərləri tərəfindən dəstəklənir. Özünü məlum siyasi-ideoloji cərəyanlardan heç birinə aid etməyənlər ənənəvi milli dəyərlərə sadiq olduqlarını bildirirlər. Ancaq onların əksəriyyəti bu dəyərlərin nədən ibarət olduğunu aydın şəkildə təsvir və izah edə bilmir.

Bu meyllər son üç il ərzində bəndənizin rəhbərliyiylə keçirilən sosioloji monitorinqdə müəyyənləşdirilib. Ölkənin 27 şəhər və rayonunda keçirdiyimiz sorğuda ümumilikdə 1000 nəfərin, yəni əhalinin 0,014 faizinin rəyi soruşulub.

Sizcə, Azərbaycanda hansı dəyərlərə üstünlük verilməlidir?

 
Dekabr nəfər
2003 %
Dekabr nəfər
2004 %
Dekabr nəfər
2005 %
Ənənəvi-milli
749
74,9
678
67,8
616
61,6
Sovet-kommunist
80
8,0
118
11,8
141
14,1
Liberal-kapitalist
80
8,0
66
6,6
68
6,8
İslam
62
6,2
98
9,8
145
14,5
Cavab verməyə çətinlik çəkirəm/cavabdan imtina
29
2,9
40
4,0
30
3,0

Göründüyü kimi, liberal dəyərləri – bazar iqtisadiyyatı və plüralist demokratiyanı rəyi soruşulanların az bir hissəsi dəstəkləsə də, bu göstərici hər üç sorğunun nəticələrinə görə sabitdir. Əksinə, sovet-kommunist ideologiyasının xiffətini çəkən, eləcə də islami dəyərlərə üstünlük verənlərin sayı davamlı yüksəliş tempi nümayiş etdirir. Bütün bunlar özlərini ənənəvi milli dəyərlərin tərəfdarı kimi qələmə verməyə meyilli olanların hesabına baş verir.

Bu fikirlərdən hansı ilə daha çox razısınız: «Demokratiya – müasir dövlət üçün yeganə məqbul formadır» və ya «Demokratiya – ağ yalandır»

 
Dekabr 2003
Dekabr 2004
Dekabr 2005
Nəfər
%
Nəfər
%
Nəfər
%
1. birinci fikir həqiqətə daha yaxındır
445
44,5
302
30,2
269
26,9
2. birinci fikir həqiqətə müəyyən qədər yaxındır
231
23,1
273
27,3
293
29,3
3. ikinci fikir həqiqətə daha daha yaxındır
124
12,4
198
19,8
130
12,0
4. ikinci fikir həqiqətə müəyyən qədər yaxındır
116
11,6
83
8,3
121
12,1
5. fikirlərin heç biri ilə razı deyiləm
29
2,9
38
3,8
79
7,9
6. cavab verməyə çətinlik çəkirəm/cavabdan imtina
55
5,5
106
10,6
108
10,8

Rəyi soruşulanların yarıdan çoxu demokratiyanın ya qatı tərəfdarları, ya da demokratiyaya üstünlük verənlərdir. Amma 2005-ci ildə keçirilən sorğunun nəticələrini 2003-cü il sorğusunun nəticələri ilə müqayisə etdikdə qatı demokratiya tərəfdarlarının azaldığını (təxminən üçdə bir qədər), demokratiyadan məyus olanların və cavab verməyə çətinlik çəkənlərin isə kifayət qədər artdığını görürük.

Sizcə, Azərbaycandakı vəziyyəti kim və nə real olaraq yaxşılığa doğru dəyişdirə bilər?

 
Dekabr 2003
Dekabr 2004
Dekabr 2005
Nəfər
%
Nəfər
%
Nəfər
%
1. güclü lider
690
69,0
630
63,0
606
60,6
2. güclü partiya
24
2,4
38
3,8
41
4,1
3. yaxşı qanunlar
137
13,7
190
19,0
231
23,1
4. insanlar özləri
124
12,4
123
12,3
87
8,7
5. heç kim
20
2,0
9
0,9
15
1,5
Cavab verməyə çətinlik çəkirəm\ cavabdan imtina
5
0,5
10
1,0
20
2,0

Rəqəmlərdən görünür ki, Azərbaycanda güclü rəhbər arzusunda olanlar hələ də kifayət qədərdir. Amma ictimai institutlara, xüsusilə də plüralist demokratiya şəraitində böyük əhəmiyyət daşıyan partiyalara münasibət heç də müsbət deyil. Düzdür, 2004-cü ildə olduğu kimi, 2005-ci ildə də keçirilən sorğuda rəyi soruşulanlar arasında ölkədə vəziyyətin dəyişdirilməsi və onun inkişaf tempinin yüksəldilməsi üçün yaxşı qanunların əhəmiyyətini anlayanların sayı bir qədər artıb.

