|
TERROR, İSLAM VƏ DEMOKRATİYA |
 |
Ladan Borumənd
Röya Borumənd |
Ladan Borumənd İran tarixçisidir, Paris Sosial
Elmlər İnstitutunda təhsil alıb. Fransa inqilabı dövründə insan
hüquqları problemi barədə geniş tədqiqatın - "La Gulrre des principes"
(1999) kitabının müəllifidir. Onun bacısı Röya Borumənd də tarixçidir,
Sorbon Universitetini bitirib. Müasir İran tarixi üzrə mütəxəssisdir.
"Human Rights Watch"un məsləhətçisi olub. Hər iki bacı hazırda İran
İslam inqilabı haqqında tədqiqat üzərində işləyir.
(Qısa ixtisarla dərc olunur)
"Niyə?". Dəhşətli 11 sentyabr səhərindən sonra Qərbdə
insanları üzən başlıca sual budur. Bu hadisəni törədən terrorçuların,
mənsub olduqları hərəkatın məram, inanc və motivləri nədir? Niyə
müsəlman gəncləri özlərini böyük bir məmnunluqla intihar bombalarına
çevirir? Bu insanlar Qərbə bu qədər zorakı nifrət həddinə necə gəlib
çatıblar? Öldürücü fanatizmin mənəvi, intellektual, siyasi və ruhi
kökləri hansılardır?
Suallar Qərb ekspertləri və şərhçilərinin beynini
didib-dağıtdıqca radikal islamçı terrorçuluq (diqqət yetirin ki,
biz "islami" demirik) qarşısında intellektual dalana dirəndikləri,
təəssüf ki, daha aydın görünür. Bu, çox ciddi narahatlıq doğurur,
çünki islamizmə və terrorçulara qarşı uzun və uğurlu mübarizə bu
düşmənlərin kim olduqlarını və nə istədiklərini dəqiqliklə anlamağı
tələb edir. Demokratiya tərəfdarları bunun fərqinə nə qədər tez
varsalar, 11 sentyabrdan sonra daha da güclənən ideya və dəyərlər
mübarizəsində qələbəyə o qədər yaxın olarlar.
Liberal demokratik cəmiyyətlərin islamçı terrorizm
önündə əlacsız qalması insana qəribə gəlir. Axı "terror" sözü müasir
siyasi anlamında Fransa inqilabı ilə əlaqədar ilk dəfə 1793-cü ildə
işlədilib və o vaxtdan bəri Qərbin, demək olar ki, hər bir ölkəsi
müəyyən terror hərəkatı və yaxud rejimi təcrübəsi keçib. Bəs liberal
demokratiyanın özü qədər "müasir məhsul" olan bu fenomen Qərb təhlilçilərinə
nə üçün bu qədər qaranlıq bir şey kimi görünür?
İslamçı terror dünya səhnəsinə ilk dəfə 1979-cu ilin İran inqilabı
və həmin ilin noyabrında Tehrandakı ABŞ səfirliyinin zəbt edilməsiylə
çıxıb. O vaxtdan islamizm yayılmağa başlayıb və bu terrorun cilovlanmasına
yönəldilmiş ideoloji və siyasi vasitələrin böyük bir qismi uğursuzluğa
düçar olub. Bu terror qloballaşaraq təkcə Qərbdə Mərakeş və Nigeriyadan
tutmuş Şərqdə Malayziya və İndoneziyaya qədər uzanan geniş islam
ayparası zolağında deyil, həmçinin Avropa, Hindistan, keçmiş Sovet
İttifaqı məkanı, Amerika qitələri və hətta Çinin qərb rayonlarında
at oynadıb.
İran inqilabından əvvəl terrorizmə bilavasitə müasir
ideologiyaların doğurduğu nəticələr kimi baxılırdı. İslamçı terrorçular
isə dini (din uğrunda) mübarizə apardıqlarını iddia edirlər. Lakin
bu, həm ənənəvi İslama, həm də müasir demokratiyaya meydan oxuyan
zorakı islamizmin əsl mahiyyətini ört-basdır edir. Əgər terrorizm,
islamçıların və onların düşmənlərinin bir çoxunun iddia etdiyi kimi,
İslam inanclarının kökünə həqiqətən yaxın olsaydı, onda beynəlxalq
islamçı terrorun tarixi niyə məhz 1979-cu ildən başlayır? Bu sual
islamçı terror şəbəkələrinin əməllərini israrla pisləyən bir çox
məşhur islam alimləri və ilahiyyatşünaslarının bəyanatlarında da
güclü əks-səda tapır.
Bu heç də o demək deyil ki, İslam yurisprudensiyası
və fəlsəfəsi cəmiyyətə demokratik baxış təklif edir və yaxud o,
demokratiya və insan hüquqları prinsipinə asanlıqla uyğunlaşdırıla
bilər. Amma bu, terrorçuların İslam ayələrinə istinadlarının saxta
olduğunu üzə çıxarır. İslam tarixində "Əl-Qaidə"nin və yaxud "Hizbullah"ın
törətdiyi amansız vəhşiliklərə bənzər heç bir presedent olmayıb.
Hətta şiəliyin öz düşmənlərini məhv etmək üçün ölümə hazır insanlardan
istifadə etdiyinə görə qatillər kimi tanınan İsmaili təriqəti belə
"Hizbullah"ın, Üsəma bin Ladenin və onun tərəfdarlarının insanları
ucdantutma qırmaq kimi kütləvi zorakılıq həddinə enməmişdi. Qadınları,
uşaqları, bütün dinlərdən və növlərdən olan insanları - unutmayaq
ki, Dünya Ticarət Mərkəzində müsəlmanlar da çalışırdı - heç nəyə
fərq qoymadan, mənasızcasına qətlə yetirmək üçün özünü öldürməyin
İslamla heç bir əlaqəsi yoxdur. Müasir islamçı terror əslində indiki
dövrə aid problemdir və ona İslam ənənələri və etikasından adda-budda
istifadə etməklə dini don biçilir.
İslamla terrorizm arasındakı gərginliyi 1985-86-cı
illərdə Parisi sarsıdan bomba partlayışlarında iştirak edən Fuad
Əli Salehin mühakiməsi zamanı iki müsəlman arasındakı dialoq daha
bariz nümayiş etdirir. Partlayış zamanı ağır dərəcədə yanıb xəsarət
alan qurbanlardan biri Salehə üz tutur: "Mən mömin bir müsəlman
kimi gündə beş dəfə namaz qılıram. Bəyəm Allah sənə körpə uşaqları,
hamilə qadınları bombalamağımı buyurub?" Saleh isə cavabında deyir:
"Sən axı əlcəzairlisən. Bunların (fransızların) sizin atalarınızın
başına nə müsibət gətirdiklərini unutma".
