SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
CONTACTS

 

REDAKSİYA HEYƏTİ:

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Mustafa C. Krımoğlu
(Ukrayna)

Vahid Qazi
(Azərbaycan)

Irena Lasota
(USA)

Ivlian Haindrava
(Georgia)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

Tehran Vəliyev
(Azərbaycan)

Təsisçi ve baş redaktor:
Vahid Qazi

Məsul redaktor:
Tehran İmranoğlu

Redaktor:
İlahə Rafaelqızı

Dizayner:
Fuad Əliyev

Veb dizayner:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: IIIsector@azdata.net

İSBN 9952-8017-0-X

№5 ---- Yaz|2004
ETNİK QRUPLARIN YANAŞI MÖVCUDLUĞU:
KEÇMİŞİN MÜSBƏT DƏRSLƏRİ
Corc X.Kvester
ABŞ-ın Merilend Universitetinin politologiya professoru

"Soyuq müharibənin" başa çatması dünyanın hər yerində insanların rahat nəfəs almasına səbəb oldu, belə ki, o, nüvə və adi müharibələr riskini xeyli azaltdı, siyasi demokratiyanın və iqtisadi liberallaşmanın genişlənməsinə rəvac verdi. Amma bundan sonra keçmiş Yuqoslaviyada və sabiq Sovet İttifaqının Cənubi Qafqaz bölgələrində etnik münaqişələrin artması böyük təəccüb və məyusluq doğurdu. "Soyuq müharibə" zamanı qarşı-qarşıya duran ideoloji düşərgələrdə üst-üstə düşən azsaylı düşüncələrdən biri din, dil və ya irqi əsasda münaqişələrin qəbuledilməzliyi idi. Rəsmi kommunist ehkamı bəyan edirdi ki, sinfi mübarizə yeganə real mübarizədir, "bütün insanlar qardaşdır", buna görə də macarlar və rumınlar bir-birinə qarşı inamsızlığa son qoymalı, bütün dünyanın zəhmətkeşləri varlı istismarçılara qarşı birləşməlidir. Liberal Qərbdə isə etnik münaqişələrə, bir qayda olaraq, keçmişin təkrarlanması, faşistləri və nasistləri motivə edən bir şey kimi baxılırdı. Liberallarla marksistlər arasında siyasi və ya iqtisadi demokratiya, mətbuat və söz azadlığı, yaxud da maddi rifah nemətlərindən bərabər şəkildə faydalanma kimi daha vacib məsələlərdə kəskin fikir ixtilafları mövcud idi. Amma onların hər ikisi dini, yaxud mədəniyyət fərqliliyi səbəbindən müharibə etməyin kifayət qədər axmaqlıq olması, prinsipcə birinci və ikinci dünya müharibələrini məhz bu cür münaqişələrin doğurması, bu səbəblərin köhnəlmiş baxışları əks etdirməsi və onların daha müasir baxışlarla əvəz edilməsi fikri ilə bir çox cəhətdən razılaşırdı. NATO və Varşava Müqaviləsi təşkilatlarının qarşıdurması dövründə etnik məsələlərlə məşğul olan müşavirlər hər iki düşərgədə kölgədə qalmışdılar.

Belçikadakı vallonları və flamandları ayıran amillərə istinad edənlərə 1940-cı ildən sonra alman işğalçılarının hər iki etnik qrupun millətçi dəstələrini nasistlər üçün lazım olan məcraya necə yönəltdiklərini xatırladırdılar. Şərqi Avropada da kim bu cür etnik münaqişələr haqqında danışırdısa, ona 30-cu və yaxud 40-cı illərdə nasizm, faşizmlə əlaqələr misal çəkilirdi. Əgər Qərb nümayəndələri Şərqi Avropa və Sovet İttifaqının idarə edilməsində kommunist hakimiyyət orqanlarının hansısa müsbət xidmətlərini etiraf etmək istəsəydilər, bu, yalnız etnik nifrətin aradan qaldırılması ilə bağlı ola bilərdi.

KEÇMİŞƏ QAYİDİŞLA BAĞLI MƏYUSLUQ

Beləliklə, Gürcüstana, Ermənistana və Azərbaycana 70 il, Yuqoslaviyaya isə 40 il nəzarətdən sonra kommunist tərbiyəsinin bu qədər səmərəsiz olmasının aşkara çıxması böyük şok yaratdı. Əgər bu bölgələrdə etnik münaqişələr və toqquşmalar 1985-ci ilə qədər baş versəydi, o zaman bunları Qərbdə tarixçilərin maraq dairəsinə aid edərdilər. Kim bu hadisələrin vacibliyinə işarə vurardısa, onu keçmişlə yaşamaqda təqsirləndirərdilər.

