Afrika
timsahları
Qanlı diktatorları ayaq üstə saxlayan siyasət
|
 |
| Məmməd Süleymanov
|
Ötən qış, fevralın ilk günlərində Afrikadakı
dost Toqo xalqı azərbaycanlılarla qardaşlaşdı. Çünki eyni qisməti
bölüşdük. Tərəddüd etmədən Bakıda Toqo paytaxtının şərəfinə "Lome
parkı" salmaq, onlarda isə Heydər Əliyevə heykəl qoymaq olar.
Məsələ ondadır ki, onların 38 illik "əbədiyaşar
lider"ləri Eyadema Qnassinqbe bir çox digər diktatorlar kimi
əzab çəkmədən - qəfildən öldü. Toqonun 44 illik "müstəqillik"
tarixi bu qaniçən personajın ulduzu altında keçmişdi, indi də həmin
"şərəfli" tarixi onun oğlu - 39 yaşlı Fol Qnassinqbe yazacaqdı.
"Toqo demokratiyası"nın incəlikləri
Diktatorun
ölümü o qədər qəfil oldu ki, özgələri başlarını itirib nə etmək
lazım gəldiyini bilməzdilər. Ancaq dünyanın ən ensiz dövlətində
(ilan kimi nərmə-nazik Toqonun qərb və şərq sərhədləri arasında
məsafə bir çox yerlərdə cəmisi 30 kilometrdir) diktatorun silahdaşları
qətiyyən özlərini itirmədilər, dövlət iyerarxiyasında heç bir mövqe
tutmayan oğul Qnassinqbeni prezident elan etdilər.
O qədər əcaib və gözlənilməz hərəkət idi ki, özünə
hörmət bəsləyən bütün dünya ölkələri etiraz etdi. Çünki konstitusiyaya
görə diktatorun yerini parlamentin spikeri Natçab Uattar tutmalıydı.
Eyadema öləndə spiker xaricdəydi. Hərbçilər sərhədləri bağlayıb
onu ölkəyə buraxmadılar, ABŞ və Avropaya "Toqo demokratiyası"nın
incəliklərini başa salmaq üçünsə əvvəlcə Uattarı spikerlikdən çıxarıb
yerinə oğul Qnassinqbeni oturtdular. Daha bir neçə saat sonra isə
yeni spiker avtomatik olaraq prezident elan edildi.
Beləliklə, 2003-cü ildə Azərbaycanda yaşananlar 2005-ci
ildə Toqoda öz koloritiylə təkrarlandı. Antidemokratiya sərhəd və
qitə tanımır.
"Demokratik" Qərb əvvəlcə zəif müqavimət
göstərdi - Fol Qnassinqbenin inauqurasiyasını boykot etdi, mərasimə
yalnız Çin, Qana, Liviya və Konqo nümayəndə heyətləri qatıldı. Ancaq
arxası yeni diktator üçün lap əla gəldi. Artıq 10 aydır hakimiyyətdədir,
Toqoya qarşı heç kəs sanksiya irəli sürməyib, heç bir dövlət diplomatlarını
geri çağırmayıb. "Tərəqqipərvər bəşəriyyət" Afrikanın
daha bir ölkəsində demokratiyanı diktatorların yeminə verməkdə davam
edir.Toqonun hansı yolla gedəcəyinə indidən heç kəs şübhə etmir
- oğul Qnassinqbe atadan fərqli olaraq zirvəyə qansız yüksəlsə də,
başqa işlərində onu təkrarlayacaq.
Ata Qnassinqbe rəqiblərini timsahlara yedizdirirdi
Artıq
ruhu cəhənnəmdə əzab çəkən ata Qnassinqbenin tarixçəsi isə əksər
Afrika ölkələrində rast gəlinən tarixçədir. 25 yaşı serjant əvvəlcə
ilk prezident Silvanus Olimpionun devrilməsinə başçılıq edir və
dövlət başçısını öz əli ilə güllələyir. 1967-ci ildə isə 29 yaşlı
Qnassinqbe öz keçmiş çevriliş dostlarına da qarşı qiyam qaldıraraq
hakimiyyəti əlində toplayır. Odur-budur, Toqonun adı repressiyalar,
qətllər, siyasi izləmələr siyahısından düşmür. Öz sələfini şəxsən
güllələmiş diktator illər boyu siyasi rəqiblərinə gülləni də qıymayaraq
onları timsahlara yedizdirirdi. Və bütün bu 38 il ərzində onun arxa-dayağı
bizə demokratiya dərsi vermək istəyən dövlətlər olmuşdu.
