 |
| CİN BETKE ELŞTAYN |
Cin Betke Elştayn Çikaqo Universitetinin sosial və siyasi etika elmləri üzrə professorudur. O, Massaçusets Universitetində çalışmış, Yel Universitetində və Harvard Universitetində məruzələr oxumuşdur. 1996-cı ildə Amerika Sənət və Elmlər Akademiyasının üzvü seçilmişdir. O, elmi və ictimai jurnallarda dərc olunmuş 400-dən çox məqalənin müəllifidir. "The New Republic" nəşrinin yardımçı redaktorudur. O, "Woman and War" (1987), "Democracy On trial" (1995) və "Jane Adams and Dream of American Democracy" (2001) kitabların müəllifidir.
1989- cu ildə Tianmen meydanında etiraz nümayişinə çıxan tələbələrin ucaltdıqları Demokratiya İlahəsini simvolizə edən Demokratiya m ükafatı Milli Demokratiya Fondu tərəfindən hər il dünyada siyasi azadlıq uğrunda mübarizədə fərqlənən insanlara verilir . İndiyə kimi bu mükafata layiq görülənlər arasında Va t slav Havel və Yelena Bonner , Vey Cinqşenq və Nigeriyadan olan " Keçid " Monitorinq Qrupu vardır . 2002- ci il iyulun 9- da isə bu mükafatı almaq üçün müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdən dörd görkəmli mübariz qadın Vaşinqtonda onların şərəfinə təşkil olunmuş təqdimat məclisinə təşrif buyurmuşdular .
Bu şərəfə layiq görülənlərdən biri əlcəzairli iyirmi üç yaşlı, insan hüquqları uğrunda mübarizə fəalı Nacə Bouda idi; bu gün o, bütün səylərini Əlcəzairdə uzun müddətdən bəridir davam edən vətəndaş müharibəsində yoxa çıxmış minlərlə əlcəzairlinin aqibətinin aydınlaşdırılmasına yönəltmişdir. Radikal islamçı partizan dəstələri kəndlərə təcavüz edərək on minlərlə kişi, qadın və uşağı qətlə yetirmiş lə r. Əlcəzair hökuməti buna qarşı çox amansızlıqla mübarizə aparır. Bouda öz şərhlərində bildirir ki, Əlcəzairdə sülh və demokratiya uğrunda mübarizə həm terrora qarşı, həm də eyni zamanda vətəndaş cəmiyyəti uğrunda mübarizə aparmaq deməkdir. Auditoriya qarşısında çıxış edərkən o, digər fəallarla birlikdə "Əlcəzairdə demokratiya mədəniyyətinin bərqərar olunması və insan ləyaqətinin hər şeydən daha üstün tutulması uğrunda" mübarizə apardıqlarını söylədi. O, israrla bildirdi ki, terrorizmə düçar olmuş cəmiyyəti təkcə hərbi güclə müalicə etmək mümkün deyildir.
 |
Ölkədə azad vətəndaş cəmiyyəti qurulmadan, qanunun aliliyi və məhkəmə sisteminin müstəqilliyi təmin olunmadan, seçki prosesləri və siyasi institutları legitimləşdirilmədən, korrupsiyaya və "bacarıqsız iqtisadi idarəçiliyə" son qoyulmadan zorakılığı səmərəli şəkildə və uzun müddətə durdurmaq qeyri-mümkündür. Bouda Amerika xalqını "bir gün əmin-amanlıq içərisində yaşayan bir ölkənin tamhüquqlu vətəndaşları olacaqlarını arzulayan otuz milyon əlcəzairli" üçün dua etməyə çağırdı. Onun demokratiya uğrunda mübarizə aparan üç həmkarının da fikirləri y lə üst-üstə düşən bir diləyi də xaosun qarşısını almaq və terrorizmə qarşı apardığı mübarizədə düşdüyü çıxılmaz vəziyyətdən qurtulmaqda Əlcəzairə köməklik göstərmək məqsədilə Amerikanın bu işə qarışmasını təklif etməsi oldu. Boudanın fikrincə, yalnız Amerikanın işə qarışdığı təqdirdə Əlcəzair kifayət dərəcədə vətəndaş sülhünə nail ola bilər ki, bu da demokratik, konstitusion idarə üsulu infrastrukturlarının ölkə vətəndaşlarının özləri tərəfindən təşkil edilməsinə şərait yaradar.
