|
"GÜRCÜ İNQİLABI DEMOKRATİYANIN İKİNCİ DALĞASIDIRMI?" |
 |
| Levan Berdzenişvili |
Keçmiş sovet dissident!, hazırda Gürcüstan Milli Kitabxanasının
direktoru, Tibilisi Universitetinin dosenti və nəhayət, yeni seçilmiş
parlamentin üzvü Levan Berdzenişvilini çoxdan tanıyıram. Onun sədri
olduğu Beynəlxalq Vətəndaş İnkişafı Mərkəzi Plüralizm Mərkəzləri
Şəbəkəsində Gürcüstanı təmsil edir və biz uzun illərdir bu şəbəkənin
toplantılarında görüşürük. O, latın dilində danışan azsaylı gürcü
intellektuallarındandır. Atası sovet dövründə Abxaziyanın prokuroru
işləyib. Özü isə qardaşı Davidlə birgə 80-ci illərin əvvəlində siyasi
baxışları və dissident fəaliyyətinə görə Mordvaya, həbs düşərgəsinə
sürgün edilib. Onlar həbsdən sonra da siyasi fəaliyyətlərini davam
etdiriblər. David 1991-ci ildə parlament üzvü kimi Gürcüstanın müstəqillik
aktına imza atıb. Prezident Eduard Şevardnadzenin hakimiyyəti illərində
hər iki qardaş müxalifətdə olub. Son parlament seckilərində qardaşlar
Saakaşvilinin rəhbərlik etdiyi blokun tərkibində deputat seciliblər.
Levanla son dəfə bu ilin fevralında Cənubi Afrika
Respublikasının Durban şəhərində kecirilən Demokratiya uğrunda Ümumdünya
Hərəkatının 3-cü Assambleyasında görüşdük. Ölkələrimizdəki son hadisələr,
bizdəki prezident seçkiləri və ondan sonrakı siyasi durum, Gürcüstanda
baş vermiş tarixi "məxməri inqilab" barəsində söhbət etdik.
Onun gürcü inqilabı barədə söylədiyi bir cox fikirlər mənim üçün
də yeni idi. Odur ki, başlığa çıxarılan yeganə sualı verdim və onun
dediklərini diktafona yazdım.
V.Qazi
"OKTYABR AYINDA AZƏRBAYCANDA
BAŞ VERƏN
MƏLUM OLAYLARDAN GÜRCÜSTANDA HAMI DƏRS ALDI"
Gürcüstanda baş verənlərə diqqətlə nəzər salsaq,
burada yerli proseslərdən daha çox dünyada gedən proseslərin rol
oynadığını görə bilərik. Buna görə də oxşar hadisələrin keçmiş Sovet
İttifaqının və keçmiş kommunist blokunun digər ölkələrində də təkrarlana
biləcəyilə bağlı fikirlər heç də əsassız deyil. Mən bu proseslərdə
yalnız gürcü və ya sırf gürcü maraqlarının təmin edilməsini görmürəm.
Amma şübhəsiz ki, biz gürcülər üçün korrupsiyaya qarşı mübarizəyə
başladığımızı, proseslərin önünə düşdüyümüzü, yaltaqlığa öyrəşmədiyimizi
dərk etmək qürurverici bir hissdir. Bizim belə unikal olduğumuzu
fikirləşmək özümüzü aldatmağımız olardı. Həm cəmiyyət, həm də siyasətçilərimiz
regiondakı rolumuzun nədən ibarət olduğunu, inkişafın hansı mərhələsinə
qədəm qoyduğumuzu, qonşularımızın - Azərbaycan, Ermənistan, Rusiya
və Türkiyənin hansı inkişaf mərhələsini yaşadıqlarını yaxşı bilir.
Bunları nəzərə alıb, bütün mənfi və müsbət cəhətləriylə birlikdə
bütünlükdə regionun təxminən eyni səviyyədə olduğunu demək mümkündür.
Haradasa neft, haradasa söz azadlığı çox ola bilər, amma ümumilikdə
bu azadlıqların tətbiqi və region xalqlarının bu azadlıqları nə
cür anlaması formaları arasında mən elə bir ciddi fərq görmürəm.
