SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№3 ---- Payız|2003
Azərbaycansayağı "hannibalizm"
RAMIZ RÖVŞƏN

Bizdə çoxları hannibalizmi "adamyeyənlik" kimi başa düşür. Hətta lüğətdə də belə yazılıb. Amma hannibalizm təkcə insanlara aid deyil. Əslində, insanqarışıq yer üzündəki bütün canlıların yalnız öz növündən olanları yeməsi hannibalizm sayılır. Yəni, canavar quzunu, ilan qurbağanı, pişik sıçanı yeyirsə, bu çox təbiidi. Amma canavar canavarı, ilan ilanı, pişik pişiyi yesə, bu hannibalizmdi. Və hətta pişik öz balasını çox istədiyindən yesə də, bu, yenə hannibalizmdən başqa bir şey deyil.

Amma hannibalizm təkcə bioloji yox, ideoloji, milli, siyasi, ədəbi və sair formalarda da ola bilər. İrili-xırdalı hər bir dövlətdən və millətdən ötrü hannibalizmin ən qorxulu və faciəli forması, heç şübhəsiz ki, Vətəndaş müharibəsidi.

Azərbaycan xalqı iyirminci əsrdə hannibalizmin sadaladığım və sadalamadığım bir çox növlərini görüb. Son on ildə də, ən azı iki dəfə Vətəndaş müharibəsinin lap qarşısında dayanmışıq, amma qana bulanmış kəndardan içəri ayaq basmamışıq.

Məsəl var ki, şər deməsən xeyir gəlməz.

Bəlkə də, bizi öz aramızda müharibə eləyib bir-birimizi qırmaqdan qoruyan erməniylə müharibə eləməyimizdi. Yəni, bizi Vətəndaş müharibəsindən qoruyan Vətən müharibəsidir. Şəhər və kəndlərimizi viran qoyan, adamlarımızı ev-eşiyindən didərgin salan, bizi yorub gücsüzləşdirən bu müharibəylə yanaşı, hələ bir öz aramızda da ölüm-dirim savaşına çıxmağa sadəcə heyimiz yoxdu.

Ona görə də, neçə illərdi ki, ölkəmizdə Vətəndaş müharibəsi yox, "Vətən+daş" müharibəsi gedir. Yəni, bir yandan etməniylə top-tüfəng davası eləyirik, bir yandan da, bir-birimizlə dalaşmaqla məşğuluq. Siyasətçi siyasətçini, yazıçı yazıçını, müğənni müğənnini daşlayır. Daş atıb bir-birinin başını yarmayanlar da, ən azı bir-birinin bostanına daş atırlar.

(Söhbətin bu yerində qələmi bir balaca saxlamalı oldum. Sözün düzü, belə məsələdən bü cür yarızarafat tonunda danışmaq mənə bir az yersiz göründü.

Deyirlər ki, "Bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır".

Bu mənada, biz yəqin bəşəriyyətdən seçilirik; biz öz keçmişinə gülməyi heç vaxt ağlına gətirməyən, amma bu gününə və hətta gələcəyinə gülməkdən xüsusi zövq alan bir millətik.

Biz yüz illər bundan əvvəl olmuş Babəkin, Şah İsmayılın, Koroğlunun və ya Qaçaq Nəbinin ünvanına deyilən hər hansı ikibaşlı sözü az qala şəxsi təhqir kimi qəbul elədiyimiz halda, hələ bitməmiş, ən ağır döyüşləri bəlkə də qarşıda duran, yanıb xaraba qalmış yurd yerlərinin hələ də tüstünləndiyi, minlərlə əlil cavanlarımızın yaralarının hələ də qan verdiyi, yüzlərlə qız və gəlinlərimizin erməni əsirliyində hər gün alçala-alçala bizim yolumuzu gözlədiyi bu VƏTƏN MÜHARİBƏSİNİ ələ salıb dolamaqla, anekdota çevirməklə məşğuluq.