Azərbaycanın hansı istiqamətdə əlaqələrini möhkəmləndirməsi və
inteqrasiyası sizə daha düzgün görünür?

 
Dekabr 2004
Dekabr 2005
Nəfər
%
Nəfər
%
MDB
222
22,2
237
23,7
Avropa Birliyi
228
22,8
277
27,7
NATO
124
12,4
70
7,0
İslam Konfransı Təşkilatı
23
2,3
105
10,5
Neytral qalıb hamıyla əməkdaşlıq etmək
334
33,4
253
25,3
Cavab verməyə çətinlik çəkirəm\cavabdan imtina
69
6,9
58
5,8

Göründüyü kimi, liberal-kapitalist dəyərlərin çox az tərəfdarı olsa da, Avropa Birliyi Azərbaycan üçün ən güclü cazibə mərkəzi və cəlbedici inteqrasiya modelidir. Buna baxmayaraq, insanlar yalnız liberal Avropa dəyərlərini qəbul edib mənimsəyəndən, demokratiyanı, bazar iqtisadiyyatını inkişaf etdirib gücləndirəndən sonra bu siyasi-iqtisadi məkanın bir hissəsi ola biləcəklərini düşünürlər.

Beləliklə, Azərbaycan əhalisinin ictimai şüurunun bir neçə yerə bölündüyünü və dəyişkən olduğunu demək mümkündür. Buna bizim ölkənin və cəmiyyətin təkcə sərhəd zonasında (Qərblə Şərq, xaçpərəst və müsəlman dünyası, demokratiya və avtoritarizm arasında) yerləşməsi yox, həm də iqtisadiyyatın və siyasətin neft amilindən həddən ziyadə asılılığının neqativ nəticələri təsir edir. Ailə-klan ənənələri, islam mentaliteti, eləcə də Ermənistan-Azərbaycan qarşıdurmasının davam etməsi siyasətdə və ictimai şüurda avtoritarizmin konservasiyasına şərait yaradır.

Bütün bunlar Azərbaycanın uzun müddətə kandar, tranzit dövləti olmağa məhkum edildiyi deməkdirmi? Zənnimcə, yox. Avtoritar rejimin demokratik təkamülü mümkündür. Buna misal kimi Sinqapuru, Cənubi Koreyanı, Tayvanı, Çilini, Meksikanı, elə qardaş Türkiyənin özünü göstərmək olar. Amma sadalanan bu pozitiv misallarla yanaşı İran, Əlcəzair və bir sıra başqa ölkələr də var. Bu ölkələrin özündən arxayın, xalqdan ayrı düşmüş hakim elitaları dəyişiklikləri həyata keçirməkdə ya gecikib, ya da ümumi ovqatı nəzərə almadan tələsib. Belədə hadisələr üzərində nəzarət itirilir, öz-özünə meydana çıxan və güclənən etiraz hərəkatı isə liberal demokratiyaya yox, radikal islamçılığa meyllənir.

Azərbaycanın üz tutacağı yol hələ müəyyənləşməyib. Hakim elita sözdə yox, əməldə ölkənin Avropaya inteqrasiyasında maraqlı olduğunu sübut etmək istəyirsə, məhz o özü modernləşməyə və demokratikləşməyə təkan verməli və dəyişikliklər prosesinə rəhbərlik etməlidir. Əks halda Azərbaycandakı neqativ meyllərin güclənməsi ölkəni radikal cərəyanlarla avtoritar rejimin döyüş meydanına çevirəcək, kütləvi mühacirətə yol açacaq və qazanılmış insan və sivilizasiya kapitalının itirilməsi qaçılmaz olacaq.

Vahid Qazi: moderator

Hər iki məruzəçiyə təşəkkür edirəm. İndi mövzu ətrafında müzakirəyə başlayırıq. Bizi araqlandıran suallar çoxdur: keçid dövrü başa çatıbmı, biz totalitar sovet irslərindən azad ola bilmişikmi, bu irslər şüur və təsəvvürlərimizdə hansı izlər qoyub, adamların şüur və vərdişləri müasir dünyanın inkişaf dinamikasına adekvatdırmı, hansı amillər tormozlayısı rol oynayır? Buyurun!

