|
PLÜRALİZM MƏRKƏZLƏRİ KOMMUNİZM XARABALIQLARI ÜZƏRİNDƏ YENİ AZAD
CƏMİYYƏTİN QURULMASINA XİDMƏT EDIR |
 |
İrena Lasota və Erik Çenovet
Şərqi Avropada Demokratiya İnstitutunun
həmdirektorları |
"Plüralizm mərkəzləri - demokratiya
uğrunda şəbəkə: 10 il" kitabına ön söz
Plüralizm Mərkəzləri Şəbəkəsi rəsmən 1992-ci ildə
Şərqi Avropada Demokratiya İnstitutunun (İDEE) layihəsi kimi fəaliyyətə
başlayıb. Onun ilk yığıncağı səkkiz ölkədən 25 nəfərin iştirakı
ilə 1993-cü ildə Polşanın paytaxtı Varşavada keçirilib. Belə bir
şəbəkənin təşkil olunması ideyası İDEE-nin prezidenti İrena Lasota
tərəfindən Milli Demokratiyanı Himayə Fondunun (NED) prezidenti
Karl Kerşmanla qeyri-rəsmi görüşdə təklif edilib. İdeya böyük rəğbətlə
qarşılanıb və fəaliyyətə başladığı ilk gündən 2003-cü ilin yazınadək
bu proqram NED tərəfindən maliyyələşdirilib.
Ancaq Plüralizm Mərkəzləri ideyasının ilk rüşeymləri
daha əvvəllərə gedib çıxır. Bu ideya "Solidarnosta Yardım Komitəsi
(1981-ci ildə təşkil olunub), sonra isə Şərqi Avropada Demokratiya
İnstitutu (1985-ci ildə yaradılıb) kimi daha əvvəlki təcrübələrimizdən
doğub. Biz o vaxt Şərqi-Mərkəzi Avropada və Sovet İttifaqında özümüzə
çoxlu dost tapmış və əlaqələr qurmuşduq. 1988-ci ildən başlayaraq
biz həmçinin "Uncaptive Minds ("Azad düşüncə) jurnalını
nəşr edirdik; Şərqi Avropa haqqında informasiya və mülahizələrdən
ibarət olan bu jurnal əvvəlcə müxalifətçilərin, sonra isə yenicə
qələbə çalmış demokratların öz fikirlərini ifadə edə bilmələri üçün
geniş bir foruma çevrilmişdi. Həmin dövrdə biz Bolqarıstan, Çexoslovakiya,
Macarıstan, Polşa, Rumıniya və keçmiş Sovet imperiyasının qərb respublikalarında
səfərlərdə olarkən kommunizmə qarşı eyni müxalifətçilik təcrübəsinə,
demokratik yönlü eyni baxışlara, eyni ehtiyaclara, amma adətən problemlərin
həlli və ya onlara yanaşma metodlarında fərqli və orijinal fikirlərə
malik insanlarla görüşürdük. Hər bir ölkədə biz onların fərdi qaydada
bir-birləriylə təmasda olmalarına çalışır və bu əlaqələrin faydalı
olacağına inanırdıq. Ancaq bir neçə ildən sonra biz regiondakı "pluralist
həmkarlarımızla birlikdə öz ölkələrinin kommunizmdən birdəfəlik
xilas olması uğrunda mübarizə aparan insanlardan və qeyri-hökumət
təşkilatlarından ibarət şəbəkə yaratmaq ideyası barədə düşünməyə
başladıq, bu şəbəkə 1989-cu ildə meydana çıxmış demokratik təmayüllü
hərəkatların dinamizminə əsaslanmalı və konformist, yaxud neokommunist
olmayan insanlardan təşkil edilməliydi.
