SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№3 ---- Payız|2003
DEMOKRATIYA TARIXI

"Mən bu mikrafonun pulunu vermişəm, mister Qrin!"
RONALD REYQAN

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın xanımı Nensi Reyqanın "Mənim növbəm" xatirələr kitabından seçmələr

Teledebat

... Bu haqda çox söz danışıldığına baxmayaraq, Ronni (Ronald Reyqan-red.) əslində heç vaxt varlıların namizədi olmayıb. Əgər belə olsaydı, biz nə 1976-cı, nə də 1980-cı ildə maddi cəhətdən çətin vəziyyətə düşməzdik. İri biznesin müdafiə etdiyi respublikaçı Ronald Reyqan deyil, Con Konalli idi. O, mübarizəni yarımçıq dayandırdıqdan sonra isə iri şirkət sahibləri Buşu dəstəkləməyə başladılar. Ronnini müdafiə edənlərin çoxu xırda biznesmenlər və sahibkarlar idi.

Nyu-Hempşir kampaniyasının həlledici anı seçki günündən bir gün əvvəl, Nauşa qəsəbəsində Ronni ilə Corc Buş arasında şənbə günü keçirilən debatın başlanğıcında oldu. Burada Ronni ilk dəfə camaatın gözü qarşısında qızışıb özündən çıxdı. Buna o qədər sevindim ki! Gimnaziya binasında keçirilən bu debata sponsorluq etməyi əvvəlcə "Nauşa teleqraf" qəzeti öz üzərinə götürmüşdü. Ancaq son anda, qalan beş namizəddən biri - Robert Doul Federal Seçki Kampaniyasına şikayət edərək, bunun Reyqanla Buşun kampaniyasına qeyri-qanuni maddi yardım olduğunu bildirdiyindən qəzet bu debata sponsorluq etməkdən boyun qaçırdı. Bizimkilər Buşun komandasına bu xərci bölüşməyi təklif etsələr də, onlar buna razı olmadılar. Axırda bütün xərci öz boynumuza götürməli olduq.

Digər respublikaçı namizədlər bu debatda iştirak edə bilmədiklərinə görə çox narazı qalmışdılar. Ancaq debatın təşəbbüşçüsü olan qəzetin idarə heyəti yenə də iki nəfərlik debatı üstün tuturdu. Deyəsən onlar Buşu müdafiə edirdilər. Çünki onun komandası da bunu tələb edirdi. Ayovadakı qələbəsindən sonra Ronnini Nyu-Hempşirdə əzə bilmək şansına malik olan yeganə respublikaçı namizəd də elə o hesab olunurdu. Əgər o, Ronni ilə təkbətək üzləşsəydi, bu, onun mövqeyini xeyli yüksəldəcəkdi.

Debatın başlanmasına bir neçə dəqiqə qalsa da, burada kimlərin iştirak edəcəyi hələ dəqiq bilinmirdi. Ronni və digər beş namizəd (mən də onların yanındaydım) kiçik bir sinif otağına yığışıb Buşun komandası ilə kompromis variant axtarıb tapmağa çalışırdı. Bu debat üçün heç bir xərc çəkmək istəməyən Buş tərəfi yenə də israrla onun yalnız iki namizəd arasında keçirilməsini tələb edirdi.

