SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№2 (20) ---- 2006
NÖYÜT

Avtoritar model həmişə təhlükəlidir: neft pulları olanda da, olmayanda da

Erkin Qədirov

«Böyük neft kapitalının potensial təhlükələri: Azərbaycan -2025”»

Dəyirmi masa

19 aprel 2006

Beynəlxalq Mətbuat Mərkəzi

Təşkilatçı: «İnam» Plüralizm Mərkəzi
Sponsor: «Himayədar» Humanitar Təşkilatı

Məruzəçilər:
Erkin Qədirov: «Neft sindromu: mənəvi-psixoloji təsir»
Inqilab Əhmədov: «Neft sindromu: iqtisadiyyata təsir»

Hamınızdan üzr istəyərək mənə verilmiş mövzunu bir qədər dəyişdirmək istəyirəm. Bu, radikal dəyişiklik olmayacaq. Mən hüquqşünas olduğuma görə bu mövzunu hüquqi, qismən də fəlsəfi cəhətdən şərh etməyə çalışacam.

Bir hüquqşünas üçün pulun həcmi əhəmiyyətli deyil. Əhəmiyyətli olan pulun öz kommunikativ funksiyasını yerinə yetirə bilib-bilməməsidir. Bizim cəmiyyətdə bu barədə, demək olar, danışılmır. Nə qədər qəribə səslənsə də, pul insanları bərabərləşdirə biləcək bir ünsiyyət vasitəsidir. Məhz bu mənada pulun həcmini əhəmiyyətli hesab etmirəm. Bəli, cəmiyyətdə varlılar var, kasıblar var, kimdəsə pul çoxdur, kimdəsə az. Ancaq sırf kommunikativ dəyərlər baxımından pul insanları bərabərləşdirir, abstrakt ünsiyyət vasitəsi kimi insanlar arasında təbii fərqləri aradan qaldırır. Etnik mənşə, bölgə mənsubiyyəti, dini etiqad, siyasi baxışlar və sair kimi ünsiyyəti əngəlləyə biləcək, yaxud əksinə, ünsiyyəti istiqamətləndirə biləcək fərqləri pul aradan götürür.

Burda bir şərt var: pul azad dövriyyədə olmalıdır. İnhisarçı dairələrdə deyil, həqiqətən də cəmiyyətin bütün çevrələrində azad dövriyyədə ola bilməlidir ki, həmin o kommunikativ funksiyasını yerinə yetirə bilsin. Çox vaxt qıcıqlandırıcı görünən varlı-kasıb ziddiyyəti əslində pulun özünün problemi deyil. Pulun kommunikativ rolu oynaya bilməməsi problemidir, pulun bu və ya digər qrupun əlində cəmləşməsi problemidir. Müxtəlif meyarlarla formalaşmış qruplar pul dövriyyəsini inhisara alanda pul kommunikativ funksiyasını yerinə yetirə bilmir. Bizim cəmiyyətin bəlası budur.

Mənə verilmiş mövzuda çox maraqlı bir məsələ var: insan mənəviyyatı və milli natamamlıq problemi. Bizdəki milli aşağılanma, milli natamamlıq kimi məsələlər, məncə, düşüncə vektorunun yanlış seçilməsindən irəli gəlir. Düşüncə məzmunundan yox. Məsələn, özünütənqid çox vacib keyfiyyətdir. O cümlədən mübaliğəli tənqid. Bütün millətlərin özləri haqda kəskin lətifələri var. Amma düşüncə vektoru yanlış seçiləndə, düşüncənin məzmunundan asılı olmayaraq, siz uğur qazana bilməyəcəksiniz.

Nəyi nəzərdə tuturam? Biz ehtiyaclarımızı həddən artıq mütləqləşdiririk. Ehtiyac vektorunu seçəndə insanın ilk ağlına gələn təsəvvür çətinlikdir. Çətinlik, xüsusilə ehtiyaclarımızı ehtimallaşdırmağa başlayanda, hansısa ehtimallar quranda ki, alınar, alınmaz, eləyək, eləməyək, getdikcə çözülməzliyə çevrilir. Belə bir düşüncə vektoru var: ehtiyac-ehtimal-ehtiyat. Bunun ardınca çətinlik-çözülməzlik-çətingənlik gəlir. Bir qədər neqativ, bədbinliyə gətirən düşüncə vektorudur.

Amma pozitiv vektor da var. Pozitiv sözü müsbət kimi tərcümə olunur, amma latın mənşəyinə baxsanız, onun kökündə təyin etmək anlamı durur. Siz şəraiti özünüz təyin etdiyinizə inanmağa başladıqca şərait sizə başqa cür görünəcək. Buna inanmasanız, şərait sizi təyin edəcək. Pozitiv düşüncə vektoru belədir: istək-inam-iradə. Ehtiyac kateqoriyası ilə deyil, istək kateqoriyası ilə düşünəndə siz çətinin əvəzinə çarə haqqında düşünəcəksiniz. Burada istək və ehtiyacı qarşılaşdırmanın təməlində vasitə ilə bəhanənin qarşılaşdırılması durur. Siz vasitə kateqoriyalarından düşünsəniz, uğur qazana bilərsiniz. Bəhanələr kateqoriyası ilə – hökumət qoymur, transmilli korporasiyalar qoymur və yaxud hansısa terrorçular qoymur – düşünsəniz, batacaqsız.

