| "Fərdi
azadlıq olmayan yerdə milli azadlıq da ola bilməz" |
 |
| RAMIZ RÖVŞƏN |
Şair Ramiz Rövşənlə söhbətimiz tək şəxsiyyət azadlığı
məsələlərilə deyil, həm də vətəndaşlıq problemlərilə bağlıdır. O,
bizim verdiyimiz bir çox başqa suallara isə özünün "Azərbaycansayağı
hannibalizm və ya hakimiyyət süfrəsi" essesi ilə cavab verdi.
Sual: Səhv etmirəmsə,
əsərləriniz 60-cı illərin ortalarından nəşr olunur. Onların arasında
kommunizmi tərənnüm edən bir şer və ya misraya rast gəlmirik. Bəlkə
çap olunmayanlar arasında belələri var?
R.Rövşən: Əvvəla onu
deyim ki, mənim ilk şerlərim hələ orta məktəbdə oxuyanda, təxminən
50-ci illərin sonları çap olunub. Yazdığım ilk şerin tarix-çəsi
də bir az qəribədi: müəllimə ana dilindən evdə 10 müxtəlif ismə
aid cümlə yazmağı tapşırmışdı. Həmin isimlərə yazdığım o cümlələr
özümdən xəbər-siz qafiyələnmişdi və nəsə şerə oxşar bir şey alınmışdı.
O şeri müəlliməyə göstərdim, çox bəyəndi. Sonra "Pioner" qəzetinə
göndərdi və mənim ilk şerim belə çap olundu. Əgər o 10 ismin arasında
"kommunist" və ya "Lenin" sözü olsaydı mən onu da şerdə işlədəcəkdim.
Xoşbəxtlikdən, bu məsələdə tale məni görünür lap əvvəldən qoruyub.
Mən partiyaya, Leninə şer yazanları ittiham etmirəm. Çünki o vaxt
ideologiya o cür idi. Amma hər şeyi dövrün adına bağlamaq da düz
deyil. Lenindən, partiyadan yazmağa o vaxt heç kəsi məcbur etməyiblər.
Bir də ki, bütün dövrlərdə yazıçının, şairin elə bir haqqı var ki,
bunu onun əlindən almaq mümkün deyil: bu, yazmamaq haqqıdır. Əgər
yalan yazmaq lazımdısa, yazma!
Sual: Sovet "roddomun"da
doğulmaq, uşaq bağçasında böyümək, orta və ali məktəbində təhsil
almaq, idarəsində işləmək və nəhayət, sovet adamı olmamaq çox çətin
bir işdir, bəlkə də bu "havaya" tam yoluxmamaq mümkün deyil.
R. Rövşən: Ümumiyyətlə,
"sovet adamı" anlayışı sovet rejiminin əcaib ifadələrindən biridir.
Biz çox qəribə bir mühitdə böyümüşük. Mən bağçaya getməmişəm, amma
"Lenin baba sağ olsun, dörd tərəfi bağ olsun" misralarını lap körpəlikdən
əzbər bilirdim. Atam öyrətmişdi. Bizim Əmircandakı bala-ca evimizdə
qonaq otağının divarına "Kommunist" qəzetinin palaz boyda bir səhifəsi
vurulmuşdu, atam mənə, ortasında Stalinin böyük şəkli olan o qəzet
səhifəsindəki bütün yazıları (şer, məqalə, təsər-rüfat xəbərləri
və s.) əvvəldən axıracan əzbərlətmişdi. Və bizə qonaq gələndə, mən,
hələ əlifba bilmə- yən 4-5 yaşlı uşaq, ayağımın altına stul qoyub
qalxırdım, o qəzet səhifəsini başdan ayağa cümlə-cümlə oxuyurdum.
O qonaqların heyrətlənməyindən biz, ata-bala xüsusi ləzzət alırdıq.
Mən məktəbə gedən il Stalin öldü və atamı ilk dəfə ağlayan gördüm.
2-3 il sonra Stalini "xalq düşməni" çıxartdılar və atam o qəzet
səhifəsini divardan qopartdı. Onda atam milisdə işləyirdi, məktəbdə
müəllimlərin mənə çox yaxşı münasibəti vardı. Sonra atam işdən çıxdı,
mək-təbdə mənə münasibətin də dəyişdiyini, soyuduğunu hiss elədim.
Yəni mən uşaq olsam da, ətrafımdakı bu reallıqları, münasibətlərdəki
saxtalığı və qeyri-səmimiliyi görə-görə gəlirdim. O vaxt bizim,
müharibədən sonra doğulan uşaqların ən böyük dər-di müharibəni görməməyimiz,
faşistlərlə vuruşmamağımız idi. Təbii ki, bizim ən sevimli məşğuliyyətimiz
"dava-dava" oyunuydu, ən sevimli qəhrəmanlarımız isə Koroğlu, Qaçaq
Nəbi yox, məşhur partizan Mixayloydu. Amma görünür bizim bu "davakar"
nəslimizin taleyinə səngərlərdə döyüşmək yazılmayıbmış. 41-45-ci
il müharibəsi atalarımızın, ondan yarım əsr sonra, 90-cı illərin
əvvəlində başlayan Qarabağ müharibəsi isə balalarımızın qismətinə
düşdü.