Gələcəkdə Qərbdə Belçika və yaxud İrlandiyada, Şərqdə isə Macarıstanın sərhədboyu bölgələrində baş verə biləcək bu cür oxşar münaqişələrin hər hansı bir işartısı keçmişə qayıdış kimi böyük məyusluq doğura bilər. Qismən orta məktəb təhsili sistemi üzündən, əsasən də bugünün qayğısına daha çox qaldıqlarından tarixi o qədər də dərindən öyrənməyən amerikalılar üçün başqa millətlərin bu cür cidd-cəhdlə qorunub saxlanmış tarixi yaddaşı, doğrudan da, "pis yenilik" oldu.

KEÇMİŞİN MÜSBƏT DƏRSLƏRİ

Bu məqalə müəyyən mənada siyasətçilərin kimin ədalətli və haqlı olduğunu sübut etmək üçün ziddiyyətli dəlillərlə bir-birlərinin boğazından yapışmağa hazır olduğu keçmişi yox, o dövrkü hökumətlərin və onların liderlərinin etnik münaqişələri həll etmək üçün təxəyyül və ağıl işlətdikləri keçmişi nəzərdən keçirməyə cəhd göstərir.

İstər liberal, istərsə də marksist olsun, müasirliyə inanan hər bir insan keçmiş təsəvvürləri nəzərdən keçirərkən onları ən yaxşı halda sadəlövh və məhdud, ən pis halda isə yanlış və xurafat kimi dəyərləndirmək xislətinə malikdir. Amma bəzən keçmişdəki xadimlərin də bugünkü insanlar qədər heyrətamiz təxəyyülə və ağla, nüansların və incəliklərin öhdəsindən gəlmək bacarığına malik olduqları üzə çıxır.

Bu gün Millətlər Liqasına daha çox uğursuz bir təşəbbüs kimi baxırlar. Doğrudur, bu təşkilat Mussolini və Hitler kimi qəddar və təcavüzkar xadimlərlə üz-üzə gələndə məğlubiyyətə uğradı. Amma daha az dərəcədə diktator və militarist rejimlərlə münasibətlərdə liqa bəzən mühüm uğurlar da qazana bilmişdir. Millətlər Liqasının əsasnaməsini hazırlayan Vudro Vilson və onun amerikalı müşavirləri dünyanı hansı yollarla demokratiyanın inkişafı üçün təhlükəsiz yerə çevirə bilməkdən danışırdılar. Həmçinin, onlar demokratiya vasitəsilə dünyanın təhlükəsizliyini təmin etmək istəyirdilər. öz müqəddəratını təyinetmə öz-özlüyündə müəyyən bir məqsəd olsa da, o, dünyanın hər yerində insanların amerikalılar kimi öz razılıqları ilə idarə olunması düşüncəsi ilə məhdudlaşırdı. Eyni zamanda, bu məqsədin müharibə və beynəlxalq münaqişə ehtimalını azaldacağına ümid də bəslənirdi.

Öz müqəddəratını təyinetmənin işçi tərifi insanlara etnik milli vahidlərin tərkib hissəsi kimi idarə olunmaq imkanı verilməsini tələb edirdi: təbii ki, almanlar almanca danışanların, polyaklar polyakca danışanların və s. idarəsi altında olmaq istəyərdilər. Etnik mülahizələr məhkəmələrdə işlərin aparıldığı, dövlət xidmətində işə girmək üçün ərizələrin verildiyi dil nöqteyi-nəzərindən də vacib idi. Bu, həm də insanların öz mədəniyyət və ənənələrinə hörmətlə yanaşılması arzusunu əks etdirirdi. Oxşar ideyalar dini üstünlüklərə də aid idi: beləliklə, Roma katolikləri arzulayırdılar ki, onları katoliklər idarə etsin, eyni şəkildə protestantlar da protestantlara üstünlük verə bilərdilər.

Amerika ənənəsi "idarəolunanların razılaşdığı dövlət idarəçiliyi" aspektinə təbii bir şey kimi yanaşmaqdan başqa, həm də ona həddən artıq diqqət yetirilməməsindən ibarətdir. Amma Amerika dil problemindən qaçırdı, belə ki, bütün immiqrantlar ABŞ-a gələndən sonra ingiliscəni öyrənirdilər. Dini problemlər dini dözümlülük siyasəti, kilsənin və dövlətin ayrılması ilə həll olunurdu. Bu cür sistem dini qruplar arasında balansa əsaslanırdı, eyni zamanda, onlardan heç biri çoxluq təşkil etmirdi. öz tarixlərinin gedişində amerikalılar "din azadlığına" inanırdılar, amma bununla yanaşı, vurğu işarəsi dindən daha çox azadlıq üzərində qoyulurdu.

Prezident Vilson öz elmi müşavirlərinə Almaniya və onun müttəfiqlərinin məğlubiyyətindən və Rusiya imperiyasının dağılmasından sonra Mərkəzi və Şərqi Avropada öz müqəddəratını təyinetmənin əsaslarının necə tətbiq oluna biləcəyini öyrənməyi tapşırmışdı. Böyük Britaniya və Fransa hökumətləri tərəfindən də oxşar qruplar yaradılmışdı. Məlum oldu ki, həmin bölgədə fərqli dinlərə münasibətdə Şimali Amerikadakına bənzər heç bir dözümlülük və plüralizm ənənəsi yoxdur. Burada protestantlığın bir-birinə münasibətdə balanslaşdırıla biləcək yeddi əsas istiqaməti mövcud deyil, burada katolikliyi, yəhudiliyi və pravoslavlığı balanslaşdırmaq lazım gəlir.

