| Qafqazda və Mərkəzi Asiyada puça çıxan ümidlər |
 |
| ÇARLZ H.FEYRBANKS |
Çarlz H.Feyrbanks Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, Pol H.Nitsşe adına Beynəlxalq Tədqiqatlar üzrə Təkmilləşdirmə Məktəbinin professorudur.
Sovetlər Birliyi parçalananda, hamıya elə gəldi ki, Qərb liberal demokratiyası, - ən azı söz səviyyəsində, - birdən-birə uzaq Şərqə, necə dəyərlər, ənənəvi "Şərq despotizminin" göbəyinədək sürətlə irəliləyəcək.
Artıq həmin hadisənin üstündən on il keçib və indi bütün Qafqaz və Mərkəzi Asiya ölkələri öz parlamentlərinə, seçilmiş prezidentlərinə və çoxpartiyalı siyasi sistemə (Türkmənistan istisna edilməklə) malikdir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) artıq Sarı Dənizə uzanan yolun üçdə ikisinə yayılmış, Şimali Atlantika Əməkdaşlıq Şurası Çingiz xanın ana vətənini öz tərkibinə daxil etmişdir. Beynəlxalq Qərb təşkilatları sürətlə Şərqə doğru yayıldıqca, Qərb demokratlarının və Xəzər hövzəsinə maraq göstərən Qərb biznesmenlərinin ümidləri də buna müvafiq şəkildə artırdı. Ancaq, bu gün regionda hökm surən avtoritarizm, korrupsiya və neft məhdudluğu ucbatından bu ümidlər indi, demək olar ki, puça çıxmışdır.
Qafqaz və Mərkəzi Asiya rejimlərinin ciddi taksonomiyası burada mövcud olan üç siyasi sistem formasını bir-birindən fərqləndirməyi tələb edir. Əvvələn, regionun əksər ölkələrində Sovet dövründə kommunist partiyasının birinci katibləri olmuş böyük səlahiyyətlərə malik prezidentlər hakimlik edirlər. Nə parlament, nə müstəqil məhkəmə sistemi timsalında onlara qarşı hakimiyyətə şərik çıxa biləcək heç bir səmərəli qüvvə mövcud deyildir (Tacikistanda vəziyyət başqa cürdür. Rusiya hökuməti buradakı yerli müttəfiqlərini hakimiyyəti islamçı partizan dəstələrinə qarşı döyüşənlərlə bölüşmək barədə kövrək müqavilə bağlamağa məcbur ediblər).
Bu cür elementlərin hələ də davam etməsinə baxmayaraq, regionda sovet dövrü ilə müqayisədə son dərəcə ciddi fərqlər də mövcuddur. Birin- cisi, vaxtilə Moskvadakı "mərkəz"in bu respublikaların hökumətlərində oynadığı aparıcı rol yoxa çıxmışdır. O vaxtlar, iqtisadiyyatın əksər hissəsi, dövlət rəsmilərinin seçilməsi, xarici siyasət, hərbi və milli təhlükəsizlik məsələlərinin birbaşa həmin "mərkəz" tərəfindən idarə olunduğunu nəzərə alsaq, indi bunların müstəqil respublikaların öz ixtiyarlarına keçməsi bu ölkələrin dövlət quruculu- ğunda ən böyük nailiyyətdir. İkincisi, bu ölkələrin hər birində iqtidar partiyası mövcud olsa da həmin partiyalar fərdi tərəfdarlığa əsaslanır və onların heç biri köhnə kommunist partiyasının təşkilati və ideoloji gücünə malik deyil. İqtidar partiyalarının artıq yerli və şəhər administrasiyası yoxdur. Bu vəziyyət Ermənistan, Azərbaycan və onun mübahisəli Dağlıq Qarabağ regionu, Gürcüstan və onun üç subyekti Abxaziya, Aca- riya və Cənubi Osetiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan üçün xasdır.
Haqqında söhbət açdığımız bu ölkələr, irsən ideoloji ekstremizm, hakimiyyət və zorakılığın tamını dadmış və indi demokratikləşməkdə olan Cənubi Avropa və Cənubi Amerika cəmiyyətlərindən çox fərqlidir. Kommunistlərin həyatı tamamilə siyasiləşdirmələrinə mənfi münasibət əhalidə digər hər cür hakimiyyətə qarşı dözümlülük və laqeydlilik aşılayıb. Cəmiyyəti səfərbər etmək və mütəşəkkilləşdirmək və yaxud hakimiyyətin təbiətini dəyişdirmək təşəbbüslərinin yoxluğu şəraitində burada idarə edənlərlə idarə olunanlar arasında dərin bir uçurum var.