Sual: 50-ci illərdən
çap olunmağa başlasanız da, ilk şer kitabınız 1970-ci ildə çıxıb.
Onda sizin 23 yaşınız vardı. Bu mənada özünüzü daha çox hansı nəslə
aid edirsiniz; altmışıncılara, yoxsa yetmişincilərə?..
R. Rövşən: 70-cilər
nəsli şerdə də, nəsrdə də bir çox parlaq istedadlar yetirməsinə
baxmayaraq, ədəbiyyat tariximizdə bir qədər 60-cıların kölgəsində
qalsa da, mən qətiyyən 60-cıların şöhrətinə şərik çıxmağa ehtiyac
duymuram və özümü yetmişincilər nəslinə aid edirəm. 50-ci illərdə
Stalinin ölümüylə "türmə sosializmi" öz ömrünü başa vurdu. 60-cı
il-lər, o türmədən çıxan insanların bu qəfil azadlığın havasından
bir az sərxoş ola-ola, daşlı-kəsəkli, tikanlı-çiçəkli bir yolla
irəliləməsinə bənzəyirdi. Azadlığın bu gözəl və bəxtəvər sərxoşluğu
o vaxt ədəbiyyata gələn cavan qələm sahiblərinin yazılarında da
açıq-aydın duyulurdu. Məncə, bu yol, 68-ci ildə sovet qoşunları
Çexoslovakiyaya soxulandan sonra bataqlığa dirəndi. 1969-cu ildə
Azərbaycanda, bir az sonra Gürcüstanda hakimiyyətə "güclü əllər"
gətirildi, açıq qapılar üzümüzə çırpılıb örtüldü və mənim ilk kitabımın
çap olunduğu 70-ci ildə, əslinə qalsa, bizim ədəbi nəsildən ötrü
azadlığın kitabı bağlandı. Bu mənada, bir məşhur filmin adını yada
salıb, altmışıncılar ədəbi nəslini əgər "Tikanlıqda şərqi deyənlər"
adlandırmaq mümkündüsə, bizi, yetmişincilər nəslini "bataqlıqda
şərqi deyənlər" adlandırmaq olar...
Sual: Haqqında danışdığınız
60-cı, 70-ci illərin bəl-kə də, ən böyük hadisəsi SSRİ-də yaranan
və inkişaf edən dissident hərəkatı idi. Bizdə niyə bu hərəkat özünü
o qədər də göstərə bilməyib. Yaxud belə deyək, ittifaq səviyyəli,
dünyada tanınan dissidentimiz yoxdur.
R. Rövşən: Sualın özündə
bir təəssüf duyulur. Amma olmayanımız üçün təəssüflənməyə dəyməz,
olanımızın qədrini bilsək, bəsimizdi. Bir də ki, mən 70-ci illərdə
Moskvada təhsil alanda bir çox rus dissidentlərini görmüşəm. Onların
arasında sovet rejimiylə ürəkdən barışmayanlar, ruhən dissident
olanlar da vardı, dissidentliyi özü üçün yaşamaq vasitəsinə, həyat
tərzinə çevirənlər də. Təsadüfi deyil ki, o vaxtın bəzi məşhur dissidentləri
sonralar ən qatı kommunistlərə və ya şovinistlərə çevrildilər. Mən
bunu deyəndə təkcə Eduard Limonov kimilərini nəzərdə tutmuram. Yəni,
o dövrün dissident hərəkatı çox rəngarəng idi, o hərəkatın ən aparıcı
fiqurları olan Saxarovla Soljenitsın da bir çox cəhətdən bir-birinə
qətiyyən uyuşmayan adamlar idi. Təəssüf ki, Saxarov SSRİ-nin dağılmasını
görmədi. Amma sovet imperiyasının dağılmasında müstəsna xidməti
olan Soljenitsının qürbətdən qayıdıb ərazisi daralmış, büzüşmüş,
balacalaşmış Rusiyaya ayaq basan kimi, bir vaxt Nobel mükafatı almış
əsərlərində ifşa elədiyi o böyük, "qüdrətli" Rusiyanın xiffətini
çəkə-çəkə qəribə bir imperiya ambisiyasıyla danışması çoxları kimi
məni də təəccübləndirdi.
Amma, başqa bir məşhur dissidenti, 60-cı, 70-ci illərdə Brejnev
hakimiyyətinə qarşı barışmaz mövqe tutub bütün imtiyazlardan imtina
eləyən , 1991-ci ilin avqustunda QKÇP çevrilişi zamanı Moskvada
küçələrə çıxan insanlara qoşulub demokratiyanın müdafiəsinə qalxan
gözəl musiqiçi M. Rastropoviçi 90-cı illərin ortalarında Bakıda,
keçmiş Lenin, indiki Respublika sarayında Stalin və Brejnev məktəbinin
əlaçı şagirdi olan Azərbaycan hökmdarının böyründə dayanıb xoşbəxt-cəsinə
gülümsəyən görəndə mən qətiyyən təəccüb-lənmədim. Görünür, demokratiyanın
siyasi, mənəvi, əxlaqi sərhədləri olduğu kimi coğrafi sərhədləri
də var. Və Moskvada özünə rəva bilmədiyini Bakıda heç bir vicdan
əzabı çəkmədən eləyə bilərsən.
