| Cənubi
Qafqaz ölkələrində keçirilən seçkilərdə
beynəlxalq müşahidənin təşkil
olunmasi problemləri |
 |
İVLIAN HAINDRAVA İnkişaf
və Əməkdaşlıq Mərkəzi/Plüralizm
Mərkəzinin direktoru (Gürcüstan) |
Bu yazı müəllifin "SOS-03"
Seçki Liqasının "Prezident seçkilərində
yerli və beynəlxalq müşahidənin effektiv
təşkili" mövzusunda 11 iyun 2003-cü ildə
keçirdiyi beynəlxalq konfransdakı çıxışının
tam mətnidir.
Bəri başdan onu deyim ki, mən bu məruzəmdə
Cənubi Qafqaz ölkələrində keçirilən
seçkilər üzərində ənənəvi
beynəlxalq müşahidə təcrübəsinə
kifayət qədər tənqidi yanaşmağa çalışacam.
Amma anlaşılmazlığa yol verməmək üçün
onu da bildirim ki, bizim ölkələrimizdə keçirilən
seçkilərin nə vaxtsa həqiqi seçkiyə
oxşayıb-oxşamayacağı ilk növbədə
bizlərdən _ Azərbaycan, Ermənistan və Gürcüstan
vətəndaşlarından asılıdır. Hakimiyyət
uğrunda mübarizənin qaydasız savaş deyil,
mövcud qanunlar çərçivəsində aparılan
bir mübarizə olduğu qənaəti kütləvi
halda bütün şüurlarda möhkəmlənməyincə,
nə beynəlxalq müşahidəçilər,
nə də beynəlxalq təşkilatlar bizə
əsaslı şəkildə kömək edə
bilməyəcəklər. Qaydasız savaş nəticəsində
hakimiyyətə gələn insanlar isə ölkəni
heç bir qayda-qanuna məhəl qoymadan, öz istədikləri
və bildikləri kimi idarə edəcəklər.
Belə şəraitdə yaşamağın nə
olduğunu bizlər çox gözəl bilirik.
Amma bununla bərabər, beynəlxalq təşkilatların
və qərb ölkələri hökumətlərinin
dünyanın müxtəlif bölgələrində
keçirilən seçkilərin monitorinqinə sərf
etdikləri vəsaitin (özü də az olmayan vəsaitin!)
müsbət nəticələr əldə etməyə
yardımçı olacağıyla (ən azından,
ziyana işləməyəcə- yilə) bağlı
istəkləri təbii görünür. Bu sahədə,
bizim bölgə də daxil olmaqla bütün dünyada
kifayət qədər böyük təcrübə
toplanılıb. Mənə gəldikdə isə
qeyd edim ki, mən Milli Demokratiya İnstitutunun (NDİ,
ABŞ) nümayəndə heyətinin tərkibində
Ermənistanda (1999-cu il) və Azərbaycanda (2000-ci
il) keçirilən parlament seçkilərinin, Şərqi
Avropa Demokratiya İnstitutunun (İDEE, ABŞ) nümayəndə
heyətinin tərkibində isə Azərbaycanda keçirilən
bələdiyyə seçkilərinin (1999-cu il) gedişini
müşahidə etmiş, postsovet Gürcüstanında
keçirilən bütün seçkilərin bu və
ya digər şəkildə şahidi və iştirakçısı
olmuşam. Eləcə də, mənə həm öz
vətənimdə, həm də xarici ölkələrdə
seçki mövzusuna həsr olunmuş bir çox tədbirdə
iştirak etmək nəsib olub.
Diqqətinizə çatdırım ki,
Plüralizm Mərkəzləri Şəbəkəsinin
ötən ilin sonunda Tbilisidə keçirdiyi seminara
təqdim olunan məruzələr ayrıca kitab şəklində
çap olunub və bu kitabçada Cənubi Qafqaz ölkələrində
keçirilən seçkilərlə, eləcə də
həmin seçkilər üzərində beynəlxalq
müşahidə təcrübəsi ilə bağlı
məsələlər adekvat şəkildə öz
əksini tapıb. Buna görə də, beynəlxalq
müşahidənin format və texnikasına aid məsələlərlə
tanış olmaq üçün bu kitabçanın
müəlliflərinin-Vahid Qazinin, Aydın Acalovun,
Georgi Masalkinin və başqalarının məruzələrinə
müraciət etməyinizi məsləhət görərdim.
