SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: IIIsector@inam.baku.az

İSBN 9952-8017-0-X

№2 (20) ---- 2006
AVTORITET

Qəbirqazan lider
Neft ixracına görə dünyada beşinci yeri tutan Venesuelada əhalinin 70 faizi yoxsulluq həddindən də aşağıda yaşayırdı. Uqo Çaves gələnə qədər beləydi

Məmməd SÜLEYMANOV

Mayın 28-də Boliviya, Venesuela və Kuba ABŞ imperializminə qarşı üçlü ittifaqın yaradıldığını elan etdilər. «Venesuela, Boliviya və Kuba sosializm quruculuğu yolula gedəcək, bizim strateji məqsədimiz kapitalizmin məhvidir». Bu sözlərin müəllifi Uqo Çaves La-Pasdakı çıxışının ardından nəqaratında ingiliscə «Yanki, qou houm!» kəlmələri olan ispan mahnısını oxudu. Venesuela lideri bildirdi ki, ABŞ imperializminin məhvi yaxın onilliklərin işidir.

La-Pas sammitinə gələ bilməyən Fidel Kastronu vitse-prezident Karlos Laxe əvəzləyirdi. Boliviya və Venesuelanı isə solçu prezidentlər Evo Moraleslə Uqo Çaves təmsil edirdi. Hələ ötən ilin mayında Kastroylə Çaves «Latın Amerikası ölkələri üçün Bolivar alternativi» proqramını hazırlamışdı, indi bu sazişə Boliviya da qoşuldu. Siyahı, güman ki, böyüyəcək.

Əsas mövzusu «ABŞ təhlükəsi» olan La-Pas sammitində Çaves Buşu Boliviyada hərbi çevriliş etmək istəyində suçlayaraq xalqı ABŞ-a qarşı mübarizəyə səslədi. Sammitdə imzalanan 16 sənəddən isə ən diqqət çəkəni qaz sahəsində əməkdaşlıq sazişi oldu. Qaz ehtiyatlarına görə Boliviya Venesueladan sonra qitədə ikincidir. Venesuela qonşu ölkənin qaz istehsalına 1,5 milyard dollar sərmayə qoymaq öhdəliyi götürdü. Bu o deməkdir ki, obrazlı şəkildə «qızıl üstündə oturan yoxsul» adlandırılan Boliviya daha ABŞ-dan asılı olmayacaq. Üstəlik, qaz istehsalını milliləşdirmək yolu seçən Boliviya Venesuela ilə birgə 2 müştərək şirkət yaradacaq.

Göründüyü kimi, ABŞ-a meydan oxuyan solçu liderlər həm də Vaşinqtonun əlindən enerji daşıyıcılarına olan monopoliyanı almaq uğrunda çalışırlar. İdeologiya öz yerində, dava həm də iqtisadi davadır.

Boliviyadan Ekvadora yollanan Uqo Çaves bu ölkənin rəhbərliyini də öz tərəfinə çəkə bildi. Mayın 31-də o, paytaxt Kitoda sərt bəyanat verdi: «Ekvadorun çoxlu nefti olsa da, benzini kənardan alır. Çünki ölkədə neft emalı zavodları yoxdur və bundan yararlanan imperialistlər Ekvador neftini su qiymətinə alıb benzini ölkəyə baha satırlar. Bu gülməlidir». Çaves Venesuelanın Ekvador neftini ucuzuna emal edib benzini sərfəli qiymətə geriyə satacağına boyun oldu. Əvəzində isə Ekvador da sosializm quruculuğuna və imperializmə qarşı mübarizəyə qoşulacaq.

Beləliklə, Amerika qitəsində solçu liderlər ABŞ-a qəbir qazırlar. Hazırda Argentina və Paraqvayı çıxmaqla bu dövlətlərdə solçular hakimiyyətdədir. Özü də sosialistlər ABŞ-ın yaradıb bəslədiyi və mürtəce hərbi diktaturaların süqutundan sonra hakimiyyətə gəliblər.

Qəbirqazanların başında isə «Latın Amerikasının Əhmədinejadı», yaxud «Yeni Çe Gevara» kimi titullarla təltif olunan 53 yaşlı Uqo Çaves dayanır. O, Kuba, Liviya, Şimali Koreya, İranla dostluq edir, Rusiyadan silah və təyyarələr almağa hazırlaşır, habelə ABŞ-ı məhv etmək üçün sosializm ideallarını bütün qitələrə yaymaqda maraqlı olduğunu gizlətmir.

Lap yaxınlara qədər Venesuela nə ilə tanınırdı? Böyük neft ehtiyatları, rekord sayda «Dünya gözəli» titulları və total korrupsiya ilə. Təkcə 1960-88-ci illərdə ölkə büdcəsinə neft satışından daxil olan gəlir 15 Marşall planına bərabərdir. Ancaq neft ixracına görə dünyada beşinci yeri tutan ölkədə əhalinin 70 faizi yoxsulluq həddindən də aşağıda yaşayırdı. Çaves hakimiyyətə gələnə qədər beləydi.

«Ölüm ayağında olan konstitusiyaya and içirəm… » - 1998-ci il dekabrın 6-da 56 faiz səslə prezident seçilən Uqo Çaves öz andına bu sözlərlə başladı. O, Venesuelanı, köhnə qanunları, əvvəlki mentaliteti dəyişmək üçün prezident oldu və bunları bacardı.

Zənci qarışığı olan hindu liderin İsveçrədə, yaxud Kayman adalarında bank hesabları yoxdur. Heç bir nazirinin Çavesin qələbəsindən sonra orta sinfə məxsus kvartallardan Karakasın bahalı məhəllələrinə köçmədiyi də faktdır.

