Vaşinqtonun
başı kütləvi qırğın silahlarının
yayılmasının qarşını almağa,
İraq siyasətindəki uğursuzluğu
dəf etməyə və “azadlıq marşlarını”
alqışlamağa qarışdığı
bir vaxtda qlobal enerji bazarlarındakı hazırkı
struktur dəyişmələrinin siyasi nəticələri İkinci dünya müharibəsindən
sonrakı dövr ərzində Amerika heğemonluğuna
qarşı ən ciddi təhdid doğurmaqdadır.
Dövlətə məxsus şirkətlərin
dünyanın xam neft və təbii qaz ehtiyatlarına
nəzarətinin güclənməsi
cari bazar şərtləri daxilində bəzi
enerji ehtiyatları ixracatçılarının
ABŞ maraqları və siyasətlərinə qarşı
öz fəallılarını artmalarına şərait
yaradır.
Buna ən bariz misal kimi öncə
Venesuelanın ABŞ-ın Latın Amerikasındakı
nüfuzunu zəiflətməyə yönəlik
səylərini göstərmək olar. Amma daha ciddi
strateji əhəmiyyət daşıyan məsələ
də var. Rusiya yeni yaranmış
xarici rıçaqlar sistemindən ABŞ-ın
onun maraqlarına “yolverilməz dərəcədə
müdaxiləsinə” qarşı istifadə etmək
arzusunda olmasıdır. Digər tərəfdən, dirçəliş
dövrünü yaşayan Asiya dövlətləri, xüsusilə
də Çin öz enerji ehtiyaclarını ödəmək
üçün dövlətin nizamladığı
strategiyalar vasitəsilə dünyadakı hidrokarbon
ehtiyatlarına daha “etibarlı” yol tapmağa çaılışır.
Çinin enerji ilə bağlı xarici əlaqələrinin
idarə olunmasında statist yanaşma metoduna üstünlük
verməsi Yaxın Şərq, Mərkəzi Asiya
və Afrikanın neft çıxarılan hissələrində
nüfuz uğrunda rəqabətdə bu ölkəni
ABŞ-la getdikcə daha çox qarşı-qarşıya
qoyur.
Qlobal enerji bazarlarındakı indiki struktur
dəyişikliklərinin bu siyasi nəticələrini
biz qısaca olaraq “neft siyasətləri” (“petropolitika”) adlandırırıq. Bu gəlişmələrin
hər biri ABŞ maraqlarına meydan oxuyur, neft siyasətlərinin
müxtəlif xətləri bir yerə cəmləşərək
“yeni neft oxu”nu yaradır ki, bu da bir çox
məsələlərdə Amerika heğemonluğunun
əleyhinə işləyir.
[1]
Elan olunmamış, ancaq getdikcə özünü
daha aydın biruzə verən bu oxun mərkəzini
Rusiya ilə ( böyük enerji istehsalçısı)
Çin (paradiqmatik yüksəlişdə olan istehlakçı)
arasındakı genişlənməkdə olan geosiyasi tərəfdaşlıq təşkil
edir. Bu oxun ABŞ maraqlarına mənfi təsiri
artıq Orta Asiyanın ABŞ-ın nüfuz dairəsindən
çıxarılmasında birgə Çin-Rusiya
səylərində qazanılan uğurlarda hiss edilir.
Ancaq ən real təhdid özünü
ABŞ-ın İranın nüvə məsələsilə
bağlı məqsədlərinin hazırda iflasa
uğramasında göstərir. Bu məsələ,
çox güman ki, soyuq müharibədən sonrakı
dövrdə beynəlxalq qaydaların yenidən
müəyyənləşdirilməsində məhək
daşı olacaq. Təkcə ona görə yox
ki, İran əvvəl-axır nüvə
silahı niyyətindən əl çəkəcək.
Həm də ona görə ki, bu, Amerikanın qlobal
liderliyinin nə qədər effektiv olduğunu göstərəcək.
Sturuktural dəyişmələr
Hazırda neft erası açıq-aşkar
yeni mərhələyə qədəm qoyub, tələbatın durmadan artması
və istehsal gücündəki defisit dünyanın
son iyirmi ildə üzləşmədiyi qiymət sıçrayışlarına
gətirib çıxarıb. Tələbatın
dramatik şəkildə artımı inkişaf
etməkdə olan ölkə bazarlarında,
xüsusilə də Çində və Hindistanda
iqtisadi yüksəlişlə bağlıdır.
İnkişaf etməkdə olan iqtisadiyyatlarda xam
neftə olan tələbatın dalğalanması
qiymətlərin yüksəlməsinə təsir
göstərən ən başlıca amildir.
Beynəlxalq neft bazarındakı
indiki struktur dəyişikliklərini müəyyənləşdirən
ikinci element neft ehtiyatı mənbələrinin
istehsal gücünün azlıq etməsidir. Neft
istehsalçılarının öz istehsal güclərini
genişləndirmələri yəqin ki, gələcəkdə
neftin qiymətinə təsir edəcək ən
mühüm amil olacaq.
