Avropa Qonşuluq Siyasəti çərçivəsində hazırlanan
Azərbaycan-AB Fəaliyyət Planı layihəsinin
2-ci variantına dair
Azərbaycan-Avrointeqrasiya Milli Ictimai Komitəsinin
RƏYİ
BAKI, 18 may 2006-cı il
Giriş
Azərbaycan cəmiyyətinin Avropaya qovuşmaqdan başqa
yolu yoxdur. Azərbaycan-Avrointeqrasiya Milli Ictimai Komitəsi
(AAMİK)1 bu
fikrində ona görə qətidir ki, avropalaşma və müasirləşmə tək indiki
nəsillərin istəyi deyil – bu düşüncənin təməlini hələ 19-cu yüzildə
Avropa dəyərlərini Azərbaycanda yayan maarifçilərimiz qoymuş, SSRİ
dövründə isə, bütün ziddiyyətlərə baxmayaraq, bu tarixi meyl inkişaf
etdirilmişdir.
Gərgin mübarizə sonucunda müstəqilliyimizin bərpası və qorunması
avrointeqrasiya istiqamətində müəyyən irəliləyiş və uğurlarımıza
yol açdı. O sıradan Avropa Şurasına daxil olmağımız da tarixi nailiyyət
kimi qeyd edilməlidir. Təəssüf ki, elə həmin dövrdə azad, müasir
cəmiyyətin qurulması sahəsində əldən verilən imkanlar bir sıra
ciddi problemlərin həllini artıq təxirəsalınmaz zərurətə çevirib.
Əsas iqtisadi fəaliyyət sahələri üzərində inhisarçılıq, kök atmış
korrupsiya, siyasətdə kütləvi seçki saxtakarlığı, parlamentin,
bələdiyyələrin və məhkəmə orqanlarının hədsiz səlahiyyətlərə malik
icra hakimiyyətindən rəsmi və qeyri-rəsmi asılılığı – bunların
hamısı Azərbaycan cəmiyyətinin Avropaya qovuşması yolundakı mühüm
əngəllərdir.
2004-cü ildə Avropanın genişlənməsi və Avropa Qonşuluq Siyasətinin
qəbulu, Avropaya inteqrasiya istəyimizə sadiqliyimizi göstərməyə
bizə əlavə imkan verir, ancaq Avropa Birliyinin ən yüksək səviyyəli
şəxsləri də bildirirlər ki, “munasibətlərimizin tərəqqisi Azərbaycan
daxilindəki nailiyyətlərdən və səylərdən asılı olacaq”. Başqa sözlə,
inteqrasiya, hər şeydən öncə, real islahatlarla, yəni tərəflərin
bölüşdüyü qanunun aliliyi, fundamental insan hüquq və azadlıqlarının
toxunulmazlığı kimi dəyərlərə sadiqliklə bağlıdır. Göstərilən sahələrdə
ölkə rəhbərliyinin səmimiliyi, qətiyyətli iradəsi, xoş məramı İnteqrasiya
prosesinin uğuru üçün ən başlıca şərtdir.
Qarabağ münaqişəsinin mövcudluğu demokratikləşmə yolunda indiyədək
sürən təhlükəli ləngimələrə görə ölkə rəhbərliyinə bəraət qazandırmasa
da, gerçəklik bundan ibarətdir ki, sözügedən islahatlar üçün ən
böyük maneə elə bu münaqişədir. Avropa Qonşuluq Siyasətinin keçmiş
SSRİ ərazisində yaranan bu tipli münaqişələrə ərazi bütövlüyü və
ölkə daxilində insan hüquqlarına ciddi təminatların verilməsi kimi
vahid prinsip əsasında yanaşması Azərbaycan, Gürcüstan, Moldova
və Ermənistana keçmişdən qalan bu ağır yükü ataraq gələcəyə inamla
addımlamağa imkan yaradardı.
Azərbaycanın totalitarizmdən müasir demokratiyaya keçidini fərqləndirən
və çətinləşdirən özünəməxsus cəhət dövlətin cəmiyyətdən dəfələrlə
güclü olmasıdır. Bu assimmetriyanı neft amili daha da gücləndirir.