Digər namizədlərə debatda iştirak etməyə icazə verilmədiyi təqdirdə Ronni də bundan imtina etmək istəyirdi. Ancaq məsləhətçiləri bu telemükaliməni Buşu ciddi bir rəqib kimi sıradan çıxara bilmək üçün ən yaxşı fürsət hesab edirdilər və onu bu fikrindən döndərə bildilər. Ronninin bu məqamda geri çəkilməsi, onların fikrincə, çox zərərli bir şey olardı, çünki onda hamıda belə bir təsəvvür yarana bilərdi ki, o, Buşla birbaşa üz-üzə gəlməkdən çəkinir.
Beləcə, biz öz fikirlərimizi müzakirə edərkən, "Teleqraf" qəzetinin nümayəndəsi içəri girib qəti şəkildə bildirdi:
- Mister Buş artıq debata hazırdır. Əgər mister Reyqan beş dəqiqə ərzində səhnəyə çıxmasa, debat ləğv olunacaq və Buş qalib elan ediləcəkdir.
Vaxt keçir, amma heç kəs qəti bir qərara gələ bilmirdi. Nəhayət dözməyib dedim:
- Bəlkə hamınız bir yerdə səhnəyə çıxasınız?!
Deyəsən, bu fikir hamının xoşuna gəlmişdi. Ronni qabağa düşdü, digər namizədlər - Con Anderson, Bob Doul, Fil Kreyn və Hovard Beyker də ona qoşuldular (Con Konalli bu vaxt Cənubi Karolinada seçki kampaniyası aparmaqla məşğul idi). Ronni Buşla üzbəüz oturdu. Digər namizədlər də ayaq üstə onun arxasında düzüləndə buraya toplaşan kütlə onları razılıq hissi ilə möhkəm alqışladı, mən Ronninin tərəfdarları və bizim kampaniya təşkilatçılarımızla bir sırada tamaşaçılar arasında əyləşdim. Bütün salonu xaos bürüsə də, Corc Buş gözlərini elə təm-kinli halda salona zilləmişdi ki, sanki burada özündən başqa kimsə yox idi və qeyri-adi heç nə baş verməmişdi. Sonralar Nyu-Hempşir qəzetlərindən biri yazmışdı ki, Corc Buş bu məqamda səhvən başqasının ad gününə gəlib çıxmış balaca oğlan uşağını xatırladırdı.

"Teleqraf" qəzetinin redaktoru Con Brin auditoriyanı sakitləşdirməyə çalışdı. Sonra Ronni danışmağa başladı. Bildirdi ki, onun fikrincə bu debatda bütün namizədlər iştirak etməlidirlər.
- Mister Reyqan qaydanı pozur, - Brin dedi.- Onun mikrafonunu söndürün.

Ronni halını pozmadan sakitcə dönüb ona sarı baxdı. Eşitdiyinə hələ də inana bilmirdi.
- Mister Reyqanın mikrafonunu söndürün, - Brin təkrar etdi.
Bu da öz işini gördü. Ronni yumruğunu stola çırpıb hirslə çığırdı:
- Mən bu mikrafonun pulunu vermişəm, mister Qrin!
Ronni o qədər möhkəm qəzəblənmişdi ki, adamın adını da səhv salmışdı! Ancaq bu cür əsəbləşməkdə heç də səhv etməmişdi. Çünki bu sözləri deyən kimi içi mən qarışıq hamı qışqırmağa başladı. Birdən-birə, özümdən asılı olmayaraq ayağa qalxıb çığırdım:
- Əcəb dedin, əzizim, əcəb elədin?
Bir an keçməmiş özümə gəlib, fikirləşdim ki, aman Allah, kaş telekameralar məni bu halda çəkmiş olmayaydılar.

Amma onlar onsuz da bu dəqiqə ərimə tərəf yönəlmişdilər. Nəhayət, auditoriya sakitləşəndə Ronni nə üçün burada olan digər namizədlərin də danışmalarına icazə verilməsini istədiyini salondakılara izah etdi.

Salona heç də yalnız Ronnini müdafiə edənlər toplaşmamışdılar, ancaq deyəsən onların hamısı Ronninin bu fikri ilə razı idilər. "Tez olun, stol gətirin, qoyun o biriləri də otursunlar" - deyə yerdən qışqırırdılar. Ancaq debatın təşkilatçıları və Buşun adamları buna razı olmadıqlarından, digər namizədlər səhnəni tərk etməli oldular.