Tək əldən səs çıxmaz deyərlər. Özünüz kimi inancları olanları tapandan sonra ətrafınızda çevrə yaranacaq. Siz çözülməzlik əvəzinə çevrə haqqında düşünəcəksiniz – ünsiyyət çevrəsi, kommunikativ mühit. Və nəhayət, iradənizi ortaya qoyacaqsınız. Vacib olan çarə axtarışı, çevrə quruluşu və çalışma əzmidir. Kommunikativ əxlaq nəzəriyyəsi baxımından vacib olan dəyərlərin məzmunu deyil, dəyərlərin mübadiləsidir. Dəyərlər mübadilə olunmursa, onların məzmunu da anlaşılmaz qalır. Xüsusilə gələcək nəsillər üçün.

Çox vaxt sual olunur: cəmiyyət olaraq biz neftdən gələn gəlirləri həzm edə biləcəyikmi? Mən yenə iqtisadi məsələni qoyuram qırağa. Dedik ki, pul ünsiyyət vasitəsidir və onun bu funksiyanı yerinə yetirə bilməsi üçün azad dövriyyədə olması lazımdır. Pulun azad dövriyyədə olması üçünsə, təbii ki, azad bazar münasibətləri lazımdır. Azad bazar münasibətləri isə azad siyasi modeldən keçir. Neft gəlirlərini həzm edə biləcəyikmi sualının cavabını burda axtarmaq maraqlıdır. Bizim siyasi proses və onu idarə edən siyasi model həddindən artıq ləngdir. Ədalətlidir və ya ədalətli deyil – bir tərəfə qalsın, ləngdir. Qərarların qəbulu, onların hazırlanması, müzakirəsi, hələ mən həyata keçirilməsini demirəm, nə qədər xeyli vaxt aparır. Bəzi qərarlar nəinki cəmiyyət, hətta mütəxəssislər çevrəsi üçün tam gözlənilməz olur. Halbuki vacib qərarlar pilləli ictimai müzakirələrdən keçib ortaya çıxarılmaldır.

Bizim hökumətin modelinə baxın. Prezident respublikası olduğumuz söylənilir, amma Nazirlər Kabinetinin bir qurum kimi mövcudluğu – xüsusilə bu formada – tamamilə məntiqsizdir. Əvvəla, sırf kommunikativ əxlaq baxımından. Siz saysanız nazir neçə adama tabedir, çox absurd bir mənzərə alacaqsınız. Nazir tabedir baş nazirin müavininə, baş nazirin birinci müavininə, baş nazirin özünə, Prezidentin İcra Aparatının rəhbərinə, icra aparatının şöbə müdirinə və nəhayət, prezidentə. Əlbəttə, mütləq deyil ki, nazirlə prezident arasında ünsiyyət məhz bu beş mərhələni keçsin. Amma elə bu da məsələnin ən istehzalı tərəfidir, çünki nazirdən vəzifə etibarilə daha yüksək olan baş nazirin birinci müavini özünü lazımsız hesab etməyə başlayır. Kommunikasiya pozulur, intriqalar artır, qərarların mübadiləsi, ideyaların, məlumatların mübadiləsi ləngidilir, bəzən ümumiyyətlə həvəsləndirilmir. Məhz buna görə bir nazirlikdə hazırlanan qərar layihəsi haqqında başqa nazirliyin çox vaxt xəbəri olmur. Və yaxud bir nazirin ictimaiyyətə verdiyi məlumat başqa nazirin məlumatının tam tərsidir. Hökumət daxilində mübadilə yoxdur, müzakirə yoxdur. Belədə o, çox ləng işləyən nəhəng bir avtoritar modelə çevrilir. Bu isə həmişə təhlükəlidir: neft pulları olanda da, olmayanda da.

Neft selində Azərbaycan
Pessimist, optimist və realist ssenarilər

İnqilab Əhmədov
İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru

Neftin Azərbaycanda potensial təhlükə mənbəyi olub-olmadığını araşdırmaq üçün ilk növbədə dünya təcrübəsinə istinad eləyib bir qanunauyğunluğa nəzər salmaq lazım gəlir.

Bizlərdə belə bir təsəvvür yaranıb ki, Azərbaycan zəngin neft ölkələri arasında ilk yerlərdən birini tutur. Əslində belə deyil. Adambaşına düşən neft-qaz hasilatına görə biz dünya ölkələri arasında 29-cu sıradayıq.

Sıra

Ölkənin adı

Əhali 2003 (mln.nəfər)

Adambaşına neft hasilatı (barrel)

Adambaşına qaz hasilatı (şərti vahid)