Digər tərəfdən, 1989-cu il inqilablarından
dərhal sonra artıq beynəlxalq donorların çoxu
açıq-aşkar siyasi məqsəd güdən
demokratik təmayüllü vətəndaş cəmiyyətlərindən
ibarət şəbəkə yaratmaq ideyasına o
qədər də xoş yanaşmırdı. O dövrdə
demokratik postkommunist və yaxud da kommunist xarakterli olub-olmamasından
asılı olmayaraq, mövcud təşkilatlarla işləmək
tendensiyası çox güclü idi. Belə ki, Qərb
institutları region üçün havayı ayrılan
çox böyük məbləğdə vəsaiti
necə və hara xərcləməyin yollarını
axtarıb tapmaqda çətinlik çəkirdilər
və çox vaxt vəziyyətdən çıxış
yolunun köhnə strukturlarda və yaxud peşəkar
olduqları güman edilən on minlərlə "aparatçikdən
ibarət kommunist aparatı strukturlarında olduğuna
inanırdılar. Bu institutların əksəriyyətinin
düşüncəsinə görə, yeni peşəkar
və ictimai lider nəslinin yetişdirilməsi çox
uzun vaxt aparacaqdı. Ancaq təcrübəsiz olmasına
baxmayaraq, məhz yeni fəallar nəsli Qərbin puluna
deyil, demokratik ideyalara sadiq idilər. Siyasi partiyalarla
QHT-lərin kəsişmə nöqtəsində
çalışan və siyasi fəaliyyətlə
vətəndaş cəmiyyəti fəaliyyəti
arasında qalan bu insanlar daha çox yardıma ehtiyac
duyduqları halda, bu yardımları ala biləcəklərinə
heç ümid də etmirdilər.
 |
Kommunizmin dağılmasından sonra vətəndaş cəmiyyəti
məfhumunun iki fərqli interpretasiyası bir-biriylə toqquşdu və bu
toqquşma "vətəndaş cəmiyyətinin qurulmasına yönəldilən külli
miqdarda xarici yardımın bölüşdürülməsində olduğu qədər özünü heç
yerdə açıq-aşkar büruzə vermədi. Bir tərəfdə bir neçə milyon dollara
qeyri-siyasi, qeyri-qanuni vasitələrə əl atmayan, "peşəkar
və texniki cəhətdən səriştəli qeyri-hökumət təşkilatları şəbəkəsi
yaradacaqlarına inanan xarici mütəxəssislər, digər tərəfdə isə hər
bir ölkənin özündə əvvəlki onilliklərin ehtirasları və siyasi düşüncələri
ilə hərəkət edən, sınaqlar və səhvlər sayəsində öyrənməyə hazır
olan və xarici donorlara münasibətdə nə çeviklik göstərən, nə də
onlara böyun əyən yerli təşkilatlar dayanmışdı. Xoşbəxtlikdən, biz
üçüncü sektor adlanan bu kəsimin xeyli kasıb, amma bizim üçün xeyli
maraqlı hissəsiylə birgə çalışmağa üstünlük vermişdik.
1989-1991-ci illərdə yaşanılan dövr diktatorluğun
məhvi nəticəsində doğulan əbədi azadlıq dövrü təsiri bağışlasa da,
bu dövrdə baş verən "inqilablar Mərkəzi, Cənub-Şərqi və Şərqi
Avropada, həmçinin keçmiş Sovetlər Birliyindəki ölkələrin hamısına
eyni səviyyədə azadlıq gətirməmişdi. 1989-1990-cı illər bəzi ölkələr
üçün kommunizmin öz ömrünü başa vurması ilə əlamətdar olsa da, digər
ölkələrdə bu, sonun sancılı başlanğıcı olmuşdu və həmin proses hələ
də davam etməkdədir. Kommunizm dünyasının çökməsindən sonra yaranan
28 müstəqil ölkə müxtəlif siyasi, sosial, mədəni, tarixi və digər
xüsusiyyətlərə və şəraitə malik idi. Bəzi ölkələr demokratik institutlara
(yeni konstitusiyalar, seçkilər, azad mətbuat və s.) dərhal uyğunlaşsa
da, bir çox ölkələrdə sabiq kommunist liderlər köhnə dövlət repressiyası
mexanizmlərindən istifadə edərək öz mövqelərindən yeni diktatorluq
qurmaq üçün istifadə etdilər. Çox vaxt onlar öz hakimiyyətlərinə
yeni ideoloji dayaqlar yaratmaq naminə milli və etnik münaqişələrdən
yararlanırdılar. Bu ölkələrin başqa bir qrupunda isə vətəndaş cəmiyyəti
ideyaları ilə deyil, kommunist iyerarxiyasının ağır qanunları ilə
qidalanmış postkommunist elitaları ən vacib siyasi güc kimi üzə
çıxmışdı və adətən iqtisadi, siyasi və sosial islahatları ləngitmələrinə
və yaxud onları tamamən məhv etmələrinə baxmayaraq, onlar hələ də
Qərb dövlətlərini və fondlarını öz səriştəliliklərinə inandırmaqda
davam edirdilər.
