|
ARILARIN DEMOKRATİK CƏMİYYƏTİ |
 |
Şirəli Suyarkulov
Arıçıların Fərqanə Vilayət Birliyinin sədri |
Xüsusi olaraq "III Sektor" jurnalı üçün
Tarixən arılar həmişə insanların diqqətini özlərinə
cəlb edib. Burada söhbət məsələnin təkcə maddi tərəfindən getmir.
Demək istədiyim odur ki, arılara olan insan diqqətinin səbəbi heç
də həmişə onların istehsal etdikləri bal ilə bağlı deyil. Bir ailədə
hərənin öz müəyyən vəzifəsi olduğu və hamının ümumi bir məqsədə
qulluq elədiyi on minlərlə arının necə yaşaya bilməsini öyrənmək
hər bir insan üçün maraqlıdır. Bəlkə də arıların yaşayış tərzinə
bələd olandan sonra onların qurduqları cəmiyyətə bənzər insan cəmiyyəti
yaratmaq bizə müyəssər ola. Mən belə bir cəmiyyətin bizlər üçün
nə dərəcədə lazımlı olub-olmadığını deyə bilmərəm. Çoxları, mənim
kimi, bu sualın cavabını tapmaqda çətinlik çəkər. Canlı məxluqlar
arasında arıların və qarışqaların işgüzarlıq simvolu olduğu hamıya
bəllidir. İndi təsəvvür edin ki, arı işgüzarlığını insan cəmiyyətinə
köçürüblər. Yəqin ki, bunu təsəvvür edəndən sonra bəzi tənbəllərin
canına vəlvələ düşəcək, bəziləri də arı olmadıqlarına görə Allaha
şükür edəcəklər. Belələrinə keçmiş Sovet İttifaqının vətəndaşları
olan insanlar arasında daha çox rast gəlinəcəyinə heç şübhəm yoxdur.
Çünki öz vətən-daşlarına parazit kimi yaşamağı, öz əməyi hesabına
yox, ordan-burdan çırpışdırdıqları hesabına dolanmağı öyrədən bir
ölkəni arı şanısından daha çox siçovul yuvasına bənzətmək olar.
"Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım deyimi bir vaxtlar
ən sevimli məsəllərimizdən idi.
Amma hər şey kimi, zaman da dəyişkəndir. Ay keçdi,
il dolandı və günlərin bir günü yuxudan ayılıb gördük ki, ağzımızı
aralayıb dilimizin üstünə bir loxma çeynənmiş tikə qoyduqdan sonra
onu bərk-bərk yuman dövlət artıq yoxdur. Onda biz özümüzə əziyyət
verib başımızı qaldırdıq və əsnəyə-əsnəyə ətrafa baxdıq. Baxdıq
və dörd yanımızda, qulağımızın dibindən vızıltıyla uçub keçən arıları
gördük. Bəli! Həmin bu arılar özlərinə şanı qurmaqla, qurduqları
şanıya bal toplamaqla məşğul idilər. Biz isə viran qalmış bir yuvanın
xarabalıqları içində oturmuşduq, ağzımızı ayırıb onlara baxırdıq.
Baxmayıb neyləyə-cəkdik ki? Biz bu arıların nə işlə məşğul olduqlarından,
niyə belə elədiklərindən xəbərsiz idik. Bizə şanı qurmağı heç kim
öyrətməmişdi. Nə isə. Baxa-baxa bunu da öyrəndik. Əvvəlcə öyrəndik
vızıldamağı. Sonra xəbər tutduq ki, sən demə, bizim də qanadımız
var. Kömək eləyib uçmağı da bizə öyrətdilər. Bildik ki, bütün bu
illər ərzində bizə yedirdilən o "nemətlər heç bizlik deyilmiş.
Sən demə, bir-birimizin ətini yeməkdənsə biz də başımız üstə uçuşan
bu arılar kimi güldən-gülə, çiçəkdən-çiçəyə qonub bal toplamalıymışıq.
Amma tənbəllik, deyəsən, axıracan canımızdan çıxmamışdı. Elə yan-yörəmizdəki
gül-çiçəkdən bir az şirə toplayıb pis-yaxşı, qurduğumuz şanılara
daraşdıq. Şanı da nə şanı. Bir balaca külək əsən kimi içində yel
vurur, yelpələnglər oynayır. Amma hər halda bilirik ki, özümüzündür.
