SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№3 ---- Payız|2003
SUAL - CAVAB

SUAL:

İstər yerli , istərsə də xarici ictimai təşkilatların Bakı - Tiflis - Ceyhan neft kəmərinə münasibəti birmənalı deyil . Son dövrlər bu layihənin lehinə və əleyhinə çıxış edən QHT - lər müxtəlif beynəlxalq koalisiyalarda birləşirlər . Tərəfdar və əleyhidarlara bölünən bu koalisiyalar bir - birlərini ciddi məsələlərdə ittiham etməklə yanaşı kəmərlə bağlı öz fikirlərini arqumentləşdirmək üçün kifayət qədər məntiqli görünən dəlillər gətirirlər.

Bu sahədə bilgili şəxs kimi Sizin mövqeyiniz necədir ? Siz "döyüş xəttinin" hansı tərəfindəsiz və mövqeyinizi ( Azərbaycan üçün əhəmiyyəti baxımdan ) hansı arqumentlərlə

  1. iqtisadi;
  2. siyasi;
  3. digər

saslandıra bilərsiniz?

CAVABLAR:

HIMAYƏT RIZVANQIZI
Himayədar Humanitar Təşkilatının sədri

Himayədar Humanitar təşkilatı olaraq, biz BTC-yə Beynəlxalq Dəstək və Monitorinq Koalisiyasının sıralarındayıq. "Döyüş xəttinin" məhz bu tərəfini seçməyimizi aşağıdakı arqumentlər şərtləndirib:

  1. Biz bu layihəni mövcud hakimiyyətin deyil, dövlətin və millətin mənafeyinə uyğun layihə kimi qiymətləndirir, hesab edirik ki, dövlət və xalq əbədidir və bir neçə onillik (ən azı 40 il) istismar müddəti olan bu kəmər neft gəlirlərinin əldə edilməsinə yardımçı olacaq.
  2. "Döyüş xətti"nin əks tərəfində mövqe tutanlardan fərqli olaraq, biz bu layihəni əlahiddə bir layihə kimi deyil, "Əsrin Müqaviləsinin" tərkib hissəsi olaraq qəbul edirik. Çünki bu müqavilə irihəcmli neft hasilati ilə yanaşı, istehsal olunan neftin dünya bazarına çıxışını təmin etməyi də nəzərdə tutur. BTC Azərbaycan neftinin ixracını təmin edən ən optimal neft kəməri marşurutudur. Həmçinin, Ceyhandan Rotterdamadək neftin daşınması da Qara dəniz yolu ilə nəzərdə tutulan alternativ variantlarla müqayisədə 2 dəfə ucuz başa gəlir.
  3. K onsersiumun BTC layihəsi üzrə işləri başa çatdırmaq niyyətinin əzmkarlıqla bəyan etdiyi təqdirdə beynəlxalq maliyyə institutlarından kredit alınmasının baş tutmaması digər variantlardan istifadəni daha yüksək faizlərlə, daha əlverişsiz şərtlərlə kreditin alınmasını zəruri edəcək. Bu isə Azərbaycan üçün yüz milyonlarla dollar vəsait itkisi deməkdir.
  4. 3 neft şirkətinin Azərbaycanın payını maliyyələşdirməkdən imtina etdiyi, xarici şirkətlərin ARDNŞ-ə özünü defolt elan etməyi məsləhət bildiyi və ölkədəki siyasi gərginlikdən istifadə edərək Azərbaycanın layihədəki payının daha da azaldılmasına nail olmaq istədiyi indiki şəraitdə BTC-yə QHT-lərin bu dəstəyi maliyyələşmə probleminin həllində təkan ola bilər.

