SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№2 ---- Yaz|2003
Əhməd bəy Ağaoğlunun liberal-demokratik görüşləri
ŞAHNƏZƏR HÜSEYNLI
Bakı Musiqi Akademiyasının prosessoru

Avtoritar və totalitar rejimlərin qərarlaşdığı XIX və XX əsrlərdə onlara qarşı nəzəri-məfkurəvi mübarizə aparanlar içərisində türk dünyasının mütəfəkkiri Əhməd Ağaoğlunun xüsusi yeri vardır. Bu azərbaycanlı mütəfəkkir öz əsərlərində istibdada, tiraniyaya, avtoritarizmə və totalitarizmə qarşı liberal-demokratiya mövqeyindən ciddi mübarizə aparmışdır. Onun həmin mövzuda yüzlərlə məqaləsi, "Üç mədəniyyət" (1927), "Sərbəst insanlar ölkəsində" (1930) və "Dövlət və fərd" kimi sanballı kitabları mövcuddur.

Ə.Ağaoğlu fərd və cəmiyyət, fərd və millət blokları çərçivəsində sosioloji problemlərin bir-birindən müqayisəli asılılığının təhlilindən bəhs edərkən Avropada inkişaf edib kütləviləşmiş fərdiyyət formasının Şərq, türk aləmində yoxluğunu və onun səbəblərini aşkarlayır. O, formalaşmış məzmun meyarları zəminində fərd haqqında öz liberal baxışlarını əsaslandırarkən heç də bu və ya digər nəzəri konstruksiyaları deyil, əksinə tarixən təşəkkül tapmış müəyyən sosial-psixoloji, mental, konkret-praktiki davranışa malik fərd tipini araşdırır. Ağaoğlu bu meyar çərçivəsində əsas fikir vurğusunu fərdin özünütəsdiqinə, onun azadlığı və suverenliyinə, maraqlarını və fəaliyyət istiqamətlərini özünün müəyyən etməsinə, qabiliyyəti və təşəbbüskarlığına, müstəqilliyinə və s. bu kimi keyfiyətlərə yönəldir.

Ə.Ağaoğlu belə hesab edir ki, fərdiyyətin qərarlaşmasını azad, sərbəst, prinsipcə cəmiyyətin bütün üzvləri üçün açıq olan münasibətlərdən və onlara uyğun rəqabət formalarının inkişaf prosesi ilə əlaqəsindən kənarda başa düşmək olmaz. Bu proses fərd və fərdiyyətçiliyi qoruyan və müdafiə edən qanunlar çərçivəsində, vətəndaşların qanun qarşısında bərabərliyinə təminat verən demokratik hüquqi dövlət formaları çərçivəsində gedir.

Ə.Ağaoğlu fərd, fərdiyyət və şəxsiyyət anlayışlarını bizim ictimai şüurumuzda sovet dövründə kök salmış, adət etdiyimiz ideoloji baxımdan təfsir etməmişdir. Məlum olduğu kimi, bu meyarı sovet dövrü cəmiyyətşünaslığında fərdiyyətçiliyin "burjua" xarakterinin mənfi tərkib hissəsi kimi qiymətləndirmiş, fərdi marağı yalnız pul, xüsusi mülkiyyət, kapital əldə etmək niyyəti kimi "əsaslandırmışlar". Bu meyara görə, fərdiyyətçilik (individualizm) yalnız mənfi keyfiyyət kimi kapitalizm ictimai quruluşu çərçivəsində inkişaf edə bilərdi. Bu cür yanaşma həmin problemi formasiya nəzəriyyəsi baxımdan, sinfi-ideoloji dünyagörüşü nöqteyi-nəzərindən səciyyələndirmək demək idi. Ağaoğlu bu məsələyə nə kapitalizm, nə də sosializm, bir sözlə, heç bir formasiya ideologiyası mövqeyindən yanaşmamışdır.

Mütəfəkkir fərdlə, insan şəxsiyyəti ilə cəmiyyət arasındakı əlaqəni məqsəd və vasitə arasındakı ziddiyyət müstəvisində liberalizm xəttilə təfsir edir: insan - məqsəd və cəmiyyət - vasitə dialektikası əsas götürülür. Çünki hər hansı cəmiyyətin ümumi inkişaf səviyyəsi onun üzvlərinin hər birinin xüsusi inkişaf səviyyəsindən asılı olur, onunla müəyyənləşir, cəmiyyətin imkanları məhz fərdlərin inkişafı ilə gerçəkləşir.

