Azərbaycan
Respublikası. Tarixi və siyasi təsvir
Mühacir tarixşünasımız Hilal Münşi bu kitabı 75 il əvvəl
Almaniyada yazıb
|
 |
| Zaur Qasımov
Beynəlxalq münasibətlər üzrə magistr, Mərkəzi və Şərqi
Avropa İnstitutunun doktorantı Ayxştett Katolik Universiteti,
Almaniya |
 1920-ci
il aprelində bolşevik qoşunları ölkəmizə soxularaq müstəqil Azərbaycan
dövlətini məhv etdilər. Məmləkətimizin işğalının, millətimizin yenidən
rus əsarətinə düşməsinin bir acı nəticəsi də nəhəng ziyalı təbəqəsinin
yurdumuzu tərk etməsi oldu. Kommunizmlə əməkdaşlıqdan imtina edən
intellektuallarımız mühacirətə üz tutaraq totalitar rejimə qarşı
mücadiləni xaricdə davam etdirdilər. Siyasi mühacirlər arasında
istedadlı tarixçılər, mədəniyyətşünaslar və politoloqlar vardı.
Onlardan biri də Hilal Münşi idi.
Hilal Münşi 1930-cu ildə Berlində alman dilində «Die
Republik Aserbaidschan. Eine geschichtliche und politische Skizze»”
(Azərbaycan Respublikası. Tarixi və siyasi təsvir) adlı kitabça
nəşr etdirib.
Müəllif azərbaycanlıların çar imperatorluğu tərkibində
çəkdiyi əzablardan, xalqımıza və başqa Qafqaz millətlərinə qarşı
repressiyalardan bəhs edir. O, zamanının böyük ədiblərinin müdhiş
çətinliklərə sinə gərib milli dirçəliş uğrunda apardığı mübarizəni
önə çəkir. Münşi xüsusilə Mirzə Şəfi Vazehlə Mirzə Fətəli Axundovu
misal gətirir, onların Azərbaycan xalqı qarşısındakı xidmətlərini
məşhur alman filosoflar İohan Fixte və İmmanuel Kantın alman millətinin
inkişafında oynadığı rolla müqayisə edir, Azərbaycan türklərinin
keçdiyi yolu Avropa millətlərinin inkişaf mərhələləriylə eyni kontekstdə
təhlilə çəkir. O yazır: «…Dahi şair və mütəfəkkirlər Azərbaycan
xalqının əsl öndərləri idi və onların azərbaycanlıların milli kimliyinə
böyük təsiri vardı».” Bu baxımdan millətimizin hələ XIX-cu əsrdə
qazandığı təcrübəni polyakların eyni vaxtda milli məsələ uğrunda
apardığı mübarizə ilə müqaisə etmək olar. Məşhur şair Adam Mitskeviçin
polyak milli azadlıq hərəkatında oynadığı rolu bizim cəmiyyətimizdə
Axundovlar və Mirzə Şəfilər öz üzərinə götürmüşlər.
Münşi
milli mətbuatın inkişafına da xüsusi yer ayırır, onun tarixini 1870-ci
illərdən 1918-1920-ci illərə qədər üç mərhələyə bölüb araşdırır.
Birinci mərhələ – təşəkkül mərhələsi 1905-ci ilə qədər davam edir.
Qəzetlərimizin çar xüsusi xidmət orqanlarının total senzurasına
məruz qaldığı bu dövrü müəllif mətbuat tariximizin ən çətin mərhələsi
sayır. 1905-1917-ci illərdə vəziyyətin yumşaldığını yazan Hilal
Münşi bu dövrü hətta Azərbaycan jurnalistikasının qızıl dövrü adlandırır.
1918-1920-ci illərdə isə milli mətbuat, elm və təhsil intibah fazasına
qədəm qoyur. Məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə jurnalistləri
avropalı həmkarları ilə əlaqə qurmaq şansı əldə edirlər. 1919-cu
ildə Bakıda universitet təsis edilir və Münşinin yazdığına görə,
100-ə yaxın Azərbaycan tələbəsi təhsil almaq məqsədiylə Avropaya
göndərilir. Onların 70 faizi məhz Almaniya universitetlərinə üz
tutur. Müəllifin fikrincə, Azərbaycan xalqı öz tarixı və seçdiyi
milli inkişaf yolu baxımından Avropaya çoxillik ənənələrlə bağlıdır.
75 il əvvəl qürbətdə nəşr olunmuş bu kitab Azərbaycan
mühacir ədəbiyyatı və publisistikasının unikal nümunəsi, ölkəmizin
tarixına dair qiymətli mənbədir. |