Əgər BTC layihəsinin Azərbaycan üçün aşağıdakı faydaları varsa, deməli onu müdafiə etməyinə dəyər:

  • BTC əsas ixrac kəməri Xəzərin Azərbaycan sektorunda hasil olunacaq karbohidrogen ehtiyatlarını (ildə 50 milyon tonadək) dünya bazarlarına çıxarmaqla neft gəlirlərinin əldə olunmasında infrastrukturun əsas komponenti kimi çıxış edir;
  • Azərbaycan kəmərin istismarından 40 il mənfəət götürəcək. Sazişə əsasən kəmərlə hər barrel neftin nəqli üçün istismar xərcləri də daxil olmaqla 2,58 dollar tranzit haqqı ödəniləcək. Bunun da təqribən 10 faizi xalis gəlir formasında Azərbaycana çatacaq. Bu isə hər tona 1,5 dollar tranzit haqqı deməkdir.
  • Bakı-Ceyhanın tikintisi və istismarından Azərbaycan iqtisadi-sosial baxımdan xeyli faydalanacaq. Ümumi layihənin reallaşmasına sərf olunacaq vəsaitin 15 faizi, yəni 600 milyon dolları Azərbaycandan keçən 443 km uzunluğunda kəmərin çəkilməsinə sərf olunacaq və bunun 1/3-i müxtəlif formada Azərbaycana çatacaq.
  • bp şirkəti artıq bəyan edib ki, kəmər boyu ərazilərdə məskunlaşmış əhaliyə milyonlarla dollarlıq sosial yardım göstəriləcək. 4101 sahibkar üst-üstə 10 milyon dollara yaxın kompensasiya əldə edəcək.
  • Qazaxıstan neftinin bir hissəsinin də Bakı-Ceyhanla daşınacağını nəzərə alsaq əldə olunan gəlirin daha da artacağını proqnozlaşdırmaq olar;
  • Azərbaycanın dünyaya inteqrasiyasını dərinləşdirilməsi;
  • Bölgədə, o cümlədən Azərbaycanda ABŞ və Avropanın strateji maraqlarının təmin edilməsi, bu əsaslarda Rusiya və İranın təsirinin zəiflədilməsi;
  • Qarabağ məsələsinin həlli müstəvisində əlverişli imkanların yaranması;
  • Xəzərin hüquqi statusunun müəyyənləşməsinin sürətlənməsi;
  • Xəzər neftinin Bosfor bağazından yan keçərək ixrac edilməsi. Bu da Bosfor boğazında həddindən artıq tranzit yüklənmədən meydana çıxa biləcək ekoloji təhlükəni azaldır;
  • BTC-nin Ətraf Mühitə və Sosial Sferaya Təsirinin Qiymətləndirilməsi Sənədi işlənilib hazırlanıb;
  • BTC kəmərinin tikintisi beynəlxalq ekoloji tələblərə və standartlara uyğundur.

Mən demək istəmirəm ki, BTC ilə bağlı hər şey çox yaxşıdır, heç bir nöqsan yoxdur və proseslər tamamilə xalqın mənafeyi üzərində qurulub. Xeyr! Mən bilirəm ki, digərlərində olduğu kimi, bu layihədə də korrektəyə ehiyacı olan bir çox məqamlar var. Lakin indi elə bir durum yaranıb ki, bu problemləri daha dərindən bilən yerli QHT-lər bu istiqamətdə ciddi iş görə bilmirlər. Buna isə əslində beynəlxalq QHT-lərin anti-BTC fəaliyyəti imkan vermir. Onlar öz qeyri-konstruktiv fəaliyyətləri ilə nöqsanları daha dərindən bilən və onların aradan qaldırılması uğrunda daha effektiv mübarizəni həyata kecirə biləcək yerli QHT-lərin fəaliyyət imkanlarını məhdudlaşdırırlar. Yəni, əksər yerli QHT-lər bütövlükdə BTC-nin çəkilişini zəruri saydığından nöqsanlar barədə hay-küy salıb anti-BTC-çilərin əlinə əlavə arqumentlər vermək və bununla da layihənin maliyyələşməsinin əngəllənməsinə yardımçı olmaq istəmir. Bunun ziyanını isə hamımızın haqqını müdafiə etməyi öz vəzifəmiz saydığımız xalq-daha doğrusu onun ən kasıb hissəsi çəkir.

Mən hesab edirəm ki, prosesin daha ədalətli olmasınını təmin etməyin ən yaxşı yolu yerli QHT-lərin fəaliyyət imkanlarının genişlənməsinə şərait yaratmaqdır.