Demək olmaz ki, məsələn, Gürcüstanda baş verən hansısa bir hadisənin
Ermənistanda və ya Türkiyədə təkrarlanması qeyri-mümkündür. Bunları
nəzərə alaraq mən sizin "Bu hadisə regionda demokratiyanın
yeni dalğasıdırmı sualınıza müsbət cavab verməliyəm. Bəli, bu, bir
növ, demokratiyanın yeni dalğasıdır. "Qızılgül inqilabı təkcə
Ermənistan, Azərbaycan, Rusiya kimi keçmiş Sovet İttifaqı ölkələri
üçün yox, hətta deyərdim ki, Türkiyə üçün də böyük əhəmiyyət daşıyır.
Gürcülər onların ümidlərini puça çıxaran, seçkidəki
qələbələrini oğurlayan, işıqlarını, qazlarını, maaşlarını kəsən
bir hakimiyyətə «yox» dedilər. Biz yaşadığımız regionda bu cür inqilabın
baş verməsinin mümkün olduğunu göstərməklə tarixdə yeni səhifə açdıq.
Ancaq mən deyərdim ki, bu yeni səhifəni biz birlikdə açmışıq. Əgər
bizdən əvvəl Azərbaycanda, xüsusilə də oktyabrın ortalarındakı hadisələr
baş verməsəydi, Ermənistanda qəribə seçkilər keçirilməsəydi, qeyri-siyasi
təşkilatlar səviyyəsində görüşlərimiz olmasaydı, biz, çətin ki,
belə uğur qazana bilərdik. Oktyabr ayında Azərbaycanda baş verən
məlum olaylardan Gürcüstanda hamı dərs aldı. Hakimiyyət fikirləşirdi
ki, əgər Azərbaycanda belə bir şey mümkündürsə, deməli, onu Gürcüstanda
da həyata keçirmək olar. Çünki həm sizin, həm də bizim hakimiyyət
xalqlarımızın bir-birindən o qədər də fərqlənmədiyi qənaətindəydi.
Bu mənada bizim hakimiyyət Azərbaycanda baş verən hadisələrin Gürcüstanda
da təkrarlana biləcəyini düşünməklə yanılırdı. Çünki Gürcüstanda
çoxdandır xalqla repressiyalar diliylə danışmaq keçmir.
Əslində isə biz Gürcüstanda istənilən an həm Azərbaycanda,
həm də Ermənistanda cərəyan etməsi mümkün olan hadisələrin şahidi
olduq. Gürcüstanda hakimiyyət və xalq arasındakı qüvvələr nisbəti
böyük fərqlə xalqın xeyrinəydi. Ona görə də biz 10-0 yox, 20-0-lıq
bir qələbə əldə etdik.
...Mən Putinin bu məsələylə bağlı dəyərləndirməsindən
azərbaycanlıların xəbəri olub-olmadığını bilmirəm. Amma Putin məlum
olaylardan sonra Gürcüstan prezidentinin səlahiyyətlərini icra edən
xanıma - Nino Burcanadzeyə - Gürcüstandakı inqilabın MDB ölkə başçılarının
şalvarlarını batırmalarına səbəb olduğunu deyib. DƏlbəttə ki, bunu
prezident səlahiyyətlərini daşıyan qadın və kişi arasında taktiki
bir söhbət də saymaq olar. Bundan sonra arada pərtlik yaranıb. Bizim
təmsilçimiz bu sözdən heyrətə gəlib. Amma hər halda mənə elə gəlir
ki, Putin məsələni çox dəqiqliklə ifadə edib. O, dərhal hadisənin
qlobal xarakterini anlayıb. Çünki bu məsələdə təkcə gürcü cəmiyyəti
yox, bütün dünya - Soros Fondu da, amerikalılar da, azərbaycanlılar
da, ruslar özləri də iştirak ediblər. Hamının burada az və ya çox
rolu olub və buna görə də mən bunu tək bizim qələbəmiz saymıram.
Bunu yerli hadisə kimi yox, qlobal hadisə kimi nəzərdən keçirmək
lazımdır.
"...EH, BURADA BİR ŞEY OLAN
DEYİL"
"Məxməri inqilabın" amerikalılar
tərəfindən təşkil edilməsi fikri yanlışdır.
Amerikalılar da inqilabdan ruslar qorxan qədər qorxurlar.
