AZƏRBAYCANDA QHT-BƏLƏDİYYƏ ƏMƏKDAŞLIĞI:
PROBLEMLƏR VƏ GƏLƏCƏK PERSPEKTİVLƏR |
 |
Sərvət Məhərrəmov
IFES /Azərbaycanın Layihə Koordinatoru |
Azərbaycanda yerli demokratiyanın inkişafı və ictimai
xidmətlərin yüksək səviyyəyə çatdırılmasında QHT-bələdiyyə əməkdaşlığı
çox böyük rol oynaya bilər. Demokratik cəmiyyətdə bu əməkdaşlığın
əsasında həm maraqların üst-üstə düşməsi, həm də bir-birindən qarşılıqlı
asılılığı durur. Bələdiyyələr üçün bu əməkdaşlıqda əsas maraq ondan
ibarətdir ki, QHT-lər onlara daha ucuz ictimai xidmətlər göstərə,
bələdiyyə üzvləri öz peşəkarlıq səviyyələrini artırmaq və ictimai
proqramlarını həyata keçirmək üçün bu təşkilatların təlim proqramlarından,
müxtəlif sahələr üzrə mütəxəssislərdən istifadə edə bilər. QHT-lərin
isə bu işdə əsas strateji marağı gələcəkdə bələdiyyələrin inkişaf
edərək QHT-lər üçün yeni maliyyə mənbəyinə çevrilə bilməsidir. Bu
isə yerli resurs mənbəyi kimi QHT-lərin davamlılığının və səmərəli
fəaliyyətinin təminatı deməkdir. Bu gün Azərbaycanda bu sahədə əməkdaşlıq
təşəbbüsu daha çox QHT-lərdən gəlir. Sözsüz ki, bunun başlıca səbəbi
QHT-lərin bələdiyyələrdən daha tez yaranması və daha çevik olması
ilə bağlıdır. Amma etiraf etməliyik ki, bu gün bələdiyyə-QHT əməkdaşlığının
zəif inkişaf etməsinin səbəblərindən biri və bəlkə də ən vacibi
yerli özünüidarəetmə orqanlarında QHT anlayışının çox zəif olması,
QHT-lərin cəmiyyətdə rolu və vəzifələri haqqında onlarda yaranmış
yanlış təsəvvürlər və inamsızlıqdır. Bu əməkdaşlığın vacibliyini
başa düşən bir sıra bələdiyyə üzvləri fərdi şəkildə QHT-lərlə geniş
əlaqə saxlayır, onlarla birgə müxtəlif layihələrdə iştirak edirlər.
IREX təşkilatının təcrübə mübadiləsi proqramlarında iştirak etmiş
bələdiyyə üzvlərinin bu istiqamətdə təşəbbüskarlığı daha aşkar görünür.
Amma bunun fərdi səviyyədə deyil, təşkilat səviyyəsində inkişaf
etməsinə böyük ehtiyac var. Çünki seçkili orqan olan bələdiyyələrdə
fərdlərin dəyişmə ehtimalı çoxdur və bu, qazanılmış təcrübənin itirilməsinə
gətirib çıxara bilər.
Dünyanın bir sıra inkişaf etmiş ölkələrində bələdiyyələr
hətta belə əməkdaşlığı rəsmi formaya salmışlar. Bunun ən uğurlu
nümunələrindən biri Polşanın Qdanya şəhərində həyata keçirilib.
Qdanya bələdiyyəsi ictimai xidmətlər sahəsində QHT-lərdən istifadə
etmək üçün şəhərdə fəaliyyət göstərən bu cür təşkilatlarla birgə
1995-ci ildə "Əməkdaşlıq proqramı qəbul edib. Proqramın bələdiyyə
şurası tərəfindən təsdiq edilməsi QHT-lərin məsuliyyətini daha da
artırmışdır. Bir sıra ölkələrdə isə yerli idarəetmə orqanları əlaqələrin
daimi inkişafını təmin etmək üçün QHT-lərdən ibarət Məsləhət Şurası
və ya Məsləhət Komitəsi yaradır.
Azərbaycanda belə əməkdaşlıq formalarından ilki Gəncədə
yerli özünüidarəetmə, dövlət təsisatı və vətəndaş cəmiyyəti təşkilatı
arasında yaradılıb. Belə ki, Gəncə Regional Elm Mərkəzi, Gəncə Aqrobiznes
Assosiasiyası və Gəncə şəhər Nizami bələdiyyəsi şəhərin davamlı
inkişafını təmin etmək, aparılan sosial-iqtisadi islahatları dəstəkləmək
üçün öz potensiallarını birləşdirmək haqqında müqavilə imzalayaraq
2004-cü ilin fevralında "Renessans konsorsiumunu yaradıblar.