MAYIS GÜLALIYEV
Qafqaz QHT Konfederasiyasının prezidenti

Bakı - Tbilisi - Ceyhan neft kəməri adi layihə deyil . Bu nə Bakı -Subsa, nə də Bakı -Novorosiysk kəmərləri ilə müqayisə edilə bilməz. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycandan ildə 50 milyon ton neftin nəql edilməsi iqtisadi cəhətdən əsaslandırılmalıdır. Bu əsaslandırma adətən satılacaq neftdən gələn gəlirlərin pul şəkilində sadalanması ilə qurtarır. Heç kəs qoyulacaq investisiyaların digər sahələrə qoyulacağı təqdirdə nə qədər gəlirin ola biləcəyini və iqtisadiyyatın digər sahələrinə təsirlərin necə olacağını heç yada da salmır (alternativ iqtisadi analiz). Kim bu günə qədər Xəzərdə balıqçılığın inkişaf etdirilməsinə nisbətən neft hasilatının artırılmasının daha iqtisadi səmərəli olmasını təsdiq edib? Kim BTC -nin tikintisinə qoyulacaq investisiyaların qeyri-neft sektoruna qoyulacağı təqdirdə neftdən daha az gəlirin olduğunu sübut edib? Kim 50 -55 ildən sonra neft ehtiyatı Azərbaycanda tükəndikdən sonra Azərbaycanın enerji bohranına düşməyəcəyini elmi cəhətdən sübut edib? Kim Azərbaycanda neft sənayesinin, neft-kimya sənayesinin və digər neft hasilatı ilə bağlı sənaye sahələrinin inkişaf etdirilməsinə nisbətən xam neftin boyük miqdarda (ildə 50-70 mln ton) ixrac edilməsinin sərfəli olduğunu əsaslandırıb? Belə əsaslandırmalar varmı? Məsuliyyətlə deyə bilərəm ki, yoxdur! Biz tələb edirik ki, nəinsə xatirinə, xalq malının talan edilməsinə soyuqqanlı olmayın! Hərə bir səbəbə görə transmilli şirkətlərdən çəkinir, həqiqəti deməkdən qorxurlar. Hanı bizim ziyalıların vətənpərvərliyi, hanı müxalifət partiyalarının xalq malının talan edilməsinə rəvac vermiş iqtidardan fərqi?