 |
Bu ölkələrdə yenicə yaranmaqda olan vətəndaş cəmiyyətləri
belə bir vəziyyətdə kommunist elitaları kimi güclü şəbəkələrə malik
olmadan özləri-özlərini fondlaşdırırdılar: məhz həmin qeyri-formal
şəbəkələr kommunist repressiyalarına qarşı mübarizə aparır və demokratik
prinsipləri inkişaf etdirməyə çalışırdılar. İDEE həmişə dissidentlərlə,
müstəqil jurnalistlərlə, müstəqil həmkarlar ittifaqları ilə, müəllimlərlə,
insan hüquqları fəalları ilə və tələbələrlə - demokratik dəyişikliklərin
ön cəbhəsində dayananlarla işləmişdir. Plüralizm Mərkəzləri Proqramı
bu demokratik dairələrin möhkəmlənməsinə kömək göstərmək və demokratik
ideallara sədaqətlərini açıq şəkildə bəyan edən, onillər uzunu sürən
kommunist üsuli-idarəsinin ardından öz ölkələrində vətəndaş cəmiyyəti
qurmaq naminə geniş sivil və siyasi fəaliyyətlər təşkil edən bütün
bu cəmiyyət və qrupları ümumi bir regional şəbəkədə birləşdirmək
məqsədiləyaradılmışdı.
Nə üçün plüralizm?
Şəbəkənin mərkəzi konsepsiyası olan plüralizm kommunizmə
qarşı ən təbii çarə kimi ağlımıza gəlmişdi. Kommunizm idarəçiliyi
şəraitində bir partiya, bir lider, bir dost, bir düşmən, həmçinin
bir keçmiş, bir tarix, bir cəmiyyət, bir gələcək mövcud idi. Kommunizmin
süqutundan sonrakı ilk illərdə insanların çoxu bir diktatorçu sistemi
digəri ilə əvəz etmək istəyir və yaxud sadəcə olaraq yalnız bir
düzgün yolun olduğunu düşünürdülər. Bizim Plüralizm Mərkəzləri Şəbəkəsində
toplaşan dostlarımız açıq və geniş düşüncəli adamlar idilər. Heç
bir ehkamın əsiri olmayan bu adamlar bəzən özlərini "liberal
mühafizəkarlar, bəzən isə "mühafizəkar sosial-demokratlar kimi
xarakterizə edə bilərdilər. Dksər hallarda isə onlar hər cür xarakteristikadan
qaçırdılar. Kommunizm xarabalıqları üzərində əsl demokratik və azad
cəmiyyət qurmaq barədə düşünən bu adamlar öz fərqli məqsədlərinin
həyata keçirilməsində fərqli baxışlara və fərqli münasibətlərə malik
idilər.
Beləliklə, biz plüralizm vasitəsilə demokratlar arasındakı
həmin müxtəliflikləri bir araya gətirməyi nəzərdə tutmuşduq. Yəni
siyasi, sosial, linqvistik, regional, milli və etnik, dini və coğrafi
fərqlilikləri Plüralizm Mərkəzləri Şəbəkəsi əslində keçmiş kommunist
(sosialist) dünyasının bütün regionlarını birləşdirən, keçmiş Sovetlər
Birliyinin hər bir respublikası da daxil olmaqla, Şərqi Avropanın
(Cənub-Şərqi və Şimal-Şərqi) hər yerindən olan demokratları bir
araya gətirən, müxtəlif və fərqli (yuqoslav və sovet) sosialist
sistemlərindən çıxmış insanlar arasında körpü yaradan yeganə şəbəkə
olmuşdu.