Üçüncüsü, vətəndaş cəmiyyətinin azad seçkilər üçün təmin etdiyi əsas ünsürlər - azad mətbuat və real çoxpartiyalı sistem keçmiş SSRİ-nin cənub respublikalarında ən yaxşı halda qismən mövcuddur. Prezidentlər və parlament üzvləri eyni qaydada çoxpartiyalı seçkilər vasitəsilə seçilsə də, saxtakarlıq və səslərin sayımını şişirtmə hər yerdə ümumi hal almışdır. Kommunist partiyasının davamı olan partiyalardan fərqli olaraq digər partiyalar əksəriyyət etibarilə çox kiçikdir və fərdlər üzərində qurulmuşdur. 2001-ci ilin fevral ayında keçirilən rəy sorğusuna görə azərbaycanlıların çoxu (26%-ə qarşı 57%-i) belə fikirləşir ki, səsvermədə iştirak onlara "hökumətin işləri necə idarə etməsinə təsir göstərmək imkanı" vermir1.
Buna baxmayaraq, bu dövlətlərin heç birində seçkilər sadəcə formallıqdan ibarət də deyil. Bu seçkilərdə həmişə müxalifət partiyaları və hərəkatları da iştirak edirlər. Həmin partiya və hərəkatlara adətən vəzifədən uzaqlaşdırılmış sabiq məmurlar başçılıq etsələr də, onların bəzilərinə həqiqi demokratlar rəhbərlik edirlər. Ermənistanın indi qeyri-populyar olan sabiq prezidenti Levon Ter-Petrosyanın 1998-ci ildə ordu qüvvələri tərəfindən vəzifədən uzaqlaşdırılması burada daha geniş miqyasda seçki saxtakarlığı ola biləcəyini nümayiş etdirdi. Mən bu qənaətdəyəm ki, bu ölkələrin heç birində heç bir prezident çoxnamizədli seçkilər vasitəsilə hakimiyyətə gəlmədiyi halda legitim hesab edilə bilməz. Beləliklə, hələlik bu ölkələrin hamısı Lerri Diamondun "elektoral demokratiyalar" adlandırdığı təsnifat böl-güsündən xeyli uzaq olsalar da, onların bəzilərini "psevdo-demokratiya" kimi də təsnif etmək olmaz. Mənim fikrimcə, dövlətin zəifliyi və demokratiya mədəniyyətinin mövcudluğu çox vaxt cəmiyyətdəki müxtəlifliyin siyasi arenaya keçməsinə şərait yaradır.
Dördüncüsü, son dərəcə möhkəm Sovet dövlə-tindən fərqli olaraq, bu qrupa daxil olan bütün dövlətlər zəifdirlər və yaxud zəifləməkdədirlər: hətta onların bir neçəsi "iflasa uğrayan dövlət" həddindədir. Məsələn, 1993-1994-cü illərin qışında Gürcüstan hökuməti ölkəni müdafiə etmək, paytaxt küçələrində asayişi qorumaq, dövlət məmurlarına maaş ödəmək, vergi yığmaq və ümumi istifadə üçün pul kəsmək iqtidarında deyildi.
Bu cür dövlətlərdə insanlar, adətən, mərkəzi hökumətin birbaşa təzyiq və təhdidindən daha çox yerli bosslardan (və yaxud yerli real hakimiyyət məmurları və ya onların tərəfdarlarından) qorxurlar. Hərçənd bu məsələlərdə də Qərb öz diqqətini həmişə mərkəzi hökumətə yönəldir. Hazırda bu dövlətlərin içərisində deyəsən, Tacikistan ən zəif dövlət strukturuna malikdir. Burada ordu birlikləri onlara ayrılan vəsaitin azlığı və digər səbəblərdən narazı qalıblar. Pankisi dərəsinə sığınan çeçen silahlı qaçqınları Gürcüs- tana Rusiya tərəfindən təhdid olunmaq qorxusu törətməsinə baxmayaraq, Gürcüstan uzun illərdir oraya nə polis, nə də əsgər göndərir. Doğrudur, 2000-ci ilin avqustunda burada polis qüvvələrinin ətraf yolları bağladığını, mümkün zorakılıqları önləmək üçün polis maşınlarının daim yollarda şütüdüyünü öz gözlərimlə görmüşəm. Bu dövlətlər özlərini qoruyub saxlamaq üçün ən zəruri vəzifələri belə yerinə yetirə bilmirlər, çünki onlar, maaşlarını vaxtlı-vaxtında ala bilməyən məmurlarına əhalinin cibi hesabına yaşamaq hüququ veriblər. Gürcüstan və Azərbaycan kimi bəzi ölkələrdə dövlət strukturları müstəqillik dövründə bir qədər möhkəmlənmişdir, ancaq Qırğızıstan, Ermənistan və Dağlıq Qarabağ (Dağlıq Qarabağ artıq çoxdan dünyanın məşhur politoloqlarının dilində Azərbaycan daxilində, bəzənsə heç Azərbaycansız, "ayrıca yer" kimi göstərilir. Fikrimizcə, bunun səbəblərini həmin şəxslərin subyektivliyində axtarmaqdansa, Azərbaycanın yürütdüyü siyasətdə görmək lazımdır. - red.) kimi yerlərdə bu strukturlar daha da zəifləmişdir. Keçmiş Yuqoslaviya, Albaniya və Kambocada olduğu kimi burada da dövlətin zəifləməsi postkommunist keçid dövrünün səciyyəvi xüsusiyyətlərindən biridir.
