| Sərbəst
insanlar ölkəsində |
 |
| ƏHMƏD AĞAOĞLU |
Əhməd bəy Ağaoğlu (bizdə Ağayev kimi tanınıb) 1868-ci
ildə Şuşa şəhərində anadan olub. Parisin məşhur Sarbon universitetini
bitirib. Öz dilindən savayı rus, fars, ərəb, fransız, ingilis dillərini
mükəmməl bilib. Şuşada, Bakıda, Parisdə, İstanbulda, Peterburqda
yaşayıb və işləyib. Bakıda "Difai" (Müdafıə) partiyasının
quruculanndan biri olub."Həyat", "İrşad", "Tərəqqi"
və "Proqress" (rus dilində) qəzetlərinin açılmasında fəal
iştirak edib və həmin qəzetlərin səhifələrində ciddi yazılarta özünü
müqtədirjurnalist kimi tanıdıb.
Nijni-Novqorod və Peterburqda keçirilən Rusiya müsəlmanlan
qurultayının təşkilatçılanndan biri olub. Azərbaycan Demokratik
Respublikası dövründə Azərbaycan parlamentinin üzvü və partamentin
sədr müavini seçilib.
ADR-in süqutundan sonra Türkiyədə yaşayıb. Böyük
Atatürk dövründə Türkiyə Cümhuriyyətinin yaradılmasında onunla çiyin-çiyinə
fəaliyyət göstərib. Türkiyə Mətbuat İdarəsinin rəhbəri vəzifəsində
çalışıb. Anadolu agentliyini yaradıb. Parlamentin üzvü, millət vəkili
seçilib. Ankara və İstanbul Universitetlərinin professoru olub.
Görkəmli mütəfəkkir 1939-cu Hdə İstanbulda dünyasını
dəyişib.
Onun "Sərbəst insanlar ölkəsində" əsəri
ilk dəfə 1930-cu ildə İstanbulda işıq üzü görüb. Oxuculara təqdim
olunan seçmələr isə 2001-ci ildə Bakıda "Tutu" nəşriyyatı
tərəfindən nəşr edilən kitabdan götürülüb.
SƏRBƏST İNSANLAR
OLKƏSİNDƏ
Seçmələr
Monteskye «Qanunların ruhu" adlı əsərində hakimiyyət
biçimlərindən bəhs edərkən, deyir ki: «İstibdad - yəni şəxsi hakimiyyət
- məşrutiyyət, - şərəfə, respublika da - ləyaqətə dayanır".
Bu bölgü hələ də məna və əhəmiyyətini itirməyib.
Şəxsi hakimiyyət zamanı xalq - tək şəxsin şıltaq və həvəsinə tabe
olduğundan, milyonlarca insanın bu şıltaqlıq və həvəsə itaət etməsi
üçün yeganə çarə xalqı qorxutmaq və xof içində saxlamaqdır. Bax,
buna görə də, istibdad, tərbiyə və təlimdən başlayaraq, idarə üsullarınadək,
hər şeydə qorxu aşılamağa söykənir.
Konstitusiyalı monarxiya zamanı hakimiyyət hökmdarlarla
imtiyazlı bir sinfin əlindədir. Bu ortaq hakimiyyətin yaşaya bilməsi
üçün bəllidir ki, hər iki tərəf bir-birinə sədaqət göstərməli və
bağlı olmalıdır. Yəni şərəf şərt sayılır.
Respublikaya gəlincə, orada hakimiyyət bütövlüklə
xalqın əlindədir və xalqa aiddir: əhalidən hər kəsin idarəçiliyə
qatılmaq haqqı vardır. Aydındır ki, milyonlarca insanın qatıldığı
idarəçiliyin öz varlığını sürdürməsi və bəyənilməsi üçün bu insanlar
yüksək vəzifə və məsuliyyət duyğularına, üstün əxlaqi dəyərlərə
yiyələnməlidirlər; yəni respublika zamanı vətəndaşların ləyaqətli
olmaları şərtdir.
Bu ləyaqət nədən ibarətdir? Özünü necə göstərir? Oxucuların
diqqətinə yetirdiyim bu əsəri, bax, həmin suallara cavab verməkdən
ötrü yazmışam ...