Bu mənada plüralizm məfhumu həm də bir çox ölkələrə,
regionlara, fərqli mədəniyyətlərə və müxtəlif dinlərə məxsus insanları
öz ağuşuna almaqla müxtəliflik anlamını ifadə edir. 11 sentyabr
hadisəsindən sonra bugünkü dünyada plüralizm mərkəzlərinin geniş
miqyasda müxtəlif dinləri - islam, xristianlıq, yəhudilik, zərdüştilik
və buddizmi, eləcə də fərdi əlamətləri birləşdirə bilməsinin əhəmiyyəti
xüsusi qeyd olunmalıdır. Lvovda bir kilsəni ziyarət edərkən iştirakçılar
on üç fərqli əlamətə malik olduqlarını (aqnotsizm və ateizm xüsusiyyətləri
nəzərə alınmamaqla) hesabladılar. Plüralizm mərkəzlərinin hər bir
toplantısında həmişə ev sahibi olan ölkələrin mədəniyyətləri nümayiş
etdirilirdi: demək olar ki, bütün toplantılarda belə tədbirlər keçirildiyindən,
iştirakçılar bir çox xalqın və ölkə daxilindəki etnik qrupların
mədəniyyət nümunələri ilə tanış ola bilirdilər (Tirqu Muresdə yeddi
etnik qrup öz fərqli rəqs mədəniyyətlərini nümayiş etdirmişdi).
Plüralizm möhkəm ideoloji baxışlar cərgəsini ifadə
etməklə yanaşı, həm də hər bir məsələyə, sosial və siyasi problemlərin
müxtəlif həll yollarının mövcud ola biləcəyini qəbul etməklə yanaşmaq
arzusunu əks etdirir. Şəbəkə demokratiya, azadlıq, insan hüquqlarına
hörmət çərçivəsi daxilində hər cür müxtəlif fikirlərə açıqdır. Bu
çərçivə daxilində demokratiyanın nə olması, azadlığın hüdudları,
insan hüquqları paradoksları və vətəndaş cəmiyyəti quruculuğuna
müxtəlif münasibətlər barədə müzakirələr aparılır.
Plüralizm mərkəzləri nədir?
Plüralizm mərkəzləri şəbəkə halında ilk dəfə 1992-1993-cü
illərdə Mərkəzi və Şərqi Avropanın altı ölkəsində (Bolqarıstan,
Macarıstan, Litva, Polşa, Rumıniya və Slovakiyada) fəaliyyətə başlamışdır.
Növbəti üç il ərzində bu proqram sürətlə Belarusa, Bosniya və Herseqovinaya,
Krıma, Xorvatiyaya, Estoniyaya, Rusiyaya və Yuqoslaviyaya (Serbiya,
Monteneqro və Kosovo) yayılmışdır. Plüralizm Mərkəzləri Şəbəkəsi
sonra üç Qafqaz ölkəsində, Çeçenistanda, Qırğızıstanda, Özbəkistanda
və Orta Asiyanın digər ölkələrində işləməyə başlamışdır. Bu gün
23 ölkə və regionda 24 plüralizm mərkəzi və 25 plüralizm tərəfdaşlığı
mərkəzi fəaliyyət göstərir.
Plüralizm mərkəzləri nədir? Dksər hallarda onlar vətəndaş
cəmiyyəti quruculuğunu möhkəmləndirmək naminə geniş vətəndaş cəmiyyəti
və təhsil proqramlarına malik olan və müəyyən ölkə hüdudları daxilində
və bu hüdudları aşaraq şəbəkə şəklində fəaliyyət göstərən təşkilatlardır.
Serbiyalı Milenko Deretanın (Vətəndaş Cəmiyyəti Təşəbbüsləri Təşkilatı)
qeyd etdiyi kimi, faktiki olaraq, "plüralizm mərkəzləri artıq
öz ölkələrində ən vacib və ən əhəmiyyətli QHT-dir. Məsələn, onun
öz təşkilatı Miloşeviçin diktatur rejiminə son qoyan demokratik
hərəkatda vətəndaş cəmiyyəti qurumlarının və vətəndaşların səfərbərliyə
alınmasında, hərəkatın gücləndirilməsində aparıcı rol oynamışdır.