İkincisi, bu layihənin iqtisadi deyil siyasi əhəmiyyəti haqqında ağız dolusu danışanlar dərk etməlidirlər ki, bu layihə doğrudan da güçlü siyasi xarakterlidir. Lakin bu siyasi addım Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil, əksinə Azərbaycanın nəinki qonşu ölkələrlə əlaqəsinin zəifləməsinə, hətta onlardan iqtisadi asılılığa gətirib çıxaracaq. Regionda sabitliyə əks təsir göstərəcək. Kim düşünürsə ki, bu layihə həyata keçiriləndən sonra Qarabağ problemi Azərbaycanın xeyrinə həll ediləcək, o, nəinki sadəlöhv düşünür, hətta bu düşüncə ilə gələcək nəsillər qarşısında məsuliyyət daşıyır. Mən rəsmi olaraq bəyan edirəm: BTC layihəsi həyata keçirilərsə Qarabağın Ermənistana birləşdirilməsi, ya da müstəqil respublika kimi Azərbaycanın tərkibindən çıxması hüquqi cəhətdən həll ediləcəkdir. Bunu siyasi liderlərin demək olar ki, hamısı yaxşı bilir, lakin vətəndaş iradəsi və hakimiyyət hərisliyi onlara imkan vermir ki, bu həqiqəti dillərinə gətirsinlər. Bu layihənin reallaşacağı təqdirdə, borunun rentabelliyini təmin etmək üçün BP-nin regionda fəallaşması daha da güclənəcək. Qazaxıstana təsirlər güclənə bilər, bu layihəyə qoşulmayacağı halda Qazaxıstanın və regiondakı digər respublikaların, o cümlədən Türkmənistanın "cəzalandırılması" ola bilər və s. Məgər bütün bunlar regionda sabitliyə aparır? Əlbəttə, yox! Azərbaycanda insan azadlıqlarının, demokratiyanın hər addımda tapdandığı bir siyasi şəraitin yaranması bu gün BP-nin və digər transmilli şirkətlərin ürəyincədir. Onlar yeni demokratik qüvvələrin hakimiyyətə gəlməsində qətiyyən maraqlı deyillər. Onlar nəinki demokratik seçkilərin keçirilməsi üçün şəraitin yaradılmasında maraqlı deyildirlər, əksinə onların regiondan aparacaqları gəlirlərin daha da artmasını təmin edə biləcək bu günkü rejimin möhkəmlənməsini, anti-demokratik fəaliyyətini dəstəkləyəcəklər. Bu gün bütün müxalifət qüvvələri, Azərbaycan ziyallılırı Azərbaycandan küllü miqdarda gəlir aparmağı planlaşdıran BP və digər şirkətlər qarşısında, onlara maliyyə yardımı göstərən və göstərmək istəyən maliyyə qurumları qarşısında müəyyən şərtlər qoymalıdırlar. Azərbaycanın yeraltı sərvəti yalnız xalqa məxsusdur. Əgər bu günkü rejim şəraitində gələn gəlirlər xalqa çatmırsa, deməli, bu rejim dəyişməli və elə bir rejim yaradılmalıdır ki, xalq bu gəlirlərdən istifadə edə bilsin. Bu layihə və digər neft kontraktları o vaxt yaxşı sayıla bilər ki, onlar əhalinin geniş kütləsi arasında müzakirə olunsun, elmi əsaslarla araşdırılsın, Azərbaycan vətəndaşlarının, gələcək nəsillərin, hər bir vətəndaşın maraqlarını nəzərə alsın.

Odur ki, biz BTC-yə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə, ərazi bütövlüyünə, qonşu ölkələrlə sülh və dostluq şəraitində mövcudluğuna təhlükə kimi baxırıq və sadaladığımız problemlər həll olunmayacağı vaxta qədər onun təxirə salınmasını tələb edirik.

MIRVARI QƏHRAMANLI
Neftçi Qadınların Hüquqlarını Müdafiə Komitəsinin sədri

Biz heç bir koalisiyaya daxil deyirik. Bir müstəqil QHT kimi komitənin BTC ixrac boru kəmərinə öz baxışı var. Biz ailənin yox, xalqın öz sərvətindən bəhrələnməsi üçün aşağıdakı amillərə daha üstünlük veririk:

  • BTC ixrac boru kəməri iqtisadi cəhətdən səmərəli deyil və xalq bu kəmərdən heç bir fayda götürməyəcək və qələcək nəsillər illərlə borc qaytaracaq
  • Ölkədə istehsal olunan xam neftin müəyyən bir hissəsi ölkənin daxili təlabatına sərf olunmalıdır. Beləki, illik istehsal qücü 20 milyon ton neft olan iki neftayırma zavodu indi 5 milyon ton neft emal edir. Bu isə əvvəlkindən dəfələrlə az neft məhsulları, qaz və işçi qüvvəsi deməkdir
  • Kəmərin neft nəql etmə qücü ildə 50 milyon ton neftə hesablanıb. Deməli kəmərin tam doldurulması daima keyfiyyətsiz Qazaxıstan neftindən asılı olacaq
  • Kəmər Qarabağ probleminin həllinə kömək etmir, əksinə Gürcüstan ərazisində ermənilərin kompakt yaşadığı ərazidən keçdiyi üçün Azərbaycan ərazisində dəfələrlə terror aktı həyata keçirmiş ermənilərin terror təxribatı burada da mümkündür
  • BTC ixrac boru kəməri Azərbaycan xalqı üçün yalnız siyasi cəhətdən önəm kəsb edirdi. Son vaxtlar ölkədə və beynəlxalq aləmdə baş verən hadisələr artıq bu fikri də zəiflətməyə başlayıb.