 

Nəsib Nəsibli, millət vəkili:

- Son dərəcə maraqlı və aktual mövzudur. Amma 2 saatda bunun heç 2 faizini əhatə eləmək mümkün deyil. Əslində bu, Azərbaycan üçün böyük bir elmi problemdir. Nə elmi ictimaiyyət doğrudan-doğruya bu məsələ ilə məşğul olur, nə arzulanan səviyyədə siyasi təhlillər var.

Bu gün çoxları deyir ki, biz şərqliyik, şərqli olduğumuz üçün də filan iş belə olmalıdır. Gəlin aydınlaşdırmağa çalışaq: Azərbaycan mənəviyyat baxımından, mentalitet baxımdan Asiyadır, yoxsa Avropadır? Ya onun ortasındadır? 1890-cı ildə Əlibəy Hüseynzadə yazırdı ki, türk qanlı, islam imanlı və firəng qiyafəli olan azərbaycanlı. Çox maraqlıdır, indi biz firəng qiyafəliyik, yoxsa mentalitetimiz dəyişib firəng olmuşuq?

Azərbaycanda bu modernləşmənin çox böyük, doğrudan dramatik bir tarixi var. XVI əsrə qədər Azərbaycan İpək yolunun üstündə idi. Osmanlı ilə Səvəvilər arasında sülalə müharibələri nəticəsində Azərbaycan birbaşa Avropa yolunu itirdi. Təxminən XIX əsrə qədər Avropa ilə birbaşa əlaqə yox idi. Modernləşmə bir də rusların vasitəsilə qayıtdı. Burda çox maraqlı bir məqama toxunuldu ki, 1870-1920-ci illər arasında Azərbaycanda intibah dövrü yaşanıb. Biz buna Zərdabi dövrü deyirik.

1930-cu illərdən sonra bizim qiyafəmiz tamamilə dəyişdi. Yəni o əmmaməni-filanı çıxartdıq və guya olduq avropalı. Kepka geyindik, qalstuk taxdıq, neylədik, ancaq mahiyyətimiz pisə doğru dəyişdi, mənəviyyatımız daha bərbad oldu. Millətləşmək istiqamətində səhv yola düşdük.

Bu gün bizim həyatımızda total bir yalan var. 1992-ci ildə dövlətli bir iranlı mənə dedi ki, bizim məmləkətdə yalan bir normadır, dürüst olursan, doğru olursan, sənə dəli kimi baxırlar. İndi bizim bu vəhşi kapitalizm dövrü təxminən elə ona gətirib çıxarır. Qiyafə baxımından avropalıyıq, antropoloji baxımdan-filandan da çox fərqlənmirik, amma məzmun baxımından Avropaya uyğun gəlmirik. Yalan-filan üzdə olan şeylərdir. Əsas məsələ odur ki biz irrasional düşünürük, irrasional hərəkət eləyirik. Bu, iqtidara da aiddir, müxalifətə də. Məsələn, müxalifət. İstənilən avropalı siyasətçini götür, çox yumşaq danışır. Demokratik, xoşa gələn, qulağı oxşayan terminlərdən istifadə edir. Ancaq əməlində qətiyyətlidir. Bizim müxalifət nə edir? Danışanda ağzından od tökülür. Hərəkət məqamı gələndə isə qətiyyətsiz davranır. Tam tərsinədir.

Başqa bir məqamı götürək. Nazir televiziyaya çıxıb deyir ki, bu çörəyi mənə Heydər Əliyev verib. Necə yəni çörəyi filankəs verib? Özü də bunu fəxrlə deyir. Ya gələk aşağı. Adi bir idarədə rəis deyir ki, mənəm sizə çörək verən. Ən dəhşətlisi də odur ki, işçi bunu qəbul eləyir. Deyir, hə, mənə çörək verir də. Biz cəmiyyətimizə tənqidi yanaşsaq, görərik ki, xeyli dərəcədə feodalizm dövrünün məfkurəsi ilə yaşayırıq.

Yaxın gələcəyə də nikbin baxmaq mümkün deyil. İki il əvvəl bir araşdırma apardıq, rəy sorğusu keçirtdik. Çox təhlükəli rəqəmlər alındı. Cənub bölgəsində rəyi soruşulanların 37 faizi deyir ki, bizim üçün ən məqbul yol İransayağı teokratik rejimdir. Ölkə üzrə də bu rəqəm ya 25-di, ya da 26. Bu dinamika mənə elə gəlir ki, sürətlə davam edir və bu da çox təhlükəli bir vəziyyət yaradır.