Ə.Ağaoğlunun liberal təfsirlərində Şərq və Qərb dəyərləri qarşılaşdırılır və onlar ictimai əxlaqi-mənəvi həyatın aksioloji təmayülləri kimi səciyyələndirilir. Bu müqayisədə Qərb dəyərlərinin ümumbəşəri xarakteri ön plana çəkilir. Belə bir meyarı nəzərə alan mütəfəkkir fərdin Şərq (türk aləmi) və Qərb (Avropa) mentalitetlərinin sivilizasiya baxımından perspektivtivini müəyyən edir.

Qərb ölkələrində fərd, şəxsiyyət və cəmiyyət problemlərinin liberal-demokartik məcrada aldığı impulslar əsasında formalaşmasına, Şərqdə isə, xüsusilə türk xalqlarının həyatında eyni məsələlərin özünəməxsus şəkildə qərarlaşması və qərarlaşması münasibətini bildirən Ağaoğlu müqayisə üsulundan istifadə etməklə orijinal ideyalar, baxışlar irəli sürür. O, fərd haqqında özünəməxsus ideyalarını ifadə etməzdən əvvəl, Şərqdə, xüsusilə türk bölgələrində mövcud problemlərin həllinin Qərbdəki səviyyəyə qalxmamasının səbəb-nəticə, imkan və gerçəklik əlaqələrini araşdırır, onları şərtləndirən amilləri göstərir.

Ə.Ağaoğlu cəmiyyət-fərd asılılığının sosioloji əsaslarını araşdırarkən fərdiyyətin formalaşması prosesində ailə amilinin güclü determinant (mliəyyənedici-red.) roluna xüsusi əhəmiyyət verir. Mütəfəkkir islam - türk şərqində bu problemin mənbəyini, özlüyünü, məğzini və özəyini açıqlayır, ilk növbədə insan fəaliyyətinin lap uşaqlıq dövründə formalaşmasına mane olan əngəlləri xüsusi vurğulayır. Məsələn, o yazır ki, "cahil, özünün kölə olduğunu bilən və nəfsini bu köləliyə təvəkkül və razılıqla təslim edən bir qadının ətrafında böyüyən, ailə içində maddi qüvvənin timsalı olan atasının hər işdə və xüsusilə, haqlı-haqsız, qalib və hökmran olduğunu mütəmadi sipər edən, xaricdən həmcinsindən evlərinin divarı, pəncərələrinin qəfəsi, anasının çarşafı, atasının selamlığı (evin kişiyə aid hissəsi - Ş.H.) ilə ayrılmış olan bir cocuğun ruhunda fərdiyyət deyilən hadisənin ən mənfi cəhətləri ta cocuqluqdan etibarən ziyadəsinə boy atıb böyüməyə başlamazmı?". (Ahmet Ağaoğlu. Üç medeniyyet. İstanbul, 1972. səh.80)

İnsan fərdinin formalaşmasının ictimai mühiti kimi ailə amilindən başqa, ondan kənar sosial-mənəvi təsirlərlə bağlı ideyalar da Ağaoğlunun liberal-demokratik mövqeyini ifadə edir. Ağaoğlu fərdin formalaşmasında həyatın digər mühüm amillərinin - siyasi hakimiyyətin, hökumətin, dinin, ədəbiyyatın, incəsənətin və s. funksional təsirlərinin, xüsusilə onların mənfi müdaxiləsinin liberal-sosioloji təfsirini verir.