İstənilən dövlət belədir. İnqilabı
kim sevir ki? Yaxşı yadımdadır, Amerikaya fəxri
qonaq qismində dəvət olunduğum zaman orada keçmiş
siyasi dustaq olduğumu deyən kimi camaat məndən
uzaqlaşdı. Demək istəyirəm ki, amerikalılar
sizdən və bizdən fərqli olaraq, inqilab həvəsiylə
alışıb yanmırlar. Bu proseslərdə Saakaşvili
məhz özü-özünü siyasi heçlikdən
çıxarıb fiqura çevirdi, əsəbi, impulsiv
siyasətçi olduğuna görə haqqında formalaşmış
yanlış beynəlxalq rəyi dəyişdirdi.
O, mitinqlərin birində çıxış edərkən
"Bizi tarixdən siliblər demişdi. Doğrudan
da Saakaşvilinin də, Gürcüstanın da üstündən
xətt çəkmişdilər. Əllərini yelləyib,
"Eh, burada bir şey olan deyil. Əvvəl-axır
öz taleləriylə barışıb sakitləşəcəklər
demişdilər. Ona görə də biz göstərməliyik
ki, beynəlxalq təşkilatların rəyi, beynəlxalq
yardımın olub-olmaması bizim üçün
heç bir əhəmiyyət daşımır. Biz
özümüz öz gücümüzə arxalanmalıyıq.
Və biz burada güc göstərən kimi haqqında
danışdığımız adamlar yanımıza
gəlib "Haqq-ədalət sizin tərəfinizdədir
dedilər. Bu insanları yaxından tanıya bilməniz
üçün bir misal çəkim. Birləşmiş
Ştatların bütün dünyada inqilabın
təşkilatçısı və gürcü müxalifətinin
dayağı kimi qələmə verilən Gürcüstandakı
səfiri əslində inqilabın baş verməməsi
üçün əlindən gələni edirdi.
 |
O, hətta televiziyayla çıxış edib ekzitpolun tətbiqinin
yanlış olduğunu da söyləmişdi. İnqilab isə məhz bu texnoloji üsulun
tətbiqi sayəsində gerçəkləşdi. Biz xalqa kimin əsl qalib olduğunu
göstərdik. Hakimiyyət isə əksinə, bizim qalib saydıqlarımızın qələbəsini
inkar elədi. Və ekzitpolun nəticələri ilə seçkinin az-çox həqiqətə
oxşayan yekun nəticələri arasında nəhəng ziddiyyət olduğu ortaya
çıxdı. Ekzitpolun nəticələrinə görə, hakimiyyət parlamentdə bir
yer belə almırdı. Yekun nəticələrə görə isə, hakimiyyət parlament
çoxluğunu qazanmışdı. Xalq bu iki nəticəni tutuşdurub televiziyanın
birinci kanalının, Şevardnadzenin dediklərini yox, inandığı televiziyanın,
həqiqiliyinə şübhə etmədiyi ekzitpolun nəticələrini qəbul etdi.
Və bununla da inqilab baş verdi. ABŞ səfiri isə həmin bu ekzitpolun
tətbiqinə qarşı çıxış edirdi. Biz onun yaxasından yapışandan sonra
o, belə bir üsulun tətbiqinin mümkün olduğuyla razılaşdı. Demək
istəyirəm ki, səfir heç də inqilabçı deyildi. O, vaxtı ilə Gürcüstana
Şevardnadzenin öz prezidentlik müddətini problemsiz başa vurmasını
təmin etmək üçün göndərilmişdi. Heç bir səfir inqilabi dəyişikliklər
etmək üçün ölkəyə gəlmir. Amma xalq onu aldadan hakimiyyəti devirmək
hüququna malikdir. Buna görə də həmin bu adamlar xalqın hər şeyə
qadir olduğunu görüb gürcü oyun qanunlarıyla oynamaq məcburiyyəti
qarşısında qaldılar. Xalq hətta səfir Maylsdan da inqilabçı düzəltməyə
qadirdir. Bu gün o, inqilabı dəstəklədiklərini deməyə məcburdur.
Bunu ona dedirtmək isə inqilabın qələbəsidir. Razılığını alıb istənilən
xalqı, təşkilatı, cəmiyyəti yer üzündən silmək olar. Əgər xalq məhv
olmağıyla razılaşmırsa, deməli, onun hələ yaşamaq şansı var.