Qorxmaz Əsgərov, ABŞ Milli Demokratiya İnstitutunun əməkdaşı:

Bir məsələyə toxunmaq istərdim: perspektiv probleminə. Rasim Musabəyov Ukrayna, Gürcüstan və daha çox Qırğızıstana aid oluna bilən bir arqument səsləndirdi ki, çətinə düşəndə dövlətlər müəyyən modernləşdirmə cəhdlərində bulunur. Mən məsələnin bir qədər o biri tərəfinə də baxmaq istəyirəm.

Demokratikləşdirmənin lokomotivi rolu oynayan qüvvələr cəmiyyətə müəyyən perspektiv təklif elədilər. Bu perspektiv illüzial da ola bilər, həqiqi də. Amma cəmiyyətə müəyyən bir perspektiv təqdim olundu. Məsələn, Ukraynada təqribən müxalifətin mesajı belə idi ki, biz iri, Avropada aparıcı rol oynaya bilən əhaliyə malik dövlətik. Və Rusiya ilə birlikdə bu dövlətin perspektivi yoxdur, amma Avropaya yönəldikdə hər bir inkişaf perspektivi var və gələcəkdə Avropa Birliyinin aparıcı dövlətlərindən birinə çevrilə bilər. Dəxli yoxdur ki, bu 50 ilə, 100 ilə, 150 ilə reallaşdırıla bilən bir proqramdır, ancaq bu perspektiv müəyyən mənada cəlbedici göründü.

Gürcüstanda müxalifət korrupsiya ilə mübarizə məsələsi ilə başladığı mesajı inkişaf elətdirib cəmiyyəti təqribən Hollandiya kimi, Danimarka kimi bir dövlətə çevrilmək perspektivi üzərində birləşdirdi. Azərbaycanın özündə milli azadlıq hərəkatı vaxtı bir şüar sadə camaat arasında daha çox yayılmışdı. Deyilirdi ki, Azərbaycanın varı, dövləti talanıb, bu özümüzə qalsa, bütün Azərbaycan torpağını neçə santimetrsə qızılla örtmək olar. Nə qədər qəribə də olsa, bu irrasional görünən arqument camaatı daha çox cəlb edirdi, nəinki hər hansı bir rasional məsələ. Buna görə də təkcə çıxılmazlıq yox, həm də perspektivin vədi cəmiyyətdə müəyyən dəyişikliklərin olması üçün labüddür. İnsan nəyisə dəyişdirmək istəyirsə, təkcə indi ilə qane olmamaq yetərli deyil. Perspektivin də olması lazımdır.

İndi hakimiyyətdə olan qüvvələr müəyyən perspektiv vəd edirlər: neft pulları gələcək, əgər özünüzü yaxşı aparsanız, bu pullardan sizə də müəyyən faiz düşə bilər. Demokratik qüvvələr isə Mərkəzi Seçki Komissiyasının tərkibi və proporsional seçki sisteminin bərpası kimi camaata birbaşa dəxli olmayan məsələlər üzərində kampaniya qurmaqla cəmiyyətə heç bir perspektiv vəd etmirlər və cəmiyyətdə olan passivliyin bir səbəbini də mən bunda görürəm.

Ərəstun Oruclu, Fridrix Naumann Fondunun Azərbaycan üzrə layihəsinin koordinatoru:

Mənə elə gəlir ki, biz cəmiyyətdə aşılamağa belə cəhd göstərmirik ki, Azərbaycanda hansı dövlət modeli qurulacaq, dövlət modelinin insana münasibəti və insanın bu dövlət modelinə münasibəti, insan-dövlət münasibətləri, vətəndaş-dövlət münasibətləri nə səviyyədə olacaq? İndi bu sualın cavabı yoxdur. Nə iqtidar tərəfdən, nə müxalifət tərəfdən. Deməli, ilk növbədə biz bir neçə sualın cavabını tapmalıyıq ki, cəmiyyətə hədəf olaraq nəyi göstərmək istəyirik. Və cəmiyyət bu hədəfi qəbul eləyə bilirmi? İkinci məsələ: bu hədəfə çatmaq üçün bizə hansı dövlət modeli lazımdır, hansı idarəetmə institutları lazımdır?