Əgər dinlər bir-birinə şər qüvvə, yaxud əsl etiqadın düşməni kimi baxmazlarsa, bir-birinin nümayəndələrini öz etiqadlarına cəlb etməyi öz vəzifələri hesab etməzlərsə, onda onlar birgə yanaşı yaşamağa qadirdilər. Amma dil qruplarının yanaşı mövcudluğu müxtəlif qrupların nə qədər dözümlü və xeyirxah niyyətliliyindən asılı olmayaraq, potensial cəhətdən daha böyük münaqişələr yarada bilər. Əgər iki vətəndaş mübahisə edirsə və biri o birinin dilini başa düşmürsə, polls isə yalnız dillərdən birini bilirsə, onda demək olar ki, hökmən münaqişə təhlükəsi yaranır. Əgər biznes aləmində, yaxud dövlət xidmətində yalnız bir dilə üstünlük verilirsə, digər qrupların dilinə xor baxılırsa, yenə də münaqişə vəziyyəti törəyir. Vilsonun müşavirləri əvvəlcə dil probleminə kifayət qədər asan problem kimi baxırdılar. Bunun həllini onlar milli sərhədlərin yenidən biçilməsində, məsələn, bütün poylakların bir, ukraynalıların isə digər tərəfdə qalmasında görürdülər. Amma bəs etnik qrupların bir-birinə qarışdığı hallarda, yəni bütöv milli birlik yaratmaq üçün belə sərhədlərin çəkilməsinin mümkün olmadığı vəziyyətlərdə necə olsun? Bəs məhz bu qruplar arasında gömrük maneələri olmadığına görə bütün əhalinin rifahına rəvac verən təbii-qtisadi şəraitin ümumiliyi etnik ümumiliyin özünü təşkil edirsə, onda necə?

Etnik qrupların bir-birinə qaynayıb-qarışdığı regionlarda və bir qrupun digərini ədalətsizcəsinə sıxışdırması barədə tarixi yaddaşın mövcud olduğu yerlərdə mövhumat xarakterli düşüncələrdən və ittihamlardan qaçmaq, şübhəsiz ki, çətindir. Belə bir vəziyyətdə normal özünüidarəetməni həyata keçirmək və sülhə nail olmaq da asan deyil.
Vilsonun və Millətlər Liqasının məsləhətçiləri ümumi planda bu problemin həllinin aşağıdakı dörd tipi üzərində dayandılar:

SƏRHƏDLƏRİN DEMARKASİYASI

Birincisi, təsadüf, yaxud böyük insan fəhmi sayəsində sərhədlər əzəldən elə çəkilmiş ola bilər ki, qruplardan hər birinin arzuladığı şəkildə öz müqəddəratını təyinetmə hüququnu gerçəkləşdirə bilməsi üçün onları bir-birindən ayırmaq mümkün olar. Təcrübi məqsədlər üçün ərazi vahidlərinin bütöv olması və beləliklə də siyasi qrup üzvlərinin bir-biri ilə asanlıqla sosial və iqtisadi əlaqələr saxlaya bilməsi çox vacibdir. İqtisadi mülahizələr sadə ərazi birliyindən da artıq şeylər tələb edir, belə ki, həyati dərəcədə vacib xammalın tələb, təklif və s. planda mübadiləsi nəzərə alınmalıdır.

Alman əhalisinin çoxluq təşkil etdiyi Sudet ərazisini çexlərin üstünlük təşkil etdiyi ərazidən ayırmaq yalnız sərhəd xəttini Pelzen və Budveyz kimi çex şəhərlərinin, demək olar ki, tam içindən çəkməklə mümkün ola bilərdi. Məsələ burasındadır ki, orada fermerlər əsasən almanlardan, şəhər əhalisi isə daha çox çexlərdən ibarət idi. Belə bir bölgü normal qarşılıqlı iqtisadi fəaliyyət prosesini pozardı.

Beləliklə, tarix və coğrafiyanın öz müqəddəratını təyinetmə hüququnu tələb edən qrupların hamısına dünyanın heç də hər yerində konkret sərhədləri çəkilə bilən bir coğrafi məkan ayırmaması ən qəliz problemlərdən birinə çevrildi. Cənubi Asiya müsəlmanlarının yaşayış rayonlarının bir qisminin Qərbi, bir qismininisə Şərqi Pakistanda yerləşməsi milli birliyi qoruyub saxlamaq baxımından daxili çətinliklər yaradırdı; doğrudur, dövlətin hər iki hissəsinin dənizə və dəniz vasitəsilə bir-birinə çıxışının olması həmin vəziyyəti bir qədər yüngülləşdirmişdi.