Debatın məzmunu haqda çox az şey yadımda qalıb. O, yalnız yerli televiziya ilə nümayiş etdirilsə də, Ronninin necə hirsləndiyini göstərən klip bir neçə gün ərzində təkrar-təkrar təkcə Nyu-Hempşirdə deyil, ölkənin hər yerində göstərildi. Bu yeddicə sözün - "Mən bu mikrafonun pulunu vermişəm, Mister Qrin" - ifadəsinin sayəsində Ronni öz kampaniyasına nəzarəti əlinə ala bildi. Sonralar mətbuat bu hadisənin bütün seçki kampaniyasının dönüş nöqtəsi, həlledici anı adlandırdı. O, bu fikrində heç də yanılmamışdı...

Bir ölkənin iki prezidenti?

Ronninin məsləhətçilərinin əksəriyyəti ona Cerald Fordu özünə vitse-prezident götürməyi təklif edirdilər. Onların fikrincə Reyqan-Ford cütlüyü respublikaçılar partiyasının daxili birliyini təmin edəcək və noyabr seçkilərində məğlubedilməz bir şeyə çevrilə-cəkdi. İctimai rəy sorğuları da bu fikri təsdiqlədiyindən Ronni də onu bəyənirdi. Qurultay dövründə bu məsələni müzakirə etmək üçün onlar bir neçə dəfə görüşdülər.

Mənə isə bu fikir çox gülünc görünürdü. Heç cürə başa düşə bilmirdim ki, sabiq prezident, - istənilən səviyyədə sabiq prezident - Ağ evə ikinci dərəcəli bir adam kimi təzədən necə qayıda bilər. Bu onların hər ikisi üçün ciddi narahatçılıq törədər və qeyri-praktik bir şey olardı. Ancaq başqalarının nə üçün bu aydın həqiqəti dərk etmədiklərini heç cür anlaya bilmirdim.
Belə şey ola bilməz, - Ronniyə dedim. - Onda bir ölkənin iki prezidenti olacaq. Bu da heç cür baş tutan iş deyil. Ancaq mənim Ronald Reyqan üzərində güclü təsirim barədə yayılan şayiələrə rəğmən o, bu məsələyə başqa gözlə baxırdı.

Ronninin məsləhətçiləri məndən Betti Forda zəng vurub bu ideya barədə onun rəyini öyrənməyi xahiş edəndə, yalnız ərimin xatirinə bu işə razı oldum. Lakin Betti bunun qeyri-mümkün bir iş olduğunu məndən də kəskin şəkildə bildirəndə, özümü xeyli rahat hiss etdim.

- Yox, - dedim,- biz bu işə nə qədər kömək etmək istəsək də, məncə, o qədər də uğurlu ideya deyil.
Mən də ona təzyiq göstərmək istəmədim. Çünki, o bir şeyi də açıq-aşkar bildirdi ki, Fordlar ailəsi artıq sakit həyat tərzinə uyğunlaşıblar və onlar bir daha siyasət aləminə qayıtmaq niyyətində deyillər.

Ərlərimiz isə hələ də bu məsələni müzakirə etməkdə davam edirdilər. Qurultayın üçüncü günü Ford bir daha Ronni ilə görüşüb, kabinetin təşkilində ona xüsusi hüquqlar verilməsini istədi və Henri Kissincerin dövlət katibi, Alan Qrinspanın isə Xəzinədarlıq naziri təyin olunmasını təklif etdi. Ronni bunları səbrlə dinləsə də, öz fikrini bildirmədi.

Bir neçə saatdan sonra Ronni ilə mən "Detroyt Platza" mehmanxanasındakı otağımızda oturub CBS-in axşam xəbərlərinə baxırdıq. Birdən orada Uolter Krongitin Fordla canlı müsahibəsini ver-məyə başladılar. Biz heyrət içində bu canlı müsahibəyə tamaşa edərkən Ford milli televiziyada öz şərtlərini irəli sürürdü: "Mən Vaşinqtona başqasının əl buyruqçusu kimi qayıtmıram. Mənə xüsusi təminatlar verilməlidir. Oraya qayıdarkən əmin olmalıyam ki, əsas, həlledici və mühüm qərarların qəbul edilməsində əhəmiyyətli rola malik olacam".