Mən isə öz növbəmdə, Cənubi Qafqazda
keçirilən seçkilərdə beynəlxalq iştirakın
(bunu belə adlandırmaq istərdim), mənim fikrimcə,
iki əsaslı problemi üzərində dayanacam.
Seçki prosesi üç əsas mərhələyə
bölünür:
- hazırlıq: seçki qanunvericiliyi, idarəetmənin
təşkili, seçici siyahılarının tərtibi,
namizədlərin irəli sürülməsi və
qeydə alınması, seçki kampaniyası;
- seçkilər: səsvermə və səslərin
sayılması;
- seçki sonrası: yekun nəticələrin elanı,
şikayətlərlə bağlı qərarların
çıxarılması.
Hər bir seçkidə ikinci səs vermə
mərhələsinin əsas və həlledici mərhələ
kimi qəbul olunmasına baxmayaraq, nə qədər
paradoksal görünsə də, Qafqaz gerçəkliyində
seçkilərin nəticəsi seçki prosesinin birinci
və üçüncü mərhələlərində
müəyyənləşir və buna görə
ikinci mərhələ get-gedə daha az əhəmiyyət
kəsb etməyə başlayır. Məğzi etibarilə,
hər şeyi seçki qanununun (Məcəlləsinin)
burda söz açacağım bircə fəsli həll
edir.
Bütün beynəlxalq təşkilatlar
bizim ölkələrdə ənənəvi olaraq
hər dəfə seçkilərin yaxınlaşması
ilə "təmirinə" başlanılan (bu,
özü-özlüyündə düzgün deyil)
seçki qanunvericiliyi ilə məşğul olmağı
çox sevirlər. Amma çoxillik təcrübəyə
baxmayaraq, bu prosesin əslində, qanunvericiliyin təkmilləşdirilməsiylə
çox az əlaqəsi olması faktı hələ
də təkzib edilir: hakimiyyətdə olanlar sərf
edən nəticəni təmin etməkdən ötrü
özləri üçün əlavə imkanlar hazırlayır,
müxalifət isə heç olmasa nəzəri cəhətdən
öz şansını qoruyub saxlaya bilmək üçün
buna qarşı çıxmağa çalışır.
Belə görünür ki, Azərbaycanda qarşıdan
gələn prezident seçkiləri öncəsi əsas
məsələ artıq bu yaxınlarda həll olunub.
Gürcüstan isə, parlament seçkiləri ərəfəsində
Mərkəzi Seçki Komissiyasının (eləcə
də dairə və məntəqə seçki komissiyalarının)
təşkil olunmasının məqbul prinsiplərinin
tapılmaması ucbatından sözün əsl mənasında
siyasi xaosa yuvarlanmaqdadır. Bütün bunların
bir sadə səbəbi var: bu mərhələnin
qalibi heç şübhəsiz seçkilərdə
qələbə qazanmağa "məhkumdur".
Başqa sözlə desək, ən vacib məsələ,
seçicilərin kimə və neçə faiz səs
verməsindən yox, seçkilərin nəticələrini
kimlərin yekunlaşdırmasından ibarətdir.
Bizim ölkələrdə keçirilən seçkilərin
baş qəhrəmanı seçici deyil, seçki
prosesini təşkil edib keçirən idarələrdir.
Yəni, məntəqə seçki komissiyasının
10-15 (əslindəsə, bir-iki) üzvünün
səsi 1000-1500 seçicinin səsindən daha ağır
çəkiyə malikdir. Seçki komissiyalarının
yuxarı pillələrində bu proses eyniylə davam
edir.
 |
Bunun məhz belə olduğunu hamı
yaxşı başa düşür, sadəcə
olaraq heç kəs bu haqda açıq şəkildə
danışmaq istəmir. Belə olan halda isə seçki
qanununun yaxşı və yeni olması şərti
praktik olaraq bütün əhəmiyyətini itirir.
