SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№3 ---- Payız|2003

Yerli qht-lərin seçkilərdə iştirak (həm də başqa) problemləri

ZÜLFIYYƏ ƏLIYEVA

Ölkə növbəti prezident seçkisi ərəfəsindədir. Azərbaycan üçün tarixi önəm daşıyan bu prosesin ədalətli keçməsinə çalışan vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti artıq yeni mərhələyə qədəm qoyub.

Ölkə vətəndaşlarının seçkidə fəal iştirakının təmin olunması seçki və insan haqları məsələləri üzrə ixtisaslaşmış çoxsaylı qeyri-hökumət təşkilatlarının fəaliyyətinin prioritet istiqamətlərindəndir. Etiraf etmək lazımdır ki, ötən illərin seçki təcrübəsində inamı və etibar limiti tükənmiş seçiciləri yenidən fəallaşdırmaq heç də asan məsələ deyil. Başqa tərəfdən, müstəqil mətbuatın seçki maarifçiliyinə maraq göstərmədiyi şəraitdə bu məsələdə QHT-lərin üzərinə daha böyük məsuliyyət düşür. Seçki saxtakarlıqlarının qarşısının alınması kimi çətin bir problemi də nəzərə alsaq, QHT-lərin nə qədər ağır yükün altına girməli olduqları daha aydın görünür. İndi QHT-lərin başlıca vəzifəsi qarşıdakı prezident seçkisinin demokratik keçirilməsinə yardımçı olmaqdır. QHT-lər bu və ya digər formada ölkədə siyasi proseslərin sağlamlaşdırılması və gərginliyin yatırılmasında da iştirak etməlidirlər. Amma ölkədə QHT sektorunun yenicə formalaşması, onların özlərinin fəaliyyətindəki çoxsaylı problemlər səbəbindən QHT sektorunun seçki proseslərinə təsiri arzuolunan səviyyədə deyil. İstənidən halda, QHT-lərin effektli fəaliyyətindən çəkinən hakimiyyətin onların inkişafına ciddi maneələr törətməsi kimi ciddi amili də nəzərdən qaçırmaq olmaz. Məsələn, statistikaya görə, hazırda ölkədə 2000-dən artıq QHT olduğu halda, onların 1000-ə yaxını qeydiyyatdan keçməyib və müvafiq qurumlar buna açıq şəkildə əngəl törədirlər. Qeydiyyatdan keçən və keçməyən QHT-lərdən 50-yə yaxını isə seçki məsələləri ilə məşğul olur. Təxminən 10 qeyri-hökumət təşkilatının fəaliyyəti sırf seçki məsələləri üzrə formalaşıb, yerdə qalanları isə öz fəaliyyətinin yalnız bir istiqamətini seçki məsələlərinə ayırırlar.

QHT-lərin böyük qismi isə fəaliyyətini koordinasiya edilmiş şəkildə qurmağa üstünlük verir. Ümumiyyətlə, seçki prosesləri zamanı QHT-lərin bir araya gəlməsinin mühüm əhəmiyyəti var. Hazırkı vaxtda QHT-lərin birgə işləməsinə daha çox ehtiyac duyulur. Azərbaycanda bir neçə belə QHT birliyi mövcuddur. Məsələn, 1999-cu ildə QHT Konqresi yaradılıb və artıq burada 100-ə yaxın təşkilat birləşir. 2002-ci il dekabrında 6 QHT-nin təsisçiliyilə "SOS-2003" Seçki Liqası yaradılıb. 2001-ci ilin iyulunda isə QHT-lərin Seçki Monitorinq Mərkəzi təsis edilib. Bu ictimai koalisiyada 13 QHT birgə fəaliyyət göstərir. Milli Qeyri-Hökumət Təşkilatları Forumunda da onlarla təşkilat birləşib. Birgə işləməyə qərar verən QHT-lərin əksəriyyəti artıq seçkilərin müşahidəsi, səslərin paralel hesablanması ilə bağlı bir araya gəliblər. Amma heç də bütün QHT-lər belə koordinasiyaya təşəbbüs göstərmir. Çünki mütəxəssislərin fikrincə, müxtəlif qütblü siyasi qüvvələr QHT-lərin seçki ilə bağlı fəaliyyətinin əlaqələndirilməsində maraqlı deyillər və ona görə də bu istiqamətdə təşəbbüsləri əngəlləyirlər.