Krongit soruşanda ki, o bununla "həmprezident" olmağımı nəzərdə tutur, Ford bu terminlə razılaşmadı.
- Amma sizin qaldırdığınız məsələ çox qanuni bir məsələdir, -dedi.

Ronni nə qədər təmkinli olsa da, bu veriliş öz işini gördü. Həmin axşam o, qaldığımız otaqda Fordla son dəfə qısa bir görüş keçirdi. Bununla da Fordun üstündən qələm çəkildi.

Səhərki rəqib, axşamki dost

Ford yanımızdan çıxan kimi Ronni Corc Buşa zəng vurub vitse-prezident yerini ona təklif etdi. Həmin anda Corcla Barbara artıq yatağa giriblərmiş. Hamı kimi onlar da verilən xəbərlərdən sonra Ronni ilə Fordun artıq razılığa gəldiklərini güman etmişdilər. Buna görə Ronninin zəngi onları heyrətə gətirmişdi.

Sonralar Buş bizə danışdı ki, Ronninin zən- gindən bir az qabaq Barbara ilə o, ömürlərinin qalan hissəsini nəyə həsr etmək barədə söhbət edir- lərmiş. Siyasət qəribə şeydir, bütün planlarına və götür-qoylarına rəğmən bir dəqiqə sonra başına nələr gələcəyini heç vaxt əvvəlcədən dəqiq bilmirsən. Bu mənada Corc Buş ona görə ABŞ-ın qırx birinci prezidentinə çevrilə bildi ki, ölkənin otuz doqquzuncu prezidenti səkkiz il əv-vəl özünün televiziya ilə müsahibəsində onun haqqında çox şeylər danışmışdı!

O vaxt Corc Buşdan xoşlanmazdım. Ayova və Nyu-Hempşirdə keçirilən ağır seçki kampaniyalarının acısı hələ xatirimdən silinməmişdi və onun Ronninin vergiləri azaltmaq barədə təklifini kinayə ilə "seyrkar iqtisadiyyat" adlandırmasını hələ də ona bağışlaya bilmirdim. Elə buna görə də ilkin seçkilərdən həmişə zəhləm gedib, çünki burada öz partiyana mənsub olan namizədlərin əleyhinə hökmən nəsə deməli olursan.

Corcun bu vəzifə üçün nə qədər münasib bir adam olduğunu çox tezliklə dərk etdim. Onun hökumət işlərində xeyli təcrübəsi vardı və Vaşinqton mühitinə yaxşı bələd idi. Konqressdə çalışmışdı. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olmuşdu. Bundan əlavə, həmin ilki seçkilərdə rəqabətə hamıdan çox davam gətirmiş və öz ilkin seçki kampaniyasını çox məharətlə apara bilmişdi. Çox gözəl kampaniyaçı idi və həm regional, həm də mənəvi cəhət-dən respublikaçı cütlüyün imkanlarını xeyli genişləndirmək imkanına malik idi. Sonralar zaman göstər-di ki, həm də xeyli yaxşı vitse-prezident imiş.

Hələ də bu fikirdəyəm ki, o vaxt Ronni gərək Pol Laksalı özünə vitse-prezident seçdirəydi. O gecə Ronni həlledici anda özünə kimi vitse-prezident seçdiyini elan etmək istəyəndə, üzünü Pola tutub dedi: "Sən niyə Nevadalı olurdun axı?". Regional baxımdan Reyqan - Laksal cütlüyü çox yararsız hesab olunurdu.

