O bicin kəlləsi idi: hələ 7 yaşında olanda
atasının onun cibinə qoyduğu 50 dolları qonşusuna sələmə vermişdi.
Anlaşmaya görə, o, qonşusundan ildə 50 dolların 7 faizi məbləğində
sələm almalıydı. Allah bərəkət versin, bu minvalla o, ayda təqribən
0,2 dollar qazanırdı. 7 yaşlı uşağın bu 0,2 dollarlıq qazancı bəlli
bir müddətdən sonra artıb "Standart Oil Co" şirkəti oldu.
Bəli, düz bildiniz, söhbət məşhur biznesmen, neft maqnatı və filantrop
Con Rokfellerdən gedir.
Con Rokfeller 8 iyul 1839-cu ildə anadan
olub. Əsl- nəcabətcə fransız və huqenotların nümayəndəsi olan Rokfellerin
ailəsi bir neçə dəfə yaşayış yerini dəyişmək məcburiyyətində qalıb.
17-ci yüzillikdə inkivizisiyadan canını qurtarmaq üçün Rokfayllar
ailəsi Fransadan Almaniyaya köçür və orada yeni çağda dünyaca məşhur
olacaq soyadı qəbul edir. Onlar "yeni dünyaya 18-ci yüzildə
gəlir və Nyu-York ştatının Riçford şəhərində məskunlaşırlar. Tanıyanlar
təsdiq edir ki, Con Rokfeller huqenotların bütün tipik xüsusiyyətlərini
özündə əks etdirirmiş. Özününkülərə münasibətdə zəhmətsevərlik,
qayğıkeşlik, inam, yadlara münasibətdə etinasızlıq və laqeydlik
onun xarakterinin əsas cizgiləri idi. Görünür, Con Rokfeller bütün
bu keyfiyyətləri qatı dindar olan anasının döşündən südlə əmibmiş.
Onun babası Qodfri ciddi, ağıllı, mehriban və təmizürəkli adam olub.
Vilyam Rokfeller - gələcək milyarderin atası isə öz şəxsiyyətində
bütün mənfi keyfiyyətləri birləşdirmişdi. O, pozğun, yalançı, arvadbaz
idi: lakin həyatı boyu bir dəfə də olsun spirtli içkinin dadına
baxmamışdı. Hətta spirtli içki içməyənlərin cəmiyyətini qurmuş və
öz müasirlərini alkoqol əleyhinə səfərbər etməyə cəhd göstərmişdi.
Şəhərdə "yaraşıqlı oğlan kimi dillər əzbəri olan Vilyamın sinəsini
kiçik lövhəcik bəzəyirdi: "Mən lal və karam. Bu lövhəciyi görəndən
sonra Vilyamın cazibəsinə uyan Eleyza Devison adlı gənc qız rəfiqələrinə
demişdi: "Mən şikəstliyini unutdurmaq üçün ona ərə gedəcəyəm.
Üstündən bir müddət keçəndən sonra Eleyza anlayır ki, bu niyyətə
düşməkdə səhv etməyib və üstəlik, Billin qulaqları radar kimi işləyir.
Məsələn, atasının Eleyzaya verəcəyi 500 dollardan o anındaca da
yox, düz iki gün əvvəl xəbər tutur. Çox keçmədən Bill başqa bir
qadınla eşq məcəraları yaşamağa başlayır və uşaqların qayğısına
qalmaq Eleyzanın boynuna düşür. Bill öz eyş-işrətində olarkən Eleyza
və uşaqları bir qarnı ac, bir qarnı tox dolanırlar.
 |
Con Rokfellerin uşaqlıq illəri oxumaq
və fikirləşməklə keçib. O, hər zaman nə barədəsə düşünüb. Hətta
dama oynayanda belə, ən azı, yarım saat fikirləşməmiş gediş etmirmiş.
Bu barədə ona irad tutanda belə cavab verərmiş: "Sən məni nə
hesab edirsən, mən ancaq udmaq üçün oynayıram! Bir gənc kimi isə
Con Rokfeller, sözün əsl mənasında, praktik idi. Oz valideynləri
üçün belə təmənnasız heç bir iş görməz, qəpiyindən də keçməzmiş.
Babasından, atasından və anasından o, çox şey öyrənir. Nəyin xeyirli,
nəyin ziyanlı olması barədə illərcə formalaşmış qənaətləri aram-aram
onu milyarderliyə doğru aparır.