Bilirsiniz, bu mentalitet ətrafında çox belə müzakirələr, mübahisələr gedir və biz mentalitet məsələsini ortalığa qoyanda mən bir əhvalatı xatırlayıram. Bir avropalı deputatın Azərbaycan rəsmisiylə söhbətinin şahidi olmuşam. Dövlət rəsmisi dedi ki, bizim cəmiyyət konservativdir, demokratiya, Avropadan gələn başqa sivil dəyərləri çox ləng qəbul edir. Həmin deputat da qayıtdı ki, amma «Mersedes»lə BMV-nin son modellərini sizin cəmiyyət sürətlə qəbul eləyir. Yəni mənə elə gəlir ki, bir çox hallarda biz müəyyən spekulyativ fikirlərə əsas veririk bu mentalitet məsələsində. Axı azərbaycanlılar gedib Rusiyada yaşayır. Problemsiz yaşayır. Azərbaycanlılar, mən üzr istəyirəm, sosial baxımdan ən aşağı təbəqənin nümayəndələri gedib Almaniyada yaşayır, uyğunlaşır o cəmiyyətə. Gedir Amerikada yaşayır, uyğunlaşır. Deməli, mentalitet problemi yoxdur, yəni Qərb modeli bizim üçün mümkün modeldir.

Qalır bu modelə çatmaqçün müttəfiq müəyyənləşdirmək. Mən Rasim müəllimin bir fikri ilə çox razıyam ki, bu gün Azərbaycandakı şərait bir çox beynəlxalq qüvvələri qane eləyir. Belə olan halda biz müttəfiq axtarışına çıxmalıyıq ki, bəs kimi qane eləmir? Araşdırmalıyıq ki, kim Azərbaycanı beş, on, on beş, iyirmi ildən sonra necə görmək istəyir? Və burada bizim seçim aparmaq imkanımız var. Bu baxımdan mən fikrimi həmişə açıq demişəm və bir də açıq deyirəm. Tutalım ki, Birləşmiş Ştatlar Azərbaycana, Cənubi Qafqaz regionuna bir strateji maraq regionu kimi baxır. Avropa Birliyi isə bu regiona gələcəkdə özünün tərkib hissəsi kimi yanaşır…

Elxan Şahinoğlu: siyasi icmalçı:

Mən çıxışlarda konkret məqamlara toxunmaq istəyirəm. Rəhman bəy, siz məsələnin daha çox fəlsəfi tərəfinə toxundunuz. Aydındır ki, bizim hələ bir çoxlarımızın sizin qədər həyat təcrübəmiz yoxdur. Bizim üçün bir ağ rəng var, bir qara. Və bu aradakı rəngləri ya biz görə bilmirik, ya da görmək istəmirik. Siz nümunə olaraq keçən əsrləri göstərdiniz, 1870-ci ildən 1920-ci ilə qədər olan dövrü. Mənim üçün maraqlıdır, doğrudan o illər biz heç olmasa müxtəlif rəngləri görə bilirdikmi? Məsəlçün, adi bir misal, tutaq ki, dini işlər üzrə bir idarə yaradılıb, Heydər Əliyev onu o vaxt yaratmışdı ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətini bir qədər tarazlaşdırsın. Amma indi baxırıq idarə yaranıb, Şeyx hə deyəndə, Rafiq Əliyev yox deyir və yaxud tərsinə, Rafiq Əliyev hə deyəndə Şeyx yox deyir. Yəni bir ağ var, bir də qara – tipik dözümsüzlük nümunəsidir.

Mehman İsmayılov, Beynəlxalq Qarabağ Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri:

Müzakirəyə çıxarılan məsələylə bağlı bir sual hökm sürür: bizim şüurumuz irəlidir, yoxsa qaydalar? Mənim fikrimcə, demokratik prosesləri xeyli sadələşdirəndə şüurdan qabağa qaydaları qoymaq lazımdır. Əvvəl qaydalardır. Belə deyək, almanların əldə etdikləri iqtisadi inkişaf və demokratik quruluş intizama görədir, yoxsa onların mədəniyyət səviyyəsinə görə? Bu gün Azərbaycan iqtidarı israrla ictimai şüura bir fikri yeritməyə çalışır. Guya Azərbaycanda demokratik proseslər ona görə zəif gedir ki, ölkədə demokratik proseslər çətin qavranılır. Mən məsələnin bu cür qoyuluşunun qəti əleyhinəyəm.

