| Avropaya qapi açanlar -
Həsən Bəy Zərdabi
|
 |
KAMİL VƏLİ NƏRİMANOĞLU Professor, Avrasiya Araşdırmalar
Mərkəzinin başqanı |
Ön söz əvəzi
Azərbaycan Avropa Ş u rasının üzvüdür. Azərbaycan Avropa Birliyinə daxil olmağı özünə hədəf götürən Qərbyönümlü ölkələrdən biridir. Azərbaycanın Avropayönümlü yolu 200 illik zaman məsafəsini əhatə edir.
1991-ci ildə müstəqilliyini qazanan Azərbaycanın Avropaya inteqrasiya prosesi özündə siyasi, iqtisadi, sosial, mədəni, psixoloji amilləri ehtiva edən mürəkkəb bir sürəcdir. Bu sürəcin mədəniyyət, tarix, mənəviyyat səpkilərində araşdırılması "Avropaya qapı açanlar" sırasından yazılar yazmağımızı zəruriləşdirdi.
"Həsən bəy Zərdabi" yazısı bu sıranın ikincisidir.
Buyurun.
XIX əsr renessans və reform hərəkatlarının formalaşdırıldığı bir ağıl - rasionalizm dövrüdür. İ.B.Lamarkın üzvi aləmdə təkamül konsepsiyası, Ç.Darvinin kəşf etdiyi təkamül nəzəriyyəsinin geniş yayılmağa başlaması, sosiologiyada O.Kontun, S.Semonun, E.Durkhaymun … araşdırmalarının yeni üfüqlər açması milliyyətçilər anlayışını yeni bicimdə ortaya qoymuşdur. Bir toplum şüuru olaraq milliyyətçilik Fransa inqilabından sonra yeni biçim və vüsət qazanmışdır.
Yeni təfəkkürü, yeni dünya düzənini biçimləyən üç kəlam - Hürriyyət, Müsavat, Ədalət tezliklə Fransanın olmaqdan çıxmış , dünyəvi əhəmiyyət dəyər kəsb etmişdi. Yeni tipli mədəniyyətin , sosial davranışın, təhsilin yaradılması demokratik ideyalardan, kəsərli ictimai satiradan, realist düşüncədən, Avropa tipli maarifçilikdən, sağlam, xəlqi mətbuatdan keçir.
Həsən b əy Məlikov Zərdabi (1842-1907) qədim Şirvanın Zərdab kəndində ziyalı ailəsində doğulmuş, orta təhsilini Şamaxı və Tiflisdə almışdır. Moskva universitetində təhsil aldığı illərdə Ç.Darvinin dünyada məşhur təkamül nəzəriyyəsi ilə, İ .B.Lamarkın biologiya, botanika elmlərində cahanşüm u l kəşfləri ilə tanış olmuş, K.A.Timiryazev, İ.V.Meçnikov, D.İ.Pisaryev k imi alimlərdən dərs almışdı.
O zaman Avropanın elm-mədəniyyət sahəsinin güclü təsiri altında olan mərkəz Moskva və Peterburq Asiya olmaqdan daha çox Qərb idi.
Qərbin təsir dairəsi isə yalnız təbiət elmləri deyildi. Fransa inqilabından sonra Avropada dolaşan yeni fikir, maarifçi düşüncə rüzgarları Rusiyanı da bürüməkdə idi. Rusiyanın Qərbçiliyi fərqli biçim və sistem daşıyırdı.
A.Gertsen in publisistikası ("Sovremennik", "Russkoe slovo"), N.Q.Çernışevski nin inqilab fəlsəfəsi və sonralar ədəbiyyatın bütün əsrə yayılan "qızıl dövrü" A.Puşkin, M.Lermontov, F.Dostoyevski, L.Tolstoy, N.Qoqol, A.N.Çexov dövrü Qərbyönümlü intibah idi.
Məhz bu məktəbi keçən H.B.Zərdabinin vətənə dönüşdən sonra ilk arzusu yeni təbiətşünaslıq qədər, bəlkə ondan daha çox yeni məktəb və yeni mətbuat idi.
H.B.Zərdabi öz millətinin, vətəninin dərdlərinə çarə axtaracaq qədər q ərbçi idi. Öz yurdunun milli problemləri onu əlac üçün Avropa fikir mərkəzinə, düşüncə qaynağını təmsil edən prinsiplərə gətirmişdi.
Və 1875-ci ildə əsası qoyularaq 1877-ci ilə qədər iki il fəaliyyət göstər ə n "Əkinçi" qəzeti Şərqdə ilk demokratik oriyentasiyalı qəzet oldu.
Sonralar əsasını qoyduğu Avropa tipli Azərbaycan teatrı ilə H.B.Zərdabi Şərq dünyasında ikinci "ilk"ə imza atdı.
Bəzi araşdırıcılar H.B.Zərdabi ilə Mirzə Fətəlini süni şəkildə qarşılaşdırırlar və sanki M.F.Axundzadənin şöhrətindən nələrisə qoparıb Həsən b əyə ötürmək istəyirlər (Bax: Vilayət Quliyev . "Tarixdə iz qoyan şəxsiyyətlər". Bakı, 2000).
M.Fətəli yalnız Avropaya qapı açmaq anlamında deyil, ədəbiyyatın janrlarında yazdığı əsərlərinin əhəmiyyət və keyfiyyət göstəriciləri ilə "baniyi-Kar" olmuşdu. Onun yazdığı 6 komediya, hekayə, şer, fəlsəfi traktat və tənqidi məqalələr, əlifba layihələri dahi bir ensiklopedistin yaradıcılığı olduğu kimi, həm də bir fikir inqilabçısının, düşüncə mücahidinin əsərləridir.
