SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: IIIsector@inam.baku.az

İSBN 9952-8017-0-X

№2 (20) ---- 2006
MEDİA

Nədir KİV? Kimdir jurnalist?
Medianın cəmiyyətdəki yeri haqda əbədi mübahisələr

Səadət AKİFQIZI (Mehdiyeva)

Medianın cəmiyyətdə yeri hər zaman mübahisə predmetidir. Kütləvi informasiya vasitəsi ictimai şüurun formalaşdırıcısı, rəy yaradıcısı, hakimiyyətə təsiredici qüvvə, ictimai əlaqələr qurucusu, maarifləndirici, milli maraqların qoruyucusu, təbliğat ruporu kimi təqdim olunur. Başqa yanaşmalar da var.

Nədir KİV? Problem həll edənmi? Kimdir jurnalist? Şikayətçi vətəndaşı məmurun qapısına ötürən elçimi? Yayacağı xəbərə cəmiyyətin reaksiyasını hesablamaq medianın borcudurmu? Jurnalist iş başında vətəndaşdırmı? Sual çoxdur.

Mətbuatın cəmiyyətin söz demək ehtiyacından yarandığını söyləyən Azərbaycan Televiziyasının (AzTV) şərhçisi Qulu Məhərrəmli KİV-i toplumla hakimiyyət arasında körpü kimi xarakterizə edir. Ümumiyyətlə, mütəxəssislər medianın cəmiyyətdəki yerini araşdıranda mütləq onu hakimiyyətlə ictimaiyyət arasında görür - diskussiya predmeti də hakimiyyət-media münasibətləri olur. Zənnimizcə, bunun əsas səbəbi hər iki təsisatın cəmiyyəti öz əlinə almaq, daha doğrusu, ictimai rəyi formalaşdırmaq cəhdidir. Görünür, «Avropa» qəzetinin təsisçisi Fəxri Uğurlu məhz bu mənada medianı hakimiyyətə rəqib sayır. Bəzi rusiyalı ekspertlər isə həm medianı, həm də hakimiyyəti cəmiyyətin özünütəşkili vasitəsi kimi görür: «Hakimyyətin köməyi ilə ictimaiyyət bütün sferalarda, o cümlədən mətbuatla bağlı fəaliyyətini tənzimləyir. Medianın köməyi ilə isə bütün strukturlara, o cümlədən hakimiyyətə nəzarət eləyir».

Mətbuatı cəmiyyətin hakimiyyətə münasibətini çatdıran vasitə kimi də görürlər. Ancaq bəzilərinin fikrincə, KİV-də ifadə olunan rəy həm də ictimai yanaşmadır. Bu günlərdə ABŞ prezidentinin Ağ evdə keçirdiyi mətbuat konfransında Corc Buşla bir jurnalist arasındakı dialoqda müxbirin davranışı onların mübahisə obyektindən az diqqət çəkmədi və bütün dünyaya həm də hakimiyyət-media münasibətlərinin nümunəsi kimi yayıldı:

«23 mart 2006-cı il. Vaşinqton. Ağ evin konfrans zalı. Corc Buş jurnalistlərin suallarına cavab verir.

Sual növbəsi Amerika jurnalistikasının canlı tarixi olan 85 yaşlı qadındadır. Yelena adlı bu qadın 1960-cı ildən Ağ evdə akkreditasiyadadır. Onu bütün sonrakı ABŞ prezidentləri tanıyır. Buşun siyasətinin əleyhdarıdır. Onunla Buş arasındakı dialoqu çatdırıram:

Yelena: – İraqda amerikalılar da, iraqlılar da ölür. Dinc əhali zülm çəkir. Orada niyə müharibə edirsiniz?
Buş: – Mən müharibənin əleyhinəyəm. Bütün dövlət başçıları müharibə əleyhdarıdır.
Yelena (Buşun sözünü kəsir): – Sizin İraqa girmək üçün göstərdiyiniz bütün səbəblər yalan çıxdı.
Buş (Yelenanın sözünü kəsir): – Qoy cavab verim. 2001-ci il hadisələri bizim xarici siyasətimizi dəyişdirdi...
Yelena (Buşun sözünü kəsir): – 11 sentyabr hadisələrinin iraqlılara nə dəxli var? Bunu ki onlar etməyib.
Buş: – «Taliban»” etmişdi…
Yelena: – «Taliban»” iraqlılar və Səddam deyil.
Buş: – Qoy izah edim.
Yelena: – Sağ olun, cənab Ramsfeld.
Buş: – Sənə söz verməyimə peşmanam.