Belə bir kobud misal çəkim: Avstraliyada da, Amerikada da, Avropada da futbolu bir cür oynayırlar. Və futbolda qaydalara əməl eləyən zəncinin şüur səviyyəsi və ya mədəniyyət səviyyəsi qəti şəkildə futbolun qaydalarına təsir eləyə bilmir. Ola bilər, zənci doğrudan yüksək mədəni səviyyəli bir insan olsun. Ola bilər, ümumiyyətlə ömrü boyu bir kitab oxumamış olsun, amma qaydalara əməl eləyir. Əvvəl qaydalar qəbul olunur, doqma kimi, standart kimi və bu qaydalardan sonra artıq şüurlarda əks olunmağa başlayır ki, qaydaları pozmaq ol cmaz, azlıq çoxluğa tabe olmalıdır və sair və ilaxır.

Mənim düşüncəmə görə, bizim ölkədə birinci qaydaları bərpa eləmək lazımdır. Birinci qaydalar, sonra qaydalardan şüura doğru.

Çingiz Sultansoy, jurnalist:

Çıxışıma əvvəlki natiqinn son sözləri ilə başlamaq istəyirəm. Onun fikrincə, əvvəl qaydaları bərpa eləmək lazımdır, sonra inkişaf eləmək. Amma bu qaydaları nə cür bərpa eləmək olar? Məsələ bundadır. Nəsib bəy dedi ki, cənubda aparılan sorğu 37 faizin İransayağı teokratik rejim tərəfdarı olduğunu göstərir. Bu o demək deyil ki, onlar islam dövləti qurulmasını istəyirlər. O deməkdi ki, insanlar onları bürümüş bu yalan girdabından çıxmaq istəyirlər. Mənə elə gəlir ki, bu gün insanlar, bizim vətəndaşlar islamdan başqa onlara o düzlük, halalnan haramın fərqini göstərən bir faktor və yaxud ideologiya görmürlər. Bu rəqəmlərin artmağı, islama olan meyl bununla bağlıdır.

Başqa bir misal. İçəri şəhərdəki Cümə məscidi fenomenini götürək. Mən bunu fenomen hesab eləyirəm. Bu məscid Azərbaycanda, Bakıda olan məscidlərin ən kiçiyidir. Sadəcə olaraq, orada icmada müəyyən bir islahatçı adamlar rəhbərliyə gəlib sözdə islam yox, həqiqətdə islam meyarlarına, islam ideallarına əməl elədilər və nüfuzları çox sürətlə artmağa başladı. Məndə dəfələrlə olur, avtobusda, çayçıda, toyda, yasda insanlarla danışırsan. Korrupsioner şüurlu bir adama vətəndaşlıqdan danışırsan – çatmır, demokratiyadan danışırsan – çatmır, türkçülükdən danışırsan - çatmır, azərbaycançılıqdan danışırsan, nədən danışırsan – çatmır. Amma islami dəyərlərdən söz açanda bu adamın içində elə bil bir istinad nöqtəsi tapılır. Mənim özümə də qəribə gəlir ki, sovet dövründə insanlarda hər cür inanclar məhv ediləndən sonra bu torpağın içində müəyyən cücərtilər tapılır, baş qaldırır. Və bu islamdır. Başqası yoxdur. Biz bunu bəyənsək də, bəyənməsək də. Mənə elə gəlir ki, biz əgər hansısa inkişafdan danışmaq istəyiriksə, o gərək İslama söykənib demokratiyaya getsin. Avropa demokratiyalarında din var, həqiqət, haqq var və halalla harama, doğru ilə yalana dəqiq hədd qoyulur. Bunlar hamısı da əslində dindən gəlir.

Zərdüşt Əlizadə, politoloq:

Mən də Çingiz bəy kimi sözümə əvvəlki çıxış edənin sözü ilə davam etmək istəyirəm. Siz Qərb demokratiyalarında din var dediniz. Mən demək istəyirəm ki, hələlik yeganə müsəlman demokrat ölkəsində də din var, Türkiyədə də din var. Və bir çox özünü Qərbpərəst elan edən partiyaların görə bilmədikləri demokratik islahatları islamçı demokrat Ərdoğanın hökuməti gətirdi, Türkiyə dövlətini xeyli demokratikləşdirdi. Yəni həqiqətən də islamın artmasından qorxmaq lazım deyil. İslamın böyük bəşəri və humanist potensialı var. Eyni zamanda orta əsrlərə, geriyə aparan potensialı var. Çalışmaq lazımdır ki, Azərbaycandakı islam Ərdoğan islamı olsun, irticaçı islam olmasın. Bu bizim, hesab eləyirəm ki, ziyalıların və siyasətçilərin bir borcudur.