Beynəlxalq təcrübə göstərir ki, asan yolla və böyük həcmdə əldə
edilən neft gəlirləri, adətən, rəhbərliyin islahatlar keçirməyə
marağını azaldır və sabitliyi primitiv israfçılıq hesabına qorumağa
sövq edir. Belə hallarda, adətən, ictimaiyyətin zəif siyasi iştirakı
və qərarvermə prosesində onun rolunun məhdudlaşdırılması cəmiyyətin
fundamental probleminə çevrilir. Azərbaycanda indi elə bu hal baş
verir, ancaq Azərbaycanın vətəndaş cəmiyyəti gərgin və çoxsahəli
fəaliyyətiylə sübut edib ki, o, Avropaya inteqrasiya kimi ümummilli
vəzifədə əsas istirakçı və tərəfdaş olmağı bacarar. Yenicə yaratdığımız
Azərbaycan-Avrointeqrasiya Milli Ictimai Komitəsi öz rolunu “aşağıların”
Avropa və Avro-Atlantik strukturlarına inteqrasiya kursunu dəstəkləməsinə
mütəşəkkil forma və məzmun verməkdə görür. Biz hesab edirik ki,
Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla əməkdaşlıq ölkəmizin
yuxarıda göstərilən xüsusiyyətlərini nəzərə almalı, ictimai proseslərdə,
o sıradan Fəaliyyət Planının hazırlanmasında və monitorinqində
vətəndaş cəmiyyətinin gücləndirilməsinə yönədilməlidir.
Ümumi qeydlər
2006-cı ilin mart ayında təşkil olunduqdan sonra AAMİK-in üzərinə
götürdüyü ilk praktiki iş Avropa Qonşuluq Siyasəti çərçivəsində
hazırlanan Azərbaycan-AB Fəaliyyət Planı layihəsinə öz rəy və təkliflərini
verməkdən ibarət olub. Məqsəd bu vacib strateji sənədin hazırlanmasında
Azərbaycan ictimaiyyətinin də yaxından iştirakını təmin etməkdir,
çünki Fəaliyyət Planı Azərbaycanla Avropa arasında yaxın 5 ildə
əməkdaşlığın strategiyasını müəyyən etməlidir və təbii ki, qabaqcıl
demokratik təcrübəyə əsasən, belə sənədlərin hazırlanmasında maraqlı
ictimai birliklərin rolu yüksək olmalıdır. Bizim fikrimizcə, nəinki
sənədin hazırlanması, həm də onun icra olunması mərhələsində Azərbaycan
ictimaiyyətinin həmin icra prosesinə nəzarəti təmin olunmalıdır.
2006-cı il martın 29-da AAMİK Azərbaycan Xarici İşlər Nazirliyinə
məktubla müraciət edərək Fəaliyyət Planının ozamankı variantını
istəsə də, aprelin 19-da XİN-dən gələn cavabda bunun mümkün olmadığı
bildirildi və səbəb kimi danışıqların konfidensiallığı göstərildi.
Buna baxmayaraq, vətəndaş cəmiyyətinin prosesdə iştirakını vacib
sayan AAMİK üzvləri sənədin əsas istiqamətlərinə uyğun olaraq 9
komissiyaya bölünərək aşağıdakı şərhləri və təklifləri irəli sürdülər.
AAMİK bunu bildirməyi vacib sayır ki, Fəaliyyət Planının mövcud
layihəsi Azərbaycan üçün vacib islahatların və məsələlərin böyük
əksəriyyətini əhatə edir, eyni zamanda, bir sıra əlavə və düzəlişlərə
də ehtiyac duyulur. Komitənin bəzi təklifləri bu sənədə Əlavədə
əksini tapıb. Təkliflərə həm ümumi, həm də ayrı-ayrı sahələrə aid
fikirlər daxildir. Sənədə dair ümumi tövsiyələrsə bunlardır:
1. Sənədin quruluşunun təkmilləşdirilməsinə ehtiyac
duyulur. Onun quruluşunun Kopenhagen prinsiplərinə2 uyğunlaşdırılması
yaxşı olardı, çünki bu halda Azərbaycanın Avropaya inteqrasiya
perspektivləri artıq indidən struktur çərçivəsinə salınardı və
Fəaliyyət Planında bir mərhələ kimi bunun yeri daha aydın görünərdi.