Şərikimiz, nə bilim, böyük qardaşımız yoxdur. Qabiliyyətimiz nəyə
çatıbsa, onu da düzəltmişik. Böyük qardaş demişkən, arı ailəsindən
az-çox xəbəri olan bilir ki, burada qardaş-filan bir o qədər də
rol oynamır. Arı ailəsində əsas fiqur ana an sayılır.
Mən bilmirəm, bizim dövlət başçılarını ana arılarla
müqayisə eləmək nə dərəcədə doğrudur, amma onu bilirəm ki, əgər
arı şanısını insan cəmiyyəti ilə yan-yana qoysaq, belə bir müqayisəni
aparmamaq, sadəcə, mümkün deyil. Ana arının xarakteristikasını verməmişdən
əvvəl bir məsələyə də toxunmaq istərdim. Yuxarıda arı zəhmətkeşliyindən
çox danışdım. Amma arıların zəhmətsevərlikdən başqa digər bir müsbət
keyfiyyəti də var. Bu da onların öz yuvalarına, yəni şanılarına
bağlılığıdır. Yəqin çoxları bilir ki, arılar öz şanılarını qorumaq
üçün hətta özlərini qurban verməyə belə hazırdırlar. Əslində arılar
çox sülhsevər məxluqlardır. Bizim dillə desək, onların ən başlıca
prinsipi "dəymə mənə, dəyməyim sənə prinsipidir. Çünki arının
kimisə sancmağı onun özünə qəsd etməsi deməkdir. Ancaq lazım gələrsə,
onlar bu özünəqəsd aktından da çəkinmirlər. Özünəqəsd aktı ona görə
deyirəm ki, arı onun şanısına, balına tamah salanı (adətən belə
tamahkarlar ya ayılar olur, ya da insanlar) sancmaqla iynəsini itirir
və bundan sonra çox yaşamır. Bu mənada arı özünəqəsdini insan vətənpərvərliyi
ilə müqayisə eləyə bilərik. Arılar öz şanıları uğrunda, insanlar
isə vətənləri yolunda canlarından keçməyə hazırdırlar. Şübhəsiz,
bunu nə bütün arılara, nə də bütün insanlara aid etmək olar. İndi
qayıdaq söhbətimizin yarımçıq qalmış yerinə. Makedoniyalı İskəndərin
müəllimi dahi filosof Aristotel belə hesab edirdi ki, arılar hökmdardan,
böyük arılardan - müftəxorlardan və kiçik arılardan - zənmətkeşlərdən
ibarət cəmiyyətlərdə yaşayır. Hökmdar arı cəmiyyətinin ən vacib
üzvü olsa da, heç bir iş görmür. Buna baxmayaraq, arılar onu çox
sevir və qayğısına qalmağa çalışırlar. Nə onlar hökmdarsız, nə də
hökmdar onlarsız yaşaya bilir. Əgər hökmdar xəstələnirsə, onda pətəkdəki
bütün arılar qəmə batır, əgər ölürsə, arılar da tənbəlləşir və az
keçməmiş məhv olurlar.
Misli görünməmiş zalımlığı ilə ad çıxaran imperator
Neronun müəllimi, yazıçı və filosof Seneka da arıların həyatının
tədqiqiylə xeyli vaxt məşğul olmuşdur. O öz müşahidələrini insan
münasibətləri ilə müqayisə etmiş və belə bir nəticəyə gəlmişdir
ki, arı şanısı monarxiya, ana an isə monarx rolunu oynayır. Onun
fikrincə, arı dövlətində ciddi nizam-intizam, ictimai həmrəylik,
vətənpərvərlik hər şeyin təməlini təşkil edən birlik formalaşdırır.
Seneka bu qanunların insan cəmiyyətində də hakim mövqe tutmalı olduğunun
vacibliyini vurğulayır.
Gördüyümüz kimi, arı ailəsi ilə insan cəmiyyətinin
müqayisəsini aparmaq heç də son dövrlərin işi deyil. Senekanın yaşadığı
dövrdən bu yana əsrlər ötməsinə baxmayaraq, belə müqayisələr bu
gün də aparılır. Elə oxuduğunuz bu yazının da məğzini həmin müqayisə
təşkil edir. Amma imperator Neronun müəllimi Senekadan fərqli olaraq,
biz arı şanısını heç də monarxiya ilə müqayisə etmək fikrində deyilik.