Bu gün Vətəndaş Cəmiyyəti Təşəbbüsləri Təşkilatı Serbiyada vətəndaş
cəmiyyəti həyatını və təhsilini inkişaf etdirən ən mühüm QHT-lərdən
biridir. Digər plüralizm mərkəzləri də ölkələrində öz işlərinə görə
tanınmış təşkilatlardır: Ermənistanda Helsinki Vətəndaş Assambleyasının
yerli Milli Komitəsi, Azərbaycanda "İnam Plüralizm Mərkəzi
və Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti, Belarusda "Supolnats,
Bosniyada Tuzla Vətəndaşları Forumu, Estoniyada Yaan Tonisson İnstitutu,
ürcüstanda İnkişaf və Dməkdaşlıq Mərkəzi, Vətəndaş Təşəbbüsləri
Uğrunda Kosova Hərəkatı, Makedoniyada Prilep - Vətəndaş Təşəbbüsləri
Mərkəzi, Monteneqroda Demokratiya və İnsan Hüquqları Mərkəzi, Rumıniyada
Plüralizm Fondu və Rusiyada Karta/Memorial Təşkilatı. Bu təşkilatlar
öz ölkələrində və regionlarında demokratiya, insan hüquqları və
vətəndaş cəmiyyəti ideyalarının genişləndirilməsində məqsədyönlü
işlər görür və xüsusi rol oynayırlar. Şəbəkə bu illər ərzində müxtəlif
ölkələrdə Plüralizm Mərkəzləri Proqramının müxtəlif sahələrində
vacib rol oynayan, ancaq öz ölkələrində ümumi əlaqələndiricilər
kimi çıxış etməyən digər aparıcı QHT-lər hesabına daha da gücləndirilmişdir.
Biz bu cür təşkilatları Plüralizm Mərkəzləri Şəbəkəsinin tərəfdaşları
adlandırırıq.
Regional şəbəkə
Plüralizm Mərkəzləri Şəbəkəsi Mərkəzi və Şərqi Avropada,
keçmiş Sovet məkanında on ildir fəaliyyət göstərən, bu müddət ərzində
iştirakçılarının sayını durmadan artıran və proqramlarını uğurla
genişləndirən yeganə şəbəkədir. Bu, heç bir formal təşkilatı, başqa
sözlə, ayrılan fondların xeyli hissəsini özünə sərf edən, xüsusi
adminis-trasiyası olmayan bir şəbəkədir. İDEE xüsusilə də spesifik
proqram fəaliyyətlərində və regional miqyasda yığıncaqların təşkilində
əlaqələndirici rolunu oynayır. Şəbəkə yalnız zəruri xərclər əsasında
fəaliyyət göstərir. Plüralizm Mərkəzləri Şəbəkəsi müxtəlif yollarla
qurulmuşdur və öz işində əlavə vasitələrdən istifadə edir: plüralizm
mərkəzlərinə və tərəfdaşlara yardım üçün ayrılan qrant proqramları;
şəbəkə üzvləri tərəfindən təmin edilən informasiya-məlumat bazası;
İDEE tərəfindən nəşr edilən "Centers for Pluralism Newsletter
məcmuəsi; Qafqaz, Orta Asiya və Şərqi Avropadakı təşkilatlar arasında
mübadilə və internalar; iki və ya daha çox mərkəz tərəfindən həyata
keçirilən sərhədsiz ümumi proqramlar (müxtəlif gənc siyasi lider
məktəbləri, seçkilərin monitorinqi, QHT treninq proqramları və s.
kimi); Müstəqil Jurnalistlər Şəbəkəsi (sonralar 300 müxtəlif istifadəçiyə
xidmət edən "Weele Service bülleteninə çevrilmişdir), yarımillik
və illik yığıncaqlar.
Proqramın ilk ümumi layihələrindən biri "Plüralizm
Mərkəzləri Şəbəkəsi bülleteni olmuşdur. Varşavada keçirilən ilk
yığıncaqda təsis edilən bu bülleten Plüralizm Mərkəzləri Şəbəkəsinin
ilk üzvləri arasında düşüncə, təcrübə və QHT haqqında informasiyaları
paylaşmaq vasitəsi kimi fəaliyyətə başlamışdır və tezliklə bütün
region üçün informasiya mənbəyinə çevrilmişdir.
 |
Bülletenin əsas məzmunu bir çox mərkəzlər tərəfindən
öz dillərində nəşr olunurdu. Rusiyada Karta/Memorial (Ryazan) bu
bülletenin rus variantını, "Supolnats Belarus variantını, "İnam
Plüralizm Mərkəzi Azərbaycan variantını ( "III Sektor demokratiya
jurnalı həmin bülletenin varisidir -red.), Dövlətçilik və Demokratiya
İnstitutu Ukrayna variantını buraxırdı. Nəhayət, bu il onun monqol
variantı nəşrə başlamışdır. Bütün hallarda yerli nəşrlər ingilisdilli
nəşrin materiallarından əsas çərçivə kimi istifadə etsələr də, onları
öz ölkələrinin xüsusiyyətlərinə uyğunlaşdırırdılar.