2. Fəaliyyət Planı icrasının monitorinqi sahəsində ictimaiyyətin
rolu mətndə, təəssüf ki, yalnız bəzi ekoloji məsələlərlə məhdudlaşır,
halbuki ictimai monitorinq prosesin başlıca keyfiyyətlərindən birinə
çevrilməlidir.
3. Fəaliyyət Planının nə dərəcədə uğurla gerçəkləşdirilməsinin
uyğun indikatorlar əsasında vaxtaşırı ölçülməsi də plana daxil
edilməlidir. Bunun üçün həmin indikatorlar sistemi hazırlanmalı
və sənəddə öz əksini tapmalıdır. Bu indikatorlar sistemi də Kopenhagen
prinsiplərinə uyğunlaşdırılmalıdır. Qiymətləndirmə və Təsdiqləmə
(Evaluation & Validation) mexanizmləri və bunları həyata keçirəcək
subyektlər (onlar beynəlxalq, yerli və ya qarışıq statuslu qiymətləndirici
olmalıdır) barədə də müvafiq qaydaların Fəaliyyət Planında göstərilməsi
vacibdir. Bütün bunlar indidən, yəni sənədin təsdiqi mərhələsində
müəyyənləşməzsə, gələcəkdə bu və başqa fəaliyyətin hərtərəfli qiymətləndirilməsi
və təsdiqlənməsi çətin olacaq.
Azərbaycan-Avrointeqrasiya Milli Ictimai Komitəsi Fəaliyyət Planını
hazırlayan tərəflərlə ən geniş əməkdaşlığa hazır olduğunu bir daha
bəyan edir.
Əlavə
Avropa Qonşuluq Siyasəti çərçivəsində hazırlanan
Azərbaycan-AB Fəaliyyət Planı layihəsinin 2-ci variantında göstərilən
prioritet sahələr üzrə AAMİK-nin bəzi təklifləri
Bütün Prioritet sahələrdə ictimai birliklərin iştirakı (Fəaliyyət
Planı üzrə konkret tədbirlərin müzakirəsi və görülən işlərin qiymətləndirilməsi)
nəzərdə tutulmalıdır.
1-ci Prioritet sahə Ölkədə demokratiyanın gücləndirilməsi:
- Konstitusiyaya düzəlişlər etməklə Avropa Şurası qarşısında
götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycan özünün icra, qanunverici
və məhkəmə orqanları arasında hakimiyyət bölgüsünü təkcə sənədlərdə
deyil, real işdə təmin etməlidir;
- yerli özünüidarə orqanlarının inkişafında Avropa Yerli Özünüidarə
Xartiyası əsas götürülməlidir. Yerlərdə idarəçiliyi xalqın birbaşa
seçdiyi bələdiyyə orqanları həyata keçirməlidir;
- Milli Məclisin işində Avropa təcrübəsinə uyğun şəffaflıq təmin
edilməli, Milli Məclisin stenoqramları və parlamentdə aparılan
bütün açıq səsvermələrin adbaad nəticələri ictimaiyyətə açıqlanmalıdır,
çünki vətəndaş onun vəkilinin necə işləməsi barədə məlumatlı olmalıdır;
- siyasi partiya və QHT-lərin azad fəaliyyətinə və inkişafına
şərait yaradılmalıdır, onların maliyyə təminatı məsələləri də Avropanın
demokratiya təcrübəsinə uyğunlaşdırılmalıdır;
- seçki prosesini idarə edən komissiyalarda hakim partiyanın
qanuni və gerçək üstünlükləri aradan qaldırılmalı, məhkəmələrdə
seçkiylə bağlı şikayətlərə baxılmasının obyektivliyi təmin edilməlidir;
- azad toplaşmaq hüququ Avropa dəyərləri və təcrübəsi əsasında
təmin olunmalıdır.