Vəssalam. Dünyanın ən güclü dövlətinin başçısı bir jurnalistə biabırcasına uduzur. Çünki haqsızdır. «Taliban»”ı İraqla qarışdırır. Və əvəzində «Ramsfeld” adlandırılır». (Məmməd Süleymanov, «Gündəlik Azərbaycan» qəzeti).

Bu hadisədən sonra xanımın otağı tanımadığı çoxsaylı insanların göndərdiyi gül çələngiylə bəzəndi – jurnalist müharibə əleyhinə olan ictimai rəyin inikası kimi ictimaiyyətdən öz təşəkkürünü aldı.

Ancaq mediaya təkcə ictimai fikrin güzgüsü kimi baxmaq da düzgün deyil. Məsələn, bu yaxınlarda nüfuzlu sorğu təşkilatlarından birinin araşdırmaları Avropa əhalisinin yarıdan çoxunun antisemit ovqatda olduğunu göstərmişdi. Avropa mediası bu sorğuya əsaslanıb, yəni ictimai fikrin axarına düşüb antisemit ovqatlı yazılar dərc edərdisə, mümkün qarşılıqlı ittihamlar dalğasının məsuliyyəti kimin üzərinə düşəcəkdi? «Media ictimai fikrin ifadəçisidir» yanaşmasına aludə olmaq da ictimai mənafeyə zərər vura bilər. Burdan belə bir nəticəyə gəlmək olar ki, media yalnız ictimai rəyin passiv güzgüsü rolunu oynamalı deyil, həm də cəmiyyətin rəyini pozitiv istiqamətdə formalaşdırmağa cəhd göstərməlidir.

«Kazaxstanskaya pravda»nın əməkdaşı İqor Proxorov hesab eləyir ki, jurnalist vətəndaş cəmiyyətinin ifadəçisi və qoruyucusudur. Bu fikirlə razılaşmamaq mümkün deyil. Çünki vətəndaş cəmiyyətinin fəlsəfəsi insan hüquqları, dözümlülük, demokratik sistem, birgəyaşayış normaları və s. kimi amilləri özündə ehtiva edir. Bu amilləri nəzərə almayan media orqanı nüfuzunu zərbə altına qoyur. Media cəmiyyətin yanındadır, onun rəyini ifadə edəndir, eyni zamanda heç kəsin tərəfdaşı deyil. KİV baş verən hadisələri, prosesləri həm çılpaq (xəbər janrıyla) və izahlı (analizlər, şərhlər vasitəsilə) formada, həm də diskussiya kimi (müsahibə yoluyla) ictimaiyyətə çatdırır. Mətbuatın işi yalnız obyektiv xəbər yayımlamaq olsaydı, onda tamaşaçı (oxucu, dinləyici) niyə xəbərin izahını KİV-dən gözləyir? Hətta uzağa gedib demək mümkündür ki, bəzən oxucu (tamaşaçı, dinləyici) baş verən hadisəyə elə KİV orqanının özünün mövqeyini bilmək istəyr.

Yeri gəlmişkən, mövqesiz KİV-i «sifətsiz» adamla müqayisə etmək mümkündür. «Mətbuat nəzəriyyəsi»nin müəllifi Teodor Pitersonun və bu nəzəriyyəni bir az da genişləndirən rusiyalı jurnalist Tatyana Repkovanın fikrincə, medianın özünün konsepsiyası olmalıdır: KİV orqanı öz işini hansı nəzəriyyəyə uyğun quracağını ölçüb-biçməlidir.

Media cəmiyyətin bilməyə və dərk etməyə təlabatını müxtəlif yollarla ödəyir: hadisələri və ya faktları təhlil etmək üçün ekspertlərə üz tutur və ya bu missiyanı şəhrçi kimi ixtisaslaşmış jurnalistlər öz öhdəsinə götürür. Auditoriya isə qərəzli xəbəri ayıra bildiyi kimi, şərhin də obyektiv olub-olmadığını, müsahibə aparan jurnalistin mövqeyinin görünüb-görünmədiyini bilir.

