SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№2 ---- Yaz|2003
FİLANTROPİYA MƏŞHURLARI

LİNDİ və HARRİ BREDLİ

Lindi və Harri Bredli qardaşları yeni biznes fəaliyyətinə 1903-cü ildə Viskonsin ştatının Milveuki şəhərində başlayıblar. Bu işin nə olduğu və gələcəkdə necə ola biləcəyi haqda heç bir təsəwürləri olmasa da, yalnız öz ağıl və fəhmlərinə arxanalaraq, olub-qalan maddi ehtiyatlarını bu yeni və həddən artıq riskli işə sərf etmək onlardan böyük cəsarət və öz gücünə inam tələb edirdi. Bredliləri bu riskli işə sövq edən cəhətlərdən biri bu idi ki, onlar Amerikada, biznes fəaliyyətinə təkcə sərbəst şəkildə başlamaq imkanlarına deyil, həm də uğursuzluğa düçar olduqları təqdirdə hər şeyə yenidən başlamaq imkanına malik olduqlarına qəlbən inanırdılar. Amma, Bredlilər, xoşbəxtlikdən heç bir uğursuzluqla qarşılaşmadılar. Onların biznes fəaliyyəti qol-qanad atıb nəhəng "Allen Bradley Company" şirkətinə çevrildi.

Həmin şirkət 1985-ci ildə "Rockwell International Corparation" şirkətinə satılanda əldə edilən gəlirin böyük bir hissəsi "Lindi və Harri Bredli Fondunun" qurulmasına yönəldildi. Fondun "Allen Bradley Company" şirkəti ilə heç bir birbaşa əlaqəsi olmasa da, onun əsas məqsədi Lindi və Harri Bredlilərin xatirəsini əbədiləşdirmək üçün qardaşların öz yaşayış tərzlərində və bu şirkəti qurarkən əsaslandıqları prinsipləri və fəlsəfi düşüncələri yaşatmaq, onları geniş yaymaqdır.

Qardaşların səyləri uğurlu nəticələr verdikcə, biznesləri ildən-ilə böyüdü və son nəticədə Milvuekidəki qərargahları hüdudlarından çox-çox uzaqlara yayıldı. Amma Lindi və Harri Bredlilər ilk dəfə öz bizneslərinin təməlini qoyduqları, uzun illər ərzində yaşayıb, işlədikləri doğma şəhərə sadiq qaldılar. Adlarını daşıyan bu fond, onların Milvueki şəhərinin həyat səviyyəsinin daim yüksəldilməsinə köməklik göstərmək arzusunu durmadan həyata keçirməkdə davam edir.

Bredli qardaşları bir neçə fəlsəfi prinsiplərə uyğun yaşayır, işləyirdilər. Onlar həmişə buna inanırdılar ki, yaxşı ideyaların son nəticədə verdiyi fayda siyasi gücün və yaxud iqtisadi hərəkatın gətirəcəyi faydadan daha çox həlledici əhəmiyyətə malikdir. Onlar bəşəri səylərin - mədəni, təhsil, fəlsəfi, iqtisadi səylərin qarşılıqlı asılılığına tapınır, yalnız hansısa tək bir sahəyə üstünlük verilməsi düşüncəsini rədd edirdilər. Bredli qardaşları daima, hər bir fərdin öz-özlüyündə ləyaqətə və nəcib keyfiyyətlərə malik olduğuna inanırdılar. Onlar ruhən hiss edirdilər ki, yalnız siyasi və iqtisadi azadlıq mühitində fərdlər öz istedadlarını inkişaf etdirə, öz bacarıq və intellektlərini yönləndirə və bəşər övladının durumununun yaxşılaşdırılmasına xidmət göstərə bilərlər. "Allen Bradley Company" şirkətinin uğurları məhz bu sarsılmaz prinsiplərin təntənəsi sayəsində mümkün olmuşdur.

Bredli qardaşları öz ömürlərini Amerika xalqının, eləcə də daha geniş anlamda bütün Qərb dünyasının intellektual və iqtisadi cəhətdən çiçəklənməsinə səbəb olan azad nümayəndəli hökumət və özəl təşəbbüskarlıq ənənələrinin qorunub saxlanmasına və müdafiə edilməsinə sərf etmişlər. Bredlilərin fikrincə ən yaxşı cəmiyyət azad cəmiyyətdir. Lindi və Harri Bredli Fondu da bu səbəbdən amerikan demokratik kapitalizminin və onun institutlarının, onu himayə edən və qidalandıran prinsip və dəyərlərin möhkəmləndirilməsinə xidmət edir. Onun proqramları məhdud səlahiyyətli səriştəli hökumət, iqtisadi, intellektual və mədəni fəaliyyətlər üçün dinamik bazar iqtisadiyyatı, amerikan ideya və institutlarının daxildə və xaricdə güclü və canlı müdafiə olunması prinsiplərini himayə edir. Bundan əlavə, bu Fond özünüidarəetmə məsuliyyətinin bilgiləndirilmiş vətəndaşlara və məlumatlandırılmış ictimai rəyə arxalandığını qəbul edərək, elmi tədqiqatlara və akademik nailiyyətlərə yardım göstərir.

 

CORC SOROS

Corc Soros 1930-cu ildə Macarıstanda, Budapeşt şəhərində doğulub. Burada faşist işğalı dövrünü yaşayıb və 1947-ci ildə kommunist Macarıstanını tərk edərək İngiltərəyə yollanıb. 1952-ci ildə burada London İqtisadiyyat İnstitutunu bitirib. Həmin institutda tələbə ikən məşhur filosof Karl Popperin əsərləri ilə tanış olub.