Gürcüstandakı hadisələr bunun bariz nümunəsidir. Məsələ
bir adamda yox, bütün xalqdadır. ATƏT seçkilərin yaxşı keçirildiyini
deyib nəticələrin onlar üçün qəbuledilən olduğunu bildirmişdi. Buyurun,
bu da bizim onlara cavabımız! Bu mənada biz gürcülərin özümüzlə
fəxr etməyə haqqımız var, amma eyforiyaya qapılmaq lazım deyil.
Qarşıda bizi hansı çətinliklərin gözlədiyini yaxşı anlayırıq. Ancaq
biz həm də qıraqdan dəstək almadığımız halda necə hərəkət etməli
olduğumuzu da təcrübədə artıq öyrənmişik. Biz partnyorlarımızı dillərindən
tutmalıyıq. Axı onlar demokratiya tərəfdarı olduqlarını bəyan edirlər.
Elə biz də demokratiya tərəfdarıyıq. Xalq onları öz dostları Şevardnadzedən
üz döndərməyə və onun hakimiyyətdən getməsi variantını istisna etməməyə
məcbur etdi. Qalan bütün işləri xalq özü gördü. Sorosa gəldikdə
isə, o, hətta prezident Buşu da hakimiyyətdən salacağından danışır.
Məncə, bu məsələdə də hər şey aydındır. Sorosla Maylsın Gürcüstandakı
fəaliyyətləri arasında heç bir ortaq məqam yox idi. Mayls inqilaba
meylli deyildi. Bunu onun öz yanına aralarında nə bir nəfər gürcü
inqilabçısı, nə bir müstəqil QHT nümayəndəsi, nə mənim, nə də bu
tədbirdə iştirak edən dostlarımızın rəhbərlik etdiyi təşkilatlardan
bir kəsin, nə "Rustavi-2 televiziya kanalının bir jurnalistinin
olduğu 100 nəfərdən ibarət nümayəndə heyəti çağırması faktı da bir
daha təsdiq edir. Bir sözlə, çağrılanların hamısı "yaxşı uşaqlar
idi. Bununla səfir bizdən küsdüyünü göstərmək istəyirdi. Gözümüz
aydın. Əvvəl-axır biz deyən oldu və biz qalib gəldik.
"...MEYDANA İDEYAYA GÖRƏ ÖLÜMƏ
GETMƏYƏ HAZIR OLAN İNSANLAR TOPLAŞMIŞDI"
Əgər bu əsərin qəhrəmanlarının kim olduğunu, kimlərin
hansı rol oynadığını sadalasaq, şübhəsiz ki, bu siyahıda xalq birinci
yerdə duracaq.
 |
İkinci yerdə xalqdan bir qədər geri qalan və sıralarında
yalnız birinin xalqın nə istədiyini vaxtında anlayan siyasətçilər
gəlir. Xalq siyasi liderlərlə müqayisədə qat-qat radikal idi və
üstəlik, o bu proseslərdə özünün ən yaxşı nümayəndələri ilə təmsil
olunurdu. Yəni kütlə yalnız və yalnız ali təhsilli adamlardan ibarət
idi. Onların arasında heç bir fəhlə-filan yox idi. Bu, çox vacib
amildir. Mitinqə gələnlərin güllə-baran edilib öldürüləcəkləriylə
bağlı şayiələr quraşdırılır, bu istiqamətdə təbliğat aparılırdı
və ona görə meydana yalnız ideyaya görə ölümə getməyə hazır olan
insanlar toplaşmışdı. Belələrinin sayı həddən artıq çox idi. Müxtəlif
mitinq və tədbirlərdə əhalinin təxminən dörddə biri iştirak edirdi.
Siyasətçilərin isə bəziləri, ümumiyyətlə, bu siyahıda yox idi. Onlar
gedən proseslərə qoşulmamaqla xalqın gözündə öz partiyalarının qiymətini
heçə endirirdilər. Kənarda duracaqlarını bəyan etməklə onlar işlərini
tamamlanmış sayırdılar. Əvvəllər reytinqinə görə birinci yeri tutan
Leyboristlər Partiyası da belə mövqe seçmiş partiyalar sırasında
olduğuna görə indi onun seçkilərdə müəyyən edilmiş həddi aşa bilməyəcəyi
heç kimdə şübhə doğurmur. O cümlədən də digərlərinin. Bu, bir növ,
gedən proseslərə qarışmayan bəzi partiyaların siyasi intiharı idi.