Öz əməllərinə dini təməl üzərində mübarizə donu geydirmək üçün bu
terrorçu Quran ayələrindən deyil, sekulyar milliyyətçi narazılıqlardan
yararlanmağa çalışır.
İslamizmin genologiyası
"Panislamizm" ideyası (1) hərəkatı 19-cu əsrin sonlarında
və 20-ci əsrin əvvəllərində ənənəvi müsəlman cəmiyyətlərinin sürətlə
milli dövlət strukturuna keçməsi dövründə meydana çıxıb. Totalitar
ideologiyaya islami görkəm verilməsində misirli məktəb müəllimi
Həsən əl-Bənna (1906-49) misilsiz rol oynayıb. Misir millətçiliyi
ideyasının dərin təsiri altında olan əl-Bənna 1928-ci ildə Qərb
təsirlərinə qarşı mübarizə aparan "Müsəlman qardaşları" təşkilatının
əsasını qoyub.
1930-cu illərin sonlarında nasist Almaniyası Misir
ordusundakı gənc inqilabi zabitlərlə, o cümlədən "Müsəlman qardaşları"
təşkilatına yaxın olanların çoxu ilə əlaqə yaratmışdı. Başlanğıcda
xeyriyyəçilik, cəmiyyət və mədəniyyət fəaliyyətləri ilə məşğul olan
bu təşkilat hələ xeyli əvvəldən gənclər qanadına malik idi; təşkilat
liderinə qeyd-şərtsiz tabe olan bu yarımhərbi qanadın "İş gör, tabe
ol, sus" şüarı İtaliya faşistlərinin "İnan, tabe ol, döyüş" şüarı
ilə səsləşirdi.
Əl-Bənna faşistlərdən, eləcə də Avropanın yalançı
"transformativ və təmizləyici" inqilabi zorakılıq ənənəsindən siyasi
mübarizə forması kimi qəhrəmancasına ölmək ideyasını da mənimsəmişdi.
İndi Qərbdə çox az adam xatırlasa da, ölümün estetikləşdirilməsi,
silahlı gücün öyülməsi, özünü qurban verməyə səcdə edilməsi və "soykökün
təbliği"nə inancın 20-ci əsrin əvvəllərində həm ifrat sağçıların,
həm də ifrat solçu elementlərin iliyinədək işlədiyini gizlətmək
çox çətindir. Bənnanın ardıcılları olan bugünkü islamçı döyüşçülərin
qucaq açdığı terrorun özünü qurban vermək kultunun İslamın nə sünni,
nə də şiə təriqəti ilə hər hansı əlaqəsi var (2).
İkinci dünya müharibəsində müttəfiq qoşunlarının
qələbəsindən, 1949-cu ilin əvvəllərində Bənnanın qətlindən və 1952-54-cü
illər Misir inqilabından sonra "Müsəlman qardaşları" sekulyarlaşmaqda
olan hərbi hökumətin onlara düşmən münasibəti və Misir kommunistlərinin
ciddi rəqabəti ilə üzləşdi. "Müsəlman qardaşları"nın baş ideoloqu
və kommunistlərlə əlaqələndiricisi Seyyid Qütb (1906-1966) bugünkü
islamizmin bünövrəsini qoyan ideoloji xəttin çərçivəsini hazırlayıb.
Qütb təkcə Bənnanın deyil, həm də pakistanlı yazıçı
və aktivist Seyyid Əbül-Üla Mavdudinin də (1903-1979) ardıcıllarından
idi. Mavdudi 1941-ci ildə "Camaate-İslami-e-Pakistan" (Pakistan
İslami Məclisi) təşkilatını yaradıb və bu qurum o qədər güclü elektorat
dəstəyinə iddia edə bilməsə də, Pakistanda mühüm siyasi güclərdən
biri olaraq qalır (3). Əvvəllər tərəfdarı olduğu nasionalizm (millətçilik)
ideyasından imtina etməsi Mavdudini İslamın siyasi rolu ilə maraqlanmağa
sövq edir. Hər cür millətçiliyi ittiham edən Mavdudi ona "küfr"
damğası vurub, marksist terminologiyadan yararlanaraq həm Qərbə,
həm də ənənəvi İslama qarşı mübarizə aparmağı təbliğ edib, "inqilab",
"dövlət" və "ideologiya" kimi mühüm məfhumları "islami" sifətiylə
zənginləşdirib.
Hər iki xələfi kimi, Qütb də ənənəvi dini təlim
görməyib. Dövlət müəllimlər kollecini bitirdikdən sonra 1948-ci
ildə təhsilini davam etdirmək üçün ABŞ-a gedib. Bir Misir millətçisi
kimi 1950-ci ildə vətənə qayıtdıqdan sonra "Müsəlman qardaşları"
təşkilatına qoşulub. Qütbün islamçı düşüncəsi müasir kapitalizmin
və təmsilçi demokratiyanın marksist və faşist tənqidinə dair biliklər
əsasında formalaşıb. O, tək bir partiya - İslami Yenidən Doğuluş
Partiyasının idarə etdiyi monolit dövlət qurmağa çağırırdı. Mavdudi
və bir çox Qərb totalitaristləri kimi, o da öz cəmiyyətini (yəni
dövrün müsəlman cəmiyyətlərini) düşmənlərin əhatəsində görürdü və
onun fikrincə, ağıllı, ideoloji cəhətdən şüurlu aparıcı azlıq yeni
və tamamilə ədalətli cəmiyyəti qurmaq uğrunda zorakı çevriliş də
daxil olmaqla, bütün zəruri vasitələrdən istifadə edərək mübarizə
aparmalıdır. Onun ideal hesab etdiyi cəmiyyət sinifsiz olmalıydı
və burada liberal demokratiyalardakı "fərdiyyətçilik" qadağan edilməli,
"insanın insanı istismarı"na son qoyulmalıydı. Və bu cəmiyyəti İslam
qanunlarının tətbiq edilməsiylə yalnız Allah idarə edəcəkdi. Əslində,
bu, İslam libasında leninizm demək idi.
 |
İranla bağlılıq
Bənna və "Müsəlman qardaşları" müxtəlif İslam məktəblərini
əhatə edən həmrəylik şəbəkəsi yaratmaq tərəfdarıydılar (5). Bəlkə
də qismən bu ekumenizmə görə biz "qardaşlar"ın hələ lap erkən, 1945-ci
ildə dünya şiələrinin əksəriyyətinin vətəni olan İrana nüfuz etdiyini
görə bilirik.
