İnformasiya
müharibəsi
Jurnalist başını itirməməkçün nə etməlidir
|
 |
| Səadət AKİFQIZI (Mehdiyeva)
|
ABŞ-ın
«USA Today»” qəzeti yazır ki, Pentaqonun Xüsusi Əməliyyatlar İdarəsi
2005-ci ilin yayında üç şirkətlə 5 il müddətinə 300 milyon dollarlıq
müqavilə bağlayıb. Şirkətlər bu məbləği bir çox xarici ölkələrin
kütləvi informasiya vasitələrində Birləşmiş Ştatların yürütdüyü
siyasəti təbliğ və mədh edən reklam, məqalə, şərh, müəllif yazıları,
televeriliş və başqa təbliğat materiallarına xərcləməlidir. Təbii
ki, maliyyə xərclərinə son dərəcə həssas olan Birləşmiş Ştatlar
hökuməti belə iri məbləği ayırarkən onun təyinatı üzrə xərclənməsini
təhlil etməməiş deyil – ABŞ hakimiyyətinin gizli saxlamağa çalışdığı
bu qeyri-ənənəvi «işgüzar» müqavilələr birmənalı şəkildə informasiya
müharibəsində qələbə çalmağa hesablanıb.
Hədəf bəlli, üsul bəlli
Artıq obrazlı ifadədən çox terminə, total müharibənin
isə ən vacib komponentinə çevrilən informasiya müharibəsi yeni-yeni
texnoloji incəliklərə yiyələnib. Bu texnologiyanın hədəfi orta statistik
vətəndaşın informativ yönəldilməsi, əks tərəfdə özünə sərfəli ictimai
rəyin yaradılmasıdır. Məqsədə çatmağın əsas yollarından biri müxtəlif
media strukturlarının fəaliyyətindən yararlanmaqdır. Elə sosiologiyanın
müasir dövrümüzdə inkişaf edən qolu olan ictimaiyyətlə əlaqələr
(public relations – PR) sahəsində də aparıcı rolu media ilə iş tutur.
PR texnologiyasının xidmətindən yararlanmaq istəyənlər üçünsə ictimaiyyətə
asan çıxış yolu kimi məhz media təklif edilir.
Elmi-texniki inkişafın indiki mərhələsində informasiyanın
daha sürətlə yayılmasının mediadan keçdiyi şübhəsizdir. Bəzi mütəxəssislər
araşdırmalarında KİV-in milyonlarla insana qısa zaman kəsiyində
təsiretmə gücünü vurğulayırlar. Bir çox hallarda insanlar hakimiyyət
qollarından daha çox KİV-ə inanır. Bəzən ona ötürülən xəbəri saf-çürük
edir, adətən, xəbəri «şərhlə»” birgə mənimsəyir və «hazır şərh”in»
toruna düşür.
İctimai rəyin məhz xəbər mənbəyinə sərfəli şəkildə
formalaşdırılmasının bir neçə yolu var. Biz birinin üstündə dayanaq:
informasiya mənbəyi KİV-in xəbərə hansı prizmadan baxmasını istəyirsə,
məhz o tərəfi də qabardır. Mənbənin niyyətindən bixəbər media da,
öz növbəsində, xəbərin görünən (əslində göstərilən) tərəfini qabartmaqla
ona informasiyayla manipulyasiya xidməti göstərmiş olur. Belə demək
olar ki, informasiya müharibəsində üç tərəf iştirak edir. Baş vermiş
hadisəyə incəliyinə qədər bələd olan informasiya mənbəyinə aktiv,
xəbəri cəmiyyətə çatdırmaq istəyən və baş vermiş hadisəni incəliyinə
qədər bilməyən mediaya isə az aktiv tərəf kimi baxa bilərik. Xəbər
və şərhlər gözləyən oxucu (tamaşaçı, dinləyici) auditoriyasını isə
passiv tərəf kimi qiymətləndirmək mümkündür. Bu üçbucaqda hansı
tərəfin udması ötürülən informasiyanın obyektiv təqdimindən və KİV-in
peşə məsuliyyətindən asılıdır.
Müasir jurnalistikada tez-tez informasiyayla manipulyasiyadan
söz açılır. Manipulyasiya informasiya müharibəsinin əsas silahıdır.
Xəbərdən özünə sərfəli formada yararlanmaq istəyində olan mənbə
isə bu silahla hədəfi vurmaq üçün məhz media strukturlarından, kütləvi
vasitədən yararlanır.