Aydındır ki, bir çox yeni ərazilərdə,
yaxud hazırda işlənilən ərazilərdə
münasib qiymətə və müvafiq investisiya
səviyyəsinə uyğun şəkildə yeni-yeni
neft yataqları aşkar ediləcək. Buna görə
də biz qlobal neft ehtiyatlarının son həddə
çatdığını söyləyənlərin
pessimizmini qəbul etmirik. Ancaq biz yüksək qiymətlərin
neft istehsalına hökmən böyük investisiyalara
yol açacağın söyləyən bəzi
iqtisadçıların hədsiz optimizmini də
qəbul etmək fikrində deyilik. Bizim bu skeptizmimiz
əsasən neft sektorunun – xam neft kəşfiyyatı
və istehsalının açıq və rəqabətdən
uzaq bir mühit olması reallığından doğur. Multmilli neft şirkətləri OPEK
ölkələri və keçmiş Sovet İttifaqı
xaricində neft istehsal edilən ərazilərə
25 il güclü investisiya qoyduqdan sonra əsas ehtiyatların
neft sənayesinin bu “rəqabətcil preferiyasına”
keçirilməsi üçün zəruri xərclər
indi sürətlə artır.
Digər tərəfdən, yerdə qalan və
nisbətən az xərclə bərpası mümkün
olan ehtiyatlara malik ərazilərin –
əsasən də Yaxın Şərqdə
və keçmiş Sovet İttifaqı regionunda
– çoxluq təşkil etməsi beynəlxaq neft
sənayesinin ziyanına işləyir.
Buna görə də neft erasının
növbəti iyirmi beş ili əvvəlkindən
fərqli mənzərəyə malik olacaq: təlabatın
artması və OPEK-ə daxil olmayan ölkələrin
bir neçəsində istehsalın zəifləməsi
Yaxın Şərqdə və keçmiş Sovet
İttifaqı regionunda təbii neft hasilatının,
eləcə də qeyri-təbii neft (neftli şist,
bitumlu qum və ekstra ağır neft) və sintetik
maye (qazlı maye, kömürlü maye, bioyanacaq)
istehsalının artırılması ilə nəticələnəcək.
Qiymətlər, çox güman ki, orta hesabla keçmişdəkindən
dözülməz dərəcəfə yüksək
olacaq, tələbat istehsal gücünə nisbətdə
sürətlə artmaqda davam edəcək. Bu gəlişmələrin
açıq-aşkar siyasi aspekti var. Neft sektorunun
“rəqabətcil preferiyası” multmilli neft şirkətləri
tərəfindən işləndikcə açıq
ticarətlə məşğul olan beynəlxaq
neft şirkətlərinin (BNŞ) ixtiyarındakı
dünya ehtiyatlarının faizi aşağı
düşüb, dövlətə məxsus milli
neft şirkətlərinin (MNŞ) neft ehtiyatı
faizi isə yüksəlib. Hazırda təsbit olunmuş
dünya neft ehtiyatlarının 72 faizi MNŞ-yə
məxsusdur. Qeydə
alınmış ehtiyatlarına görə (bazar
kapitallaşmasına, yaxud istehsal həcminə görə
deyil) dünyanın
on ən böyük neft şikətinin hamısı
MNŞ-dir. Dünyada açıq ticarət sahəsində
ən iri BNŞ olan
və “big oil” simvolunu daşıyan Exson-Mobil şirkəti
qeydə alınmış neft ehtiyatları baxımından
dünyanın yalnız on ikinci şirkətidir.
Bu o deməkdir ki, dünyadakı neft və qaz ehtiyatlarının
inkişaf tempinə BNŞ-lər və onların
səhmdarları deyil, MNŞ-lər və onların
məxsus olduqları dövlətlər həlledici
nəzarət edirlər.
Tələbatın daim artdığı
və ehtiyatların tıxandığı cari şəraitdə
bu vəziyyət enerji daşıyıcıları
ixrac edən ölkələrə öz nüfuzlarını
genişləndirmək və yeni strateji planlar qurmaq üçün daha incə, amma eyni
zamanda daha dayanıqlı bazis bəxş edib. 1970-ci
illərin əvvəllərində baş verən
“OPEK inqilabı”nın nə demək olduğunu
tam mənası ilə dünya
yalnız indi başa düşür: neft istehsalçılarının
açıq şəkildə qurduqları karteldən
fərli olaraq bu gün neft mənbələrinə
sahib hökumətlərin üstüörtülü
karteli mövcuddur və bu kartel dünyanın bilinən
bütün neft və qaz ehtiyatlarının əksər
hissəsinə nəzarət edir.
Bu üstüörtülü kartel çox
ciddi iqtisadi və siyasi əhəmiyyətə malik
böyük bir hadisədir və Amerikanın regional
maraqları və qlobal durumu üçün kritik
təhdidlər törədir.
Bazarlar və Rusiya gündəmi
Rusiya bəlkə də təklif kursu baxımından
aparıcı nümunəyə çevrilməkdədir.