Məsələnin bu cür birinci həlli əsasən problemin elə şəkildə fiziki həllini nəzərdə tuturdu ki, həmin ölkələr sonralar ayrı-ayrılıqda və təkbaşına mövcud ola bilsinlər və burada etnik münaqişələr indi, məsələn, İslandiyada oynadığı qədər rol oynasın, yəni heç bir əhəmiyyət kəsb etməsin.

1918-ci ildən sonra Şlezviqi ikiyə bölən plebisitlər (ümumxalq səsvermələri - red.) ciddiyyətlə və obyektiv keçirilmişdi. Nəticədə Danimarka əhalisinin əksəriyyəti yeni sərhəddən şimalda qalaraq Kopenhagendən, əksər etnik alman əraziləri isə cənubda qalaraq Berlindən idarə olunmağa başlamışdı. Yeni sərhədin "yad tərəfində" qalan yığcam alman və yaxud Danimarka əhalisinin məskunlaşdıqları kiçik rayonlar doğma dildə məktəb, məhkəmədə müdafiə və s. daxil olmaqla öz etnik hüquqlarına zəmanət almışdılar.

Keçmişdəki bir sıra digər uğurlu nümunələr (Avstriya və Macarıstan arasında çəkilən sərhəd də daxil olmaqla) kimi Şlezviqdəki plebisit əyani şəkildə göstərir ki, hər iki tərəf üçün öz müqəddəratını təyinetmə etnik sərhədlərin çəkilməsi vasitəsilə əldə edilə bilər və bu zaman bir tərəfə qarşı ədalətli olmaq digər tərəfə qarşı ədalətsizliyə aparıb çıxarmır.

Millətlər Liqası, yaxud BMT kimi xarici təşkilatların bu prosesdə iştirakı tamamilə vacib ola bilər; çünki hər bir tərəf səslərin düzgün sayıldığına, səsvermə iştirakçılarının istədikləri kimi səs vermələrinə əngəl törədilmədiyinə, yaxud səsvermənin məhdudlaşdırılmadığına əmin olmaq istəyir.

ƏHALİNİN KÖÇÜRÜLMƏSİ

Birinci dünya müharibəsindən sonra tətbiq edilən bu tip həllin ikinci forması təbiətin və tarixin etnik qrupları hələ dəqiq və praktiki şəkildə bölünməsi mümkün olmayan ərazilərdə yerləşdirdiyi hallara aiddir. Bu forma etnik qrupların müəyyən hissələrinin elə köçürülməsindən ibarətdir ki, hər bölgə və hər şəhər tamamilə, yaxud demək olar, tamamilə etnik cəhətdən yekcins ola bilsin. Beləliklə, dil anlaşılmazlığı ehtimalı aradan qaldırılır və sosial münasibətlərdə yanlışlıqlar azaldılırdı.

Ən pis variantda bu tip həllə əhaliyə qarşı vəhşiliklər törətməklə aparılan və ya belə vəhşiliklərlə müşayiət edilən etnik təmizləmə, yaxud zorla köçürülmə kampaniyaları vasitəsilə nail olunur. Bəzən kənar və ya xarici silahlı qüvvələrin köməyi sayəsində bu cür köçürülmə daha sivil şəkildə baş verir, çünki belə vəziyyətlərdə onlar xüsusilə vacib olan müşayiət işini təmin edirlər. Belə hadisələr 1922-ci ildə Yunanıstanla Türkiyə, yaxud 1945 və 1946-cı illərdə Macarıstanla Çexoslovakiya arasında baş vermişdir. Dətta tamamilə humanist mülahizələrdən çıxış edilsə belə, bu cür köçürmələr çox bahalı və dağıdıcıdır, belə ki, insanlar nəsillər boyu yaşadıqları kəndlərdən çıxarılır, mülkiyyətin və s. Nisbi dəyərləndirilməsiylə bağlı kəskin problemlər meydana çıxır.

Prezident Vudro Vilson və onun müşavirləri kimi kənar liberal müşahidəçilər üçün öz müqəddəratını təyinetmə mühüm əhəmiyyətə malik idi. Amma fiziki köçürmə onlardan ötrü bu məqsədə çatmağın ən qeyri-münasib yollarından biri və faktiki olaraq, məğlubiyyətin etiraf edilməsi demək idi. Əsl öz müqəddəratını təyinetmə, əsl siyasi demokratiya insanlarda başqalarına böyük hörmət bəsləmək, "özünü başqasının yerinə qoymaq" arzusu doğurmalıdır. Amerikalılar "yaşa və başqalarının yaşamasına imkan ver" (bunu dinə rahat şəkildə aid etmək olsa da, dilə heç zaman aid etmək mümkün deyil) prinsipi ilə bağlı öz düşüncələrini etnik qrupların kütləvi köçürülməsindən daha yaxşı yanaşma üsulu sayırlar.

