|
Ötən ilin xeyriyyəçisi – Qordon Mur
|
ABŞ-ın
«Business Week» jurnalı bu yaxınlarda ötən 2005-ci il üçün filantropların
ənənəvi reytinq cədvəlini açıqladı. Siyahıda birinci yerin sahibi
dəyişib. Son illər bu yeri «Maykrosoft»un rəhbəri və dünyanın ən
varlı adamı Bill Geyts tuturdu. 2005-ci ilin ən böyük xeyriyyəçisisə
«İntel» korporasiyasının rəhbəri Qordon Mur və onun xanımı Betti
oldu.
«Business Week»in hesablamalarına görə, 2001-ci ildən
2005-ci ilədək Mur ailəsi xeyriyyəçiliyə 7 milyard 46 milyon dollar
sərf edib. Bu isə hər il üçün az qala 1,6 milyard dollar edir.
Jurnal qeyd edir ki, Mur ailəsi xeyriyyəçiliyə də
işgüzarlıqla yanaşır. Onlar hər hansı məsələnin həlli üçün öz pullarını
sadəcə küləyə sovurmurlar, əksinə, uğurlu və perspektivli layihələrdən
effektiv nəticələr almağa çalışırlar.
«Maykrosoft» korporasiyasının banisi Bill Geyts və
onun xanımı Melinda lider Mur ailəsinə əməlli-başlı uduzur. Belə
ki, onlar 2001-2005-ci illərdə xeyriyyəçiliyə «vur-tut» 5 milyard
458 milyon dollar sərf ediblər.
Bu günümüzün nəhəng filantropları siyahısında Corc
Soros 4-cü yerdədir. 13-cü yeri Nyu-York şəhərinin meri Maykl Blumberq
tutur. Si-En-Enin banisi Ted Terner 16-cı, teleaparıcı Opra Uinfri
isə 32-ci pillədədir. Cəmi 1 il əvvəl Uinfri 40-cı yerdə qərar tutmuşdu.
Fərdi filantroplardan başqa, jurnal həm də xeyriyyəçi
kompaniyaların reytinq cədvəlini tərtib edib. Son 5 ilin ən filantrop
şirkətləri Wal-Mart supermarketlər şəbəkəsi, Johnson & Johnson
və Altria Group olub.
|