Amma bu borc həm də Qərbin borcudur. Qərbin Qarabağ məsələsindəki əxlaqsız mövqeyi Azərbaycanda fanatik islamı gücləndirir. Azərbaycandakı proseslərə Qərbin əxlaqsız yanaşması Azərbaycanda irticanı gücləndirir. Azərbaycandakı proseslərə müxtəlif cür yanaşmaq olardı. Amma KQB generalını aparıb Klivlenddə himayə eləyəsən, istədiyi yalanı deyəsən, dediyini tanıyasan, təbliğ eləyəsən – buna əxlaqsızlıqdan başqa ad vermək olmaz. O ki qaldı Azərbaycanın daxili demokratik potensialına, mən sizinlə razıyam ki, bu, çox böyük bir problemdir. 70-ci illərdə çox gözəl bir lətifə var idi. Leninqraddan turist dəstəsi Abxaziyada bir qoca arıçı ilə tanış olur. Qoca biləndə bunlar Leninqraddandır, soruşur ki, orda 17-ci ildə hansısa bir dava düşmüşdü, axırı necə oldu?

İndi Azərbaycan cəmiyyətindəki vətəndaşların çoxu da etiraf eləyək ki, bütün bu son 17-18 ildəki prosesləri tam dərk eləməyib. Az qala 20 ildir bu proses gedir. Hansı bir nəzəri təhlil, nəzəri dərketmə cəhdi olub? Bizim Azərbaycanın elmi institutları, elmi akademiyası institutları hansı ağrılı bir problemi qoyub öyrənib? Xeyr, heç nə. Yalnız səthi, ötəri. Meydan şüarlarından uzağa getməyən türkçülük, meydan şüarlarından uzağa getməyən demokratikləşmə, meydan şüarlarından uzağa getməyən modernləşmə və sair. Demokratiya müəyyən bir qaydadır. Bayaq Mehman bəy də o sözü dedi. Mən onunla razıyam. Futbolu əllə oynamaq olmaz. Demokratiya qururuqsa, seçkiləri saxtalaşdırmaq olmaz. Əgər kimsə əllə oynayırsa, hakim mütləq onu cəzalandırmalıdır. Amma Azərbaycan iqtidarı mütəmadi olaraq, çox zaman elə müxalifəti də, demokratiyanın qaydalarını pozaraq oynayır.

Rəşad Şirinov, politoloq:

Azərbaycanda liberallaşma və ya keçid dövrünü belə elmi səviyyədə dartışan məclislər təəssüf ki, çox azdır. Burda islamla bağlı bəzi ziddiyyətli məqamlar səsləndi. Mən təşəkkür edirəm ki, sonradan Çingiz və Zərdüşt bəy bunlara aydınlıq gətirdilər.

Ziddiyyət nədən ibarətdir? Məncə, bu ziddiyyət demokratiyanı və liberalizmi həqiqətən anlamaqdan ibarətdir. Bir tərəfdən demokratiyanı və liberal dəyərləri qəbul etmiş insanlar o biri tərəfdən islamın artmasından çəkinirlər və onu təhlükə kimi qəbul edirlər. Yəni burda bir ziddiyyət var. Çünki islam bir dəyərdir, dindir və bütün demokrat və liberal toplumlar dinə bir dəyər kimi hörmət olunmasını və onun cəmiyyətdə öz yerini tutmasını tələb edirlər. Bundan əlavə, misal üçün, Türkiyə təcrübəsini göstərmək istərdim. İllərlə Türkiyənin rəsmi kamalist ideologiyası islamı və siyasi islamı bir yad ünsür kimi görməyə çalışırdı. Amma tarix irəlilədikcə, həm 1995-ci ildə, həm də 2003-cü ildə seçkilərin nəticəsi onu göstərdi ki, islam əslində siyasətin və demokratik prosesin bir parçasıdır və qaçılmaz reallıqdır. Bu, Azərbaycanda da gələcəkdə təzahür edəcək və islamı daha çox zənginləşdirəcək və qırağa atmamaq tendensiyası güclənməlidir. Çünki liberal cəmiyyətin, dediyim kimi, əsas tələblərindən biri də müxtəlif inanclara, qruplara hörmət etməkdir.