DÖZÜMLÜLÜK TƏRBİYƏSİ

Problemin həllinin üçüncü üsulu yanaşı yaşayan etnik qrupların üzvlərinə bir-birinə qarşı qabaqcadan yaranmış yanlış düşüncələrini dəf etməyi, bir-birinə qarşı daha dözümlü olmağı, başqa dilləri öyrənməyin gərəkliyini və bir-birlərini öz etiqadlarına və mədəniyyətlərinə cəlb etməyə son qoymağı öyrətməkdir. Bu üsul İsveçrə, Sinqapur və Finlandiyanın timsalında öz uğurlu həllini tapıb. Amma həmin ölkələrdə bu cür əsl liberal nəticələrə gətirib çıxaran bəzi spesifik amillərin olub-olmadığı da araşdırılmalıdır.

ABŞ nümunəsi o amerikalılar tərəfindən təklif oluna bilər ki, onlar bu üsulun həyata keçirilməsi ilə bağlı çətinliklərə bir qədər sadəlövh yanaşır və dil probleminə münasibətdə ondan istifadə edilib-edilməyəcəyini başa düşmürlər...

Vilson tərəfindən elan edilmiş (hamının diqqətini cəlb etmək üçün) öz müqəddəratını təyinetmə eyni vaxtda bir neçə şeyi - hansısa bir imperiyanın əsarətindən azadolmanı, ölkədə siyasi demokratiyanın bərqərar olmasını, azlıqların baxışlarının konstitusion müdafiəsini və ərazilərin hər kəsin istədiyi sərhədlər daxilində qalmasını təmin edəcək şəkildə ayrılmasını ifadə edirdi. Bu baxımdan Finlandiyada, İsveçrədə, yaxud Sinqapurdakı demokratik proseslər "özün yaşa və başqalarına yaşamağa imkan ver" prinsipinə inamı gücləndirdi. Demokratiya o deməkdir ki, insanı onun razılığı ilə idarə edirlər. Amma o, həmçinin, adama digər insanlarla razılığa gəlməyi öyrədir, konsensus əldə etmək vərdişlərini və adətlərini inkişaf etdirir, başqa insanların əzablarına qarşı diqqətli olmağı təlqin edir.

Amerikalılar özlərinə ilk yeni millət, demokratiya nümunəsi və demokratiya ixracatçısı kimi baxırlar. Amma Amerika demokratiyası heç zaman çoxdillilik şəraitində fəaliyyət göstərmək imtahanı verməmişdir. ABŞ çoxdinlilik probleminin öhdəsindən çox gözəl gəlmişdir. Bəlkə də bu prosesdə dinin əhəmiyyətini azaltmış və bu da həmin dinlərin təməlçiləri tərəfindən təəssüflə qarşılanmışdır. Könüllü əritmə qazanı olan belə bir model Finlandiya, yaxud İsveçrəylə müqayisədə Cənubi Qafqaz bölgəsi üçün çətin yaraya. Amma ilk siyasi demokratiyalardan biri olan bu demokratiyanı özünü icmaların yanaşı yaşamasının əsas modeli saydığına görə bağışlamaq da olar...

Cənubi Qafqazın, yaxud keçmiş kommunist məkanının etnik münaqişələrlə dolu başqa bölgələrinin cari problemlərini nəzərdən keçirən bugünkü pessimist bu cür yanaşma üsuluna da son dərəcə skeptik münasibət bəsləyəcəkdir. O, sübut etməyə çalışacaq ki, burada kök salmış yanlış düşüncə və inamları dəyişdirmək üçün bir neçə nəslin ömrü və onillərlə vaxt tələb olunur. Marksist rejimlərin etnik münaqişələri marksist təlim yolu ilə aradan qaldırmaq cəhdi onların ən aşkar uğursuzluqlarından biri olmuşdur.

ƏHALİNİN BÖLÜŞDÜRÜLMƏSİ ZAMANI ÇƏTİNLİKLƏR

Öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılması zamanı sadə coğrafi bütövlük və iqtisadi səmərəlilik problemlərindən savayı zəruri kateqoriyalaşdırma ilə bağlı bir sıra əsas məsələlərlə, habelə qrupların həcm problemləri ilə də üzləşmək lazım gəlir. 1919-cu ildə Aland adalarının isveç dilində danışan əhalisi birmənalı şəkildə və demək olar, yekdilliklə İsveçin bir hissəsi olmaq istəyirdi, ancaq bu, öz müqəddəratını təyinetmə problemini həll edə bilərdimi? Sonra Finlandiyanın isveç dilində danışan yerdə qalan əhalisinin fikrinə də qulaq asmaq vacib olmayacaqdımı? Əgər Aland adaları Finlandiyanın bir hissəsi olmaqdan imtina etsəydi, bir azlıq kimi onların statusu daha mühüm əhəmiyyət kəsb edəcəkdimi? Qısası, məsələ ondan ibarətdir ki, mövcud siyasi qurumun bir hissəsinə öz ətrafına sərhəd çəkərək yerdə qalanları xaric etməyə - çünki bu onun maddi maraqlarına xidmət edir - imkan vermək olar, ya yox?

