"Düşdü bütün NGO - lar hörmətdən, ay can,
ay can,
"F.M." canın qurtardı töhmətdən, ay can, ay can".
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında qanunun tətbiq edilməsi barədə ölkə prezidenti
İlham Əliyevin fərmanı 13 aprel 2004-cü il tarixdən etibarən qüvvəyə
mindi. Xatırladaq ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında qanun layihəsi hələ ötən il hazırlanıb.
Bu ilin yanvar ayında Milli Məclisdə müzakirələr zamanı layihəyə
bəzi dəyişikliklər olunduqdan sonra qanun qəbul edilsə də, onun
tətbiqi bir qədər uzadıldı.
Prezidentin yeni fərmanına əsasən Nazirlər Kabineti
iki ay müddətinə qüvvədə olan qanunvericilik aktlarının sözügedən
qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə
təqdim etməlidir. Qanunda, həmçinin, hüquqi şəxslərin dövlət reyestrinin
tərtib edilməsi və aparılması üçün Nazirlər Kabinetinin zəruri maliyyə
və digər vəsaitlərin ayrılmasını təmin etməsi nəzərdə tutulub.
Əvvəlki qanunvericilikdən fərqli olaraq, bu qanunda
qeydiyyat proseduru daha da sadələşdirilib. Belə ki, əgər əvvəlki
qanunvericilikdə hüquqi şəxslərin qeydiyyata alınması, həmçinin
hüquqi şəxs statusu ləğv olunarkən, yəni reyestrdən çıxarılan zaman
tələb olunan sənədlərin siyahısı dəqiq deyildisə, yeni qanunda bu
siyahı tam şəkildə göstərilib. Bundan əlavə, qanunda hüquqi şəxslərin
qeydiyyat müddəti ilə bağlı konkret vaxt göstərilib. Qanuna əsasən,
qeydiyyatdan keçmək üçün müraciət etmiş hüquqi şəxsə qırx gün ərzində
hər hansı bir məlumat verilməsə, o, qeydiyyata alınmış hesab edilir.
Bundan sonra isə 10 gün müddətindən gec olmayaraq həmin hüquqi şəxsə
dövlət qeydiyyatı haqqında şəhadətnamə verilməlidir. Beləliklə,
QHT-lərin fəaliyyətinə uzun illərdən bəri ciddi maneə, Avropa Şurasının
tələblərindən biri olan qeydiyyat məsələsi həll olunmuş kimi görünür.
Ona görə "həll olunmuş kimi görünür yazırıq ki, bəzi QHT nümayəndələri
hansısa başqa maneə üsulunun tətbiqindən ehtiyat edirlər.
Qeydiyyat problemi həll olundu, lakin "Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunda
dəyişikliklər edilsə də, "Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında qanunda hələ də çatışmazlıqlar var.
Bu isə QHT-lərin fəaliyyətinə öz təsirini göstərir. "Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanunun 2.4-cü
maddəsi QHT-lərin ölkədə keçirilən prezident, parlament və bələdiyyə
seçkilərində iştirakını qadağan edir, habelə fəaliyyətinin 30 faizi
xarici donorlar tərəfindən maliyyələşdirilən yerli QHT-lərin seçkilərdə
müşahidəçi qismində iştirakına da imkan vermir. Qanun ekspertləri
və QHT fəalları başqa çatışmayan hallar da sadalayırlar.
Əlbəttə, problem qeydiyyatla bitmir. Amma hər halda
"buz əridi. Qlobal istiləşmə, deyəsən, həqiqətən Avropadan
başlayır. Başlasın. Bəlkə Avropanın hesabına bütün buzlarımız əridi.
|