Qnassinqbe Afrika qitəsi üçün nəinki istisna, əksinə,
qaydadır. O öz amansızlığında qətiyyən unikal deyildi - Afrika ondan
da betərlərini görüb və görür. Öz əcəli ilə, yatağında can verməsi
də istisna deyil - Afrika cəlladlarının çoxu ya rahat ölüb, ya da
hələ sağ-salamat, asudə ömür sürürlər. Onlar həm xalqlarının, həm
də beynəlxalq aləmin məhkəməsindən qaçıblar. Yeganə ümid tarixin
məhkəməsinə qalıb. Bu isə qurbanlar üçün çox zəif təsəllidir.
Qaniçənlər necə ölür
1999-cu ildə Viaqra həblərinin dozasını çox elədiyindən
Nigeriya diktatoru Sanni Abaça dünyasını dəyişdi. O, illər uzunu
Beynəlxalq Amnistiyanın qara siyahısına başçılıq edirdi. Əhlisinin
sayına görə Afrikanın ən nəhəng ölkəsi olan Higeriyada "yarpaqlar
belə onun icazəsi olmadan tərpənmirdi". Və bu cəllad cinsi
potensiyasına göstərdiyi ifrat qayğının güdazına getdi, xalq qəzəbinin
və ədalət məhkəməsinin qurbanına çevrilmədi.
Nadir hallarda Afrika diktatorları ömürlərini güllə
ilə, yaxud dar ağacında bitiriblər. Onların ömürlərinə son qoyanlar
isə növbəti diktatorlar olub. Vətəndaş müharibəsinin girdabında
boğulan Liberiyada özündən əvvəlki prezidenti qətlə yetirmiş prezident
Semyuel Dounun başını onu devirən növbəti diktator - Çarlz Teylor
kəsdi. Deyilənlərə görə, həmin edamın videolentinə baxmaq onun əyləncəsidir.
Dounu edam etməzdən əvvəl saçlarını və kəsilmiş dilini udmağa məcbur
etmişdilər.
Yataqda ölən Afrika cəlladlarının sayı daha çoxdur.
35 il Zairə (indiki Demokratik Konqo) başçılıq etmiş Mobutu Sese
Seko ABŞ-ın yaxın dostuydu. Keçmiş partizan Loran Kabila 1997-ci
ildə onu devirəndə varidatını da götürüb Fransaya qaçdı. Bir il
sonra burada prostat xərçəngindən öldü. Kabila da uzağa getmədi
- 2001-ci ildə öz cangüdəninin güllələsinə tuş gəldi. Yerinə isə
oğlu təyin olundu. Beləliklə, bizim Afrikada qardaşlarımız təkcə
toqolular deyil, həm də konqolulardır. Asiyada isə özünüz də bilirsiniz
– Suriya, İordaniya, Şimali Koreya...
Adamyeyən rəhbərlər
Əcəli ilə ölən başqa qaniçən - kannibal Jan Bedel
Bokassa oldu. Dayısını qətlə yetirib hakimiyyətə yiyələnən Bokassa
ölkəsinin adını dəyişib Mərkəzi Afrika İmperiyası (!) adlandırdı.
Fransanın yaxın dostu idi. Öz siyasi rəqiblərini sözün birbaşa mənasında
bişirib yedi. Ölkədəki yeganə riyaziyyat professoru belə onun menyüsünü
"bəzədi". Napoleon olmaq arzusu ilə yaşayan kannibalın
son əməllərindən biri 8 yaşlı uşaqları asfalta döşədib üstlərindən
maşınla keçməsi oldu. Sonra devrildi. Qaçdı Fransaya, bir neçə il
cah-cəlalla yaşadı. Sonra qayıtdı vətəninə. Əvvəl ev dustağı oldu.
Axırda tamam açıb sərbəst buraxdılar. Özünü İsa peyğəmbər elan edib
yenə prezident seçkilərinə hazırlaşmağa başladı. Bişirib yediyi
xalq isə yenə onu sevməyə başlayırdı. Əgər 1986-cı ildə qəfildən
ölməsəydi, lap prezident də ola bilərdi. Təntənə ilə dəfn etdilər.