Bu, Azərbaycanda QHT-bələdiyyə əməkdaşlığının formal əsasını qoyan
ilk müqavilələrdən biridir. Şəhərdə həyat səviyyəsinin yüksəldilməsinə
yönəldilmiş bu əməkdaşlıq müqaviləsi başqa şəhərlərdə də bu və ya
digər formada inkişaf etdirilməli və tətbiq olunmalıdır.
Azərbaycanda QHT-lərlə bələdiyyələr arasında əməkdaşlığın
sürətləndirilməsi və genişləndirilməsində beynəlxalq təşkilatlar
böyük rol oynaya bilər. Ölkədə fəaliyyət göstərən əsas beynəlxalq
QHT-lərin Amerika təşkilatları olduğunu nəzərə alsaq, bu istiqamətdə
işlərin ləngiməsində ABŞ-ın "Azadlığı müdafiə aktına 907-ci
düzəlişin son dərəcə mənfi rol oynadığı məlum olur. Son illər ABŞ
hökumətinin xoş niyyətli addımları (907-ci düşəlişin müvəqqəti olaraq
dayandırılması) QHT-lərlə bələdiyyələr arasında əməkdaşlığın genişlənməsinə
təkan verib. Bu gün bələdiyyələr artıq bir sıra beynəlxalq təşkilatların
əsas hədəf qrupları sırasına daxil edilib, bələdiyyələrin inkişafına
yönəlmiş layihələr genişlənib. IFES, Avrasiya Fondu, "Uşaqları
xilas edin, ACI, IREX, "Dünyaya baxış kimi Amerika təşkilatları,
eləcə də bir sıra Avropa təşkilatları (GTZ) yerli özünüidarəetmə
sisteminin, həmçinin QHT-lərin yerli idarəetmə sisteminin inkişafına
yönəldilmiş layihələrini daha geniş dəstəkləməyə başlayıblar. IFES-in
vətəndaş-bələdiyyə əməkdaşlığına yönəlmiş kiçik layihələr proqramını
xüsusilə qeyd etmək lazımdir. Bu proqramın özəlliyi ondan ibarətdir
ki, qrant proqramı QHT/vətəndaş qrupu ilə bələdiyyənin bu layihələrdə
birgə iştirakını tələb edir. IFES-in maliyyə dəstəyi ilə İsmayıllıda
"Ideal gənclər təşkilatı ilə İsmayıllı şəhər bələdiyyəsinin
şəhər məktəblərində birgə maarifləndirmə işi, Bərdədə "Azad
dünya İctimai Birliyi ilə Bərdə bələdiyyəsinin birgə həyata keçirdiyi
şəhərin ekoloji təmizliyi layihələri QHT-bələdiyyə əməkdaşlığını
təşviq etmək baxımından xüsusi maraq doğurur. Təcrübə göstərir ki,
tərəflərin bir-birinə qarşılıqlı inamsızlığı olduğu indiki zamanda
beynəlxalq təşkilatların vasitəçiliyi bu əməkdaşlığa böyük təkan
verə bilər. Ona görə də beynəlxalq təşkilatlar bu istiqamətdə işlərini
qurarkən beynəlxalq təşkilat-yerli QHT-bələdiyyə üçtərəfli əməkdaşlıq
düsturuna daha çox istinad etməlidirlər.
QHT-bələdiyyə əməkdaşlığının məzmunu əsasən bir-biri
ilə six bağlı olan aşağıdakı üç sahəni əhatə edir:
-
QHT-lərin yerli idarəetmə sistemi və bələdiyyə üzvlərinin peşəkarlıq
səviyyəsinin inkişafına yönəldilmiş fəaliyyəti. Yerli idarəetmə
orqanlarının bacarıq və imkanlarının inkişaf etdirilməsində
beynəlxalq QHT-lər yerli QHT-lərə nisbətən daha uğurlu nəticələr
əldə edirlər. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri
var. Hər şeydən əvvəl, yerli QHT-lər özləri bu istiqamətdə o
qədər də yüksək səviyyəli mütəxəssislərə malik deyil. Digər
bir səbəb isə cəmiyyətdə QHT-lərə münasibətin birmənalı olmamasıdır.