SABIT BAĞIROV
Bazar İqtisadiyyatı və Sahibkarlığın İnkişafına Yardım Fondunun prezidenti

Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinə münasibət heç vaxt birmənalı olmayıb. Azərbaycanın həm daxilində, həm də xaricində biz on il ərzində müxtəlif rəylərin şahidi olmuşuq.

2002-ci ilin ortalarına qədər bu marşrutun əleyhinə davamlı olaraq bəzi qonşu dövlətlər və bir neçə neft şirkəti çıxış edirdi. Bunlar Azərbaycan neftinin digər marşrutla ixrac edilməsi məqsədilə hər vasitə ilə Azərbaycan hökumətinə təsir etməyə çalışıblar. Hətta ABŞ-ın özündə belə BTC-yə qarşı güclü qruplar var ki, onlar hələ də öz anti-BTC fəaliyyətlərini dayandırmayıblar. Misal üçün, ABŞ-dakı erməni təşkilatlarının bəziləri ABŞ Konqresində BTC-nin əleyhinə olan konqresmenlərdən ibarət xüsusi qrup da yarada biliblər.

BTC marşrutu seçildikdən sonra həmin qüvvələr ön plandan arxaya keçib bəzi tanınmış beynəlxalq antiqlobalist, ekoloji və insan haqqlarını müdafiə edən təşkilatların diqqətini bu layihəyə qarşı yönəldə bilmişlər.

Əslində, beynəlxalq aləmdə rəğbət qazanmış bu təşkilatlar üçün fərq etmir ki, onlar Azərbaycanda, yaxud dünyanın hər hansı başqa yerində bu və ya digər irimiqyaslı layihənin ekoloji və digər aspektlərdən təhlükəsizliyini nəzərdən keçirsinlər. Dünyada eyni anda yüzlərlə nəhəng işlər görülür ki, bunların hamısına beynəlxalq QHT-lərın nəzarət etmək gücü qətiyyən yetərsizdir.

Baxın, hər il dünyada yüz minlərlə avtomobil, minlərlə təyyarə istehsal edən bir neçə nəhəng şirkətlər mövcuddur. Bu şirkətlərin fəaliyyəti nəticəsində ekologiyaya vurulan gündəlik real zərər bizim boru kəmərimizin fərz edilən ekoloji zərərindən müqayisə edilməz dərəcədə böyükdür. Kimsə tələb edirmi ki, bu şirkətlərin fəaliyyəti dayandırılsın ? Və ya deyək son iki ildə regionumuzda istismara verilən Tengiz-Novorossiysk neft boru kəməri və Qara dənizin dibi ilə, 2000 metrlik dərinlikdə çəkilmiş Rusiya-Türkiyə "Mavi axın" qaz boru kəmərinə biz bu gün Bakı-Tbilisi-Ceyhan kəmərinə qarşı şiddətlikdə beynəlxalq QHT-lərin fəaliyyətini müşahidə etmirik. Amma bəzi QHT-lər BTC-yə moratori qoyulması çağırışı ilə dünya maliyyə institutlarına müraciətlər edirlər. Bu müraciətlərin nəticəsi olaraq BTC-nin inşası üçün lazımi maliyyə resurslarının alınması çətinləşə bilər. Bu isə o deməkdir ki, digər mənbələrdən alınan maliyyə resursları daha baha başa gələcək və nəticədə kim bu əlavə xərcləri ödəyəcək? Azərbaycan xalqı.

BTC-nin ölkəmizin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, fikrimcə, Azərbaycan QHT-ləri dünya maliyyə qurumlarına BTC-ni dəstəklədiklərini nümayiş etdirməlidirlər. BP şirkətini deyil, BTC kəmərini dəstəklədiklərini. Bu kəmər ilk növbədə bizim kəmərdir. BP isə onu gerçəkləşdirən şirkətdir. Təbii ki, şirkətin də marağı az deyil. Lakin şirkətin dünyanın müxtəlif yerlərində bir çox digər layihələri də var, bizim isə gələcək rifahımız ilk növbədə bu kəmərə bağlıdır.