Belə bir misala nəzər salaq. Azərbaycanın hüquq-mühafizə orqanlarında yüksək vəzifələr tutmuş adamlardan ibarət on illik cinayət dəstəsi həbs edilir. Bəzi qəzetlər dəstə üzvlərinin işlədiyi nazirliyin rəhbərliyinin, konkret nazirin istefasından danışır. Cəmiyyətin də münasibəti birmənalıdır, o, nazirin hesabatını gözləyir. Bu zaman məşhur telekanallardan birində həmin hökumət üzvüylə müsahibə hazırlanır. «Verilən suallardan belə anlaşılır ki, bu müsahibə ünvanına ittihamların səsləndiyi məmura özünə bəraət qazandırmaq imkanı vermək məqsədi güdüb və müxbir burda özünü «sifarişli mirzə» kimi göstərir. Bu müsahibədə jurnalistin sifətində yaltaq bir təbəssüm yox, hadisəylə bağlı cəmiyyətdə doğan reaksiyanın təzahürü olmalıydı. Belə bir müsahibənin efirə verilməsi təkcə o jurnalistin yox, elə o televiziyanın da nüfuzuna ciddi zərbə vurdu». («Jurnalist etikası: Nüfuza, inama, etibara aparan yol»)

Bi-Bi-Si-nin televiziya verilişlərinin birinin qonağı olan dövlət rəsmisi ona ünvanlanan (hansısa ciddi sosial problemlə bağlı) sualı cavablandırmaqdan yayınıb. Jurnalist sualını ikinci dəfə də səsləndirib. Cavab yenə yayındırıcı olub. Veriliş müəllifi məmurun cavabdan yayındığını göstərmək üçün öz sualını düz 14 dəfə təkrarlayıb!

Azərbaycanla bağlı yuxarıda göstərdiyimiz faktda jurnalist məmura məşhur Çekker üsulundan yararlanmağa imkan yaradıb (ABŞ-ın keçmiş prezidenti Riçard Nikson vitse-prezidentliyə namizədliyi zamanı rüşvətxorluqla bağlı yağdırılan hücumlardan qorunmaq üçün birbaşa yayımda dərdli-dərdli bildirib ki, bu, liberalların işidir, onlar hətta Çekker adlı itinin də rüşvətxor olduğunu söyləyirlər. R.Niksonun «Nə deyirlər-desinlər, ancaq biz iti yanımızdan buraxmayacayıq» sözləri onun reytinqinə müsbət təsir edib). İsveçli jurnalist Erik Fiçhteliusun fikrincə, şəraitdən asılı olaraq (müsahibin öz hərəkətini izah etmək zərurəti yarandığı təqdirdə) jurnalist öz müsahibini divara dirəməli, ona sərt suallar yağdırmaqdan çəkinməməlidir. Əks təqdirdə, auditoriyanın hədəf obyekti dəyişəcək: jurnalist və ya media qurumu ən yaxşı halda səriştəsizlikdə, ən pis halda isə tərəfkeşlikdə suçlandırılacaq.

«Amerika jurnalistləri əmindir ki, mətbuat vətəndaşlara hakimiyyətin gördüyü işlər barədə geniş və hərtərəfli məlumatlar verməli və bununla da onların demokratik sistemin fəaliyyətində şüurlu surətdə iştirak etməsinə şərait yaratmalıdır. Piter Brestrap bu inamı Amerika mətbuatının «dini etiqadı» adlandırır». («Jurnalist etikası» Bakı, 2000). Amerikalı jurnalist Yusin Qudvinin fikrincə isə jurnalistlər təkcə xalqın nümayəndələri yox, həm də onun (xüsusilə kasıb təbəqənin) maraqlarının müdafiəçisidir və buna görə də hakimiyyətin hər hansı səhvini və qanunsuz əməlini ifşa etmək imkanını əldən verməməlidir. Müəllifin fikrincə, elə jurnalistlər var ki, onları gözətçi köpəyindən çox yeməkdən heç bir korluq çəkməyən və ixtiyar sahiblərindən həddən artıq qorxan ev itlərinə bənzətmək olar.