Manipulyasiya sözünün etimologiyası da özündə «idarə
etmək”» anlamı daşıyır. Amerika lüğətlərində isə manipulyasiya ötürülən
informasiyanın mətnaltı məqamlarıyla məhz insanları idarə etmək
texnologiyası kimi izah olunur. Sosiologiyanın, psixologiyanın,
fəlsəfənin araşdırma obyekti olan manipulyasiyadan, adətən, ictimai
rəyə ehtiyacı olan hər kəs – fərd də (müğənnidən tutmuş siyasətçiyə,
dövlət xadiminə qədər), dövlət də (istənilən dövlət) yararlanmağa
həvəs göstərir.
Sərfəli yalan
Qazaxıstanlı jurnalist Eduard Poletayev «Beynəlxalq
jurnalistika»” kitabında hökumətin ictimai rəyi sərfəli səmtə yönəltmək
üçün işlətdiyi PR texnologiyasına toxunur: «Körfəz müharibəsi zamanı
ABŞ-ın hərbi müdaxiləsinə haqq qazandırmaq üçün Konqresdə dinləmələr
vaxtı ortaya küveytli qızcığaz çıxarılır. O, İraq əsgərlərinin xəstəxanaların
birindən küveytli südəmər uşaqları çıxaırıb beton döşəmənin üstünə
qoymasından danışır. Hekayət müsbət effekt doğurur. Sonralar isə
məlum olur ki, həmin qız Küveytin ABŞ-dakı səfirinin övladı, özü
də Küveytin kral ailəsinə mənsubdur və haqqında danışdığı ərazidə
heç olmayıb da. Qızın uydurulmuş hadisəni inandırıcı şəkildə danışması
üçün onunla bir neçə gün məşq aparılıbmış».
E.Poletayevin fikrincə, «ideoloji qarmağa” düşməmək
üçün media təmsilçiləri manipulyasiya üsullarına bələd olmalı, bu
üsulları başa düşməyi və duymağı öyrənməlidir».
Xəzər Universitetinin tərcümə və nəşr etdiyi «Müasir
kommunikasiyaya giriş”» dərslik vəsaitinin müəllifləri də hesab
eləyirlər ki, jurnalist istər rəsmi, istər konfidensial mənbədən
aldığı xəbəri yaymaqla manipulyasiya təhlükəsinə məruz qala bilər.
Dərsliyin amerikalı müəllifləri bu halı «obyektivliyin paradoksu»”
kimi qiymətləndirirlər.
İspan filosof-sosioloqu Orteqa-i-Qasset hesab eləyir
ki, cəmiyyətdə ümumi rəy, mövqe olmasa, anarxiya yaranar. Manipulyasiyaya
hardasa haqq qazandıran müəllif cəmiyyətin ümumi rəyə köklənməsi
üçün manipulyasiya cəhdini siyasi tarixin qanunu sayır. Rus filosofu
Qriqori Şişkovun da fikrincə, kütlələrin coşmuş emosiyalarının yatırılmasında
manipulyasiya qaçılmazdır. Müasir kütləni «şəxsiyyətsiz yaşayan
insanlar»” kimi görən filosof onu manipulyasiya üçün ən yaxşı material
sayır.
Bəzən isə cəmiyyətdə hansısa olayla bağlı emosiya,
təşviş yaratmamaq üçün informasiya üzərində işlənir. Məsələn, 2005-ci
ildə Londonda baş verən metro partlayışları zamanı hökumət qurbanların
sayı barədə açıqlanan ilkin məlumatlarda faciənin miqyasını kiçiltməyə
meyilləndi. Sonrakı günlərdə də dünyasını dəyişənlər barədə rəqəmlər
tədricən artırıldı. Hökumət strukturları qurbanların sayının faciə
günü açıqlanmamasını xeyirxah niyyətlərlə də izah edə bilər: cəmiyyətin
müvazinətini qorumaq xatirinə xəbər ictimaiyyətə kiçik dozalarla
ötürülüb.