2002/2003-də adambaşına neft və qaz hasilatı

1

Qətər

0.61

500.3

312.4

812.6

2

Bruney

0.36

216.1

210.7

426.8

3

BƏƏ

3.00

291.8

95.4

387.3

4

Norveç

4.53

265.3

96.8

362.1

5

Küveyt

2.52

297.5

22.1

319.6

6

Ekvatorial Qvineya

0.49

181.0

16.3

197.3

7

Səudiyyə Ərəbistanı

24.22

139.4

15.0

154.3

8

Trinidad Tobaqo

1.30

44.5

101.1

145.6

9

Oman

2.85

110.4

34.7

145.2

10

Bəhreyn

0.72

22.1

81.3

103.4

11

Liviya

5.50

95.0

6.8

101.9

12

Türkmənistan

4.87

14.7

68.1

82.8

13

Qabon

1.33

73.5

0.0

73.5

14

Kanada

31.51

34.0

36.6

70.5

15

Venesuela

25.70

42.1

6.9

49.0

16

Rusiya

143.25

20.7

25.0

45.7

17

Əlcəzair

31.80

20.2

16.2

36.4

18

Danimarka

5.36

25.1

9.7

34.9

19

Qazaxıstan

15.43

24.8

5.2

30.0

20

Malayziya

24.43

12.8

13.5

26.2

21

İran

68.92

19.1

6.6

25.7

22

Britaniya

59.25

14.5

11.0

25.5

23

Konqo

3.70

24.7

0.0

24.7

24

İraq

25.18

24.5

0.0

24.5

25

Anqola

13.60

24.0

0.0

24.0

26

Avstraliya

19.73

12.5

10.8

23.4

27

Niderland

16.15

0

23.0

23.0

28

ABŞ

294.04

9.4

11.7

21.1

29

Azərbaycan

8.37

13.5

3.8

17.4

30

Özbəkistan

26.09

2.4

13.0

15.3

31

Meksika

103.46

13.0

2.2

15.2

32

Argentina

38.42

7.6

6.4

13.9

33

Suriya

17.80

12.0

1.8

13.8

34

Ekvador

13.00

11.7

0.0

11.7

35

Yeni Zelandiya

3.90

0.0

9.2

9.2

36

Yəmən

20.01

8.5

0.0

8.5

37

Nigeriya

124.00

6.2

1.0

7.1

38

Misir

71.90

3.8

2.1

5.9

39

Kolumbiya

44.22

4.8

0.9

5.7

40

Boliviya

9.10

1.6

3.9

5.5

Cədvəldən göründüyü kimi, əksər ərəb dövlətləri və neftlə zəngin başqa ölkələr fonunda nisbətən kasıb neft ölkəsiyik.

Əlbəttə, 2004 və 2005-ci illərdə bu göstərici bir qədər artıb. Hesablamalara görə, indi Azərbaycanın göstəricisi 25 barrel civarındadır. Mövcud qanunauyğunluq belədir ki, il ərzində adambaşına düşən neft və qaz hasilatı 50 barreli keçərsə, həmin ölkə demokratiya, şəffaflıq və bu kimi başqa sivil dəyərlər olmadan da keçinir. Misal olaraq ərəb ölkələrini göstərmək olar.

Azərbaycanın 50 barrel həddini 2010-12-ci illərdə keçəcəyi güman edilir. Ancaq qanunauyğunluğun əsas şərti də odur ki, bu dövr ən azı 10-15 illik bir zaman kəsiyi üçün yarayır. Əgər bunun fərqinə varmasaq, neft bizə böyük bir fəlakət gətirəcək. Biz demokratik institutları olmayan və adambaşına 50 barreli keçən zəngin ölkələr kimi buna hazır deyilik.

Hazırda neftdən 1,2–1,5 milyard ABŞ dolları qazanırıqsa, 2006-ci ilin sonundan bu rəqəm kəskin artacaq. Pik dövründə – 2010-12-də ildə 16–17 milyard dollar gəlir əldə edəcəyik.

Təxminən 2011-ci ildən təhlükəli dövr başlaya bilər. Əsas layihələrdən ölkəyə çatası pulları hesablayanda dəhşətə gəlirsən. Əgər hasilat 50 barreli keçərsə, təxminən 180-190 milyard dollar gəlirdən söhbət gedir. 1994-cü ildən başlayaraq biz neftdən cəmi 2,5 milyard dollar pul almışıq. Çox kiçik rəqəmdir, ancaq artıq onu hiss edirik. 2.5 milyardı 180-190 milyardla müqayisə edin, görün hansı mənzərə yarana bilər.

“Əsrin müqaviləsi” bağlanandan 1998-ci ilə qədər əksəriyyətimiz tezliklə Küveyt olacağımızı düşünürdük. Ağlımıza gələn ilk fikir daha işləməyə ehtiyacın olmayacağı idi. Lakin 1998-ci ildən başlayaraq neftin qiyməti aşağı düşdü, bu da ölkəyə mənfi iqtisadi təsir göstərdi. Tezliklə “Küveyt olmaq” fikrindən daşındıq.

İkinci mərhələ – 1998-2001-ci illər ağır keçdi. Bu dəfə daha realist olmaq istədik: “Elə yaşayıb işləməliyik ki, sanki neftimiz yoxdur”. 2002-ci ildən sonra bir tərəfdən xarici partnyorlarımıza, digər tərəfdən ağıllı vətəndaşlarımıza bəlli oldu ki, neft gəlir məsələsinə ciddi yanaşmasaq, o bizə xoşbəxtlik yox, bədbəxtlik gətirəcək. Məhz o vaxtlar xarici partnyorlarımızın, dostlarımızın dəstəyi ilə Bakıda “Caspian Revenue Watch” qrupu yarandı.

Diqqətinizi risk faktorlarına yönəltmək istəyirəm. Xarici həmkarlarımızın dəqiq hesablamalarına görə, 2010-cu ildə neftin bir barrelinin qiymətinin təkcə 1 dollar səhv hesablanması (öz xeyrinə səhv hesablanmadan söhbət gedir) hökumət və xarici şirkətlərin ümumilikdə 250-300 milyon dollar vəsaiti mənimsəməsi deməkdir. Yəni korrupsiya ictimai vəsaitin istifadəsində müstəsna bir amil kimi qalmaqdadır.