Hakimiyyət-media-cəmiyyət müstəvisində KİV bəzən peşəkarlıq-vicdanlılıq-vətənpərvərlik üçbucağında manevr etməli olur. «Əgər xəbər tutsan ki, müharibə şəraitində olan vətənində hakimiyyət qonşu ölkəyə hücuma keçəcək, bu məlumatı yayarsanmı» sualı tez-tez mübahisə obyektinə çevrilir. ABŞ prezidenti Əfqanıstana hücum hazırlanan ərəfədə öz ölkəsinin mediasından xahiş etdi ki, jurnalistlər hücumla bağlı informasiyaları açıqlamasınlar. Bəlkə də ölkədə 11 sentyabr faciəsi yaşanmasaydı, amerikalı jurnalistlər prezidentin xahişinə məhəl qoymazdılar. Necə ki, ABŞ-ın Vyetnamda təkcə hərbi bazaları bombalaması yox, həm də mülki insanları da öldürməsi barədə məlumatları elə amerikalı jurnalistlər yaymışdı. Yaxud amerikalı əsgərlərin iraqlı əsirlərlə zorakı davranışı barədə faktları dünya ictimaiyyətinə İraqda müharibə aparan ölkənin vətəndaşı olan media təmsilçiləri açıqladı. Bu jurnalistləri vətənpərvər olmamaqda suçlandırmaq mümkündürmü?

1987-ci ildə İsveç radiostansiyalarından biri ölkənin hərbi texnika istehsal edən zavodunun Hindistandan səhra topuna sifariş almaq üçün külli miqdarda rüşvət verdiyi barədə məlumat yayır. Bu məlumat üzdə özünü sülh tərəfdarı kimi göstərən İsveç hökumətinin imicini zədələyir və ölkənin ixracatına zərər vurur. Ölkəyə külli miqdarda ziyan dəyir. Bunun məsuliyyəti kimdədir, jurnalistdə, yoxsa rüşvətlə sifariş almaq istəyən məmurda?

İkinci bir fakt da Stokholmda olub. 1973-cü ildə iki qarətçi bir neçə şəxsi girov götürür. Onlarda radio olduğundan bu hadisəyə verilən reaksiyalardan xəbər tuta bilirlər. Polis cinayətkarları zərərsizləşdirmək üçün gözyaşardıcı qazdan istifadə etməklə hücum hazırlayır. Hadisəni izləyən KİV nümayəndələrinin plandan xəbərləri var. Peşəkarlıq informasiyanı dərhal yaymağı tələb edir. Ancaq xəbər yayılarsa, qarətçilər girovları öldürə bilərlər. Dilemma qarşısında qalan KİV nümayəndələri əməliyyata mane olmamaq üçün susurlar… İnsan taleyi üçün məsuliyyət peşə borcunu üstələyir.

Üçüncü misal isə ABŞ-da baş verib. «Donuzlar buxtası» adıyla xatırlanan bu hadisənin qısa tarixçəsi belədir: 1961-ci ildə «Nyu-York Tayms» Mərkəzi Kəşfiyyat İdarəsinin Kubaya kommunist mühacirlərin iştirakıyla hücum hazırlaması barədə məlumat alır. Nüfuzlu qəzetin əlində belə bir informasiya olduğunu bilən prezident Con Kennedi dərhal məsul naşirə zəng vurub ondan xəbəri açıqlamamağı xahiş edir. Prezident deyir ki, məlumat yayılarsa, plan baş tutmaya və qanlı döyüşlərdə çoxlu əsgər ölə bilər, bu isə milli mənafeyə zərbə vurar. Redaktor bu fakt barədə susmağa üstünlük verir, daha doğrusu, qəzet səhifələrində, sadəcə, hücumla bağlı şayiə dolaşdığı bildirilir. Nəzərdə tutulan vaxtda isə Kubaya hücum olur, ancaq əməliyyat baş tutmur, 1500 kubalı mühacir öldürülür. Prezident Kennedi isə «Nyu-York Tayms»a lənət yağdırır ki, nəyə görə vaxtında bu məlumatı açıqlamadı, bəlkə də adaya hücüm planı təxirə salınar, yüzlərlə adam ölməz, ölkənin də nüfuzuna zərər gəlməzdi.

Hər üç hadisə olduqca ibratamizdir. Və hər üçü də jurnalisti – medianı vətənpərvərlik-peşəkarlıq dilemması qarşısında qoyur. Əslində medianın yeri də bu dilemmanın «qızıl orta»sındadır. Yəni xəbərin yayılmasına birbaşa məsuliyyət daşıyan KİV menecerləri, məsul redaktorlar «nəticələrə neytrallıq»la qeyri-neytrallıq prizmasından baxarkən vicdanlılıq prizmasına sadiq qalmalıdır.