H.B.Zərdabi bu yolun, bu məktəbin şərəfli bayraqdarlarından biridir. Və onun xidmətinin, şöhrətinin, missiyasının adı elə belədir: H.B.Zərdabi. Bu adın heç kəsə minnəti yoxdur.
Üzr istəyirəm, mətləbdən bir az uzaq düşdüm.
Həmişə gələcəyə baxan və xalqının gələcəyini daha aydın, daha azad və daha xoşbəxt görən H.B.Zərdabi "Əkinçi"də bəşər barixində yeni sivilizasiyanın təməli olan əkin mədəniyyəti ilə yeni sivilizasiyanın başlanğıcı olan yazını, yazı mədəniyyətini birləşdirdi.
"Əkinçi" 5 şöbədən ibarət idi: Daxiliyyə. Əkin və ziraət xəbərləri. Məktubat. Elmi x əbərlər. Tazə xəbərlər.
Bu beş şöbə yeni mətbuatın imkanlarını, təsir gücünü, ictimai-siyasi əhəmiyyətini ortaya qoydu. Xalqın mənəvi dünyası ilə maddi təsərrüfat, iqtisadi təməl dünyasını birləşdirən H.B.Zərdabi aqrar-feodal ölkəsini qabaqcıl aqrar-sənaye, sivil elm-mədəniyyət ölkəsinə çevirmək üçün ilk qəti addımını atan demokrat-mühərrir idi.
Mirzə Fətəli "Əkinçi"nin nəşrinə və uğurlarına sevinirdi və istədiklərini də yazdığı məktublarda açıq-aydın ifadə edirdi: "Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərba y can yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır" ( III c. s.337).
Həsən b əy Mirzə Fətəliyə yazdığı məktubda sələfinə-ustadına təsəlli verərək yazırdı: "Özünü xalqın, həm də bizim kimi geri qalmış, savadsız xalqın maariflənməsinə həsr edən şəxsi bu cür suallar yolundan saxlamamalıdır. Belə şəxs mükafatı öz-özündən alır, öz vicdanını təmizləyir".
XIX - XX əsr Azərbaycan maarifçiliyinin iki müqayisə məktəbi, iki dəyər qaynağı vardı: " o nlarda" və "bizdə" və ya Avropada və Asiyada.
Görkəmli alim Lev Qumilyov başda olmaqla rus avrasiyaçıları I Pyotrdan başlayan avropaçılığı tənqid edir, bunu Rusiyanın təbii başlanğıcı olan asiyaçılığın olümü kimi dəyərləndirirlər.
Həsən b əy Zərdabinin qərbçiliyi elmi baxışla, elmi dünyagörüşlə bağlı idi. Qəzetin şöbələrinə diqqət yetirsək aydın olar ki, "Elmi xəbərlər" şöbəsinin iki i llik yazıları əsasən Avropayönümlüdür. "Elm və texnikada çox irəlidə olan Avropa təcrübəsini Azərbaycanda tətbiq etmək, yaymaq nə qədər önəmli idisə, Avropa maarifçi fikrini yaymaq da o qədər maraqlı və zəruridi" qənaətində olan H.B.Zərdabinin bu səciyyəvi xəbərlərindən bir neçəsinə diqqət yetirək:
"İngiltərədə dəryaya qərq olan gəmilər özlərinə kömək çağırmaqdan ötrü bir maşın bin ə ediblər ki, onun sədası külək şiddət edən zaman altı ağac yol gedər" (2 dekabr 1875).
"Avropanın böyük şəhərlərində ağac mişarlamaqdan ötrü zavod bina olunub. Bu zavodlarda çox ağac ovuntusu əmələ gəlir. İndi ondan , aşağıda zikr olan kimi , xörək qayırıb heyvana yedirirlər" (22 dekabr 1876).
"Avropa əhli üçün bu halda təzə zəmanə hesab olunur ki, güc, igidlik, quldurluq, əsir etməklik qadağandır" (14 aprel 1877).
" Avropa hökmranları bir həmzəhmətlik elmi binə ediblər, adı elmi-qənaət politiki ( politiceska ya ekonomika )" (17 mart 1877).
"Tazə xəbərlər" şöbəsində də Avropa, Amerika xəbərləri mühüm yer tutur.
"Əkinçi"nin bu və ya digər münasibətdə müraciət etdiyi adların, mətbu orqanların, ölkələrin Avropa ünvanlı olması qəzetin A vropayönümlü milli-demokratik təbiətini ortaya qoyur: Bekkeril, Qaliley, Vamberi, Prudon, Stüart, "Deyli-nyu", "Morninq post", "Tayms" Avropa, Hollandiya, Fransa, İngiltərə, Bonn, Paris, Boston, Milan, Mançestr, Nyu-York, London, Leypsiq .
H.B.Zərdabinin yaradıcılığını tədqiq edən görkəmli alimlər Z.Məmmədov, İ.Rüstəmov, Z.Göyüşov, N.Zeynalov, V.Quliyev və b. böyük maarifçinin Avropa mədəniyyətinə, elm-texnikasına, siyasi sisteminə baxışını, münasibətini dərinliyi ilə açmamışlar.
Avropanın astanasında dayanan Azərbaycanın öz mədəni, tarixi irsinə yeni metodologiya ilə baxmağının vaxtıdır.
Məsələn, Həsən b əy Zərdabi kimi. |