Eyni qaydada İDEE-nin 1993-cü ildən fəaliyyətə başlayan təlim səfərləri
və mübadilə proqramı yüzdən çox demokratiya fəalının informasiya
mübadiləsi apara, öz işləri və digər ölkələrdəki həmkarlarının işləri
barədə daha dərin bilik əldə edə bilməsi üçün mühüm vasitələrlə
təmin etmişdir. Bu da, öz növbəsində, həmin fəallara regionun digər
ölkələrində mövcud olanları müqayisə etmək və onlardan bəhrələnmək
imkanı vermişdir. Heç bir təşkilat "İnam Plüralizm Mərkəzi
qədər bu proqramdan yararlanmamışdır. Şəbəkə proqramı əsasında yaradılan
bu təşkilat xeyli əlavə fond toplayaraq yüzlərlə interaktiv təlim
səfərləri və mübadiləsi həyata keçirmiş, yerli vətəndaş cəmiyyəti
fəalları ilə seminarlar keçirmək üçün Plüralizm Mərkəzləri Şəbəkəsinin
mühazirəçilərini Azərbaycana gətirmiş, yerli liderləri Belarus,
Çexiya Respublikası, Polşa, Rumıniya, ABŞ, Orta Asiya ölkələri,
Gürcüstan, Ukrayna və Serbiyaya göndərmişdir. "İnamın direktoru
Vahid Qazi özünün "Missiyamız hələ başa çatmamışdır adlı məqaləsində
bu tədbirlərin əhəmiyyətini ətraflı şərh etmişdir. Bu cür çox əhəmiyyətli
digər nümunələr də mövcuddur: Gürcüstanın plüralizm mərkəzlərinin
Çexiya Respublikası ilə mübadiləsi onların öz konstitusiyalarını
və qanunvericiliklərini daha dərindən nəzərdən keçirmələrinə imkan
yaratmışdır; Belarus-Serbiya plüralizm mərkəzlərinin mübadiləsi
bu təşkilatlara öz ölkələrindəki demokratik hərəkatları müqayisə
etmək və fərqli cəhətləri üzə çıxarmaqda kömək etmişdir və s.
Plüralizm Mərkəzləri Şəbəkəsinin yığıncaqları bəlkə
də şəbəkə proqramının ən əhəmiyyətli hissəsidir: bu yığıncaqlarda
bütün üzvlər bir yerə toplaşaraq ümumi problemləri, gündəlik məsələləri
və bütün regionun demokratiyaya keçməsi ilə bağlı həll yollarını
müzakirə edirlər. Hər görüşdə yeni üzvlər digərləriylə tanış edilir.
İndiyəcən 18 tam və 9 regional yığıncaq keçirilmişdir (1997-ci ildə
şəbəkənin 9-cu, 2003-cü ildə isə 18-ci tam heyətli yığıncağı Bakıda
keçirilib - red.). 1993-cü ildə keçirilən birinci yığıncaqda 10
ölkədən 25 nümayəndə, sonuncu, 18-ci görüşdə isə 21 ölkədən 80-dən
çox nümayəndə iştirak etmişdir.
Plüralizm mərkəzləri və tərəfdaş təşkilatlar bir
yerdə bu on il ərzində Plüralizm Mərkəzləri Proqramının regional
şəbəkəsinin yaradılmasına xidmət etmişlər. Onun on illiyinə həsr
edilən bu kitabın on fəslinin hər birində müəlliflər şəbəkənin əsaslarını
və öz işlərində onun əhəmiyyətini təsvir edirlər. Onları oxuduqca
bu şəbəkənin nə qədər zəruri olduğuna bir daha əmin olursan. İnanırsan
ki, Plüralizm Mərkəzləri Şəbəkəsi dünyanın bu ən vacib strateji
regionunda demokratik faydalar verən yeganə şəbəkə olaraq qalmaqdadır.
|