Yeri gəlmişkən, QHT-lərin qarşıdakı prezident seçkisində iştirakı Seçkilər Məcəlləsi, "Qeyri-Hökumət Təşkilatları haqqında" və "İctimai Birliklər haqqında" qanunlarla tənzimlənir. Seçkilər Məcəlləsinə görə, QHT-lər bu prosesdə yalnız müşahidəçi qismində iştirak edə bilərlər. QHT-lər ayrı-ayrı namizədlərin əleyhinə, yaxud lehinə təbliğat kampaniyasında iştirak edə bilməz. QHT-lər namizədlərin irəli sürülməsi prosesinə də qatıla bilməz. Onların nümayəndələri seçki komissiyalarında subyekt kimi təmsil oluna bilərlər. Seçki prosesi ilə məşğul olan QHT-lərin artıq iyun ayından başlayaraq, seçicilərin fəallığının və seçki hüququ sahəsində maarifçiliyin artırılması istiqamətində tədbirləri start götürüb. Bir sıra QHT-lər bölgələrdə bu yöndə işləri hələ ilin əvvəlindən başlayıb. Sırf seçki məsələləri üzrə fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəz (VCU) iyul ayında siyasi partiyalar üçün 4 seminar keçirib. Bu seminarlarda 6 partiyadan təxminən 100 nəfər iştirak edib. Lakin iyul ayı partiyaların imzatoplama kampaniyası dövrünə təsadüf etdiyi üçün onların bu tipli tədbirlərdə iştirakı gözlənilən nəticəni verməyib. QHT-lərin iyun-iyul aylarında həyata keçirdiyi tədbirlərin arasında beynəlxalq tədbirlər də diqqəti cəlb edir. Misal üçün, iyunun 15-17-də Vətəndaş Cəmiyyəti Uğrunda mərkəz beynəlxalq konfrans keçirib. "SOS-03" Seçki Liqası iyun ayının 11-də "Prezident seçkilərində yerli və beynəlxalq müşahidənin effektli təşkili problemləri" mövzusunda beynəlxalq konfrans təşkil edib. QHT-lərin ikinci böyük tədbiri paytaxtda və bölgələrdə forumların təşkil edilməsidir. "SOS-03" Seçki Liqası artıq 8 regionda (Yevlax, Qazax, Zaqatala, İmişli, Masallı, Xaçmaz, Gəncə və Naxçıvan) ictimai forumlar keçirib. Adı çəkilən regionlarda hər birində 50-60 nəfər könüllünü birləşdirən seçici klubları təsis edilib. Klubların işinə səfərbər edilən rayon sakinləri əhali arasında maarifləndirici materialların yayılması ilə məşğul olacaqlar. Vətəndaş Cəmiyyəti Uğrunda (VCU) Mərkəzin 11 regional ofisində də əhali arasında seçki təbliğatının gücləndirilməsi işləri aparılır. Bu ofislərdə həftədə bir dəfə vətəndaşlar üçün qəbul günləri ayrılıb. VCU-un həm də 4500 nəfərdən ibarət müşahidəçi korpusu var. Bu korpus 1998-ci ilin prezident seçkiləri zamanı formalaşdırılıb. Ötən illər ərzində müəyyən dəyişiklərlər olsa da, müşahidəçilərin sayı olduğu kimi saxlanılıb.

"İnam" Plüralizm Mərkəzi "Qarabağ evi" ictimai birliyi ilə birlikdə beş çadır şəhərciyində "Özün səs ver, özün seç!" kampaniyası keçirir. Kampaniya dövründə burada məskunlaşan qaçqınlar arasında maarifləndirmə işi aparılır və onların seçki fəallığı artırılır.

Ümumiyyətlə, QHT-lərin rayonlarda apardığı təbliğat işlərinin nəticələrindən görünür ki, son bir ayda əhalinin seçkiyə səfərbərliklə bağlı fəallığı müşahidə edilməkdədir. Məhz bu baxımdan QHT-lərin hazırkı vaxtda fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac var. Onlar əhalinin seçkiyə inamsızlığının aradan qaldırılmasında böyük işlər görə bilərlər. Bir çox postkommunist ölkələrdə QHT-lərin effektli fəaliyyət təcrübəsi var. Lakin çox təəssüf ki, bizim QHT-lərin böyük əksəriyyətinin indiki durumundan bəlli olur ki, onlar əhalinin seçki fəallığının artırılması üçün namizədlərin təşviqat kampaniyasının nəticələrinə ümid bəsləyirlər. Hamı gözləyir ki, namizədlərin çıxışları və təbliğatıyla xalqın emosiyaları artacaq və onları seçkiyə ruhlandıracaq.