2-ci Prioritet sahə İnsan hüquqlarının və fundamental azadlıqların
qorunması:
- məhkəmə sistemi quruluşunun təkmilləşdirilməsi, hakim korpusunun
formalaşdırılması məsələləriylə məşğul olan qurumun (Məhkəmə Hüquq
Şurası) müstəqilliyi və fəaliyyətində şəffaflığın artırılması təmin
edilməlidir;
- məhkəmələrin fəaliyyətini tənzimləyən qanunvericiliyin bir
çox müddəaları, o sıradan hakim vəzifəsinə namizədlərin irəli sürülməsi
və seçilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və hakimlərin
cəzalandırılması ilə bağlı müddəalar Azərbaycanın qoşulduğu beynəlxalq
müqavilələrə uyğunlaşdırılmalıdır ki, müstəqil məhkəmə hakimiyyətinin
və peşəkar hakimlər korpusunun formalaşdırılmasına təminat yaransın,
məhkəmələri icra hakimiyyətinin nəzarəti altında saxlamağın və
onlara qanunsuz təzyiqlər göstərməyin indiki geniş imkanları aradan
qaldırılsın;
- teleradio sahəsində tənzimləyici qurumun - Milli Teleradio
Şurasının müstəqilliyi və peşəkarlığı gücləndirilməli, tezliklərin
bölünməsində şəffaflıq təmin edilməli, Dövlət Televiziyası (AzTV)
tam ictimailəşdirilərək İctimai Televiziyanın tərkibinə qatılmalı,
yaxud özəlləşdirilməlidir;
- QHT-lər şəffaf prosedurlar əsasında dövlət və bələdiyyə orqanları
tərəfindən müxtəlif proqram və sifarişlərin icrasına cəlb edilməlidir;
- işgəncələrin və başqa kobud rəftarın qarşısının alınmasına
yönəldilmiş təsirli prosedurlar: müstəqil ekspert qurumlarının
yaradılmasına imkan verən qanunvericiliyin qəbulu, işgəncə və kobud
rəftara yol verən vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması,
həbsdə saxlama yerlərinə ictimai nəzarətin gücləndirilməsi və s.
təmin olunmalıdır;
- ombudsmanın səlahiyyətləri genişləndirilməli, müstəqilliyinin
və insan hüquqlarının qorunmasına real təsiri təmin olunmalı, ayrı-ayrı
sahələr üzrə dövlət qulluğunda və digər formatlarda çalışan ombudsmanlar
təyin edilməlidir;
- məhkəmələrdə müdafiə tərəfinin ittiham tərəfiylə gerçək bərabərliyi
təmin olunmalı, vəkillik haqqında qanunvericilik təkmilləşdirilməlidir.
3-cü Prioritet sahə Korrupsiyaya qarşı mübarizəni gücləndirməklə
biznes və investisiya mühitinin yaxşılaşdırılması:
- biznes mühitinin yaxşılaşdırılmasına yönəldilən
tədbirlərlə bağlı şərtlər siyahısına vergi, beynəlxalq ticarət
və investorun müdafiəsi məsələləri də daxil edilməlidir3.
4-cü Prioritet sahə Tarazlı və dayanaqlı iqtisadi inkişafa dəstək:
- kiçik və orta biznesin inkişafına dair yeni Dövlət Proqramı
qəbul və icra edilməlidir;
- ədalətli rəqabət mühiti təmin edilməlidir. Bu məqsədlə ilk
növbədə Milli Məclisə tabe olan müstəqil antiinhisar qurumu yaradılmalıdır.
Antiinhisar qanunvericiliyi AB tələblərinə uyğunlaşdırılmalıdır;
- Avropa Sosial Xartiyası Azərbaycanda sosial inkişafın və sosial
təminatın başlıca istiqamətini təşkil etməlidir;
- Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) qəbulu sürətləndirilməlidir.