Bir neçə illik tərəddüd və mübahisələrlə
dolu dövrdən sonra prezident Putin “Qazprom” və
“Rosneft” kimi MNŞ-lərin rolunu gücləndirmək
vasitəsilə Rusiyanın neft və qaz sektorları
üzərində dövlət nəzarətinin
bərpa etməyə müvəffəq olub, ölkənin
qaz və neft kəmərləri şəbəkəsi
dövlətin əlindədidr, Rusiyanın özəl
sektora aid şirkətləri Moskvanın müəyyənləşdirdiyi
parametrlər daxilində fəaliyyət göstərirlər
və geniş miqyaslı xarici investisiyalara qarşı
böyük əngəllər mövcuddur. Rusiyanın
qlobal neft bazarının iri hasilatçısı
kimi Səudiyyə Ərəbistanını sıxışdıra
biləcəyi ilə bağlı bir neçə
il bundan əvvəlki gümanlar özünü
doğrultmayıb. Putinin, yaxud da Rusiyanın yüksək
rütbəli digər liderlərinin belə bir statusa
can atdığını və ya Rusiya
neft sənayesinin belə bir rolun öhdəsindən
gələ biləcəyini göstərən heç
bir dəlil mövcud deyil. Buna baxmayarq, Putinin prezidenliyi
dövründə Rusiyanın xarici rıçaqlar
sistemindən yararlana bilməsinə imkan verən
daxili şərait yaranıb. Bu mənada Putin Rusiyanın
“Böyük Səkkizlik”dəki builki sədrliyindən
bu ölkənin sadəcə enerji təchizatçısı
olmaqdan çıxıb qlobal enerji təhlükəsizliyi
təchizatçısına çevrilməsi üçün
istifadə etmək istəyir. Moskva öz bazar
gücünü ABŞ əleyhinə yönəldir.
Sovet İttifaqı dağıldıqdan sonrakı
dövrdə ABŞ təşəbbüsləri
ilə bağlı narazılıqların siyahısı
xeyli artıb: NATO-nun genişlənməsi, ballistik
raketlər əleyhinə müqavilənin ləğvi,
ABŞ qüvvələrinin Mərkəzi Asiyada
yerləşdirilməsi, İraq müharibəsi
və Rusiya ilə qonşu olan dövlətlərdə
“rəngli inqilabların” dəstəklənməsi.
1990-cı illərin sonlarında Rusiyanın bu təhdidləri
cavablandırmaq qabliyyəti son dərəcə
zəif idi. Rusiya hərbi
qüvvələri Çeçenistan bataqlığında
ilişib qalmışdı, neftin və qazın
qiymətinin aşağı həddə olması
iqtisadi zəifliyə, 1998-ci ilin valyuta böhranına
səbəb olmuş, Rusiyanı Birləşmiş
Ştatlardan və digər beynəlxalq yardım
güclərindən asılı vəziyyətə
salmışdı. Ancaq son illərdə enerji daşıyıcılarının
qiymətlərinin xeyli yüksəlməsi sayəsində
Rusiyanın müstəqilliyi güclənib deyə
Putin və onun məsləhətçiləri belə
qərara gəliblər ki, onlar bu bazar gücündən
Birləşmiş Ştatları “öz yerində
oturtmaq” üçün
istifadə edə bilərlər.
Rusiyanın “yaxın xaricdə” öz siyasi
nüfuzunu gücləndirməklə bağlı
aşkar strategiyası onun bu niyyətini əyani
nümayiş etdirir. Ukraynadan keçən qaz kəməriylə
bağlı bu yaxınlardakı mübahisədə
olduğu kimi bəzi hallarda Kremlin bu cür təşəbbüsləri
yöndəmsiz görünür və xüsusən
də faydalı olmur. Ancaq onun Avrasiyanın cənubunda
yeni təsir dairəsi yaratmaq cəhdləri kifayət
qədər effektivdir.
Rusiyanın Mərkəzi Asiyadakı siyasəti
barədə Qərbdə yazılanların çoxu
diqqəti Moskvanın Qırğızıstanda
və Tacikistanda hərbi baza yaratması və Özbəkistanı
ABŞ hərbi personalını Karşi-Xanabaddakı
uşuş bazasından çıxarmağa cəsarətləndirməsi
kimi uğurlarına cəlb edir. Ancaq məsələnin
kökündə enerji ehtiyatları və Rusiyanın
yüksəlməkdə olan bazar gücü durur.
2003-cü ildən başlayaraq, Rusiya Amerikaya təzyiqi
maksimum həddə çatdırmaq üçün
ABŞ-ın demokratikləşmə tələbinə
qarşı çıxan regional avtokratların
və ABŞ hərbi qüvvələrinin mühasirəsinə
düsmək istəməyən Çinin marağından
yararlanaraq yeni təsir dairəsi yaratmağa çalışır.