Sovet dövlətinin zəifləməsi dövlət tərəfindən idarə olunan iqtisadi müəssisələrin və sosial rifah proqramlarının iflasa uğraması ilə nəticələndi. Bunun ardınca Moskvadan ayrılan subsidiyalara son qoyuldu, ölkədaxili ticarət əlaqələri qırıldı, ictimai və etnik münaqişələr baş qaldırdı, inzibatçılıq zəiflədi, Qərbin maliyyələşdirdiyi "islahatlar" çox vaxt vəziyyəti daha da pisləşdirdi, etnik münaqişələr və ya Rusiyanın ambisiyası ucbatından blokadalar meydana çıxdı. Bütün bu zərbələrin hamısı əksər insanların dərin yoxsulluq girdabına düşməsinə səbəb oldu.
Qeyri-mütəxəssislərin əksəriyyəti bu regiondakı iqtisadi böhranın nə qədər dərin olduğunu təsəvvürlərinə belə gətirmədikləri üçün bəzi rəqəmləri misal göstərmək istərdim: 1998-ci ilin müşahidələrinə görə taciklər həmin il 1991-ci illə müqayisədə 71% ət, 45% xörək yağı az işlətmişlər2. Gürcüstanda real əmək haqqı 1995-ci ildə sovet dövründəki səviyyənin onda birinə bərabər olmuşdur; kənd əhalisinin əksəriyyəti bir neçə əsr bundan əvvəl əcdadlarının yaşadığı kimi natural təsərrüfat hesabına dolanırlar.
Qafqaz və Mərkəzi Asiya ölkələrinin əksəriyyəti Böyük Depressiya dövründəkinə bənzər və yaxud ondan da pis bir şəraitdə demokratiyaya keçməyə cəhd göstərirlər. Buna uyğun olaraq da SSRİ-nin dağılmasına Tacikistan, Qırğızıstan, Ermənistan və Dağlıq Qarabağda daha çox, Gürcüstan və Azərbaycanda isə daha az təəssüf hissi mövcuddur. İctimai rəy sorğularının nəti- cələri göstərir ki, eyni cür keçid dövründə olan Cənubi Avropa, Asiya və Latın Amerikası ölkələri ilə müqayisədə region ölkələrində demokratik rejimlərə rəğbət olduqca zəif, diktator rejimlərə isə xeyli güclüdür. Daha geniş mənada götürsək, postsovet məkanında əhali özünü uduzmuş hesab edir və keçid dövrünün yalnız hökumət elitası üçün faydalı olduğunu düşünür.
Dövlət vəsaitlərinin özəlləşdirmə adıyla qəsb edilməsi ölkəni feodilazmə sürükləyir. Dövlət məmurları büdcədən ayrılan maaşlardan o qədər də asılı olmadıqlarından ictimai rəyi inkar edə və tutduqları kreslolardan öz şəxsi mənafeləri üçün yararlana bilirlər. Bu tip zəif dövlətin özünü toparlaması çox müşkül məsələdir, çünki o özü özünü içindən yeyir.
 |
Hakimiyyət elitası üçün isə totalitar keçmiş avtoritar pozadan daha çox özünü "Kim kimi?" məsələsində yaşadır. Həyata keçirilən siyasətlər nəticə etibarilə sıfıra bərabərdir, son dərəcə amansızdır və bəzi hallarda hətta insan ölümü ilə nəticələnir. Məhz bu səbəbdən əhalinin öz hakimlərini, - hətta öz ölkələrinin yeni Rusiya imperiyasının təsir dairəsi və caynağından qurtulması üçün xeyli iş görmüş olan Ermənistan prezidenti Levon Ter-Petrosyan, Gürcüstan prezidenti Eduard Şevardnadze, Azərbaycan prezidenti Heydər Əliyev və Qırğızıstan prezidenti Əskər Akayev kimi hakimlərini belə, nə üçün yalnız öz xeyrini güdən, qeyri-vətənpərvər istismarçı hesab etdiklərini başa düşmək çox da çətin deyil.
