| Qanun boşluğunda çabalayan QHT |
 |
| İLAHƏ RAFAELQIZI |
"Birlik yaratmaq hüququ birləşmə azadlığının ayrılmaz və tərkib hissəsidir. Vətəndaşlar birləşmə azadlığının ən mühüm aspekti hesab edilən qarşılıqlı mənafe naminə birgə fəaliyyət göstərmək üçün hüquqi şəxs statuslu birlik yaratmalıdır. Əks təqdirdə həmin hüquq öz əhəmiyyətini itirmiş olur". Avropa İnsan Hüquqları Məhkəməsinin 1998-ci il iyul ayında verdiyi qərarda belə deyilir. Avropa ölkələrinin təcrübəsində, QHT-lərin qeydiyyata alınması formal hüquqi akt xarakteri daşıyır. Belə ki, həmin hüquqi akt onlara hüquqi şəxs statusu almaq imkanı verməklə yanaşı bir sıra hüquq və öhdəliklərə sahib olmağı, eləcə də qanuni əsaslarla müqavilələrə qoşulmağı da təmin edir. Müxtəlif dövlət orqanlarında bu prosedur daha da sadələşdirilərək adi bildiriş formasında aparılır.
Təəssüf ki, Avropa Şurasının üzv olmuş ölkəmizdə "hüquqi şəxs statuslu birlik" yaratmaq hələ də problemdir. Qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyət göstərməsi üçün dövlət orqanları tərəfindən yaradılan manelər, qəbul edilən qanunlar bir daha göstərir ki, hökumət üçüncü sektorun inkişafında maraqlı deyil və bundan "ehtiyatlanır". Vətəndaş cəmiyyətinin əsas sütunlarından biri olan QHT-lərin qeydiyyata alınmamasında da məqsəd məhz onların fəaliyyətinə mane olmaqdır.
Qeydiyyatdan keçməyən QHT-lərin koalisiyası
Bu gün Azərbaycanda fəaliyyət göstərən QHT-lər qeydiyyat məsələsi ilə bağlı yaranan problemləri aradan qaldırmaq məqsədi ilə bir araya gələrək qeydiyyatdan keçməyən QHT-lərin koalisiyasını yaradıblar. Qeyd edək ki, QHT Konqresi Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə həyata keçirdiyi "QHT-lərin monitorinqi, məlumat bazasının yaradılması, qeydiyyatdan keçməyən QHT-lərin müdafiəsi" layihəsi çərçivəsində yaranan bu koalisyaya 25 qeyri-hökumət təşkilatı daxildir.
Koalisiyanın əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən QHT-nin hüquqlarını müdafiə etmək, qeydiyyat prosedurunun sadələşdirilməsinə çalışmaq, həmçinin qeyri-hökumət təşkilatları nümayəndələrinin hal-hazırda "Hüquqi şəxslərin dövlət qeydiyyatı və reysteri" haqqında qəbul olunacaq qanun layihəsinin müzakirəsində iştirakını təşkil etmək və ümumilikdə qeydiyyat zamanı yaranan digər maneələrin aradan qaldırılmasına kömək etməkdir.
Qeyd edək ki, bu günə kimi Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayan təşkilatlar koalisiyanın təşəbbüsü ilə nazirliyin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və hərəkətsizliyi ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət ediblər. Bu iddialardan 14-ü vəzifəli şəxslərin hərəkətsizliyi, 11 iddia ərizəsi isə vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlıdır. Vəzifəli şəxslərin hərəkətsizliyindən verilmiş 14 iddia ərizəsindən birinə baxılmış və təmin edilməmişdir. Həmin iddiaçının – "Xaricilərlə işləyən Azərbaycan Vətəndaşlarının Hüquqlarını Qoruyan" İctimai Birlyinin müvafiq sənədləri 22 yanvar 2001-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş, lakin iddia ərizəsi məhkəməyə verilənədək cavab verilməmiş, yalnız məhkəmədə işə baxılarkən 10 iyun 2003-cü il tarixdə nazirlik tərəfindən qanunsuz olaraq rədd cavabı verilmişdir. Məhkəmə isə bu cavabı əsas götürərək iddianı rədd edib. Onu da qeyd edək ki, "Hüquqi şəxslərin Dövlət Qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 2-ci hissəində göstərilir ki, Dövlət Qeydiyyatı orqanı qeydiyyat üçün müraciət edən təşkilata 10 gün müddətində dövlət qeydiyyatı haqqında şəhadətnamə, yaxud dövlət qeydiyyatına alınmadan imtina barədə yazılı məlumat verməlidir.