Ekstremal
(və ya qeyri-ekstremal) şəraitlərdə xəbəri məqsədli yönəltmə isə
heç də həmişə xeyirxah niyyətlərə xidmət etmir. Bayaq qeyd etdiymiz
kimi, informasiyanın məqsədli yönəldilməsi həm də hakim rejimlərin
qorunub saxlanmasına xidmət edir. Məsələn, ötən əsrin əvvəllərində
Hitler Almaniyasının «informasiya allahı»” Göbbels KİV-lə işləməkdə
böyük bir praktik sistem yaratmışdı: məhz faşist rejiminin mənafeyinə
xidmət edəcək ictimai rəyə hesablanmış xəbər yayılmalıydı. Bu, dezinformasiya
da, təhrif edilmiş xəbər də ola bilərdi. Göbbels qəzetlərlə kifayətlənməyib
rejimin ölkəyə və dünyaya təqdimi üçün müxtəlif vasitələr tapırdı,
misal üçün, faşist Almaniyasının sevilən hakimiyyət olmasını təbliğ
etmək üçün film çəkilməlidir. Alman ideoloqları epizoda belə hazırlaşırlar:
«Onlar işğal altında olan Krasnodar vilayətinin sakinlərinə sovet
əsirlərinin gətiriləcəyini və istəyənlərin onlarla görüşə gedə və
hətta yemək verə biləcəklərini yayırlar. Camaat da əlinə keçəni
götürüb sevinclə küçəyə qaçır. Bu mənzərəni isə kinooperatorlar
çəkir. Amma əsirlərin yerinə yaralı alman əsgərlərini gətirən maşınlar
görünür. Filmdə isə bu epizod yerli əhalinin yaralı alman zabitlərini
sevinclə və yeməklə qarşılaması kimi təqdim edilir»”.
KİV-in ictimai rəyin formalaşmasında oynadığı rolun
əhəmiyyəti bir çox ölkə rəhbərlərinin diqqətindən yayınmayıb. Hətta
vaxtilə ABŞ prezidenti Riçard Nikson Milli Təhlükəsizlik Şurasının
iclasında büdcə xərcləriylə bağlı məsələlərin müzakirəsində çıxış
edərkən silah sisteminin yaradılmasına 9 dollar qoymaqdansa informasiya
və təbliğata 1 dollar sərf etməyi daha sərfəli saymışdı. R.Nikson
hesab edirdi ki, silaha nadir hallarda əl atılırsa, informasiya
ilə iş hər gün və hər yerdə olur. Vyetnam müharibəsini uduzan ABŞ
zabitləri isə günahı öz medialarında görürdülər ki, KİV onları yetərincə
dəstəkləmədi. 1992-93-cü illərdə Azərbaycanda hakimiyyətdə olmuş
demokratik qüvvələr də vaxtında mediadan səmərəli istifadə edə bilmədiklərini
dilə gətirirlər.
Ancaq bu o demək deyil ki, müasir jurnalistikamız
manipulyasiya cəhdlərinə qarşı möhkəm dayanıb. Polşanın «Tıqodnik
povşexnı»” qəzetinin publisisti Malqorzata Noçun «İnoSMİ”» internet
qəzetinə verdiyi müsahibəsində keçmiş sovet respublikalarında, «narıncı»
inqilabdan sonrakı Ukrayna istisna olmaqla, informasiyanın manipulyasiya
edilməsindən və bu tendensiyanın artıq internet saytlarına da ayaq
açdığından danışır.
Əsas kütləni aldatmaqdır
Manipulyasiya
orta statistik vətəndaşın hisslərinin idarəsinə yönəlib, çünki ictimai-siyasi
prosesləri izləyən, analitiklərin rəylərini diqqətlə təhlil etməyi
bacaran az bir təbəqə verilən informasiyanı təqdim olunduğu kimi
qəbul etmir və ən azı alternativ rəy eşidənə, bilənə, «nəyə görə
məhz bu fakt açıqlanıb”» sualına aydınlıq gətirənə qədər gözləmə
mövqeyi tutur. Amma informasiya ilə manipulyasiya edənə yalnız hissləriylə
düşünən, ona verilən ilkin informasiyanı qəbul edən və alternativ
rəy eşitməyi gözləmədən öz rəyini (manipulyasiya edənə lazım olanı!)
formalaşdıran çoxluq lazımdır. Sonradan xəbərin pərdəarxası məqamları
açıqlansa belə, ümumi rəyə informasiyanın ilkin qabardılan tərəfi
daha çox təsir edəcək.