Bu cür ağır şəraitdə adi vətəndaşların bu qə-dər səbrli olması adamı heyrətə gətirir və çox güman ki, o, sovet dövrü passivliyinin, eləcə də ideoloji təzyiq və zorakılığın törətdiyi qorxu hissinin qalıqları ilə bağlıdır. Ancaq bu qədər dərin zillət və narazılıq şəraitində bu dözüm və səbr nə qədər davam edə bilər? Bu isə öz növbəsində daha geniş anlamda bu ölkələrdə demokratiyanın gələcəyinin necə olacağı sualını doğurur; halbuki, Qərb bu ölkələrdə demokratiyanın gələcəyini hazırkı siyasi durumla və liderlərin bir çoxu ilə eyniləşdirməyə meyl göstərir. İstənilən halda, əgər demokratik lider sinfi ziddiyyət və kütləvi səfərbərlik siyasətlərini başqa bir siyasətlə əvəz etmək arzusunda olarsa, onda ictimai narazılıq da demokratik dəyişikliklər üçün güclü enerji mənbəyinə çevrilə bilər. Kommunist Partiyasının ləğvi və hökumətin səlahiyyətlərinin azaldılması vətəndaş cəmiyyətinin potensial şəkildə yerini doldura biləcəyi geniş bir boşluq yaratmışdır. Hal-hazırda bu boşluğu müxtəlif klanlar, etnik qruplar, müştəri şəbəkələri və kriminal dəstələr zəbt etmişlər; ən yaxşı halda isə bəzi respublikalarda bu boşluğa saxta biznes strukturları və QHT-lər yiyələnmişlər.
QHT-lər qanuni demokratik institutların kompromisə gələ bilmədikləri yerlərdə gələcək siyasi mənzərənin cizgilərini vəd edir. Qərbin maliyyə dəstəyinə malik olan bu qurumlar elə bir siyasi sektor yarada bilərlər ki, həmin sektor üçün var-dövlət uğrunda mübarizə heç də başlıca məsələ olmayacaqdır. Çünki onlar öz üzvlərini elita içərisindən seçməyə can atırlar və üç Qafqaz respublikasında və müəyyən dərəcədə də Qırğızıstanda müşahidə etdiyimiz kimi, demokratik ziyalı təbəqəsi ilə qeyri-demokratik hökumətlərin bir-birinə qarışmasına nail ola bilərlər. Gürcüstanda və Ermənistanda QHT fəaliyyəti geniş təşəkkül tapdıqdan sonra 1995-1996-cı illərdə keçirilən seçkilər müəyyən şübhələr doğurdu; belə güman edilirdi ki, QHT-lər bu seçkilər dövründə qanuni siyasi fəaliyyət kanallarının əksər hissəsini ən azı qismən əvəz ediblər. Gürcüstanda iqtidarda olan "Vətəndaş İttifaqı" partiyasının fraksiyalarından birilə əlbir işləyən QHT-lər qeyri-demokratik mətbuat qanununun parlamentdən keçməsinə mane ola bildilər.
MÖHKƏM DÖVLƏT AVTOKRATİYALARI
Əvvəllər Dağlıq Qarabağ, Cənubi Osetiya və müəyyən qədər Abxaziyada olduğu kimi Özbəkistanda və Türkmənistanda da yuxarıda deyilənlərlə ziddiyyət təşkil edən çox fərqli siyasi sistem mövcuddur. Bu ölkələrdə köhnə kommunist rejimi hələ də davam etməkdədir. Doğrudur, burada da Moskvadakı "mərkəz" və onunla birlikdə partiya aparatı yoxa çıxmışdır, lakin digər şeylər olduğu kimi qalır: Kommunist Partiyasının istifadə etdiyi köhnə ideoloji, təşkilati və kütləvi səfərbərlik qatarlarını indi hökumət minib çapır. Özbəkistanda Teymurləng Lenini əvəz edib və hökumət hər yana təkcə polis deyil, həm də ənənəvi "məhəllə" səviyyəsində yaradılan yeni təşkilatlar vasitəsilə müdaxilə edir. Türkmənistanda Xruşov dövrünü xatırladan gurultulu şüarlar və eləcə də prezident Saparmurad Niyazovun şəxsiyyətinə pərəstiş bütün ölkəni bürüyüb. Məhz bu respublikda özəlləşdirmə ən az dərəcədə aparılıb.
