SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
CONTACTS

 

REDAKSİYA HEYƏTİ:

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Mustafa C. Krımoğlu
(Ukrayna)

Vahid Qazi
(Azərbaycan)

Irena Lasota
(USA)

Ivlian Haindrava
(Georgia)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

Tehran Vəliyev
(Azərbaycan)

Təsisçi ve baş redaktor:
Vahid Qazi

Məsul redaktor:
Tehran İmranoğlu

Redaktor:
İlahə Rafaelqızı

Dizayner:
Fuad Əliyev

Veb dizayner:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: IIIsector@azdata.net

İSBN 9952-8017-0-X

№5 ---- Yaz|2004
"KYONAXALLA" - ÇEÇEN ŞƏRƏF KODEKSİ

Leça İlyasov
LATTA mərkəzinin direktoru

Tarixi rəvayətlər, nart eposu, folklor əfsanələri naxlarda (vyanaxlarda -indiki çeçenlərin də daxil olduqları tayfalarda) müxtəlif hərbi ittifaqların mövcudluğuna dəlalət edir.
Orta çağların son bölümündə ən nüfuzlu hərbi birləşmələrdən olan "Kyonaxiy" ordeni naxlar ölkəsinin siyasi həyatında əhəmiyyətli rol oynamışdır. "Kyonaxiy" - çeçen dilindən tərcümədə "xalqın oğulları" deməkdir və onlar vətəni, xalqın maraqlarını müdafiə etməyi öz varlıqlarının məqsədi saymışlar. Kyonaxın həyat tərzi, davranışı kəskin şəkildə müəyyən qaydalara tabe idi. Şərəf kodeksi normalarından azacıq kənara çıxmaq onu bu yüksək rütbədən məhrum edirdi.
Çeçen şərəf kodeksi "Kyonaxalla çeçenlərin islamı qəbul etməsindən xeyli əvvəl, çox ehtimal ki, hələ Alan dövründə formalaşmışdır. Monqolların və Teymurun Qafqaza yürüşü zamanı müharibənin naxlar-alanlar üçün adi duruma çevrildiyi dövrlərdə baş verən dramatik hadisələr bu kodeksin xarakterinə əhəmiyyətli təsir göstərmişdir. Kodeksin qədimliyinə kyonax -ləyaqətli insan, xalq qəhrəmanı kultunun nart eposunun ən qədim qatlarındakı çoxsaylı paralellər dəlalət edir.
"Kyonaxalla" kodeksi qəti olaraq orta çağların axırlarında, kəndli icmalarının feodallarla müharibələri dövründə, cəmiyyətin ən ali dəyərinin azadlıq, o cümlədən, şəxsiyyət azadlığı elan olunduğu teyp demokratiyasının çiçəkləndiyi zamanda formalaşmışdır.
Daha sonrakı zamanlarda bu kodeksin mənəvi cəhəti islamın sufi variantının güclü təsirinə məruz qalmışdır. Bu varianta görə, insan mövcudluğunun başlıca mənası mənəvi kamilləşmə yoludur. Amma bütün bunlarla yanaşı, sufilərdən fərqli olaraq, kyonaxlar dünyəvi zövqlərdən və cəmiyyətin sosial-siyasi həyatında fəal iştirakdan imtina etmirdilər.
Rəvayətə görə, "Kyonaxalla" kodeksi XVIII əsrin dini-etik traktatlarında müxtəlif variantlarda qeydə alınmışdır. Zəmanəmizə qədər bu kodeks tarixi qəhrəmanlar haqqında cürbəcür xronikalarda, əfsanələrdə və nağıllarda parçalar şəklində gəlib çatmışdır.
"Kyonaxalla" şərəf kodeksinin aşağıda dərc edilən mətni bu mənbələr, eyni zamanda uzun illər ərzində topladığım materiallar əsasında yazılmışdır.