Eynilə beş adadan ibarət bir ölkədə ən varlı ada, sadəcə, özündən nisbətən kasıb olan digər adaları maliyyələşdirən vergiləri ödəmək istəmədiyinə görə öz müqəddəratını təyinetmə hüququnu həyata keçirmək niyyətinə düşərsə, onda necə? Biz həmin tələbi açıq-aşkar iqtisadi və eqoist tələb kimi rədd edə bilərik. Amma əgər bu ada öz mədəniyyəti, dil dialekti və dini baxımdan bir qədər fərqlidirsə, bəs onda nə olsun?

Etnik qrupların və azlıqların ümumi balansını da nəzərə almaq lazımdır. 1990-cı ilə qədər keçmiş Çexoslovakiyadakı macar azlığın dil və digər hüquqlarına münasibətdə Macarıstanda xeyli rahat idilər, belə ki, çexlərin və slovakların öz aralarındakı fikir ayrılığından faydalanmaq olardı. Normal siyasi konsensus yaradılması prosesində bu ziddiyyətdən macar azlığı öz tələblərini irəli sürərkən başlanğıc nöqtəsi kimi istifadə edə bilərdi. Slovakiyanın cənubunda məskunlaşmış macar əhalisinin hüquqlarına təminat verən həmin balans sistemi çexlərin və slovakların öz müqəddəratlarını təyinetmə hüququndan yararlanaraq ayrı-ayrı dövlətlərə parçalanması ilə aradan qalxmış oldu.

AZLIQLARIN XÜSUSİ HÜQUQLARI

Etnik fərqliliklər probleminin dördüncü həll üsulu haradasa qrupları bir-birindən tamamilə ayırma prinsipi ilə onların dözümlülüyə öyrədilməsi prinsipi arasında yerləşir. Bu üsul azlıqların hüquqlarının müəyyən xüsusi müdafiə ilə təmin edilməsindən ibarətdir. Həmin məsələ Birinci dünya müharibəsinin sonunda geniş müzakirə edilmiş... və bəzi təcrübələr kifayət qədər uğurlu olmuşdur.

Bədbin əhval-ruhiyyəli siyasi müşahidəçi belə bir sual verə bilər: beynəlxalq siyasətin dərk edilməsi üçün, demək olar ki, ən əsas konsepsiyalardan biri sayılan suverenlikdən hansı dərəcədəsə geri çəkilməyi necə təklif edə bilərik? Halbuki suverenlik konsepsiyasını həddən artıq birmənalı qavramaq və dövlət hakimiyyəti strukturunu birdəfəlik müəyyənləşdirmək bu halda səhv olardı.

Hər şeydən öncə, dövlətlər bir çox onilliklər ərzində öz daimi qarşılıqlı münasibətlərində başqa ölkələrin vətəndaşlarını suverenliyin bəzi adi müddəalarına tabe etməmək haqqında razılığa gəlmişlər. Turist sifətiylə ABŞ-da olan çağırış yaşlı fransız Amerika ordusunda hərbi xidmətə cəlb edilə bilməz. Eynilə Fransa da bu ölkəyə gələn çağırış yaşlı amerikalı kişiləri orduya çağıra bilməz. Şübhəsiz ki, diplomatlar daha geniş və tam toxunulmazlığa malikdirlər (Əks halda öz milli maraqlarından çıxış edərək heç kəs daha istedadlı və məhsuldar diplomatlarını xaricə göndərməyə cəsarət etməz). Amma eynilə başqa vətəndaşlar da mübadilə qaydasında geniş toxunulmazlıqlar alırlar ki, bu da bütün tərəflərin milli maraqlarının gerçəkləşdirilməsini təmin edir.

Amerikalılara çox yaxşı tanış olan və dünyanın bir çox xalqlarının malik olmaq istədiyi konstitusion hökumət prinsipinin özü suverenliyin, çoxluğun azlığı məcbur edə bilməsinin son həddini müəyyənləşdirir. Bu cür konstitusion məhdudiyyətlər adətən azlığın həmin anda çoxluq təşkil edən əhalinin istənilən qəddar və yaxud kor-koranə qərarlarından müdafiəsinə yönəlir. Doğrudan da, konstitusiyanı dəyişmək üçün sadə çoxluq bəs eləmir, hər hansı bir əlavə qəbul edildikdən sonra onu ləğv etmək üçün isə bundan da çox şey gərəkir. Bu cür konstitusion məhdudiyyətlər etnik problemlərə dair məsələlər barədə səsvermə zamanı daha sabit və çoxsaylı azlığın müdafiəsi üçün də istifadə edilə bilər.