Ə.Ağoğlunun bu cür siyasi vurğulu əxlaqi - tərbiyəvi mövqeyi onun liberal baxışlarının mühüm xətlərindəndir. Çünki doğrudan da despotizm, avtoritar rejimlər şəraitində fərdin fəaliyyəti siyasi məngənəyə salınmış, onun fərdi təşəbbüskarlığının perspektivi üçün heç cür real imkan məqamları olmamışdır. Məhz buna görə də mütəfəkkirin belə bir qənaəti səciyyəvidir ki, ailə və məktəbdə əzilmiş, din və ədəbiyyatın tərbiyyəvi təsirlərindən məhrum olan fərdlər ümumi həyata qarışar-qarışmaz hökumətin əzici, sıxıcı və öldürücü təzyiqi altına girirdi. Belə bir mühitdə fərdi təşəbbüslər və qəhrəmanlıqlar gözləmək əbəs iş olmuşdur. Ə.Ağaoğlu fərdiyyətin təkamülü istiqamətində Qərbdən geri qalmış Şərq cəmiyyətlərində bu vəziyyətə müdaxilə üçün "etimad-nəfs" prinsipinə sosial-mənəvi ehtiyac olduğunu göstərir. O, qeyd edir ki, bütün şəxsi təşəbbüslər və qəhrəmanlıqların mənbəyi etimadi - nəfsdir. Ağaoğlunun təfsirində etimadi - nəfs şəxsi-mənəvi cövhərə, əsil ruha, ekzistensiyaya söykənib fərdi ilhamatın, coşğunluğun yüksəlişi, ülviliyi və ictimai mühitin köməyilə yaranır. Bu baxımdan fərdlərdə eqoizm, xudbinlik nə qədər dərindirsə, şəxsi bacarıqsızlıq və zülmə, yuxarıdan təzyiqə, zillətə dözüm də o nisbətdə genişdir. Bu konsepsiyaya görə, fərdin şəxsi liberal təşəbbüsü hakimiyyət orqanlarının, hökumət siyasiətinin avtoritar düsturları ilə uyuşmur və onunla həmişə ziddiyyətdə olur. Buna görə də etimadi - nəfsin özünə uyğun ictimai mühiti olmalıdır. Etimadi - nəfsi zəmin kimi qəbul edən ictimai mühit olmasa, fərdin azadlığı, sərbəstliyi, təşəbbüskarlığı və s. kimi xüsusiyyətlər ictimai əhəmiyyət, məzmun kəsb edə bilməz.

Deməli, ictimai mühiti yaradan amillər yalnız fərdin məqsədə çevrilməsi məcrasında fəatiyyətdə olarsa, onda ictimai miihitlə şəxsiyyət arasında, cəmiyyətlə fərd arasında sosial, mənəvi-əxlaqi tarazlıq bərqərar ola bilər. Ağaoğlu belə bir inkişaf təmayülünü Qərb ölkələrində görür və onu örnək timsalında dəstəkləyir: "Yüksək fərdiyyət, sərbəst sahə üzərində sərbəst fəaliyyət sərbəst müşarikət (şəriklik - Ş.H.) və sərbəst rəqabət əsaslarına istinad edir. Bu əsasları ilk əvvəl fransız inqilabi - kəbiri (böyük inqilab - Ş.H.) tətbiq etməyə başladı və o zamandan etibarən Qərbdə ailə, dövlət və cəmiyyət təsisatının hamısı məzkur əsaslarda (yuxarıda qeyd olunan əsaslarda - Ş.H.) ilhamlanmağa başladı. Hər haqqa qarşı bir vəzifə və hər vəzifəyə qarşı bir haqq həmin əsasların söykəndiyi məna olur. Artıq nə vəzifəsiz haqq və nə də haqsız vəzifə vardır". (Yenə orada, səh.81)

Ə.Ağaoğluya görə, demokratiya hər cür qabiliyyətlərin inkişafına manesiz və asan sahələr açan fərdi hürriyyət təməli üzərində qərarlaşır. Mütəfəkkir özünün "Dövlət və fərd" kitabında opponentlərini tənqid edərkən göstərir ki, onlar hürriyyətə fərdi cəmiyyətdən ayıran bir amil kimi baxır və bu zəmində təfsir edirlər ki, cahanda hər bir millətə haqq və fərdə də hürr azad millət içində iş və vəzifə vermək idealdır. Bu tezisi tənqid edən Ağaoğlu sübuta yetirir ki, əgər bu fikirlə razılaşsaq, onda sanki klassik demokratiyalar bütün dünya içində millətə haqq verməyirlərmiş. Sanki İngiltərə, Fransa, Amerika, İsveçrə, Skandinaviya və s. demokratik dövlətlər cahan içində millətlərini haqqdan məhrum edirlərmiş.