Onlar bizim əleyhimizə heç nə deməyiblər. Sadəcə, biz onları meydanda
öz yanımızda görmədik.
Öz roluna və əhəmiyyətinə görə mən üçüncü yeri vətəndaş cəmiyyətinə
verərdim. Xüsusilə bu cəmiyyətin bir hissəsi olan media, yəni jurnalistlər
fəal idilər. Onlar nəinki mübarizə aparır və baş verənləri obyektiv
işıqlandırırdılar, hətta jurnalistlərin bəziləri saxtakarlıqlara
qarşı öz etiraz səslərini ucaltmaq üçün xalqın arasında yer alırdılar.
Bu, tamamilə yeni bir şey idi. Gürcüstanda müstəqil televiziya kanalının
olması böyük rol oynadı. "Rustavi-2 kanalının Gürcüstanın müstəqil
televiziya kanalı kimi oynadığı rolun əhəmiyyətini izah etmək üçün
söz tapmaq çətindir. Mətbuat orqanlarının da bu prosesdə iştirak
etmələrinə baxmayaraq, onların ictimai rəyə təsiri bir o qədər də
güclü deyildi. "Rustavi-2 televiziya kanalına gəldikdə isə,
onun həqiqətən də ictimai rəyə güclü təsiri olduğunu söyləmək lazımdır.
Və əgər vaxtilə bu kanalın yaradılmasında amerikalıların da iştirak
etdiyini nəzərə alsaq, məlum proseslərdə beynəlxalq ictimaiyyətin
rolu bir az da artmış olur.
Dördüncü yeri beynəlxalq təşkilatlara və Soros tipli
beynəlxalq fondlara verərdim. İndi Core Sorosun Gürcüstanda inqilab
etdiyini söyləməsinə baxmayaraq, məsələnin dərinliyinə vardıqda,
Sorosun son on il ərzindəki fəaliyyətinin ölkədə qeyri-hökumət təşkilatları
sektorunun inkişafı üçün maddi yardım ayırmaqla kifayətləndiyini
görmək olar. Amma bunun özü də çox vacib şərtdir. Üstəlik o, son
günlərdə fəal siyasi çağırışlarıyla da inqilaba kömək göstərirdi.
Soros, əgər belə demək mümkündürsə, siyasi cəhətdən bakirə olmayan
siyasi qüvvələri dəstəkləməkdən çəkinmədi. Və onun fondunun adətən
siyasətə qarışmaq istəməyən, qıraqda durmağa üstünlük verən və özlərinin
müstəqil imicini qoruyub saxlamağa çalışan "alicənab əməkdaşları
qəfildən inqilabçılara çevrildilər. Bunlar hamısı məlum həqiqətlərdir.
Amma bunları ən əsas amil saymaq olmaz.
Bax, əgər inqilabdakı roluna görə qüvvələri sıralamaq
lazım gəlsə, mən onları məhz belə sıralayardım.
"İNQİLABI ŞEVARDNADZE "TƏŞKİL"
ELƏMİŞDİ"
Bəziləri inqilabı onların təşkil etdiyini deyir. Amma
məhz Şevardnadzenin bu inqilabı "təşkil etdiyini söyləmək daha
doğru olardı. O, ölkəni elə bir həddə gətirib çatdırmışdı ki, bundan
o yana ölkə, cəmiyyət ya məhv olmalı, ya da nə isə baş verməliydi.
Mən deməzdim ki, Şevardnadze bunu bilərəkdən etmişdi. Amma metastaz
vermiş xərçəng xəstəliyinin müalicəsi zamanı istifadə olunan kimyəvi
terapiya preparatları xəstə hüceyrələri öz ətrafına topladığı kimi,
o da öz yan-yörəsinə korrupsiyaya uğramış cəmiyyətin ən naqis nümayəndələrini
toplamış və bununla da ciddi etirazların yaranmasına səbəb olmuşdu.
Mən bilmirəm, Gürcüstanda kimsə Azərbaycandakı seçkilərdə
əslində kimin qalib gəldiyindən xəbərdardır, ya yox, amma onu bilirəm
ki, bu dəfə sizdə keçirilən seçkilərə bizim ölkəmizdə həddən artıq
böyük maraq vardı. Bunacan hələ heç vaxt belə olmamışdı. Biz hələ
bu günəcən qonşu ölkədə keçirilən seçkilərə bu qədər böyük maraq
göstərməmişdik. Əlbəttə ki, "biz deyəndə mən özümü və ya hansısa
qeyri-hökumət təşkilatını yox, ümumən gürcü xalqını nəzərdə tuturam.