Buna baxmayaraq, Mərkəzi Asiyanın başqa ölkələri və Qafqazla müqayisədə Özbəkistanda və Türkmənistanda dövlət strukturları xeyli möhkəm və mütəşəkkil olaraq qalır. Hər iki ölkədə hökumət korrupsiya girdabına batsa da, onların prezidentləri aşağı səviyyəli məmurları ciddi nəzarət altında saxlaya bilirlər və başqa respublikalardan fərqli olaraq burada adi vətəndaşlar hakimiyyət kreslosundan şəxsi mənafeləri üçün istifadə edən hökumət elitası qarşısında tam aciz vəziyyətdə deyillər. Əvəzində, hər bir ortabab özbək və ya türkmən Xruşov dövründə yaşamış atası və ya babası qədər sadəlövdür, intizamlıdır və hökumətin imkan verdiyi qədər ictimai fəallığa malikdir. Bu respublikalardan gələn statistik məlumatlar tam inandırıcı olmasa da, onların iqtisadiyyatı qonşu ölkələrdə olduğu qədər dağıntıya məruz qalmayıb. Elita ilə adi vətəndaşlar arasında uçurum sovet dövründəkindən dərin deyil və təqib olunmaq xofu digər ölkələrdəkinə nisbətən daha az hiss olunur. Qərb müşahidəçiləri "islahatlara" böyük həvəslə bağlı öz doktrinalarında bu modellə yuxarıda adı çəkilən model arasındakı "treydofs" kompleksinin daha üstün variant olduğunu nadir hallarda qeyd edirlər. Özbək və ya türkmən olmaq bütün azadlıqları əldən verib, asayişi və təhlükəsizliyi təmin edə bilən dövlətin vətəndaşı olmaq deməkdir. Tacik və əfqan dövlətlərini özlərindən kənarda qibləgah axtarmağa məcbur edən ekstremist müsəlman qruplarının çox az bir qismilə apardığı acı mübarizə özbək hökumətinin öyünə biləcəyi nisbi nailiyyətlər üçün getdikcə daha çox təhdid doğurur. Bəlkə də belə bir təhdidin mövcudluğu şübhə doğura bilərdi, amma özbək hökumətinin islamı siyasi dissidentliklə eyniləşdirməsi, beləliklə də hökumət əleyhinə baş qaldıran hissləri siyasiləşmiş İslam səviyyəsinə keçirməsi onun öz qarabasmalarının həqiqətə çevrilməsinə səbəb olur.
DÖVLƏTSİZ CƏMİYYƏTLƏR
Üçüncü siyasi modelə mütəşəkkil cinayətkarlığa qarşı vahid nəzarət mexanizmi, müntəzəm vergi toplama sistemi və ölkə ərazisinin hər yerində işlək olan inzibati institutlar kimi əsas atributlardan məhrum "hökumətlər" misal ola bilər. Beynəlxalq aləmdə Rusiyanın tərkib hissəsi kimi tanınan, ancaq öz mədəniyyəti etibarilə Qafqaz ölkəsi olan üsyankar Çeçenistan hazırda bu modelin yeganə nümunəsidir. "Müstəqil" Çeçenistanla Rusiya arasındakı müharibədə dinc fasilələr dövründə (1991-1994, 1996-1999) Çeçenistan özəl silahlı dəstələrlə dolu idi, çeçen hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi, bütün hökumət xərcləri ayrı-ayrı varlı çeçenlərdən və çeçen müəssisələrindən yarızorla toplanan vəsait hesabına ödənilirdi. Bu "hökumətin" bütün strukturları, o cümlədən xaricdəki "elçiləri" belə daim öz əməliyyat xərclərinin artırılmasını tələb edirdilər. Bu baxımdan Çeçenistan Syerra-Leone və Liberiya kimi klassik "iflasa uğrayan dövlət" nümunəsinə bənzəyir. Buna baxmayaraq, Çeçenistan onlardan xeyli fərqlidir. Belə ki, burada ümumxalq həmrəyliyi düşüncəsi son dərəcə güclüdür və bu düşüncə onun, özündən qat-qat qüdrətli olan Rusiyaya qarşı birinci müharibədə qalib gəlməsində böyük rol oynamışdır. Həmin qələbə 1996-cı ilin avqustunda Qroznı uğrunda döyüşdə mərkəziləşdirilmiş qaydada əlaqələndirilən hərbi cəhdlə daha da möhkəmləndirilmişdi.