Rusiyanın böyük enerji hasilatçısı
statusu Putinə öz regional strategiyasını
sürdürə bilmək üçün mühüm
vasitələr verib: investisiya kapitalı və bununla
birlikdə Mərkəzi Asiyanın enerji resurslarının
işlənilməsində və bazarlanmasında
(“Qazprom” kimi MNŞ-lərin Kreml siyasətinin effektiv
agentləri kimi fəaliyyət göstərməsi
sayəsində) lider
rolunu öz üzərinə götürmək
imkanı və Rusiya boru kəmərinə qoşulma
icazəsinə nəzarət. Bu isə Mərkəzi
Asiya neftini və qazını Avropaya daşımaq
üçün xüsusi əhəmiiyyətə
malikdir.
Son bir neçə ildə yaşanan neft
canlanması, dolayısı ilə olsa da, Rusiya iqtisadiyyatında
artım tempinin xeyli yüksəlməsinə gətirib
və bu, xidmət sektorunun Mərkəzi Asiyadan
gəlmələr üçün iş təminatçısına
çevrilməsiylə nəticələnib. Gəlmə
işçilərin öz vətənlərinə göndərdikləri
pul baratları bəzi
Mərkəzi Asiya ölkələri üçün
son dərəcə əhəmiyyətli gəlir
mənbəyi təşkil edir: məsələn,
bu göstərici Tacikistanın ümumi daxili məhsulunun
(ÜDM) təxminən 30 faizindən çoxuna
bərabərdir, bu da həmin ölkələri
təsir altında saxlamaq üçün Moskvaya
əlavə təsir vasitəsi verir.
[2]
Rusiya həmçinin enerji əsaslı
bazar gücündən həyati əhəmiyyətli
digər regionlarda da öz təsirindən yararlanır.
Moskava öz bazar gücünün yaratdığı
imkanları Şərqi Asiyada başqa səbəblərdən
zəifləmiş strateji mövqelərini dərinləşdirməyə
və genişləndirməyə yönəltməkdədir.
Geosiyasi şərtlər və mövcud ixrac infrastrukturu
Rusiyanın enerji məhsullarını Avropaya istiqamətləndirsə
də, Moskva Şərqi Sibir və ölkənin
Uzaq Şərq hissəsi vasitəsilə enerji ehtiyatlarını
Şərqi Asiya bazarlarına ixrac etmək potensialından
faydalanaraq və Pekinlə Tokionun öz energetika
sahələrində ənənəvi Yaxın Şərq
hidrokarbon mənbələrini balanslaşdırmaq
istəyinə oynayaraq həm Çinin, həm də
Yaponiyanın xarici siyasətində başlıca
faktorlardan birinə çevrilməyə can atır.
Asiya təhdidi
Əlbəttə, Rusiya kimi ölkələrin
enerji əsaslı bazar gücü tələb yönlü
təzyiqlərin güclənməsi
nəticəsində meydana çıxıb. ABŞ-ın
Energetika Departamentinin məlumatlarına əsasən,
2001-ci ildən bəri bütün dünyada neftə
olan tələbat artımının 40 faizi təkcə
Çinin payına düşür. Bu artımım
Çində 2005-ci ildə nisbətən zəifləməsinə
baxmayaraq, bir çox bazar proqnozları Asiyada tələbatın
gələcək illərdə də yüksək
səviyyədə qalacağını göstərir.
Cari şəraitdə tələb yönlü
təzyiqlərin siyasi təsiri istehlakçı
ölkələrin səyləri sayəsində
daha da kəskinləşib, çünki bu ölkələr
öz enerji ehtiyacalrını yalnız beynəlxalq
bazarlar hesabına ödəməyə ümid etməkdənsə
hidrokarbon resurslarına imtiyazlı baza əsasında
təhlükəsiz yol tapmağa imkan verən statist
strategiyalara daha çox etibar göstərirlər.
Buna ən bariz misal olaraq Çini göstərmək
olar. 2002-ci ildə Hu Jin Tao Kommmunist Partiyasının
baş katibi vəzifəsinə keçdikdən
sonra Çin rəsmi şəkildə “xaricə
çıxış” kursunu qəbul edib və özünün
ən böyük üç MNŞ-sinə – Çin
Milli Neft Korporasiyası, Çin Milli Neft-Kimya Korporasiyası
və Çin Milli Dəniz Neft Korporasiyasına
dünyanın istənilən yerində neft kəşfiyyatı və hasilatı
layihələrində adi səhmlər almağa
və boru kəmərləri – xüsusilə də
Sibirdə və Mərkəzi Asiyada – tikməyi
tapşırıb. “Xaricə çıxış”
strategiyasının məqsədi
enerji resurslarına və ixrac infrastrukturuna
effektiv şəkildə yiyələnməni təmin
etməkdir, bü cür tədbirlər Çinin
öz enerji təhlükəsizliyini daha da gücləndirə
bilməsi üçün xüsusi əhəmiyyətə
malikdir.