İdarəetmə sistemində şəffaflığın olmaması hər birimizə bəllidir. Həmin problemlər şirkətlərin fəaliyyətində də var. Bu işdə səriştəsi olan QHT koalisiyası və ekspert qrupu kimi ictimaiyyətin neft gəlirlərinin idarə edilməsində maraqlı olmadığını müşahidə edirik. KİV-lərin zəifliyi, demokratiya ənənəsinin kövrəkliyi, bağlanmış bütün sazişlərdə ARDNŞ-nin həm dövlət, həm də öz adından çıxış etməsi (onun biznes maraqları dövlətin maraqları ilə toqquşur) ən böyük problemlərdir. Əlbəttə ki, belə risk faktorları işimizi çətinləşdirir.

Təhlükənin ilk simptomları. 2005-ci ildə neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 42% təşkil edirdisə, 2009-cu ildə 50, 2010-cu ildə isə 55% olacaq. Büdcədə də neft gəlirlərinin çəkisi getdikcə artır və bu il 58,4 %-ə dirənəcək. Deməli, iqtisadiyyatımız neftə bağlanıb. Ola bilsin ki, bu, təhlükə mənbəyi deyil. Ancaq qeyri-neft sektoru paralel inkişaf etməsə, acınacaqlı bir proses başlaya bilər. Ölkədə baş alıb gedən xidmət bumu - restoranlar, şadlıq evləri, o cümlədən tikinti bumu birbaşa neft gəlirlərindən asılıdır. Rəqabətə davamlı məhsulu istehsal edib xarici bazara çıxarmaq imkanımız yoxdur. Bütün bunlar pulu xidmətə xərcləməyə məcbur edir.

Büdcəmizdə təmin edilməmiş neft pullarının ildən-ilə artması dövriyyədə olan pulları da artırır. Cünki bu pulları real iqtisadiyyat qazanmayıb. Bu isə öz növbəsində inflyasiyaya gətirib çıxarır. Hökumət inflyasiyanı cilovlamaq üçün manatı möhkəmləndirmək siyasəti yeridir. Möhkəmlənmiş manat isə qeyri-neft sektoru üçün maneədir. O, maya dəyərinin artımına səbəb olur ki, bu da xarici bazarda milli məhsulun rəqabəti qabiliyyətini azaldır. Nəticədə qeyri-neft sektorundan gəlirlər yerində sayır və hökümət büdcəni daha çox neft pullarının üstündə qurur.

Sonda diqqətinizə neft gələcəyimizlə bağlı üç ssenarini çatdırmaq istərdim:

Pessimist ssenari. İqtisadiyyat tədricən neftə bağlanır, qeyri-neft sektoru, mal və məhsul istehsalı, demək olar ki, yalnız daxili bazarın bir hissəsinin ehtiyaclarını ödəyir. Xidmət sektoru inkişaf edir və investisiya yatırımının ən əlverişli sahəsinə çevrilir. Bakı və Abşeron əyalətdən fərqli olaraq yüksək həyat tərzi və yüksək qiymət səviyyəsi nümayiş etdirir. Korrupsiya səngimir və gizli iqtisadiyyatın xüsusi çəkisi qeyri-neft iqtisadiyyatı ilə müqayisədə kəskin artır. 2015-ci ildən başlayaraq əhali, xüsusilə kasıb və orta təbəqə, sosial-iqtisadi vəziyyətin pisləşməsini müşahidə edir. Hökumət yaranmış maliyyə boşluğunu xarici borclanmaya getməklə nisbətən yumşaldır. Nəticədə Azərbaycan regionda zəif, asılı dövlətə çevrilir.

Optimist ssenari. Hökumət neft gəlirlərinin düzgün istifadəsinin taleyüklü məsələ olduğunu anlayır, dövlət idarəetmə infrastrukturunu köklü surətdə islah edir. Cəmiyyətin nisbətən aktiv hissəsi neft gəlirləri ilə bağlı məsələləri bir nömrəli problemə çevirməyə nail olur və ictimai təpki yaradır. Avropaya inteqrasiya surətlənir və demokratikləşmə meyli hökumətin əhali ilə münasibətdə daha cavabdeh olmasına gətirib çıxarır.

Realist ssenari. Hökumət bəzi islahatlara gedir, korrupsiya və səmərəsiz idarəetmənin qarşısını qismən alır. Beynəlxalq şəffaflıq təşəbbüsləri müəyyən nəticə verir. MDB məkanında işləyən azərbaycanlıların sayəsində ölkəyə artan pul axını, neft daxilolmalarında yaranan boşluğu nisbətən kompensasiya edir. Xarici idarəetmədə və bank hesablarında olan təxminən 50 milyard dolların investisiya şəklində yatırılmasından ildə təxminən 4-5 milyard dollar gəlir əldə olunur.

Bu üç ssenaridən hansının gerçəkləşəcəyini zaman göstərəcək. Ancaq bir məsələ indidən bəllidir: hər şey özümüzdən asılıdır.

Fazil Qəzənfəroğlu, millət vəkili:

- Neft gəlirləri kifayət qədər geniş mövzudur, istənilən prizmadan, o cümlədən onun doğura biləcəyi problemlər bucağından yanaşaraq təhlil aparmaq olar. Ancaq açığı, indiki dövrdə, ümumiyyətlə, hansısa gəlirin cəmiyyətə bədbəxtçilik gətirəcəyinə yönəlik yanaşmanı qəbul eləmirəm. Hər bir şey bədbəxtlik də gətirə bilər, xoşbəxtlik də, baxır insan özünü buna necə hazırlayır. Bunun üzərində müzakirə aparsaq, daha yaxşı olar.