Nə isə. Burda üç nöqtə qoyub mötərizəni bağlayaq).

İnsan üçün şərəf və ləyaqətin, ailə namusunun, vətən qeyrətinin nə demək olduğunu hamı bilir; hətta şərəf və ləyaqətdən, namus və qeyrətdən kasıb olanlar da.

Amma "peşə namusu" nə deməkdir? Bu suala düzəməlli cavab verməyə yəqin çoxları çətinlik çəkər; o cümlədən, hətta öz peşəsinin ustası olanlar da.

Halbuki, peşə namusunun ən birinci şərti məhz elə öz peşəsinin ustası olmaqdı. Pis şer yazan şairin, pis şəkil çəkən rəssamın, hətta pis paltar tikən dərzinin də, peşə namusundan danışmağa haqqı yoxdu.

Və hər şey azdan çoxa, təkdən cəmə, fərdidən ümumiyə gedirsə, demək öz şərəf və ləyaqətini, ailə namusunu qoruya bilməyən adam vətən qeyrəti də çəkə bilməz.

Bu sözlər eynilə peşə namusunu qoruya bilməyənlərə də aiddi.

Bu adi həqiqəti heç olmasa özünə şair deyənlərin çoxu bilsəydi, vətən haqqında yazılmış ucuz və istedadsız şerlərin sayı bu qədər olmazdı.

Amma bizdə şerin və şairin qiyməti heç vaxt istedadın dərəcəsiylə ölçülməyib.

Yadımdadı, cavanlıqda, bütün qapılar bizim, guya "həlləm-qəlləm yazan şairlərin" üzünə bağlı olanda, bizə təskinlik verənlərin bir məşhur sözü vardı, "İstedadlılara kömək eləmək lazımdı, istedadsızlar onsuz da özləri-özlərinə yol açacaqlar".

Amma o qədər istedadsızın arasındakı tünlükdə, basabasda tək-tük istedadlılara kömək eləmək çox çətin idi.

Və bu istedadsızlar sürüsü o tək-tük istedadlırarı yıxıb, tapdalayıb, onların sınmış qabırğaları üstündən keçib özlərinə yol açırdılar. Hətta imkan olanda, onların axırına çıxmaqdan da çəkinmirdilər.

Bu mənada, ağzı qanlı otuz yeddinci il həm siyasi, həm də ədəbi hannibalizm dövrüydü. Və o dövrdə Cavidi, Müşfiqi, Əhməd Cavadı söyə-söyə ölümə göndərən bir çox qələm yoldaşlarımızın da azca sonra eyni yolu keçib həmin o Ölüm maşınının təkərləri altında məhv olması çox təbiiydi. Çünki onlar təkcə eyni peşədən olan sənət adamları üçün yox, hətta eyni növdən olan bütün canlılar üçün ən vacib sayılan bir keyfiyyəti itirmişdilər; özünü və bir-birini qoruma instinktini.

Bir məşhur lətifəni yadınıza salmaq istəyirəm: Dovşan meşəylə başıalovlu qaçırmış. Soruşurlar ki, nə olub, niyə qaçırsan? Deyir ki, bəs meşəyə qulaqkəsənlər gəlib, dovşanları tuturlar, hansının üç qulağı varsa, kəsirlər. Deyirlər, sən niyə qorxursan? Sənin ki, qulağın ikidi. Qaça-qaça deyir ki, yox, əvvəl kəsib, sonra sayırlar."

Sovet dövrünün sənətkarları haqqında ən yaddaqalan sözü mən yetmişinci illərdə, Moskvada oxuduğum vaxt, müəllimim, dahi rus kinorejissoru Andrey Tarkovskidən eşitmişəm.