Mükafata layiq görülən ikinci qadın özbəkistanlı Muborak Taşpulatova idi. Bəstəboy, şən, qətiyyətli maneraya malik olan Taşpulatovanın sərbəst və aydın danışığı auditoriyanı n diqqətini dərhal özünə cəlb etdi. "Yeddi yaşlı oğluma Demokratiya Mükafatını almağa getdiyimi deyəndə, o, sevinclə "Bu demokratiya Oskardırmı? " dedi. Salondakı xoş gülüşmə sədaları avazıyandan sonra o, sözünə davam etdi: "Bu, mənim üçün, mənim Özbəkistandakı həmkarlarım üçün, eləcə də son səkkiz il ərzində bizə vətəndaş cəmiyyəti qurmaqda, insanlarımızı vətəndaşlara çevirməkdə kömək edən digər ölkələrdəki həmkarlarımız üçün böyük şərəfdir . Bizim kimi yetmiş ildən çox kommunizm idarə üsulu altında yaşadıqdan sonra müstəqillik qazanan dövlətlərdə yaşayan insanların vətəndaş ola bilmələri üçün öz yollarını axtarıb tapmaları çox vacibdir. Bu , çox çətin bir işdir. Biz vətəndaş deyil, insan subyekti kimi böyümüşük, ancaq biz öz övladlarımızın başqa cür böyüməsini istəyirik".
 |
Sonra Taşpulatova soruşdu: "Vətəndaş olmaq nə deməkdir? Hər şeydən əvvəl özünü azad hiss etmək, heç nədən qorxmamaqdır. Tənqidi düşünməyə qabil olmaq, öz hüquqlarını bilmək, onları müdafiə edə bilməkdir. Öz həyatına özün nəzarət etmək və ehtiyac duyduqda onu dəyişdirmək deməkdir". Onun da ölkəsi islam fundamentalizmi təhlükəsi ilə üzləşmişdir. O, sözünə davam etdi: "Uzun əsrlər boyu Özbəkistanda İslam digər dinlər və ənənələrlə birlikdə yanaşı mövcud olmuşdur. Siz bu gün də Səmərqənddə xristian kilsəsinə gedə, Əfqanıstan sərhədi yaxınlığındakı Budda heykəllərinə tamaşa edə və yaxud Buxaradakı məşhur yəhudi icmalarını ziyarət edə bilərsiniz . Fanatik fundamentalistlər insanları öldürərkən Allahını sevən müsəlmanlar kimi deyil, vaxtilə bizim həyatımızı, mədəniyyətimizi, ənənələrimizi və ailələrimizi dağıdan, məhv edən bolşeviklər kimi çıxış edirlər. Unutmayın ki, fanatiklər, fundamentalistlər, terrorçular demokratik ölkələrdə diktatura rejimlərindəki qədər təhlükəli deyillər və məhz bu səbəbdən biz Özbəkistanda demokratiya qurmaq istəyirik. Yalnız təhsil görmüş vətəndaşlar fanatiklərə qarşı dayanıqlı ola bilərlər".
Taşpulatova öz nitqini üzünü prezidentə, Konqresə və amerika xalqına tutaraq bu sözlərlə yekunlaşdırdı: "Özbək xalqı da azadlığı, demokratiyanı və müstəqilliyi Amerika xalqı qədər çox sevir".
Üçüncü qalib bu mükafata öz siyasi fəaliyyətində maternalist ideyaları təbliğ etdiyinə görə layiq görülüb. Somalidən olan Məryəm Hüsseyn Məhəmməd salondakılara Afrikada yaşayanların işgəncə, kütləvi qətl, mülkiyyətin darmadağın edilməsi və qarət kimi ən ağır vəhşiliklərə məruz qalmalarından danışdı. "Bu vəhşiliklərin çoxu qadınlara və uşaqlara qarşı yönəldilib: eyni zamanda acından ölməmək uğrunda mübarizədə də qadınların üzərinə ağır yük düşür. Bu problemlərlə məşğul olmaq üçün biz "İnsan hüquqlarına r iayət təşkilatını yaratmışıq. Təşkilat zərərçəkənlərdən ibarət qrupların təşkilatlanmasına xüsusi əhəmiyyət verir. Vəhşiliklərə məruz qalmış adamlar təklikdə çox gücsüzdü r lər, amma mütəşəkkil şəkildə çıxış etsələr, onlarla hesablaşmalı olarlar".