Çin “xaricə çıxış”
srategiyasını Qafqaz, Mərkəzi Asiya, Şərqi
və Cənubi Asiya, Afrika və Latın Amerikası
da daxil olmaqla bir çox neft regionlarında həyata
keçirməyə çalışır. O, Yaxın
Şərqdə neft hasilatçısı olan bir
sıra dövlətlərdə – Əlcəzair,
Misir, İran, Liviya, Oman, Səudiyyə Ərəbistanı,
Sudan, Yəmən və s. – bu srategiyanın müxtəlif variasiyalarından
istifadə edir. Pekin enerji ehtiyatlarına yol tapmağa çalışan
Çin şirkətlərinin uğurlu sövdələşmələrə
nail ola bilməsi üçün onların bu regionlara
səfərlərini yüksək səviyyədə
dəstəkləyir. Çin həmçinin öz MNŞ-lərinin
fəaliyyət göstərdiyi ölkələrə
sənaye malları və kapital ixracını artırmaqla
enerji sövdələşmələri şəbəkəsini
daha da inkişaf etdirir. Bəzi hallarda çinlilər,
Anqola və Nigeriyada olduğu kimi, enerji sövdələşmələrini
qazana bilmək üçün danışıqlar
masasına kənar sahələr üçün
nəzərdə tutulan ucuz investisiya paketləri
çıxarırlar. Çin və digər Asiya
MNŞ-ləri bir sıra ölkələrdə
kəşfiyyat və istehsal müqavilələrini
əldə etmək üçün həddən
artıq, bəzən
isə hətta BNŞ-lərinin təkliflərindən
yüksək qiymət ödəməyə həvəs
göstərirlər.
Güman ki, hidrokarbon resurslarına yol tapmaq
uğrunda rəqabətdə Çinin yeritdiyi strategiya
enerji ehtiyatlarının ticarəti və investisiyalaşdırılması
sahəsində qanuna əsaslanan və ABŞ-ın
uzun müddətdən bəri liderlik etdiyi beynəlxalq
qaydalar üçün əngəl törədə
bilər. Xarici öləkələrdəki hidrokarbon
resurslarına səmərəli şəkildə
yiyələnməni təmin etmək məqsədilə
istifadə olunan və korrupsiya halları, yüngül
şərtlərlə verilən borclar və qeyri-enerji
sektoruna və infrasrtuktur layihələrinə investisiya
qoyuluşları ilə müşayiət edilən
statist təşəbbüslər ən azı
İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının müəyyən etdiyi
ixrac maliyyələşməsi standartlarını
və idarəçilik qaydaları normalarını
pozur. Digər tərəfdən, başqa ölkələrin
də Çin metodunu özləri üçün
model seçmək risqi mövcuddur. Hindistanın
Neft və Təbii Qaz Korporasiyası (NTQK) müəyyən
ölçüdə artıq bu təsirə məruz
qalıb, bu şirkət də Çin MNŞ-ləri
ilə eyni yerlərdə, bəzi hallarda, İran
və Sudan kimi ölkələrdə isə onlarla
birgə konsorsium təşkil etməklə neft
müqavilələri bağlayıb.
Çin modelinə bənzər statist
strategiyaların bazara təsiri hələlik minimal
olsa da, Pekinin “xaricə çıxış” strategiyası
sürətlə Çinlə
ABŞ arasında geosiyasi gərginlik mənbəyinə
çevrilməkdədir və bu gərginlik 21-ci
əsrin birinci iyirmi beş ili ərzində dünyanın
ən vacib ikitərəfli münasibətlərinin
inkişafı üçün ciddi nəticələr
doğurmaq potensialına malikdir. Çinin neft axtarışları
onu Yaxın Şərq, Mərkəzi Asiya və
Afrikada nüfuz dairəsi uğrunda mübarizədə
ABŞ-ın yeni rəqibinə çevirir.
Onun enerji ehtiyatları baxımındadan Yaxın
Şərq regionu ilə izdivacı ABŞ-ın
xarici siyasət məqsədləri ilə razılaşmayan
İran, Sudan və Suriya da daxil olmaqla neft ixrac edən
ölkələri yeni xarici siyasət kursu götürməyə
və eləcə də yeni kommersiya seçimləri
etməyə təşviq edir (Sudana münasibətdə
Çin daha da irəli getmiş və Təhlükəsizlik
Şurasının daimi üzvü kimi öz statusundan
istifadə edərək Darfurda törədilən
genosidə görə Xartuma qarşı sanksiyalar
tətbiq edilməsinə veto qoyub.)
Çinin Fars körfəzindən asılılığı
azaltmaq naminə öz xarici enerji mənbələrini
rəngarənləşdirmək marağı Pekini Şanxay Əməkdaşlıq Təşkilatının
ABŞ-ın Mərkəzi Asiyada nüfuzunu zəiflətmək kampaniyasında
aparıcı rol oynamağa həvəsləndirib.
Afrikanın neft istesal edən ölkələrində
Çin və digər Asiya MNŞ-ləri yerli
hökümətlərə kəşfiyyat
və istehsal işləri üçün hər
cür qayda-qanundan və şəfafflıq şərtlərindən
uzaq kapital təklifləri əldə etmək imkanı
yaradırlar. Bu isə neftin qiymətinin bu qədər
yüksəldiyi bir şəraitdə Qərb hökümətlərinin
və beynəlxalq maliyyə institutlarının
neft sektorunun idarə olunmasını yaxşılaşdırmaq
və bü ölkələrdəki korrupsiyanı
azaltmaq üçün istifadə etdikləri rıçaqlar
sistemini xeyli zəiflədir.