Həmin il İraqdan vətənə qayıdan Nəvab Səfəvi adlı
iranlı molla burada terrorçu qrup yaratmağa başlayır və həmin qrup
bir sıra dünyəvi İran intellektualını və siyasətçisini qətlə yetirir.
1953-cü ildə Səfəvi "Müsəlman qardaşları"nın dəvətiylə Misirə səfər
edir və çox güman ki, burada Qütblə görüşür. 1955-ci ildə ölkənin
baş nazirinə qarşı uğursuz sui-qəsddən sonra Səfəvinin yaratdığı
qrup dağıdılsa və onun özü edam edilsə də, təşkilatın bəzi sabiq
üzvləri 1979-cu ildə İslam inqilabını həyata keçirən ayətullah Xomeyni
(1900-1989) ilə bir sırada duran ən mühüm simalardan olurlar. Xomeyni
özü siyasi fəaliyyətə ilk dəfə 1962-ci ildə, digər ayətullahlara
qoşularaq şahın torpaq islahatı və qadınlara seçki hüququ verilməsi
siyasətinə qarşı mübarizə aparmaqla başlayıb. O dövrdə Xomeyni hələ
inqilabçı deyildi, sadəcə müasirləşmədən narahatlıq keçirən və mənsub
olduğu ruhani təbəqəsinin imtiyazlarının qorunub saxlanılmasına
çalışan adi bir ənənəçiydi. Tərəfdarları 1963-cü ilin iyununda şəhərləşmənin
inkişafına qarşı ayağa qalxanda həbs olundu və bunun ardınca da
əvvəlcə Türkiyəyə, sonra isə İraqa sürgün edildi. Onun həyatında
dönüş nöqtəsi 1970-ci ildə baş verdi; bu vaxt hələ də İraqda yaşayan
Xomeyni ənənəçilikdən totalitarizmə keçən az sayda şiə avtoritetlərindən
biri oldu. O da daha çox Mavdudi kimi, islam dövləti qurmağa çağırırdı
və Qütbdən ilhamlanaraq bütün qeyri-teokratik (qeyri-dini) rejimlərə
bütpərəst damğası vuraraq lənətləyirdi. Onun İrandakı ardıcılları
digər ideyalarla yanaşı, Qütbün və Mavdudinin də ideyalarını yayan
islamçı mədəniyyət assosiasiyasında aktiv fəaliyyət göstərirdilər.
Xomeyninin tələbələri dünyanın ən aparıcı inqilab mədəniyyətinin
- marksizm-leninizmin təsirinə məruz qalmış bütöv bir nəsli islamçı
hərəkata qazandırmaq üçün Qütbün ideologiyasından istifadə edirdilər.
Xomeyni islamçı terrorizm hərəkatı tarixində ona
görə ən böyük fiqura çevrildi ki, o, belə fəaliyyəti özünə rəva
bilən ilk həqiqi dini fiqur idi. Gənclərə olan güclü təsirinə baxmayaraq,
İran inqilabından əvvəlki islamizm marginal, qeyri-ortodoks bir
cərəyan olub. Qütb və Mavdudi sünni üləmaların inkar etdiyi və yaxına
buraxmadıqları ilahiyyat diletantları idilər. Hətta "Müsəlman qardaşları"
belə Qütbün ideyalarını rəsmən inkar edirdi. Xomeyni isə formalaşmış
din alimi kimi müasir islamçı totalitarizmə onun son dərəcə ehtiyac
duyduğu dini mötəbərlik gətirmişdir.
Vaxtilə torpaq islahatına və qadınların seçki hüququna
qarşı çıxan Xomeyni hakimiyyətə gəldikdən sonra "tərəqqipərvər"ə
çevrilərək geniş milliləşdirmə və ekspropriasiya (cəmiyyətdə
bir sinif və ya ictimai qrup tərəfindən başqa sinif mülkiyyətinin
zorla əlindən alınması - red.) proqramları həyata keçirməyə,
inqilabi təbliğat və səfərbərlik kampaniyalarında qadınlardan istifadə
etməyə başladı. Leninçi xüsusiyyətlərin - terror, hərbi tribunallar
və inqilab keşikçiləri, inzibati təmizləmə əməliyyatları və mədəni
inqilab siyasətinin onun idarəçilik üsulunda üstünlük təşkil etməsi,
habelə SSRİ-yə qarşı loyal münasibəti ruhani həmkarlarının əksəriyyətinin
ondan uzaqlaşmasına səbəb oldu. Bununla belə, ona moskvapərəst İran
Kommunist Partiyasının fəal dəstəyini qazandırdı: bu partiya 1979-cu
ildən 1983-cü ilə qədər yeni teokratiyanın qulluğunda dayandı.
İslamçı "Komintern"
Bu əlaqələrdən də güman edildiyi kimi, islamizm,
kövrək də olsa, panmüsəlman fenomenidir. Ənənəvi dini, etnik və
siyasi bölgülərdən (şiələr sünnilərə, farslar ərəblərə qarşı və
s.) qaynaqlanan mövcud fərqliliklərinə görə islamçı terror qruplarını
bir-birindən ayırmağa çalışmaq mənasız və lazımsız bir işdir. Səbəbi
çox sadədir: islamçı qrupların özləri Qərbə qarşı birgə mübarizə
aparmağı, eləcə də bütün müsəlman dünyasına nəzarəti gücləndirməyi
onları bir-birinə qarşı qoya biləcək istənilən fərqliliklərdən son
dərəcə vacib hesab edirlər.