Növbəti gecə Ronni yekun nitqi söyləmək üçün qurultay salonuna qayıtdı. Öz çıxışında Karter dönəminə işarə edərək dedi:
- "Kim bu hökumətin gördüyü işlərə nəzər salıb, onu müsbət qiymətləndirə bilər? Kim iqtisadiyatımızın bu günkü vəziyyətini Karter hökuməti hakimiyyətə gəlməmişdən qabaqkı dövrlə müqayisə edib, ondan razı qala bilər? Bu gün dünyada mövqelərimizin bu qədər zəiflədiyini görə-görə, onlara dörd il də möhlət verilməsini kim istəyə bilər?"
Ronni çıxışını bu cür həyəcanlı ifadələrlə sona çatdırsa da, sözünü qurtarandan sonra auditoriyadan heç bir səs çıxmadı. Bunu görəndə salona nəzər salıb, içi mən qarışıq hamının təəccübünə səbəb olan bu sözləri dedi: "Etiraf edim ki, əvvəl-cə indi demək istəyəcəyim şeyi dilimə gətirməkdən bir az xoflanırdım. Amma daha heç nədən qorxmuram. Gəlin növbəti kampaniyamıza elə burada sükut içində dua etməklə başlayaq!"
Salona yığışanların hamısı ayağa qalxıb, razılıq əlaməti olaraq başlarını tərpətdilər. Bir neçə saniyədən sonra Ronni önündəki nəhəng salona nəzər salıb dedi:
- Allah özü Amerikanı saxlasın...

Dilim-dilim olasan, dilim

Styunun (seçki kampaniyasının rəhbəri-red.) ilk iradlarından biri bu oldu ki, Ronni mətbuatla həddən artıq çox ünsiyyətdə olur. Kaliforniya qubernatorluğuna namizəd üçün bu çox faydalı ola bilsə də, indi ümumölkə miqyasında aparılan bir mübarizədə prezidentliyə namizədin ağzından çıxan hər bir xırda söz böyük əhəmiyyət kəsb edir, ciddi-cəhdlə araşdırılırdı. Buna görə də Ronninin səmimi və sərbəst danışıq üslubu bəzən onu pis vəziyyətdə qoyurdu. Məsələn, sentyabr ayında çıxışlarının birində Ronni səhvən Alabamanın Tuskumbiya şəhə-rini (prezident Karter onda burada kampaniya aparırdı) ku-klus-klanların doğulduğu yer adlandırmışdı.

Siyasi kampaniyaların insanda doğurduğu stress ağlasığmaz dərəcədə böyük olur. Bəzən o qədər yorulursan ki, nə dediyinin fərqinə vara bilmirsən. 1980-ci ilin fevralında mənim özümün də başıma belə bir iş gəlib. Ronninin təyyarəsi hava şəraiti imkan vermədiyinə görə Nyu-Hempşirdə ilişib qalmışdı, buna görə də həmin gün Çikaqo seçiciləri qarşısında onun əvəzinə mən çıxış etməli idim. Ronninin, buraya yığışanları salamlaya bilməsi üçün onunla telefon əlaqəsi yaradılmışdı. Sonra Ronni sözarası Nyu-Hempşirdə hər yerin ağappaq qara büründüyünü və bu gözəl mənzərəni seyr etməkdən böyük məmnunluq duyduğunu bildirəndə, "Elə mən də burada ağ-appaq, gözəl insan sifətlərini seyr etməkdən böyük həzz alıram"- deyə ona cavab verdim. Bu sözlər ağzımdan çıxan kimi dərhal fikirləşdim ki, "Aman Allah! Mən bunu bu mənada demək istəmirdim". Dərhal, öz-özümə düzəliş versəm də, artıq gec idi. Mətbuat bunu irqçilik əlaməti kimi yozmağa başladı. Halbuki mən tamam başqa şeyi nəzərdə tutmuşdum. Bu hay-küy uzun sürməsə də, bir neçə gün heç özümə gələ bilmədim.

Kampaniya dövründə bü cür səhvlərə yol vermək qaçılmaz dərəcədə çox asan bir şeydir. Yorulub əldən düşürsən, başın şişir, müxbirlər də ki, qırsaqqız olub yaxandan əl çəkmirlər. Bəzən bir şeyi o qədər təkrar-təkrar soruşurlar ki, ağzından nəsə qaçırmalı olursan. Onlar da fürsəti əldən verməyib sənin üstünə düşürlər.