Bir tərəfdən də QHT-lərin seçki hüququ sahəsindəki maarifləndirmə işlərində köhnəlmiş metodlardan istifadə edilməsi probleminin aradan qaldırılmasına ehtiyac var. Əlbəttə, QHT-lərin seminar, forum və konfranslar kecirməsi, kitabçalar, broşür və bülletenlər nəşr etməsi çox əhəmiyyətlidir. Amma bu ölkənin əsas dərdi azad seçki problemi olduğundan əhalini bu cür vasitələrlə seçkiyə cəlb etmək artıq bir o qədər effekt vermir. Köhnəlmiş və artıq zəruri olmayan təbliğat vasitələrinin əhaliyə təsir etməməsi, ələlxüsus, rayonlarda özünü daha qabarıq şəkildə büruzə verir. Düzdür, bir iş də var ki, ölkədəki yarımavtoritar rejim hər dəfə QHT-ləri standart metodlara əl atmağa məcbur edir və bu baxımdan, ötən illər ərzində QHT-lərin fəaliyyətində davamlı yeniliklər nəzərə çarpmır. Lakin QHT-lərin təbliğat vasitələrinin yeniləşdirilməsi məhz elə ona görə va-cibdir ki, bu üsullarla əhalini seçkilərin nəticələrinin xalqın iradəsini ifadə etdiyinə inandıra bilsin.

Bununla yanaşı, builki seçki ilə bağlı QHT-lərin bəzilərinin fəaliyyətində yeniliklər də nəzərə çarpır.

Məsələn, Seçki Monitorinq Mərkəzinin namizədlərin teledebatlarının təşkilinə cəhd göstərməsi müsbət haldır. Qarşıdakı bir ayda seçicilər mərkəzin buna necə nail olacağının şahidi ola bilər. Bundan başqa, İnsan Dəyəri və Ehtiyatını Araşdırma Mərkəzi (İDEAM) gözdən əlil vətəndaşların seçkilərdə iştirakı ilə bağlı yeni layihə üzərində işləyir. Layihə seçki qanunvericiliyinin təbliği ilə bağlı gözdən əlil adamlar üçün yeganə vəsait olacaq audio qəzet və audio kitabların hazırlanmasını nəzərdə tutur. Yeri gəlmişkən, bu mərkəz 2003-cü ilin yanvarında fəaliyyətə başlayıb. Məqsədi gözdən əlil vətəndaşlar arasında seçki maarifçiliyinin aparılması, seçki qanunlarının təbliği və izahıdır. Audiokasetlər vasitəsilə həyata keçiriləcək seçki təbliğatı bölgələrdə də yayılacaq. Artıq Mərkəzi Seçki Komissiyası gözdən əlil vətəndaşların seçkilərdə köməkçi olmadan səs verməsi üçün hazırlanmış xüsusi trafaret formanın təsdiqlənməsi barədə qərar verib.