Ə.Ağaoğlunun sosial-fəlsəfəsində fərdin kamilləşməsi və özünü reallaşdırması üçün demokratiya bir vasitə olur və bu proses insan azadlıqları və haqqlarının məqsədə çevrilməsinə xidmət edir. O göstərir ki, cəmiyyətin inkişafı üçün fərdlərin şərtləndirici amil, determinant olmasını məhz demokratik mühitlər yaradır. Elə buna görə də bu əsaslara söykənən cəmiyyətlərdə, mütəfəkkirin təbirilə desək, "mütəkamil cəmiyyətlərdə" fərdlərin qabiliyyətlərinin təsnifi, təqsimi-emalı-iş bölümü çox dərindir. Çünki burada fərd əldə etdiyi azadlıqlar və hüquqlar sayəsində qabiliyyətləri üçün sərbəst məkan tapır və onlar "getdikcə inkişaf edir, nəhayət ixtisas dərəcəsinə varır". Bu surətlə fərdlər adətən biri-digərini düşündürür, biri-biri üçün nümunə olurlar. Belə mühitlərdə "hər kəs qonşusunun səyinə möhtac olduğunu hiss və idrak edir" və bütün cəmiyyət fərdləri arasında bu qarşılıqlı ehtiyac və bağlılıq şəbəkəsi qurulur. Mütəfəkkirin konsepsiyasında belə bir tezis ifadə olunur ki, fərdlərin azadlığı və hüquqlarının məqsəd kimi qəbul edilməsi meyarı demokratiya anlayışının liberal fəlsəfəsinin mahiyyətini təşkil edir.

Yeri gəlmişkən, Avstriya almanı, iqtisadçı və politoloq Nobel mükafatı laureatı Fridrix Avqust fon Hayeqin Əhməd Ağaoğlunun "Dövlət və fərd" kitabından on bir il sonra çıxmış "Köləliyə aparan yol" adlı sanballı əsərində də bu liberal sosial-fəlsəfi konsepsiya geniş elmi əsasla ifadə edilmişdir. F.A.Hayeq həmin əsərində klassik liberalizmin əsas dəyərlərini xüsusi vurğulayır: fərdi müstəqillik və könüllü əməkdaşlıq,

fərdi mülkiyyət, hüquqi dövlət və hökumətin məhdudlaşdırılması. Bu dəyərləri məqsədə çevirən liberal sosial-fəlsəfə demokratiyanı məhz həmin dəyərlərin əldə edilməsi üçün vasitə hesab edir. Bu baxımdan liberal-demokratizm kredosunda məqsəd və vasitənin özünəməxsus sosial dialektikası ifadə edilmişdir. Liberallar iiçiin azadlıq, hürriyyət məqsəddir, ali dəyərdir, demokratiya isə ona nail olmaq vasitəsidir.

Bu fikirləri öz kitablarında Ağaoğlu 1933-cü ildə, Hayeq isə 1944-cü ildə əsaslandırmışdır.