Azərbaycanda bələdiyyə üzvlərinin əksəriyyəti keçmiş dövlət
məmurlarıdır və onların çoxu yerli QHT nümayəndəsinin (xüsusilə
nəzərə alsaq ki, QHT nümayəndələrinin çoxu gənclərdir) onlara
hər hansı bir bilik öyrədə bilməsi düşüncəsini, eləcə də yeni
təlim metodlarını qəbul edə bilmir. Bu istiqamətdə ortaya çıxan
digər bir problem bir sıra QHT-lərin eyni işi görməsi, bələdiyyələrin
istək və ehtiyaclarına deyil, mümkün olan qrant proqramlarına
əsaslanan QHT proqramlarının üstünlük təşkil etməsidir, bu isə
bəzən bələdiyyələrin işinə köməkdən çox maneçilik törədir. Amma
buna baxmayaraq, bir sıra QNT-lər bələdiyyə üzvlərinin qanunvericilik,
maliyyə və mülkiyyət, idarəetmə sahəsində bacarıq və biliklərinin
artırılması sahəsində mühüm uğurlar əldə ediblər.
-
Bələdiyyədə vətəndaş iştirakının genişlənməsinə yönəldilmiş
fəaliyyət. Bu istiqamətdə fəaliyyətin əsasını vətəndaşlar arasında
yerli özünüidarəetmə haqqında maarifləndirmə işinin aparılması,
cəmiyyətdə yerli özünüidarəetmə ənənələrinin təbliği, vətəndaşların
bələdiyyə işində, xüsusilə bələdiyyə şurasının iclaslarında
iştiraka təşviqi əsas yer tutur. Bu gün Azərbaycanda vətəndaşlar
yerli idarəetmədə həm fərdi, həm də müxtəlif vətəndaş cəmiyyəti
təşkilatları vasitəsilə iştirak edirlər. QHT-lərin bu istiqamətdə
fəaliyyəti əsasən vətəndaşların məlumatlılığını artırmaq və
onları öz problemlərinin həlli üçün yerli idarəetmə orqanları
ilə əməkdaşlığa təşviq etməkdən ibarətdir.
-
Bələdiyyələr üçün müəyyən ictimai xidmətlər göstərilməsi və
ya bələdiyyə ilə birgə hər hansı bir problemin həllində birgə
iştirak. İnkişaf etmiş ölkələrin çoxunda ictimai xidmətlərin
həyata keçirilməsində, eləcə də istənilən yerli problemin həllində
bələdiyyələr QHT-lərin xidmətindən geniş istifadə edirlər. QHT-lərin
daha səmərəli və ucuz xidmətlərindən istifadə etməklə bələdiyyələr
özlərinə əlavə kömək qazanırlar. Bu, eyni zamanda vətəndaş məsuliyyətini
artırır və bələdiyyə-vətəndaş yaxınlaşmasını təmin edir. Məsələn,
Macarıstanda QHT-lər ətraf mühit, sosial təminat və işsizlik
sahəsində xidmət göstərmək üçün yerli idarəetmə orqanları ilə
müqavilələr imzalayırlar. Bolqarıstanda isə QHT-lər həm də bir
sıra sahələr üzrə tenderlərdə iştirak edə bilərlər. Azərbaycanda
bu cür əməkdaşlıq çox zəifdir. Bu isə yuxarıda qeyd etdiyimiz
inamsızlıq səbəbi ilə yanaşı, həm də bir sıra obyektiv səbəblərlə
bağlıdır. Bələdiyyə və yerli icra hakimiyyəti orqanlarının səlahiyyət
bölgüsünün qeyri-müəyyənliyi, regionlarda hökm sürən ikihakimiyyətlilik
bələdiyyələrin öz işlərini müstəqil şəkildə planlaşdırmasına
mənfi təsir göstərir. Ona görə də çox qarışıq xidmətlər sisteminin
mövcud olduğu bir şəraitdə bələdiyyələr tərəfindən QHT-lərin
bu xidmətlər sahəsinə cəlb edilməsi onların özləri üçün əlavə
problemlər yarada bilər.
Azərbaycan bələdiyyələrinin QHT-lərin mövcud kadr
ehtiyatlarından öz spesifik layihələri, xidmətləri üçün geniş istifadə
etməsi mümkün əməkdaşlıq formalarından biridir. Bu istiqamətdə Azərbaycanda
ən uğurlu təcrübə Mingəçevir bələdiyyəsində həyata keçirilmişdir.
Gənclər siyasətini, gənclərlə bağlı öz işini əlaqələndirmək üçün
şəhər bələdiyyəsi öz nəzdində Gənclər Mərkəzi yaratmış və yerli
gənclər təşkilatlarından birinin fəal üzvünü bu mərkəzin başına
gətirmişdir. Gənclər təşkilatları və QHT-lərlə sıx əlaqəsi olan
bir şəxsin bu mərkəzin başına gətirilməsi həm bələdiyyənin kadr
ehtiyatlarının inkişafı baxımından və həm də QHT-lərin, xüsusilə
gənclər təşkilatlarının bələdiyyəyə bir addım yaxınlaşması baxımından
çox uğurlu və digər bələdiyyələrin istifadə edə biləcəyi nümunəvi
bir addımdır.