Bundan əlavə, Pekinin enerji təhlükəsizliyinə
statist yanaşması Yaponiyayla
Çin arasında geosiyasi gərginliyin artmasına
səbəb olur ki, bu da dünyanın ən dinamik
iqtisadi zonasında ticarət və maliyyə sahəsində qarşılıqlı
asılılığı daha da möhkəmlətmək
üçün zəruri olan regional siyasi çərçivənin
inkişafına perspektiv baxımından mənfi
təsir göstərir. Tokio ilə Pekin arasında
müxtəlif yerlərdə spesifik enerji müqavilələri
uğrunda mübarizə, Şərqi Çin dənizində
ehtimal olunan təbii qaz yataqlarının kimə
məxsusluğu ilə bağlı mübahisələr
Çin-Yaponiya münasibətlərinin getdikcə
daha da pisləşməsinə xidmət edir. Bu
gərginliklər aradan qalxmadıqca Amerika üçün
Şərqi Asiya səhnəsində Çinin yüksəlişini
uzunmüddətli regional sabitliyin uyğun şəkildə
idarə etmək son dərəcə çətin
olacaq.
Bir müddətdən sonra rus nefti və
qazı Rusiya-Çin strateji əməkdaşlığının
daha da möhkəmlənməsində başlıca
faktora çevrilə bilər. Yaxınlarda Putinlə
Hu arsasında Pekində keçirilən görüşdə
(bu, son bir il ərzində onların beşinci görüşüdür)
Rusiyanın 2012-ci ildən başlayaraq Çinə
təbii qaz ixrac etməsi barədə saziş imzalanıb.
Nəzəri cəhətdən
Rusiya ilə Çin arasında neft və qaz
ticarətinə əsaslanan uğurlu münasibətlər
Çinin Yaxın Şərqdən asılılığını
azaltmaq və onun enerji təhlükəsizliyilə
bağlı problemlərini yumşaltmaqla ən azı
bəzi ABŞ maraqları üçün müsbət
rol oynaya bilər. Ancaq Moskvanın daha sıx geosiyasi
tərəfdaşlıq naminə Çinin problemlərilə
oynadığı açıq-aydın görünür.
Neft oxu və İran
Yeni neft siyasətlərinin və yaranmaqda
olan neft oxunun Amerikanın beynəlxalq nüfuzu üçün
necə pis nəticələr doğurduğunu bu
qüvvələrin İranın nüvə məsələsində
ABŞ məqsədlərini
əngəlləməsi daha əyani nümayiş
etdirir. Bu məsələdə başlıca oyunçuların
yeritdiyi siyasətlər İraq müharibəsi
ərəfəsindəkindən fərqli olaraq daha
çox enerji məsələlərilə bağlı
iqtisadi və geosiyasi hesablamalara əsaslanır.
Qərb dövlətləri İrana qarşı
hansı tədbirləri kollektiv şəkildə
dəstəkləyə biləcəklərini müəyyənləşdirməyə
çalışarkən
Rusiya və Çinin
Təhlükəsizlik Şurasında İrana
qarşı hər hansı bir sankisiyanın və
yaxud çiddi cəza tədbirinin qəbul edilməsinin
əleyhinə çıxacağının əvvvəlcədən
məlum olması onların bu imkanlarının
məhdudluğunu göstərir.
Artmaqda olan bazar gücü Rusiyanın
strateji təşəbbüs imkanlarını genişləndirdiyi
üçün onun Iranın nüvə məsələsiylə
bağlı maraq hesablamaları Qərb təhlilçilərinin və
siyasətçilərinin anlaya bildiklərindən
də mürəkkəbdir. Moskvanın İrana
münasibətdə siyasi gündəmi əhəmiyyətli
dərəcədə genişlənib. Rusiya İranda
mühüm iqtisadi maraqları olan bir dövlət
kimi qalmaqdadır. Moskva növbəti
onillikdə İrana yüksək səviyyəli
texnologiya (məsələn, mülki nüvə
texnologiyası) ixracını əhəmiyyətli
dərəcədə artırmaq niyyətindədir.
Həmçinin İran
bazarı rus adi silahları üçün
potensial gəlirli bazar hesab olunur. Ancaq son üç
il ərzində Rusiya İrana həmçinin təkcə
Mərkəzi Asiyada deyil, həm də Qafqazda ABŞ
nüfüzunu zəiflətmək işində
mühüm geosiyasi tərəfdaş kimi baxmağa
başlayıb. Uranın zənginləşdirilməsi
sahəsində Rusiya-İran birgə müssisəsinin
yaradılması barədə Moskvanın təklifi
məhz bu maraqlara hesablanıb. Belə bir sxem Moskvaya
öz nüvə texnologiyasını satmaq üçün
İran bazarında möhkəmlənmək, hətta
onu genişləndirmək, eyni zamanda Tehranla strateji
əməkdaşlığı inkişaf etdirmək
imkanı verərdi.