Rəhman Bədəlov: Bir fikri eşitməkdən məmnun oldum. Cəmiyyətdə də bu fikir dolaşır. Söhbət ondan gedir ki, biz artıq yalandan yorulmuşuq. Düzdür, statistikaya baxsaq, görərik ki, əhalinin əksər hissəsi hələ də həmin böhrana çatmayıb. Amma hər halda müəyyən ümidlər oyanır ki, biz hətta yalandan imtina etmək istəyirik. Biz halal zəhmətdən danışırıq. Bu mənada, əlbəttə, islamdan imtina edə bilmərik.

Zərdüşt bəylə mübahisəmi davam etdirmək istəyirəm. Təbii, mən də başa düşürəm, əvvəl qaydadır, sonra şüur. Amma bir şey də var. Normal qanun odur ki, onu pozmaq istəməyəsən. Bizdə qanunların çox kalkadır. Ona görə biz fikir məkanını bərpa eləsək, o özü cəmiyyətə ardıcıl impulslar verəcək. Onda biz bilərik ki, bu cəmiyyət, bu millət, xalq hansı qaydalara əməl etməyə hazırdır və əlbəttə, qanunu pozan adamı xalq özü lənətləyəcək. Hələ ki, bu yoxdur, ancaq ümid etmək olar ki, bu proses təzə başlayıb və nəyəsə nail ola bilərik.

Leyla Əliyeva, politoloq:

- Rəşad bəy dedi ki, xaricdə təhsil alan gənclər qayıdıb neft şirkətlərində işləyirlər. Xaricə gedən cavan adamlar orada tamamilə yeni bir təfəkkürlə formalaşıb qayıdırlar. Onlar nə üçünsə sistemə çox gözəl uyğunlaşıb və heç bir dəyişikliklər etmirlər və etmək də istəmirlər. Hətta bundan qazanır və gedib xaricdə işləyib orada yaşayırlar. Çünki onlar bilirlər ki, yaşamaq üçün sistemə loyal olmaq lazımdır. Amma məni indi çox narahat edən bir oxşar fikir islamla bağlıdır. Kişilər deyirlər yaxşı olardı ki, biz islam əsasında demokratikləşməni yerinə yetirək. Amma mən soruşmaq istəyirəm, nəyə görə bunu deyən insanlar öz uşaqlarını Quma, Məşhədə yox, qərbə təhsil almağa göndərir və özləri isə burada islam əsasında demokratiya qurmaqdan danışırlar. Türkiyədə Ərdoğan öz övladını Amerikada oxumağa göndərib.

Rasim Musabəyov: Mən deyəndə ki, Qərb Azərbaycanda neftə göz dikib, bu tək onlara aid deyil. Təəssüf olsun ki, Azərbaycan iqtidarı, hakim elita da gözünü neftə dirəyib. Bu vəziyyəti təkcə Qərbin yanaşması yaratmır. Azərbaycanda ingilis dili, müasir təhsil alanlar daha çox karyeralarını düşünürlər, nəinki ümumi vəziyyəti. Fərq ondan ibarətdir ki, Gürcüstanda o insanlar anlayırdılar ki, lap onlar hakimiyyətdə olsalar da, Qərb korrupsiyaya uğramış iqtidara pul verəsi deyildi. Daxili resursları da yox idi ki, ciblərinə doldursunlar. Fərq bundan ibarət idi.

O ki qaldı dinə, islama, din siyasətin bir hissəsi deyil. Siyasət dinin bir hissəsi ola bilər. Ancaq biz çalışmalıyıq ki, dünyəvi seçimimizi islam dövləti məsələləri ilə qarışdırmayaq. Dini mənəviyyatla bağlı, fərdi insanların yanaşmasıyla bağlı böyük bir meydan var. Ancaq gəlin siyasəti demokratiya, Avropa seçimi etmişiksə, çalışaq dini, islamı siyasətə gətirməyək.

Vahid Qazi:

Biz bir millətin ənənələrə varislik hissini məhv etmiş, adına ümumiləşdirib «leninçi irs» dediyimiz totalitar sovet məfkurəsinin fəsadlarından danışırıq. Mən bu gün bir daha əmin oldum ki, bu mövzuda müzakirələr mütləq aparılmalıdır, özü də daha geniş auditoriyada. Bu müzakirələr hamının bildiyi problemlər ətrafında yox, daha çox onun səbəbləri barəsində aparılmalıdır. Yalnız bu səbəbləri çözməklə problemlərin həllinə açar tapa bilərik. Növbəti seminarlarda başya sahələr üzrə tranzisiya problemlərini müzakirə edəcəyik. Hər birinizə təşəkkür edirəm.