| Düşmənimizin düşməni, xalqımızınsa dostu |
 |
| Gənc alim Fuad Hüseynzadə tanınmış amerikalı alim Tadeuş Svyataxovskinin tədqiqatçısıdır. Onun jurnalımızın Redaksiya Heyətinin üzvü, görkəmli türkoloq barəsində göndərdiyi məktubu dərc edirik. |
Tadeuş Svyataxovski: "Corc
Vaşinqton Amerika üçün kimdirsə,
M.Ə.Rəsulzadə də Azərbaycan
üçün həmin şəxsiyyətdir".
ABŞ-ın Monmaus Universitetinin professoru T. Svyataxovski türk dünyası ölkələrinin problemləriylə bağlı ölkəmizdə keçirilən beynəlxalq konfransda iştirak etmək üçün növbəti dəfə Bakıya gəlmişdi. Bu, "III Sektor"un Redaksiya Heyətinin üzvü olduqdan sonra onun Azərbaycana ilk səfəri idi. Bütün dünyada türkoloq alim kimi tanınan T. Svyataxovski Amerikada yaşasa da əksər türk ölkələrinin milli adət-ənənələrinin, tanınmış türk xadimlərinin, xüsusən də Cənubi Qafqaz ölkələrinin geopolitik durumunun tədqiqatcısıdır.
T.Svyataxovski türk dünyasında tanınmış ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və lideri M.Ə.Rəsulzadənin demokratik və milli azadlıq hərəkatı uğrundakı mübarizəsini yüksək qiymətləndirmişdir. Bu dəfəki qısa görüşdə də elə ondan söhbət düşdü: "Mən onun əslən polyak olan ikinci həyat yoldaşı Vanda xanımı tanıyırdım. Onu Ankarada görmüşdüm. Yaşlı qadın idi və özünü xəstə olduğundan çox narahat hiss edirdi. Yaşayış şəraiti də çox pis idi. Mən ondan xahiş etdim ki, öz həyat yoldaşı haqqında danışsın. O dedi ki, özünü pis hiss edir, mümkünsə başqa vaxt görüşək. Amma bu mümkün olmadı, bir neçə gün sonra o vəfat etdi".
Professorun fikrincə öz ölkəsindən kənarda yaşasa da M.Ə.Rəsulzadə Azərbaycan xalqı üçün çox vacib adam idi: "Azərbaycan xalqı onu öz atası kimi yadda saxlamalıdır. O, İran inqilabında iştirak edərkən özünü güneyli, sonra, buradakı tarixi hadisələr dövründə isə özünü qüzey azərbaycanlı sayırdı. Çox intillektual və bilikli adam idi. O, böyük bir kütləni öz arxasınca aparan lider olub. Yenə deyirəm onu yaddan çıxarmaq olmaz".
Ermənilərin türklərə qarşı apardıqları tarixi düşmənçiliyi, Azərbaycan ərazilərini işğal və Türkiyə torpaqlarına iddia etməsi, onların Qarabağda törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə öz səsiylə yayanlardan biri də professor T. Svyataxovskidir. Hətta buna görə erməni lobbisinin nümayəndələri onu təqib edərək məruz qoyub öldürmək də istəyiblər, amma buna nail ola bilməyiblər. Belə xidmətlərinə görə də bu cür türkpərəst alimi "düşmənimizin düşməni, xalqımızınsa dostu" adlandırmaq olar.
Fuad Hüseynzadə
|