Onsuz da heç kəs bu qanuna əməl etməyə
hazırlaşmır və seçki adminstrasiyasının
(eləcə də sadə seçicilərin) böyük
əksəriyyəti artıq ehtiyac qalmadığı
üçün bu qanun haqqında hətta ən ümumi
təsəvvürə belə malik olmur. Ən vacibi
bircə şeyi bilməkdir: komissiyalar üzərində
nəzarəti kim ələ alacaq. Bundan sonra hamı
sınaqdan keçirilmiş sxem üzrə işləməyə
başlayır və seçkiləri kimin və necə
müşahidə etməsindən asılı olmayaraq
əvvəlcədən gözlənilən nəticələr
əldə edilir. Bu səbəbdən hər dəfə
qərbli mütəxəssislərin seçki qanunvericiliyinə
heç olmasa müəyyən demokratik dəyişiklər
edildiyini bildirərək özlərinə təsəlli
vermələri, onların bu süni optimizmi fonunda
kədərli təbəs- sümdən başqa heç
bir şey doğurmur.
Demək istədiyim odur ki, bizim şəraitdə
Mərkəzi Seçki Komissiyası (eləcə də
aşağı səviyyəli seçki komissiyaları)
nəinki sadəcə siyasi bir institut və de-fakto
mövcud hakimiyyətin tərkib hissəsi, eləcə
də prezident adminstrasiyasının davamı və
faktiki olaraq icraçı partiya orqanıdır (şübhəsiz
ki, burada prezidentin partiyası nəzərdə tutulur).
Öz rəhbərlərinin niyyətlərinə
uyğun olaraq onlar seçki siyahılarını lazım
bildikləri şəkildə kəsib yapışdırır,
seçkilərdə iştirak etmək üçün
partiya və namizədləri qeydiyyata alır və
ya almır, seçki kampaniyasını aparmaq üçün
kiməsə əlverişli şərait, kiməsə
maneələr yaradır, yerli və beynəlxalq müşahidəçilərdən,
jurnalistlərdən bəzilərini akreditə edir,
bəzilərini yox, mövcud olmayan bülletenləri
sayır və ya mövcud bülletenləri qeydə
almır, şikayətləri ya qulaq ardına vurur,
ya da onlarla bağlı haqsız qərarlar çıxarır
və sonda seçicilərin istəyinə deyil, hakimiyyətdə
olanların sifarişinə tam uyğun olan seçki
nəticə- lərini ortaya qoyurlar. Yeri gəlmişkən,
Ermənistan gerçəkliyindən bir məzəli
hadisəni misal çəkim. Əvvəlcə seçki
komissiyası, sonra isə Yerevan məhkəməsi
parlament seçkilərinə qatılmaq istəyən
Armen Karapetyanın namizədliyini, vətəndaşın
ölkədə ən azı beş il yaşaması
vacibliyiylə bağlı müddəaya ca- vab vermədiyini
bəhanə gətirərək qeydə almaqdan imtina
etdi. Gülməli burasıdır ki, həmin şəxs
Karapetyan bundan üç ay əvvəl mövcud qanunvericiliyə
uyğun olaraq seçkilərdə iştirak etmək
üçün namizədin ölkədə ən
azı on il yaşamasının tələb etdiyi
prezident seçkilərinə çox rahat şəkildə
qatıla bilmişdi (təxminən 3% səslə
dördüncü yeri tutmuşdu)1. Bu da sizin üçün
seçki qanunvericiliyinin işləkliyi.
Səsvermə və səslərin sayılması
zamanı baş verən qanun pozuntularından isə
burda danışmayacağam _ onsuz da hamı, daha doğrusu,
bilmək istəyənlərin hamısı hər
şeyi bilir. Təəssüf hissiylə bircə
onu qeyd edim ki, seçkilərin gedişini izləyən
beynəlxalq müşahidəçilərin ilkin və
yekun bəyanatları, nə qədər kəskin
tənqidi mahiyyət daşısalar da son nəticədə
həyasızcasına saxtalaşdırılmış
seçkilərin yerli və beynəlxalq ictimaiyyətin
gözündə qanuniləşdirilməsinə
xidmət edir.