Livanda yerləşən və İranın himayə etdiyi "Hizbullah"
bu baxımdan ən yaxşı misal ola bilər. Bu təşkilatıın əsasını qoyan
iranlı əvvəllər Xomeyninin yaxın köməkçisi olub; o, ruhani deyil,
parktik mühəndis olan gənc bir misirli islamçını öz təsiri altına
salıb və həmin misirli tamamilə dini xarakter daşıyan bir termini
ilk dəfə siyasiləşdirib. Bu təşkilata diqqətlə nəzər saldıqda onu
yaradanların və liderlərinin ideologiyasına marksizm-leninizmin
güclü təsirini aydın görmək olar. Bu qrupun hazırkı lideri Məhəmməd
Hüseyn Fədlallah Marksın və Nitsşenin zorakılıq nəzəriyyələrindən
bəhrələnərək terror metodları və solçu təşkilatlarla taktiki müttəfiqliyi
açıq şəkildə müdafiə edir. "Hizbullah" islamçı "Komintern"in ən
uğurlu övladıdır.
Sonralar "Əl-Qaidə"nın əsasını təşkil edəcək müstəqil
sünni terrorçu şəbəkəsi də İran inqilabından ruhlanıb. Tehran rejimi,
demək olar ki, 1982-ci ildən sünni ruhanilər arasında öz fikirlərini
yaymaq üçün təbliğat orqanları yaratmağa başlayıb. Bu məqsədlə yaradılan
fövqəlmilli institutlardan biri Ümumdünya İmam Cümə Məscidləri Konqresi
idi və bir vaxtlar onda 40-dan çox ölkə iştirak edirdi. Bu səylərin
ən vacib məqsədi "xalq islamı"nı "təcavüzkar isteblişment islamı"na
qarşı səfərbərliyə almaq idi. Bir çox səbəbə görə bu şəbəkə zəif
təşkil olunmuş halda qalsa da, onun bütün qanadları eyni ideoloji
kökdən gəlir və həmin ideologiya ilə qidalanır.
İran İslam inqilabının təsirini 1981-ci ilin oktyabrında
Misir prezidenti Ənvər Sədatı qətlə yetirən Misir İslami-Cihad Təşkilatının
üzvlərində də izləmək mümkündür. Bu təşkilatın nəzəriyyəçisi - Əbdüssəlam
Fərəc adlı bir mühəndis terrora haqq qazandırmaq üçün tez-tez Qütbdən
sitat gətirməyi çox xoşlayırmış. Sui-qəsdçilər qətli icra edən kiçik
rütbəli zabitlər də daxil olmaqla, İran modelindən ruhlanmışdılar
və belə güman edirdilər ki, Sədatın ölümü xalq kütlələrini ayağa
qaldıracaq və bu da iki il əvvəl Tehranda baş verən hadisələrin
Qahirədə təkrarlanması ilə nəticələnəcək (İran rəsmiləri sonralar
Tehranda bir küçəyə Ənvər Sədatın qatilinin adını verdilər).
İslam tarixi və təlimlərinin təhrif
edilməsi
 |
Bu nümunələrdən də göründüyü kimi, terror qrupları
arasında mövcud ola biləcək hər cür fərqlilik onların ümumi ideoloji
inanclar naminə hər an birləşməyə və əməkdaşlıq etməyə hazır olmaları
səbəbindən kölgədə qalmaqdadır. Bu inanclar əslində islami deyil,
islamçı adlandırılır, çünki onlar faktiki olaraq İslamla ziddiyyət
təşkil edir və biz gərək terrorçuların İslam dini terminologiyasından
istədikləri kimi istifadə etmək və onu öz təhrifləriylə çirkləndirmək
kimi vərdişlərinin bu ziddiyyəti ört-basdır etməsinə imkan verməyək.
İslamçıların hicrətlə - bizim eranın 622-ci ilinin sentyabrında
Məhəmməd peyğəmbərin ilk dəfə olaraq tam şəkildə və müstəqil islam
cəmiyyəti (ümmə) qurmaq üçün Məkkədən Mədinəyə səfəriylə bağlı şərhi
buna əyani misal ola bilər. Onların dediklərinin əksini sübut edən
zəngin tarixi və doktrinal sübutların mövcudluğuna baxmayaraq, alayarımçıq
təhsilli islamçılər peyğəmbərin bu səfərini inqilabi sıçrayış kimi
qələmə verir, öz radikal utopik görüşləri zəminində müasir İslam
ölkələrini dünyadan təcrid etmək arzularına haqq qazandırmaq istəyirlər.
İran İslam inqilabı da qeyri-ortodoksallığa, daha
doğrusu, islami yurisprudensiyanın (faqih) yeganə, ən ali yurisprudensiya
kimi absolyut gücə malik olması barədə Xomeyninin qeyri-adi və hətta
idiosinkretik nəzəriyyəsinə söykənir. Təsadüfi deyil ki, Xomeyni
rejiminə qarşı ilk qiyam tanınmış ayətullah Şəriətmədarinin rəhbərliyi
altında baş qaldırıb. Rejim rəsmiləri etiraf edir ki, İran mollalarının
çoxu həmişə Xomeynizm görüşünə ehtiyatla yanaşıb. Ona da diqqət
yetirmək vacibdir ki, Xomeyninin öz üsul-idarəsinə haqq qazandırmaq
üçün istifadə etdiyi dini sitatlar bir əsr əvvəl islam təməli əsasında
parlamentarizmin və xalq suverenliyinin legitimliyini sübut etməyə
çalışan məşhur ayətullahın gətirdiyi sitatlarla hərfbəhərf eynilik
təşkil edir. Quran ayələrinin özü onları çox fərqli və hətta ziddiyyətli
şəkildə şərh etməyə imkan verir. Buna görə də əgər biz islamizmin
və onun öz uydurma cəmiyyəti uğrunda apardığı müharibənin - beynəlxalq
terrorizm isə onun yalnız bir cəbhəsini təşkil edir - mahiyyətini
başa düşmək istəyiriksə, onda İslam dini mənbələrinə deyil, başqa
şeylərə nəzər salmalıyıq.
Bin Ladenin 1998-ci ildə Birləşmiş Ştatlara qarşı
cihad elan etməsi barədə yığcam məqaləsində Qernard Luis bin Ladenin
təkcə faktları deyil (məsələn, o, dəvət edildiyi üçün Səudiyyə Ərəbistanında
yerləşdirilmiş ABŞ hərbi qüvvələrini "müdaxiləçi səlibçilər" adlandırır),
həm də dünyanın hər yerində rast gəlinə bilən bütün ABŞ vətəndaşlarını
heç bir fərq qoymadan qırmağa çağırmaqla İslam doktrinasının özünü
təhrif etdiyini parlaq şəkildə açıb göstərir. İslam hüququnda (şəriətdə)
faktiki müharibə dövründə cihad elan edilməsinin nəzərdə tutulduğunu
öz oxucularına xatırladan Luis bu qənaətə gəlir ki, "əsas İslam
mətnləri heç bir halda terrorizm və qətl törətməyi buyurmur. Onlar
hətta heç bir halda qeyri-müsəlmanlara qarşı təsadüfi zorakılığı
da nəzərdə tutmur" (8).