Eyni vaxtda iki televiziya kanalı Azərbaycandan canlı reportajlar
yayınlayırdı. Bundan başqa, hadisələrin dərhal dəyərləndirilməsinin
və bizim müxbirin ATƏT-in adamlarını necə sıxma-boğmaya saldığının
şahidi olduq. Jurnalistin hadisə yerində iştirakı, canlı bağlantılar
qurulması kimi maddi vəsait tələb edən işlərin həyata keçirilməsi
gürcülərin sizdəki proseslərə laqeyd olmadığını göstərirdi. Biz
anlayırdıq ki, bütün bunlar böyük bir prosesin tərkib hissəsidir.
Ona görə də sonradan bizim ölkəmizdə baş verən hadisələr təkcə Gürcüstanda
və ya Tbilisidə yox, ümumilikdə Qafqazda və hətta bir az da geniş
götürsək, keçmiş Sovet İttifaqı və keçmiş kommunist bloku ölkələrində
gedən proseslərin davamıydı.
"...BİZİM NƏ NEFTİMİZ VAR, NƏ
DƏ QIZILIMIZ"
Əslində bu yeni dalğa Gürcüstanda işlərin necə getməsindən
asılı olmayaraq ətrafa yayılacaq. Mən bunu deməklə sabah Azərbaycanda,
yaxud Ermənistanda yeni inqilablar baş verəcəyini nəzərdə tutmuram.
Amma bundan sonra həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstanda
hakimiyyət daha diqqətli olub öz xalqı ilə münasibətdə kobud səhvlər
buraxmamağa çalışacaq. Çünki artıq onlar əbədi olmadıqlarını anlayıblar.
"Hansı şəraitdə bu uğuru davam etdirmək mümkün
olacaq? Nə etmək lazımdır ki, məyusluq yaranmasın?" - maraqlı
sualdır. Dslində indi əsas sual budur. Qeyri-hökumət təşkilatları
ilə hakimiyyət arasında gündəlik fikir mübadiləsi aparılmasını təmin
etmək lazımdır. Məsələ ondadır ki, indi bizdə siyasi müxalifət yoxdur.
Keçmiş müxalifətin bir hissəsi xalqın səsinə səs verməməklə intihar
etmiş oldu. Onlar xalqa "yox" dedilər, xalq da qarşılıqlı
olaraq onlara "yox" dedi. Keçmiş müxalifətçilərdən biri
hətta xalqdan incidiyini dilə gətirdi. Xalqın isə belə sözlərə necə
cavab verdiyini yəqin bilirsiniz. Xalq bu siyasətçidən birdəfəlik
üz döndərdi. Belə partiyalarda yeni simaların nə vaxt parlayacağı
hələ məlum deyil. Siyasi müxalifətin bütün vəzifələrini qeyri-hökumət
təşkilatları sektoru öz üzərinə götürüb. Bu vəzifəni yerinə yetirməli
olan müxalifət indi yoxdur. Siyasi meyitə çevrilən indiki müxalifət
isə hazırda küçələrə çıxıb oradan hakimiyyətin atdığı hər addımın
yanlış olduğunu bağırır.
...Gürcüstanda heç bir iqtisadi möcüzə baş verməyəcək,
çünki burada gürcü iqtisadi fokusçuları yoxdur. Bu mənada ağıl qıtlığıyla
bağlı problemlərlə hələ çox üzləşəcəyik. Mənə elə gəlir ki, biz
kənardan ağıllı adamları dəvət etmək məcburiyyəti qarşısında qalacağıq.
Amma vaxtilə kənardan dəvət olunan Balseroviç ona bəslənən ümidləri
doğrultmadı. Onun məsləhətləri bizi quruya çıxarmağa qadir olmadı.
Bəlkə indi dəvət edilən və ya elə bizim öz içimizdən çıxan hansısa
ağıllı adamlar bizə kömək edə bildilər, bir yerə yığışıb Gürcüstanın
bundan sonra neçə inkişaf edəcəyini müəyyənləşdirdilər. Nəzərə almaq
lazımdır ki, bizim nə neftimiz var, nə də qızılımız. Amma hər halda
biz də nəyinsə müəyyən bir potensialına malikik. Hansı addımı birinci,
hansını ikinci, hansını üçüncü atmaq lazımdır? Bu haqda heç kim
heç vaxt oturub fikirləşməyib. Hər halda Şevardnadze dövründə beləydi.