Fəlsəfə, siyasi nəzəriyyə və sosiologiya elmləri sahəsində böyük xidmətləri olan K.Popperin ideyaları, xüsusilə də onun 1945-ci ildə yazdığı "Açıq Cəmiyyət və onun düşmənləri" adlı kitabı gənc Sorosun düşüncələrinə, sonralar isə peşəkar və filantropik fəaliyyətinə dərin təsir göstərib.

1956-ci ildə C.Soros ABŞ-a köçüb. Burada özü yaratdığı və idarə etdiyi beynəlxalq investisiya fondu vasitəsilə böyük varidat toplamağa başlayıb. Hazırda o, özəl investisiya menecmenti firması olan "Soros Menecment Fondunun" prezidenti və sədridir. Bu firma Kuventum Fondlar Qrupunun, bir sıra beynəlxalq investisiya qurumlarının prinsipial məsləhətçisi kimi fəaliyyət göstərir. 2000-ci ilin iyulunda Soros öz flaqman gəmisi olan Kuvantum Fondunu Kuvantum İnkişaf Fondu ilə birləşdirərək Kuvantum İanə Fondunu yaratmışdır. Kuvantum Fondu bütün dunyada, 30 illik tarixi boyu ildə orta hesabla 31% gəlir gətirən ən uğurlu fondlardan biri hesab olunur.

C. Soros aktiv xeyriyyəçilik fəaliyyətinə 1979-cu ildə, irqçi Cənubi Afrika Respublikasında Keyptaun Universitetindəki qara dərili tələbələrə kömək məqsədilə yardım fondları təsis etməklə başlamışdır. Bu gün o, Açıq Cəmiyyət İnstitutunun başçısı kimi dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən xeyriyyə təşkilatları şəbəkəsinin əsasını qoymuşdur. Əsasən Mərkəzi və Şərqi Avropada, keçmiş Sovet respublikalarında, həmçinin qismən Afrika, Latın Amerikası, Asiya və Birləşmiş Ştatlarda yerləşən bu fondlar açıq cəmiyyət institutları və infrastrukturlarının yaradılmasına və dəstəklənməsinə xidmət edir. 1992-ci ildə C.Soros əsas korpusları Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetini təsis etmişdir.

Soros fondları şəbəkəsi bütün dünyada açıq cəmiyyət konsepsiyasını dəstəkləyir: bu konsepsiyanın əsas müddəası ondan ibarətdir ki, bütün insanlar natamam biliklər əsasında hərəkət edir və heç kimin həqiqəti tam həqiqət deyildir. Praktik cəhətdən isə, açıq cəmiyyət qanunların üstünlüyü, insan hüquqlarına, azlıqların hüquqlarına və onların fikirlərinə hörmət, demokratik yolla seçilmiş hökumət, bizneslə dövlətin bir-birindən müstəqil fəaliyyət göstərdiyi bazar iqtisadiyyatını və vətəndaş cəmiyyətinin yüksəliş ilə xarakterizə edilir.

Soros fondları şəbəkəsi 29 ölkədə yaradılmış milli fondlardan, Kosovo və Monteneqro fondlarından, iki regional fonddan - Cənubi Afrika Açıq Cəmiyyət İnstitutundan və Qərbi Afrika Açıq Cəmiyyət Təşəbbüsündən ibarətdir. Yerli direktorlar şurası və idarə heyəti tərəfindən idarə olunan regional fondlar 27 Afrika ölkəsində qrant ayırmaqla məşğul olur.

Müxtəlif ölkələrdə yaradılan Soros fondları müstəqil təşkilatdır və açıq cəmiyyət ideyalarının reallaşmasına yardım göstərirlər. Hər bir Soros fondunun prioritetləri və spesifik fəaliyyət sahələri yerli direktorlar şurası və idarə heyəti tərəfindən Corc Sorosla və Açıq Cəmiyyət İnstitutunun rəhbərliyi və müşavirləri ilə məsləhətləşmələr əsasında müəyyən edilir.

Soros fondları şəbəkəsi öz məqsədlərini həyata keçirmək üçün hər il müxtəlif proqramlara xeyli vəsait ayırır. Bu sahədə ən böyük göstərici 1998-ci ilə aiddir: 574,7 milyon dollar. Sonrakı illər bu rəqəm bir qədər aşağı düşsə də, orta hesabla ildə 450 milyon dollar təşkil edib.

C.Soros yeddi kitab müəllifidir. Onların ən axrıncısı 2002-ci ilin martında nəşr olunmuş "Corc Soros qloballaşma haqqında" kitabıdır. Digər kitabları isə bunlardır: "Maliyyənin əl-kimyası" (1987), "Sovet sisteminin açılması" (1990), "İmzalanan demokratiya" (1991), "Soros Soros haqqında: Əyri xəttin önündə dayanarkən" (1995), "Qlobal kapitalizmin böhranı: təhlükəyə məruz qalan Açıq Cəmiyyət" (1998) və "Açıq Cəmiyyət - qlobal kapitalizm islahatları" (2000). Onun siyasət, cəmiyyət və iqtisadiyyat haqqında məqalə və esseləri müntəzəm olaraq dünyanın ən böyük qəzet və jurnallarında dərc olunur.

C.Soros Nyu-Yorkdakı Yeni Sosial Tədqiqatlar Məktəbinin, Oksford Universitetinin, Budapeşt İqtisadiyyat Universitetinin və Yel Universitetinin fəxri adlarına layiq görülmüşdür. Açıq cəmiyyət ideyasının bütün dünyada geniş yayılmasında göstərdiyi xidmətləri nəzərə alaraq, Bolonya Universiteti 1995-ci ildə Sorosu özünün ən yüksək "Laiera Honoris Causa" fəxri adı ilə mükafatlandırmışdır.