İnkişafımızı təmin edə biləcək Azərbaycanın əsas resurslarından biri, Allahdan bizə bəxş edilən neftdir. Lakin neft yalnız vasitədir. Bu vasitədən ağıllı istifadə etmək həm hökumətimizin, həm də QHT-lərimizin tarixi məsuliyyətidir. QHT-lərə dair bu məsuliyyət, fikrimcə ondan ibarətdir ki, BTC-ni dəstəkləməklə yanaşı onun inşası üzərində çox ciddi monitorinq aparsınlar. Ona çalışmalıyıq ki, ətraf mühitə mümkün qədər az zərər dəysin, tarixi abidələrimiz qorunub saxlanılsın, boru kəməri çəkilən ərazilərdə yaşayanların hüquqları pozulmasın, onların sosial durumu yaxşılaşsın. Və bir də ona çalışmalıyıq ki, boru kəməri inşa edilərkən əsassız xərclərə, oğurluğa, korrupsiyaya yol verilməsin, işlər tam şəffaflıqla aparılsın. Nəzərə almalıyıq ki, hər artıq xərclənən manat bizim müştərək manatımızdır.

SAMIR İSAYEV
"Ecolex" Ekoloji Hüquq Mərkəzi

Mən sualı yalnız Bakı-Tbilisi-Ceyhan layihəsi ilə məhdudlaşdırmazdım. Neft kəmərinə ona paralel olaraq çəkilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə birlikdə baxıldıqda, bu iki kəmərin tikintisi Avropada karbohidrogenlərin hasilatı və daşınması sahəsində son dövrdə ən iri layihələrdəndir və istər geosiyasi, istərsə də iqtisadi baxımdan dünyanın müxtəlif qüvvələri tərəfindən birmənalı qarşılanmır.

Dünya dövlətlərinin siyasətlərinin və həmin ölkələrdəki ictimai fikrin formalaşmasfında transmilli korporasiyaların rolunu danan şəxsi sadəcə olaraq ciddi qəbul etmək özü ciddi məsələyə qeyri-ciddi münasibətdir.

Bu gün bir boru kəmərinin çəkilməsi nəticəsində regiondakı üç ölkənin mədəni irsinə, əhalisinin sosial, iqtisadi və siyasi hüquqlarına sağalmaz zərbə vurulucağını bəyan edən okeanın o tayındakı ictimaiyyətçi həmkarlarımızın səsini İraqda müqəddəs müsəlman abidələri dağılanda və əcnəbi hərbiçiləri tərəfindən tar-mar ediləndə niyə eşitmədik? İraqa atılan və ətraf mühitə ciddi zərbə vura bilən sursatlardan istifadə qadağan edilənədək müharibədə iştirak edən dövlətlərə münasibət bildirmək barədə beynəlxalq maliyyə qürumlarına müraciətləri niyə görmədik? Dağlıq Qarabağda təbii sərvətlərin talan edilməsi barədə Azərbaycan rəsmilərinin və ictimai birliklərinin dünyanın müxtəlif forumlarındakı bəyanatları bu qürumlar tərəfindən niyə belə həvəslə dəstəklənmir? Bu kimi yüzlərlə sual qoymaq olar. Bu məsələnin bir tərəfi.

Digər tərəfdən "kim bizimlə deyil o bizim düşmənimizdir" kommunist ideologiyası ilə tərbiyyələnmiş Azərbaycan rəsmilərinin və ictimaiyyət nümayəndələrinin də beynəlxalq təşkilatların BTC-yə münasibətinə reaksiyasını başa düşmək olar. Lakin yazılan və yazılmayan müəyyən beynəlxalq normalar da vardır ki, demokratik dövlət və cəmiyyət formalaşdırmaq istəyirsənsə, onlara əməl etməyə çalışmalısan. Belə ki, beynəlxalq QHT-lərin problem olaraq qaldırdıqları məsələni biz özümüz hökumət və ictimaiyyətin birgə səyi və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların iştirakı ilə araşdırıb toplanmış informasiyanın şəffaflığını təmin edə bilməzdikmi? Təxminən il yarım əvvəl biz bu məsələləri qaldıranda "saxta vətənpərvərliyin" təzahürü ilə qarşılaşmışdıq. Nəhayət gec də olsa Azərbaycan QHT-ləri belə bir monitorinq keçirdilər və topladığı informasiyanı yaydılar. Bunun nəyi pisdir ?