Məsələn, torpaq münaqişəsi yaşayan Azərbaycanın bəzi media qurumlarında ordudakı qanunsuzluqlardan, rüşvətxorluqdan və ya korrupsiyadan danışmaq anti-vətənpərvərlik kimi təqdim edilir, hətta bu barədə danışanlara ittiham da yağdırılır. Orduda hər hansı qanunsuzluğun baş verməsinə mediamı baisdir? Hansısa əsgərin rüşvətxorluqla üzləşməsinə məsuliyyəti jurnalistmi daşıyır? Təbii ki, yox. Bu halda rüşvətxorluq faktlarını aşkara çıxarmaq, əsgəri rüşvətxor zabitdən xilas etməkmi vətənpərvərlikdir, yoxsa bu barədə susmaq?

Öz məşhur əsərində «Yaxşı jurnalist… cəmiyyətə güzgü tutmalıdır, onun yaxşı və pis tərəflərini göstərməlidir» yazan Devid Rendalın fikrincə, bu məqsədlərə catmağa can atan yaxşı jurnalistlər cəmiyyətə çalışqan məmurdan da böyük xidmət göstərə bilərlər: «Onlar vətəndaşları informasiyayla silahlandırırlar. Buna görə də hakimiyyət onlara mane olmağa, onları susdurmağa cəhd göstərir və media nümaynədələrinə «təxribatçı element» yarlığı yapışdırır».

Son illər dünyada baş verən proseslərlə və bu proseslərdə medianın tutduğu mövqe arasında getdikcə uçurum müşahidə edilməkdədir. Bir vaxtlar media orqanlarının (yuxarıda gətirdiyimiz bəzi faktlara əsasən bunu söyləyə bilərik) araşdırıb üzə çıxardığı faktlar cəmiyyətdə hay-küy salar, hadisələrin axarını dəyişər (hər halda medianın tarixində prezident istefasına səbəb olmuş Uotergeyt hadisəsi – söhbət ABŞ-ın keçmiş prezidenti Riçard Niksonun istefasından gedir – var) və ya söz sahiblərini öz mövqelərinə yenidən baxmağa vadar edərdi. Ancaq indi KİV-in açıqladığı, araşdırıb üzə çıxardığı çox ciddi faktlar sanki bir yarpaq titrəməsinə bənzəyir: demokratiyanın təşəkkülündə xüsusi çəkisi olan medianın təsiri çox zəifləyib. Bu isə öz növbəsində vətəndaş cəmiyyətinin digər təsisatlarının mövqeyinə təsirsiz ötüşməyə bilər. Bəzi mütəxəssislər burda KİV-in reklamdan asılılığını önə çəkirlər. Məsələn, www.internews.ru saytında yazı müəllifi Aleksandr Osıkin Rusiya mediasının illik reklam gəlirlərini araşdırıb: 9 ay ərzində «Kommersant» qəzetinin 6,5 milyon, «Moskovski komsomolets»in 5 miylon, «Novıe İzvestiya»nın 3,6 milyon dollar reklam gəliri olub. Həftəliklər – «Sem dney» 12,1, «Ekspert» 6,4, «Denqi» 6,2 milyon dollarlıq gəlir sahibinə çevrilib. Aylıq nəşrlər də az qazanmayıb. «Za rulem» 6,4, «Kosmopoliten» isə 5,1 milyon gəlirlə liderlik edir.

Böyük maliyyəyə söykənən reklam sifarişçiləri medianın cəmiyyət qarşısındakı sosial cavabdehliyinə də müdaxilə etmək gücündədir. Ancaq zənnimizcə, cağdaş ictimai-siyasi, eləcə də mənəvi-əxlaqi müstəvidə medianın təsiretmə gücündə duyulan geriləmə təkcə böyük reklam pullarıyla bağlı deyil. Bu həm də dünyada yaranmış demokratiya böhranından doğur.

İstifadə edilmiş ədəbiyyat

1. «Gündəlik Azərbaycan» qəzeti, 24 mart 2006-cı il
2. www.camedia.org
3. www.bankreferatov.ru
4. Tatəna Repkova: «Kak sozdatğ professionalğnuö qazetu v demokratiçeskom obhestve»
5. «Jurnalist etikası: Nüfuza, inama, etibara aparan yol». «Yeni Nəsil» AJB-nin Gəncə filialı. Bakı, 2005
6. «Jurnalist etikası». «Yeni Nəsil» AJB. Bakı, 2000
7. Devid Rendal: «Universalğnıy jurnalist»
8. Erik Fiçtelius «Jurnalistikanın on qızıl qaydası» «Yeni Nəsil» AJB. Bakı, 2002