Bundan əlavə, QHT-lərin qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyinə görə vəzifəli şəxslərin hərəkətsizliyindən 9 iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülməyərək geri qaytarılıb. Məhkəmə bu iddia ərizələrini geri qaytararkən ona əsaslanıb ki, qanunla müəyyən edilmiş iddia müddəti buraxılıb. Vəzifəli şəxslərin hərəkətsizliyinə dair eyni məzmunlu iddia ərizələrindən 4 iddia ərizəsi icraata götürülüb, 1 iddia ərizəsinə isə yuxarıda göstərildiyi kimi baxılıb və təmin olunmayıb. Beləliklə, məhkəmə tərəfindən eyni məzmunlu, eyni motivli 14 iddia ərizəsindən 9-u icraata götürülüb, bunlardan isə yalnız birinə baxılaraq təmin edilməyib.
Qeydiyyatdan Keçməyən QHT-lərin Koalisiyası tərəfindən qeydiyyatdan keçməsinə dair Ədliyyə Nazirliyinin verdiyi qanunsuz imtina cavabları ilə əlaqədar 12 iyun 2003-cü il tarixdə məhkəməyə verilmiş 11 iddia ərizəsinə bu günə kimi baxılıb cavab verilməyib.
Bu qanunsuz imtina cavablarından sonra Qeydiyyatdan Keçməyən QHT-lərin Koalisiyası təşkilatların hüquqlarını bərpa etmək, gələcəkdə bu sahədəki işləri əlaqələndirmək məqsədi ilə digər təşkilat və birliklərlə əməkdaşlıq etmək və birgə mübarizə aparmaq niyyətindədir.
Monitorinqin nəticələri elan olundu.
QHT-lərin qeydiyyatı ilə bağlı yaranan problemlər digər yerli və beynəlxalq təşkilatlar tərəfindən də araşdırılır.
Bu problemlə bağlı ATƏT-in Bakı ofisi, Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin ( ICNL ) Bakı ofisinin və "Tolerans" İnsan Hüquqlarının Müdafiəsi təşkilatının birgə təşəbbüsü ilə monitorinq keçirilib. Monitorinqin nəticələrini ictimaiyyətə çatdırmaq məqsədi ilə keçirilən tədbirdə hüqüqşünas Aslan İsmayılov layihə ilə bağlı geniş məlumat verib. O, monitorinq dövründə Azərbaycanda qeyri-hökumət təşkilatlarının qeydiyyata alınması zamanı bir çox qanun pozuntularının aşkarlandığını bildirib: "Bu gün Azərbaycanda QHT-lərin qeydiyyat vəziyyəti keçmiş sovet məkanındakı ölkələ müqayisədə olduqca pisdir".
Həmin tədbirdə ATƏT-in Bakı ofisinin nümayəndəsi Branislav Soloviç mövzunun çox aktual və vacib məsələ olduğunu və qeyri-hökumət təşkilatlarının qeydiyyat məsələsinin ATƏT-in də diqqət mərkəzində olduğunu deyib: "Burada əsas məsələ QHT-lərin hüquqi status almasıdır. 1990-cı il Kopenhagen sənədinə görə, təşkilatların bu hüququ təmin edilməli".
Daha sonra Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin nümayəndəsi Anar Kazımov monitorinqin nəticələri ilə bağlı məlumat verib. Onun dediyinə görə, monitrinq 2002-ci iln avqustun 28-dən oktyabrın 1-dək "Yeni Musavat" və "Azadlıq" qəzetlərində dərc edilmiş elanlara əsasən 67 təşkilatın təqdim etdiyi sənədlər əsasında aparılıb. Araşdırma-monitorinqin əsas məqsədi Azərbaycanda birləşmək azadlığının mövcud səviyyəsi barədə daha ətraflı bilik əldə etməkdən və ölkədə vətəndaş cəmiyyətinin sərbəst inkişafına əngəl törədən əsas problem və maneələrin müəyyənləşdirilməsindən ibarətdir.
QHT-lərin sənədləri hüquqşünaslar Ənnağı Hacıbəyli və İntiqam Əliyev tərəfindən araşdırılmış və hər bir təşkilat üçün xüsusi rəy hazırlanmışdı.
