| Azərbaycanda və Gürcüstanda Qht-lər terrorizmə qarşı
mübarizə
hədəflərinə çevrilmişlər |
 |
| KLAUDE ZULLO
ABŞ-dakı Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü
Assosiasiyasının (ABA CEELI) Qafqaz şöbəsinin direktoru |
Azərbaycan və Gürcüstan hökumətləri terrorizmə qarşı beynəlxalq mübarizədən öz hökumətlərini qoruyub saxlamaq üçün istifadə edirlər. Bu yaxınlarda Azərbaycanda qəbul edilən qanun qeyri-hökumət təşkilatlarının fəaliyyətini daha da çətinləşdirəcəkdir. Gürcüstan hökuməti də öz növbəsində ölkədəki kövrək vətəndaş cəmiyyəti qruplarının fəaliyyətini xeyli məhdudlaşdıracaq qanun layihəsi təqdim etməyə hazırlaşır. Hər iki ölkədə vətəndaş cəmiyyəti qruplarını və onların yenicə ayaq açmaqda olan demokratik institutlarını qoruya bilmək üçün yerli QHT-lər və beynəlxalq ictimaiyyət son dərəcə diqqətli və ayıq olmalıdır.
Mövcud durum: Demokratik institutların təşəkkül tapmasında gözətçi rolunu oynadıqlarına görə QHT-lər ötən ildən başlayaraq, Azərbaycanda və Gür- cüstanda terrorizmə qarşı beynəlxalq mübarizənin hədəflərinə çevrilmişlər. 2001-ci ildə Azərbaycanda ətraf mühiti mühafizə məsələlərilə məşğul olan bir QHT-nin qeydiyyata düşmək istəyi ilə bağlı keçirilən məhkəmə prosesində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi Fazil Məmmədov bildirmişdi ki, bütün QHT-lərin qeydiyyatla bağlı müraciətləri beynəlxalq terrorist təşkilatları ilə əlaqə baxımından yoxlamadan keçirilməlidir. 2002-ci ilin aprelində Gürcüstan prezidenti Şevardnadze çıxışlarının birində belə bir fikirlə razılaşmışdı ki, beynəlxalq terror təşkilatları gürcü QHT-lərini müdafiə edə bilərlər. Hər iki hökumət, QHT-lər haqqında, müəyyən mənada Belorusda prezident Lukaşenkonun QHT-lərə qarşı yeritdiyi siyasəti xatırladan qanunlar həyata keçirməyə hazırlaşır.
Uzun illərdir, Azərbaycan QHT-ləri çox sayda hökumət maneələrilə üzləşməli olmuşdur. Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin (The International Center for Nonprofit Law-ICNL) təhlillərinə görə Azərbaycan Respublikası parlamentinin 2000-ci ilin oktyabrında QHT-lər haqqında qəbul etdiyi Qanunda qeydiyyat da daxil olmaqla bir çox əsas məsələ öz əksini tapmamışdır. Bunun da nəticəsi olaraq, Azərbaycandakı Hüquq Maarifçiliyi Cəmiyyətinin də qeyd etdiyi kimi, QHT-lər qeydiyyatdan keçmək istəyərkən saysız-hesabsız maneələrlə üzləşirlər və çox vaxt onların bu istəkləri saxta və əsassız bəhanələrlə rədd edilir. QHT-lərin qeydiyyatdan keçə bilməmələri onların fəaliyyətlərini, öz donorları və beynəlxalq təşkilatlarla əlaqələrini xeyli çətinləşdirir. 2000-ci ilin oktya- brında qəbul edilən qanundakı bu maneələr bəs deyilmiş kimi, Azərbaycan parlamenti 2002-ci ilin əvvəlində Qrantlar haqqında yeni qanun layihəsi qəbul etdi; həmin qanun layihəsi QHT-lərdən aldıqları hər bir qrantı, istifadə etməmişdən əvvəl mərkəzi hökumətdə qeydiyyatdan keçirməyi tələb edirdi. Xoşbəxtlikdən, Azərbaycan QHT-ləri və beynəlxalq qruplar Azərbaycan prezidenti Heydər Əliyevi bu qanuna veto qoymağa inandıra bildilər. Buna baxmayaraq, bir neçə aydan sonra 2002-ci ilin dekabrında Qrantlar haqqında yeni qanun qəbul edildi; yeni qanun qrant alan və qrant verən bütün təşkilatlardan həmin qrantlar barədə rəsmi orqanlara məlumat verməyi nəzərdə tutmaqla yanaşı həm də qrant alan təşkilatlardan öz işçilərinin əmək haqqlarının 27 faizi həcmində sosial sığorta və pensiya fondlarına haqq ödəməyi tələb edir.