Bu cür qeyri-ixtiyari söylənilən tək-tük yanlış söz və ya ifadələr çox vaxt adama son dərəcə baha başa gəlir. Amma, bəzən yerinə düşən söz və ya ifadə eynilə sənə son dərəcə yararlı ola bilər. Seçki kampaniyamızın sonuncu həftəsində biz özümüz bunun şahidi olduq. Bu, Ronninin Cimmi Karterlə yeganə teledebatı keçirilərkən baş verdi. İlkin seçkilər zamanı olduğu kimi, bu teledebat da sonralar əsas seçkilərdə dönüş nöqtəsi kimi dəyərləndirildi.

Ronninin məsləhətçilərinin heç də hamısı onun Karterlə teledebata girməsinin tərəfdarı deyildi. Elə mən də buna birmənalı yanaşmırdım. Ronni özü, ümumiyyətlə debat tərəfdarı olsa da bu barədə qəti fikrə yalnız Nyu-Yorkda ildə bir dəfə verilən bir ziyafətdə Karterlə görüşəndən sonra gəldi. Kampaniya dövründə hər iki namizəd ilk də-fəydi ki, bir məclisdə birlikdə iştirak edirdilər. Onların arasında necə böyük fərq olduğu həmin gecə bütün aydınlığı ilə üzə çıxmışdı: Ronni burada qısa, sərbəst və özünə qarşı istehzalı bir nitq söylədiyi halda, Karter xarici siyasət məsələləri ilə bağlı öz nailiyyətlərini gözə soxmağa çalışan uzun və təntənəli bir nitq ifadə elədi. Bu isə həmin məclis üçün tamamilə yad bir şey kimi səsləndi.

Çünki ziyafət siyasi xarakter daşımırdı. Karterin məsləhətçiləri, bundan xəbərsiz deyildilər. Digər tərəfdən, prezident məclis başlananda nahar salonuna gəlməkdən imtina etmiş, ona söz verilənədək mehmanxanadakı otağında qalmışdı. Ziyafətdə iştirak edənlərin hamısı onun yuxarıda, öz otağında olduğunu dəqiq bilirdi və çox güman ki, bu hərəkəti ona heç bir səs qazandıra bilməzdi.

Növbəti gün səhər tezdən "Valdorf Astoriya" mehmanxanasındakı yığıncağımızda Ronni elan etdi: "Mən bu oğlanı teledebatda məhv edəcəm".

Teledebat oktyabrın 28-də, seçkilərdən bir neçə gün qabaq Klivlenddə keçirildi. Karter həmin axşam bütün məsələlər barədə Ronninin mövqelərini, tamamilə, yanlış qələmə verdi. Çıxışının sonunda Karter Ronninin öz siyasi karyerasına dövlət tərəfindən əhaliyə tibbi yardım proqramını tən-qid etməklə başladığını xatırlatdı. Bu, doğrudan da belə olmuşdu, lakin Karter nədənsə eyni zamanda Reyqanın Amerika Tibb Assosiasiyasının sponsorluq etdiyi alternativ sağlamlıq proqramını müdafiə etdiyini söyləmək istəməmişdi.

Onun bu ittihamını cavablandırmaq növbəsi yetişəndə Ronni istehzalı bir təbəssümlə Karteri süzüb başını bulamış, sonra isə demişdi: "Sən yenə də başladın". Milyonlarla televiziya tamaşaçısı üçün bu ifadə artıq hər şeyi demişdi. Karterə bəlkə də daha düzgün məlumatlar verilmişdi, amma o özünü o qədər təkəbbürlü və arxayın aparırdı ki, bu xasiyyəti hamını hövsələdən çıxarırdı. "Sən yenə başladın" ifadəsi tezliklə hamının dilinə düşdü və seçkilərdən bir-iki həftə sonra Ronni Ağ evdə mətbuat konfransında bu ifadəni bir də təkrar edəndə, salondakıların hamısı uğunub özün-dən getdi.