Seçki prosesi ilə məşğul olan QHT-lərin fəaliyyətinin lazımi effekt verməməsinin bir səbəbi də onların siyasi yönümüdür. Əvvəla, QHT-lər qeyri-siyasi təşkilatdır, onlar siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Lakin bəzi mütəxəssislər də belə hesab edir ki, Azərbaycanda QHT-lərin siyasi fəaliyyətlə məşğul olması "QHT-lər haqqında Qanun"la müəyyən qədər tənzimlənir. O baxımdan ki, Azərbaycan qanunvericiliyinə görə, QHT-lər yalnız siyasi hakimiyyət uğrunda mübarizə apara bilməzlər. Dünya praktikasında da QHT-lərin siyasi fəaliyyətlə məşğul olması məqbul sayılır. Məsələn, QHT-lər seçkilərdə təkcə elə müşahidəçi qismində iştirak edirsə, bu, siyasi fəaliyyətdir. Əslində Azərbaycanda QHT-lərin böyük əksəriyyəti siyasi fəaliyyətlə məşğul olur. Onlar bu və ya digər şəkildə hansısa siyasi partiya, yaxud qurumun müdafiəsinə yönələn fəaliyyət göstərir. Lakin QHT-lərin siyasiləşməsi nöqsandır və bu QHT sektoruna ciddi zərbə vurur. Çünki fəaliyyətində siyasi sifariş elementləri müşahidə olunan QHT-nin həyata keçirdiyi tədbirlərin lazımi effekti olmur. Siyasi yönümünə görə müəyyən müddət ərzində (məsələn seçki ərəfəsində) gündəmdə olan QHT bu proseslər başa çatdıqdan sonra nüfuzunu itirir. Halbuki, seçki proseslərinə qoşulan QHT-lərin fəaliyyətinin bir hissəsi məhz seçkilərdən sonraya təsadüf edir. Siyasi yönümlü QHT-lərin maarifçilik istiqamətində işləri də bir qayda olaraq, ikinci plana keçir. Siyasi oriyentasiya həm də QHT-lərin ciddiliyinin itirilməsi deməkdir. Çalışmaq lazımdır ki, QHT-lər siyasi bitərəfliklərini qorusunlar. Çünki cəmiyyət QHT-lərə hər hansı prosesdən maraq güdməyən qurum kimi baxmalıdır. Siyasi məqsəd isə buna mane olur. Amma bir məqamı da nəzərdən qaçırmaq olmaz, demokratik ab-hava olmayanda QHT-lər arzuolunmaz dərəcədə siyasiləşir. Məsələn, seçkilərdən sonra hər hansı QHT məntəqə, yaxud dairə seçki komissiyalarından birində seçkinin nəticələrinin saxtalaşdırıldığını bəyan etsə, onda həmin QHT hansısa siyasi qüvvənin maraqlarını ifadə edən qurum kimi ittihamlarla üzləşəcək. Halbuki, QHT-lərin əsas vəzifəsi məhz seçki prosesində saxtakarlığa və buna zəmin yaradan amillərin aradan qaldırılmasına nəzarət etməkdir.

Bu nəzarəti həyata keçirməli olan QHT müşahidəçilərinin son dərəcə hazırlıqlı olmasından da çox şey asılıdır. Seçkilərin monitorinqini aparmağa hazırlaşan QHT-lərin heç də hamısının seçki məntəqələri və dairə seçki komissiyalarında müşahidəçi qismində ayırdığı adamlar öz hüquq və vəzifələrini lazımınca dərk etmir. Həm metodiki, həm də psixoloji baxımdan hazırlıqsız müşahidəçilərinsə seçki pozuntularının qarşısını ala biləcəyinə ümid yoxdur. Həm də onu nəzərə almaq lazımdır ki, builki prezident seçkilərini QHT-lərin əksəriyyəti müşahidə edə bilməyəcək. Çünki qüvvədə olan qanunvericilik xaricdən qrant alan QHT-lərin monitorinq aparmaq hüququnu əlindən alıb. Bölgələrdə də yerli icra hakimiyyətləri və digər qurumların QHT-lərin tədbirlərinə aqressiv münasibəti müşahidə edilir. Odur ki, həm cəmiyyət tərəfindən inamsızlıqla qarşılanan, həm də hakimiyyətin biganə yanaşdığı QHT-lər üçün indiki dövr olduqca məsuliyyətlidir. QHT-lər seçki ərəfəsindəki fəaliyyətilə onlara qarşı münasibətin dəyişilməsinə nail olmalıdırlar. Söhbət QHT-lərə dövlət qayğısından, hansısa kredit ayrılması və s.-dən getmir. QHT-lərin inkişafı üçün möv- cud qanunların demokratikləşdirilməsi və liberallaşdırılması lazımdır. Bir də ki, QHT-lərin özlərinin də fəaliyyətində əsaslı yeniliklər baş verməli, peşəkarlıq artırılmalıdır. Cəmiyyətin maarifləndirilməsinə və ölkədə vətəndaş cəmiyyətinin yaradılmasına çalışan QHT sektorunun rəyilə həm də dövlət hesablaşmalıdır.