Tutaq ki, neft olmasaydı, Azərbaycan insanı başqa bir variantda, başqa bir modeldə daha fərqli insan kimi yetişə bilərdimi? Mən bu məsələdə optimist deyiləm. Azərbaycan cəmiyyətinin özünün tərbiyə üsulu fərqli inkişafa imkan vermir. Neft olmasaydı, elə düşünməyin ki, bu universitetlərlə, bu təhsil və səhiyyə sistemi ilə biz nəyisə dəyişə bilərdik. Adi misal gətirim. Belarus kimi avtoritar bir ölkə – təbii, Azərbaycan da eyni modelə aid ölkədir – 1993-cü ildə qanun qəbul edib ki, səhiyyə xərcləri büdcə xərclərinin 10 faizindən az olmamalıdır. Azərbaycanda bu, 3 faiz həcmindədir. Normal ölkələrdə düşünürlər ki, hər hansı bir xəstə insan sabah büdcəyə yük olacaq. Yəni sosial müavinət və ya başqa formada büdcədən asılı vəziyyətə düşəcək. Azərbaycanda bu düşüncə yoxdur.

İndi bizdə neft gəlirlərinin gündəlik paylaşması gedir. Erkin bəy məruzəsində doğru qeyd elədi, bu, idarəetmə modeli ilə bağlıdır. Əslində, Azərbaycan tipli ölkələrə prezidentli respublika modeli uyğun deyil. Ölkənin təmsilçilik sistemi dəyişməlidir ki, siyasi elita genişlənsin və bu da yaradıcı düşüncəni Azərbaycanın idarəetmə sisteminin içinə gətirə bilsin. Digər tərəfdən, Azərbaycanda ən çox ümumi daxili məhsulun artımıyla öyünürlər. Ümumi daxili məhsulun artımı nə zamandan iqtisadiyyatın inkişafı üçün qürur duymağa əsas verir?! İnsanla fəxr yoxdur, cəmiyyətin inkişaf göstəricisi ola biləcək, tutalım, bir universitetlə fəxr yoxdur, ancaq rəqəmlə öyünürlər.

Biz tez-tez vəhşi kapitalizm terminini işlədirik. Ümumiyyətlə, kapitalizm Azərbaycana gəldimi? Gələ bilməz axı! Kapitalizm təkcə iqtisadi model deyil, həm də əxlaq modelidir, kollektivçilikdən imtina modelidir, fərdin azadlığına söykənən cəmiyyətin qurulması deməkdir. Azad düşünməyən, təşəbbüsü olmayan hansı bir cəmiyyət nəyisə dəyişə bilər, yeniləşdirə bilər?! Azərbaycanda həmin kapitalist modeli qurulmadı. Bəli, iqtisadi inkişafın müəyyən işartıları var. İnsanların müəyyən mənada imkanları genişlənir. Amma bu, istehlak təfəkkürünün və istehlakçı şüurunun genişlənməsinə yönəlik inkişafdır.

Azərbaycanda siyasi sistemin bütövlükdə ləngliyindən daha çox cəmiyyətin özünün bir ləngliyi var. Bunun üzərinə getmək lazımdır. Neft gəlirləri məsələsindən yapışıb ciddi müzakirələr aparmalıyıq. Müzakirələrdə müəyyənləşməlidir ki, 2025-ci ildən sonrakı azərbaycanlı modelini qurmağımız üçün hansı istiqamətlərə bu gündən güc qoymalıyıq, hansa istiqamətlərə daha çox vəsait ayırmalıyıq. İqtisadi təhlil bir tərəfə, mənəvi-psixoloji baxımdan Azərbaycan cəmiyyətini necə dəyişməli olduğumuzu müəyyənləşdirməliyik.

Mais Güləliyev, Vətəndaş Təşəbbüsləri Mərkəzinin rəhbəri:

- Çox vacib bir mövzu gündəmə gətirilib. Ancaq gecikmişik, artıq lələ köçüb, yurdu qalıb. Azərbaycanın taleyi nazik bir tükdən asılı vəziyyətdədir. İnqilab bəy, bu siz iqtisadçıların təqsiridir. Zaman keçib, Azərbaycanın yeraltı sərvəti faktiki olaraq satılandan, var-dövlətimiz digərinin hüquqi mülkiyyətinə çevriləndən sonra fikirləşirik ki, nəyi necə dəyişmək olar…

Azərbaycanın idarəçilik modelindən danışıldı. Bu gün Azərbaycan idarəçiliyini dəyişmək faktiki olaraq cəmiyyətin əlində deyil. Çünki Azərbaycanda yaxşı idarəçilik modelinin yaradılmasında Azərbaycan cəmiyyətindən başqa heç kim maraqlı deyil. Kim maraqlı olacaq axı?. Amerika Birləşmiş Ştatlarımı, Avropa ölkələrimi? Qətiyyən. Nə üçün? Ən adi alternativ, ən mümkün olan alternativi təsəvvür eləməyə çalışaq. Tutaq ki, Azərbaycanda doğrudan da gözəl idarəçilik var, neft gəlirləri ədalətlə paylanır, inkişafa sərf edilir. Qərbdə belə hesab edirlər ki, bu cür inkişaf Qafqazda yeni münaqişə ocaqları əmələ gətirə bilər. Çünki cəmiyyətin özü həmin inkişafa hazır deyil. Psixoloji olaraq inkişafa hazır deyil. Avropa ölkələri, Amerika institutları bu nəticəyə gəlib.