İranlıların uydurduğu və sonra bin Ladenin mənimsədiyi
terrorçu cihad ideyasına güc verən şey onun öz kökü etibarilə Quranla
bağlılığı deyil (çünki heç belə bir bağ da yoxdur), terror aktlarının
vəhşicəsinə uğurla həyata keçirilməsidir. Bin Laden ABŞ-ın Livandan
çıxarılması məqsədilə İranın sponsorlaşdırdığı və 1983-cü il oktyabrın
23-də Beyrutda 241 Amerika hərbi dənizçisinin və digərlərinin ölümü
ilə nəticələnən intihar bombasının partladılmasından xüsusi rəğbətlə
danışıb. Həmçinin beynəlxalq terrorçular üçün təlim düşərgələrinin
təşkili işində də bin Laden birinci olmayıb, burada da Tehran rəsmiləri
onu xeyli qabaqlayıblar (9).
Bu rəsmilərdən biri - sonralar İranın dövlət başçısı
olmuş Əli Əkbər Haşimi Rəfsəncaninin 1989-cu ildə cümə namazlarının
birindəki çıxışı islamçı terrorizmin məntiqini daha yaxşı açıb göstərir.
İslama qarşı geniş küfr müharibəsində İsrailin mövcudluğunun xüsusi
bir cəbhə təşkil etdiyini bildirən Rəfsəncani deyir: "Əgər bu gün
Fələstində öldürülən hər bir fələstinlinin əvəzinə beş amerikalı,
ingilis və yaxud fransız öldürülərsə, onlar bir daha belə əməllərə
yol verməzlər… Amerikalılar dünyanın hər yerinə səpələniblər… Onlar
İsraili müdaifə edirlər. Onların qanının hər hansı bir dəyəri varmı?
Fələstindən kənarda onları qorxudun ki, özlərini rahat hiss edə
bilməsinlər… Ölkədə yüz minlərlə fələstinli var. Onlar oxuyur, işləyirlər…
Fələstinin düşmənlərinə xidmət edən zavodlar fələstinlilərin əməyi
hesabına fəaliyyət göstərir. O zavodları partladın. Harada işləyirsiniz,
orada bir iş görün… Qoyun sizə terrorçu desinlər… Onlar ("informasiya
və təbliğat imperializmi") cinayətlər törədir və bunu insan hüquqları
adlandırırlar. Biz də onu hüquqların və məzlumların müdafiəsi adlandıracağıq".
Burada dinə heç bir istinad yoxdur; Rəfsəncaninin
bu müraciəti tamamilə siyasi xarakterlidir. O, insan hüquqlarını
Qərbin cinayəti adlandırır, buna qarşı, məzlumların hüquqlarını
müdafiə etmək üçün müsəlmanları terrora çağırır. Bundan əlavə, Rəfsəncani
"terror"u tövsiyə edərkən bu sözün fars və ya ərəb dilindəki ekvivalentindən
deyil, ingiliscəsindən istifadə edir. Beləliklə, o, Leninin Fransa
inqilabından əxz etdiyi eyni - "la terreur" terminini işlədir. Gilyotindən
və ÇK-dan intihar bombalarınacan uzanan xətt aydın görünür.
Müasir siyasi terrorun meydana çıxdığı fransız inqilabına
bir anlığa nəzər salaq. 1793-cü ilin sentyabrında Fransadakı inqilabı
hökuməti idarə edən "müdrik azlıq" öz cəmiyyətinə qarşı müharibə
elan etmişdi. Bu müharibənin məğzini iki "xalq" anlayışı arasındakı
qanlı toqquşma təşkil edirdi. Bunlardan biri həqiqətən mövcud və
ayrılmaz hüquqlara malik fərdlərdən ibarət 25 milyonluq qrupu nəzərdə
tuturdu. Digəri isə mahiyyət etibarı ilə ideoloji bir qurama, mücərrəd,
bölünməz və mistik bir qurum olub absolyut hakimiyyətə malik idi.
Fransız inqilabının törətdiyi terror nə bir yanlışlıq, nə də təsadüfi
bədbəxt hadisəydi; həmin inqilab bu mistik qurumu terroristlərin
korruptiv hesab etdikləri təsirlərdən arındırmaq məqsədi güdürdü
və onlar insan fərdlərinin alınmaz hüquqlarını da bu cür təsirlər
siyahısına daxil etmişdilər.
İslamçı inqilab ideoloqlarının çıxışları yakobinçi
fransız terrorçularının çıxışları ilə səsləşir. İnsan hüquqlarının
lənətləndirilməsi müsəlman cəmiyyətindəki daxili çəkişmələrin Qərb
əleyhinə müharibəyə yönəldirdiyinə işarə edir. Dünya Ticarət Mərkəzinin
partladılmasından sonra bin Ladenin dediyi sözləri eşitmək bunun
üçün kifayətdir: "Azadlığın, insan hüquqlarının və insanlığın simvolu
olan qorxunc qüllələr məhv edilmişdir. Onlardan yalnızca toz dumanı
qalmışdır". Son 20 ildə qərblilərə qarşı törədilən hər bir islamçı
terror kampaniyası dünyanın hər yerindəki müsəlman əhalisini qorxu
içərisində saxlamaq məqsədini güdən islamçı cəhdlərlə bağlıdır.
"Taliban"la "Əl-Qaidə"nin Əfqanıstan xalqını məruz qoyduğu məşəqqətləri
və yaxud adi əlcəzairlilərin 1990-cı illərdə baş verən islamçı vətəndaş
müharibələrindən nələr çəkdiklərini düşünün. Və yaxud, İranda insan
hüquqlarının tanınması ümidlərinin dövlət terroru səbəbindən günbəgün
necə puça çıxdığını fikirləşin. Qərbə qarşı terrorla müsəlmanlara
qarşı tiraniya arasındakı əlaqənin tam tədqiqi ayrıca məqalə mövzusudur.