MUXTARİYYAT

Və nəhayət, yuxarıda göstərilən üsulların müxtəlif elementlərini birləşdirərək öz müqəddəratını təyinetmə hüququnun gerçəkləşdirilməsi ilə bağlı etnik münaqişə tərəflərinin razılaşdırılması problemini həll etməyin beşinci - muxtariyyat üsulunu da işləyib hazırlamaq olar. Bu zaman beynəlxalq münasibətlər, beynəlxalq iqtisadiyyat və sadəcə, tarixi ənənə baxımından ölkənin bütövlüyünü qoruyub saxlamaq, eyni zamanda etnik azlığın hüquqlarını müdafiə etmək və hətta həmin azlığa özünü içərisində çoxluq kimi hiss etməyə imkan verən "ev" almağa şərait yaratmaq mümkündür. Nəticədə belə yanaşma birinci iki yanaşmanın əsasını təşkil edən coğrafi məkanın məhdudlaşdırılması prinsipini dördüncü yanaşmadakı azlıq hüquqlarının konstitusion müdafiəsi prinsipi ilə birləşdirir. Cəm halında bunu üçüncü yanaşmadakı qarşılıqlı rəğbətin və dözümlülüyün artırılması üsulu ilə də tam şəkildə birləşdirmək olar.

Muxtariyyatın çoxlu formaları ola bilər. Bəziləri federalizmi dövlətin bütün muxtar komponentlərinin bir-birindən qarşılıqlı şəkildə asılı olan kombinasiyasından başqa bir şey hesab etmirlər: burada mərkəzi hökumətin səlahiyyətləri görə biləcəyi işlərlə məhdudlaşmışdır, daha kiçik vahidlər isə bütün qalan işləri həll edir. Adətən muxtariyyat anlayışı ölkənin bir kiçik hissəsinin böyük hissənin riayət etdiyi bəzi qaydalara tabe olmadığı halları nəzərdə tutur. Amma bu cür ayrıca qərar qəbuletmə mexanizminin səviyyəsi nəzərə alınaraq həmin ərazi müstəqil dövlət hesab olunmur.

Qafqazla müqayisə edilə biləcək mövcud nümunələrə ABŞ-ın tərkibindəki Puerto-Rikonu, İspaniyadakı Kataloniya və Baskoniyanı və Finlandiya Respublikasının tərkibindəki Aland adalarının (nəzərdən keçirilən dövrdə Millətlər Liqasının daha bir başqa məhsulu) statusunu göstərmək olar.

Aland adalarında yaradılmış muxtariyyata (belə ki, onlar Finlandiyanin tərkibində saxlanmış, İsveçə verilməmişlər) inamla belə bir yanaşmanın çox uğurlu nümunəsi kimi baxmaq olar.

1919-cu ildə Finlandiya və İsveç Millətlər Liqasına müraciət edərək bildirmişdilər ki, Aland adaları problemi onların arasında müharibəyə gətirib çıxara bilər. Bu gün isə beynəlxalq münasibətlər sahəsində çalışan istənilən mütəxəssis bu fakta təəccüblənə və ona inanmaq istəməyə bilər, çünki indi bu iki ölkə arasındakı münasibət tamamilə dostcasına və yaxın münasibətdir. Aland adalarının əhalisi öz mədəniyyətini qoruyub saxlamaqla yanaşı, Finlandiyanin tərkibində qaldıqlarına görə iqtisadi cəhətdən də xeyli udub.

Əgər Sudet almanları Çexoslovakiyanın tərkibində qalmaq istəsəydilər, etnik isveçlərin Finlandiyanin tərkibində əldə etdiklərinə nail ola bilərdilər. Və çox güman ki, etnik ermənilərə Azərbaycan tərkibində buna müvafiq muxtariyyat səviyyəsi verilsə, onlar da həmin uğurlara nail ola bilərlər.

Cənubi Qafqazda və Yuqoslaviyadakı tarixi yaddaş və nifrət mənbəyi sülhün bərqərar olmasına maneədir. Amma tarixi yaddaşın müharibədən başqa digər növləri də var, burada ağıl suverenliklə kompromis əldə etmək və müharibədən qaçmaq üçün istifadə olunur. Bu cur tarixi yaddaş təhlil üçün daha maraqlıdır.

DİNAMİK ÇƏTİNLİKLƏR

Təklif edilən üsulların həmişə səmərəli olacağına təminat vermək olmaz. Yalnız və yalnız "qəti həll" isə dağıntılar və assimilyasiyalar vasitəsilə azlığın dini etiqadını, yaxud dilini ləğv etmək ola bilər. İngiltərədə kornişlərin dili, Fransanın cənubunda isə albigenizlərin dini bu cür məhv edilmişdir.

Finlandiya nümunəsi bu dəfə də yaxşı orkestrləşdirilmiş qərarları təhdid edən dinamik problemlərə əyani illüstrasiya ola bilər. Finlandiyanı vahid dövlət kimi saxlayan ümumi razılıq fin və isveç dillərinin qarşılıqlı hörmətini nəzərdə tutur. Artıq qeyd edildiyi kimi, Finlandiyanin Aland üzərində öz suverenliyini saxlamasına, eləcə də Finlandiyanin qalan ərazisindəki isveçdilli əhali ilə findilli əhali arasındakı xoş münasibətə bu sosial müqavilənin vacib tərkib hissəsi kimi baxılır.