"KYONAXALLA" KODEKSİ

1. Kyonax - "Kyonaxalla şərəf kodeksinin əsas prinsiplərinə qəti şəkildə əməl edən insan.

2. Kyonaxın başlıca məqsədi və həyatının mənası öz xalqına (kyam) və vətəninə (Daymoxk) xidmət etməkdir. Ondan ötrü xalqının və vətəninin maraqları həmişə öz teypinin, nəslinin, soyunun maraqlarından yüksəkdə durur.

3. Kyonax üçün ən uca mənsəb vətəni düşmən təcavüzündən müdafiə etməkdir. Kyonax üçün ədalətli müharibədə, yaxud öz şərəf və ləyaqətinin müdafiəsi zamanı ölmək şərəfsizlik və rüsvayçılıq içində yaşamaqdan üstündür.

4. Vətənə xidmətdə kyonax onu şərəf kodeksi prinsiplərindən geri çəkilməyə məcbur edən, yaxud şəxsi ləyaqətinə xələl gətirən fəaliyyətdən başqa hər cür fəaliyyət növü ilə məşğul olmaq hüququna malikdir.

5. Yaradıcı əmək kyonaxın ləyaqətini nəinki alçaltmır, əksinə, ucaldır. Dmin-amanlıq zamanı vətənin rifahı naminə çalışmaq eynilə müharibə zamanı öz ölkəsini müdafiə etmək qədər kyonaxın borcudur.

6. Əgər kyonax şəraitdən asılı olaraq bir adamın, yaxud bir qrup adamın maraqlarına xidmət edirsə, onda bu maraqlar xalqın maraqları ilə ziddiyyət təşkil etdiyi anda o, xalqın maraqlarının müdafiəsinə qalxmalıdır. Kyonax
öz andına xəyanət etməmək üçün vətəndən başqa heç kəsə sədaqət andı içməməlidir.

7. Kyonax hər an ölümə hazır olmalıdır, zira bu dünyada əbədi heç nə yoxdur. O, yadda saxlamalıdır ki, ondan ötrü həyatından qiymətli bir anlayış var: vətən, şəxsi ləyaqət və şərəf. Amma kyonax ölümə can atmamalıdır və əbəs yerə taleyini sınağa çəkməməlidir, ona görə ki, həyat İlahinin insana ali hədiyyəsidir.

8. Kyonaxın başlıca keyfiyyəti təmkinli olmaqdır. Əsl igidliyi, özünü, hadisələri idarə etmək bacarığını məhz bu keyfiyyət üzə çıxarır. Ağılsız cəsurluq - gözüyumulu igidlik göstərməkdir, bunu yalnız həm özünün, həm də başqalarının həyatının qədrini bilməyən yeniyetməyə bağışlamaq mümkündür. Kyonaxın təmkini - əgər bir şey vətənin maraqları ilə ziddiyyət təşkil edərsə, şərəf kodeksi, yaxud şəxsi ləyaqətlə bir araya sığmazsa, hər şeyi bilən, şüurlu surətdə ölümə gedən bir adamın igidliyidir.

9. Kyonax həyatda, məişətdə və ictimai işlərdə sadə olmalıdır. Kyonaxın ağlını, igidliyini, əməlini hər şeydən öncə ətrafdakılar qiymətləndirməlidir. Amma bu qiymətin subyektivliyi belə ona öz-özünü tərifləməyə əsas vermir.

10. Kyonax öz sözlərinə və hərəkətlərinə görə həmişə cavabdeh olmalıdır. O, başqalarına verdiyi sözə həmişə əməl etməli və heç zaman, hətta şəxsi həyatı bahasına olsa belə, onu pozmamalıdır.

11. Kyonaxın başlıca sərvəti onun şərəfi və şəxsi ləyaqətidir. Bu dünyanın qalan bütün başqa nemətlərini bir dəfə itirib yenidən əldə etmək olar, amma itirilmiş şərəf və ləkələnmiş ləyaqət yenidən yalnız layiqli ölüm hesabına əldə oluna bilər.