Hökumətlərarası Komissiya Azərbaycanın DTT-yə qəbulu ilə əlaqədar
qərarlar qəbul edərkən Dayanıqlı İnkişaf üzrə Dünya Sammitinin
və Doha Bəyannaməsinin prinsiplərini əsas götürməlidir;
- dövlət investisiya layihələrinin seçilməsi, planlaşdırılması
və icrasında ictimai nəzarət təmin olunmalıdır. Bu nəzarəti yerli
əhali, biznes assosiasiyaları, qeyri-hökumət təşkilatları və digər
maraqlı qruplar həyata keçirməlidir;
- gənclərin xaricdə təhsil alması üzrə Dövlət Proqramı qəbul
və icra edilməlidir;
- orta və böyük özəlləşdirmə başa çatdırılmalıdır;
- institusional islahatlar davam etdirilməlidir (başa çatdırılmalıdır);
- Azərbaycanın ətraf mühiti mühafizə qanunvericiliyi təkmilləşdirilməli,
o Avropa Birliyi qanunvericiliyinə və beynəlxalq konvensiyalara
uyğunlaşdırılmalıdır;
- Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) və Strateji
Qiymətləndirmənin həyata keçirilməsi üzrə qanunvericilik, struktur
və prosedurlar hazırlanmalı və inkişaf etdirilməlidir;
- Sərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (ŞAQMA) ekoloji strategiyası
yerinə yetirilməli, bunun üçün mövcud mexanizmlər nəzərdən keçirilməlidir.
5-ci Prioritet sahə İqtisadi qanunvericiliyin və inzibati təcrübənin
bir-birinə daha da yaxınlaşdırılması:
- Azərbaycan və Avropa Birliyi qanunvericiliyindəki əsas məsələlərdəki
fərqlər müəyyənləşdirilməli və bu fərqlər aradan qaldırılmalıdır
(qanunvericiliyin harmonizasiyası);
- Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn
öhdəliklərin təmin olunması üçün inzibati prosedurlar möhkəmləndirilməlidir;
- iqtisadi qanunvericilik bazası, xüsusilə də Gömrük və Vergi
Məcəllələri, məhkəmə islahatları, mülkiyyət hüquqlarının qorunması
sistemi təkmilləşdirilməlidir;
- Büdcə Məcəlləsi qəbul edilməlidir.
6-cı Prioritet sahə Enerji və nəqliyyat sahəsində AB-Azərbaycan
əməkdaşlığının gücləndirilməsi:
- Avropa ilə Azərbaycanı birləşdirən yeni yollar üzrə layihələrin
hazırlanması və onların çəkilişinə başlanılması təmin olunmalıdır.
Xüsusən Avropa və Şərq arasında sabit və keyfiyyətli nəqliyyat
rabitəsi yaradan Kars-Axalkələki-Bakı dəmir yolunun açılması layihəsinə
Avropa Birliyinin siyasi və iqtisadi dəstək verməsi vacibdir. Belə
dəstək layihənin Cənubi Qafqazda ədalətli və daimi sülhə yol açan
bir təşəbbüs kimi rolunu daha da gücləndirər.
7-ci Prioritet sahə Ədalət mühakiməsi, azadlıq və təhlükəsizlik,
o cümlədən sərhədlərin idarə olunması sahəsində əməkdaşlığın inkişafı:
- Xəzər dənizində sərhəd əməkdaşlığının gücləndirilməsi haqqında
Xəzəryanı ölkələrlə razılaşmalar davam etdirilməlidir. Bu ölkələrlə
sərhədlərin dəqiqləşdirilməsi işində Avropa Birliyinin Azərbaycana
dəstəyi zəruridir;
- Silahlı Qüvvələrdə insan hüquqlarının qorunmasına və korrupsiyaya
ictimai nəzarət gücləndirilməlidir;
- əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi xidmət təminatı
üzrə dövlət siyasəti müəyyənləşdirilməli və həyata keçirilməlidir.