Bu istiqamətdəki səylərini dəstəklədiyinə görə Milli Demokratiya Fonduna öz təşəkkürünü bildirdikdən sonra Məryəm Hüsseyn Məhəmməd öz çıxışını bu sözlərlə yekunlaşdırdı: "Biz bütün əlaqədar partiyalara müraciət etmək istərdik. Bu gün bizim regionda baş verən vəhşiliklər Allah tərəfindən göndərilməmişdir, bunları insanlar törədir və onların kim olduğunu hər kəs yaxşı bilir. Bu vəhşiliklərin baiskarları qadınları və gücsüz vətəndaşları terrorizə etmək üçün yeniyetmə əsgərlərdən istifadə edən acgöz və qansız hərbçi ağalardır. Bunlar qanunlara məhəl qoymayan və normal dövlət idarəçiliyinin yaranmasını istəməyən adamlardır". Məryəm Məhəmmədin sözlərinə görə , indi birinci növbədə və ən əsas tələb olunan şey bu mənasız vəhşiliklərə son qoymaq və normal hökumət yaranmasına şərait yaratmaq məqsədilə qanunların gücləndirilməsi və onlara riayət olunmasını təmin etməkdir.
Dördüncü mükafatın sahibi iranlı Mehrəngiz Kar bu mükafatı "üç il bundan əvvəl senzuraya qarşı öz etirazlarını bildirmək və söz azadlığını müdafiə etmək üçün dinc nümayişə çıxan, amma amansızcasına yatırılan İran tələbələri" adından, "öz müstəqilliklərini ən sadə və ən elementar şəkildə ifadə etməklə hər gün özlərini təhlükənin ağuşuna atan İran qadınları" adından, "hazırda həbsdə olan, yeri-yurdu bilinməyən, taleyi barədə heç kimə heç nə demək istəməyən islam keşikçilərindən asılı olan ərinin" adından və "adi normal yeniyetmələrdən ədalət uğrunda qızğın mübarizələrə çevrilən qızları" adından qəbul etdiyini bildirdi.
Bu gözəl qadınların hər biri vətəndaş təhlükəsizliyi, sülh və əsas insan azadlıqlarından söhbət açdı. Onların hər biri Birləşmiş Ştatlardan və bütün dünya ictimaiyyətindən haqqında danışdıqları problemlərə daha çox yardım göstərmələrini və daha çox diqqət yetirmələrini xahiş etdi. Hər biri öz ölkəsində zaman-zaman baş verən haqsızlıqların qarşısının alınması üçün orada Amerikanın varlığına və gücünə ehtiyac duyulduğuna işarə etdi. Eyni zamanda, onlar bunu da qeyd etdilər ki, vətəndaş sülhü bərqərar olduqdan sonra vətəndaş cəmiyyəti hər bir ölkənin artıq sadəcə sübyekt olmaqdan usanmış vətəndaşlarının özləri tərəfindən yaradılmalıdır. Bu qadınlar heç kimin, hətta onların fundamental düşüncələrini paylaşanların belə tabeliyində olmaq istəmirlər. Onlar bunu da bildirirlər ki, körpə uşaqların epidemiyalardan qırıldığı, insanların öz evlərindən yox olduğu və minlərlə qadının işgəncəyə və zorakılığa məruz qaldığı zaman hər kəsin öz mədəniyyətinin "fərqli" qabığına bürünüb səsini çıxarmamasını tələb edən qəribə siyasi laqeydliyi anlamaq onlar üçün çox çətin olacaqdır.
