|
Neft bahalaşdıqca demokratiya ucuzlaşır
|
 |
| Tomas Fridman
|
Diqqət
yetirmisinizsə, neftlə zəngin «yaxşı»” oğlanlar vaxtlarını əla və
çox dəbdəbəli keçirirlər.
Neft pulları İranın gözünü elə tutub ki, BMT-ni saya
salmır, nüvə silahına yönəlik təhlükəli təcrübələri və İsrailin
yer üzündən silinməsi ilə bağlı hədə-qorxuları dayandırmaq tələblərinə
hörmətsizlik göstərir. Neftlə zəngin Rusiyanın prezidenti Vladimir
Putin opponentlərini zindana salır və Amerikanın İranla «Həmas»”
kimi düşmənləriylə dostlaşmağa çalışır.
Neft gölməçəsi Sudan dünyanın Darfurda törədilən soyqırımı
dayandırmaq çağırışlarını eşitmir. Başqa bir neft diyarının - Venesuelanın
prezidenti Uqo Çaves qiymətləri qaldırmaq hədəsiylə Amerikanın və
daxili opponentlərinin əsəblərini tarıma çəkir.
Neft və qaz pullarıyla dolu Nigeriya, Özbəkistan,
Anqola, Səudiyyə Ərəbistanı, Çad və Suriya ən kövrək demokratik
addımlardan rahatca imtina edirlər.
Çoxları belə güman edirdi ki, Berlin divarının çökməsi
ilə biz azad seçkilər və azad bazarlar dalğasının dönməzliyini,
yavaş-yavaş dünyanı qarsmasını görəcəyik. İlk on ildə bu dalğa,
sözsüz ki, real və güclü oldu.
Lakin dünya bir barrel neft üçün 20-40 dollardan 40-70
dollara qədər ödəməyə doğru dəyişdikcə əks-dalğa yaranıb.
Mənim «petro-ist»” adlandırmaq istədiyim, ümumi daxili
məhsulunun böyük hissəsi neft və qazdan asılı olan, zəif institutlara
və ya tam avtoritar sistemlərə malik ölkələr özlərini göstərməyə
başlayıblar. Onlar, ən yumşaq deyəsi olsaq, qlobal demokratik meyilləri
zəiflədirlər.
İqtisadçılar
bizə təbii ehtiyatlar bolluğunun istənilən ölkədə siyasi və iqtisadi
islahatlara mənfi təsirləri («ehtiyatların lənəti»”) haqqında çox
danışıblar. Bu fikri neftə şamil etdikdə «ehtiyatların lənəti»”
arqumentini bir addım da irəli çəkmiş oluruq. Neftin qiyməti ilə
azadlığın tempi arasında spesifik qarşılıqlı əlaqə var.
Mən bunu neft siyasətinin birinci qanunu adlandırıram:
petro-ist ölkələrdə neftin qiyməti və azadlıq tempi hər zaman bir-birinə
əks istiqamətdə hərəkət edir. Həmin qanuna görə, xam neftin dünya
qiyməti yüksəldikcə petro-ist ölkələrdə azad söz, azad mətbuat,
azad seçkilər və azad toplaşmaq hüquqlarında, hökumətin şəffaflığı,
müstəqil məhkəmələr və qanunun aliliyi sferasında, ictimai institutların
fəaliyyət sərbəstliyi sahəsində bir o qədər çox pozuntu görürük.
Neftin qiyməti düşəndə isə bu ölkələr şəffaf siyasətə
bir o qədər çox meyillənir, müxalifətə münasibətdə daha həssas,
xarici aləmlə təmaslarda daha açıq olurlar. Vətəndaşların rəqabət
aparmaq, yeni şirkətlər yaratmaq və xarici investisiyalar cəlb etmək
imkanlarını artıracaq hüquqi və təhsil strukturlarının qurulması
üzərində diqqət cəmləşdirən siyasət yürüdürlər.
Bəli, ölkələrin siyasətini formalaşdıran bir çox başqa
amillər də var. Lakin məgər bu təsadüfdürmü ki, neftin bir barrelinin
qiyməti 20-40 dollar olanda Iran sivilizasiyaları dialoqa çağırırıdı,
indi isə Israili dağıtmağa səsləyir?
Bir barrel 20-40 dollar olanda bizdə I Putin vardı.
Bu o zamanıydı ki, prezident Buş Putinin gözlərinə baxıb qəlbini
oxuduğunu deyirdi. Əgər cənab Buş bir barreli 70 dollara satılan
nefti olan Putinin - II Putinin qəlbini də oxumağa çalışsaydı, orda
Rusiyanın nüfuzlu enerji şirkəti «Qazprom”»u görərdi. Cənab Putinin
rejimi nə vaxtsa müstəqil olmuş Rusiya mediası və institutlarının
bir çoxu ilə bərabər «Qazprom”»u da uddu.
Belə neft ölkələrinin özündənrazı avtoritar rejimləri
hələ ki, kommunizmin vaxtilə Qərbə göstərdiyi strateji və ya ideoloji
təhlükə nümayiş etdirməsə də, onların qlobal siyasətə sakit korroziyaya
bənzər təsiri var. Bəzi ən pis rejimlərin heç vaxt olmadığı qədər
çox neft pulları var və onlar uzunmüddətli naqisliklər törədə bilərlər.
Bir çox ləyaqətli demokartik ölkələr isə neft və qaz almaq üçün
onlara baş əyməli olur.
Petro-ist ölkələrdə neftin qiyməti ilə azadlığın templəri
arasında əks-asılılığı nəzərə alsaq, bu ölkələrdə demokratiyanın
inkişaf etdirilməsi üçün Amerikanın istənilən strategiyası uğursuzluğa
məhkumdur. Nə qədər ki, bu strategiyaya neftə alternativin tapılması
və neftin dünya qiymətlərinin aşağı salınması üçün inandırıcı plan
daxil edilməyib, belə də olacaq…
Tərcümə etdi: Iradə Eyvazova
|