Tarkovski deyirdi: "Bizim sənətkarlar istəyirlər ki, hər şeyləri olsun. Gözəl evləri, bağları, pulları, maşınları, qəşəng arvadları, arvadlarından da qəşəng məşuqələri. Hələ üstəlik, istəyirlər ki, istedadları da olsun, əbədi, ölməz əsərlər də yaratsınlar. Amma unudurlar ki, Allah bunların hamısını bir yerdə adama verməz. Nəyinsə xatirinə nədənsə imtina eləməlisən..."

Tarkovskinin dediyi o sənətkarların nəyin xatirinə nədən imtina etdikləri hamıya məlumdu.

Amma sovet rejimi dağılanda o da məlum oldu ki, bu adamların qazandıqlarının da heç dəyəri yoxumuş.

Sovet pulu devalvasiyaya uğrayıb min dəfələrlə qiymətdən düşdü və bu adamların başdan-ayağa yalanla dolu kitablardan, filmlərdən, tamaşalardan qazandığı pullar beləcə öldü. Onların arvadları kasıbçılıq içində qocalıb yaraşıqdan düşdülər. Məşuqələri onları atıb yeni dövrün yeni varlılarına üz tutdular. Və bu qocalmış, istedadsız sənətkarlar, əvvəlki təmtərağını itirmiş köhnə, təmirə möhtac evlərdə, iş görməyə öyrənməmiş pinti və səliqəsiz arvadlarıyla, heç kəsin oxumadığı, özlərindən qabaq ölmüş kitablarıyla baş-başa qaldılar.

İndi boyunlarına alsalar da, almasalar da, sovet rejiminin dağılması Azərbaycanda da bir çox ziyalılar və yazıçılar üçün böyük faciəydi. Çünki bu adamlar ürəklərində sovet hakimiyyətinə elə dərin bir məhəbbət bəsləməsələr də, yenə bütün arzu və ümidləri onunla bağlıydı. Sovet rejiminin dağılması, həm də, bu arzu və ümidlərin puç olması deməkdi. Bütün ömürləri hakimiyyətdən nəsə almaq uğrunda bir-biriylə mübarizə və intriqalarda keçmiş bu adamların ayağının altından sanki birdən-birə yer qaçmışdı.

Sonrakı illərdə tez-tez dəyişən hakimiyyətlərə uyğunlaşmağa macal tapmaq da çətin idi.

Və nəhayət, bu adamların çoxdan tanıdığı və bu adamları çoxdan tanıyan şəxs hakimiyyətə gəldi; bir-birini itələyə-itələyə hakimiyyət süfrəsinin başında özlərinə yer eləyə bilənlərin ağzı dada çatdı.

İndi o adamlara baxanda, mənim yadıma Başqırdıstanın xalq şairi Mustay Kərimin oğlu İlgizin azı iyirmi beş il bundan əvvəlki bir söhbəti düşür. İlgiz danışırdı ki, qırx beşinci iliydi, müharibə təzə qurtarmışdı, aclığıydı. Anam alaçığın böyründə ocaq qalamışdı, bir qazan suyu da qoymuşdu ocağın üstə qaynamağa. Biz uşaqlar da dörd tərəfdən o qazanın böyrünü kəsdirib durmuşduq. Çünki anam o qazana hərəmizdən ötrü bir tikə ət atmışdı, hər tikənin ortasına da sap bağlayıb bir ucunu vermişdi əlimizə. Hər birimiz də öz sapımızın ucundan bərk-bərk yapışıb, qazandakı o ət tikələrinin bişməyini gözləyirdik; hərə öz payına keşik çəkirdi.

Müharibədən sonrakı Başqırdıstanla bugünkü Azərbaycan arasında oxşar cəhətlər yəqin o qədər də çox olmaz, amma nədənsə, bu gün hakimiyyət süfrəsinin başında əyləşən ziyalılarımız, mənə əlində sap, qazanın böyrünü kəsdirib duran o ac-yalavac başqırd uşaqlarını xatırladır.

Bəs sap qırılsa, onda necə?!