Amma 1979-cu ildə Tehranda Amerika səfirliyinin girov götürülməsiylə
ABŞ-a qarşı ilk islamçı terror aktına nəzər salmaqla bu əlaqənin
təbiəti haqqında müəyyən fikir söyləyə bilərik.
Demokratiyanın girov götürülməsi
1981-ci ildə girovlar azad edildikdən sonra Tehran
rəsmiləri öz qələbələrini təntənəli surətdə bayram etdilər, baş
nazir Məhəmməd Əli Rəcai onu "dünyanın sosial tarixində ən böyük
siyasi nailiyyət" və "dünyanın ən qüdrətli şeytani gücünü diz çökdürən"
hərəkət adlandırdı. İlk baxışdan bu iddia bir qədər gülünc görünə
bilər, çünki Birləşmiş Ştatlar inqilabi hökumətin şahın təslim edilməsi
və İranın xarici banklardakı hesablarına qoyulan sanksiyanın aradan
qaldırılması ilə bağlı tələblərinə "yox" demişdi. Amma bu hadisəyə
daha diqqətlə nəzər saldıqda məlum olur ki, İran islamçıları, əslində
həm Birləşmiş Ştatlar, həm də daxili opponentləri üzərində çox böyük
siyasi və ideoloji qələbə qazanmışdılar.
 |
ABŞ səfirliyi zəbt edilərkən Xomeyni və onun tərəfdarları
öz despotik rejimlərini hələ tam şəkildə möhkəmləndirə bilməmişdilər.
Ekspertlər Şurası İslam Respublikasının konstitusiyasını hazırlayırdı.
Həm dini, həm də mötədil dünyəvi dairələrdə müxalifət günbəgün güclənirdi.
Öz mətbuat orqanlarına qadağa qoyulmasından acıqlı olan marksist-leninçi
solçuların narazılığı artırdı. Etnik kürdlər və azərilərin məskunlaşdığı
həssas sərhəd bölgələrində açıq qiyamlar baş verirdi. Özünün radikal
tələbə kadrlarını ABŞ səfirliyini zəbt etməyə və onun əməkdaşlarını
girov götürməyə göndərməklə İran rejimi bir güllə ilə iki quş vurdu
və hətta geniş tənqid olunan konstitusiyasını qəbul etdirmək üçün
özünə münasib mövqe qazandı. Rəfsəncaninin həmin aktı necə dəyərləndirdiyi
bu baxımdan çox ibrətamizdir: "İnqilabın ilk aylarında Vaşinqton
İranda dövlət çevrilişi həyata keçirmək qərarına gəlmişdi. Həmin
ideyaya görə, İran qruplarının daxilinə nüfuz edilməli və inqilabı
aradan qaldıracaq hərəkat yaradılmalıydı. Ancaq ABŞ səfirliyinin
zəbt edilməsi və xalqın ABŞ-a qarşı zorakı çıxışları bu planı neytrallaşdırdı
və ABŞ-ı müdafiə vəziyyətinə keçməyə məcbur etdi" (10).
Belə bir versiyanı parodiya kimi də qəbul etmək olar:
1979-cu ildə ABŞ hökumətinin İranda dövlət çevrilişi etməyə nə niyyəti,
nə də imkanı vardı. Ancaq totalitar insanlar adətən özləri uydurduqları
ezoterik dildə danışırlar. İnqilabi Fransada terroru idarə edənlər
öz ölkələrinin ən tanınmış respublikaçılarına "monarxist" damğası
vuraraq gilyotinə göndərmişdilər. Bolşeviklər mübarizəyə qalxan
fəhlələri və Kronştadt dənizçilərini "bandit" və "əksinqilabçı"
adlandıraraq qırmışdılar. İnsan hüquqlarının genişləndirilməsi 1979-cu
ildə Birləşmiş Ştatların xarici siyasətinin ən başlıca aspekti elan
edilmişdi. Rəfsəncaninin məntiqinə görə, insan hüquqlarından danışan
istənilən İran qrupu bu yolla özünün ABŞ aləti olduğunu iddia etmiş
olurdu.
Digər tərəfdən, girovların azad edilməsi ilə bağlı
gərgin və qarmaqarışıq danışıqlar düyünə düşdüyünə görə ABŞ prezidenti
Cimmi Karter və onun administrasiyası İranda demokratiyanın müdafiəsinə
həsr olunan istənilən danışıqdan qaçırdı. Halbuki İran şahının dəstəklənməsinə
son verilməsi haqqında Karterin riskli qərarının əsasını məhz bu
məsələ təşkil edirdi. Buna baxmayaraq, inqilabi rejim stalinçi taktikadan
istifadə edərək daha geniş təmsilçilik hökumətindən danışan hər
kəsi ABŞ-ın casusu elan etməyə başlamışdı (11). Girovlarla bağlı
böhran dövründə islamçı rejim antiamerikanizm siyasətini İranda
elə aparıcı mövzuya çevirdi ki, İran marksistləri onu müdafiəyə
qalxdılar və Moskva yeni teokratik hökumətə öz susqun müdafiəsini
daha da genişləndirdi.
1980-ci il aprelin 25-də ABŞ-ın "Səhra Bir" xilasetmə
hərbi əməliyyatı uğursuzluğa düçar olduqdan və səkkiz aylıq danışıqlardan
sonra ABŞ hökuməti girovların azad edilməsinə, nəhayət ki, nail
ola bildi. Bunun üçün o, İran inqilabının legitimliyini tanımalı,
İranda insan hüquqları və beynəlxalq qanunların kobud şəkildə pozulmasına
baxmayaraq, bu ölkəyə qarşı beynəlxalq təşkilatlar qarşısında heç
bir iddia qaldırmayacağına söz verməli oldu. Bu cür güzəştlərə getmək
o dövr üçün zəruri görünsə də, retrospektivdə biz həmin güzəştlərin
islamçıları Qərbə və onun insan hüquqları barədə söhbətlərinə qarşı
daha yüksək səviyyədə nifrət bəsləməyə və ikrahla yanaşmağa ruhlandırdığının
şahidi oluruq. Tehranda Böyük Şeytanı öz prinsiplərindən vaz keçməyə
və diz çökməyə vadar edən inqilabçı tələbələrə və mollalara necə
nifrət edilə bilərdi?