Neft gəlirləriylə bağlı həyəcan təbilini əvvəldən çalmaq lazımıydı. 1994-cü ildə, heç olmasa 2003-cü ilə qədər ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Bakı-Ceyhan kəmərinin maliyyələşməsinə icazə verməsin. Heç olmasa Azərbaycan ildə 50 milyon ton yox, 10-15 milyon ton neft ixrac etsin. Yəni Azərbaycan cəmiyyəti bu gəlirləri doğrudan da həzm etmək qabiliyyətində olsun. Artıq biz başqa şey fikirləşməliyik. Onu qeyri-hökumət təşkilatları, müvafiq xidmətlər, düşüncə mərkəzləri eləməlidir. Elmi yanaşmanın eyforiya və ya emosiyalarla yanaşma tərzindən ciddi fərqi budur ki, onun proqnozlaşdırma imkanı var. Elmi yanaşma da nəyi tələb edir? Bugünkü elmi yanaşma tələb edir ki, Azərbaycanda yaxşı idarəçiliyin yaranmasına mane olan bütün elementləri üzə çıxarsın. Bura beynəlxalq maliyyə institutları, ABŞ-ın, Avropa ölkələrinin proqramları, transmilli şirkətlərin Azərbaycandakı nümayəndələri daxildir. Bunların fəaliyyəti Azərbaycanda diqqətlə öyrənilməlidir.

Rəhman Bədəlov, filosof:

- İlk baxışda Erkin bəyin çıxışı bizim dəyirmi masanın mövzusundan bir az kənara çıxdı. Amma mən Vahid bəyə minnətdaram ki, məhz Erkin bəyi məruzəçi kimi dəvət edib. Yəni bu güzgüdə biz özümüzə heç vaxt baxmamışıq.

Məsələ ondadır ki, Azərbaycan vətəndaşı puldan qorxur. Yəni bizimçün pul əskinasdır. Əskinas kimi yığırıq, göndəririk xaricə. Pul Azərbaycanda dövriyyə eləmir. Bu barədə düşünmək lazımdır. Pul dövriyyəsi bütün maneələri qırmağa qadirdir. Amma bizdə qırmır. Demokratiya isə başqa cür qurulmur.

Söhbət bir neftdən getmir. Söhbət bizim iqtisadiyyata baxışımızın, pisxolgiyamızın, mentalitetimizin köklü dəyişməsi zərurətindən gedir. Bu mənada mən Erkin bəyin çıxışını daha ciddi, daha dəqiq söhbətlərə giriş sayıram.

Azər Mehtiyev, iqtisadçı-ekspert

- Nəyə görəsə böyük neft pullarından danışanda nəzərlər yalnız iqtisadçılara yönəlir. Böyük neft pulları bir iqtisadi məsələ deyil. İqtisadi məsələ yalnız konkret iqtisadi layihələrlə bağlıdır. Böyük neft pulları menecment məsələsidir, idarəetmə məsələsidir. Bu da asılıdır sahibkardan. Sahibkarla iqtisadçı da eyni şey deyil. Hamı bilir ki, sahibkar da fərqli şeydir, iqtisadçı da fərqli şeydir.

Hər şey ondan asılıdır ki, bu neft pullarını idarə edən institut, dövlət bu pulları nə dərəcədə səmərəli idarə etməyə hazırdır. Neft pullarının ilkin, belə deyək ki, dalğasını hiss edirik. İnflyasiya ilə, büdcədəki artımlarla. Obrazlı desək, hələlik bu pullar bizim başımızı sığallayır. Ancaq yavaş-yavaş onun yumruğa çevrilməyinin şahidi olacağıq. Təsəvvür edin ki, bizim balaca bir arxımız var və ora güclü sel gələcək. O selin, o suyun faydalı istifadəsi üçün vaxtında ya arxı genişləndirib xüsusi kanallar çəkməliyik. Ya da heç olmasa onun ağzını açmalıyıq ki, gedib gözəl bir gölməçəyə yığışsın və ondan daha sonra istifadə edə bilək. Bizim iqtisadiyyatımız bunun heç birinə hazır deyil.

Böyük neft pullarını dərhal həzm etməyə girişsək, dağıdıcı inflyasiya ilə üzləşə bilərik. Təbii ki, biz pulları iqtisadiyyata hissə-hissə buraxmalıyıq. Belədə qalan pulların xarici banklarda yatırılması ehtimalı yaranır. Xaricdə yatırılan pullar isə nə depozitə, nə idarəetməyə gedir. Yalnız 2-3 faizlə gəlir götürmək imkanı verir. Yəni bu resurslardan bizdən çox həmin banklar faydalanacaq.

İndiki idarəetmə şəraitində həmin pulları hətta iri layihələrə yönəltsək belə, effekt az olacaq. İndiyə qədər yönəldilən layihələri görürsünüz. Məsələn, dövlət büdcəsinin bir bölməsi var: sənaye və tikinti xərcləri bölməsi. Bu bölməyə ümumiyyətlə heç bir təsnifat verilmir. Halbuki ən çox vəsait ayrılan bölmədir. Hara gedir, necə xərclənir bu pullar – heç kəsə məlum deyil. Burda səslənən bir fikirlə də mən razıyam ki, qədərini bilmədiyimiz şeyin qədrini də bilmərik.

Təəssüf ki, istənilən halda neft gəlirlərinin iqtisadi baxımdan faydalanmaq imkanlarımız məhduddur. Ölkənin neft gəlirlərindən istifadə strategiyası yoxdur, ancaq gəlişigözəl sözlər var: təhsil belə gəldi, səhiyyə belə getdi. Bugünkü təhsil və səhiyyə sisteminə nə qədər pul ayırsan da, ondan səmərəli istifadə olunmayacaq. Kökündən fərqli bir siyasət yeridilməlidir.