Bu qadınların ölkələrinin üzləşdi y i zorakı qruplar stabil dövlət ideyasının mövcudluğuna, beləliklə də ona müvafiq vətəndaş cəmiyyəti mühitinin mümkünlüyünə (buna heç bir zəmanət yoxdur) təhlükə törədir. Böyük alman sosioloqu Maks Veberin sözlərinə görə , dövlətin müəyyən ərazi hüdudları daxilində zorakılıq vasitələri üzərində inhisara malik olması potensial olaraq çox zərərli bir şeyə çevrilə bilər, lakin çoxsaylı zorakılıq ocaqları ilə üzləşmək bundan qat-qat pisdir.
Amerikalıların üzləşməli olduqları reallıq nədən ibarətdir ? Mixail İqnatyevin dediyinə görə , "İmperializm yalnız siyasi cəhətdən düzgün olmadığına görə öz zəruriliyini itirə bilməz. Ölkələr bəzən iflasa uğrayır. Onlar bu vəziyyətə düşəndə, yalnız kənardan gələn yardım - imperiya gücü vasitəsilə yenidən ayağa qalxa bilərlər. Böyük dövlətlər kiçik dövlətlərin özünüidarəetmə hüququna, özlərinin isə dünyanı yönləndirmək hüququna malik olduqlarına eyni dərəcədə önəm verdikləri zaman dövlət quruculuğu insan hüquqları sahəsində lazım olan imperializmin bir növünü təşkil edir".
İqnatyevin dediyi müdaxilə növünü "imperializm" adlandırmasının o qədər də uğurlu olduğuna əmin deyiləm, ancaq yalnız "dövlət quruculuğu" ilə bu işin öhdəsindən gəlinməyəcəyini çox doğru söyləyir. Qlobal sabitlik müəyyən mənada real maddi ehtiyatlar, vaxt, hətta insan həyatı bahasına başa gələ bilər. Anarxiyaçı qüvvələri kimsə durdurmazsa, ev, məktəb, xəstəxana tikmək mümkün ola bilməz. Bu səbəbdən İqnatyevin "sallaq beretlilər" adlandırdığı, vətəndaş sülhünün əsas minimumlarına nail olunması naminə quruculuq işləri görmək üçün hərəkətə gətirilən amerikan qeyri-məcburi xüsusi mülki dəstələrinə kiminsə ehtiyacı ola bilər. Problem bu həkim, memar, tikinti və müəllim dəstələrinin xaotik cəmiyyətlərdə quruculuq işlərinə köməyə göndərilməsində deyil, bizim onları ora göndərməzdən əvvəl ciddi fövqəladə tədbirlər görə bilməyimizdədir. Biz ən əvvəl iflasa uğramış hər hansı dövləti qorumağın bahasını ödəməkdən xoşlanmırıq.
Danışmaq naminə danışmaqdansa getmək naminə getmək daha yaxşıdır. Çox vaxt Birləşmiş Ştatlar çox gec və çox az şeylər təklif edir. Yaxın dostum, tanınmış siyasi filosof, o vaxtlar Çexiya Respublikasının xarici işlər nazirinin müavini olan (indi o, həmin respublikanın Birləşmiş Ştatlarda səlahiyyətli səfiridir) Martin Palous mənə dedi ki, Bosniya hadisələrində ABŞ-ın biganəliyi Mərkəzi Şərqi Avropanın kiçik dövlətləri üçün belə bir işarə oldu ki, vəziyyət mürəkkəbləşəndə onlar Birləşmiş Ştatlara bel bağlaya bilməzlər. Halbuki bu dövlətlər ABŞ-a güvənmək istəyirdilər. Axı onlar hara üz tuta bilərlər? Silahlı qüvvələri Bosniyada döyüşə girməmək qərarı ilə əl-qolu bağlanmış olan və gözü qarşısında insanların qırılmasını yalnızca müşahidə edən Birləşmiş Millətlər Təşkilatınamı?