İnsan azadlığına, fərdin hürriyyətinə əsaslanan liberalizm fəlsəfəsinin prinsipləri onun ehkama çevrilməsinə imkan vermir və bu situasiya istər-istəməz demokratizmi tələb edir. Məhz bu baxımdan Ağaoğlunun gəldiyi qənaətlər çox məntiqi olur: ayrı-ayrı fərdlərin inkişafı onların təşkil etdikləri camaatı, xalqı yüksəldir və hürriyyət sayəsində iş bölümü artdıqca bu bağlılığın kökləri hər tərəfə qol-budaq atır və fərdlərin bir-birilə qırılmaz həyati əlaqələrini möhkəmləndirir. Ağaoğlu müşahidələrindən çıxardığı nəticələrində deyir: fərd inkişaf etdikcə, yəni hürriyyətlərini əlinə alaraq fəaliyyətini çeşidli etdikcə, fərdləri bir-birinə bağlayan tellərin sayı çoxalır və bu nisbətdə cəmiyyət arasında vəhdət təşəkkül edir. Ağaoğluya görə, əsası və istinad təməli fərdi hürriyyət olan demokratiyanın qələbəsinə can atıldığı hər yerdə və hər mühitdə milli vəhdət cərəyanlarının təşəkkülü müşahidə edilir. Bu tezislə Ağaoğlu sözün əsl mənasında millətin və milli şüurun formalaşması prosesini də demokratiyanın qərarlaşması ilə əlaqələndirir. O, yazır ki, müasir milli təşəkkül və milliyət cərəyanları sırf demokratiyanın məhsuludur. Çünki demokratiyanın qərarlaşmasından, qələbəsindən əvvəl tarixdə milli cərəyanlara, milli məfkurələrə təsadüf olunmamışdır. Buna görə də çox təbii və məntiqi olaraq demokratiyanı inkar edən məzhəblərin düsturlarından başlıcası milliyəti inkar etməkdən və "Dünya vətənim və bəşəriyyət millətim" şüarından ibarətdir. Ağaoğlu başqa əsərlərində də (məsələn, "Sərbəst insanlar ölkəsində" və bir çox məqalələrində) millətin formalaşmasının tarixi-sosioloji əsaslarını fərd-cəmiyyət, dövlət-fərd korrelyatlarının qarşılıqlı əlaqəsində - dialektikasında görürdü. Sosial-fəlsəfi baxımdan demokratiyanı bütün fərdlərin hürriyyəti ilə və eyni zamanda təbii olaraq millətin və hər hansı ölkə cəmiyyətinin təkamülü ilə bağlayan bizim mütəfəkkir öz opponentlərinin demokratiya haqqında mücərrəd, sosioloji meyarlarla əsaslandırılmayan mövqeyini elmi dəlillərlə ifşa edir. Ə.Ağaoğlu yazır: "kadroçuların (söhbət 1930-cu illərdə "Kadro və inqilab" adlı məcmuəni təmsil edən Şövkət Sürəyya və başqalarvndan gedir - Ş.H.) guya hürriyyətin fərdi cəmiyyətdən ayırması fərzindəki iddiaları həqiqətin tamamilə əksidir". Ağaoğlu opponentlərinin fikir və mülahizələrini "olduqca çox parlaq və şairanə" deyilmiş pafos kimi səciyyələndirərək onların hücumlarını aşağıdakı məntiqi mövqeyilə dəf edir: "Anlamayıram: inkar olunan, hüm'yyətdən məhrum edilən və cəmiyyət içində ərimiş bulunan fərd nasıl iş sahibi ola bilər?"

Bizim sosioloq əsas arqumentini və qənaətini belə bir sualla gücləndirir: "Yenə anlamıram, inkar edilmiş və hüriyyətdən məhrum olunmuş fərdlərdən mürəkkəb bir cəmiyyət necə şən və gen - bolluq içində, rifahlı yaşaya bilər". Ə.Ağaoğlu ideoloji rəqiblərini mücərrəd "millət" anlayışından çəkindirməyə çalışaraq bildirir ki, "bu mücərrəd məfhumun (millətin - Ş.H.) məxsusi cəbhəsi (fasadı - Ş.H.) fərd deyilmi?". Ümumiyyətlə, Ağaoğlu sosiologiyasında millət anlayışı fərdin hürriyyəti, müstəqilliyi, təşəbüskarlığı, suverenliyi və s. əsaslarla liberal-demokratik təfsirə gətirilir. Onun arqumentində ifadə edilən tezis bundan ibarətdir ki, millətin yeganə təşəkkül ünsiirü olan fərd ondan qoparılarsa, ondan heç nə qalmaz. Bu fikirlərin müəllifi fərdin inkarını millətin inkarı ilə bağlayır və belə bir dəlili isbata ehtiyacı olmayan həqiqət, aksiom sayır ki, bu ünsür - fərd ünsürü inkar edildiyi və hürriyyətdən məhrum olunduğu nisbətdə onun məhsulu olan millət də inkar edilmiş olur. Ağaoğlu fikirlərinin bu məqamını özünün yaratdığı, tapıntısı olan sosioloji meyarın məntiqinə uyğun olaraq belə bir sualla yekunlaşdırır: "İnkar olunan və hüriyyətdən məhrum edilən bir mühit necə inkişaf edər, necə qüvvətlənər?"

Mən bu məqalədə təfsir edilən problemin - fərdin inkişafının rəhni olan azadlığı, hürriyəti və sərbəstliyi zəminində cəmiyyətin, o cümlədən millətin formalaşması haqqında Əhməd bəy Ağaoğlunun çox orijinal, özünəməxsus liberal-demokratik konsepsiyasının sosioloji aspektini aşkarlamağa çalışdım. Qeyd edim ki, bu meyar onun Şərqlə Qərb arasında fərqliliyinin müqayisəli üsulla açıqlanmasında, millət, ədəbiyyat və incəsənətlə bağlı düsturlarında və s. sahələr üzrə nəzəri mülahizələrində metodoloji rol oynayır.