Yeri gəlmişkən, Azərbaycanın 1993-cü ilin iyun hadisələrinə
səbəblərdən biri olmuş epizodu xatırlatmaq istərdim: Milli Məclisdə
keçmiş baş nazir Surət Hüseynovun Gəncədə qaldırdığı qiyamla bağlı
müzakirələrin televiziyayla canlı yayımına təkid edən qüvvələrin
təkidini manipulyasiya hipnozunu işə salmaq kimi də qiymətləndirmək
mümkündür. Belə ki, parlamentin emosional və radikal ovqatı televiziya
vasitəsilə cəmiyyətə ötürüldüyü təqdirdə kütlə emosiyaların təsiri
altına düşməliydi və ölkədə sonradan cərəyan edən ictimai-siyasi
hadisələr göstərdi ki, informasiyadan yararlanmaq istəyənlərin əziyyəti
puça çıxmadı.
Haşiyə. Düzdür, burda kameralarını parlament zalında
qurub onu efirlə yayımlayan media təmsilçisində günah axtarmaq yanlışlıq
olar. Bəzi avropalı mütəxəssislər də hesab edirlər ki, yayılacaq
informasiyanın nəticəsini bəri başdan hesablamaq jurnalistin neytral
mövqeyinə ciddi təsir göstərə bilər. Bu isə jurnalistikanın obyektivlik
prinsipiylə uzlaşmır. İnformasiyanın nəticəsinə neytrallıq mövqeyini
bölüşmək hətta zəruridir.
Böyük Britaniya qəzetləri ingilis əsgərlərinin İraqda
insanlıqan uzaq davranışlarını əks etdirən kadrları yaymaqla dövlətin,
hökumətin nüfuzuna ciddi zərbə dəyəcəyini hesablayıb bundan çəkinsəydilər
və ya Amerika mətbuatı ABŞ prezidentinin telefon danışıqlarının
dinlənilməsi barədə qanunsuz və gizli sərəncamını açıqlamasaydı,
onda vətəndaşlar həqiqətdən xəbər tutmaz, KİV-in nüfuzu və obyektivliyi
barədə deyilənlər nağıla bənzərdi.
Azadlığın sərhədi
İctimai nəzarət funksiyasını yerinə yetirməyə məhkum
KİV üçün bu mənada «nəticələri hesablama»” anlayışı olmamalıdır.
Amma elə məqam var ki, burda nəticəni hesablamamaq KİV-in ictimai
nəzarət funksiyasıyla paradoksal ziddiyyətə gətirib çıxarar. Deməli,
söz azadlığı var ki, onun sərhədindən jurnalist məsuliyyəti başlayır.
Və ya söz azadlığının sərhədini müəyyənləşdirən prinsiplər dəqiq
çəkilməlidir ki, KİV öz məsuliyyət sərhədini pozmaqdan çəkinsin.
Belə bir misala diqqət edək: 2002-ci ilin noyabrında
Nigeriyanın Kadun şəhərində 200-dən çox adamın ölümüylə nəticələnən,
minlərlə insanın xəsarət aldığı etiraz aksiyaları baş verib. Səbəb
ölkə qəzetlərindən birində gedən bir kəlmə olub. Kadunda dünya gözəllik
müsabiqəsi keçirilirmiş və jurnalistlərdən biri yazıbmış ki, əgər
Məhəmməd peyğəmbər bu bayramın şahidi olsaydı, gözəllərdən birini
özünə arvad eləyərdi. Jurnalistin məqsədsiz, sadəcə, məqaləyə rəng
qatmaq üçün yazdığı bu sözlər əhalisinin əksəriyyəti müsəlman olan
ölkədə insanların heysiyyətinə toxunmuş və dini qarşıdurma yaranmışdı.
Hakimiyyət faciəylə nəticələnən bu qarşıdurmaya baiskar kimi həmin
yazının müəllifini görmüşdü. Hərçənd, ölkədə dini-siyasi vəziyyət
kifayət qədər həssasıydı və sadəcə, hər zaman partlamağa hazır olan
barıt çəlləyinə kibriti jurnalist çəkmişdi.
Bu məsələdə söz azadlığı sipərdisə, bəs jurnalist
məsuliyyətinin sərhədi hardan başlayır? Deməli, «nəticəyə» netyrallıq”
və jurnalist məsuliyyətinin də yolu tez-tez kəsişir. Bu paradoksda
obyektivlik prinsipini pozmamaq və ya onun qurbanına çevrilməmək
üçün, zənnimizcə, qızıl ortanı tapmaq lazımdır. Hər situasiya, hətta
hər bir xəbər özünə özəl təqdimetmə forması tələb etdiyi üçün orta
xəttin tapılması da jurnalistin yüksək peşəkarlığından asılıdır.