QHT sektorunun fəaliyyətində çatışmazlıqlardan ən birincisi onların ölkə üzrə şəbəkəsinin yaradılmamasıdır. 1997-ci ildən bəri həm seçki, həm də insan haqları və digər məsələlər üzrə fəaliyyət göstərən kifayət qədər QHT və onların koalisiyaları yarandığı halda, bu qurumların respublika üzrə fəaliyyəti qənaətbəxş deyil. Fəaliyyətlərini təkcə mərkəzdə cəmləşdirən QHT-lərin əksəriyyətinin tədbirləri isə başdansovdu xarakter daşıyır. Qoyulan problemin ardınca sona qədər getməyən QHT-nin tədbirləri eləcə bir neçə seminar və treninqlə yekunlaşdığı üçün bir elə effekti olmur və təbii ki, bu cür üsulların bölgə əhalisi arasında tətbiqinə heç ehtiyac yoxdur.

Bundan başqa, seçki proseslərində peşəkarlığı olan və monitorinq təcrübəsinə yiyələnən QHT-lərin də müstəqil olmaması, xarici və ölkə daxilindəki müxtəlif donorlardan asılılığı onların fəaliyyətini çətinləşdirir. Amma başqa əlac da yoxdur. Hazırda QHT-lərin böyük qismi fəaliyyətlərini əsasən, xarici donorların hesabına qurur. Bu istiqamətdə təcrübə qazanan QHT-lərin artıq davamlı partnyorları da var. Qərb təşkilatları ilə ardıcıl əməkdaşlıq Azərbaycanda QHT sektorunun inkişafında demokratik ənənələrin təşəkkül tapmasına və vətəndaş cəmiyyətinin qurulmasına kömək edə bilər.

QHT-lərin qütbləşməsi onların inkişafı yolundakı maneələrdən biridir. Siyasi partiyalar və mətbuat kimi artıq QHT-lərin də iqtidar və müxalifətyönlü qrupları yaranıb və sözsüz ki, bu amil də onların fəaliyyətinin koordinasiyasına əngəl yaradır. Seçki ili başlayandan ayrı-ayrı QHT-lərin birgə fəaliyyətlə bağlı çağırışları səslənsə də, müşahidələrə əsasən, il ərzində bu çağırışlara qoşulanlar çox az olub. Səbəb kimi QHT-lərin qeydiyyat problemi əsəs gətirilir. Çünki qeydiyyatdan keçən və keçməyən təşkilatların bir qismi ilə hüquqi müstəvidə işbirliyi çətin məsələdir.

QHT sektorunun inkişafı sahəsində başqa maneələr də var. Məsələn, hazırda ölkədə seçki məsələləri ilə məşğul olmaq istəyən onlarla QHT var. Qəribə də olsa, bunların bir çoxunun varlı- ğından geniş ictimaiyyəti demirəm, heç mətbuatın xəbəri yoxdur. Seçki ilində, bir növ "vəziyyətdən asılı olaraq" yaranan, müəyyən müddət ərzində gündəmdə qalmağa çalışan və daha sonra yaddan çıxan QHT-lər də üçuncü sektorun inkişafı sahəsində mühüm əngəllərdən biridir. Cəmiyyətə zorla sırınmağa çalışan belə qondarma QHT-lərin ucbatından digər anoloji qurumların fəaliyyəti də az qala kölgədə qalır. Bəs bu QHT-lərin seçkilərə bir neçə ay qalmış göbələk kimi yetişməsinin səbəbi nədədir?

Müşahidələr göstərir ki, bir sıra qeyri-hökumət təşkilatları ictimaiyyətin həyatındakı mühüm hadisələr zamanı şəraitə uyğun olaraq yaranmağa və fəaliyyətini həmin istiqamətdə qurmağa cəhd göstərir. Seçki ilində Qərb dövlətlərinin donor təşkilatları ilə partnyorluq etməyə çalışan belə qondarma QHT-lərin fəaliyyətinin əsas məqsədi isə bu və ya digər "layihə"nin maliyyələşdirilməsinə nail olmaqdan ibarətdir. Məhz bu səbəbdən seçki ilə məşğul olan QHT-lərin sayı xeyli artır, lakin onların həyata keçirdiyi tədbirlər primitivliyi, effektsizliyi və standartlığı ilə bu vaxtadək ictimaiyyətə bəlli olan metodlardan uzağa getmir. Bu cür göbələk QHT-lərin seçkiqabağı fəallaşmasının ziyanını isə ilk növbədə, cəmiyyət çəkir.