Nəsib Nəsibli, millət vəkili:

- Mən o nöqtədən başlayacağam ki, artıq Azərbaycan gecikib. Neft pullarının dadını biliblər və onu xalqa verməyəcəklər. İnfrastrukturu, sosial durumu, siyasəti neft gəlirlərinə hazır olmayan ölkələr bədbəxtliklə üzləşirlər. Bu, qanundur. Bir balaca ümid qalır ki, bəlkə Amerika, Avropa Birliyi öz maraqları baxımından bu hakimiyyəti boğsunlar ki, sabah siyasi islam gələ və bunları neft gəlirlərindən məhrum edə bilər. Ona da mən az ümid edirəm. Niyə? Keçən təcrübə var. Təzyiq göstərdilər, Neft Fondu yarandı. Neft Fondu birinci növbədə şəffaflıq tələb edir. Şəffaflıq varmı? Hərdən hesabat xarakterli mətbuat konfransları keçirmək şəffaflıq demək deyil. Parlament nəzarəti yoxdur. Heç bizim indiki parlamentin nəzarəti olsa da, xeyri yoxdur. Avropa dəyərləri gəlməyinə gəlir, amma yolda öz keyfiyyətini itirir. Adı olur, dadı yox.

Neft həqiqətən də yalnız iqtisadi məsələ deyil. Siyasi məsələdir. Özü də bütün dünyanın təcrübəsi göstərir ki, birinci növbədə siyasi məsələdir. Artıq başımızla, bədənimizlə, hər yerimizlə nefti indeksləşdirmişik. Bütün həyatımızı bax bu neft müəyyən edir. Ordan da yalan artır. Sovet dövrünün yalanları. Deyirlər ki, iqtisadiyyatda 26 faiz artım var. Bu, neftin qiymətinin artmasının hesabınadır. Qeyri-neft sektorunda artım nə qədərdir? Gəlin bunu düşünək. Ermənistanda son 5-6 ildə 10 faizlik stabil inkişaf var və bu, sağlam inkişafdır. Orta Asiya cümhuriyyətlərində də bizə nisbətən çox sağlam inkişaf gedir.

İlqar Hüseynli, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri:

- Mən neft gəlirlərinin gələcək taleyində iki əsas problem görürəm. Birincisi cəmiyyəti ağzına almış korrupsiya amili, ikincisi qeyri-neft sektorunun yaddan çıxarılması. Böyük neft gəlirləri hələ tam gəlməyə başlamayıb, ancaq indidən səs-küylə bahəm korrupsiya da artır. Azərbaycanın büdcəsi sürətlə şişir. Tutalım, müdafiə xərclərinin 600 milyon dollara qaldırılmasını gözə soxurlar. Korrupsiya varsa, nə fərqi var hərbi büdcə artdı, ya əvvəlki kimi qaldı. Dünən tankı 10 min dollara alırdılar, bu gün 60 min dollarla sənədləşdirəcəklər. Yaxud Dövlət Neft Şirkətində çox xırda detalları üçqat, dördqat qiymətinə sənədləşdirirlər. Yəni korrupsiyanın neft gəlirlərini udacaq.

Biz milli sərvətlərimiz məsələsinə çox ciddi yanaşmalıyıq. Sevindirici haldır ki, bu gün qeyri-hökumət təşkilatları bir koalisiya olaraq neft gəlirlərinin şəffaflığıyla məşğul olurlar və bu problemi milli səviyyəyə qaldırıblar. Mən çox arzulayardım ki, bu, tendenisiya halını alsın, neft gəlirlərinin də, büdcənin də hara və necə xərclənməsi ictimaiyyətin diqqətində olsun. Ancaq təbii ki, bu problemin fundamental həlli demokratik hakimiyyətin qurulmasından keçir.

Novella Cəfəroğlu, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri:

- Bu yaxınlarda Türkiyədə qazaxıstanlı bir professorla tanış oldum. Ölkədə neft gəlirləri hesabına infrastrukturun, turizmin inkişafından danışdı. Deyir, sizin adamlar gəlib Qazaxıstanda biznes qururlar, bizim neft gəlirləri hesabına. Təsəvvür edin, xidmət sferasında işləmək üçün tələbələrə 100 dollar təklif edirlər, onlarsa razılaşmırlar ki, 100 dollar azdır. Qazaxıstandakı inkişaf tempi bizdə də olacaq. İstəsək, istəməsək də, mehmanxanalar da açılacaq, turizmə də pul qoyulacaq. Neft pullaryla maşın istehsal etməyəcəyik ki, maşını almanlar düzəldir – imkanı olan “Mersedes” alacaq.

Neft pullarının millətə nə xeyri olacağını düşünməliyik. Bu minvalla millətə beş-üç manat verib başını aldadacaqlar. Millətdə inam itib ki, bu neft onundur. Burda elitar insanlar yığışıb. Neft problemini bir gün də olsun diqqətdən kənar qoymamalıyıq. Mən çox istərdim ki, neftlə bağlı dəyirmi masalarda ən konkret mövzular qoyulsun. Tutalım, iki neft ölkəsini – Qazaxıstanla Norveçi götürüb müqayisəli təhlillər aparaq. Görək onlar neftdən necə istifadə edirlər, biz necə yararlanırıq. Belə bir tədbir keçirib bütün siyasi partiyaları, hökumət nümayəndələrini çağıraq. Camaatın bu sarıdan maariflənməyə çox ehtiyacı var. Əks halda neft bir ovuc adama xeyir gətirəcək, milləti isə daimi təhlükələrlər üz-üzə qoyacaq.