 |
Bütün dünyada təhlükəyə məruz qalan insanlar yalnız o halda bizə güvənə bilərlər ki, Amerikanın humanist dövlət maraqları, insan hüquqları və vətəndaş cəmiyyətinin universal dili birgə hərəkət etmiş olsun. Biz qlobal sabitliyin pozulmasına səbəb ola biləcək dar çərçivəli dövlət marağı xəttini yeridə bilmərik. Eyni zamanda biz dövlətlərin zəifləyəcəyi və beynəlxalq institutların ayrı-ayrı siyasətlərin şəxsi maraqlarını istisna etmək istiqamətində çalışacağı utopik bir dünya naminə öz milli maraqlarımızı nəzərdən qaçırmamalıyıq. Bu tarazlığı saxlamaq, yumşaq desək, çox çətin bir işdir. Ancaq bizim indi dünyanın şəriksiz super gücü olmaqla bərabər dəhşətli təhdidlə üz-üzə qalmağımız görünməmiş bir situasiyadır. Artıq dövrə müvafiq prinsiplər əsasında düşünməyin və hərəkət etməyin vaxtı çatmışdır.
Əfqanıstan haqqındakı yazılardan birinin sərlövhəsi mənim xüsusilə xoşuma gəlir: "Talibanlar məğlub edildilər, Kab i ld ə yenidən musiqi sədaları eşidildi". Musiqi yenidən Kab i l ə qayıtdı, çünki onu qadağan edənlər, onu ifa edənləri və ona qulaq asanları döyən və həbsxanalara salanlar artıq neytrallaşdırılmışdır. Diqqəti çəkən başqa bir sərlövhə : "Cihada çağ ı rışlardan arınmış dəqiqələr; ABŞ haqqında kənd xəyalları". Bu yazı Pakistanın cənub-qərbindəki dağ ətəklərində gizlənmiş bir kənd, bu kənddəki çərpələng uçuran və Amerikaya getməyi arzulayan oğlan uşaqlarından danışır. O uşaqlardan biri belə deyir: "Mən Amerikaya gedib or a da cərrah olmaq istəyirəm". Bu uşaqları narahat edən başlıca şey 11 sentyabr və ondan sonrakı hadisələr səbəbindən Amerika sərhədlərinin onların üzünə bağlana biləcəyidir. Buna baxmayaraq, onlar bu qəsəbə məktəblərdə ən populyar fənn olan ingilis dilini inadla öyrənməkdə davam edirlər, doğrudur əksəriyyəti hələ yalnız bir-iki kəlmə bilir. "Nyu-York Tayms" qəzetinin bizə bildirdiyinə görə , iyirmi dörd yaşlı Əbdül Həmid Canqazi ingiliscə yaxşı danışır: o, xəstəxanada xidmətçi işləyir və "arvadı ilə birlikdə Amerikaya gedə bilmək üçün ayda aldığı 50 dollar əməkhaqqından mümkün qədər bir kənara qoymağa çalışır". Jurnalistin qulağına pıçıldadığı kimi, əslində onun ən gerçək arzusu "öz evlərinə, Əfqanıstana" qayıtmaqdır, amma bunun haçansa mümkün ola biləcəyinə çox böyük şübhəsi vardır. Bəlkə indi o da minlərlə başqa əfqan kimi öz vətəninə qayıdıb; aviaşirkətlər və yeni əfqan hökuməti vətənə qayıtmaq istəyənlərin hamısını qəbul etməkdə müəyyən çətinliklərlə qarşılaşırlar.
İnsanlar o zaman geri qayıdırlar ki, istər Amerikanın "sallaq beretliləri " və yaxud da başqa kəslər tərəfindən tam şəkildə olmasa da, heç olmasa gündəlik yaşayışın çox dəhşətli bir pis yuxunu xatırlatmayacağı qədər ölkədə vətəndaş sülhü bərpa edilmiş olsun.