Terrorçular öz qələbələrini ciddi şəkildə dəyərləndirdilər
və ondan özləri üçün lazımi nəticələr çıxardılar. Öz məqsədlərinə
çatmaq üçün onlar terrordan istifadə etmişdilər və bundan sonrakı
mövcudiyyətlərinin terrordan davamlı surətdə istifadə etməkdə olduğunu
anlamışdılar.
Tehranda girovçuların cəzasız qalmaları terrorçu
azğınlıqlarının həm tezliyini, həm də miqyasını getdikcə artırdı.
Bundan əlavə, təhlükəsizlik tədbirləri, kəşfiyyat uğursuzluqları,
xarici siyasətin müəyyən edilməsində hesablaşmalara yol verilməsi
və buna bənzər mətləblər barədə qaldırılan bütün digər məsələlər,
11 sentyabr vəhşiliyi demokratik ölkələrin vətəndaşlarını demokratik
dəyərlərə nə qədər möhkəm sadiq olduqlarını düşünməyə məcbur edir.
Onların düşmənləri hansısa bir cəfəngiyata inana bilərlər, ancaq
onların hamısı məhz bunun uğrunda ölməyə hazır olduqlarını nümayiş
etdirir. Terrorçuların qurbanlarının aynasında azad dünyanın vətəndaşları
öz vicdanlarını tədqiq etməyə çağırılır; onlar zəif və qeyri-mükəmməl
demokratiyaya öz loyal münasibətlərinin təbiətini yenidən dəyərləndirməlidirlər.
Xüsusən də islamçı totalitaristlərin yaratdıqları möhkəm həmrəylik
şəbəkəsi demokratik cəmiyyətlərin vətəndaşlarını İranda, Əlcəzairdə,
Əfqanıstanda, Sudanda və dünyanın hər yerində uzun illərdən bəri
təqib olunan demokratiya fəallarına nə qədər kömək etdiklərini özlərindən
və öz hökumətlərindən soruşmağa məcbur etməlidir. Heç bir silahı
olmayan bu insanlar terrora və tiraniyaya qarşı mübarizənin cəbhə
xəttində dayanıblar və onların himayə olunmağa haqları var. Qərbin
ağıl və ürəklərinin xüsusi diqqət yetirməli olduğu mənəvi, siyasi
və hətta fəlsəfi problem məhz budur!
Müsəlman dünyası hara gedir?
Son bir neçə əsr ərzində İslam dünyası Qərblə özü
üçün öldürücü qarşıdurmaya məruz qalıb. Bir tərəfin tam hegemonluğu,
digər tərəfin isə alçaldılması və bu səbəbdən qəzəbli olması şəraitində
keçən bu qarşıdurmanın başladığı vaxtdan bizim tariximiz müasirləşmə
tarixçəsinə çevrilib. Müsəlmanların şüurunda Qərb və onun yaşayış
üsulları çox qüdrətli bir mifə - əlçatmaz, dərkedilməz, şeytani
bir şeyə çevrilib.
Biz başqalarına açılmaq qabiliyyətimizdən və yaxud
arzumuzdan məhrum olmuşuq. Biz Qərbin İslam qiyafəsində maskalanmış
intellektual kateqoriyaları və konsepsiyalarından ibarət asan həll
yollarını seçməyə vərdiş etmişik. Belə etməklə də biz nəinki Qərbi
başa düşmək imkanını yaxalaya bilməmişik, həmçinin öz mədəniyyətimizin
açarını itirmişik. Başqa sözlə desək, əgər belə olmasaydı, degenerat
(nəsli pozulmaq, bioloji cəhətdən korlanmaq - red.) leninizm
bu gün özünü böyük bir monoteist dinin həqiqi ifadəçisi kimi necə
təqdim edə bilərdi? İslamçılar özlərinə müasirliyə və Qərbə qarşı
mübarizə aparan ən cəsarətli əsgərlər kimi baxırlar, amma əslində
onlar həmişə müasir Qərbdən gələn bəzi ən şübhəli ideayaları idxal
edən və onlara ilk baxışdan islami kimi səslənən boş və mənasız
sözlərdən don geydirənlərdən başqa bir şey deyillər. Biz mədəni
irsimizə bu qədər laqeyd qalmamalıyıq, bizim ilahiyyatçılar və intellektuallar
islamçıların dedikləri ilə əsl İslam təlimləri arasındakı fərqləri
açıb göstərmək üçün daha səylə işləməlidir. Onlar terrorçuların
Allahın yerdə yeganə və birbaşa təmsilçiləri olduqları ilə bağlı
iddialarına daha səmərəli şəkildə son qoymalıdırlar; çünki onlar,
ən azı, insanların qurban kəsilməsi adətinin yenidən dirçəldilməsini
tələb edən təlimdən başqa heç nəyə tapınmırlar.
Əgər bizim də Qərb sivilizasiyasını dərindən bilən
məşhur ekspertlərimiz olsaydı, onda bilərdik ki, Qərb çox fərqli,
çoxşahəli və mürəkkəb mahiyyətə malikdir. Onun siyasi mədəniyyəti
bizim üçün ciddi əndişələr doğursa da, həm də insan ləyaqətini müdafiə
edən institutları var. O əndişələrdən biri müsəlman dünyasına və
digər ölkələrə qarşı ipmerializm siyasəti ilə bağlı olub, ancaq
həmin siyasət, Birinci dünya müharibəsinin səbəb və nəticələri ilə
tanış olan hər kəsin bildiyi kimi, avropalıların özünə bizdən çox
ziyan vurub. Bizim ekspertlər aça bilərdilər ki, Qütbün və Xomeyninin
insan hüquqlarını ittiham etməsi papa VI Piyin "İnsan hüquqları
haqqında 1789-cu il Fransa Bəyannaməsi"ni ittiham etməsi ilə kifayət
qədər eynilik təşkil edir. Biz onu da dərk etməliyik ki, qərblilər
də bir müddət bundan əvvəl bu gün bizim demokratiya yolunda üzləşdiyimiz
əngəllərlə qarşılaşıblar. Qərb vətəndaşları öz azadlıqları uğrunda
mübarizə aparıblar: bu mübarizədə onlar nə qəlblərini, nə də dinlərini
itiriblər. Öz azadlığımızı qazanmaq üçün biz də qollarımızı çırmayıb
mübarizə aparmalıyıq və eyni zamanda onu da unutmamalıyıq ki, Allahın
ləyaqət bəxş etdiyi ilk və əbədi, azad və şüurlu bəşər övladlarıyıq.