O, Venesuelanın Beynəlxalq Valyuta Fondunun qulu, yaxud ABŞ-ın antiterror koalisiyasının vinti olmasını istəmədiyini deyir. Belə mövqeyinə görə hücumlara məruz qalan bu «qəribə diktatura»da bir nəfər də olsun siyasi məhbus yoxdur. Hətta 2002-ci ilin yanvarında ABŞ səfirliyinin hazırladığı planla devrilib 2 gün sonra xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdanda da Çaves qiyamçıların heç birini məhbəsə atmadı. Venesuelanın hava dəhlizləri əvvəl Yuqoslaviyanı, sonra Əfqanıstanı, daha sonra İraqı bombalamağa uçan təyyarələrə bağlı olub. Bu ölkə Kubaya qarşı iqtisadi embarqoda, yaxud Kolumbiyadakı vətəndaş müharibəsində iştirakdan imtina edib. O, müstəqil siyasət yeridir. Buna görə də ABŞ Çavesi «diktator» və «dəli», hökumətini isə «qanundankənar» adlandırır.

Dünya Çavesin adını ilk dəfə 1992-ci ilin 3 fevralında eşitdi. Həmin gün paytaxt Karakasın küçələrində tanklar peyda oldu. Qiyamçıların başında paraşüt-desant qoşunlarının podpolkovniki, heç kəsin tanımadığı 38 yaşlı Uqo Çaves dururdu. Bu qırmızı beretli zabit «Venesuelanı korrupsiyadan, neoliberal islahatlardan xilas etmək və ordudan öz xalqına qarşı iştifadəyə son qoymaq» məqsədilə qiyam qaldırmışdı. Qarşıdurma fevralın 4-də Çavesin məğlubiyyəti ilə bitdi və o, yoldaşlarını silahı yerə qoymağa çağıraraq bütün məsuliyyəti öz üzərinə götürdü. Televiziya ilə translyasiya olunan həbsi zamanı Uqo bildirdi ki, qan tökmək istəmədiklərinə görə uduzdular, ancaq mübarizəni davam etdirəcəklər.

Növbəti 2 ili Çaves məhbəsdə keçirdi. Yeni seçilən prezident onu əfv edəndə isə xalq Çavesi qəhrəman kimi qarşıladı. Onun minlərlə tərəfdarı başlarında qırmızı beret küçələrə axışdı.

Bir neçə il sonra isə xalq öz seçimini etdi və 1998-ci ildə Çavesi hakimiyyətə gətirdi. Venesuelalıların ikinci seçimi isə 2002-ci ilin yanvarında oldu. Yenə də Çavesin xeyrinə oldu. ABŞ-ın devirdiyi qanuni prezidenti xalq kütlələri öz kürsüsünə qaytardı.

Çavesin bolivarizm ideologiyası iqtisadi baxımdan marksizmin bir formasıdır. Bu, gəlirlərin geniş xalq kütləsi arasında bölüşdürülməsi sistemidir. Üstəlik, bu sistem şəxsi mülkiyyətin milliləşdirilməsini nəzərdə tutmur, söz və mətbuat azadlığını məhdudlaşdırmır, müxalifət partiyalarını qadağan etmir.

Hakimiyyətə «Hamı üçün» şüarı ilə gəlmiş Çaves neft dollarlarının ABŞ-ın maraqlarına xidmət edən bir neçə kompaniya arasında bölüşdürülməsinə son qoydu. Korrupsiyaya uğramış ölkə rəhbərliyini də, neft şirkətlərini də nəzarət altına götürə bildi. 4 il əvvəlki dövlət çevrilişində yoxsullar məhz buna görə onun müdafiəsinə qalxdılar.

Yüksək neft qiymətləri fonunda Venesuelanın işləri yaxşı gedir. İllik iqtisadi artıma görə o, 12 faiz göstərici ilə bölgədə liderdir. Bolivarian Venesuelasının digər müsbət fərqli cəhəti büdcə gəlirlərinin ilk növbədə makroiqtisadiyyata və sosial sahəyə xərclənməsidir. Məsələn, təhsilə ayrılan xərclər büdcənin 7 faizini təşkil edir.

1998-ci ildə Venesuela xalqının 80 faizi yoxsulluq içində yaşayırdı. Məktəblilərin 69 faizi orta təhsilini başa vurmurdu. Uşaqların 44 faizi ümumiyyəttlə məktəbə getmirdi. Əhalinin 45 faizi təmiz içməli sudan məhrum idi.

Çaves inqilabı yuxarıdan başladı. Sosial islahatlar bütün sahələri əhatə etdi. Bir neçə il sonra ölkə artıq Çin, Braziliya və ABŞ-dan aqrar texnologiyaların idxalına son qoydu. Savadsızlığa əsl müharibə elan olundu. «Biz xalqa məxsus olanların hamısını xalqa qaytaracağıq!» - Çavesin sözləridir. Bunlar sadəcə sözlər deyil.

Əlbəttə, deyə bilərlər ki, Çavesin bəxti neftdədir. Ancaq neft problemi ideya və lider problemi olan Azərbaycanda da, Nigeriyada da var.

Çaves isə öz sosializm ideyaları uğrunda mübarizə aparmaqda, kapitalizmə və ABŞ imperializminə meydan oxumaqda davam edir. Onun idealı ABŞ imperializminin və insan əsarətinin olmadığı bir cəmiyyədir. Çaves əlindən gələni edir ki, bu mübarizə bütün Cənubi Amerikanı bürüsün. Buna nail olmağın yollarını bilir də…