***
11 sentyabr faciəsi y lə bağlı "Nyu-York Tayms" qəzetində şəkillərlə müşayiət edilən nekroloq səpkili yazılar hələ də gözlərimiz önündən getmir. Onlar bizə atasız doğulan övladlardan, arvadlarını itirmiş ərlərdən, ərlərini itirmiş qadınlardan, başqalarının həyatını xilas etmək üçün özlərini yanan qüllələrə atan polislərdən və yanğınsöndürənlərdən danışır. Bu "nekroloqlara" verilən yığcam, qısa başlıqlar sanki hər bir insan həyatına vida sözləridir. "Ölüm və yeni həyat" yazısı öz yeni doğulan oğlundan heç zaman xəbəri olmayacaq ata haqqındadır: "Qərib insanın qeydləri" hər gün qatarla işə gəlib-gedərkən öz qeyd kitabçasını yazıb dolduran bir qadından bəhs edir. "Amerika arzusu"nda biz Meksikanın kiçik bir kəndindən olan və amerikan həyatına vurğun olduğu üçün Nyu-Yorka köçən cavan bir oğlanın həyat tarixçəsi y lə tanış oluruq. "Maksimum ana" adlı yazıda sürücü işləyən və hər gün səhər saat 5-də yerindən qalxıb iki, üç və yeddi yaşlı üç kiçik uşağını yedirib-geyindirəndən sonra işə gedən və futbol məşqçisi olan bir anadan söhbət açılır. "Yeni uşağın gözləri eynən atasının gözləridir" - bir növ özünətəskinlikdir. Günbəgün bu yazıların sayı artır: "Padllball ehtirası", "O öz ürəyində rəqs edir", "Xatirələr boğçası" və s. və il. a. "Tayms" qəzeti onları "Kədərli portretlər" adlandırmışdı. Bu "nekroloqlar" silsiləsi çox həyati və vacib əhəmiyyət kəsb edir, çünki həmişə bizə həmin gün öz həyatları ilə vidalaşmağa məcbur olan minlərlə insanın ölümünü xatırladacaqdır. Bu yazılar bizə biz insanların nə qədər kövrək və zəif olduğumuzu və ən ibtidai səviyyədə nə cür dövlətə ehtiyac duyduğumuzu anladır.
Sanki biz eyforik bir yuxudan ayıldıq. Y.H.Auden "1 sentyabr 1939" adlı şerində deyir: "Ümidi varmı görən (ən ağıllı adamın) başa vura bilməyə bu ən murdar dövranı ? ". Həmin şer almanların Polşaya "blitzkreyci"nə qarşı yazılıb. Ancaq bu şerdə, indi 2001-ci ildə birbaşa bizim çoxumuza müraciətlə deyilən çox şeylər var. 1990-cı illərdə biz vətəndaş cəmiyyəti institutları və fəaliyyətlərinə, eləcə də möhkəmliyi və səmərəliliyi müəyyən dərəcədə qoruyub saxlayan, 11 sentyabr faciəsi haqqında qabaqcadan bizə xəbərdarlıq edə bilən dövlət institutlarına son qoyulmasına icazə verdik, sanki heç bir ciddi şey gözlənilmirmiş kimi , bir anlığa da olsa , öz sayıqlığımızı itirdik.
Auden öz şerində buna ümidini ifadə edir ki, " elmi dəqiqlik Lüterdən bu günə qədər mədəniyyəti dəliliyə sür ü kləyən bütün cinayətləri gün işığına çıxara bilər". Lüterə qarşı ittihamı bir kənara qoysaq, bu sözlərdə iblisin varlığı barədə çox qorxunc bir həqiqət var və o iblisin mahiyyətinə varmaq həddən artıq müşkül məsələdir. Bütün iqtisadi, sosial, tarixi, siyasi və psixoloji faktorları üst-üstə gəlsək belə Hitlerə, Stalinə və yaxud bin Ladenə bərabər olan hansısa bir cəm almaq qeyri-mümkündür. Həyati məsələlərə cavab axtararkən biz bayağı və parıltılı rahatlığa uymamalıyıq.
Dünya Ticarət Mərkəzinə və Pentaqona hücumlara dirijorluq edən insanın nifrəti bizi çaşqın vəziyyətdə qoyur. Bu qədər dərin nifrətə həmin hücumların hədəfinə çevrilmiş insanların hər hansı bir hərəkəti və ya hərəkətsizliyi səbəb ola bilməz. Müqəddəs Avqustinin öyrətdiyi kimi, iblis birinin yaxşılığa arxa çevirməsidir. Bundan oyanası yoxdur. O, nədənsə törəyə bilməz. O, yalnız dağıda bilər. Faşist Almaniyasından mühacirətə qaçmış yəhudi Hanna Arendtin təbirincə desək , o, göbələk xəstəliyi kimi bütün şeylərin yaşarı səthinə yayılsa da, gerçək kökdən məhrumdur. Biz öz izahlarımızla iblisin köklərini dərinləşdirməyə çalışırıq. O isə yayılmaqda davam edir. Məhz buna görə biz onu hökmən durdurmalıyıq. Məhz bu halda yaxşı şeylər gözümüz önündə üzə çıxa bilər.