Çinin də İran məsələsinə
yanaşma tərzi birbaşa onun öz enerji təhlükəsizliyi
üçün zəruri olan şərtlərə
əsaslanır. Şəxsi söhbətlər
zamanı yüksək rütbəli Çin diplomatları
və partiya rəsmiləri Pekinin İranın nüvə məsələsi
ilə bağlı siyasətini təhlükəsiz
neft təchizatı, nüvə silahının yayılmaması
və regional sabitlik, mühüm beynəlxalq normaların
müdafiə edilməsi (mübahisələrin
dinc yolla həll edilməsi və mülki məqsədlər
üçün öz nüvə texnologiylarını
inkişaf etdirməkdə hər bir dövlətin
suveren hüquqa malik olması da daxil olmaqla), Çinin
şimal-qərb sərhədlərinin təhlükəsizliyi
(müsəlman əhalisinin çox olduğu Xinjiang
əyaləti nəzərdə tutilur) kimi maraqları
balanslaşdırmağa çalışan siyasət
kimi təsvir edirlər. Aşkar görünür
ki, bütün bu maraqlar cərgəsini balanslaşdıra
bilmək üçün Çin rəsmiləri
İrana qarşı sanksiyaların qatı əleyhdarı
olaraq qalacaqlar.
Çinin İranı beynəlxalq
təzyiqlərdən qorumaq arzusunda olması həmçinin,
Qərbin “könülülər koalisiyası” vasitəsilə
İrana qarşı məqbul sanksiyalar hazırlamaq
üçün göstərdiyi cəhdləri
çətinləşdirəcək. Çinin
iştirakı olmadan Qərb dövlətlərinin
İranın enerji sektoruna investisiya sahəsində
embarqo qoyulması indiki məqamda simvolik jestdən
başqa bir şey olmayacaq. ABŞ qanununa əsasən
Amerika şirkətlərinə İranda bizneslə
məğul olmaq artıq qadağan edilib. Bir çox
Avropa BNŞ-ləri isə siyasi qeyri-müəyyənlik
səbəbindən əksər potensial layihələrinin həyata keçirilməsini sonraya
saxlayıblar. Əvəzində son illərdə
Çin MNŞ-ləri İranın neft sektoruna
əhəmiyyətli həcmdə investisiya qoyaraq
Qərb investisiyalarının məhdudluğundan
doğan mənfi təsiri xeyli zəiflədiblər.
Buş administrasiyasının İranla
birbaşa və geniş əsasda strateji müzakirələr
aparmaqdan birdəfəlik
imtina etməsi nüvə məsələsi barədə
qətnamə də daxil olmaqla “geniş razılaşma”
məqsədinə hesablandığı üçün
Birləşmiş Ştatlar və onun Avropadakı
tərəfdaşları Təhlükəsizlik
Şurasında nəyəsə nail ola biləcəklərinə
əbəs yerə ümid bəsləyirlər.
Təhlükəsizlik Şurası İranın
nüvə məsələsinin effektiv həllində
uğursuzluğa düçar olduğu təqdirdə
isə Birləşmiş Ştatlar Buş administrasiyasının
qalan son iki ili ərzində ya İranın öz
nüvə potensialını inkişaf etdirməsinə
seyrçi qalmalı, ya da bu inkişafı durdurmaq
üçün İrana birtərəfli qaydada
müdaxilə etməli olacaqdır. Bu seçimlərin
hər ikisi Amerikanın dünya liderliyinə zərər
gətirə bilər: sadəcə seyrçi qalmaq
Birləşmiş Ştatların acizliyini göstərəcək,
beynəlxalq legitimliyə nail olmadan birtərəfli
qaydada müdaxilə isə Amerikanın beynəlxalq
vəziyyətini daha gərginləşdirəcək
(bəlkə heç İranın nüvə çalışmalarına
anlamlı şəkidə əngəlləyə
bilməyəcək də).
Sanksiyalar və ya yaxud hərbi müdaxiləyə
cavab olalaraq İranın neft ixracını dayadıracağı
barədə spekulyasiyaları bir kənara qoysaq,
şərhçilər əsasən bu mübahisənin
doğuracağı qlobal enerji geosiyasətlərinin
nəticələrini vurğulamağa meyl göstərirlər.
Nüvə məsələsinin nəylə bitəcəyi
neft və qaz ixrac edən bir ölkə kimi İranın
gələcəyini müəyyən
edəcək. İranda neft əsasən köhnə
“super-nəhəng” yataqlardan çıxarılır,
hazırda bu yataqlarda hasilat son həddə çatıb
və tezliklə onun səviyyəsi aşağı
düşə bilər. Bu köhnə yataqların
öz məhsuldarlıq normalarını artıra
bilməsi üçün külli miqdarda invesisiya
qoyuluşuna və yeni texnologiyaya ehtiyac var. İran
Səudiyyə Ərəbistanı deyil və
bu işləri öz vəsaiti hesabına
maliyyələşdirə bilməz. Əgər
nüvə mübahisəsi İranı Qərb
BNŞ-lərindən daha da təcrid olunmuş vəziyyətə
salsa, onda Tehranın Çin və digər Asiya
ölkələri MNŞ-lərinə, onların
investisiya kapitalına, texnoloji cəhətdən
daha üstün olan rus şirkətlərinin ekspert
xidmətlərinə üz tutması üçün
güclü stimul yaranacaq. Bu isə yeni neft oxunun
iqtisadi və siyasi məntiqini xeyli gücləndirmiş
olacaq.