Qeydlər
Biz, dəyərli şərhləri və tənqidi qeydləri üçün Hörmüz
Hikmətə və bəzi faydalı informasiyalar üçün Leyz Kubbaya təşəkkürümüzü
bildirmək istərdik.
1. Qərb müstəmləkəçiliyinə müqavimət göstərmək üçün
iranlı seyid Cəmaləddin Əfqani və misirli Məhəmməd Abduh kimi müsəlman
intellektualları və din alimləri bu qənaətə gəlmişdilər ki, müsəlman
cəmiyyətlərinin islahatlara və İslamın yeni şərhinə ehtiyacı var.
Onların müdafiə etdikləri islahatlar İslamın çağdaşlığa uyğunlaşdırılması
və müasirləşdirilməsi məqsədi güdürdü. Onlar fərdi azadlıqları,
sosial ədaləti və siyasi liberalizmi genişləndirməyə çalışırdılar.
Buna baxmayaraq, Birinci dünya müharibəsindən sonra bu hərəkat siyasi
liberalizmə düşmən kəsilən bir hərəkata çevrildi.
2. Şiələrin özünü şəhid etmək kultunun intihar hüquqları
üçün dini təşviqə xidmət etməsiylə bağlı geniş yayılmış, amma səhv
təsəvvür var. Bu, terrorçuların özləri haqda məharətlə yaydıqları
illüziyalardan biridir. Şiələr üçüncü imam və peyğəmbərin nəvəsi
olan Hüseynə (680-ci ildə vəfat edib) müqəddəs şəhid kimi sitayiş
edirlər. Bununla belə, şiə təlimi həm də şəhid olmaqdan qaçmağı
buyurur, hətta insanın ölümcül təqibdən qurtara bilməsi üçün öz
dinini gizlətməyi (taqiye) tövsiyə edir. Sünnilər Hüseynə sitayiş
etmirlər, amma intihar hücumları həyata keçirmək lazım gələndə "Əl-Qaidə"”li
sünnilərlə əksəriyyəti şiələrdən ibarət "Hizbullah"”lı kadrlar arasında
elə bir fərq qalmır. Zorakılığa və özünü qurban verməyə haqq qazandırılmasında
islamçılarla 1970-ci illərin italyan və alman marksist terrorçuları
arasında çox ciddi bənzərliklər mövcuddur.
3. Mavdudi haqqında bax: Seyyed Vali Reza Nasr. The
vanquard of İslamic Revolution: The Jama at-i İslami of Pakistan
(Berkeley: University of California Press, 1994); və Seyyed Vali
Reza Nasr. Mawdudi and Making of İslamic Revivalism (New-York: Oxford
University Press, 1996).
4. Seyid Qütbün qardaşı Məhəmməd Qütb Səudiyyə Ərəbistanında
hörmətlə qarşılananlar arasında olub. Burada ona qardaşının əsərlərini
nəşr etməyə və yaymağa icazə verilib və o, ideoloji baxımdan nüfuzlu
şəxsiyyətə çevrilib. Səudiyyə Ərəbistanının Cinayət Məcəlləsində
dünyəvi və liberal cəmiyyətlərin rəsmən "yeni inkar erası" kimi
qəbul olunmasında onun təlimindən yararlanıblar. Öz ölkələrindən
sürgün edilən müsəlman qardaşları burada nüfuz yiyəsi olublar. İslamın
Səudiyyədə üstünlük verilən və başqa din mənsublarına qarşı dözümsüz
və fanatik qanadı – vahhabizm öz mənşəyi etibarilə çağdaş totalitar
ideologiya olmasa da, terrorçu ideologiyanın geniş yayılması üçün
münbit zəmin təşkil edir və bu ölkə gənclərinin terrorçu qrupların
rəğbətini gücləndirir.
5. Bənnanın ardıcılları onun tez-tez "İslamın dörd
təriqətinin hər biri şərəflidir” və gəlin biz anlaşa bildiyimiz
şeylər üzərində əməkdaşlıq edək, anlaşa bilmədiklərimiz barədə isə
bir-birimizə qarşı iltifat göstərək"” dediyini xatırlayırlar.
6. 1998-ci il martın 22-də "Times of London"” qəzeti
xəbər vermişdi ki, bin Ladenlə İran İnqilab Keşikçiləri Albaniyada
və Kosovoda öz əməliyyatlarını birləşdirmək məqsədilə ilk dəfə fevralın
16-da pakt imzalayıblar. 1999-cu ilin sentyabrında isə Türkiyə kəşfiyyatı
İranın Təbriz şəhərində bin Ladenin maliyyələşdirdiyi qrup aşkar
etmişdir.
7. İslamçı hərəkatların birləşdirilməsinə dair ilk
konfrans İranın himayəsi altında 1982-ci ilin yanvarında təşkil
edilib.
8. Bernard Lewis. "License to Kill: Usama bin Ladin’s
Dectaration of Jihad"”, Foreign Affairs, 77 (November-December,
1998); bin Laden cihad elan edərkən ibn Taymiyyanın adını xatırladır,
ancaq onun elan etdiyi cihad sonuncunun cihad haqqındakı fikirləriylə
ziddiyyət təşkil edir. İbn Taymiyya mülki insanları öldürməyi açıq-aydın
şəkildə qadağan edir, qanun və qaydalara dəqiq əməl etməyi tələb
edir.
9. 1989-cu ildə İran parlamentinin sədr müavini Höccətül-İslam
Mehdi Kərrubi "regionda imperializmə qarşı mübarizə" üçün təlim
düşərgələrinin yaradılmasını təklif edib.
10. Əli Əkbər Haşimi Rəfsəncani. "İnqilabe va defa’e
Moqaddas" ("İnqilab və onun müqəddəs müdafiəsi"); (Tehran: Press
of Foundation of 15 Khordad, 1989)
11. Tehranda çıxan "Jomhourei-e Eslami" qəzetinin
1981-ci il 4 noyabr sayında ABŞ səfirliyinin girov tutulmasının
ikinci ildönümü münasibətilə verdiyi müsahibədə radikal tələbə lideri
Musəvi Xoyeniha buna işarə vurmuşdu ki, İran liberalları və demokratlarının
neytrallaşdırılması bu hadisədə qazanılan ən vacib nəticədir.
"Journal of Democracy", cild 13, nömrə 2, aprel
2002
Tərcümə etdi:
Tehran Vəliyev
|