Manipulyasiya və jurnalist məsuliyyətinin toqquşması
jurnalistika tarixində həm də Beslan faciəsiylə xatırlanacaq. Həmin
vaxt terrorçular yüzlərlə məktəblini girov götürsələr də, hökumət
məktəbdə daha az şagirdin olduğunu bildirmiş və KİV də məhz bu məlumatı
yaymışdı. Beslan məktəbini ələ keçirən terrorçular mediada girovların
sayı ilə bağlı hökumət açıqlamasını eşidəndə (onlarda radio var
idi) qəzəbləndilər və yalanı faş etmək üçün onlarla azyaşlını öldürdülər.
Bu fakt ekstremal situasiyalarda informasiyayla manipulyasiya etmək
cəhdinin hansı faciəvi nəticələr doğurduğuna nümunədir.
Digər bir misal isə Azərbaycan mediasının rəsmi mənbənin
məlumatının «sehrinə» düşməsiylə bağlıdır. 2005-ci ildə MTN «Əl-Qaidə»
terrorçu təşkilatının Qafqaz bölməsinə məxsus altı-yeddi nəfərin
məhkəməsiylə bağlı məlumat yaydı. Bütün parametrləriylə kifayət
qədər ciddi bir açıqlama idi, hərçənd, Azərbaycanda belə terrorçuların
həbsi barədə heç konfidensial mənbələr də mediaya məlumat ötürməkdə
maraqlı görünməmişdi. Həmin ərəfədə elektron medianı və populyar
qəzetləri izləsək də, MTN-in açıqlamasından savayı bu faktı araşdıran
materiala rast gəlmədik. Halbuki bu hadisəylə bağlı cəmiyyəti maraqlandıran
suallar çox idi. Bu günə qədər də ölkə KİV-in nəyə görə bu faktı
araşdırmaq istəməməsi, rəsmi açıqlamanı yaymaqla kifayətlənməsi
təəccüb və məyusluq doğurur.
Haşiyə. ABŞ-ın kiçik şəhərlərinin birində yerli polis
bir cinayətkarın tapılması üçün yerli qəzetin redaktoruna əməkdaşlıq
təklif eləyir. Qəzet cinayətin açılmasıyla bağlı xəbəri çap etməliydi.
Qarşılıqlı əməkdaşlıq təklifi müqabilində belə redaktor bununla
razılaşmır. Çünki o öz işinə nəyinsə xatirinə xəyanət etmək istəmir
– gec-tez həqiqət bəlli olacaq. Nəticədə redaktor oxucusuna yalan
məlumat verməklə qəzetin reputasiyasını zədələyəcək, reytinqini
itirəcəkdi.
Bu yerdə məşhur «Onu bağışlamaq olarmı?» filmi yada
düşür. Filmdə azərbaycanlı milislər qəzetin dezinformasiya çap etməsini
istəyirlər: prokuror yerli qəzetə cinayətkarın həbsiylə bağlı məlumat
hazırlanmasını tapşırır. Sabahkı qəzetdə xəbər dərc olunur və film
qəhrəmanlarının arzu elədikləri kimi, cinayətkar gizləndiyi yuvadan
çıxıb özünü ələ verir.
Biri gerçəkdən, digəri filmdən götürülsə də, bu iki
fakt KİV-in cəmiyyətdəki mövqeyinə toxunur. Sovet mətbuatı üçün
nüfuz, obyektivlik ikinci dərəcəli məsələ sayılsa da, demokratik
prinsipləri özündə ehtiva edən media üçün obyektivlik başlıca amildir.
Beləliklə, xəbərin təhrifi və ya informasiyanın manipulyasiya
cəhdləri cəmiyyətdə təhlükəli tendensiyanın əmələ gəlməsinə səbəb
olduğu kimi, bir çox xoşagəlməz halların ortaya çıxmasına medianın
bilərəkdən və ya bilməyərəkdən təkan verməsi qızışdırıcı, yaxud
şərik qismində iştirakına zəmin yaradar.
Fikrimizcə, çağdaş jurnalistikanın ən vacib
öhdəliklərindən biri də öz öhdəliklərini yerinə yetirərkən yuxarıda
sadalanan, yaxud sadalanmayan bu cür hallardan sığorta olunmaqla
cəmiyyətin inkişafında maraqlı institutlarla əməkdaşlıq etməklə
yanaşı, vətəndaş cəmiyyəti formalaşmasına əngəl törədən ayrı-ayrı
reqressiv mexanizmlərin bir hissəsinə çevrilməməkdir.
|