Sual: Keçmiş SSRİ-nin
tanınmış dissidentlərindən biri Vladimir Bukovski deyirdi ki, rus
dissidentləri şəxsi insani azadlıqlar, başqa xalqların nümayəndələri
isə milli suverenlik uğrunda mübarizə aparırdılar.
R. Rövşən: Sovet imperiyasının
bir cəhəti vardı ki, orda çoxluq təşkil eləyən hakim xalq müstəmləkə
xalqlardan qətiyyən yaxşı vəziyyətdə deyildi. Yəni, o dövrdə özümüzü
bədbəxt, rusları xoşbəxt saymağımız, bəlkə də haqsızlıq olardı.
Amma bununla belə, ən miskin küçə sərxoşundan tutmuş ən qabaqcıl
ziyalılarına qədər, bir çox rusun canında bəlkə özlərindən də xəbərsiz
qəribə bir imperiya ambisiyası, ağalıq iddiası vardı və bu iddia
bəzən özlərindən ixtiyarsız bir sözlə, bir hərəkətlə pırtlayıb üzə
çıxırdı.
Ümumiyyətlə, rus xalqı sovet rejimindən nə qə-dər əzab-əziyyət çəksə
də, bu xalqın başının üstündə öz milli varlığını, dilini, mədəniyyətini
itirmək təhlükəsi yox idi. Amma ruslardan fərqli olaraq biz özümüzü
işğal olunmuş sayırdıq, dilimizi, dinimizi, milli kimliyimizi itirməkdən
qorxurduq, eyni zamanda bir xalq kimi ikiyə bölünməyin faciəsini
yaşayırdıq, haçansa birləşməyin, bütövləşməyin həsrətini çəkirdik.
Bu dediklərimin hamısı ədəbiyyatımızda, xüsusən də, poeziyamızda
öz əksini tapırdı və nəsil-nəsil bizdə milli azadlıq ruhunu formalaşdırırdı.
Amma bu da həqiqətdi ki, fərdi azadlıq olmayan yerdə milli azadlıq
ola bilməz.
Sual: 80-cı illərin
sonunda başlayan milli-azadlıq hərəkatı 90-cı illərin əvvəllərində
Azərbaycanın müs-təqillik qazanmasıyla nəticələndi. İndi biz azad
bir ölkənin vətəndaşlarıyıq. Amma insanlarımızın sifətində bu müstəqilliyin,
azadlığın sevinci o qədər də gözə çarpmır...
R. Rövşən: Hətta bir
çoxlarının sifətində sevincdən daha çox peşimançılıq görünür. Təəssüflər
olsun ki, "azadlıq" və "xoşbəxtlik" sözləri bir-birinin sinonimi
deyil. Amma azad olmadan xoşbəxt olmaq qeyri-mümkündü. Yəni, xoşbəxtliyin
yolu azadlıqdan keçir. Və bu gün xoşbəxt olmadığımıza görə bizim
öz müstəqilliyimizdən, azadlığımızdan küsməyə haqqımız yoxdu. Çünki
bir xalq kimi öz azadlığımızı öz xoşbəxtliyimizə çevirə bilmiriksə,
biz yalnız özümüzdən küsə bilərik...
Sual: Bu gün çoxları
azad və müstəqil Azərbaycanda avtoritar rejimin hökm sürməsindən
gileylənir. Bəlkə bizim bir xalq kimi demokratiyaya hələ hazır olmadığımızı
deyənlər haqlıdır?
R.Rövşən: Bütün ölkələrdə
cavanlar üçün müəyyən bir nigah yaşı var; o yaşa çatmayanların evlənməsi
qadağandır. Amma bu dünyada xalqlardan ötrü müəyyən bir demokratiya
yaşı yoxdur. Və hansısa xalqların guya demokratiyaya hazır olmadığını
demək siyasi irqçilikdən başqa bir şey deyil.
Amma məsələ bundadı ki, bizim xalqın demokratiyaya hələ o qədər
də hazır olmadığını daha çox bu gün Azərbaycandakı iqtidar sahibləri
deyir. Onların fikrincə, qərb ölkələrindəki demokratiyanın səviyyəsinə
çatmaq üçün biz uzun bir yol keçməliyik. Və bu yolu keçəcəyimiz
bütün müddət ərzində yəqin onlar bizə rəhbərlik etmək fikrindədilər.
Amma onlar hakimiyyətdə qaldıqca biz heç cür bu yolun sonuna gedib
çata bilməyəcəyik. Çünki bu yolun sonu onların hakimiyyətlərinin
sonu deməkdir.
Müsahibəni apardı:
Vahid Qazi
|