 |
Gürcüstanda isə, əvvəllər vətəndaş cəmiyyəti qruplarının fəaliyyətini dəstəkləyən prezident Eduard Şevarnadze indi onlara çox böyük şübhə ilə yanaşmağa başlamışdır. 2001-ci ilin sentyabrında Birləşmiş Ştatlara səfəri ərəfəsində prezident Şevardnadze QHT qrantlarına dövlət nəzarətini gücləndirməyə çağırmış və deyilənə görə hətta bu məsələni Dövlət katibi K.Pauell qarşısında qaldırmışdır. Bundan çox az sonra hökumət Xeyriyyəçilik, Qrantlar və Humanitar Yardım haqqında qanun layihəsinin ilkin variantını yaymışdır; həmin variant tədricən Qrantlar və Humanitar Yardım haqqında qanun layihəsinə çevrilmişdir. Bu qanun layihəsinə görə qüvvədə olan qanun ləğv edilir və qrantlardan istifadə üzərinə dövlət nəzarəti qoyulurdu. Ancaq QHT-lər və islahatçı deputatlar həmin qanun layihəsindən imtina edilməsinə nail ola bildilər. Buna baxmayaraq, heç bir il keçməmiş, Dövlət Təhlükəsizliyi Nazirliyi “Ekstremist Təşkilatların və Xarici Nəzarət altında olan təşkilatların fəaliyyətlərinin dayandırılması, ləğvi və qadağan olunması haqqında” yeni qanun layihəsi təklif etdi. Bu qanun qəbul olunarsa, “Gürcüstanın maraqlarına ziyan vurulmasına yönəldilən” maliyyə vəsaitləri almaq da daxil olmaqla xarici təşkilatın birbaşa və ya dolayısı ilə nəzarətində olan istənilən təşkilatın fəaliyyəti dayandırılaraq ləğv ediləcək və yaxud qadağan olunacaqdır. Yeni qanun layihəsi “Gürcüstanın maraqları” ifadəsinin nə mahiyyətini açıqlayır, nə də bu mahiyyəti müəyyən edən amilləri göstərir. Bundan əlavə qanun layihəsi, hər hansı bir təşkilatın fəaliyyətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məhkəmə qərarına yalnız “Gürcüstan qanunvericiliyi əsasında” apelyasiya verilə biləcəyini nəzərdə tutur. Halbuki, hal-hazırda belə bir apelyasiya verməklə bağlı heç bir qanunvericilik mövcud deyil. Qanun layihəsində məhkəmə qərarı ləğv edildiyi təqdirdə, vurulan ziyana görə dövlət kompensasiyası nəzərdə tutulsa da, onun həyata keçirilməsi prosedurları haqda heç nə deyilmir.