Hüquqşünas İ.Əliyevin 37 QHT-nin təqdim etdiyi sənədlər əsasında hazırladığı rəyində bildirilir ki, Ədliyyə Nazirliyi dövlət qeydiyyatı ilə əlaqədar müraciət edən təşkilatların 80%-nə cavab verib. Bu cavablarda isə bir çox hallarda qanunvericiliyə istinad düzgün olmayıb. Bundan əlavə, imtina məktublarının təqribən 70 % -i qanunda nəzərdə tutulduğu kimi QHT təmsilçilərinə şəxsən təqdim edilməyib (poçt vasitəsi ilə göndərilib). Sənədlərin təhlili zamanı qeydiyyat üçün əlavə sənədlərin tələb edilməsi (dövlət qeydiyyatı haqqında qanunun 8-ci maddəsinə zidd olaraq), imtina cavabının gecikdirilməsi və s. başqa qanunsuzluqlar da meydana çıxıb.
Digər hüquqşünas Ə.Hacıbəylinin araşdırdığı 30 QHT-nin sənədlərindən isə məlum olur ki, onlardan yalnız 10-na (30%) cavab verilib. Bu cavablardan altısı əsaslı, 4-ü isə əsassız olub. 30 təşkilatdan 20-nin, yəni 66%-nin dövlət qeydiyyatına almaqla əlaqədar müraciətinə nazirlik ümumiyyətlə cavab verməyib. Bu isə Ədliyyə Nazirliyinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" Qanunun 9-cu maddəsini pozması deməkdir.
İctimai birliklərin dövlət qeydiyyatı zamanı yol verilən ciddi qanun pozuntularından biri də süründürməçilikdir. Bundan əlavə, nazirlik tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb olunması, nizamnaməyə əsassız olaraq dəfələrlə irad tutulması, qanunvericilikdə olan boşluqlardan və ziddiyyətlərdən imtina üçün istifadə olunması da qanun pozuntusu kimi qeydə alınıb.
Tədbirdə iştirak edən Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin rəis müavini Sübhi Kazımov bu ilin iyul ayınadək 70 QHT-nin nazirlik tərəfindən qeydiyyata alındığını deyib. Bundan başqa, hər ay təxminən 20 QHT-nin qeydiyyata alındığın deyən S.Kazımov tədbirdə səslənən bəzi fikirlərə də öz münasibətini bildirib: "Ədliyyə Nazirliyi heç zaman qeydiyyat üçün əlavə sənədlər tələb etməyib. Ümumiyyətlə, qeyd edim ki, bəzi təşkilatların təqdim etdiyi sənədlərdə olduqca çox səhvlər olur". Xüsusilə, nizamnamələrdə olan problemlərdən danışan S. Kazımov bəzən burada köçürmələrin də olduğunu bildirib: "Qeydiyyat üçün müraciət edən elə təşkilatlar var ki, onların nizamnaməsi tamamilə başqa bir QHT-nin nizamnaməsinin surətidir".
Nazirliyin nümayəndəsinin dedikləri iştirakçıların ciddi narazılığına səbəb oldu. Qızğın mübahisə və müzakirələrlə keçən tədbirin yekununda isə Azərbaycan Respublikasının prezidentinə, Nazirlər Kabinetinin sədrinə və Ədliyyə Nazirliyinə vətəndaşların birləşmək hüququnu təmin edərək QHT-nin qeydiyyatında olan problemlərə son qoyulması və qeydiyyatın sadələşdirilməsi barədə müraciət qəbul edilib.
Bu gün demokratiyanın ilkin pillələrində olan Azərbaycan üçün vətəndaş cəmiyyətinin vacib meyar olduğunu nəzərə alsaq vətəndaş cəmiyyəti qurucuları olan QHT-lərin qarşılaşdığı problem və maneələri yalnız belə qiymətləndirmək olar: Azərbaycan hökuməti ölkəmizdə vətəndaş cəmiyyətinin və demokratiyanın inkişafını istəmir.
Azərbaycan hökuməti Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və müstəqil QHT-lərə qarşı yürütdüyü siyasəti dəyişməlidir. Ümid edirik ki, parlamentin payız sessiyasında bu məsələyə baxılacaq və QHT-lərin qeydiyyat problemi sadələşdiriləcək.
|