 |
Biz bu modeli dövlətsiz cəmiyyət adlandıra bilərdik. Bu, Yəmən və Somali kimi dövlətlərin bəzi yerlərində hələ də dövlət nəzarətindən kənarda qalan seqmentar qəbilə tayfalarına bənzəyir. Bu tayfalar kimi, dövlətsiz cəmiyyətlər də bütün daxili çarpışmalara baxmayaraq, yad təhdidlərə qarşı dərhal sıx birləşə, sarsılmaz bir cəbhə ilə çıxış edə bilirlər. Onlar formal institutlar deyil, öz mədəniyyət ənənələri əsasında toparlanır, öz fəaliyyətlərini əlaqələndirirlər.
Belə formasiyalar, aydındır ki, həcm, daxili rəngarənglik və həyat səviyyəsi baxımından xeyli məhdud olurlar; İbrahim Ruqovanın Kosovada başçılıq etdiyi dövlətsiz cəmiyyət (1989-98) ona rəqib olan Kosovo Azadlıq Ordusu formalaşan kimi dağıldı. Ancaq dövlətsiz cəmiyyətləri postsovet siyasi modellərinin taksomaniyasına əlavə etməkdə fayda vardır; çünki, onlar postsovet dövründə geniş yayılan zəif dövlət modelinə başqa gözlə baxmağa məcbur edir. Belə ki, Gürcüstan, Azərbay- can və Tacikistanın içində tərəddüd etdiyi kontiniiumun bir tərəfinin uc nöqtəsi Çeçenistandandır. Rəy sorğusunun nəticələrinə görə də belə dövlətlərdə cəmiyyətin dövlətdən üstün tutulması buna dəlalət edir ki, o qədər də dindar olmayan adamlar siyasi institutlar, liderlər və ya partiyalardan daha çox öz dinlərinə və dini adətlərinə etibar edirlər4. Bəlkə də bu dövlətlər təkcə kasıb olduqlarına görə deyil, həm də öz insanlarının yalnız heç bir sifəti olmayan müasir (oxu "sovet") dövlət institutlarını tanış olduqlarına və bu səbəbdən müəyyən səviyyələrdə onlardansa dövlətsiz cəmiyyətə daha çox üstünlük verdiklərinə görə zəifdirlər: bundan əvvəlki demokratiyada keçid dövrləri heç vaxt belə bir problemlə qarşılaşmayıblar.
GƏLƏCƏYƏ DOĞRU
Burda cızdığım keçmiş sovet siyasi modelləri uzun müddət tab gətirə bilməz. Bütün Orta Asiya və Qafqazda kommunist institutları, idarəçilik üsulları artıq qocalmış və partiya aparatı və onun xarakterik ruhuyla formalaşmış liderlərlə birlikdə tənəzzülə uğramaqdadır. Qarşıda ciddi dəyişikliklər gözlənilir; hərçənd bunun qəfil və ya tədricən baş verəcəyi hələ də müəyyən edilməmiş qalır. Artıq Azərbaycanda və Gürcüstanda başlamış olan liderlik uğurları qəfil dəyişiklik üçün ən asan yol açmışdır. Burada demokratik dəyişikliklər tamamilə mümkündür. İndiki uğurlu prezidentlərin legitimlik iddiasına düşmədikləri və seçkilərdə iştirak etmədikləri halda "azad seçkilər" bu dəyişikliklərin baş verməsi üçün həlledici an olacaqdır. İndi hakimiyyətdə olan elita bu seçkiləri manipulyasiya etməyə cəhd göstərəcəkdir və bu halda seçkilərin nə dərəcədə saxtalaşdırılması əsas məsələ olacaqdır. Bu hallara qarşı əhalinin reaksiyası və Qərbin təzyiqi seçkilərin həqiqətən "azad" və "şəffaf" olub-olmamasını və qalibin qəbul edilib - edilməməsini həll edə bilər. Bundan asılı olaraq, meydana çıxan nəticə demokratiya, psevdodemokratiya və yaxud dövlətsiz cəmiyyət ola bilər.
Əgər rəsmilər kommunizmsiz kommunist münasibətlərini açıq şəkildə qoruyub saxlaya bilmirlərsə, əhali bunu heç istəməyəcəkdir. İqtisadiyyatın dağılması artıq gənc insanlara sovet mənşəli ətalət hissini yadırğatmışdır. Əgər nəsə başqa bir şey baş verməzsə, zəif dövlətlər passivlikdən daha çox kriminal bir mühit doğuracaqdır. Bəzi yerlərdə adi adamlar artıq xidmət çatışmazlığı və yaxud qeyri-leqal mənzil tikintisi kimi zəif dövlət problemlərini aradan qaldırmaq üçün kortəbii şəkildə təşkilatlanmağa başlamışlar.