Seçki prosesi kimi mühüm hadisələrdən maliyyə baxımdan yararlanmağa çalışan QHT-lər təkcə bunlar deyil. Fəaliyyəti seçki ilə əlaqəli olmayan QHT-lərin də seçki ərəfəsində "çoxbilmiş"liyi üzə çıxır: onlar öz donor partnyorları ilə münasibətlərini seçkiyə dair layihələr üzərində qurmağa çalışırlar. Nəticədə isə həm bu QHT-lərin, həm göbələk qurumların çoxsaylı qrant layihələri sayəsində donor təşkilatlar Azərbaycana külli miqdarda vəsait ayırmağa məcbur olurlar. Məsələn, elə təkcə Soros Fondunun 2001-ci il üçün açıqladığı statistikadan məlum olur ki, həmin ildə ölkənin üçüncü sektoruna 3 milyon dollar vəsait ayrılıb. Bir müddət əvvəl Amerikanın ölkəmizdəki keçmiş səfirinin açıqladığı rəqəm isə daha böyük təəccüb doğurmuşdu. Sabiq səfirin sözlərinə görə, ABŞ təşkilatları Azərbaycanda demokratiyanın inkişafına ildə 7 milyon dollara qədər vəsait ayırır. Nəzərə alsaq ki, ABŞ-la yanaşı, Böyük Britaniya, Norveç, Almaniya, Yaponiya və digər ölkələrin səfirlikləri, habelə nüfuzlu beynəlxalq qurumlar da yerli QHT-lərlə işləyir, onda bu mənzərə daha müəmmalı xarakter alar. Təbii ki, bu qədər pulun haraya xərcləndiyini öyrənmək təkcə mütəxəssislər üçün yox, elə cəmiyyət üçün maraqlı olardı. Axı həmin vəsait cəmiyyətin problemlərini həll etmək və maraqlarını təmin etmək naminə ayrılır. Amma QHT-lərin üzdə olan fəaliyyətinin mahiyyətindən də göründüyü kimi, bu qədər vəsaiti nəzərdə tutulan sahələr üzrə təyinatı yox dərəcəsindədir. Olsa da, çox primitiv və başdansovdu xarakter daşıyır.

Üçüncü sektorun inkişafına törədilən əngəllərin səbəbləri bununla bitmir. Seçki prosesləri ilə məşğul olan QHT-lər arasındakı sorğuların nəti-cələrinə görə, qeyri hökumət qurumları hakimiyyətin özü tərəfindən maliyyələşdirilən təşkilatların fəaliyyətini də QHT sektorunun inkişafına maneə kimi dəyərləndirirlər. Yeri gəlmişkən, xarici donorların maliyyəsi ilə işləyən QHT-lərin seçki prosesinin monitorinqini aparmaq imkanından məhrum edilməsi də müstəqil QHT-lərin hakimiyyətdən asılı vəziyyətə salınması məqsədinə qulluq edir. Çünki hakimiyyətin vəsaiti hesabına yaşayan QHT sabah seçki prosesində qanun pozuntusuna yol verildiyini etiraf edə bilməyəcək. Daha doğrusu, ona bu addımı atmağa imkan verməyəcəklər. Hazırda seçki ilə məş-ğul olan QHT-ləri bu üsulla "tora sala" bilməyən hakimiyyət dairələri başqa yola əl atırlar: onlar öz nəzarətlərində olan QHT-lər yaradaraq, bu qurumları demokratik seçki uğrunda mübarizə aparan QHT-lərin sırasına qatmağa çalışırlar. Əvvəla bu, seçki ilə məşğul olan QHT-lərlə bağlı görüntü yaratmaq üçün olduqca əlverişli vasitədir. Digər tərəfdən, "seçkilərin demokratikliyini" bəyan edən həmin qondarma QHT-lərin köməyilə ictimai rəyi çaşdırmaq və beynəlxalq təşkilatların qarşısında demokratik imic yaratmaq da mümkündür.

Amma bütün bunlara baxmayaraq, problemlərin aradan qaldırılması mümkündür və mübali- ğəsiz demək olar ki, indi demokratik seçki uğrunda mübarizəyə başlayan QHT-lər üçün bu tarixi məqamlar yetişib. Uzun illər ölkədəki antihumanist şəraitin aradan qaldırılmasına çalışan demokratik qüvvələrin vətəndaş cəmiyyəti qurulması uğrunda mübarizəsində QHT-lərə xüsusi önəm verilir.