... Mən bir əsir idim; azad olmaq istədim. Zəncirlərimi
qırdım, qala divarını deşdim və açıqlığa çıxaraq dərindən nəfəs
aldım. Önümdə geniş bir çöl vardı. Hara gedəcəyimi, necə davranacağımı
bilmirdim. Çaşqın-çaşqın bir neçə addım atdım. Bir də gördüm ki,
iki yolun ayrıcındayam və yerə basdırılmış bir dirəyin üstündəki
bu yazını oxuyuram:
Sol tərəfə gedən yol Azadlıq yoludur.
Sağ tərəfə gedən yol köləlik yoludur.
Sol tərəfi tutdum, səhərə qədər getdim. Dan yeri
ağaranda gördüm ki, bir qalanın önündəyəm. Qala qapısının üzərinə
qızıl hərflərlə yazılmış bu lövhəni oxudum:
Sərbəst insanlar ölkəsi
"Əsl mən istəyən yerdir" deyib qapıdan
içəri girmək istədim. Keşikçilər yolumu kəsdilər:
- Sən kimsən? Hardan gəlib haraya gedirsən? - deyə soruşdular.
- Mən bir əsir idim, zəncirimi qırıb buraya gəldim. İndi azad olmaq
istəyirəm, - dedim.
Keşikçilər diqqətlə baxdılar. Boynumda zəncirin,
qollarımda buxovların izləri bəlli idi.
- Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan.
Ancaq iç zəncirlərini də söküb
atmısanmı? - deyə soruşdular....
... Azadlıq bir kültür, bir mədəniyyət məsələsidir!
Anlamadım. Bir az da açıqlayın.
Açıq söyləyək. Heç bağçada çalışmısınız?
Çalışmışam.
O halda izahatım da asanlaşır. Yəqin bağçada çalışarkən bir ağacın,
bir gül və ya
çiçəyin tutub yetişməsi üçün, onların təbiətindən doğan şərtlərlə
hesablaşmaq lazım
gəldiyini bilmisiniz. Azadlıq da o ağac, o gül, o çiçək kimidir.
Onun da tutması və
yetişməsi üçün təbiətindən doğan şərtlər ödənməlidir...
... Ancaq həqiqətə qalanda, onun (istibdadın) hər
tərəfdə və hər kəsdə hələ də yaşadığını görəcəksiniz. Tutalım, görəcəksiniz
ki, ağzı köpüklənə-köpüklənə "azadlıq" bağıranlar, qonşusunun
azadlığına dözmürlər. Özləri başqalarının azadlığı ilə toqquşan
kimi, qəzəblənib, qarşısındakı adamı məhv etmək istəyirlər! Axı
hələ istibdadın taxtı doğrudan da sınmayıb, ruhlardan, könüllülərdən
sökülüb çıxarılmayıb...
... Cəmiyyətə, yəni topluma gəlincə, o da yalana qarşı
güclü əngəllər qoyarsa, tutalım, sərbəst insanlar ölkəsində olduğu
kimi, yalançını içindən atarsa, adamlar yalan danışmaz. Amma bunun
tam tərsinə olaraq, məharətlə söylənmiş bir yalanı ağıl nümunəsi
sayan və ya yalançılıqla qazanılmış bir uğuru bəyənib alqışlayan
və yalançı olduqlarını bildiyi insanlara hörmət-izzət göstərən toplum
yalançılıq azarının bütün acılarına və bütün qorxunc sonuclarına
boyun əymək məcburiyyətində qalır.
O cəmiyyətdə heç kəs heç kəsə inanmaz, özünə arxa
durmaz. Buna görə də birgə fəaliyyətdən və birgə təşəbbüsdən söz
belə getməz. Nəticədə inkişaf və yüksəlişin bütün yolları kəsilər
və yavaş-yavaş soysuzlaşma gedər, olub-qalan yaxşı keyfiyyətlər
də itirilər, heçliyə sürüklənmə başlar! ...
... Ah, bu necə ölkədir?! Sərbəst olmaq nə qədər çətin
bir iş imiş!.. Görəsən, alışa biləcəyəmmi? Görəsən, azad ola biləcəyəmmi?