Bu gün Azərbaycanda bələdiyyələrlə QHT-lər arasında
daimi xidmətlər sahəsində olmasa da, konkret problemlərin həlli
istiqamətində bir sıra uğurlu əməkdaşlıq nümunələri mövcuddur. Bir
sıra QHT-lərin bələdiyyələrlə birgə təşkil etdiyi sosial-ekoloji
aksiyalar belə əməkdaşlıq formalarının ən geniş yayılmış formasıdır.
Bu istiqamətdə ən uğurlu işlərə misal olaraq Bakı, Mingəçevir və
Gəncə kimi iri şəhərlərdə müxtəlif QHT nümayəndələrinin cəlb edilərək
bələdiyyələrin dəstəyi və birbaşa iştirakı ilə təşkil olunmuş ekoloji
təmizlik, yaşıllaşdırma aksiyalarını göstərmək olar. Konkret problemlərin
həllinə yönəldilmiş bu fəaliyyətin catışmayan cəhəti həmin işlərin
arabir, daha doğrusu, "bayramdan-bayrama təşkil edilməsi və
hər hansı bir uzunmüddətli strateji pranlaşdırmanın tərkib hissəsi
olmamasıdır.
Hər bir problemin həllinin beş əsas mərhələsi var:
problemin müəyyənləşdirilməsi, əsas işlərin planlaşdırılması, problemin
həllinə yönəlmiş konkret iş, monitorinq və qiymətləndirmə. Qarşılıqlı
əməkdaşlıq prinsipinə əsaslanan layihələrdə partnyorların problemin
həllinin hər bir mərhələsində iştirakı çox vacibdir. QHT-bələdiyyə
əməkdaşlığının mövcud təcrübəsi göstərir ki, layihələrin çoxunda
bələdiyyələr QHT-ləri əsasən iş mərhələsinə, nadir hallarda isə
problemin müəyyənləşdirilməsi prosesinə cəlb edirlər. QHT-lərin
qərarqəbuletmə prosesi də daxil olmaqla problemin həllinin digər
bütün mərhələlərində iştirakı şəffaflıq və demokratik bərabərlik
prinsipləri baxımından çox vacibdir. Amma statistik məlumatlar göstərir
ki, Azərbaycandakı 2669 bələdiyyədən çox cüzi bir qismi öz şura
iclaslarını yalnız sözdə deyil, həm də işdə vətəndaşların və QHT-lərin
üzünə açıq saxlayır və belə bələdiyyələri barmaqla saymaq olar.
QHT və ya vətəndaş qrupları hər hansı problemin həllinə ancaq bələdiyyənin
istədiyi vaxt deyil, bərabər partnyor kimi işin bütün mərhələlərində
iştirak imkanına malik olmalıdir. Bələdiyyələr bir şeyi anlamalıdırlar
ki, bu iştirak problemin daha uzunmüddətli və effektli həllinə kömək
edəcək. Məsələn, QHT-lər yerli rəy sorğularının keçirilməsi, vətəndaşların
ehtiyaclarının müəyyənləşdirilməsində çox böyük rol oynaya bilər.
Strateji pranlaşdırma zamanı isə QHT-lər əlavə resurs və maliyyə
mənbələrinin cəlb edilməsinə kömək edə bilər.
Şəffaflıq və demokratik bərabərlik əks tərəfin, yəni
QHT-lərin də fəaliyyətində əsas prinsip olmalıdır. QHT-lər yerli
özünüidarəetmə işinə yönəldilmiş hər hansı bir layihəni həyata keçirərkən
xüsusilə də ehtiyacların müəyyənləşdirilməsi işinə bələdiyyələri
də cəlb etməlidirlər. Azərbaycanda mövcud təcrübə isə ondan ibarətdir
ki, QHT-lər bələdiyyəyə planlaşdırma, monitorinq və ya qiymətləndirmə
zamanı deyil, əsasən yalnız işin icrası zamanı müraciət edirlər.
Yerli demokratiyanın iki əsas aparıcı təsisatı -
bələdiyyə və QHT Azərbaycan cəmiyyətində hələ öz yerini tam tutmamışdır.
Bunun bir sıra obyektiv və subyektiv səbəbləri olsa da, hər şey
bu təsisatların siyasi iradəsindən, bir-birinə inam və dəstəyindən
asılıdır. Bu gün bələdiyyə və QHT-lər yerli demokratiyanın inkişafında
və ictimai xidmətlərin həyata keçirilməsində bir-birlərinə strateji
müttəfiq kimi baxmalıdırlar. Bu, həm onların özlərinin, həm də yerli
demokratiyanın inkişafı üçün çox faydalı ola bilər.
|