 |
FİLANTROPİYA
MƏŞHURLARI |
 |
|
 |
| Məmməd Süleymanov
|
2003-ci
il aprelin 17-də London xəstəxanalarından birində 70 yaşlı Pol Getti
vəfat etdi. O, klinikaya bir neçə gün əvvəl «ağ ciyər infeksiyası»
diaqnozu ilə götürülmüşdü. Beləliklə, ötən əsrin ikinci yarısının
ünlü filantroplarından biri, 80-ci illərin əvvəllərində dünyanın
ən varlı adamı, vaxtilə «Forbs» jurnalında milyardçıların siyahısına
başçılıq etmiş neft maqnatı Pol Gettinin Yer həyatı başa çatdı.
Getti dünyanın ən varlı adamı olmaqla bərabər, ən
səxavətli xeyriyyəçisi sayılırdı. Onun xeyriyyə məqsədlərinə sərf
etdiyi varidatın həcmi müxtəlif rəqəmlərlə göstərilir – ən azı 300
milyon dollardan başlamış yarım milyard dollaradək. Ser Polu başqa
filantroplardan fərqləndirən daha bir cəhət ən müxtəlif sahələri
– həm siyasi, həm tibbi, həm də incəsənətlə bağlı layihələri maliyyələşdirməsi
idi. O, pullarını ilk növbədə kino sənətinə və musiqiyə xərcləyirdi.
Amerika Kino Akademiyasına ayırdığı məbləğ 100 milyon dollarla ölçülürdü.
Ser Getti ömrünün son 30 ilini Londonda yaşayırdı.
Öz malikanəsinin yaxınlığında Britaniya paytaxtındakı məşhur Oval
kriket meydanının tam oxşarını tikdirmişdi. Mühafizəkarlar Partiyasının
seçki marafonuna milyonlarla funt-sterlinq bağışlayan Pol Getti
eyni zamanda Milli Qalereyaya və Britaniya Kino İnstitutuna yardım
göstərirdi.
Pol Getti öz nəslində birinci filantrop deyildi. Gettilərin
məşhur neft maqnatlığının əsasını karyerasını yoxsulluqdan başlamış
atası qoymuşdu. Ailənin neft biznesini davam etdirən ser Pol bir
müddət narkotiklərlə əyləndiyindən total uğursuzluğun astanasında
dayanmışdı. Ancaq iradə hesabına narkotiklərdən yaxa qurtararaq
ABŞ-dan Böyük Britaniyaya köçmüş, 1986-cı ildə «Britaniya imperiyasının
cəngavəri”» titulu, daha iki il sonra isə bu dövlətin vətəndaşlığını
almışdı.
O, nəhəng maliyyə imperiyasını vərəsəliklə atası Jan-Pol
Gettidən almışdı. Heft maqnatı Jan-Pol Getti də oğlu kimi, bir müddət
dünyanın ən varlı adamı və xeyriyyəçi idi. Pol Gettinin də övladları
var – maliyyə imperiyasını idarə edir və filantropluqla məşğul olurlar.
Onlardan biri – Robert Getti dünya şöhrətli musiqiçidir. Ümumiyyətlə,
bu ailə musiqiyə çox bağlıdır və dünyanın müxtəlif ölkələrində istedadlı
musiqiçilərə və ehtiyacı olan simfonik orkestlərə qəyyumluq edir.
|