Əwəlcə bu iş necə asan gəlirdi! Sən demə, əsl çətinliklər sonra
olacaqmış. İnsan ruhu tarixin elə izlərini yaşadır ki, adamı da
məhz onlar əsirə çevirir. İndi bu izləri bircə-bircə silib-itirmək
gərəkdir. Yalan söyləməmək, yalnız öz xeyrini güdməmək, qoçaq olmaq,
haqqı qorumaq, qorxmamaq, doğru danışmaq... Nə ağır şərtlərdir!
Vəzifə və güc sahibi olan şəxsin yanında necə qorxmayasan,
necə doğru danışasan, nə cür yaltaqlıq etməyəsən axı. Həmin şəxsi
görən kimi, adam öz ödünü udur, başı əsir, boynu öz-özünə əyilir
və dili başlayır tərif yağdırmağa!..
- Elədir, oğlum. Azad olmaq asan deyil. Köləlik daha
asandır. Kölə özünü başqasının iradəsinə tapşırar, bununla da iş
bitər. Azad adam isə, əksinə, başqasını düşünməklə üstünə yük götürər.
Yadındamı, qala keşikçilərinin ilk sualı - "Başqalarını sevirsənmi?"
oldu. Başqasını sevmək onun yolunda rahatsızlığa, əzab-əziyyətə
qatlaşmaq deməkdir. Vətəndaş həm özünü, həm də başqasını zülmdən
qurtarmaq istəyirsə, yalnız bu yola üz tutmalıdır...
-... Azad olmayan ölkələri tək bir şəxs idarə edir.
Hökmdar deyilən bu adamın iradəsi hakimdir. Hamı ona baş əyməyə
borcludur. Belə ölkələrdə vətəndaşların dolanışıq və səadətindən
çox, həmin şəxsin şıltaqlarının yerinə yetirilməsinə diqqət yetirilir.
Buna görə də o adam, səlahiyyəti - yetkisi oldu-olmadı, istədiyi
şəxsi işə götürə, yaxud işdən azad edə bilər. Belə yerlər işbilməzlər
üçün daha sərfəlidir. Axı səriştəyə yox, özünü hakim şəxsə bəyəndirə
bilmək keyfiyyətinə dəyər verilir. Ara qızışdırmaq, öz xeyrini güdərək
ona-buna yarınmaq, gözə girmək, hiylə və yalan həmin keyfiyyətin
tərkib hissələridir. Beləcə, təkcə ölkənin işləri səriştəsizlərin
əlində qalmır, həm də hamının əxlaqı pozulur. Gənc nəsil uğur yolunu
axtararkən, bilik və ləyaqət örnəyi görmədiyindən, elmə, texnikaya,
ciddiliyə, çalışqanlığa, doğruçuluğa qiymət verə bilmir və tanışlıqla
iş aşırmağa, öz xeyri üçün ona-buna yarınmağa, kələkbazlığa, hiylə
və yalana meyl salır. İstər adamlar, istərsə dövlət get-gedə alçalır
və axırda tamam pozulur. İstibdadın idarə etdiyi biitiin ölkələrin
sonu bu deyilmi? Belə yerlərdə ölkəni uçuruma aparan amil əslində
istibdadın özü yox, istibdad quruluşunun işıqlı adamları mənən əzib
korlamasıdır.
Amma o yerlərdə ki hakimiyyət xalqın əlindədir, ölkəni
xalqın öz arasından seçdiyi adamlar idarə edir. Seçki, təbiəti baxımından
əxlaqa, ləyaqətə, səriştə və ixtisasa söykənir. Bununla yanaşı bilməlisən
ki, istibdad hökm sürən zaman dövlət elə də çox işlərə qarışmır,
əsgərlik, xarici dövlətlərlə münasibətlər, ölkə içində inzibatçılıqla
məşğul olur. Axı belə işlər həm məşhurluq gətirir, həm də hakimi
əzəmətli göstərir. Ölkənin digər işlərinə ya heç baxılmır,
ya da bunlar ikinci dərəcəli sayılır. Tutalım, maariflə, ticarətlə,
kənd təsərrüfatı ilə, yol çəkilməsi ilə, sənaye ilə istibdad özünü
çox da yormur. Hamının sağlamlığını və sosial ödənc kimi işləri
isə əsla düşünmür. Halbuki millətlər öz talelərini öz əllərinə aldıqları
zamandan başlayaraq məhz bu işlər dövlət fəaliyyətinin başlıca sahələri
olur. Məhz həmin işlər birbaşa millətin həyatı ilə bağlıdır. Ancaq
sadalanan işləri görmək asan deyil. Səriştəsiz adam onların altından
çıxa bilməz. Çünki çıxmağa baş istəyir, bilik istəyir. Eyni zamanda
dövlət fəaliyyətinin bu cür artması hər bir ölkədə vergiləri çoxaldır,
ağırlaşdırır, büdcələri şişirdir. Əhalidən yığılan milyonlarca para
həmin işlərə xərclənməkdən ötrü beş-on adama tapşırılır. Deməli,
həmin adamların özünə inamlı və bacarıqlı olmaları təməl şərt olur.