Ümid edək ki, indən sonra belə olmayacaq.
"GÜRCÜSTANDA QAZANILAN HƏR BİR
UĞUR 10-A VURULACAQ"
Mənə elə gəlir ki, bu proses Ermənistanın, Azərbaycanın
və digər qonşu dövlətlərin daxilində gedən proseslərlə paralel davam
edəcək. Bu mənada Gürcüstanda istənilən sahədə qazandığımız uğur
bizim hər birimizin nailiyyəti olacaq. Məsələn, siz prezident Dliyevin
hakimiyyətinə nəzarət etmək imkanı əldə edə bilərsiniz. DƏliyev
cavan adamdır. Bizə kənardan elə gəlir ki, hətta son seçkilərdən
sonra da hələ bütün ümidləriniz ölməyib. Onu dəyişilməyə, böyük
demokrata çevirilməsə də, hakimiyyətdə ola-ola demokratiya şəraitində
yaşamağa uyğunlaşmağa məcbur etmək şansınız var. Prezidentin yox,
hökumətin dəyişdirilməsi Azərbaycan üçün mümkün variantdır. Mən
Ermənistanda proseslərin hansı istiqamətdə inkişaf edəcəyini bilmirəm,
ancaq onu bilirəm ki, Gürcüstanda qazanılan hər bir uğur 10-a vurulacaq.
Çünki bütün dünyanın gözü buradadır. Birləşmiş Ştatlar bizə ildə
165 milyon dollar vəsait ayırır. Bu onların indiyə qədər bizə etdikləri
yardımların cəmindən böyükdür. Üstəlik, amerikalıların hərbi proqramı
Gürcüstanda qeyri-məhdud müddətdə davam etdiriləcək. Bu da ildə
təxminən 60 milyon dollar vəsait deməkdir. Bizim kimi ölkə üçün
amerikalılar, demək olar ki, illik büdcəni doldururlar. Bununla
qazanılan hər bir uğur daha da gücləndiriləcək. Mən Saakaşvilinin
xeyrinə bir söz demək istəyirəm. O bu seçkilər zamanı amerikalıların
əziz-xələfi deyildi. Və ümumiyyətlə, bu hadisələr gedən proseslərin
məntiqi sonluğu hesab edilmirdi.
 |
Amma bizdə indi belə bir hiss var ki, öz qələbələrimizi
hələ davam etdirməliyik. İndi öz doğma hakimiyyətimiz üzərində qələbə
qazanmalıyıq. Onu yolundan azmağa qoymamalıyıq. Mən Saakaşvilini
yaxşı tanıyıram. Məni hətta Gürcüstan prezidentinin yaxın dostu
da adlandırmaq mümkündür. Amma keçmiş yaxın dostu desəm, daha düzgün
olar. İndi o, prezidentdir və mən bilmirəm bu onu dəyişdirəcək,
ya yox. Amma onu bilirəm ki, o mənə çox doğma adamdır. Korrupsiyayla
hər şey aydındır. Saakaşvili səmimi olaraq oğru, rüşvətxor məmurlara
nifrət edir. Beynəlxalq münasibətlərlə bağlı da, məncə, hər şey
göz qabağındadır. O, vətənpərvər adamdır və vaxtilə hətta vətənpərvərlik
şerləri də yazıb. İqtisadi məsələlərə gəldikdə isə, onun bir siyasətçi
kimi bu məsələlərin öhdəsindən gələ biləcəyinə əmin deyiləm. Bəli,
seçki məsələsində o, ustadır. Bu, bir həqiqətdir. Mən hətta onu
seçkilər siyasətçisi adlandırardım. Amma bu məqsədinə çatdıqdan,
seçkilərdə qalib gəldikdən sonra onun necə hərəkət edəcəyi bizdən,
bizim ona göstərəcəyimiz köməkdən asılıdır. Hər halda o bu köməyi
bizdən tələb edir. Kömək edin - deyir. Biz də əlimizdən gələn köməyi
ona göstərəcəyik.
3 fevral 2004-cü il Durban, CAR
|