Xalq ekzotik qurmanı təkrarən qəbul etmişdi.
Yaxud İdi Əmin - Uqandanı keçmiş rəhbəri. Bokassa
kimi kannibal. Əsgər kazarmalarına xidmət göstərən ucuz fahişənin
oğlu olan İdi Əmin məşhur Albert gölünün adını dəyişib öz şərəfinə
adlandırdı. O da öz dayısını devirib yerinə keçmiş qatildir. Hüquq
müdafiə təşkilatlarının hesablarına görə, 500 minə qədər uqandalının
məhvinin baiskarıdır (Yad ölkələrə səpələnən 2 milyon azərbaycanlı
ilə müqayisədə kiçik rəqəm kimi görünür. Ancaq unutmayın - dəyər
şkalası kəmiyyət tanımır!).
8
illik mütləq hakimlikdən sonra bu cüssəli zəncini hərbi çevrilişlə
devirdilər. Və o vaxtdan - 1979-cu ildən - Səudiyyə Ərəbistanında
məskunlaşdı. Ərəb şeyxləri onu yağ içində böyrək kimi saxladılar,
çünki onların fikrincə, İdi Əmin nümunəvi müsəlman idi. Əcəb arqumentdir.
Ancaq nə etmək olar - absurd bizim dövrümüzün atributuna dönüb.
Ciddə şəhərində İdi Əminin iri bir sarayı, içində
də böyük rəsm qalereyası və hərəmxanası vardı. 1989-cu ildə bir
daha Uqandaya əldə silah qayıtmaq istədi - alınmadı. Bizneslə məşğul
oldu. Heç bir haaqa məhkəməsi onu ifadə vermək üçün çağırmadı. Böyük
şey olmayıb ki - yarım milyon zəncini göylərə yollayıb. Bu onların
daxili işləridir, başa düşürsünüzmü? 77 yaşında Ər-Riyadın ən bahalı
klinikalarının birində beyninə qan sızmasından öldü.
Onlara gözün üstə qaşın var deyən yoxdur
Keçmiş dostumuz Mengistu Hayle Mariamı isə bizim nəslimiz
hələ unutmayıb. Moskvaya tez-tez gələrdi. Efiopiyanın keçmiş diktatoru
17 illik hakimiyyəti ərzində 200 min həbəşin və eritreyalının ömrünə
nöqtə qoyub. "Polkovnik Mengistu" özündən əvvəlki hakim
- Efiopiya imperatoru, 95 yaşlı Hayle Selassiyeni şəxsən öldürüb.
1991-ci ildən Zimbabvedə yaşayır. 1995-ci ildə ona
qarşı uğursuz sui-qəsd cəhdi oldu. O vaxtdan malikanəsini tərk etmir.
65 yaşlı Mengistuya da gözün üstə qaşın var deyən yoxdur.
Daha
bir misal çəkmək istəyirəm. Adı uşaqlıq illərimdən yaddaşımda ilişib
qalmış Çad diktatoru Hissen Habreni yada salıram. Bu yaxınlarda
onun həbsi barədə xəbərlər yayıldı.
1980-cı illərdə Çad bu şəxslə onun rəqibi Qukuni
Ueddeyin arasında gedən qanlı müharibəyə meydan olmşdu. Habreni
ABŞ və Fransa, Ueddeyi isə Liviya vasitəsilə SSRİ müdafiə edirdi.
O vaxtın sovet qəzetləri az qala hər nömrəsində Habreni yerə vurub
Ueddeyi vəsf edirdilər. Bu iki zənci heyvərənin taxt davasında isə
əhalisi vur-tut 7 milyon olan Çadın 50 min sakini qətlə yetirilmiş,
200 mini Habrenin faşist tipli həbs düşərgələrinə salınmışdı.
Sonda Ueddeyin izini itirdim. Habre isə lazımsızlaşdığından
devrildildi. 1990-cı ildən Seneqalın paytaxtı Dakarın yaxınlığındakı
malikanəsində yaşayır. Seneqal hakimiyyəti dəfələrlə onu üçüncü
bir ölkəyə ekstradisiya etməyə çalışsa da, Çad büdcəsindən oğurladığı
pullarla bahalı vəkillər tutan Habre asanlıqla bu cəhdləri rüşeymində
boğurdu. 62 yaşı var və Çada "ağ at"da qayıtmaq arzusunu
hələ dəfn etməyib. Seneqalda həbs olunmasına baxmayaraq, çətin ki,
onu Çada təhvil verəcəklər.