Həmin teledebatın əvvəlində Karter Ronni barədə müharibəyə susamış bir adam təsəvvürü yaratmağa çalışırdı. Deyirdi ki, Reyqan özünü sanki "müharibə vəziyyətində hiss edir" və onda hərbi gücdən istifadəyə "güclü və davamlı meyl" var. Sonra Karter sözarası onu da qeyd etdi ki, lap yaxınlarda on iki yaşlı qızı Elendən ən mü- hüm məsələnin nə olduğunu soruşanda o, "Nüvə silahlanmasına və nüvə silahlarına nəzarət" cavabını verib.
Salona toplaşanlar onun bu sözlərinə gülüşdülər. Çünki on iki yaşlı bir uşağın "nüvə" silahları ilə bu qədər yaxından maraqlanması ağlabatan şey deyildi. Mübahisə zamanı öz qızına istinad etdiyinə görə Karter mətbuatda da ciddi istehzalara məruz qaldı. Ronninin tərəfdarlarından bəziləri isə kampaniya günlərində əllərində üstünə "Düzünü Elendən soruş" sözləri yazılmış plakatlar gəzdirməyə başladılar...

Bəzən yumor, bəzən qəzəb

eçki kampaniyasının son günlərində Karter öz hücumlarını yenidən gücləndirib, yenə də Ronnini müharibə hərisi kimi qələmə verməyə can atdı. Hələ sentyabrda Karter demişdi ki, gələcək seçkilər "bizim müharibə, yoxsa sülh şəraitində yaşamağımızı" qəti şəkildə müəyyənləşdirəcəkdir. O vaxt bundan möhkəm hirslənən Ronni Karterin bu bəyanatını "bağışlanmaz" bir şey adlandırmışdı. Lakin seçki kampaniyası finişə yaxınlaşdıqca, o, rəqibinin bu cür hücumlarına artıq özünəməxsus tərzdə yumorla cavab verirdi. Məsələn, teledebatdan sonrakı mitinqlərin birində demişdi: "Bir az gecikdiyim üçün üzr istəyirəm, müharibəyə başlamaqla məşğul idim".

...1980-ci ilin seçki kampaniyasında son mitinqimiz San-Diyeqoda oldu. Burada etirazçılardan biri aravermədən nəsə çığıraraq, Ronninin çıxışına təkrar-təkrar mane olurdu. Axırda Ronni göz-lərini həmin adamın üzünə zilləyib ötkəm səslə qışqırdı: "Bəsdir, kəsin səsinizi!" Mitinqdəki hay-küy soyuyandan sonra isə əlavə etdi: "Anam həmişə tapşırardı ki, heç vaxt bu cür kobud danışmayım, ancaq bütün kampaniya dövrundə bundan özümü güclə saxlamışdım". Bu sözlər mitinq iştirakçılarının çox xoşuna gəldi və mən əminəm ki, onlar bu qədər uzun sürən bir siyasi kampaniya dövründə onun nələr çəkdiyini daha yaxşı başa düşdülər.

İstefada olan aktyor

Sabahı gün səhər tezdən son iyirmi beş ildə səs verdiyimiz məntəqədə səs verməyə getdik. Burada qadınlar Ronniyə qovrulmuş paxla verdilər. Saysız-hesabsız repartyor və fotomüxbirlər bizi sevinclə qarşıladılar. Oradan çıxanda Ronni mətbuat nümayəndələrinə zarafatla dedi ki, o mənə səs verib.
- Bəs arvadınız necə? - Kimsə söz atdı.- O kimə səs verib?
- Həə, -dedi, - Nensi də hansısa sabiq bir aktyora səs verib.
Seçki bülleteninin lap yuxarısında öz ərinin adını görmək insanı çox həyacanlandıran bir şeydir...

***

...Sonra telefon zəng çaldı. Prezident Karter idi, məğlub olduğunu etiraf edərək, qələbə münəsibətilə Ronnini təbrik etdi.

Çevirəni:
T.İmranoğlu