Rusiyaya kortəbii bağlı olan şəxslərdən başqa mən Azərbaycanda BTC-nin Azərbaycan üçün əhəmiyyətini şübhə altına qoyan şəxsləri görməmişəm. Cəmiyyət bütövlükdə bu layihənin əhəmiyyətini başa düşür və onu dəstəkləyir. BT C bir zərurətdir. Mən onun iqtisadi əhəmiyətini şişirtmək istəməzdim. Çünki neft kəmərinin Azərbaycan iqtisadiyyatına verəcəyi mənfəət nəql olunacaq neftin qiymətindən və miqdarından asılıdır. Bunun isə dəqiq proqnozunu heç kim verə bilməz və əksər hallarda rəsmilər tərəfindən açıqlanan rəqəmlər ən yüksək qiymətlə maksimum neft hasilatı və nəqlinə əsaslanır. Bir az realist olsaq yaxşı olar. Çünki neftimizin tam sahibi, nə də BTC ilə nəql olunacaq neftin alıcısı biz deyilik. Digər tərəfdən də neft gəlirlərinin toplanacağı Neft fondunun özü və gəlirlərin xərclənməsi ilə əlaqədar hökümətin münasibəti Azərbaycan ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmır.

Neft kəmərlərinin ətraf mühitə vuracağı zərərin də şişirdilməsinin tərəfdarı deyiləm. Dünya neft hasilatı təcrübəsinə görə neftin boru kəməri ilə daşınması ən az təhlukəli nəql yoludur.

BTC-nin Qobustan tarixi-arxeoloji qoruğun ərazisindən keçməsi nəticəsində mədəniyyət abidələrimizə zərər vurulacağı ehtimalı vardır, lakin məhz bu riski azaltmaq üçün alim və mutəxəssislərimizin həmin ərazidə tədqiqatlar aparmasına da şərait yaranır. Xaricilər bilmir, biz axı bilirik ki, Bakı-Supsa kəmərinin çəkilməsi ilə əlaqədar aparılan ilkin arxeoloji tədqiqatlar zamanı kəmər boyunca neçə yeni tarixi abidə kəşf olunmuşdu. Ümumiyyətlə, mən son iki ildən artıq müddət ərzində BTC ilə bağlı məsələlərin beynəlxalq səviyyələrdə müzakirəsində fəal iştirak edən şəxs kimi bu gün bu kəmərin ətrafında beynəlxalq QHT-lərin yaratdıqları səs-küyün əsasının cəmiyyətinin kifayət qədər açıq olmamasında, əhalinin lazımi səviyyədə məlumatlandırılması işinə yalnız beynəlxalq qurumların təzyiqindən sonra başlanmasında, yerli QHT-lərin layihə üzrə fəaliyyətin monitorinqi işinə cəlb edilməməsində və s. görürəm. Mənə elə gəlir ki, BTC ilə əlaqədar cəmiyyəti müxtəlif rənglərə ayırmaqdansa, onu şəffaflaşdırsaq daha yaxşı olar. Bizim əsas problemimiz budur.

REDAKSİYADAN: Bu dəfəki "Sual-Cavab" rubrikasını Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisinə həsr etməyimiz təsadüfi deyil. Son vaxtlar həm bu kəmərin tikintisinə, həm də BTC-nin operatoru BP şirkətinə qarşı ciddi ittihamlar irəli sürülür. BTC-nin əleyhinə çıxan və eyni zamanda onu dəstəkləyən beynəlxalq ictimai koalisiyalar yaradılır. Fikrimizcə, on ildən artıq müddətdə xalqın böyük inam və ümidlə gözlədiyi tarixi tikintiyə qarşı irəli sürülən bütün ittihamlar və açıq suallar cavablandırılmalıdır. Tərəflər arasında geniş ictimaiyyətin iştirakı ilə canlı debatlar təşkil olunmalıdır. Mövzuya qayıdacağıq.