Ancaq tam demokratikləşməyə doğru tədricən irəliləyə bilmək üçün qarşıya çıxan kommunizm qalıqları çürüntülərini təmizləmək mümkün ola-caqmı? Bu, bir çox faktordan asılıdır. Ancaq xüsusilə qeyd etməliyik ki, "ideyaların rolu əsasdır. Siyasi rejimlərin təbiətinin müəyyən edilməsində (liderlərin) onlara həqiqətən inanıb-inanmaması ikinci dərəcəli şeydir". Başlıca reallıq budur ki, "kommunizmin iflasından sonra ortada demokratiyadan başqa heç bir prinsipial alternativ yoxdur. Sünni islamçılar Mərkəzi Asiya üçün "xilafət" qurmağı təklif edə bilərlər, ancaq onların Qırğızıstanda, Tacikistanda, Çeçenistanda və Dağıstandakı fəaliyyətlərinə yaxından nəzər saldıqda, güman etmək olar ki, İslam tarixində mövcud olan bir çox ekstremist hərəkatlar kimi onların da dövlətsiz cəmiyyətlərlə yalnız simvolik əlaqələri var.
Mədəniyyət eynilikləri çox mühüm təsirə malik olacaqdır, hərçənd, biz onları Samuel P.Hanqtinqtondan fərqli olaraq daha geniş dialektik anlamda başa düşməliyik. İki yüz ildən çoxdur ki, gürcülər və ermənilər onları tənhalıqdan və dominant qonşularından xilas edə biləcək nəsə çox böyük, amma uzaq bir qüdrətli dövlət, - "üçüncü güc" axtarırlar. Gürcülər üçün bu güc 140 ildir Qərbdir; ermənilər üçün isə Rusiya və ya Qərbdir. Azərilərin çoxu isə öz parlaq keçmişlərini İran və orta əsrlərdə görsələr də, nəzərlərini dünyəvi Türkiyəyə və onun arxasından Qərbə dikiblər. Hər üç xalq özünü hər vəchlə avropalı hesab edir. Beləliklə, onlar kiçik xalqların universal prinsiplərə tarixi meylliyini nümayiş etdirirlər (yəhudilər kimi). Demokratiyanın indiki ideoloji monopoliyası şəraitində mədəniyyət eynilikləri bu ölkələrin hər birini uzun müddət ərzində demokratikləşməyə doğru yönəldəcəkdir.
Mərkəzi Asiyada vəziyyət daha mürəkkəbdir. Buradakı insanlar özlərini avropalı hesab etmirlər, hərçənd Bakıdakı azərilər kimi, şəhərdə yaşayan qazaxlar və qırğızlar öz evlərində əsasən rusca danışırlar və bir çox cəhətdən avropalı təsiri bağışlayırlar. Rusiya hökuməti darmadağın olunmuş sovet eyniliyini başqa bir formada dirçəltmək istəyərdi, ancaq onun xeyli uzun sürə biləcək bir müddət ərzində bu məqsədə çatmaq üçün nə lazımi gücü, nə də səbri var. Bu regionda yaşayan əhalinin geniş hissəsi müsəlman eyniliyinə malikdir, amma elita İslamdan qorxur və ona nifrət edir. Mərkəzi Asiya elitaları da rus dövrünün qalıqlarından yavaş-yavaş arınmağa və ya qurtulmağa və rus hegemonluğundan xilas olmağa can atır. Mərkəzi Asiya dövlətləri, eynilik atributu kimi "asiyalı", model kimi isə "Asiya avtoritarizmi" məfhumlarından yararlanırlar, amma Şərqi Asiya ilə çox az ümumi cəhətlərə malikdirlər. Mərkəzi Asiyada yeganə fars dili və mədəniyyəti adası olaraq qalan Tacikistan, çox güman ki, gələcək bir neçə ildə, İranda islam rejimi zəifləməyə başlayan kimi həmin ölkədən gələn intensiv təsirlərə daha çox açıq olacaqdır.