26 sentyabr 1855-ci il Con Rokfellerin
ikinci doğum günü olur. Münasib iş axtarmaq üçün Klivləndə gələn
və əli xeyli müddət boşda qalan Con Rokfeller məhz həmin gün öz
arzusuna çatır. "Xyuitt and Tattl şirkəti onu mühasib köməkçisi
vəzifəsinə işə götürür. Düzdür, o, ilk maaşını ancaq dörd aydan
sonra ala bilir; amma əsas odur ki, Con Rokfellerin biznes dünyası
ilə tanışlığı buradan başlayır. Günlərin birində isə hamının lal-dinməz,
qaraqabaq gənc hesab etdiyi Rokfeller həmkarlarının arasında çığırır:
"Mən zəngin olacağam! Təbiidir, ac toyuq yuxusunda darı görər.
Daha iki dəfə yüksəkdən bəyanat verməsinə baxmayaraq, onun bu sözlərinə
əhəmiyyət verən olmur. Ancaq başqalarının nə fikirləşməsi onu qətiyyən
maraqlandırmırdı. Con Rokfeller içmir (hətta kofe də!), çəkmir,
əyləncələrə meyl etmir. Hətta ona meyl edən qızlara kilsədə görüş
təyin edir. Özünü Tanrının seçilmiş bəndəsi hesab edən Con Rokfeller
işə hamıdan tez gəlməyi və işdən ən axırda getməyi "ilahi borc
kimi yerinə yetirir. Elə Tanrı da ona ən çox arzuladığı şeyi - bol
para yetirir.
Con Rokfeller "Standart Oil Co
şirkətini quranda 1870-ci il idi. 1878-ci ildə isə bu şirkət ABŞ
neft sənayesini artıq öz inhisarına almışdı və enerji ticarətinin
95 faizinə nəzarət edirdi. 1882-ci ildə Con Rokfellerin başçılıq
etdiyi bu şirkət daha bir ilkə imza atdı və ABŞ tarixində ilk dəfə
olaraq trest yarandı. Bu trestə 37 kompaniya daxil olmuşdu və onun
ümumi kapitalı 70 milyon dollar idi. Trestin 9 nəfərlik idarə heyətinə
şəxsən Con Rokfeller özü başçılıq edirdi. Yarım ildən sonra o, tütün
və poladtökmə sənayesinə də liderlik edirdi. 1913-cü ildə Rokfellerin
varidatı 1 milyard dollar dəyərində qiymətləndirilirdi. 20-ci əsrin
20-ci illərində isə Rokfeller Morqandan sonra ABŞ-ın ikinci varlı
adamı idi.
23 may 1937-ci ildə Con Rokfeller öldü.
Ancaq onun qurduğu maliyyə imperiyası daha da çiçəkləndi. 1972-ci
ildə onun neft şirkəti "Exxon adını qəbul etdi. Hazırda ailənin
kapitalı "Rokfeller qardaşları şirkətində mərkəzləşir.
Con Rokfeller bütün iqtisadi fəaliyyəti ərzində cəmi bir dəfə ziyana
düşüb. Gələcək arvadına aldığı nişan üzüyünə 118 dollar pul sayması
onu bütün ömrü boyu yandırıb-yaxıb. Yaxşı deyiblər, ərlə arvadın
torpağı bir yerdən götürülər. Bir gün kefinin yaxşı vaxtı uşaqlara
velosiped almaq istəyən Con Rokfellerə arvadı bədxərc olmamağı məsləhət
görür: "Evdə biri var, növbə ilə sürərlər!
Uşaqlarına velosiped almağa qıymayan
Rokfeller ailəsi filontropiya sahəsində ad çıxarıb. Təhsilin və
səhiyyənin inkişafı üçün heç vaxt pulunu əsirgəməyən milyarder 1913-cü
ildə öz adına fond təsis edib ("Rocefeller Foundation").
Hazırda bu fond kənd təsərrüfatı, demoqrafiya, ekologiya, təhsil
və mədəniyyət sahələrində milli və beynəlxalq araşdırmaları maliyyələşdirir.
Son statistik göstəricilərə görə, Rokfeller Fondu Amerikada filantropiya
ilə məşğul olan 10 əsas fonddan biridir. Onun ümumi büdcəsi 3,8
milyard dollardır. Hazırda fond 50-dən çox gəlirsiz təşklatı himayə
edir.
Aytən Kərimli, "Pragma" Mərkəzi
|