Gözlənilən fəsadlar: Qanunların, siyasi müxalifət partiyalarının zəif, məhkəmələrin isə icra qanadlarından asılı olduğu Azərbaycan kimi bir ölkədə QHT-lər hökumətin hakimiyyətdən sui-istifadəsinə qarşı müqaviməti genişləndirə biləcək bir neçə kollektiv institutdan biridir. Bu səbəbdən həmin qanunların QHT-lərin fəaliyyətini məhdudlaşdırması Azərbaycanda demokratiyanın onsuz da təbəddülatlara uğrayan inkişafını daha da ləngidə bilər. Şərqdəki qonşusu ilə müqayisədə Gür- cüstandakı hökumət institutları daha sağlamdır, lakin QHT-lər burada da həlledici gözətçi rolunu oynayırlar. Dövlət Təhlükəsizliyi Nazirliyinin QHT-ləri hədəfə alan qanun layihəsi təkcə vətəndaş cəmiyyəti qruplarının fəaliyyətini heçə endirməklə qalmayıb, həm də kleptokratik təcrübələr nəticəsində artıq geniş yayılmış olan korrupsiyanın daha yüksək səviyyələrə çatması üçün yeni imkanlar açacaqdır. Bundan başqa, Azərbaycanda və Gürcüstanda QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasına yönəldilən bu qanunların təsiri təkcə bu iki kiçik Qafqaz ölkəsinin hüdudları ilə məhdudlaşmayacaqdır. Belorus nümunəsindən də gördüyümüz kimi Avrasiya məkanında yerləşən digər ölkələrin avtokratik hakimləri də buna bənzər addımlar atmaq həvəsinə düşə bilərlər.
Nəticə. Əgər terrorizmə qarşı mübarizənin əsas məqsədlərindən biri terrorçu fəaliyyətləri təşviq edən şəraitlərin aradan qaldırılmasıdırsa, onda Azərbaycan və Gürcüstanın qanun müddəaları ilə QHT-lərin fəaliyyətini məhdudlaşdırmaları bu məqsədlə ziddiyyət təşkil edir. Həqiqətən də, müstəqil vətəndaş qruplarının fəaliyyətini heçə endirməklə, hər iki ölkənin hökumətləri konstitusiyada təsbit olunmuş söz azadlığı və şəffaflıq uğrunda çıxış hüququnu boğmuş olacaqlar. Bu isə gələ- cəkdə yalnız ekstremist meyllərin daha da alovlanmasına səbəb ola bilər.
Bu səbəbdən həm Azərbay- canda, həm də Gürcüstanda QHT-lər, onların fəaliyyətini məhdudlaşdıran qanunlara qarşı mübarizədə özlərini səfərbər etməyi bacarmalıdırlar. Onların bir daha uğur qazanacaqlarına inanmamaq üçün heç bir səbəb olmasa da, ilk vaxtlarda olduğu kimi, beynəlxalq ictimaiyyət də bu qanunların ləğv edilməsi və ya düzəlməsi üçün hər iki hökumətə səhnə arxası təzyiq göstərməklə onlara yardım göstərməyi öz öhdəsinə götürməlidir.
Bundan əlavə, Azərbaycanda və Gürcüstanda QHT-lər preventiv addımlar ata və beləliklə də öz hökumətlərinin bundan sonrakı bənzər hərəkətlərindən bir addım öndə dayana bilərlər. Qanunlara nəzarətlə bağlı daha səmərəli proqramlar institutlaşdırıla bilər; bu halda QHT-lər zəif və lüzümsuz qanunlarla qəfil üz-üzə qalmaya və hətta həmin qanunlar səsə qoyulmamışdan qabaq onların məzmununa təsir göstərə bilərlər. Qeyri-hökumət təşkilatlarına qanunların və digər potensial qanuni məsələlərin başa düşülməsində və QHT-lərə qeydiyyat prosesində hüquqi yardım göstərə biləcək QHT Qanun Mərkəzinin yaradılması da faydalı ola bilər. Nəhayət, QHT-lər öz missiyalarını, məqsədlərini və fəaliyyətlərini geniş ictimaiyyətə çatdırmaq qabiliyyətlərini artırmalıdırlar. Təəssüflər olsun ki, bu cəmiyyətlərin çoxunda geniş ictimaiyyət QHT-lərin rolunu ya düzgün başa düşmür və ya qəbul etmir; bu səbəbdən QHT-lərə digər özəl və ictimai institutlara yanaşdıqları kimi soyuq münasibət bəsləyirlər.
Çevirəni:
Günay Tehranğızı
|