Türkiyə pantürkist siyasətlər vasitəsilə özünün Azərbaycan və Mərkəzi Asiya ilə mədəni bağlarını xüsusilə vurğulamağa çalışsa da, o, mədəniyyət xəritəsində Azərbaycan və Türkmənistandan kənarda kifayət qədər təsir gücünə malik deyil. Doğrudur, gələcək üçün bəzi potensial imkanlar mövcuddur. Türkiyə ilə mövcud sivilizasiya bağları, demokratik istiqamət də daxil olmaqla Qərb oriyentasiyasını daha da gücləndirə bilərlər. Mərkəzi Asiya hökumətlərində İslam qorxusu onları bir çox mümkün anti-qərb və anti-demokratik alternativlərindən kənarda durmağa məcbur edir (müəyyən dərəcədə Tacikistandan başqa). Beləliklə, demokratiya, qeyri-səmimi də olsa, burada da imitasiya obyektinə çevrilməkdədir.
İmitasiya və sivilizasiya seçiminin nələr törədə biləcəyi İtaliya tarixində əks olunmuşdur. 19-cu əsrin ortalarında Risorqimentodan sonra İtaliyada rəsmən demokratik quruluş elan edildi, ancaq demokratiyanın ən adi əsasları belə burada cüzi dərəcədə təmin edilməmişdi. Bu səbəbdən bir çox ciddi problemlər həll edilməmiş qalmışdı, kasıb və idarəolunmaz merroqiorno, mafiya, mühafizəkar, müasirliyin əleyhdarı olan kilsə rəhbərliyinin italyan dövlətinə düşmən münasibəti, kiçik orta təbəqə (ortabablar sinfi), geniş yayılmış korrupsiya və kəndlilərin "Xaç atası" filmində çox real təsvir edilən apolitik biganəliyi. Bu problemdən bəziləri, məsələn mafiya, bu günədək irinləmiş yara kimi hələ də deşilməmiş qalır. Bu çətinliklərin bəziləri indi Qafqaz və Mərkəzi Asiya ekranına baxarkən Qərbin gözü önündə canlanan ümidsizlik vəziyyətilə eynilik təşkil edir. İtaliya nümunəsində işlək təsir vasitəsi mədəniyyət eyniliyi və bundan da güclüsü ikrah hissi olmuşdur. Retrospektiv baxımdan, burada demokratik əsaslardan daha çox, kilsənin siyasi iddialarına, Avstriya absolyutizminə faşizm alternativi uğursuzluqla nəticələndikdən sonra isə Sovet kommunizminə açıq nifrət İtaliyanı davamlı surətdə tədricən demokratik idarəçiliyə doğru aparmışdır. Ola bilsin ki, Qafqaz və Mərkəzi Asiya insanlarının çoxunun sivilizasiya antipatiyası onları tədricən eyni güclü axının ağuşuna atacaqdır.
Çevirəni:
T. Vəliyev
QEYDLƏR:
1. U.S. Department of State, Office of Research, "Azerbaijanis Allege Election Fraud and Government Corruption," Opinion Analysis, M-122-01, 30 May 2001.
2. Payam Foroghi, 1998 Socio-Economic Survey of Households, Farms, and Bazaars, unpublished paper for Save the Children Federation,January 1999, 34, 32.
3. Ruslan Yemtsov, "Labor Markets, Inequality and Poverty," in the World Bank, Georgia: Poverty and Income Distribution (2 vols., Washington, D.C.: World Bank, 1999), 1:35, 2:9.
4. U.S. Department of State, Office of Research,"Georgians' Faith in Their Government Wanes, As Pessimism Mounts," Opinion Analysis, M-16-01, 30 January 2001.
5. See G.M. Tamas, "Ethnarchy and Ethno-Anarchism," Social Research 63 (Spring 1996): 147-90; Charles H. Fairbanks, Jr., "Party, Ideology, and the Public World in the Former Soviet Space," in Arthur Meltzer, Jerry Weinberger, and Richard Zinman, eds., Politics at the Turn of the Century (Lanham, Md.: Rowman and Littlefield, 2001); and "Wars of Hatred and the Hatred of War," National Standard, 19 April 1999.
6. Ghia Nodia, "How Different are Post-Communist Transitions?" Journal of Democracy 7
(October 1996): 15-29.
7. Rafael Ishkanian, "The Law of Excluding the Third Force," Haratch (Paris), 18, 19, 20, and 21-22 October 1999, trans. in Gerard J. Libaridian, Armenia at the Crossroads: Democracy and Nationhood in the Post-Soviet Era (Watertown, Mass.: Blue Crane, 1991), 9-38; and Ghia Nodia, "Konflikt v Abkhazii: Natsional'niye Proyekti I Politicheskiye Obstoyatel'stva," in Bruno Coppieters, Ghia Nodia, and Yuri Anchabadze, eds., Gruziny I Abkhazy: Put' k Primireniyu (Moscow: Ves' Mir, 1998), 21-23.
|