Sudanda isə 17 ildir nümunəvi müsəlman Əl-Bəşirin
diktaturası davam edir. Bütün bu illər ərzində müsəlman şimalı ilə
xristian cənub arasında qanlı qırğın səngimir. Artıq 1 milyon insan
həlak olub. Cənubdakı Darfür şəhərində yaşanan qətliamlar isə faşist
ölüm düşərgəsində baş verənləri yada salıb. Bu ilin əvvəlində Əl-Bəşir
xristian sudanlıların başkəsən "mini-diktatoru" Con Qaranqla
razılığa gəlib onu vitse-prezident təyin etdi və vur-tut bir ay
sonra təyyarə qəzasına salaraq öldürtdü. Müharibə isə yenidən alovlandı.
Tikə-parça Somali
Afrikadakı
diktaturalar Qərbin aktiv, yaxud passiv müdafiəsi ilə ayaq üstədirlər.
Qərb bu ölkələrə köməyini dayandırsaydı, onların çoxusu ömürlərini
başa vurardı. Ancaq bu ölkələrdəki zəngin təbii ehtiyatlar Qərbin
yuxusunu qaçırıb. Bütöv xalqlar bu ehtiyatların güdazına verilir.
Eyni zamanda, bəzən Qərbin bu qitədə problemləri
hərbi yolla həll etmək cəhdləri də iflasa uğrayıb. Bu isə təsdiq
edir ki, qanlı diktatorlara qarşı məhz maliyyə, iqtisadi və diplomatik
təzyiq üsulları effekt verir.
Tipik
misal Somalidir. Uzun illə bu ölkəni gah ABŞ, gah SSRİ-yə tərəf
əyilən prezident Məhəmməd Səid Barre idarə edirdi. 1990-cı illərin
sonunda ABŞ maliyyəsi ilə yaradılan üsyançı dəstələr onu devirdilər,
ancaq ölkəni ABŞ-a güzəştə getməkdən imtina etdilər. Üsyançıların
Vaşinqton tərəfdən yemlənmiş rəhbəri Məhəmməd Əydid öz ağalarına
ağ oldu. Belədə ABŞ paytaxt Moqadişoya kommandoslarını yolladı.
Bunun nə ilə bitdiyini hər kəs məşhur "Qara quzğun" filmindən
bilir - kommandoslar küçə döyüşlərində darmadağın edildilər və ABŞ
Somalini ilk baxışdan azad buraxdı. Ancaq sadəcə taktikanı dəyişdi
- qanlı diktator Əydidi qətlə yetirdi, sonra isə onun yerini tutan
qardaşını terror aktı ilə öldürtdü. Nəticə isə göz qabağındadır
- Somali adlı dövlət artıq faktik mövcud deyil. Onun şərq hissəsi
özünü Somalilend adlandıraraq illər boyudur BMT-dən tanınmasını
istəyir. Yerdə qalan ərazilər isə çoxsaylı üsyançı dəstələr arasında
bölüşdürülüb. Mərkəzi hakimiyyət yoxdur. Bir diktatoru məhv edən
Vaşinqton nəticədə onlarla xırda diktatorun yolunda yaşıl işıq yandırıb.
Afrikada
qanlı diktatorlar erası qətiyyən bitməkdə deyil, əksinə, dünənədək
az-çox azad təsiri bağışlayan ölkələr belə bu yola meyllənirlər.
Səbəblər isə çoxdur - xalqların dilənçi günündə yaşaması, savadsızlıq
və xəstəliklər onları siyasi mübarizəyə biganə edir. Ac mədələr
insan haqlarını sonuncu plana keçirib. Qərb üçün isə demokratiya
yalnız daxili tətbiq üçündür. O ki qaldı uzaq Afrikaya, vaxtilə
sovet uşaq şairi Korney Çukovskinin yazdığı kəlmələr qüvvədədir:
"Uşaqlar, Afrikaya getməyin. Orada qəddar Barmoley var".
Sadəcə, sonda uşaqlarla dost olan Barmoleydən fərqli
olaraq, bu diktatorlar insanlarla heç vaxt dost olmayacaqlar...
|