Xalq dişindən-dırnağından kəsib, millət işinə sərf edilmək üçün
verdiyi xeyli pulun etibarlı əllərdə olduğuna və səmərə verəcək
bir tərzdə xərclənəcəyinə inanmılıdır!
Bax, buna görə də xalqın yönəltdiyi dövlət istibdad
quruluşunda olduğu kimi, səriştəsizlərin əlində təcrübə taxtası
ola bilməz. Elə xalq idarəsi ilə istibdad arasınldakı əsas fərqlərdən
biri də budur ki, istibdadda dövlət adamlarının və məmurların arxalandıqları
güc hökmdarın yaxşılıq və qayğısıdır. Halbuki xalqın yönəltdiyi
dövlətdə həmin adamlar yalnız xalqın inamına söykənə bilərlər. Bu
inam tükənən kimi hökumət və idarəçilik lap təməlindən yıxılmış
sayılır. Aydın məsələdir ki, xalqın inamını yalnız gözəl əxlaqla,
səriştə və ləyaqətlə qazanmaq mümkündür. Yəqin görürsən ki, idarə
əxlaqı yerində olan, təcrübə və ixtisas sahibi sayılan adamların
etdiyi sərbəst ölkələr gündən-günə yüksəlir və bunun tərsini edən
- tək bir şəxsin yönəltdiyi ölkələr hər gün bir az da geriləyir...
...Azadlıq nəzarətlə varlığını qoruyur. Azadlıq demək
- nəzarət deməkdir. Nəzarət olmayan yerdə azadlıq olmaz və ola bilməz!
Bax buna görə də sərbəst ölkədə nəzarətdən keçirmək vətəndaşların
həm haqqıdır, həm borcu. Bu üzdən haqdır ki, onların həyatlarına,
müqəddəratlarına aid bir işdir. Ona görə borcdur ki, bu işi görməmək
vətəndaşın təməl haqqından vaz keçməkdir.
Sərbəst ölkəyə gəlincə, düzdür, ölkədə məmurlar diqqətlə,
ciddi şəkildə seçilirlər. Ancaq unutmaq lazım deyil ki, hökumət
və güc pozucu amillərdir. Budda öz ləyaqətini hamıya göstərmək istədiyi
zaman ilk işi o oldu ki, hökumətdən çıxdı. İnsanlara hökm etmək
ən sayqılı və ən seçmə ruhlarda da hakimlik həvəsi oyadır. Hökumət
sürənlər qıraqdan baxan, görən və lazım olduğu zaman tənqidə tutub
qınayan gözlərin olduğunu bilməzlərsə, özləri fərqində olmasalar
belə, bu həvəslərini artırar və axırda zorakılıq yoluna düşərlər.
O səbəbdən idarə edənlərin öz şərəfləri üçün də nəzarətin olması
lazımdır. Məhz nəzarət onlara daim borclarını xatırladar, bəlli
hüdudları aşmamağa çağırar. Nəzarətsiz ölkələrdə məmur istərsə çalışar,
istərsə çalışmaz, kefinə düşərsə qanuna baxar, düşməzsə baxmaz.
Başlıcası odur ki, hökmdar ondan razı qalsın! Bax o üzdən belə ölkələrdə
məmurların çoxu çalışmaz, qanuna baxmaz, həddini aşar və nəticədə
dövlət fəaliyyətinin faydası heçə enər. Nəzarət olan ölkələrdə isə
vəziyyət bambaşqadır!...
|