12. Kyonaxa var-dövlət yığmaq qadağan deyil. Əsl kyonaxın halal yolla qazandığı sərvət təkcə onun maraqlarına yox, həm də xalqının və vətəninin maraqlarına xidmət edə bilər. Hərislik və xəsislik hər bir adamın ən yaxşı keyfiyyətlərini faydasız bir şeyə çevirə, eyni zamanda hədsiz israfçılıq ən varlı adamı müflisləşdirə bilər. Səxavətlilik isə nəinki kyonaxın şöhrətini, həm də onun rifahını artırır.

13. Kyonax başqa adamların şəxsi ləyaqətinə və şərəfinə, habelə özgəsinin əmlakına toxunmamalıdır. Bununla yanaşı, o, başqalarının zəifliyini və səhvlərini güzəştə getməli, amma özünə qarşı tələbkar olmalıdır.

14. Kyonax öz soyunun ən yaxşı ənənələrini göz bəbəyi kimi qorumağa, öz əcdadlarını xatırlamağa, onların keçmişinə və öz xalqıının tarixinə hörmətlə yanaşmağa borcludur.

15. Kyonax öz ağlını həmişə ovxarlamalı, ən aqil adamların müdrikliyini və təcrübəsini mənimsəməli, dünyanı dərk etməyin açarı olan elmləri öyrənməlidir, ona görə ki, yalnız biliyə yetəndən sonra əsl dini inancın və ədalətin dərkinə nail olmaq olar.

16. Əsl dini inane və ədalət kyonaxın ali mənəvi məqsədidir. Din məsələlərində kyonax islamın "Dində məcburiyyət yoxdur ehkamını əldə rəhbər tutur. O, digər dinlərin nümayəndələrinə dözümlülüklə yanaşır, onlara öz baxışlarını, yaxud həyat tərzini güc və məcburiyyətlə qəbul etdirməyə çalışmır.

17. Kyonax din məsələlərində də sadə olmalıdır. O öz dindarlığını heç zaman gözə soxmur, əsl inancını zahiri formaya dəyişmir.

18. Ədalətlilik - kyonaxın ətraf aləmə və insanlara münasibətində yeganə meyardır. O özünə münasibətdə olduğu kimi, başqalarına münasibətdə də ədalətli olmalıdır.

19. Minnətdar olmaq da alicənab insanın əsas xüsusiyyətlərindən biridir. Kyonax ona edilmiş xeyirxahlığın əvəzini qat-qat artıq çıxmalıdır. Özü isə göstərdiyi xeyirxahlığa görə minnətdarlıq gözləmir.

20. Kyonax adamlarla ünsiyyətdə onların sosial statusundan və yaşından asılı olmayaraq son dərəcə nəzakətli, təmkinli və sadə olmalıdır.

21. Kyonax qadına hörmət və ehtiramla yanaşır. O, heç zaman, heç bir vəziyyətdə onları təhqir etmir və alçaltmır, başqalarının da belə etməsinə imkan vermir. Qadının şərəfi və ləyaqəti kyonax üçün müqəddəsdir.

22. Kyonax nəinki öz haqlılığını sözü və işi ilə müdafiə etməlidir, həm də qarşı tərəfə qulaq asmalı, əgər haqlıdırsa, onun fikri ilə razılaşmalıdır. Daha zəif rəqiblə mübahisədə və dava-dalaşda güzəştə getmək qorxaqlıq yox, alicənablıq əlamətidir.

23. Kyonax zəif və gücsüz adamlara qarşı mərhəmətli olmalıdır. O, təkcə insanların deyil, həm də ağlı olmayan və özlərini insanların qəddarlığından qoruya bilməyən heyvanların da halına yanmalıdır.