Mümkün siyasətlər
Bu vəziyyətdə Vaşinqtonun atmalı
olduğu addımlardan biri
Beynəlxaq Enerji Agentliyi (BEA) ilə Çin
və Hindistan arasında geniş və dərin
iş birliyini gücləndirməkdir. Bu ölkələr
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT)
üzv olmadıqları üçün onların
BEA -ya üzv olmaq hüququ yoxdur və onlar
BEA-nın öz üzvləri üçün müəyyən
etdiyi neft və neft məhsulları ehtiyatının
minimal səviyyəsinə hələ ki, malik deyillər.
Bu əngəllərə baxmayaraq, inkişaf etməkdə
olan Asiya ölkələri ilə BEA arasında
daha sıx əlaqələndirmə yaratmaq, xüsusən
də bu ölkələri öz eneji ehtiyaclarını
qarşılamaq üçün ekslyusiv təchizat
sövdələşmələrindən daha çox beynəlxalq bazarlara etibar etməyə
inandırmaq açıq-aşkar Birləşmiş
Ştatların və onun Qərb tərəfdaşlarının
mənafeyinə uyğundur.
Eyni zamanda, Birləşmiş Ştatlar
özünün qlobal enerji ehtiyatlarını nəzarət
altına almaq strategiyasını dəyişdirməlidir.
Əsas enerji ixracatçısı olan ölkələrdə
neft resurslarının inkişafı ilə bağlı
elitaların düşüncəsini və mövcud
hökümətlərin siyasətlərini bazar
məntiqi barədə moizlər söyləməklə
dəyişdirmək mümkün deyil. Bu elitaların
resursların inkişafı ilə bağlı hesablamalarında
təmiz bazar səmərəsindən başqa digər
dəyərlər də böyük əhəmiyyət kəsb
edir. Amerikanın ənənəvi olaraq neft və
qaz sektorlarının liberallaşdırılması
və beynəlmiləlləşdirilməsini müdafiə
etmək siyasətinin dəyişdirilməsinə,
onun əsas neft istehsalçısı olan ölkələrdəki
MNŞ-ləri istesal gücünü artırmaq
üçün investisiya qoymağa təşviq
etməsinə ehtiyac var.
Ən böyük reallıq budur ki, ABŞ-ın
xarici siyasətini yeni
neft siyasətlərin amerikan liderliyinə qarşı
doğurduğu təhdidləri önləmək
iqtidarında deyil. Amerikanın cari siyasəti enerji
təhlükəsizliyini xarici siyasət məsələsi
kimi ciddiyə almır və yaxud enerji təhlükəsizliyi
məsələsini digər xarici siyasət məqsədləri
daxilində prioritetləşdirir.
Birləşmiş Ştatlar Moskvanın
enerji siyasəti və yaxud xarici siyasət kursunu
dəyişdirə bilməz, ancaq amerikan diplomatiyası
Rusiya siyasətçilərinin təhdidçi
davranışlarını yumşaldaraq onları
əməkdaşlığa sövq edə bilər. Bunun üçün
Birləşmiş Ştatlardan bir sıra strateji
məsələlərdə Moskva ilə qarşılıqlı
anlaşmaya nail olmaq, onu hər iki tərəfin
başlıca maraqları üçün qaşılıqlı
faydalı davranışlara təşviq etmək,
eyni zamanda başqalarının enerji təhlükəsizliyi
ilə geosiyasi oyunlar oynadığı müddətdə
Vaşinqtonun və Qərb tərəfdaşlarının
Rusiyanı enerji təhlükəsizliyinin təminatçısı
kimi tanımayacaqlarını ona məxfi qaydada açıq
bildirmək tələb olunur.
Daha geniş anlamda ABŞ siyasətçiləri
bir şeyi unutmamalıdırlar ki, hətta
dünya hegemonu belə idarə etmək üçün
düzgün seçimlər etməlidir. Əgər
Vaşinqton Rusiya kimi əsas enerji istehsalçısı
olan ölkələrin öz bazar güclərindən
ABŞ imtiyazlarına qarşı istifadə etmələrini
istəmirsə, o öz xarici siyasət seçimlərilə
bu ölkələrin maraqlarına mənfi təsir
göstərməyə davam etməməlidir. Və eyni qaydada yüksəlişdə
olan Çin kimi istehlakçı ölkələrin
enerji təhlükəsizliyi maraqlarını inkar
etməməli və bu cür ölkələrin
xarici siyasət seçimlərinin doğurduğu
mənfi nəticələrdən özünü
qorumağa çalışmalıdır.
“The National İnterest” jurnalı
N 84, yay 2006
İngiliscədən çevirəni:
Tehran Vəliyev