Bəs əgər isveçlər Skandinaviyanın başqa bölgələrində işləmək üçün Finlandiyanı finlərlə müqayisədə daha fəal surətdə tərk etsələr, onda nə baş verəcək? Əgər bu proses uzunmüddətli ənənəyə çevrilsə, bu zaman belə bir miqrasiya, yaxud etnoslararası nikahların istiqaməti (yaxud bəzi çoxetnoslu ölkələr üçün doğumun müxtəlif səviyyələrdə olması) azlıqların yoxa çıxması təhlükəsini doğuracaqmı və yaxud bu azlıqlar öz müdafiə olunmuş statuslarını getdikcə itirdiklərini hiss edəcəklərmi?

Sosial razılaşmanı təhdid edən nümunələrdən biri Finlandiyada isveçlərin fin dilini, finlərin isə isveç dilini öyrənməli olduqları vəziyyətlə bağlıdır. Belə ki, fin məktəblilərinin yeni nəsli qiyam qaldıra və ingilis dilini -beynəlxalq həyatın daha faydalı dilini öyrənmək istədiklərini bəyan edə bilərlər. İngilis dilinin dünya dili olması ABŞ-da əritmə qazanını fəallaşdırdı və mədəniyyətin çoxobrazlılığı problemini həll etməyə imkan verdi. Amma məktəblilərin yeni nəsli isveç dilini - öz ölkələrinin ikinci bərabər dilini az öyrənsələr, onda Finlandiyada təhdidedici şərait yarana bilər. Əgər İsveçrə almanları və fransızları ölkənin üçüncü dilini - italyan dilini öyrənmək istəməsələr və bunun əvəzində ingilis dili ilə məşğul olsalar, oxşar problemlər burada da yarana bilər.

Onillərdir fransızdilli kanadalılar bundan qorxurlar ki, onların bəziləri qarışıq nikahlar vasitəsilə, yaxud başqa səbəblər üzündən ingilis dilinə keçirlər. Kanadaya yeni gəlmiş mühacirlərin ingiliscə danışmağa başlaması da onlarda narahatlıq doğurur. Amma Kvebekin fransızdilli katolik kanadalıları arasında doğum səviyyəsinin daha yüksək olması onların bu əndişələrini müəyyən müddət kompensasiya etmişdir. Bununla belə, 60-70-ci illərdə Kvebekdə dini və sosial baxışlar dəyişəndə burada doğum səviyyəsi kəskin şəkildə aşağı düşdü. Bu prosesi çox vaxt "sakit inqilab" adlandırırlar. Həmin demoqrafik dəyişikliklər Kanadada fransızdilli əhalinin gözlənilən faizini azaltdı və beləliklə, bu qrup özünü təhlükə artında hiss etməyə başladı.

Onillərdir fransızdilli kanadalılar bundan qorxurlar ki, onların bəziləri qarışıq nikahlar vasitəsilə, yaxud başqa səbəblər üzündən ingilis dilinə keçirlər. Kanadaya yeni gəlmiş mühacirlərin ingiliscə danışmağa başlaması da onlarda narahatlıq doğurur. Amma Kvebekin fransızdilli katolik kanadalıları arasında doğum səviyyəsinin daha yüksək olması onların bu əndişələrini müəyyən müddət kompensasiya etmişdir. Bununla belə, 60-70-ci illərdə Kvebekdə dini və sosial baxışlar dəyişəndə burada doğum səviyyəsi kəskin şəkildə aşağı düşdü. Bu prosesi çox vaxt "sakit inqilab" adlandırırlar. Dəmin demoqrafik dəyişikliklər Kanadada fransızdilli əhalinin gözlənilən faizini azaltdı və beləliklə, bu qrup özünü təhlükə artında hiss etməyə başladı.

Bir çox müxtəlif dinamik və qeyri-stabil qarşılıqlı münasibətlər də mövcuddur və onlar hər hansı bir konkret qərarın bütün hallar üçün yetərli sayılmasına çətinlik törədir. Ancaq bir şey əsas fakt olaraq qalır ki, qarşılıqlı rəhmdillik qızışmış ehtirasların səngiməsinə və demək olar, bütün problemlərin dəf olunmasına kömək edir, eləcə də fəaliyyətdə olan demokratik proses bu cür əlaqələrin və qarşılıqlı anlaşmanın inkişafına rəvac verir. Öz müqəddəratını təyinetmə prosesi problemə "biz" onlara qarşı mövqeyindən baxmaq əvəzinə, sözün tam mənasında, bütün tərəflərin cari obyektiv situasiyalardakı dəyişikliklərə uyğunlaşmasına yardım göstərməlidir.

Tərcümə etdi: Nəriman Əbdülrəhmanlı