 |
Hər şey tamamlandıqdan sonra, əgər,
ABŞ Dövlət Departamenti kəskin tənqidi
bəyanatla çıxış edirsə, bizim ölkə
prezidentlərimizin bu tip etirafları səslənir:
"Təəssüflər olsun ki, seçkilərin
gedişində bəzi qanun pozuntularına yol verilib,
amma bu qanun pozuntuları seçkinin ümumi mənzərəsinə
təsir göstərməyib" (prezident seçkilərindən
sonra Ermənistan prezidenti2, parlament seçkilərindən3
sonra isə seçkilərdə qalib gəlmiş
partiyanın lideri, baş nazir Markaryan öz fikirlərini
məhz bu cür ifadə etmişdilər). Bu "bəzi
qanun pozuntularına" yol vermiş günahkarlar
isə tapılmırlar. Hər halda, Gürcüstanda
indiyədək seçki adminstrasiyasının bir
nəfər (!) üzvü belə hamı tərəfindən
qəbul olunmuş qanun pozuntularına görə
heç vaxt cəzalandırılmayıb (yerli və
beynəlxalq müşahidəçilərin müəyyən
etdikləri pozuntular bir qırağa, hətta məhkəmə
tərəfindən qeydə alınmış qanun
pozuntularına görə belə). Mənə məlum
olduğu qədər, Azərbaycanda bəzi şəxslərın
simvolik şəkildə cəzalandırılması
sonradan onların xidməti vəzifədə irəliyə
çəkilməsi ilə əvəzlənib. Ermənistanda
bu yaxınlarda keçirilən prezident seçkilərindən
az sonra Köçəryən beynəlxalq müşahidəçilər
tərəfindən qeydə alınmış pozuntularla
bağlı araşdırmaların nəticələrini
on gün ərzində ona təqdim etməli olan xüsusi
işçi qrup yaratmışdı. Amma sözün
düzü, mən şəxsən bu araşdırmaların
nəticələri haqda hələ heç yerdə
heç nə eşitməmişəm. Bir də ki,
bu nəticələri bilmək mənə elə
əvvəlcədən maraqsız idi. Belə ki,
qrup Ədliyyə Nazirliyinin və prezident administrasiyasının
yüksək vəzifəli məmurları tərəfindən
komplektləşdirilmişdi.
Söhbəti uzadıb sizi yormamaq üçün
gəldiyim ilk qənaəti açıqlayıram:
Cənubi Qafqaz ölkələrində keçirilən
seçkilər seçki komissiyalarının təşkili
ilə başlamaq əvəzinə elə bu proseslə
də tamamlanır! İndi də seçkilərin
beynəlxalq müşahidəçilər tərəfindən
qiymətləndirilməsi məsələsinə
nəzər salaq. Başlanğıc üçün
_ MDİ-nin beynəlxalq nümayəndə heyətinin
2003-cü il aprelin 27-də Yəməndə Nümayəndələr
Palatasına keçirilən seçkilərin müşahidəsiylə
bağlı ilkin rəyindən sitatlara diqqət yetirək.
Yekun sənəddə deyilir: "27 apreldə keçirilən
seçkilər demokratiyaya doğru atılmış
daha bir mühüm addımdır". Tanış
formuldur, elə deyilmi? Amma, bunun ardınca oxuyuruq:
"2003-cü ildə keçirilən seçki kampaniyası
ərəfəsində kifayət qədər az zorakılıq
hallarına rast gəlinməsinə baxmayaraq, namizədlərin
qeydə alınması dövründə 7 adam qətlə
yetirilmiş, 40 nəfər yaralanmışdır.
Eləcə də, seçkilərin keçirilməsi
ərəfəsində beş nəfərin yaralanması
ilə nəticələnən 14 atışma hadisəsi
qeydə alınmış və SRAK-ın (Seçkilər
və Referendumlar üzrə Ali Komissiyanın) verdiyi
məlumata görə seçki günü zorakılıq
halları nəticəsində 14 nəfər yaralanmış,
uç nəfər isə qətlə yetirilmişdir".
Ola bilsin ki, doğrudan da bu dəfə zorakılıq
halları əvvəlki seçkilər dövründə
baş verən zorakılıq hallarından daha az
olub. Bəs görəsən, kimsə 10 adamın
ölümünü və onlarla adamın yaralanmasını
"demokratiyaya doğru atılan mühüm addım"
kimi qiymətləndirərkən vicdan əzabı
çəkibmi? Məgər, digər daha uyğun ifadə
formaları tapmaq olmazdımı? Umumiyyətlə,
hər şeyi öz adıyla adlandırmaq, "ağa
ağ, qaraya qara" demək olmazmı? Yoxsa bunun
bizə dəxli yoxdur? Hayderin Azadlıq Partiyası
Avstriyada uğur qazandığına görə bu
ölkədə keçirilən parlament seçkilərinin
Avropa standartlarına uyğun olmadığını
iddia etmək kiminsə ağlına gəldimi?! Və
ya Le Pen ikinci tura çıxdığı- na görə
Fransada keçirilən prezident seçkilərinin pis
təşkil olunduğunu söyləyən tapıldımı?