Yəqin ki, heç olmasa bircə arı pətəyinə sahib olan arıçılar mənim
pətəkdə harmoniyanın və demokratiyanın hökm sürməsi ilə bağlı fikrimlə
razılaşarlar. Monarxiyanı isə harmoniyanın və demokratiyanın məhsulu
adlandırmaq mümkün deyil. Monarxiya daha çox disharmoniyanın və
avtoritar yaşayış tərzinin məhsuludur. Pətəkdəki arıların ana an
ətrafında birləşməsi qorxudan yox, sevgidən irəli gəlir. Xalqın
monarxın ətrafında birləşməsini, onun hakimi-mütləqliyini qəbul
etməsini isə heç cür sevgi əlaməti adlandırmaq olmaz. Bu mənada
insan cəmiyyəti an ailəsindən xeyli geridə qalır.
Belə bir atalar məsəli var - "Dostunu mənə göstər,
sənin necə adam olduğunu deyim. Bəlkə də vaxtlarının çoxunu an pətəklərinin
yanında, anlarla birgə keçirdiklərinə görədir ki, arıçılıqla məşğul
olan insanlar bu qədər zəhmətkeş, azadlıqsevər olurlar. Bir də ki,
məsələnin maddi tərəfi də burada böyük rol oynayır. Ançılar istənilən
cəmiyyətdə orta yaşayış səviyyəsindən bir qədər yuxarı yaşayırlar.
Bal kommunistə də lazımdır, kapitalistə də. Məhz maddi müstəqillikləri
arıçıların fəaliyyət azadlığını təmin edir. Kim nə deyir-desin,
maddi təminat bütün dövrlərdə insan cəmiyyətində böyük rol oynayıb.
Özbəkistanın Fərqanə vadisinin arıçılarını da bu
mənada kifayət qədər müstəqil adamlar saymaq olar. Fərqanə Vilayəti
Arıçılar Birliyinin üzvü olan yerli arıçıların əsas məqsədi öz aralarında
təcrübə mübadiləsi aparmaqdır. İldə bir dəfədən az olmamaq şərti
ilə keçirilən toplantılarda vilayətin bölgələrini təmsil edən arıçılar
bu əsas məqsədlərinə çatmaq üçün bir yerə toplaşırlar. Toplantı
iştirakçıları tərəfindən seçilən beş nəfərdən ibarət Birlik Şurası
gələn toplantıya qədər görülməli olan bütün işləri öz üzərinə götürür.
Maddi vəsaitin hara və nə miqdarda xərclənməsi ilə bağlı məsələlərə
isə üç nəfərlik təftiş komissiyası nəzarət edir. Arıçıların Fərqanə
Birliyinin əsas məqsədi hərtərəfli yardım və dəstək göstərməklə
Fərqanə vilayətində yaşayan arıçıların sosial-iqtisadi vəziyyətlərini
daha da yaxşılaşdırmaq, bölgədə arıçılığı təbliğ və inkişaf etdirmək,
istehlak bazarını əhalinin sağlamlığı üçün əhəmiyyətli olan və müalicəvi
xüsusiyyətlərə malik bal məhsulları ilə təmin etməkdən ibarətdir.
Bütün bu insanların fəaliyyəti tamamilə təmənnasızdır. Birliyin
sədrindən başqa, heç kim gördüyü işə görə əməkhaqqı almır. Elə sədrin
aldığı 6 dollarlıq əməkhaqqı da sırf simvolik məna daşıyır. Onların
bu növ ictimai fəaliyyətlə məşğul olması maddi maraqdan deyil, öz
işlərinə hədsiz sevgidən irəli gəlir. Onsuz da arıçılıqla məşğul
olanlar maddi cəhətdən kifayət qədər təmin olunmuş insanlardır.
Vilayətdə yaşayan arıçıların dörddə üçü 100-dən 500-ə qədər arı
pətəyinə sahibdir. Onların hərəsinin ən azı 2-3 avtomobili var.
Amma avtomobil onlardan ötrü dəbdəbəli yaşayışın göstəricisi yox,
işlərinin sürətlə getməsi üçün zəruri olan bir vasitədir. Arıçıların
birliyin hesabına köçürdükləri üzvlük haqqı da simvolikdir - 5 dollardan
50 dollara qədər.
Məncə, bizim bu təşkilatda yaratdığımız demokratik
ab-hava arıların pətəkdə yaratdıqları demokratik cəmiyyətə çox bənzəyir.
|