Mehriban Vəzir, yazıçı-publisist

- Novella xanım deyir, cəmiyyətdə inam yoxdur ki, neft onundur. Məncə, Azərbaycan cəmiyyətində bu inam heç vaxt olmayıb. Neftimizin 150 il tarixi var. İlkin mərhələdə ayrı-ayrı adamların şəxsi mülkiyyəti olub. Sonra sosialist mülkiyyəti. İndi neft kimindir – bunu da bilirik.

Neft pulları böyük təhlükələr gətirir, burada çox yerli-yataqlı qeyd olundu. Bu təhlükənin qarşısını yalnız ictimai müqavimət ala bilər. İctimai müqaviməti hazırlamaq lazımdır. Milli teatrı Nəcəf bəy Vəzirov yaratdı. Milli operanın əsasını Üzeyir bəy qoydu. Zərdabi milli jurnalistikamızın bünövrəsini tökdü. Hamısı da xalqın sərvətidir. Neft Allahın qismətidir, o da xalqa məxsusdur. Əgər biz bu yöndə ciddi maarifçilik işi aparmasaq, 19-cu əsr Rusiyasında xalqçılar kimi xalqın içərisinə gedib “neft sənindir” deməsək, bu iş yürüməyəcək.

Toğrul Cuvarlı, «Turan» İnformasiya Agentliyinin eksperti:

- Mən neft mövzusundakı söhbətlərdən, seminarlardan, dəyirmi masalardan bir nəticəyə gəlmişəm. Problemi yetərincə həzm etməyə nə cəmiyyətin, nə hökumətin resursu çatır. Bu dəqiqə neft gəlirləri məsələsindən hökumət özü də narahatdır. İnqilab müəllimə bir məsləhətim var, məndən inciməsin, gözəl iqtisadçıdır, yığsın bir dəstəni, onlar başlasınlar neft gəlirlərindən istifadə reseptləri hazırlamağa. Məsləhətlərini versinlər hökumətə. Ən azı gərək bütün dünyada olduğu kimi iqtisadi vətəndaş qurumları genişlənsin, bu iş ayrı-ayrı qurumlar arasında bölünsün. Bəlkə onda biz problemin kökünə gedib çıxa bilərik.

Burada deputatlar da var. Bəlkə doğrudan da vaxt çatıb ki, investisiya layihələrinin ekspertizası hökumətdən yox, parlamentdən olsun? Çünki ən böyük yeyinti orada olacaq, büdcəyə gedən pullarda yox. Büdcə nisbətən nəzarət altındadır. Amma investisiya layihələrinə yönləndiriləcək pulların sonrakı taleyi məlum deyil.

Bir şey deyim. Biz bəzən gah bədbin, gah da nikbin oluruq. Amma bəzi şeyləri axıra kimi deməyə qorxuruq. Mən vaxtaşırı özümə sual verirəm ki, görəsən, demokratiyasız bu neftlə bir şeyə nail ola biləcəyikmi? Sözün açığı, mən cavabını bilmirəm. Mən elə avtoritar rejimlər tanıyıram ki, orada bu məsələni birtəhər həll edirlər. Bizdə necə olacaq? Allah bilir.

Sabit Bağırov, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri

- Mən bu məsəldə daha çox optimistəm. Nəyə görə? Çünki düşünürəm ki, orta ölçüdə götürsək, yəni orta səviyyədə sosial durum pisləşməyəcək. 2025-ci ilə qədər orta səviyyə yaxşılaşacaq. Digər tərəfdən, sosial təbəqələşmə də artacaq. Bu da mənfi təzadlardan biridir.

Neft gəlirlərindən səmərəsiz və ya səmərəli istifadə məsələsinə gəlincə, biz doğrudan da çox ciddi bir məsələ üzərində düşünməliyik ki, ümumiyyətlə səmərəli istifadə etmək nə deməkdir. Yəni bunun indikatorları varmı? Necə ölçülə bilər? Bu indikatorları qoymasaq, təbii ki, idarəçiliyi də uyğun qura bilməyəcəyik. Biz nə istəyirik, nəyə nail olmaq istəyirik 20 il ərzində? Bunu aydınlaşdırmalıyıq.

Şəxsən məni narahat edən o deyil ki, bizdə sosial durum pisləşəcək. Xeyr. Mən əminəm ki, getdikcə yaxşılaşacaq. Çox güman ki, istədiyimiz, arzu etdiyimiz qədər yox, daha aşağı templərlə. Amma idarəetmədə, Erkin bəyin qeyd etdiyi kim, doğrudan da çox böyük problemlər var. Ləng idarəetmə, ləng qərarlar problemi var. Çox qısa dövrdə, İnqilab bəy dediyi kimi, böyük həcmdə gəlirlər daxil olacaq. Burada idarəçiliyin səmərəliliyi ən zəruri bir məsələdir. Bax, bu idarəçilik necə qurulmalıdır? Burada da hansı indikatorlar var? Yaxşı idarəetmənin artıq indikatorları dünyada var, məlumdur ki, şəffaflıq artmalıdır, hesabatlılıq artmalıdır, ictimaiyyətin iştirakı artmalıdır. Bu sahədə ictimaiyyətin qarşısında duran məsələlər həddən artıq çoxdur. Təbii ki, biz qüvvələrimizi birləşdirməliyik. Bu istiqamətdə cəhdlər var, koalisiya var. Elə bu masanın arxasında oturanların böyük əksəriyyəti o koalisiyanın üzvləridir. Ancaq çalışmalıyıq ki, gücümüzü artıraq.