Eləcə də mən, Gürcüstanda ən
çox ümid bəslənən siyasətçinin
Tbilisi yerli bələdiyyəsinin başçısı
seçildiyinə görə yerli seçkilərin
əla keçdiyini israr edə bilmərəm. Yox,
Avstriyada və Fransada seçkilər yaxşı,
Gürcüstanda isə pis keçirilib. Hətta, hakimiyyətə
kommunistlərin gəldiyi Moldovadan da qat-qat pis keçirilib.
"Sabitlik hər şeydən vacibdir" kimi siyasi,
bəzən də psevdosiyasi anlayışları
üstün tutan beynəlxalq müşahidəçilərin
izlədikləri seçki prosesini qiymətləndirərkən
yumşaqlıq göstərib təhriflərə
yol verməsinə heç cür bəraət qazandırmaq
olmaz. "İrəliyə doğru atılmış
addım", "demokratiyaya doğru daha bir addım"
kimi ifadələrlə sonsuz manipulyasiya nəticəsində
biz Cənubi Qafqazda keçirilən seçkilərin
keyfiyyətinin yüksəlməsi deyil, get-gedə
daha da aşağı düşməsi halıyla
üzləşmişik. Və beynəlxalq müşahidəçilərin
Ermənistanda parlament seçkilərinin yaxşı
keçirilməsi, daha doğrusu, prezident seçkiləri
kimi pis keçirilməməsi ilə bağlı rəyləri
ümumi mənzərəni zərrə qədər
də dəyişmədi. Sadəcə, hakimiyyət
məsələsi artıq həll olunduğuna görə
prezident seçkilərində istifadə olunan arsenalı
parlament seçkilərində işə salmağa
heç bir ehtiyac qalmamışdı. Yuxarıda haqqında
danışdığım topludan bir sitat gətirim:
"... Cənubi Qafqaz ölkələrində artıq
söhbət mövcud hökumətdən daha yaxşısını
seçməkdən yox, vətəndaşların
qarşısında heç bir məsuliyyət daşımayan,
öz mahiyyəti etibarilə qeyri-legitim olan və
yalnız onları hakimiyyətə gətirən
dövlətlər qarşısında məsuliyyət
hiss edən (bu dövlətlər bu gün onları
seçdikləri kimi gələn seçkilərdə
hakimiyyətdən uzaqlaşdıra da biləcəklərini
yaxşı anladıqlarına görə) mövcud
hökumətlərin yenidən seçilməsindən
gedir. Bizim ölkələr üçün vacib olanı
əhalini öz nümayəndələrini hakimiyyət
strukturlarına seçə bilmək imkanının
olmasına inandırmaqdır". Sitatın əvvəlindəki
"artıq" sözünə xüsusi diqqət
yetirin. Əgər köhnə ssenariyə uyğun
daha bir seçki keçirilərsə, bizim xalqlarımız
seçim imkanlarının olmasıyla bağlı
inamlarını birdəfəlik itirəcəklər
(bu prosesin işartıları Gürcüstanda və
Ermənistanda keçirilən prezident, xüsusilə
Ermənistanda keçirilən parlament seçkiləri
zamanı özünü açıq şəkildə
büruzə verdi). Əgər bu cür davam edərsə,
Cənubi Qafqaz ölkələrində hakimiyyət
beynəlxalq təşkilatların və qərb ölkələri
dövlətlərinin, çətin ki, planlarında
olan hamıya məlum digər üsullarla dəyişdiriləcək.
Buradan ikinci qənaət: əgər qafqazsayağı
seçkilərin yeganə bəhrəsi hər dəfə
artan arsızlıq, fəaliyyətsizlik halları,
vətəndaşlarımızın böyük
əksəriyyətində yaranan məyusluq və
ümidsizlik hissləri olacaqsa belə seçkilərin
keçirilməsindənsə keçirilməməsi
yaxşıdır!
İndi də çıxışımı
başladığım məsələyə qayıdım.
Qərb ölkələrindən və beynəlxalq
təşkilatlardan olan müşahidəçilər
bizə eyni dərəcədə həm kömək
edə, həm də etməyə bilərlər.