8-ci Prioritet sahə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinə töfhə:
- Ermənistan Respublikasının işğal etdiyi Dağlıq Qarabağın, eləcə
də işğal altındakı ətraf rayonların Azərbaycan Respublikasının
ayrılmaz tərkib hissəsi olmasını və ölkə daxilində insan hüquqlarına
və muxtariyyət strukturlarına ciddi təminat verilməsini nəzərdə
tutan AB-Azərbaycan dialoqu qurulmalıdır. Bu zaman BMT Təhlükəsizlik
Şurasının məlum dörd qətnamələrinin dərhal yerinə yetirilməsinə
Avropa Birliyinin dəstəyi həmin dialoqun tərkib hissəsi olmalıdır;
- Avropa Birliyi və onun hüquqi şəxsləri tərəfindən birbaşa,
yaxud dolayısıyla Dağlıq Qarabağa verilən humanitar və digər yardımlar,
qoyulan investisiyalar Azərbaycan hökumətiylə razılaşdırılmalıdır;
- ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesi
cəmiyyətə daha açıq və şəffaf olmalı, münaqişənin tənzimlənməsiylə
bağlı aparılan ictimai debatlar barədə Minsk Qrupu həmsədrlərinə
və Cənubi Qafqaz üzrə AB Xüsusi Nümayəndəliyinə ardıcıl məlumat
verilməlidir;
- Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun
qurulması vacibdir, çünki bu bölgənin gələcək statusunda onun iki
icmalı olması nəzərdə tutulmalıdır.
9-cu Prioritet sahə Regional əməkdaşlığın gücləndirilməsi:
- Azərbaycanla Ermənistan arasında iqtisadi və regional əməkdaşlıq
prosesi sülh danışıqlarının yaratdığı mühüm irəliləyişlərlə bağlı
olmalıdır;
- Fəaliyyət Planı layihəsində hazırda göstərilən digər sahələrlə
yanaşı, ikitərəfli və çoxtərəfli regional əməkdaşlıq səhiyyə, statistik
məlumatların mübadiləsi, mədəniyyət, sosial, gənclər, məhəlli sərhəd
və transsərhəd əməkaşlığı sahələrini, eləcə də GUAM çərçivəsində
uzunmüddətli tərəfdaşlığı da əhatə etməlidir;
- Cənubi Qafqazda milli azlıqların yaşadığı dövlətə inteqrasiyasını
təmin etmək istiqamətində regional əməkdaşlığa dəstək verilməlidir.
______________
1 A AMİK 2006-cı
ilin mart ayında Azərbaycanın və müxtəlif sahələrdə çalışan 40-a
yaxın tanınmış ictimai liderinin yaratdığı bir qurumdur. Onun yaradılmasında
əsas məqsəd Azərbaycanın avrointeqrasiya perspektivini gerçəkləşdirmək,
Azərbaycanın üzləşdiyi sosial, siyasi və iqtisadi problemlərə avrointeqrasiya
müstəvisindən yanaşmaqla onların həllini sürətləndirməkdir.
2 1993-cü ilin
iyun ayında Kopenhagendə Avropa Şurası “Mərkəzi və Şərqi Avropada
yerləşən və bizə bağlı dövlətlər arzulasa, Avropa Birliyinin üzvü
ola bilər” bəyanatını verməklə və “Kopenhagen meyarları” adlanan
üzvlük şərtlərini açıqlamaqla cari genişlənmə prosesinin özülünü
qoyub. Kopenhagen prinsiplərinə əsasən, namizəd dövlətlər aşağıdakıları
təmin etməlidir:
1) siyasi meyarlar: demokratiyanı, qanunun aliliyini, insan hüquqlarını,
həmçinin milli azlıqlara hörməti və onların müdafiəsini təmin edən
institutların sabitliyini;
2) iqtisadi meyarlar: Avropa Birliyi daxilindəki kəskin rəqabət
şəraitində işləyə biləcək bazar iqtisadiyyatının mövcudluğunu;
3) Öhdəlikləri yerinə yetirmək qabiliyyətini, o cümlədən siyasi,
iqtisadi və valyuta birliyinin məqsədlərinə sadiqliyi, yəni Avropa
qanunvericiliyinin real icrasını.
3 Bu zaman Dünya
Bankının “Doing Business in 2006” hesabatindakı bütün şərtlər nəzərə
alınar.
|