24. Kyonax canlı olan hər şeyə mərhəmətlə yanaşır. Heç zaman gərəksiz ağacı kəsmir, bir canlı varlığa da ziyan vurmur.

25. Kyonax qismətinə düşən bütün həyat acılarına, o cümlədən fiziki əzablara fədakarlıqla dözməlidir.

26. Kyonax xeyirdə də, şərdə də özünü ləyaqətlə aparmalıdır. Hər cür vəziyyətdə o, təmkin və mətanət nümayiş etdirməlidir.

27. Kyonaxın həyatı gənc nəsil üçün yüksək mənəviyyat, müdriklik və igidlik nümunəsi olmalıdır. Öz həyat və döyüş təcrübəsini özündən daha gənc insanlara ötürmək kyonaxın mənəvi borcudur.

28. Kyonax öz valideynlərinə hörmət və ehtiram göstərməli, onların qayğısını çəkməli, qocalıqlarını təmin etməlidir.

29. Kyonax cəmiyyətdə olduğu kimi, öz ailəsində də ədalətli olmalıdır. Cəza verməkdə də, həvəsləndirməkdə də o, eyni qaydada düzgün və təmkinli olmalıdır. O, ailə üzvlərini təhqir etməyə və fiziki cəhətdən cəzalandırmağa qədər alçaltmamalıdır. Əgər qadın vurulmağa layiq hərəkətə yol veribsə, onda onu boşamaq lazımdır.

30. Kyonax dostluğa vəfalı və sədaqətli olmalıdır. O, dostunu müdafiə edərkən öz həyatını əsirgəməməlidir. Kyonax həm dostluqda, həm də düşmənçilikdə tanınır.

31. Kyonax başqa adamlara olduğu kimi, düşməninə münasibətdə də eyni alicənablıq göstərir.

32. Kyonax silahsız düşmənə qarşı silah işlətməməlidir. Ağır yaralanmış düşməninə, hər hansı bir başqa adama olduğu kimi, əlindən gələn köməyi göstərməlidir.

33. Kyonax daha zəif düşmənlə qarşılaşmaqdan mümkün qədər çəkinməlidir, ona görə ki, belə bir döyüşün hər hansı sonluğu ona şöhrət gətirməz, amma adına ləkə vurar. Əgər qarşılaşma qaçılmazdırsa, onda o, düşmənə silah seçməyə imkan verməli və iltifat göstərməlidir.

34. Kyonax güclü düşmənlə döyüşdən boyun qaçırmamalıdır. Amma əgər bu, xalqın maraqlarına, onun şərəfinə və şəxsi ləyaqətinə xələl gətirmədən mümkündürsə, həmişə sülhü müharibədən üstün tutmalıdır.

35. Qonaqpərvərlik qanunu kyonax üçün müqəddəsdir. Öz qonağını müdafiə edə bilməyən kyonax rüsvayçılığa və nifrətə məhkumdur. Buna görə də qonağın həyatı və azadlığı ondan ötrü öz həyatından qiymətlidir. Amma o, cinayət işlətmiş qonağa görə məsuliyyət daşımır.

36. Kyonax başqa ölkələrə gedərkən və başqa xalqların içərisində olarkən onların qanunlarına və ənənələrinə hörmət etməlidir, ona görə ki, belə hallarda təkcə özünü yox, həm də öz xalqını təmsil edir.

37. Kyonax həyatı boyu xalqına maksimum fayda ilə xidmət etmək üçün öz ruhunu və bədənini təkmilləşdirməklə məşğul olmalıdır.

38. Kyonax müntəzəm olaraq bədənini möhkəmləndirən təlimlərlə məşğul olmalı, müxtəlif silah növləri ilə məşq etməlidir ki, lazım gəldikdə vətəninin və özünün şərəfini ləyaqətlə qoruya bilsin.

39. Kyonax öz silahına hörmətlə yanaşır, ona ehtiram göstərir, lazımsız yerə ona əl atmır, heç zaman tamahkarlıq, yaxud haqsız iş naminə silahdan istifadə etmir.

40. Kyonaxın ölümü də həyatı kimi ləyaqətli olmalıdır.

Çevirəni: Nəriman Əbdülrəhmanlı