 |
Bəşər övladlarının xüsusi önəm verdiyi işlərin heç biri, vətəndaş sülhü və təhlükəsizliyi müəyyən dərəcədə mövcud olmadan yerinə yetirilə bilməz. Qaranlıqda, pərdə arxasında sui-qəsd planları hazırlayanlar, gizlincə iş görən və öz səhvləri üçün məsuliyyət daşımaqdan boyun qaçıranlar zorakılıq aktlarından dərhal sonra ziyankarlıqla məşğul olurlar. Onlar bizi bağlı qapılar arxasına çəkməyə can atır və hamımızın xüsusi önəm verdiyi və azad cəmiyyətdə insanların gerçəkləşdirə biləcəkləri çox adi, amma son dərəcə zəruri işlərə - valideynləri öz övladlarını qorxusuz-ürküsüz böyütmələrinə, qadın və kişilərin işə getmələrinə, adamların öz qohum-qardaşlarıyla görüşmək üçün səfərə çıxmalarına, dindarların kilsəyə, sinaqoqa və yaxud məscidə getmələrinə əngəl törətməyə çalışırlar. Biz həmin şokdan sonra bunların nə qədər böyük nemət olduğunu aydın dərk etdik. İnsan həyatının nə qədər kövrək olduğunu dərk edəndən sonra biz indi necə yaşamalıyıq? Hər birimiz bu təməl, həyati suala cavab tapmağa çalışarkən dövlətlər bizə bu işi görməyə imkan verən vətəndaş cəmiyyəti mühitini qoruyub saxlamağa çalışmalıdırlar.
Auden "kollektiv insanın qüdrətini bəyan etmək üçün özlərinin bütün yüksəkliklərindən istifadə edən" "gözqamaşdırıcı göydələnlərdən" yazır. Mən bunun əksini düşünürəm. Göydələnlər, heç şübhəsiz ki, gücü, qüdrəti simvolizə edir. Ancaq onlar həmçinin azadlığın, dahiliyin və gözəlliyin simvoludur. Onlar heç də heç bir sifəti məlum olmayan kollektivin deyil, bir çox kişi və qadının birlikdə gücünü nümayiş etdirir. Ulduzlara çatmaq istəyi insanda nə qədər xoş duyğular oyatsa da, biz allahlıq iddiasına düşə bilmərik. Totalitar rejimlər yüksəklikləri fəth etməyi qarşısına məqsəd qoymur. Onlar alçaq boylu həbsxanalar və blok evlər tikir, insanları güllə lə yərkən onları söykəmək üçün divarlar ucaldır lar .
"Bir-birimizi sevməli, ya da ölməliyik", - Auden axırda bizə deyir. Əgər biz evdə ağzı bağlı qalarıqsa, məncə , bir-birimizi sevə bilmərik, ən azı Audenin dediyi anlamda. Biz "içimizdəki od-alovun mənzərəsini nümayiş etdirməliyik". Buna ümid deyirlər. Bu, ən böyük dini məziyyətlərdən biridir. Bu, həmçinin, demokratik bir məziyyətdir, hansı reallıqla üzləşməyimizin və buna müvafiq olaraq, istər zorakı qadağalar, istərsə də dinc razılaşmalar yolu ilə onun üçün məsuliyyət daşıdığımızın dərkinə varmaq xislətidir. Biz öz işimizlə məşğul ola, bir-birimizlə görüşə, salamlaşa və ən nəhayət "bir-birimizi sevə ya da ölə" bilmək üçün bizə ziyan vuranları hökmən durdurmalıyıq. 11 sentyabr bizim bir-birimizə vətəndaş cəmiyyətinə rəğbətimiz sayəsində bağlı olduğumuzu nümayiş etdirdi. Həmçinin o dəhşətli günün zaman keçdikcə yaddaşlarda solacağını, amma heç zaman silinmədiyini göstərdi. |