Yerli spesifikanı bəzən tam mənada dərk
etməməklə, onların hətta bəzi məsələlərdə
bizə maneçilik törədə biləcəkləri
də mümkündür. Amma özümüzün
görməli olduğumuz işləri onlar heç
zaman bizim əvəzimizə görməyəcəklər.
Keçən yaz Ermənistanda həm prezident, həm
parlament seçkiləri, həm də konstitusiyaya dəyişiklərlə
bağlı keçirilən referendum hakimiyyət dəyişikliyi
ilə nətiçələnməsə də, doğurduğu
üç yeniliklə yadda qaldı:
- Yenidən prezident seçilmək üçün
Robert Köçəryana seçkilərin ikinci turunu
keçirmək lazım gəldi. Elə birinci turdaca
qələbəni təmin etməkdən ötrü
ona çatmayan 0,5% səsin arxasında hansı fırıldağın
dayanmasından asılı olmayaraq presetend yarandı
- mövcud prezident seçkilərin birinci turunda "qeyd-şərtsiz"
qələbə qazana bilmədi.
- Konstitusiyaya dəyişikliklərlə bağlı
keçirilən referendum lazımi sayda seçicinin
iştirak etmədiyinə görə baş tutmamış
sayıldı. Üstəlik, referendumda iştirak
edənlər arasında dəyişikliklərin
"lehinə" və "əleyhinə"
səs verənlərin sayı demək olar ki əlli
əlliyə idi. Referendumun ciddi şəkildə
heç kimi maraqlandırmadığını və
bütün qüvvələrin parlament seçkiləri
mübarizəsinə sərf edildiyini bir daha təkrar
etmək də olar, amma, fakt faktlığında
qalır: prezidentin referenduma çıxardığı
dəyişikliklər keçmədi.
- Ermənistan Mərkəzi Seçki Komissiyasının
sədri Ermənistanın qərb demokratiya standartlarına
uyğun seçki keçirməyə hələ
hazır olmadığını etiraf etdi. Yəni
o, "irəliyə doğru addım", "geriyə
doğru addım", "demokratiyaya doğru
addım" kimi ifadələri dilinə gətirib
boşboğazlıq etmədən, faktiki olaraq,
həqiqəti söylədi.
Gəlin, hamımız bir yerdə bu nəticələr
üzərində lazımi səvviyədə düşünək.
Elə, ABŞ-ın Ermənistandakı səfirinin
prezident seçkilərindən sonra verdiyi bəyanat
üzərində də düşünməyə
dəyər. Səfir Con Orduey Vaşinqtonun Ermənistanda
keçirilən prezident seçkilərinin beynəlxalq
standartlara uyğun gəlməməsindən təəssüf
hissi keçirdiyini bir daha bəyan edib. O, ABŞ-ın
seçkidən öncə bu seçkilərin düzgün
istiqamətdə atılan bir addım olacağı
ilə bağlı bəslədiyi ümidlərin
puça çıxdığını və məhz
"təmiz" seçkilərin Ermənistanı
Qarabağ münaqişəsinin məqbul həllinin
tapması prosesində daha əlverişli mövqeyə
çıxara biləcəyini söyləyib. Orduey
daha sonra əlavə edib ki, Birləşmiş Ştatlar
hər hansı bir şəkildəsə Ermənistanı
"cəzalandırmaq" fikrində deyil. Əksinə,
ABŞ prezident Köçəryanla işbirliyini davam
etdirib Ermənistandakı ümumi maraqlarını
qorumaq niyyətindədir".
Çevirəni:
Rövşən Ramizoğlu
ƏDƏBİYYAT:
- Thomas Carothers: The Observers Observed. Journal of Democracy
8.3 (1997) 17-31
- Robert A. Pastor : Mediating Elections. Journal of Democracy
9.1 (1998) 154-163
- Irena Lasota: Sometimes Less Is More. Journal of Democracy
10.4 (1999) 125-128
- Yonhyok Choe, Staffan Darnolf: Free and Fair Elections: What
Do We Mean and Now Can We Measure Them? Parer rresented at the
IPSA XVII Congress, August 16-21 1997, Seoul, Korea
- "Vıborı v qosudarstvax Yujnoqo Kavkaza",
Tbilisi, 2003, Sentr razvitiə i sotrudniçestva - Sentr
plyuralizma.
|